“Biz hələ Dövlət
Proqramının icrasının başlanğıc mərhələsindəyik”
Azərbaycan
Respublikası Prezidentinin 9 aprel 2013-cü il
tarixli Sərəncamı ilə “Azərbaycan dilinin
qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət Proqramı” təsdiq
edilib. Sərəncamın “Dövlət
Proqramının icrasına dair Tədbirlər Planı” bəndində
həyata keçiriləcək tədbirlər və
onların konkret icraçıları müəyyənləşdirilib.
Sərəncamla bağlı görülmüş işlər
barədə məlumat almaq üçün Dövlət
Proqramının icrası üçün məsul
qurumların nümayəndələrindən təşkil
olunmuş İşçi qrupunun sədr müavini professor Həbib
Zərbəliyevə müraciət etdik:
– Həbib
müəllim, Sərəncamın imzalanmasından üç aydan artıq vaxt
keçir. Bu müddət ərzində
hansı işlər görülüb?
–Dövlət Proqramının icrasında əsas
yük Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
üzərinə düşür, onun əlaqələndirilməsini
də AMEA həyata keçirir. Ona görə də AMEA-nın
Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi
AMEA-nın müxbir üzvü Kamal Abdullanın rəhbərliyi
ilə Dövlət Proqramının icrasının təmin
edilməsi üçün ilk növbədə işçi
qrupu yaradıldı. İşçi qrupunda
Dövlət Proqramının icrasına məsul olan
bütün dövlət qurumları təmsil olunmuşdur.
İyulun 4-də Kamal Abdullanın sədrlik
etdiyi İşçi qrupu ilk iclasını keçirdi.
İclasda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Azərbaycan dilinin və dilçiliyinin
inkişafına göstərdiyi diqqət və
qayğını və bunun nəticəsi olan Dövlət
Proqramının əhəmiyyətini
xüsusi vurğulayaraq dilin yalnız dilçilərin
inhisarında deyil, cəmiyyətin bütün üzvlərinin
inhisarında olduğunu qeyd edən Kamal Abdulla qarşıda
duran əsas məsələlər və İşçi
qrupunun üzərinə düşən vəzifələr
barədə məlumat verdi. Bütün bunlar mətbuatda
işıqlandırılmışdı, ona görə də
mən onları təkrarlamaq istəmirəm. Yalnız onu qeyd etmək istərdim ki, biz hələ
Dövlət Proqramının icrasının
başlanğıc mərhələsindəyik, ona görə
də indi söhbət təşkilati işlərdən gedə
bilər.
– Hər
halda, həmin əsas məsələləri ümumi şəkildə
qeyd edə bilərsinizmi?
–Bildiyiniz
kimi, Dövlət Proqramı 2013-2020-ci illəri əhatə
edir və orada hər bir tədbirin həyata keçirilməsi
müddəti müəyyənləşdirilib. Dövlət Proqramında göstərilmiş məsələlərin
hamısı əsasdır və biz onları həyata
keçirməyə borcluyuq. Burada isə
söhbət icrası əsasən yaxın illərə –
2013-2015-ci illərə nəzərdə tutulmuş məsələlərdən
gedir. Bu, dövlət idarəçiliyində, kütləvi
informasiya vasitələrində Azərbaycan ədəbi
dilinin düzgün tətbiq olunması məqsədilə
maarifləndirmə tədbirlərinin və treninqlərin təşkil
edilməsi, Azərbaycan dilinin dövlət dili kimi
inkişafında, onun təmizliyinin qorunmasında, eləcə
də ədəbi dilin normalarına əməl olunmasında,
reklamlarda, ictimai iaşə obyektlərində Azərbaycan
dilinin leksik və qrammatik qaydalarınınn pozulmasının
qarşısının alınmasında ictimaiyyətin
iştirakının təmin edilməsi və operativ tədbirlər
görülməsi məqsədilə qaynar xətt
yaradılması, Azərbaycan dilinin tədrisi
metodikasının təhsilin bütün pillələri
üzrə yeni standartlarının hazırlanması,
AMEA-nın Nəsimi adına
Dilçilik İnstitutunun strukturunun təkmilləşdirilməsi,
ölkədə qədim dünya dillərinin və mədəniyyətlərinin
öyrənilməsi üçün yeni layihələr
hazırlanması və həyata keçirilməsi və s. məsələlərdir.
Biz ilk iclasımızda sadaladığım və
sadalamadığım bəzi digər məsələlər
ətrafında fikir mübadiləsi apardıq, eyni zamanda
İşçi qrupunun iş reqlamentini, növbəti
görüşdə müzakirə edəcəyimiz məsələləri
müəyyənləşdirdik.
