Məhəmməd Əmin Rəsulzadə- Əsərləri

 

 

 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi.

Transliterasiya redaktorları: professor Şamil VƏLİYEV,  elmi işçi Samir MİRZƏYEV

(1917-aprel 1918)

IV cild

5-ci iclas

 

Oktyabrın 30-u səhər saət 11-də Nəsib bəyin sədarətində açılaraq Məhəmməd Əmin Rəsulzadə cənabları məramnamənin müzakirə edilməmiş qalan maddələrini birər-birər oxuyur. Məsələlər oxunduqca səsə qoyularaq cümləsi qəbul ediliyor. Şəkli-idarə həqqində məramnaməyə böylə bir əlavə ediliyor; “cümhuriyyət daxilindəki muxtariyyətlər öz aralarında xüsusi və müştərək məsələlər üzərinə ittifaq əqd etmək həqqinə malikdirlər”.

Azərbaycan muxtariyyəti hüduduna gəldikdə Cənubi Dağıstanın dəxi Azərbaycana daxil olması təhti-qərara alındı. İdil boyu və Krım tatarları üçün milli-məhəlli mümkün olmasa milli-mədəni muxtariyyət tələbi qəbul olunur.

4-cü maddə bu surətlə təbdil olundu: “Ümumi cümhuriyyət” müəssisələrinə və muxtariyyət daxilində bulunan məclisi-məbusan, məhəlli idarələr və başqa bütün təşkilata vətəndaşların bilafərq millət və məzhəb, ərkək və qadın seçki həqqi var. Hər bir seçkiçi vətəndaş seçilmək həqqinə də malikdir. Seçki ümumi, gizli, bilavasitə, müsavi və mütənasib olmalıdır”.

Milli, dini, mali və iqtisadi əskəri və ədliyyə babları eynilə qəbul edildi. Gömrük məsələsi eynilə qəbul olundu. Məhkəmə babində 4-cü maddə ləğv edildi.

 

 

 

6-cı iclas

 

 

Qurultayın 6-cı iclası ayın 30-u axşam saət 8-də Nəsib bəyin sədarətilə açılaraq firqə nizamnaməsi müzakirə edildi.

1, 2 və 3-cü maddələr bilamüzakirə qəbul olunur.

4-cü maddə müzakirə edildikdə bir şəxsi firqədən çıxarmaya şöbələrin həqqi olub olmadığı məsələsi qalxıyor və əksəriyyəti-ara ilə buna ancaq idareyi-mərkəziyyənin ixtiyarı olduğu qəbul ediliyor.

Bu maddəyə bir qeyd əlavə olunur ki, hər bir təşkilatın ixtiyarı var təşkilat qərarlarına əməl etməyən şəxsi təşkilatdan kənar eləsin. Böylə üzvlər təşkilatın rizası olmadan bir daha təşkilata daxil olamaz.

5-ci maddə qəbul və əzalıq həqqi barəsində əksəriyyətlə müstəmiri-əzalıq həqqi vergisini məhəll təşkilatı öz səlahəddi ilə təyin etməsi əlavə olundu.

6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17 və 18-ci maddələr qəbul edildilər.

Məhəmməd Əli Rəsulzadə “şöbələrin hər il idareyi-mərkəziyyəyə müəyyən miqdarda pul verməgə məcbur edilməsini” təklif ediyor. Fəqət qəbul olunmuyor. Sədr məcburi vergi əvəzində idareyi-mərkəziyyənin şöbələrindən lazımi miqdarda para almaq həqqinə malik olmasını təklif ediyor və qəbul olunur. Nizamnaməyə firqə nəşriyyat və mətbuatla nəzarət etmək, sair firqələrlə münasibət və irtibatda bulunmaq, dövlət müəssisələri ilə əlaqəyə girişmək məzmunlu bir yeni maddə əlavə olunur.

