Yaşıl işıq
Tənqidçi-publisist-tərcüməçi,
kino xadimi, “Azərbaycan”
jurnalının baş redaktoru İntiqam Qasımzadə 70
yaşına gəlib çatdı.
Düz
iyirmi il bundan qabaq, 1993-cü ilin avqust
ayında “Azərbaycan” jurnalında baş redaktorumuz
İntiqam Qasımzadənin 50 yaşı münasibətilə
bir yazı çap etdirmişdim. Adı belə idi: “Mən bu
curnaldan gedə bilmirəm”.
Doğrudan da çox səmimi etiraf idi və indi
yaşının yetmişində də İntiqama o sualı
versən, fikrimcə, yenə eyni cavabı verəcək. Artıq
qırx ilə yaxındır İntiqam Qasımzadə bu jurnalda
işləyir və mənim üçün fərəh
doğuran budur ki, o, baş redaktor pilləsinə hansı
“dayı”nınsa köməyilə qaldırılmayıb.
O,əvvəlcə, lap başlanğıcda ədəbi
işçi, sonra şöbə müdiri, sonra məsul
katib, sonra redaktor müavini pillələrini keçərək
baş redaktor təsdiq edilib.Deməli, onun tərcümeyi-halının
böyük və ən önəmli bir hissəsini “Azərbaycan”
jurnalındakı fəaliyyəti təşkil edir.
Əlli
yaşına görə yazdığım yazı belə
başlanırdı: “İntiqam Qasımzadənin 50
yaşı tamam olur”-bu xəbəri İsa İsmayılzadə
çatdırdı mənə. Doğrusu,
inanmaq istəmədim. “Ey gidi dünya”-dedim.”
Ən əvvəl Allah rəhmət eləsin İsa
İsmayılzadəni.
İkincisi, İntiqam Qasımzadənin 70 yaşı
tamam olur və mən buna inanıram. Çünki İntiqam müəllimin
əlli yaşdan bu yana
qocaldığını, necə deyərlər, zərrə-zərrə,
qram-qram hiss eləmişəm və ondan beş yaş
kiçik olan bəndənizin-Vaqif
Yusiflinin də siz necə yaşa dolduğunu,
qocaldığını görürsünüz.
Əlbəttə,
dünya fanidir, hamı yaşa dolur, qocalır və Seyid
Əzim demişkən: “Dünyaya gəlmək getmək
üçündür, bu nə qəmdir”. Hamımız
böyük səfər yolunun üstündəyik.
Heç bilmirəm, bu qocalıq söhbəti niyə
ortaya düşdü? Məşədi İbad demişkən: “Heç hənanın
yeridir?”
İntiqam Qasımzadə 70-i haqladı və heç
kimə xəbər eləmədən keçdi səkkizinci
onilliyin ilk günlərinə.
Mən
indi əziz dostum, düz 34 il bir yerdə
işlədiyim (ondan əvvəl də
tanışlığımız vardı) İntiqam
Qasımzadə haqqında bir neçə sanballı söz
deməliyəm.
Hər şeydən əvvəl, İntiqam köklü
bir nəslin nümayəndəsidir və bu nəslin
hal-hazırda ən gözəl xüsusiyyətlərini o
öz varlığında, əməllərində
yaşadır, iki qızına, hələlik bir nəvəsinə
ötürür. Atası Böyükağa Qasımzadə
(1916-1957) öz dövründə tanınmış şair
olub, həm də gözəl tərcüməçi.
M.F.Axundzadənin “Puşkinin ölümünə Şərq
poeması”nın ən mahir tərcüməçisi o olub (bu
poemanın tərcüməsinə görə 1937-ci ildə
keçirilən müsabiqədə qələbə
qazanıb), Füzulinin “Yeddi cam” kimi son dərəcə
çətin və mürəkkəb bir poemasını da
dilimizə Böyükağa Qasımzadə çevirib və
bu gözəl tərcümənin hələlik heç bir
alternativi yoxdur. B.Qasımzadə İkinci
Dünya Müharibəsində iştirak edib və
böyük igidliklər göstərib. Mircəfər
Bağırov da onu bir döyüşçü kimi çox
gözəl tanıyırdı.
İntiqamın
bir Həsən əmisi də vardı və mən EA-nın
Nizami adına Ədəbiyyat
İnstitutunda aspirant olanda onunla tanış olmuşdum. Tanınmış folklorçu idi və onun tərtib
etdiyi “Bayatılar” kitabı indi də öz sanbalını
itirməyib. O da müharibə
iştirakçısı idi. Digər əmiləri
də abırlı, mədəni və ziyalı insanlar idi.
Allah rəhmət eləsin Sona xanıma. İntiqamın anası,
şuşalı qızı, şəninə, gözəlliyinə
Böyükağa Qasımzadənin şeirlər həsr elədiyi
incə ruhlu, mələk misallı, xeyirxah bir ana...
