Əxlaq siyasətin girovuna çevrilir
Son illərdə Avropanın və
Yeni Dünyanın bir sıra ölkələrində bircinsli nikahların müdafiəsi əvvəlki hüdudlarını aşaraq, təbiətə, ailə institutuna belə zidd ittifaqın tam leqallaşdırılması fazasına keçmişdir. Bu vaxt əxlaqın təmizliyini
ön plana çəkən bütün dinlərin mövqeləri
də kənara atılmışdır. Onlar özlərinin
utancaq etiraz çağırışlarının da
artıq təsiri olmayan moizə xarakterindən uzağa gedə
bilməməsi ilə, dünyanın bir çox hissələrində
artıq tənzimləyici qüdrətə malik
olmadıqları qənaətinə gəldilər, axı əslində
heç onlara məhəl qoyan da yoxdur.
Əxlaq pozğunluğunun
ilkin ən iyrənc nümunəsi sayılan
Bibliyadakı Sodom və Qomorra tarixçəsi də, elə
bil ki, bütünlüklə unudulmuşdur. Allah
Sodoma gedən Abrahama demişdi ki, Sodoma və Qomorraya
qarşı dəhşətli ittihamlar vardır və
onların günahı çox böyükdür. Allah eşitdiklərinin həqiqət
olub-olmadığını öyrənmək istəmişdi.
Bu məqsədlə iki mələyini Sodoma göndərdi, axşam şəhərə
girəndə Lot onları qarşılamış, evinə
aparmış və qonaq etmişdi. Bu vaxt şəhərlilər
onun evini mühasirə etdilər ki, qonaqları versin ki,
onlarla cinsi yaxınlıq etsinlər. Lot mələkləri
xilas etmək üçün hər cür ən agır
güzəştlərə getməyə də hazır idi.
Mələklər Lotun ailəsi ilə birlikdə
şəhərdən çıxanda, Allah Sodomu tamamilə
dağıtdı. O vaxtdan etibarən yerlə yeksan olan
Sodom və Qomorra əxlaqsızlığın və ona
görə ağır ən agır bir cəzaya
düçar olmağın simvoluna çevrildilər.
Lakin Bibliyada ziddiyyətli
anlar da vardır. Allahın mələklərinə,
öz şəhərlilərinin biabırçı təcavüzündən
xilas olmaqda kömək edən Lot özü sonralar başqa
bir günahı işlətməli oldu. Birbaşa
təqsiri olmasa da, qızları ilə intsest
(qanqarışdırıcı) əlaqəyə girdi və
onların doğduğu uşaqlar iki qədim xalqın – moabitlərin
və ammonitlərin əcdadları oldular.
Bu hadisələrdən bizi min illərlə zaman məsafəsi
ayırır.
Ötən dövr ərzində bəşəriyyət
xeyli inkişaf etmiş, bütövləşmiş,
kiçik tayfalardan böyük xalqlar, dar yaşayış məkanlarından
geniş ərazisi olan ölkələr əmələ gəlmişdir.
Dünya xəritəsi Bibliyanın güman edə
bilmədiyi rəngarənglik, müxtəliflik
qazanmışdır. Tarixi inkişaf həm
də tədricən ailə institutunun xeyli möhkəmlənməsi
ilə müşayiət olunmuşdur, ibtidai xalqlarda isə bu
ittifaq əsasən nəsli artırmaq qayğısına
görə bir qədər kövrək idi. İudaizm, həmçinin
dünya dinləri olan xristianlıq və islam
ailənin möhkəmliyini ön plana çəkmiş, bəzən
hətta hissiyyat tələbatını bütünlüklə
inkar etmək yolunu tutmuşdular. Xristian rahibləri
qadına qarşı ehtirasın meydana gəlməməsi
üçün guşənişin həyat tərzinə
üstünlük verirdilər, insan yaşamayan dağlarda və
səhralarda məskunlaşırdılar. Əlbəttə,
xristian dini əvvəlki dövrlərdə bu məsələdə
ifrata varırdı, təbiətin sarsılmaz qanunlarına məhəl
qoymurdu, kilsə xadimləri və rahiblər arasında
tselibat –nikahsızlıq qaydasını bərqərar
etmişdi. Müsəlmanlarda əksinə
olan qayda, çoxarvadlılıq monoqamiyaya zərbə vursa
da, heç də ailə institutunun dayaqlarının zəifləməsinə
gətirib çıxarmırdı.