Heyəti-mərkəziyyə əzasının miqdarı və mərkəzin məkanı məsələsi müzakirə olunaraq qərar verildi ki, heyəti-mərkəziyyə Bakı şəhərində iqamət etsin və əza 9 olsun. Əzalığa Yusifbəyli Nəsib bəy, Rəsulzadə Məhəmməd Əmin, Ağayev Həsən bəy, Məhəmmədzadə Əliş, Hacınski Məhəmməd Həsən, Şərifzadə Qulamrza, Rüstəmbəyov Şəfi bəy, Axundov Molla Qafar, Hüseynzadə İsgəndər, Əlisgəndərov Səməd, Rəfiyev Musa bəy, Orucov Oruc, Qaraağazadə Mehdi, Əmirxanov Əbdüləli bəy və Axundov Mirzə Məhəmməd namizəd göstəriyorlar.

“Açıq söz”, 27, 29, 30, 31 oktyabr, 1, 2 noyabr 1917, ¹599, 600, 601, 602, 603, 604

 

 

 

Əndüvə – toplantı

Ehtimam-səy göstərmə

Müariz – zidd çıxan

Qitə – parça, hissə

Müşəvvəs – təşvişli

Qiyam – ayağa qalxma

Təshil – asanlaşdırma

Kamilən – tamamilə, büsbütün

Mümanəət – maneçilik

Əqəliyyət – azlıq

Xüzu – itaətkar

Xüşu – utancaq

Xüsusi teleqraf

 

 

 

Səmərqənddən idarəmizə böylə bir teleqraf çəkilmişdir:

Müsəlmanların oblast ictimailəri Məclisi-Müəssisana namizəd olmaq üzrə Sırdərya oblastından Əlimərdan bəy Topçubaşov, Fərğanədən Məhəmməd Əmin Rəsulzadə və Amur oblastından Nəsib bəy Yusifbəyovun namizədligini qoymuşlardır.

 

Hacı

“Açıq söz”, 1 noyabr 1917, ¹603

Müşahidat

 

 

Hər siyasi firqə və təşkilat özünün cəmaət və xəlq arasında nə qədər nüfuz və etibar sahibi olmasını ancaq seçki zamanlarında göstərə bilər. Buna görədir ki, diyorlar: seçki siyasi təşkilatlar üçün imtahan meydanıdır.

Bu vəqtədək bizdə seçkilərə xəlqin bir sinfi, mülkədar və tüccar sinfi iştirak etdiklərindən cəmaətin əksəri qanunən bu hüquqdan məhrum olduqlarından seçkilər sönük və ruhsuz olaraq vaqe oluyordu. Başqa mədəni məmləkətlərdə isə oralardakı bütün əhali sinif ayırmaqsızın seçkilərə gediyor, öz səslərini veriyorlar. Oralarda seçki günləri adətən bir bayram məqamını alıyor. Şəhərlər reklamlar ilə donadılıyor. Hər kəs, hər firqə öz namizədlərini keçirməgə çalışdıqlarından əsl siyasi mübarizə başlanıyor. Ancaq bu vasitə ilə hanki firqənin daha əsaslı, daha təbii bir yol tutduğu məlum olub ortaya çıxıyor.

İnqilabın bərəkətindən bizim şəhər duması seçkiləri də ümumi bir rəng aldı. Biz də sərbəst seçkilərdə iştirak etmək şərəfinə nail olduq. Biz də seçki mübarizəsinin nə yolda olduğunu gördük. İştə, biz də gördügümüz mənzərələri təsvir ediyoruz.

Daha bir ay bundan irəlidən bəzi firqələr tərəfindən seçkiyə hazırlıq görülər, mitinqlər, mühazirə məclisləri tərtib edib seçki əhəmiyyətindən və sair seçki ilə əlaqədar olan bəzi qaidələrdən məlumat veriliyordu. Seçkiyə iki-üç gün qalmış divarlara yapışdırılan müxtəlif məzmunlu reklamlar, avtomobil və sairə ilə nəşr edilən xitabnamə və intibahnamələr, hər tinbaşı təşkil edilən səyyar mitinqlər seçkinin əhəmiyyətini cəmaətə artıq qandırmışdı.

