Azan suların axtarış
yollarında
Bakı-Dərbənd yolunun üstündə, qoca Qafqaz dağlarının ətəklərində, üzü
qədim Quzğun dənizinə baxan bənzərsiz bir şəhər var. Yollarında,
küçələrində uşaqlıq, gənclik xatirələrimin yurd saldığı, yuva bağladığı doğma
bir şəhər...
Tale elə gətirib
ki, mən orta məktəbi həmin şəhərdə
oxumuşam. Həmin şəhərin yollarında,
küçələrində, günəşi gülgün
səmalarında yurd-yuva
salan uşaqlıq,
ilk gənclik xatirələrim
sirr-sehr dolu səslərlə hələ
də çağırır
məni...
Bu, Siyəzəndir. Şabranın dağlar arasına sığınan Surra kəndindən çıxıb
bu dünyada ilk rastlaşdığım şəhər.
Duyğularıma qucaq açan
ilk məktəbimin, ruhumu
ovudan, məni dünyaya qovuşduran unudulmaz, sevimli müəllimlərimin şəhəri.
Müasir müstəqillik
dövründə inkişafın
mübarək əllərini
sıxan, həm kəmiyyət, həm keyfiyyət baxımından
tərəqqi yollarında
ciddi uğurlar
qazanan Siyəzən!
Və bu sətirləri yaza-yaza haqqında söz demək istədiyim şair dostum, siyəzənli ziyalı-pedaqoq
Nəcməddin Mürvətovu
düşünürəm. Məncə,
o insanlar xoşbəxtdirlər
ki, onları düşünəndə ən
əvvəl yurdlarını,
o yurdların gözəlliklərini
və özəlliklərini
xatırlayırsan; insan
işləri, əməlləriylə
bütöv bir yurdun, elin mənəviyyat
haləsinə, mənəvi
pasportuna çevrilir;
insan YURD ADLI yolun həqiqi yolçusuna, öndə gedəninə
dönəndə, bütöv
bir elin-obanın nəsil-şəcərə ağacının
şah budağına
çevriləndə xoşbəxt
olur. Nəcməddin Mürvətov Siyəzənin
belə ziyalılarından,
söz-sənət adamlarındandır.
O, riyaziyyatçıdır, “Riyaziyyat
bütün elmlərin
şahıdır” (K.Qauss)
həqiqətinə inanır,
belə bir inamla həqiqət axtara-axtara əlahəzrət
POEZİYANIN HÜZURUNA gəlib çıxıb. Kitablarından
biri belə də adlanır: “Həqiqət axtarıram”.
Həmin
kitaba “Ən böyük həqiqət
poeziyadır” adlı ön söz yazan şair dostum Musa Ələkbərlinin
bu sözlərinə
mən də şərikəm ki, “Nəcməddin Mürvətovun
lirik “mən”i üçün dünyanın
dayaq, istinad nöqtəsi haqq və ədalətdir.
Əgər dünya ədalətə
söykənmirsə, onda
fəlakət qaçılmazdır”.
Ona yaxın
şeir kitabının
müəllifi olan Nəcməddin Mürvətovun
poeziyası adi olmayan sadəliyi, hər addımda öz varlığını
car çəkməyən, özünü gözə
soxmayan səmimiyyəti,
“söz bazarında” reklamçı hay-küyə,
kosmetik bər-bəzəyə
baş əyməyən
təvazökarlığı ilə seçilir. Bu, miqyasları
çox da böyük olmayan özünəməxsus, xudmani
bir söz baxçasıdır; bar-bəhəri
göz güldürən,
könül sevindirən
ağacları da, vaxtsız-vədəsiz quruyan
budaqları da, ruhun gözəlliyinə güzgü tutan gülləri də, tam açmadan solan çiçəkləri də
var... Əsası odur ki, bu söz baxçası
bağbanının, sahibinin
nə dediyini eşidirsən, onun hansı yollarla hara tələsdiyinə şahid olursan və eşitdiyin, şahid olduğun
HƏQİQƏT qəlbən sevindirir, ruhən zənginləşdirir səni.
