Qədim dövrlərdə Azərbaycanda din anlayışı
Din və inancların yaşı insan oğlunun yaşı qədərdir. Səmavi kitabların və
tarix elminin təsdiqlədiyi bu həqiqətin sübutu üçün artıq izahata və geniş şərhə ehtiyac yoxdur. Amma bu da həqiqətdir
ki, zaman keçdikcə insan oğlunun dünyagörüşünə
paralel olaraq inancları da dəyişib. Bu baxımdan, dinlərin və inancların təkmilləşməsi insanın
dünyagörüşünün genişlənməsi ilə
düz mütənasibdir.
Maraqlıdır ki, dini inancların ən ibtidaidən ən aliyə doğru inkişafını Azərbaycan
tarixinin timsalında ardıcıllıqla müşahidə
etmək mümkündür.
Çünki ilk insan məskənlərindən
biri olan Azərbaycan həm də ilk dini inancların yarandığı
və səmavi dinlərin yayıldığı
ərazidir.
Məlumdur ki, dini inanclar
özünü daha çox dəfn mərasimlərində biruzə
verir və tarixçilər qədim
insanların dini inanclarını o dövrə
aid düşərgələrdə, xüsusilə qəbirlərdə
aparılan arxeoloji tədqiqatlar əsasında
öyrənirlər. Tədqiqatlar təsdiqləyir ki, ilk dövrlərdən başlayaraq
dini inancların inkişafı Mesopotomiya ilə Azərbaycan ərazilərində, təxminən,
paralel gedib. Məsələn, eramızdan əvvəl
altıncı və dördüncü minilliklərdə
meyidləri yaşayış
məskənlərində, evlərin döşəməsi
altında, tikililər
arasındakı boşluqda
və ya küplərdə dəfn
edirdilər. Bu adət təkcə Azərbaycan ərazisində
yox, qədim Şərqin bir sıra ölkələrində,
o cümlədən Mesopotomiyada
mövcud olub. Eyni zamanda, həmin dövrlərdə dini mərasimlər keçirmək
üçün xüsusi
otaqlar tikilib ki, arxeoloji qazıntılar
zamanı onların qalıqlarına rast gəlinib.
Bütün bunlar təsdiqləyir ki, eramızdan neçə min öncə
Azərbaycan ərazilərində
yaşayan insanların
həyatında dini ayin və ovsunların
önəmli yeri olub. Qobustan qayaüstü rəsmlərinin
çoxunun ovsun və dini mərasimlərlə
bağlı olması
da bu iddianın
əyani sübutudur.
Səmavi dinlərə qədər
Azərbaycan ərazilərində
müxtəlif inanclara
etiqad edilib, daha konkret desək,
bütpərəstlik hökm
sürüb. Amma bu dövrdə
bəzi inanclara, xüsusilə, oda, suya, ağaca və səma cismlərinə inam daha güclü olub. Ən maraqlısı da
odur ki, min illərin keçməsinə
baxmayaraq, bu inamın əlamətləri
insanların yaddaşında
mühafizə olunub və bu gün
də onların həyat tərzində özünü biruzə verir.
Erkən tarixi dövrlərdə, xüsusilə ibtidai insan sürüsü mərhələsində Azərbaycan
sakinlərinin mənəvi
aləmi haqqında biliklər çox azdır. Güman etmək
olar ki, ibtidai insan sürüsü
mərhələsi qədim paleolit və ya erkən
aşel dövrünə
təsadüf etmişdir.
Pitekantroplar erkən aşel
mədəniyyətinin yaradıcıları
idilər. Onlar təşəkkül
tapmaqda olan insanlar sırasında ən qədimlərindən
olmuş və elmi əbədiyyatda “arxantroplar” kimi qeyd edilirlər. Bu mərhələ insanın idrak fəaliyyətinin inkişafında
yeni, əvvəlki dövrlə müqayisədə
nəzərə çarpacaq
dərəcədə yüksək
səviyyə idi.
Şübhə ola bilməz ki, Azıx mağarasının
erkən aşel mədəniyyətinin yaradıcılıları
da artıq təfəkkürə və
təşəkkül tapmaqda
olan nitqə, habelə mənəvi mədəniyyətin müəyyən
elementlərinə malik
idilər.
Azıx mağarasında 4 ayı kəlləsinin saxlandığı
xüsusi, gizli guşənin olması faktı son dərəcədə
maraqlıdır. Müxtəlif heyvan kəllələrinin
xüsusi şəkildə
qoyulduğu gizli guşələr dünyanın
bir çox bölgələrində də
tapılmışdır. Azıxda aşkar edilmiş heyvan kəllələrinin
saxlandığı gizli
yer bu cür
sitayiş obyektləri
içərisində ən
qədimlərindən biridir.
Azıxdakı həmin gizli
yerlə tanışlıq
həyata keçirilmiş
ayının arxasındakı
təsəvvürlər aləmini
qarşımızda canlandırır.
Belə demək olar ki, bu, məqsədyönlü,
şüurlu insan fəaliyyətinin nəticəsidir.
Azıxda təsdiqlənmiş “kəlləyə
sitayiş” faktı Cənubi Qafqaz sakinlərində ətraf
mühitin hadisələri
haqqında ən erkən, başlanğıc
səciyyəvi təsəvvürlərin
yarandığını göstərir. Sonralar həmin təsəvvürlər
zəminində dinin ünsürləri, din meydana
gəldi. Kəllə yığınları totemizmin meydana gəldiyini göstərir.