Budur, qırmızı bayraqlar ilə bəzənmiş bir avtomobil gəliyor. İsmailiyyə qarşısında toplanmış müsəlmanları görərək dayanıyor. Bir natiq avtomobildən rusca:

– Müsəlman yoldaşlar, dördüncü nömrəyə.

Bunun müqabilindən müsəlmanlardan birisi:

– Siz səhv ediyorsunuz, 12-ci nömrəyə.

Bir digəri:

– Xayır, doqquzuncu nömrəyə.

Bir üçüncü:

– Vətəndaşlar, heç kəsə aldanmayınız, öz hüququnuzu başqasının əlinə tapşırmayınız, füqərayi-kasibənin halına qalan bir firqə varsa, o da beşinci nömrədir.

Dördüncü nömrəli avtomobil artıq dayanmıyor. 5 ilə 12 mübahisəyə başlıyor. 9 da bir iş görəməyəcəgini hiss edərək bir neçə qədəm kənarda bir məclis qurub şəriətdən, Qurandan bəhs edir.

 

lll

 

Budur, dəniz kənarından əskəri bir avtomobil gəliyor. Avtomobilin hər tərəfi beş nömrə ilə donadılmışdır. Parapet qarşısına toplanmış bir dəstə müxtəlif cəmaət arasına “vətəndaşlar, 5-ci nömrəyə” yazılı vərəqələr tullayır. Bunun müqabilində dörd-beş yerdən 12, 4, 2, 10 nömrəli vərəqələr tullanmaya başlıyor.

 

lll

 

Hacı Pirverdi məscidində şeyx Qəni diyor:

– Cəmaət, Müsavat firqəsi Quranın və şəriətin xilafında hərəkət ediyor, bunun üçün hər kəs Müsavata mənsub olarsa kafirdir. Kafirin də İslam qanunilə müsəlmanlara qanı və malı mübahdır. Arvadları özlərindən boşdur. Bunu bən demiyorum, şəriət və Quran əmr ediyor. Hər kəs istiyor ki, işlərimiz Quran və şəriətə mütəabiq getsin, 9-cu nömrəyə səs versin.

Bunun əleyhinə müsavatçılardan birisi çıxıb şeyxin müfəttinlik edib fəsada səbəb olacağını söylüyor. İkinci natiq habelə şeyxin əleyhinə danışır. Şeyx məsciddən özünü kənara çəkiyor.

 

lll

 

Ayın 29-da seçki günü yalnız divarlara qənaət edilməyib qaldırımlar və səkilər üzərində də qırmızı rəng ilə rusca və müsəlmanca 12-ci nömrəyə səs veriniz, 5-ci, 4-cü və 2-ci nömrəyə səs veriniz, deyə müxtəlif reklamlar yazılmışdı.

Budur, Nikolayevski küçədə cəli bir xətt ilə yazılmışdır:

– Milli qüvvələrin birləşməsini istiyorsan isə 12-ci nömrəyə səs ver.

– Yaşasın millət, 12-ci nömrə.

– Yaşasın milli və məhəlli muxtariyyət və qoşma xəlq cümhuriyyəti, nömrə 12.

Budur, 9 ilə 12 mübahisə ediyor. 12 diyor: Dumda İvan, Karapet ilə əgləşib şəri məsələ həll etməyəcəgiz. Orada danışılacaq bir məsələ varsa, o da bundan başqadır. Onun üçün də biz də dumda iş görə biləcək, hüququmuzu müdafiə edə biləcək şəxslər lazımdır.

9 diyor: bu vəqtədək biz Rusiya qanunları ilə dolanmışıq. Qoy bundan sonra ruslar bizim şəriətimiz ilə, bizim qanunumuz ilə rəftar etsinlər. Siz 12-lər  diyorsunuz ki, gərək qazılarımız arvaddan olsun. Quranın yeddi cüzini çıxarıb ataq, qızlarımız, arvadlarımız başıaçıq gəzsinlər. On iki doqquzu qandırmaq istiyor: “Vallah, billah, həzrət Abbas haqqı böylə şey yoxdur, səni aldatmışlar. Burada qazı məsələsi, Quran məsələsi yoxdur”.