Dinlər
qadınla kişi
arasındakı məhəbbət hisslərini inkar etməklə,
dinə sitayiş edənlərin məhəbbətinin Allaha
ünvanlandığını iddia edirdilər. Katolik rahibələr
öz tselibatını, kişilərə qarşı sevgiyə yad olmalarını
yalnız İisusa məhəbbət bəslədikləri ilə
izah edirdilər. Katolik dini, ailə institutunun qranit
möhkəmliyini saxlamaq xatirinə bəzən nikahın
pozulmasına, boşanmaya da mənfi münasibət bəsləyirdi,
bunu onunla izah edirdi ki, kəbin Yerdə deyil, Göylərdə
kəsilir və onu pozmaq olmaz. Ümumiyyətlə,
protestanlığa qədər xristian dininin qadınla kişi arasındakı münasibətlərə
dair qoyduğu sərt şərtlər, bəzi qadağalar həm
də müəyyən ölçüdə əxlaqsızlıqlara
yol açırdı. Din xadimləri və rahiblər
arasındakı tselibat – nikahsızlıq əslində təbiətin
qanununa zidd bir ehkam idi və onu qorumağa can atıldıqca, əxlaq
pozğunluqları halları çoxalırdı. Təbii ehtiyacını qanuni yolla ödəyə
bilməyənlər bu qaydaları pozmaqdan heç də
çəkinmirdilər. Bu isə din xadimləri
arasında eybəcər hərəkətlərə yol verilməsinə
gətirib çıxarırdı. İtaliyan
yazıçısı Covanni Bokkaççonun (XIV əsr ) “Dekameron”u, fransız dramaturqu Jan Batist
Molyerin “Tartyuf”u belə keşişləri ələ
salırdı. Hətta bəzi Roma Papaları da
əxlaq pozğunluğu ilə məşğul olmaqdan
çəkinməyərək, dünyaya bastard (haramzada)
övladlar gətirirdilər. Dinin təmizliyi uğrunda
inkvizisiya İspaniyada tüğyan edəndə, baş
inkvizitor Torpkvemada 1492-ci ildə əsl cəlladlıqla məşğul
olanda, Roma Papası VI Aleksandr (Borcia) digər əxlaqsızlıqları
ilə yanaşı ( nikaha girməməli olduğu halda onun
üç uşağı olmuşdu), öz doğma
qızı Lukretsiya ilə də intim yaxınlıq etməkdən
çəkinməmişdi, qızı bu əlaqədən
ona hətta oğul da
doğmuşdu. Papanın özü və
böyük oğlu Çezare Borcia qətllər təşkil
etməyin ustası hesab olunurdular. Son illərdə
isə bəzi ölkələrdə katolik keşişlər
arasında pedofiliya (azyaşlı uşaqlarla intim
yaxınlıq cinayəti) faktlarının aşkar və
ifşa olunması bu dinin nüfuzuna yeni ağır zərbə
vurmuşdur.
Hazırda
Vatikanın
yüksək strukturlarında güclü,
geniş şəbəkəli
və mərkəzləşmiş gey lobbisi fəaliyyət göstərir.
Vatikanı iki bəla:
şəhvət və tamahkarlıq dağıdır.
Seminaristlərin və xor oxuyanların arasında kişi fahişəliyi barədə məlumatlar
vardır. Vatikan administrasiyasında mühüm
vəzifələri tutan şəxslər qeyri-ənənəvi
cinsi orientasiya nümayəndələri ilə
görüşmək üçün kiçik mehmanxanalara,
saunalara və klublara gedirlər. İndiki
Papa Fransiskin missiyası bu eybəcərlikləri
kökündən çıxarmaqdır. Belə
Avgi tövlələrini təmizləmək isə heç də
asan məsələ deyildir.
İslam ölkələrində
mollaların da əxlaq məsələsində sui-istifadə halları heç də
az olmamışdır. Bu sahədəki
biabırçılıqları klassik Azərbaycan ədəbiyyatı
məharətlə ifşa etmişdir.
Əxlaq məsələlərində
daim sərt mövqeyə malik olan dinlər Qərbdə
bircinsli nikahların
leqallaşmasına, qanuni hüquqa yiylənməsinə, ən
azı anlaşılmayan laqeydlik göstərirlər. Bu onların nüfuzunun xeyli aşağı
düşməsinə dəlalət edir və onlar da insan
haqlarının imperativ xarakter daşımasını nəzərə
alaraq qeyri-ənənəvi sayılan nikahların mülki
qaydada bağlanmasına müqavimət göstərə
bilmirlər.