– Bu məsələlər
barədə də bir qədər məlumat verməyinizi
xahiş edərdim.
–İyulun 24-də İşçi qrupunun ikinci
iclasında məhz həmin məsələlər müzakirə
olundu. Onlardan
biri qloballaşma dövrünün tələblərinə
uyğun olaraq AMEA-nın Nəsimi adına Dilçilik
İnstitutunun strukturunun təkmilləşdirilməsi və
maddi-texniki bazasının müasirləşdirilməsinin təmin
edilməsi məsələsi idi. Bununla bağlı
Dilçilik İnstitutunun direktor əvəzi professor Fəxrəddin
Veysəlli İnstitutun maddi-texniki bazasının müasirləşdirilməsi
üçün zəruri texniki vasitələrin
alınıb quraşdırıldığı, eləcə
də əməkdaşların iş şəraitinin ciddi
şəkildə
yaxşılaşdırıldığı barədə məlumat
verdi və İnstitutun yeni strukturunun layihəsini
təqdim etdi. Layihədə Azərbaycan dilinin
öyrənilməsi ilə məşğul olan şöbələrin
vahid bir mərkəzdə birləşdirilməsi, qədim
dilləri və müasir Azərbaycan dilində gedən prosesləri
öyrənmək üçün yeni şöbələr
yaradılması, nəzəri və tətbiqi dilçilik,
roman-german dilləri üzrə şöbələrin
genişləndirilməsi təklif olunurdu. Məsələn,
“Müasir Azərbaycan dilində gedən proseslər
şöbəsi” adlandırılması təklif olunan
şöbənin strukturunda,
Dövlət Proqramında nəzərdə tutulduğu
kimi, kütləvi informasiya vasitələrində, küçə adları, afişa
və reklamlarda Azərbaycan dilinin normalarının
pozulması hallarını müəyyən etmək və
müvafiq tədbirlər görmək məqsədilə
monitorinq sektoru, Azərbaycan dilinin normalarının
pozulması ilə bağlı
daxil olan məlumatları
toplamaq və təhlil etmək üçün qaynar xətt
və analitik təhlil sektoru, televiziya və radio verilişlərində,
yazılı və elektron mətbuatda Azərbaycan ədəbi
dilinin normalarına əməl olunmasını təmin etmək
məqsədilə teleradio şirkətləri və kütləvi
informasiya vasitələri sahəsində çalışan
mütəxəssislərin dil hazırlıqlarının
yüksəldilməsi üçün treninq sektoru
yaradılması nəzərdə tutulmuşdu.
– Bu layihə
bəyənildimi?
–Əslində daha çox Dilçilik İnstitutunun
daxili işi olan bu məsələni müzakirəyə
çıxarmaqda məqsəd İşçi qrupunun və
dəvət olunmuş mütəxəssislərin rəyini
öyrənmək, təkliflərini dinləmək idi. Doğrudan da
bu məsələ ətrafında geniş müzakirə
aparıldı, rəylər bildirildi, təkliflər irəli
sürüldü. Məsələn, AMEA-nın
müxbir üzvü, professor Tofiq
Hacıyev Azərbaycan dili ilə bağlı şöbələrin
vahid bir struktura daxil edilməsinin tərəfdarı
olmadığını bildirdi. Mən Azərbaycan
dili ilə bağlı şöbələrin bir-biri ilə
daha yaxşı əlaqəsinin təmin edilməsi, ortaq problemlər
üzərində işin daha yaxşı təşkil
olunması, operativliyin təmin edilməsi üçün
daha çevik bir struktur vahidinin vacib olduğunu bildirdim və
layihəni dəstəklədim. Başqa təkliflər
də səsləndi. Əlbəttə,
Dilçilik İnstitutunun rəhbərliyi bütün rəy
və təklifləri araşdıracaq, onlardan faydalanmaqla
mükəmməl struktur müəyyənləşdirəcək.
– Daha
hansı məsələlərə baxıldı?
–Dövlət Proqramı mahiyyətinə görə
çox nəhəng bir sənəddir. Orada
qarşıya qoyulmuş məsələləri mərhələlərlə
həyata keçirmək tələb olunur. Ona görə də biz ilk növbədə, bir qədər
əvvəl dediyim kimi, icracı əsasən yaxın illərə
nəzərdə tutulmuş məsələlərdən
başlamışıq. Bununla yanaşı, icrası
sonrakı illərə
müəyyənləşdirilmiş bir sıra məsələlər
üzrə də təşkilati işlər aparılır.