Bir digəri kənardan söhbətə müdaxilə ediyor.

Hacı, nədən arvaddan mərsiyəxan oluyor, buna kimsə bir söz demiyor. Qoy qazı da olsun.

Bir üçüncüsü kənardan: “Müsavat” hətta diyor ki, gərək dumda qlava müsəlman arvadından olsun. Biz heç vaxt şəriətin ayaq altına düşməsinə razı ola bilməriz.

 

lll

 

Budur, bir 5-ci nömrə meydan etmiş:

– Müsəlmanlar, siz o adamları seçmək istiyorsunuz ki, onlar füqərayi-kasibənin həmişə qanını içmişdir. Görünüz sizə hürriyyəti verən kimlərdir. Biz fəhlə sinfi Nikolayı taxtından aşağı saldıq. Buna görə də dumda Nikolayı taxtından salanlar əgləşməlidirlər. Ancaq bunlar sizin mənafeinizi gözləyə bilərlər.

Bir digəri buna cavab veriyor:

– Nikolayı taxtından salan əgər fəhlələr olmuşsa, onlar da siz degil, Petroqrad fəhlələri olmuşdur.

Bacılarım, əgər istiyorsunuz ki, çarşabınız başınızdan götürülməsin, 9-cu nömrəyə səs veriniz.

 

lll

 

– Sən hansına saldın.

– Adam məəttəl qalıb... Heç bilmiyor hansına inansın. Diyorlar ki, 12-ci nömrənin adamları iş biləndir.

– Canım, bizə iş bilən lazım degil. Nə edim öylə iş biləni ki, Quranı yox etmək istiyor.

 

– Diyorlar ki, axı dumda Quran söhbəti olmayacaq.

– Necə Quran söhbəti olmayacaq? Görmədin ağa nə buyururdu. Diyordu ki, hər kəs 12-ci nömrəni əlinə alsa, öylə bilsin ki, İmam Hüseyn əleyhissəlamın özünə qılınc çəkmiş, Həzrət Sahibəzzəmanın üzünə olmuşdur.

– Əlbəttə ki, öylədir. Onların qərəzləri məlumdur. Onlar bizim arvadları urus arvadları kibi etmək istiyorlar.

– Yenə Allah atalarına rəhmət eləsin ki, bizi vəqtində başa saldılar.

 

lll

 

– A kişi, belə gəl gedək. Bizim evimizi yıxan helə bu gəldi-gedərlər degilmi?

– Necə yəni. Bizi məscidimizdən qovalayacaqlar?

– Cəmaət, əsl müsəlman nömrəsi 9-dur.

Bir başqası: cəmaət, heç kəsin sözüylə iş görməyiniz. Hər iki tərəfin siyahısını alınız, diqqətlə oxuyunuz, hanki tərəfi layiq bilsəniz ona şar salınız.

 

lll

 

– Budur, Çadrovı küçədə ali ibtidai ünas məktəbi qarşısında bir 12 bir 9-u kənara çəkib onu məzəmmət ediyor.

– Heyf səndən! Mən səni bir əqlli adam bilirdim (konvertini əlindən alıb istiyor 9-un əvəzinə 12 qoysun).

– Sən Allah eləmə! Bənə yazığın gəlsin.

– Ədə, axmaq, burada kim görəcək?

– Yox. Yerin qulağı var deyirlər. Sonra gərək məhəllədə qalmayım.

 

lll

 

Bir seçki yerində budur, bir qiyamətdir ki, qopdu. Məlum oldu ki, yeşik başında dayanmış bir müsəlman bir çox müsəlmanın səsini itirmiş, ora gələn müsəlmanlardan pasport istiyormuş.

 

Bir erməni onu müdafiə ediyor:

– Canım, hər iş gərək qaidəsilə olsun.

 

– Bu qaidə yalnız bədbəxt müsəlman üçünmü olmalıdır. Əgər pasport göstərmək şərt isə, niyə başqalarından istənilmiyor. Yalnız müsəlmanlardan istəniliyor. (Protokol tərtib ediliyor).