Vaxtilə
katolitsizmin
qalası sayılan və Reyormasiyaya görə vətəndaş
müharibəsinə cəlb olunan Fransa artıq bircinsli
nikahların qeydiyyatdan keçməsinə, tam hüquqlu instituta çevrilməsinə,
bütün proseduralara əməl
olunmaqla qəbul edilən qanun əsasında nail olmuşdur. Bu hadisə həm də geniş təbliğat
kampaniyası ilə müşayiət olunmuşdur. Monpelye şəhəri meriyasında iki cavan
oğlanın nikahının qeydə alınmasının təşkili
əsl bayram xarakteri almışdı. Onsuz da Fransada uzun
müddət ərzində bəzi hallarda əxlaqın təmizliyinə elə
bir əhəmiyyət verilmirdi. XVII əsrdə
bu ölkədə çoxalan bastardlar öz qanundan kənar
mənşələri ilə fəxr edirdilər. Kral sarayında kral və onun arvadı kraliça
bir qayda olaraq məşuqəsiz və məşuqsuz
keçinmirdilər. Bəzi məşuqələr
dövlət işlərinə müdaxilədə hədd
tanımırdılar, ona görə də böyük
qüdrət sahiblərinə çevrilirdilər. Kral XV Luinin məşuqəsi madam Pompadur metsenat fəaliyyəti
ilə məşğul olduğundan, şairlər,
yazıçılar, incəsənət adamları onun himayəsinə
xüsusi ehtiyac duyurdular. Fransanın ən
nəcib kralı hesab edilən IV Henri iki dəfə arvad
almaqla yanaşı (onun arvadları Mediçi nəslinin
nümayəndələri idi), məşuqələrə
malik idi. Günəş Kral adlanan XIV Luinin öz məşuqələrindən
haramzada övladları var idi, onun öz anası Anna
avstriyalı isə, kral az yaşlı
olanda dövləti idarə edən Mazarinin məşuqəsi
olmuşdu. Napoleon müqayisə olunmaz hərbi
zəfərləri ilə yanaşı, qadın
çarpayılarında qazandığı qələbələrlə
də öyünə bilərdi.
Müasir
Fransa isə, prezident seçkiləri kampaniyasında bircinsli
nikahları qanuniləşdirməyə söz verən, bu
yolla həmin adamların səsini qazanan və prezident
seçilən Fransua Oliandın “uğurla” həyata
keçirdiyi ilk böyük tədbirin məkanı oldu. Prezident Olland
orientasiyası fərqli olanların qarşısında verdiyi
vədi yerinə yetirdi. Lakin bu hərəkəti
ilə həm də ölkə əhalisini parçaladı,
iki hissəyə – homoseksual azlığın əleyhdarlarına
və tərəfdarlarına böldü. Həm də Fransa iri dövlətlər arasında
bircinsli nikahları leqallaşdıran ilk dövlətə
çevrildi. Demokratik ölkədə
siyasət xalqa xidmət edir, onun adından həyata keçirilir.
Fransada isə bu məsələdə xalqın
çoxluğunun etirazları nəzərə
alınmadı, onun rəyinə heç məhəl də
qoyulmadı.
Fransanın
təcrübəsi
təkcə bu ölkənin hüdudlarında qapanıb qalmadı. ABŞ
prezidenti Barak Obama da özünün ikinci müddətə seçilməsi
üçün apardığı kampaniyada homoseksualistlərə
verdiyi vədə əməl etdi. Obama administrasiyasının
müraciəti əsasında Birləşmiş
Ştatların Ali Məhkəməsi bu məsələyə
baxdıqda, hakimlər düşünülən qaydada
bircinsli nikahlar hərəkatına təkan verdi,
baxmayaraq ki, bu sferada baş verəcək müəyyən
şəkildəki siyasi mübarizənin taleyini həll etməyi
ştatlara həvalə etdi. Ali Məhkəmə Amerika Birləşmiş
Ştatlarında “Nikahın müdafiəsi barədə
Aktın” – bu mühüm federal sənədin, nikahın kişi ilə qadın arasındakı ittifaq
olması barədəki müddəasını ləğv
etdi. Bu o deməkdir ki, geylər və lesbiyankalar öz münasibətlərini
rəsmi qaydada qeydə aldıracaqlar və həm də
kişiyə və arvada nəzərdə tutulan federal güzəştlər
onlara da şamil ediləcəkdir. Məhkəmə həmçinin
Kaliforniyada bir az əvvəl referendumda qəbul
olunmuş bircinli nikahlara qoyulan qadağaların da üzərindən
yoğun bir xətt çəkdi.
