BİRLİK –
taleyimizdir
“XXI əsr
türk dünyası əsri olmalıdır” Azərbaycan
Respublikasının Prezidenti
İlham
Əliyev
Qəbələdə keçirilən Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının növbəti sammitinə nəzər
saldıqda belə bir qənaətə gəlmək olar ki,
türk dövlətlərinin birliyi kimi böyük bir
ideyanın gerçəkləşməsi yolunda Təməl
Faza artıq bitib. Onun ən çətin, başlanğıc mərhələsi
keçilib: türk xalqlarının əksəriyyəti
Avrasiyanın son ən böyük imperiyasının –
Rusiyanın tərkibindən çıxaraq öz müstəqil
dövlətlərini bərpa edib və bununla da, Avrasiya məkanında
suveren türk milli dövlətlərinin sarsılmaz müttəfiqliyinə
doğru aparan yeni geopolitik situasiya yaranıb. İki
minilliyi birləşdirən tarixi mərhələdə
müstəqil türk respublikalarının yaranması həm
də onları birləşdirən proseslərin güclənməsi
ilə üst-üstə düşür. Belə ki, 20-ci əsrin 90-cı illərində bir
çox türk respublikalarının müstəqilləşməsi
dərhal daha optimal inteqrasiya zərurətini – müttəfiqləşmə
zərurətini doğurdu. Bu dəfə
artıq məcburi yox, doğma qardaşların əl-ələ
verməsi, bir-birinə dayaq olması şəklində.
Burada artıq “böyük qardaş”, “kiçik qardaş”
yoxdur, QARDAŞLAR var! Türk xalqlarının
nümayəndələri hər cür maddi mənfəət
marağından yüksək olan müqəddəs
qardaşlıq duyğusu ilə görüşür, problemlərini
və perspektivlərini birlikdə araşdırırlar.
Müstəqillik dönəminin başlanğıcından
davamlı olaraq keçirilən Türk Xalqlarının
Dostluq, Qardaşlıq və Əməkdaşlıq
Qurultayları, Türkdilli Ölkələrin Dövlət
Başçılarının Zirvə Toplantıları,
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının iclasları, TÜRKSOY çərçivəsində
görüşlər, Türkdilli Ölkələrin Parlament
Assambleyasının sessiyaları və s. bu kimi tədbirlər
böyük türk dünyasını bütövləşdirməyə
yönələn fəaliyyətlərin meydanını
gündən-günə genişləndirir. Bu
genişlənmə daha çox siyasi-iqtisadi və ictimai-mədəni
məzmun alır və getdikcə daha çox beynəlxalq əhəmiyyət
kəsb edir.
Artıq hamıya aydındır ki, türk dövlətlərinin
müttəfiqləşməsi prosesi labüddür və nə
qədər cəhdlər edilsə də onu geriyə döndərmək
və əngəlləmək tarixin məntiqini dəyişmək
qədər qeyri-mümkündür. Avrasiyanın siyasi inkişafı
onun kökündən yeniləşməsinə doğru – bu
məkanda müstəqil və güclü siyasət yeridən
türk dövlətlərinin – Azərbaycan, Türkiyə,
Qazaxıstan, Özbəkistan, Türkmənistan və
Qırğızıstanın sarsılmaz birlik yaratmasına,
indiyə qədər bu məkanda hökmranlıq etmiş
qüvvələrin öz “qınına” çəkilməsinə,
bütövlükdə Avrasiyanın sülh, təhlükəsizlik,
sabitlik və davamlı tərəqqi məkanına
çevrilməsinə doğru gedir.
Heç kimə sirr deyil ki, türk xalqlarının
yaşadığı çox geniş coğrafi məkanda
son onilliklərə – Müstəqilləşmə
Epoxasına qədər bu və ya digər formada, lakin
ardıcıl olaraq imperializm siyasəti yeridilib, bu xalqların
nəinki ərazilərinə, həm də milli, mədəni,
intellektual sərvətlərinə də sahiblik edilib,
bütün maddi və mənəvi ehtiyatlar həmin siyasətin
maraqlarına xidmət edib. Lakin müstəqilləşmə
ilə başlayan və suveren türk respublikalarının
öz iradəsini ortaya qoymaq imkanlarını açan yeni
geopolitik şərait bu siyasətin bütünlüklə
“türk coğrafiyasından” geri çəkilməsini tələb
edir. Öz milli kimliyini, tarixi dövlətçiliyinin
möhtəşəmliyini dərk etmiş, müstəqil
respublika olaraq siyasi-iqtisadi hədəflərini müəyyənləşdirmiş
türk xalqlarının artıq bundan sonra kiminsə, hətta
ən güclü superdövlətin belə qanadları
altına girməsi ağlasığmazdır. Bunu təmin etməyin yeganə yolu isə türk
dövlətlərinin sarsılmaz birliyini yaratmaqla güclənməkdir.