Bu, iddiadan, yalandan,
hay-küydən uzaq olan və sadəlikdən,
səmimiyyətdən, sadəlövhlükdən
uzaq olmayan poeziyadır. Onun şeirləri
özünə oxşayır,
özü kimi sadə və səmimidir. Bu şeirlər
sənə salam
verir, səni özünə sevinc sirdaşı, qəm-kədər
ortağı, ürək
dostu, haqq qonağı edə bilir.
Bu məqamda Nəcməddin
Mürvətovun “Ələzə
gəlmişəm” şeiri
yadıma düşür. Şairin,
lirik “mən”in ahıl çağında
öz dədə-baba
yurdu Ələz kəndinə gəlişinin
kövrək duyğu-düşüncələri
təsvir olunur; unudulmaz, uzaq uşaqlıq xatirələrinin
çağırdığı qəfil görüşlərin
ovsunlu cazibəsi, xoş ovqatıyla, lirik “mən”in sonsuz ruhi həzz
və iztirabları, kədər və sevincləriylə dolub-daşan,
əslində, poema janrının tələblərinə
daha çox cavab verən bu əsər son illər poeziyamızın
uğurlarından sayıla
bilər. Şeiri oxuduqca SÖZÜN tilsimli çöllərinə
düşürsən, sənə
ən yaxın olan uzaqlığın son
sahillərinə tələsirsən.
Yön aldım oradan “Tor təpəsinə”,
Qarışam sisinə, duman, çəninə.
Duyam qartal olmaq fəlsəfəsi
nə,
Baxam ucalıqdan
Yer kürəsinə.
“Simi” qayasından
“Yekə Daş”adək,
Yüz yerdə
yıxıldım, yüz
yerdə durdum.
Seyr etdim zirvədən, zərrə şübhə,
şəkk
Qalmadı, gözəldir obam, öz yurdum.
“Tarqullu taxtası” – burda anamın,
Biçinçi zəhməti düşdü
yadıma.
Yanırdım içində xəyallarımın,
Bir at kişnərtisi çatdı
dadıma...
“Qədim bulağı”na gedə bilmədim,
Dedilər, uçqunlar vurub o yeri.
Acı həqiqətdən yandım,
inlədim,
Kəndə qəbristandan qayıtdım
geri.
Bənddən bəndə keçdikcə
uşaqlıq dünyasının
əlçatmaz, ünyetməz,
qeyri-adi yaşantıları
çağırır, dərkolunmaz
bir sehrlə, cazibəylə çəkib
aparır səni; ədəbiyyatın əbədiyyət
yollarında ÖZÜNDƏN
ÖZÜNƏ DOĞRU qədim bir yol gedirsən;
ruhun, qan-gen yaddaşının dərinliklərində,
dərindən-dərin ucalıqlarında
ÖZÜNLƏ görüşə can atırsan; tragik bir təşviş hissi möhtəşəm
bir xoş ovqatla əl-ələ tutub gedir və
mənzil başında
insanı İNSAN edən
HƏQİQƏTİN gülgün baxışları görünür...
Şeir belə genişmiqyaslı
poetik-psixoloji yaşantılara
münbit şərait
yaradır, ruhun səmalarında uçmaq
üçün qol-qanad
verir, oxucunu uşaqlıq çağının
gerçək kənd
yollarından qəlbin-qanın
səmalarına qaldırır
və XOŞBƏXT edərək
QALİB GƏLİR. Sirr deyil ki, bu,
ədəbiyyatın əzəli
və əbədi istəyi, halal işi, müqəddəs
missiyasıdır...
lll
Nəcməddin Mürvətovun şeir
kitablarından biri belə adlanır: “Ürəklərin sifarişi
sözümdə”. Sifariş sözü
ədəbiyyat, bütövlükdə
sənət baxımından
o qədər də uğurlu ifadə deyil. Lakin söhbət hansısa
qurumun, kapital sahibinin, yaxud sosial-siyasi qüvvənin yox, ÜRƏKLƏRİN sifarişindən
gedir. Bu, şairin, sənətkarın
vətəndaşlıq borcunun
diqtə və tələb etdiyi sifarişdir.
Bu sifarişi fəal vətəndaşlıq
mövqeyi ilə dərk və qəbul etdiyi üçündür ki,
N.Mürvətovun poeziyasında
rəngsiz, reklamsız,
qara-qışqırıqsız vətənpərvərlik pafosu
çox güclü və davamlıdır.