 

 

“Açıq söz”, 2 noyabr 1917, ¹604

Cəli – uzaqdan görünən, aydın

Mübah – haram

Müfəttin – fitnəkar

Türk Ədəmi-Mərkəziyyət firqəsi “Müsavat”

Əmələ yoldaşlar!

 

Ayın 22-də siz Fəhlə və Soldat Vəkiləri Şurasına adamlar seçdiniz. O günü siz bütün əngəllərə, maneələrə mütəhəmmül edib səsinizi “Müsavat”a verdiniz. Bu rəyləriniz ilə siz Müsavat firqəsi həqqində olan etibarınızı göstərdiniz, anlatdınız ki, bu firqə ilə sizin aranızda ünsiyyət var, aşinalıq var. Sizin firqə tərəfindən olan dəvətə bu surətlə qulaq asmanız nəticəsində təsisinin əvvəlində bir danə də olsa müsəlman fəhləsinə malik olmayan “Müsavat”ın yarıdan çoxu müsəlmanlar oldu.

Seçkilərin nəticəsini böylə görüncə bu vəqtə qədər fəhlə və əmələ işini özlərinin müxtəs malı hesab edən firqələr cuş qoydular, bu vəqtə qədər rəsmən tanımaq istəmədikləri “Müsavat” firqəsinin qələbəsinə qulp qoymağa başladılar. Seçkilər düz olmamış, seçkilərdə əngəllər olmuş, “Müsavat”çilar müsəlman əmələlərini aldatmışlar – deyə ortaya söz saldılar. Mərkəzi seçki komissiyası 12 adama qarşı 15 səslə seçkiləri təsdiq etmiş ikən məsələni bir kərə əmələlərin etimadına malik olmayıb zavadskoy komitələrin iştirakı ilə genişlənmiş “Sovetə” saldılar. “Müsavat”dan da zavodlara keçirdilər. Nəhayət, müəyyən ruhlu və məxsus nəzərli əmələlərdən daha aşkar sözlə seçkilərdə çoxluq qazanmaq niyyətində ikən azlıqda qalan firqələrdən və Müsavat firqəsinin birdən-birə ortaya çıxıb da qalib gəlməsi fikri ilə heç bir növlə ögrəşə bilməyən adamlardan ibarət olan bir məclisdə bu seçkilərin qəbul edilməyib də tazədən seçilməsini istədilər. Dedilər ki, yanlış olmuş, həqiqət bilinməmişdir. Bir daha seçki olsa “Müsavat” bu və qədər səs qazana bilməz, yəni sovetə bu qədər müsəlman keçə bilməz.

Ay müsəlman əmələsi, imdi söz sənindir. Tazədən seçkilər başlanacaq. Bu seçkilərin vəqti, qaidəsi, tərtibi vəqtilə firqə tərəfindən sənə bildiriləcəkdir. Bu kərə məlum işdir ki, bütün firqələr çalışacaqlar, var qüvvələrini işlədəcəklər, bəlkə də öylə yolla və tədbirlərlə meydana gələcəklər ki, səni öz tərəflərinə çəksinlər. Fəqət sən sərvəqt ol, bil ki, sənin hüququnu, həm sinfi, həm milli hüququnu müdafiə edən “Müsavat” firqəsidir. “Müsavat” firqəsi səni birligə, özlügünü tanımağa dəvət ediyor, özünü bilən dostunu da bilər – diyor. O səni bayrağı altına çağırdıqda yoldaşların ruslar, ermənilər və sair millətlərlə mübarizəyə çağırmıyor. Biləks diyor ki, ay müsəlman əmələsi, ay türk oğlu, birləş. Həqqini bil, sinfi məsələlərdə, həmkarlıq işlərində yoldaşlarını, milli məsələlərdə millətdaşlarını saxla! Öylə bir qüvvət ol ki, səninlə hesablaşsınlar. Sən bu vəqtə qədər səslərini başqasına vermiş, özün siyasət məktəbinə daxil olmamışsan, vəqtdir sən də həqqini öz əlinə alasan. Həddi-buluğa yetişəsən. Ayın 22-də sən öz hökmünü verdin, “Müsavat” bayrağını qaldırdın. Fəqət bayraqdarlığına şübhələnənlər basılmış uşaqlar kibi “ko” degil diyor. Tazədən boy sınamaq istiyorlar. Haydı millətdaşlar, haydı əmələ yoldaşlar, göstəriniz ki, siz degil, onlar, sizi “Müsavat”dan ayırmaq istəyənlər aldanıyorlar.

