Yüz Gözəl Sevgi
Şeiri - Yoxluğun bir zəncir kimi...
PƏRVİNin təqdimatında
Eşq adamı dəyişir... Amma təkcə onun özünü, həyat tərzini, xarakterini, vərdişlərini yox... Həm də mənaları! Qəlbini işğal etdimi, içərində və dörd dövrəndə hər şeyin anlamı dəyişiləcək. Ağlagəlməz sürətlə, inanılmaz şəkildə... İnsan, ömrünün hər çağında dünyanı bir cür görür və gördüklərini də yaşına uyğun mənalandırır. Elə dünya da insana hərdən bir formada toxunur.
...Şokolad balaca qızcığaz üçün əllərini bulaşdıran şipşirin bir paydı, onun atası üçün isə təzyiq qaldıran qadağa... Adamın həyata, məişətə nə cür məna verməsi, hansı tərəfə yönləndirməsi müxtəlif amillərlə bağlıdı. Məsələn, yaş, mühit, tərbiyə, səhhət və s. Bircə sevgidi bunların heç birinə məhəl qoymayan. Başına düşdüsə, ürəyini zəbt etdisə, qaydaları özü diqtə edəcək. Və dünən qan təzyiqini qaldırıb səni xəstələndirən şokoladı əllərini bulaşdıran şipşirin bir paya döndərsə, təəccüblənmə. Sevgi gəlib! Dəyişib mənaları!
...Ömrün boyu heç dinləmədiyin, əsərlərini bəyənmədiyin bəstəkar sevimlinə çevrilə bilər. Zövqün dəyişkən olduğuna görə yox, sevgilin bəstəkarın adına olan küçədə yaşadığına görə. Və bir axşam həmin küçədə sağollaşıb evə qayıdandan sonra onun mahnılarını axtarıb tapıb dinləsən, necə olub indiyə kimi qulaq asmamışam bunlara düşünsən, təbii qəbul elə.
...İllərlə o gül mağazasının qarşısından tələsik ötüb işə getmisən. İndi isə ora çatanda ürəyin çırpınır. Addımlarını aram-aram atırsan. Əlindən ilk dəfə burda tutmuşdun ona görə... Hələ bu kafe və küncdəki ikinəfərlik masa... “Adi, ortabab kafedi də, nə olsun?!” – deyəcək bəh-bəhlə bura gətirdiyin dostun. Amma özün ki başa düşürsən, nədən belə işıqlı, rahat, sakit, ilıq gəlir sənə bu məkan. Hamı üçün adi, amma səndən ötrü qutsal yer... Sevgi gəlib! Qapından girəndən dəyişməkdədi! Və bütün bu hamı üçün, qabaqlar elə sənin özün üçün də, adi olanları qeyri-adiləşdirən duyğudan məmnunsan, rahatsan, xoşbəxtsən! Amma... Ayrılığa kimi... Elə ki araya hicran düşdü, bunların hamısı iztiraba çevriləcək. O gül dükanı da, o küçə də, küçədə həmişə ayağına dolaşan pişiklər də, hamı, hər şey əzab verəcək sənə. İçini gəmirən, ürəyini sızıldadan xatirələrdən necə qopa bilərsən ki?! Yalnız ona yenidən qovuşmaqla, ayrılığa, hicrana qalib gəlməklə rahatlıq tapa bilərsən. Xilasını isə sevdiyinin özündən istə!
Vaqif Səmədoğlunun “Özünlə apar” şeiri də həmin ovqatla yazılıb, məncə. Şair çox sadə, təbii ifadələrlə böyük iztirabı təsvir edir. Şeirin əsas üstünlüyü səmimiliyidi. Müəllif fövqəladə sözlər, tərsinə ifadələr axtarmadan, düzgün, birbaşa danışır. Və elə bu birbaşalıq və sadəliklə yaratdığı həzin, qeyri-adi, poetik aura insanı öz təsirinə salır, düşündürür.
Sevdiyindən ayrı düşmüş aşiq xatirələrin ağırlığına tab gətirə bilmir və ondan yardım istəyir. İndi ən qatı düşməni yaddaşıdı. Xəyalından çıxmayan əllər, gözlər, sözlər gerçəklikdə uzaqdı, əlçatmazdı... Və aşiq sevgilisindən qəribə və ən əsası məhəbbət dolu bir xahiş edir. Əgər özün getmisənsə, bunları da apar! Əslində, belə, ilk baxışdan sadə amma eyni zamanda original yolla ən incə sevgi etirafını edir... Qısa misralarla ilahiləşdirir Qadını. “Yox” dediyi küçələr də müqəddəsdi, kölgəsi düşən adi, boz divarlar da... Və bütün bu incə, həssas etiraflara xanımın biganə qalması mümkünsüzdü. Şairin balaca bir sığortası da var bu şeirdə. “Quşlar sənsizlikdə uçar, güllər sənsizlikdə açar...” Yəni bax mənim dediklərim adi bir romantika deyil. Sən yoxsansa, həyat davam edir, quşlar da uçur, güllər də açır, bunu dərk edirəm, bircə mənim əlim-qolum zəncirlənir. Ən kövrək, dəruni hisslərin bu qədər real, həyati amma eyni zamanda son dərəcə poetik cizgilərlə çatdırılması insanı heyrətləndirir. Və elə həmin reallığın, həyatiliyin altında gizlədilmiş xəfif bir “QAYIT” ismarışı da yüngül meh kimi sezilir... Şeirin əvvəlindən sonuna doğru qəribə bir çarəsizlik duyulur. Amma son misrada aşiqin üsulu aydın olur. “Xatirələri ... gəl özün apar!” Bircə söz, “Gəl” sözü əsas niyyəti aşkara çıxarır. Xatirələrinin ardınca GƏLən Qadını buraxmayacaq Şair... Heç vəchlə buraxmayacaq!
Vaqif Səmədoğlu: “Sevincimi mənə qaytar!”
Əllərini, gözlərini,
Nəfəsini, sözlərini,
Ürəyimdən qopar, qopar,
Özünlə apar!
Ahh çəkdiyin gecələri,
“Yox” dediyin küçələri,
Ürəyimdən qopar, qopar,
Özünlə apar!
Sevdiyimiz şeirləri,
Gördüyümüz şəhərləri,
Ürəyimdən qopar, qopar,
Özünlə apar!
Payız rəngli baharları,
Kölgən düşən divarları,
Ürəyimdən qopar, qopar,
Özünlə apar!
Quşlar sənsizlikdə uçar,
Güllər sənsizlikdə açar,
Yoxluğun bir zəncir kimi
Əl-qolumu bağlayıb, yar!
Məni sənsizlikdən qurtar!
Sevincimi mənə qaytar!
Xatirəni... gəl özün
apar!
PƏRVİN
525-ci qəzet.- 2013.- 17 avqust.- S.21.