Həmin məsələləri nəzərinizə
çatdırmaq istərdim: Azərbaycan dilinin tədrisi
metodikasının təhsilin bütün pillələri
üzrə yeni standartlarının hazırlanması, Ölkədə
tədrisin digər dillərdə aparıldığı
ümumtəhsil müəssisələrində dövlət
dilinin tədrisinin təmin edilməsi, Ali təhsil müəssisələrində
müvafiq ixtisaslar üzrə Nitq mədəniyyəti fənninin
tədris olunmasının təmin edilməsi, Türk dillərinin
fonetika, leksika və qrammatikasının müqayisəli tətbiqi
sahəsində işlərin intensivləşdirilməsi,
ortaq əlifba, terminologiya və ədəbi dillə
bağlı birgə layihələrin hazırlanması, Azərbaycan
dilinin müxtəlif dialekt və şivələrinin
müasir dövrün tələblərinə uyğun olaraq
öyrənilməsinin təmin edilməsi, Küçə
adları, afişa və reklamlarda Azərbaycan ədəbi
dilinin normalarının pozulması hallarının
qarşısını almaq məqsədilə zəruri tədbirlər
həyata keçirilməsinin təmin edilməsi, Kütləvi
informasiya vasitələrində dövlət dilinin təbliğinin
gücləndirilməsi, Televiziya və radio verilişlərində,
yazılı və elektron mətbuatda Azərbaycan ədəbi
dilinin normalarına əməl olunmasını təmin etmək
məqsədilə teleradio şirkətləri və kütləvi
informasiya vasitələri sahəsində çalışan
mütəxəssislərin dil hazırlıqlarının
yüksəldilməsinin təmin edilməsi və
Qeyri-hökumət təşkilatlarının, kütləvi
informasiya vasitələri nümayəndələrinin
iştirakı ilə seminarlar, dəyirmi masalar, konfranslar,
televiziya və radio verilişlərinin təşkil edilməsi.
Bütün bu məsələlər üzrə
ölkənin elm və təhsil müəssisələrinin
aparıcı mütəxəssislərindən ibarət
müvafiq monitorinq və treninq qruplarının tərkibi
müəyyənləşdirilmişdir. Biz
onları da müzakirə etdik. İşçi
qrupu təklif olunan qrupların tərkibinə müsbət
münasibət bildirdi. Yay tətilindən
sonra monitorinq və treninq qrupları artıq işə
başlaya biləcəklər. Əlbəttə,
onlar ilk növbədə fəaliyyət planı və onun
necə həyata keçirilməsi mexanizmi üzərində
işləyəcək, müvafiq qurumlarla işin mexanizmi və
reqlamentini müəyyənləşdirəcəklər.
– Həbib
müəllim, qədim dillər və sivilizasiyaların
öyrənilməsi istiqaməti üzrə işlərin vəziyyəti
nə yerdədir?
–Bu,
ölkə Prezidentinin haqlı olaraq xüsusi əhəmiyyət
verdiyi, dilçiliyimiz üçün çox mühüm
olan bir məsələdir. Azərbaycan
dilçiliyi yalnız Azərbaycan dili, türkologiya sahəsində
araşdırmalar aparmaqla kifayətlənə bilməz.
Ona görə də Dövlət Proqramı qarşımıza
bütövlükdə Azərbaycan dilçiliyinin inkişaf
etdirilməsi vəzifəsini qoyur. Dilçiliyimizin
inkişafı ilə dilimizin inkişafına bir müstəvidə
yanaşmaq lazımdır, bunlar bir-biri ilə bağlı məsələlərdir.
Heç bir dil, heç bir dilçilik
özünə qapanıb qala bilməz. Dilçiliyimizin
qabaqcıl dünya dilçiliyi, dilçilərimizin
dünyanın tanınmış dilçiləri
sırasına çıxması üçün, əlbəttə,
dünya dilçiliyinin, dünya dillərinin, o cümlədən
qədim, klassik dillərin öyrənilməsi də çox
vacibdir. Son iki onillik ərzində elmi ədəbiyyatda qədim
şumer dili, mədəniyyəti, mifologiyası barədə elmi əsası
olmayan, arqumentlərə söykənməyən, müəlliflərin
dumanlı gümanları, bəzən də fantaziyaları əsasında
yazılmış bir sıra məqalələr dərc
olunub. Onlara elmi şəkildə cavab verə biləcək
mütəxəssislər olmadığından Azərbaycan
dilçliyi belə məqalələrə münasibətdə susqundur, ona görə də
oxucular belə yazılarda göstərilənləri əsasən
həqiqət kimi qəbul edirlər. Bəzi
başqa qədim dillərlə bağlı da belə
yazılar mövcuddur. Əslində bu qəbildən
olan “elmi əsərlər” bütövlükdə
dilçiliyimizin üzərinə kölgə salır.