Allah rəhmət
eləsin Daşqın Qasımzadəyə, təxminən
yeddi-səkkiz il öncə
dünyasını dəyişən qardaşına. Gözəl insan idi. Və
İntiqamın bacısı Lalə xanıma. Onlar dünyalarını niyə belə tez dəyişdilər,
niyə İntiqamı tək qoydular? İnsan
da ömrünün böyük bir hissəsini yetim qalar?
“Atam 41 yaşında, 57-ci ilin avqustun axırlarında qəflətən
vəfat etdi.
O zaman on dörd yaşım təzəcə tamam olmuşdu;
axı, mən avqustda doğulmuşam. Tez-tez mənə.
Qardaşım Daşqına sual verirlər ki,
sizlərdən hansınız o kişiyə oxşayır?
Cavabında deyirəm ki, heç birimiz! O, çox ciddi,
ağır təbiətli adam idi,
danışığında, rəftarında bir qırıq
artıq-əskikliyə yol verməzdi. Amma
bununla bərabər, çox incə, zərif yumoru vardı.
Həm də gözəl səsi vardı”- bunu
da İntiqam söyləyir.
Amma İntiqam müəllim heç də yetim deyil və
mən onu xoşbəxt dostlar əhatəsində sevilən
bir insan hesab edirəm. Bu adamda insanları özünə cəlb
edən bir İŞIQ var. Təbii ki, İntiqam Qasımzadəni
sevməyən adamlar da var, amma bu adamların sayı çox
azdı. İntiqamdakı İŞIQ deyərdim ki, ona atasından keçib.
Süleyman Rüstəmin, İsmayıl
Şıxlının, Mirmehdi Seyidzadənin xatirələrindən
oxumuşam və bir də Əzizə xanım Uəfərzadə
deyərdi ki, Böyükağa Qasımzadə olduqca
istiqanlı bir insan idi. O, “Azərbaycan” jurnalında poeziya
şöbəsinin müdiri idi və redaksiyaya şeir gətirən
neçə cavan şairin ilk şeirlərinin çap
olunmasında qayğısını əsirgəməyib (bunu
da mənə Nəriman Həsənzadə, İlyas Tapdıq
söyləyiblər). Elə o keçəri
İŞIQdır ki, İntiqam Qasımzadə də baş
redaktor olduğu “Azərbaycan” jurnalında istedadlı
cavanlardan köməyini, qayğısını əsirgəmir.
Onlara Yaşıl İşıq
yandırır.
İntiqam xoşbəxtdir. Ona görə ki,
böyük, sanballı bir ədəbi məcmuənin baş
redaktorudur. Düz on altı ildir.
Ruhulla Axundov, Mustafa Quliyev, Məmmədkazım Ələkbərli,
Məmməd Arif, Mehdi Hüseyn, Əbülhəsən,
Qılman İlkin, Yusif Səmədoğlu, İsmayıl
Şıxlı, Cabir Novruz kimi görkəmli ədiblər bu
jurnalda baş redaktor olublar və indi estafet İntiqam
Qasımzadədir.
“Azərbaycan”
jurnalı sözün həqiqi mənasında Azərbaycan ədəbiyyatının
güzgüsüdür və kim buna şəkk
eləyirsə, curnalın 90 il ərzində çap olunan
nüsxələrini qoysun qabağına. Bu, elə
bir jurnaldır ki, onun ədəbiyyatımız
üçün gördüyü işləri Azərbaycanda
heç bir elmi institut, alimlər qrupu, heç bir digər qəzet
və jurnal görməyib. Doxsanıncı illəri
xatırlayıram: əksər qəzetlər, jurnallar
bağlandı, süqut elədi, amma “Azərbaycan” curnalı
qapanmadı, çətin maliyyə böhranına tuş gəlsə
də, fəaliyyətini dayandırmadı. Sağ
olsun Anar müəllimi. O zaman əlində nə imkan
vardısa, əsirgəmədi jurnaldan.
Amma bir gileyimi də gizlətməyəcəyəm. Bu ilin yanvar
ayında jurnalın 90 illiyi tamam oldu. Çox təəssüf
ki, bir kimsənin və kimsələrin yadına düşmədi
bu yubiley...
İntiqam Qasımzadə “Azərbaycan” curnalının yaşarı ənənələrini davam etdirir. Jurnalda bütün ədəbi nəsillərin nümayəndələri çap olunur və həmçinin müxtəlif ədəbi meyllər, tendensiyalar da öz əksini tapır. Bəzi ağzıgöyçəklər orda-burda, müxtəlif mətbuat orqanlarında, internetdə deyirlər və yazırlar ki, “Azərbaycan” jurnalı mühafizəkar qaragüruhun əlindədir və bu jurnalda zəif əsərlər çap olunur. Təbii ki, bu da bir iftiradır və yenə heç nə demirəm. Götürün jurnalın heç olmasa son bir –iki ildə nəşr olunan nömrələrini. Azərbaycan nəsrində, poeziyasında, dramaturgiyasında nələr baş verir, hansı əsərlər yaranır...baxın, qiymət verin. Və bütün bunların yükünü çəkənlərin qabaq cərgəsində hər gün saat 10-dan axşam 5-ə kimi gözlərini əlyazmalardan, kompüter səhifələrindən ayırmayan İntiqam Qasımzadə durur.