 

Var olsun əmələlər, yaşasın “Müsavat”!

Türk Ədəmi-Mərkəziyyət firqəsi “Müsavat”ın Bakı Komitəsi.

 

 

 

“Açıq söz”, 16 noyabr 1917, ¹607

Müxtəs – məxsusi

Türk Ədəmi-Mərkəziyyət firqəsi “Müsavat”

 

 

 

Millətdaşlar! Aylardan bəri gözlədigimiz Məclisi-Müəssisan seçkiləri yaxınlaşır. Şəhərlərdə üç gün, kəndlərdə isə 7 gün yeşiklər, qutular qoyulub seçkilər başlıyacaqdır. Seçkilər siyahı üzrədir. Hər kəs hankı siyahıdakı adamlara tərəfdar isə o siyahını konvertə qoyub aparıb qutuya salmalıdır. Milli müsəlman komitələri ilə Türk Ədəmi-Mərkəziyyət firqəsi “Müsavat” firqəsinin bir yerdə bütün Zaqafqasiya milli komitələri ilə siyasi komitələrinin məsləhəti ilə Gəncə məşvərət məclisində tərtib olunan millət siyahısının nömrəsi 10-dur. 10-cu nömrə Zaqafqasiya türklərinə, Rusiya Azərbaycanına muxtariyyət istiyor. Bu nömrədəki adamlar istiyorlar ki, Rusiya Qoşma Xəlq Cümhuriyyətindən ibarət olsun. Bu cümhuriyyətdə cəmaətin, xəlqin könlü ilə hökumət eləsinlər. Hər millətə, yəni öz dili, adəti, dini, məzhəbi ilə dolanan cəmaətə özünəməxsus muxtariyyət verilsin. 10-cu nömrə istiyor ki, topraqlar zəhmətkeşlərin malı olsun. Hər kəsə özü əkib biçəcək, külfətini dolandıra biləcək qədər də yer verilsin. Özü də bu yerlər onlara, yəni o rəncbərlərə ariyə, bürovuz degil, həmişəlik verilsin. Hər kəs bir parça yerə malik olsun, əksin, biçsin, nə edirsə etsin, özü öldükdən sonra da vərəsəsinə qalsın. Ancaq bir ölçü qoyulsun ki, bu ölçüdən artıq kimsə yer ala bilməsin. Tainki tazədən mülkdarlıq olmasın. Tainki tazədən zəhmətkeşləri, rəncbərləri əsir və dəstigir etməsinlər, şirəsini sormasınlar. 10-cu nömrə istiyor ki, əmələlərə səkkiz saətlik iş günü təyin olunsun, zəhmət qanuni ilə zəhmətkeşlərin həqqi qorunsun və onlara hər növlə kömək olunsun.

10-cu nömrə istiyor ki, biz bir millət olaq, hökumətimiz olsun, millətimizin əksərindən ibarət olan cəmaətin, zəhmətkeşlərin qayğısına qalınsın, millətimizin ixtiyarı özünə verilsin, özünə bir gün ağlasın, özü öz ağası olsun. Öz cümhuriyyəti olsun və bunun bu cümhuriyyəti başqa yerli və milli muxtariyyətlərlə bərabər olub Rusiya qoşma xəlq cümhuriyyəti əmələ gətirsin. Budur 10-cu nömrənin əsl məqsədi. Bu məqsəd hasil olunca millətimiz azad, özümüz azad, dinimiz də azad olar, cəmaətimizin halı da yoluna düşər. Adam olub dünyada yaşamağa başlarıq.