Bu gün birlik – qlobal və regional siyasətin
oriyentasiyalarını müəyyən edən ən
başlıca faktordur. Birlik imkanlarından
rasional şəkildə istifadə edilmədiyi təqdirdə
onların – yəni suveren türk milli dövlətlərinin
hansısa bir superdövlətin və ya güc mərkəzinin
“himayəsi” altına keçməsinin qaçılmaz
olduğu bəllidir.
Nümunə olaraq Avropa Birliyinə baxaq. Dünyanın
bu aparıcı bölgəsində ötən əsrin əvvəllərində
çox qüdrətli dövlətlər vardı. Lakin mütləq hegemonluq iddiaları Avropadan
başlayan iki dünya müharibəsində onları
vuruşdurdu. Nəhayət, avropalılar dərk
etdilər ki, hətta ayrı-ayrılıqda güclü olmaq
belə dövləti savaşlardan və nə zamansa
süquta uğramaqdan sığortalamır. Əksinə, güclü olmaq – savaşların mərkəzində
olmaq, daim gözlənilməz təhlükələrlə
üzbəüz qalmaq deməkdir. Gücün
birliklə tamamlanması həqiqəti, axır ki, hətta
öz aralarında problemlər olan Qərbi Avropa dövlətlərini
də müttəfiqləşmək – İttifaq yaratmaq zərurətinə
gətirib çıxardı.
Müasir türk respublikalarının öz
aralarında onları ciddi şəkildə toqquşduracaq
“daxili ziddiyyətlər təhlükəsi” yoxdur. Lakin türk
dünyasının bütövlüyünü sarsıtmaq
istəyənlər tərəfindən “xarici təhlükə”
həmişə bu ərazilərin başı üzərində
qara bulud kimi dolaşıb və indi də dolaşmaqdadır.
Hər cür təhlükəyə
qarşı səfərbər olmaq, güclənərək
birləşmək və birləşərək güclənmək
zərurəti bu gün türk dünyasının var olmaq
gerçəkliyidir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı
kimi, “Biz nə qədər bir yerdə olsaq, gücümüz
də bir o qədər artacaqdır” – Bu həqiqətin
doğrudan da alternativi yoxdur.
Bu da bir həqiqətdir ki, Türk Dövlətləri
Birliyinin yaradılması və möhkəmlənməsi digər
dövlətlərə və onların birliklərinə
qarşı deyil. O, sadəcə hərbi-siyasi bloklaşma məqsədlərini
nəzərdə tutmur, əksinə, öz ətrafında
belə bir bloklaşmanın yaradılmasına və
ümumiyyətlə, hər cür təcavüzkar niyyətlərin
çevrələnməsinə qarşıdır. Belə
bir müttəfiqləşmə – öz növbəsində
dünya birliyini də gücləndirən, beynəlxalq aləmə
yeni bir enerji verən, qlobal siyasətin qeyri-bərabərlik,
dominantlaşma, bloklaşma, separatizm, təcridçilik və
s. kimi neqativ tendensiyalarına qarşı müqaviməti
artıran bir prosesdir. İyirminci əsrdə Avropa Birliyi bəşəriyyətin
tarixi-siyasi həyatında, beynəlxalq sülhün təminatında
hansı rolu oynamışdısa, iyirmi birinci əsrdə
yaranan Türk Dövlətləri Birliyi də eyni
funksiyanı, lakin daha böyük siyasi təcrübə və
potensialla yerinə yetirmək imkanları qazana bilər. Yalnız belə olduqda, yenicə müstəqillik əldə
etmiş türk respublikalarının qardaşlıq
münasibətlərinin yaradılmasında böyük səy
göstərən Türkiyənin sabiq prezidenti Turqut
Özalın 1992-ci ildə söylədiyi “İyirmi birinci əsr
– Türk Əsri olacaqdır” uzaqgörənliyi öz təsdiqini
tapa bilər. Hələ o vaxtlar Turqut
Özalın bu nikbin və cəsarətli siyasi
paradiqmasına münasibət bildirən şərhçilər
burada təkcə Türkiyənin deyil, bütün
türksoylu dövlətlərin nəzərdə
tutulduğunu və bu fikrin obyektiv qənaətlərə
söykəndiyini anlatmışdılar.