O, Qarabağ, Xocalı
soyqırımı, şəhidlər
mövzusunda xeyli şeirin müəllifidir
və bu əsərlər təkcə
aktual tematikasına görə yox, həm də sənətkarlıq məziyyətləri
ilə seçilir. Bu şeirlərin ana xətti, əsas ideya-bədii leytmotivi müvəqqəti
məğlubiyyətlə barışmamağa,
“Ya şəhid olmaq gərək, ya intiqam almaq
gərək (M.Füzuli)
inadı-inamıyla səfərbər
olub ayağa qalxmağa, işğalçı
düşməni məhv
edib Şuşada, Xocalıda, Xankəndində
müqəddəs QƏLƏBƏ
BAYRAĞINI ucaltmağa
ÇAĞIRIŞDIR!
Hiddətlə silahlan, harayla bağır,
Çağır ərənləri, ərləri
çağır.
Yağır göydən yerə,
şimşəklər yağır,
Girək
son döyüşə, gecikmək
olmaz,
“Cəngi” çal,
“Cəngi” çal, “Cəngi”, telli saz.
Bu şeirlər öz mübariz, döyüşkən
qayəsi, vətəndaşlıq
yanğısıyla oxucuya,
kütləyə, xalqa
inam və ümid, optimist ruh yüksəkliyi aşılayır,
cəsarət və səbrlə diqtə və təlqin edir ki, məğlub
milli-mənəvi durumla
qalib gəlmək, haqq, ədalət savaşında müqəddəs
qələbə zirvəsinə
ucalmaq olmaz.
lll
Günlərin bir günü Siyəzənin böyük
oğlu, əməkdar
elm xadimi, memarlıq doktoru, professor, dostum Nəriman Əliyevdən soruşdum: “Siyəzən
sözünün bir neçə fərqli etimoloji yozumu var, sizcə, həqiqətə hansı
daha yaxındır?” Nəriman Əliyev özünəməxsus işıqla
baxdı, heç fikirləşmədən nurlu
bir təbəssümlə
həmin anda cavab verdi:
“Vaxtı ilə, çox-çox qədimlərdə
o ərazidə bol su mənbəyi olub. Tale elə
gətirib ki, həmin şirin-şəfalı
su itib, azıb. Onu çox axtarıblar,
amma tapa bilməyiblər və həmin yerin adı Suazan – Siyəzən kimi dillərə düşüb”.
Şair-pedaqoq, siyəzənli ziyalı
Nəcməddin Mürvətov
haqqında bu kiçik qeydlərimi yazanda həmin söhbət qəfildən
yadıma düşdü;
onun yaradıcılığını,
şeir kitablarını
bir daha göz önünə gətirdim və gördüm ki, o, illər boyu milli-mədəni mühitimizin
itən, azan şirin-şəkər
sularını axtarmaqla
məşğul olub;
milli-mənəvi dəyərlərə
sədaqət, onların
qorunub saxlanması, nəsildən-nəsilə layiqincə
ötürülməsi uğrunda
mübarizə, mücadilə
N.Mürvətov poeziyasının
əsas ideya-bədii,
estetik-fəlsəfi qayələrindən,
məziyyətlərindən biridir. Bu, şairin ÖZGƏ
İLƏ ÖZ, antimillətlə millət arasında mübariz vətəndaşlıq
mövqeyi, ƏDƏBİ sözün ƏBƏDİ hüzurunda
səngər döyüşüdür.
Və mən əminəm ki, şair-pedaqoq Nəcməddin
Mürvətovun poeziyasında
itən, itirilən milli-mənəvi dəyərlərin
tapılması, bərpası,
qorunması, azan suların
öz əzəli-əbədi
məcrasına qayıdışı
naminə ədəbi
mübarizə, şair-ziyalı
ruhunun poetik səngər döyüşü
bundan sonra daha geniş bədii miqyaslarda davam edərək, yeni-yeni sənət uğurları qazanaraq, ədəbi sözün qələbə sevinclərini
yaşayacaq.
Sadıq Elcanlı
Azərbaycan
Televiziyası “Ədəbi-dram verilişləri”
baş
redaksiyasının baş redaktoru,
Əməkdar
jurnalist,
Naxçıvan MR Əməkdar İncəsənət Xadimi
525-ci qəzet.- 2013.- 17 avqust.-
S.22.