Bunun üçün səy etməliyik, çalışmalıyıq, seçkilərə gəlməli və 10-cu nömrəyə səs verməliyik.

Bu xüsusda millətin gözüaçıq qismi olan firqəmiz əzalarına borcdur ki, cəmaəti qandırsınlar, mənfəətlərini göstərsinlər, desinlər ki:

– Var olmaq istiyorsan, qalx 10-cu nömrəyə səs ver. Qoy getsinlər, sənə muxtariyyət, sənə hürriyyət, sənə topraq, sənə rahət istəsinlər, istəsinlər də alsınlar.

Bəli, hər kəs topraq istiyor, hər kəs ədalət istiyor, hər kəs millətinə həqq və ixtiyar, özünə də bir xoş gün diləyirsə, milli komitələrlə “Müsavat” siyahısına, 10-cu nömrəyə səs versin.

10-cu nömrə millətin, 10-cu nömrə muxtariyyətin, 10-cu nömrə hürriyyətin, 10-cu nömrə cümhuriyyətin, 10-cu nömrə sənindir! Öz nömrəni unutma, səsini 10-cu nömrəyə ver!

 

Yaşasın qoşma xəlq cümhuriyyəti!

Var olsun milli-məhəlli muxtariyyət!

Yaşasın Azərbaycan muxtariyyəti!

Türk Ədəmi-Mərkəziyyət firqəsinin Mərkəzi Komitəsi

“Açıq söz”, 17 noyabr 1917, ¹608

 

 

 

Ariyə – müvəqqəti

Rahət – rahatlıq

 

 

Məclisi-Müəssisan seçkiləri

Qüvvətlərin sayıldığı günlər başlıyor.

 

Bu gündən bütün Şərqi Zaqafqasiyada siyasi firqələr imtahan meydanına çıxıb kəndi qüvvətlərini sınayacaqlar. Biz hər zaman diyoruz ki, Zaqafqasiya bizimdir. Biz burada dörd milyonuz. Zaqafqasiyanın yarısı miqdarındayız. Miqdarımıza görə həqqimizi veriniz. Sayımıza görə şanımızı gözləyiniz. Fəqət iş qara sayda degil. Seçki ayağına gəlməkdədir. Hər hanki millət, hər hanki partiya seçki ayağına nə qədər çox adam gətirə bilərsə, məmləkətdəki əhəmiyyəti, etibarı o dərəcədə, o nisbətdə olacaqdır.

Çox da sayımız çoxdur. Seçkilərə az gəlirsək vəkillərimiz o nisbətdə çıxacaq. Həqqimiz, hüququmuz isə vəkillərimizin miqdarından asılmış olacaqdır.

Ona görə ay öz yurdunda yurd sahibi olmaq istəyən azərbaycanlı türk, ay öz evində oturmaq istəyən müsəlman, tərpən, seçki günlərini qəflətlə keçirmə, gəl seçki ayağına. Hanki müsəlman nömrəsini istiyorsan istə, ona səs ver. Fəqət 14-ü, 12-ni, 11-i və ya onu ixtiyar edərkən düşün gör nə istiyorsan.

İstiyormusun ki, sənin muxtariyyətin olsun?!

İstiyormusun ki, kəndlilərə topraq verilsin, onlar əkib-biçməgə imkan tapsınlar?!

İstiyormusun ki, əmələlərə, zəhmətkeşlərə baxılsın, hallarına yanılsın!!

İstiyormusun ki, türk milləti özbaşına millət olub sair islam millətləri ilə birlikdə mədəniyyət aləmində dəgərli bir vücud olsun?!

İstiyormusun ki, getdigin yol tərəqqi yolu, mədəniyyət yolu və zamana müvafiq bir yol olsun?!

İstiyormusun ki, sənin də başqaları kibi mərifətin, mədəniyyətin, ürfanın olsun?!

İstiyormusun ki, öz muxtariyyətin daxilində yaşayıb türkligin Uluğ bəylər, Yasa, Turalər, müsəlmanlığın Qürtibə və Qərnatələr yetirdigi dövrləri tazələyəcək qədər mədəniyyət aləmində şan və şöhrət olsun?!