Dövlət Proqramında qədim dillərin və
sivilizasiyaların öyrənilməsi ilə bağlı nəzərdə
tutulmuş məsələlərin
reallaşdırılması həm dilçiliyimizin
coğrafiyasını genişləndirər, həm də belə
“tədqiqat”ların qarşısına sədd çəkər.
Bu istiqamətdə müəyyən işlər
artıq görülmüşdur. İndi qədim latın və yunan dillərini öyrənəcək
şəxslər və elmi mərkəzlərin müəyyənləşdirilməsi
üzərində iş gedir. Hesab edirik ki, hər iki dil
üzrə elmi təcrübəsi olan kamil mütəxəssislər
seçilməlidir, çünki təcrübəli mütəxəssislər
üçün bu dilləri öyrənmək və sonra Azərbaycanda
öz elmi məktəblərini yaratmaq daha asan olar. Bunun
ardınca biz sanskrit, pəhləvi və
bir sıra digər qədim dillər üzrə mütəxəssislər
hazırlanması üçün də müvafiq işlər
görməyi planlaşdırmışıq.
–
Yaxın vaxtlarda hansı işlərə başlamaq nəzərdə
tutulur?
–Əvvəlcə, əlbəttə, müzakirəsini
hələ yekunlaşdırmadığımız məsələləri
sona çatdırmalıyıq. Sonra isə ilk növbədə
dövlət dilinin elm və təhsil müəssisələrində
istifadəsi və tətbiqi ilə bağlı mövcud
normativ-hüquqi aktların təkmilləşdirilməsinə
dair təkliflər hazırlanması və milli transliterasiya
standartlarının hazırlanması məsələlərini
gündəliyə çıxarmağı
düşünürük.
– Azərbaycan
dilinin normalarını pozan radio və televiziya
aparıcılarına, qəzet müxbirlərinə
qarşı hansısa tədbir görülməsi ilə
bağlı sənəd hazırlanması nəzərdə
tutulurmu?
–Bu yaxınlarda məndən müsahibə almış qəzetlərdən birində mənə istinadən Azərbaycan dilinin normalarını pozmuş şəxslərin cəzalandırılacağı barədə məlumat getmişdi. Bildirmək istəyirəm ki, mən həm peşəkar dilçi, həm də elmi və bədii əsərlərin tərcüməsi ilə məşğul olan, Azərbaycanın dövlət və hökumət rəhbərlərinin bir sıra xarici ölkələrin dövlət və hökumət rəhbərləri ilə rəsmi görüşlərinin tərcüməsini edən peşəkar tərcüməçiyəm, yəni mən hər sözün yükünü, siqlətini, sətiraltı incəliklərini kifayət qədər yaxşı bilir, yarada biləcəyi effektin məsuliyyətini dərk edirəm. Başqa sözlə, mən kiminsə “dilin normalarını pozduğuna görə cəzalandırılacaq” kimi əsası olmayan bir ifadə işlətməkdən çox uzağam. Bu ifadə jurnalistin şəxsi təxəyyülünün məhsuludur. Əlbəttə, məsələn, televiziya və ya radio proqramının aparıcısı dilin normalarını sistematik olaraq pozursa və ona bildirilən iradlara etinasız yanaşırsa, o halda ona qarşı müəyyən inzibati tədbir görülməlidir. Bunun üçün isə normativ-hüquqi sənəd olmalıdır. “Dövlət Proqramının icrasına dair Tədbirlər Planı”nın elə ilk bəndi də normativ-hüquqi bazanın təkmilləşdirilməsini nəzərdə tutur. Gündəlikdə duran mühüm məsələlərdən biri də budur. Bununla yanaşı, hesab edirəm ki, dilimizin təmizliyinin qorunması üçün əsas diqqəti maarifləndirmə işinə yönəltməliyik.
– Sizə işinizdə uğurlar arzulayaraq ictimaiyyəti dilimizin saflığını qorumağa səsləyirəm.
Əsmər
Əliyeva
AMEA Rəyasət
Heyətinin
Humanitar və
İctimai Elmlər
Bölməsinin
mütəxəssisi
525-ci qəzet.-
2013.- 17 avqust.- S.10.