Onu da qeyd
etmək
lazımdır ki, Fransada olduğu kimi, Birləşmiş Ştatlarda da media bu tədbiri
böyük razılıq və sevinclə
qarşıladı. Fransadakı ilk belə nikah
yerli və beynəlxalq televiziya kanalları vasitəsilə
geniş şəkildə işıqlandırıldı.
ABŞ-da isə “The Nyu York Times” qəzeti öz
redaksiya məqaləsini “Bərabərliyin qələbəsi”
başlığı altında dərc etdi. Qəzet yazır ki, amerikan geyləri və
lesbiyankaları barədə dövlət
ayrı-seçkiliyi üzrə olan sanksiyaların ləğv
edilməsi uğrunda aparılan uzunmüddətli mübarizədə
nəhəng qələbə qazanılmışdır.
Lakin Ali Məhkəmənin, çox illər ərzində
davam edən ədalətsizliyi bütünlüklə ləğv
etmək sahəsindəki şansı bu vaxt əldən
buraxdığını da qeyd edərək, qəzet göstərir
ki, Amerika Femidası xeyli sayda ştatda olan geylərin yenə
də ikinci sort adamlar kimi qalması qaydasını poza bilmədi.
Qəzet yazır ki, güman ki, məhkəmə
onu nəzərə almışdır ki, belə ümumi
yaxınlaşmaya ölkə hələ də hazır deyildir,
ancaq bununla həm də bu problemin ölkəni parçalamaq
gücündə olduğu ehtimalına şişirdilmiş
qaydada yanaşdığını nümayiş etdirdi. Lakin bunu da diqqətdən yayındırdı ki,
sonrakı təxirə salınma da adamlara olduqca baha başa gələcəkdir.
Bu vaxtdan etibarən artıq amerikanların 30
faizi bircinsli nikahların icazə verildiyi regionlarda
yaşayır.
Aydın deyildir ki, bircinsli cütlüklər barədə
yeniləşmiş federal qanun qəbul ediləcəkdimi ki,
belə nikahın qanuni sayıldığı ştatda evlənmiş,
lakin sonra bircinsli nikahlara icazə verilməmiş ştata
getmiş adamların üzləşəcəyi problemləri
asanlıqla həll etsin. Yerli məhkəmələr bu işlərə
yəqin ki, öz ştatlarının xeyrinə olan qaydada
baxacaqdır və bircinsli nikahları qadağan edən
ştatların qanunların əleyhinə çıxacaqlar.
Bu vaxt Ali Məhkəmə yenidən bu problemə
qayıtmağa məcbur olacaqdır.
Bircinsli nikaha daxil olan yeni ər-arvadlar başqa
ştatın sərhədini keçdikdə, onların
nikahı hökmən sual altına salınacaqdır. Bu vəziyyət
Vətəndaş Müharibəsindən əvvəl Birləşmiş
Ştatlarda mövcud olan situasiyanı yada salır.Qul
ştatlarının yerləşdiyi Cənubla,
quldarlığı ləğv etmiş Şimal
ştatlarının münasibətləri bu ziddiyyətə
görə daha da pisləşirdi. Azadlığa can atan
qullar Cənubdan qaçıb, Şimalda gizlənməyə
ümid bəsləyirdilər. Lakin Cənubun təzyiqi
və təhriki ilə xüsusi “Qaçmış qullar barədə
qanun” qəbul olundu. Bu qanuna görə,
qaçan qul Şimalda tutulub, mühakimə olunmaqla, Cənubdakı
sahibinə qaytarılmalı idi. Məhkəmə
hər qaçan qulu sahibinə qaytardığına görə
həmin qanuna müvafiq olaraq dövlətdən 5 dollar məbləğində
mükafat alırdı, bu da bütün hökmlərin birtərəfli,
yəni qulların ziyanına olacağına zəmin
yaradırdı.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.- 2013.- 17 avqust.- S.24.