Azərbaycan mezolit-neolit dövrü
əhalisinin mənəvi
aləmi haqqında dəfn abidələri, bəzi incəsənət
nümunələri, qayaüstü
təsvirləri və
s. müəyyən təsəvvürlər
yaradır.
Məlum olmuş faktlar Azərbaycanın mezolit və neolit dövrləri əhalisinin
müəyyən dini
etiqadlarla əlaqədar
əcdadlara sitayişi
formalaşdığını göstərir. Qobustan düşərgələrində
iki dəfn aşkar olunmuşdur.
Həmin
qəbirlərdə tapılan
əşyalar insanların
axirət dünyasına
inamı haqqında məlumat verir.
Qobustan qayaüstü
təsvirləri ayrı-ayrı
cadugarlıq elementlərinə
baxmayaraq, cadugarlıq
kimi izah edilə bilməz. O dövr
adamlarının dünyagörüşləri,
birinci növbədə
dini təsəvvürləri
haqqında Kənizə
düşərgəsindən tapılmış iki qadın heykəlciyi qırığı məlumat
verir. Məhsuldarlıq təcəssümünü ulu ana obrazında
ifadə edən bu qadın fiqurları,
şübhəsiz, pərəstiş
obyekti rolunu oynamışdır.
Qədim Azərbaycan əhalisinin dünya görüşündən
danışarkən Qobustan
qaya rəsmlərindəki
səhnələrə xüsusi
diqqət vermək lazımdır. Yallı rəqsi səhnəsini
özündən yuxarıda
verilən qədim qadın təsvirlərinə
ilahi qüvvəyə-ana
əcdadına sitayiş
kimi qəbul etmək lazımdır.
Beləliklə, Azərbaycanda minilliklər
ərzində qadına-ulu
anaya pərəstiş
çox inkişaf etmişdir. Təbii qüvvələrə sitayişi burnunda günəş olan gəmi rəsmləri və astral işarələrdə
görmək olar.
Faktlar qədim Qobustan əhalisinin pərəstiş
və totemik görüşləri ilə
izah edilir.
Eneolit dövründə heyvanların
əhliləşdirilməsi, dənli bitkilərin becərilməsi və müxtəlif ev
sənətkarlığının inkişafı sayəsində
ibtidai insanın dərketmə qabiliyyəti
artır-yeni ayinlər
yaranır, dil zənginləşir, insanların
təsəvvürləri xeyli
mürəkkəbləşir.
Dini adətdə, əvvəllər olduğu kimi, əcdadlara pərəstiş mühüm yer tuturdu. Azərbaycanın erkən əkinçiləri adət və ayinlə əlaqədar olaraq əsasən yaşayış məskənlərində xüsusi ibadət yerlərində müxtəlif mərasimlər keçirirdilər. Təbiətin dərkolunmaz hadisələrini aydınlaşdırmaq cəhdi, onlar qarşısında qorxu və acizlik, insanlarda müxtəlif dini aktlara müraciət etmək tələbatını doğururdu. Əliköməktəpə yaşayış yerində divarı gillə suvanmış və ağardılmış tikilini ibadətgah hesab etmək mümkündür.
Azərbaycanın yaşayış məskənlərində təsadüf olunan qaralmış hisli daşların magiya ilə əlaqəsi olduğunu güman etmək olar. Qarğalartəpəsi yaşayış yerində belə daşlara təklikdə və koma halında rast gəlinmişdir. Azərbaycanın yaşayış yerlərində insan surətini əks etdirən fiqurlar erkən əkinçilərin ideoloji təsəvvürləri haqqında müəyyən məlumat verir.
Azərbaycanda və Zaqafqaziyada ilk tunc dövrü ayin və adətlərdə yeni xüsusiyyətlərin yaranması ilə səciyyələnir. Məhsuldar qüvvələrin inkişafı ona gətirib çıxarır ki, təsərrüfat-məişət həyatında qadının mövqeyi xeyli zəifləyir, maddi varidata sahib olan, ailə və nəslə başçılıq edən kişinin cəmiyyətdə mövqeyi xeyli artır, qadına pərəstişi doğuran zəmin sarsılır. Bununla əlaqədar kişi cinsinə aid heykəllər yaranır.
İlk tunc dövründə dəfn adətində də dəyişikliklər baş verir. Ölülər basdırılmaq üçün xüsusi seçilmiş yerlərə aparılırdı. Belə qəbiristanlarda ayrı-ayrı ailə və nəslə aid dəfn abidələri tikilirdi. Bu abidələr ailə üzvlərinin ölümdən sonra da yaşamasına inamla əlaqədardır.
Xankəndi kurqanlarının birinin tədqiqi Azərbaycanın ilk tunc dövründə bu rayonda yaşamış əhalinin dəfn adətlərinin və dini təsəvvürlərinin maraqlı xüsusiyyətlərini aşkar edib. Qəbir meydançasının bir yarısında ölülər, sadəcə, basdırıldığı halda, o biri yarısında ölülər yandırılmışdır. Bu dövrdə ölüyandırma adəti Gəncəçay hövzəsi abidələrindən də məlum olur. Ölüyandırma Azərbaycanda Oğuz və Qəbələ rayonlarında da qeydə alınmışdır.
İlk tunc dövrü əhalisinin həyatında bir sıra etiqadlar və dini adətlər möhkəmlənir. Belə ki, Babadərviş yaşayış yerində bir quyu yanmış öküz sümükləri ilə dolu idi. Ehtimal edilir ki, öküz qurban ayini ilə əlaqədar mərasimdə yandırılırmış.
(Ardı var)
525-ci qəzet.- 2013.- 20 avqust.- S.4.