İntiqam xoşbəxt bir insandır. Bir də ona görə ki, bu adam keçmişinə boylanıb xəcalət hissi keçirmir və əgər keçmişdən, ömrün ötən illərindən söhbət düşərsə, qürur hissi ilə xatırlamağa çox hadisələr, dostlar, uğurlar var.
Tələbəlik illəri. ADU-nun filologiya fakültəsi. Ən yaxın dostları Elçin Əfəndiyev və Aydın Məmmədov idi. Seçilən və sevilən tələbələrdən olub İntiqam Qasımzadə.
Aspirantura dövrü. Nizami adına Ədəbiyyat İnstitutu. Doğrudur, o, aspiranturanı bitirdi, amma elm ardınca getmədi, bununla bahəm, ədəbi mühitdən də uzaqlaşmadı. Altmışıncı illərin sonlarında, yetmişinci illərin əvvəllərində ilk tənqidi məqalələrini çap etdirdi.Qətiyyətli, cəsarətli, həm də obyektiv bir tənqidçi idi o zamanlar. İsi Məlikzadənin, Elçinin, Anarın o zamanlar mübahisə doğuran əsərləri barədə ən sərrast yazıları İntiqam Qasımzadə qələmə alırdı.
Kinostudiya illəri (1969-1974). Azərbaycan kinosunun bir çox inciləri tez-tez bizim telekanallarda göstərilir və böyük məmnuniyyətlə o filmlərdə “redaktor İntiqam Qasımzadə” sözlərini oxuyuruq. Onun sənət tərcümeyi-halında Kino mühüm yer tutur və bir çox sənədli filmlərin ssenari müəllifi kimi fəaliyyəti də ürəkaçandır.
Bəs ömrün “Bayatı”lı illəri? İndi Amerikada yaşayan Aleksandr Qriçlə bir zamanlar (çox yaşadı o veriliş) Azərbaycan televiziyasında apardığı verilişlər çoxlarının xatirindədir. Ədəbiyyatın salnaməsiydi o verilişlər.
İntiqam Qasımzadənin –bu hissiyyatlı, üzündən təbəssüm, insanlara sevgi əskik olmayan insanın şeir yazması da təəccüblü deyil. Təəccüblü odur ki, İntiqam bu şeirləri heç yerdə çap elətdirmədi. Yalnız 60 yaşı olanda, “Azərbaycan” jurnalında bir neçəsi işıq üzü gördü. O şeirlərə bütöv halda, bir kitab şəklində Yaşıl İşıq yandırmağın vaxtı çatıb, ay İntiqam,..İstəyirəm onun bir şeirini (1967-ci ildə yazılmış) sizlərə təqdim edəm və görərsiniz ki, İntiqam Qasımzadə o zaman gələcəyin necə gözəl bir şairini qətlə yetirdi.
Səhərə yağış yağır,
Qəlbimə kədər
Pəncərəmdən baxıram gecəyə
Gecə yağış altında
islanıbdır-
–cırhacır-
alt köynəyinə qədər.
Gecə yağışa bulaşıb
Yağış qaralıb gecədə
qara sel kimi axır.
Pəncərəmin arxasında dayanıb
islanıram gecədə.
Yumuram gözlərimi
bəlkə quruyam.
Nə edim ki,
göz
yummaqla qurumur adam.
Qurumuram.
İslanıram daha artıq.
Yağış navalçalarla içimə axır.
Öz ağır ritminin sonsuz təkrarıyla.
içim
islanır
bu gecə
yağışının
Navalçalarda
çaldığ
“Şüştər” muğamıyla.
İntiqam Qasımzadə də mənim kimi qəzəl
və Füzuli xəstəsidir. Çox vaxt işdə,
yorğunluğumuzu dəf etmək üçün oturub “qəzəlləşirik”.
Və onun Füzulidən ən çox sevdiyi bir qəzəldən
üç beytlə də bu yazıya xitam vermək istəyirəm.
O qəzəl məhəbbət haqqındadır. YAŞIL İŞIQ süzülür o qəzəldən:
Qəd ənarəl-eşqə-lil-üşşaqi
minhacəl hüda,
Saliki-rahi-həqiqət eşqə eylər iqtida.
Eşqdir
ol nəşeyi-kamil kimi,
ondandır müdam
Meydə
təşviri-hərarət,
neydə
təsiri səda.
Ey
Füzuli, intihasız
zövq
buldun eşqdən:
Böylədir
hər iş ki,
həqq
adilə qılsan ibtida.
Yusifli Vaqif
525-ci qəzet.- 17
avqust.- S.20.