İstiyormusun ki, azad Rusiyada Rusiya qoşma xəlq cümhuriyyətində parlaq bir türk və müsəlman muxtariyyətinə malik olasan?!

– O halda Türk Ədəmi-Mərkəziyyət firqəsi “Müsavat”ın müdafiə elədigi əsaslara, yəni onuncu nömrəyə səs ver!

Səs ver bu nömrəyə, çünki bu nömrəni sənə təklif edən həyatımızda, məişətimizdə ən həyatlı, ən təbii olan bir firqədir.

Sənə başqa nömrələr də təklif olunuyor. Din naminə səsini əlindən almaq istəyənlər var. Fəqət bil ki, bütün dünya tarixində bilxassə hürriyyət tarixlərində, ələlxüsus İran ilə Türkiyədə bu nam ünvan ilə meydana çıxanlar nəticədə millət və məmləkətlərinin dostları olmadılar.

Bizimkilər olacaqmı? Diqqət ediniz namizədlərə, fikir veriniz firqə başında duranlara, görünüz ki, onların cəmaət işindəki keçmişləri nədir? Baxınız ki, dövri-istibdadda fədakarlıqları varmıdı? Var idisə, nə dərəcədə idi!!...

Solluq iddiasında olanlar da var. Fəqət onların elan elədikləri məramnamələr hər nə qədər gözəlsə də, o məramnamələrini yerinə yetirəcək qüvvələri şübhəlidir. Çünki onlar müxtəlif məsləkli adamlardır ki, ancaq seçki günlərindən ötrü ittifaq bağlamışlar.

12-ci nömrə başına toplaşan ağalar seçkilər bitdikdən sonra da müttəfiq ola biləcəklərmi? Allahu ə’ləmu bi-s-savab!* Məclisi-Müəssisan seçkiləri Rusiyanın keçirməkdə olduğu əhvalə görə başqa bir əhəmiyyət dəxi peyda ediyor.

Daxildə mərkəzi hökumət üstündə qovğadır. Demək olur ki, mərkəzi hökumət yoxdur. Ona görə də bütün vilayətlər, millətlər öz başlarının çarəsini görüyorlar. Bu çarəyə Zaqafqasiya təvəssül etmişdir. Məxsusi Zaqafqasiya komissariyyatı seçilmişdir. 12 adamdan ibarət olan bu komissariyyat Zaqafqasiyanın müvəqqəti olaraq 12 vəziri deməkdir. Bu vəzirlər Zaqafqasiyanı mərkəzdən ayrı olaraq idarə ediyorlar. Bunlar arasında 4 də müsəlman vəziri vardır. Bunlar Zaqafqasiyadakı Məclisi-Müəssisan seçkiləri tamam oluncaya qədər Qafqasiyanı idarə edəcəklər. Ümumrusiya Məclisi-Müəssisan toplanmasa belə, 36 adamdan ibarət olan Zaqafqasiya vəkilləri toplaşacaq, vilayət həqqində fikir edəcəklərdir. Ədədimizə görə bu 36 adamdan 15-i müsəlman olmalıdır. Fəqət görəlim ki, seçkilərə gəlməgimiz nə tövr olacaq.

Görünən bu laqeydliklə qalsaq, qorxu var ki, 8 adam da keçirə bilməyəlim. O zaman bilməlidir ki, Zaqafqasiya işlərindəki nüfuz və ixtiyarımız da haman səkkiz adamlıq olacaq.

Görüyorsunuzmu ki, qardaşlar, güvənəcək bir çoxluğumuz var. Tənbəllik, laqeydlik edərsək onu da itirəcəgiz!

 

Haydı, imtahan başına!

Haydı, seçkilərə!

M.Ə.Rəsulzadə

“Açıq söz”, 26 noyabr 1917, ¹613

* Allah savabı daha (ən) yaxşı biləndir.

 

(Ardı var)

Şirməmməd HÜSEYNOV

525-ci qəzet.- 2013.- 17 avqust.- S.26-27.