Ümumiyyətlə, türk birliyi ideyası yeni deyil. Hələ
Avropa Birliyi yaradılmazdan xeyli əvvəl – XX əsrin lap əvvəllərində
bütün türk dünyasında, xüsusilə Azərbaycanda
və Türkiyədə dünya türklərini birləşdirmək
təşəbbüsləri ciddi şəkildə göstərilmişdir.
İmperialistlərin təbirincə
“Pantürkizm” və “Panturanizm” adlandırılan bu hərəkatlar
ən amansız təqiblər və ideoloji sapmalarla
müşayiət olunsa da, özünün sağlam
toxumlarını yaşada bildi.
Hələ
yüz il öncə Türkiyə və
Azərbaycan Xalq Cümhuriyyəti ümumtürk birliyi
ideyasını milli siyasətlərinin özülündə
görürdülər. Məhz tarixin bəslədiyi,
kökdən gələn bu siyasi amal iyirminci əsrin
sonlarında, müstəqilliyini heç zaman əldən verməmiş
Türkiyə Cümhuriyyəti ilə yenicə suverenlik
qazanan türk respublikalarının münasibətlərində
yenidən öz təcəssümünü tapır. Altaylardan Balkanlara qədər Avrasiyanı
qurşaqlayan türk superetnosunun özgürlük
duyğuları yenidən dillənir. Türk
dövlətçiliyinin tarixi birlikyaratma ənənələrindən
bəhrələnməklə bu günkü suveren türk
dövlətlərinin daha müasir bir İttifaqda gələcəyə
doğru irəliləməsi dövrümüzün zərurətidir.
Türk dünyasının ulu öndərləri
– Mustafa Kamal Atatürkün öz zamanında və Heydər
Əliyevin yeni tarixi şəraitdə türk
dünyasının milli mənafelərini uzlaşdırmaq
siyasəti bu gün türk dövlətlərinin birliyi
istiqamətində görülən işlərin təməl
qatını təşkil edir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi,
“Qarşılıqlı münasibətlərimizin hər bir
sahəsində hadisələrin yalnız müsbət
inkişafını görürük. Bu gün elə
bir məsələ yoxdur ki, ölkələrimizin münasibətləri
bir-birindən fərqlənsin... Yalnız bir
problem vardır – necə edək ki, bu münasibətlər
dolğunlaşsın, möhkəmlənsin və
qarşılıqlı surətdə faydalı istiqamətə
yönəlmiş yeni qərarların qəbul edilməsinə
gətirib çıxarsın”.
Bu gün türk dövlətlərinin
qarşılıqlı münasibətləri ilə
bağlı olan sənədlər deklarativ xarakter
daşımır, onlar siyasətdən iqtisadiyyata, mədəniyyətə,
elm və təhsilə qədər bütün istiqamətlərdə
əlaqələrimizin real əsasını təşkil
edir. Bu
gün Qəbələdə keçirilən Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının sammitində Azərbaycan Prezidenti İlham
Əliyevin çıxışında səslənən
fikirlər də bu reallığı bir daha təsdiq edir: “ Tarixdə ilk dəfə olaraq Xəzər və
Aralıq dənizi birləşdirilib. Azərbaycan
artıq bizim qardaşlarımız, Xəzərin şərq
sahilində yerləşən ölkələr
üçün tranzit rolunu oynayır. Nəqliyyat
infrastukturunun yaxşılaşdırılması məqsədi
ilə həm ikitərəfli, həm üçtərəfli
formatda işlər həyata keçirilir. Onların sırasında Avropa və Asiyanı birləşdirən
Bakı-Tiflis-Qars dəmiryolunu göstərə bilərəm.
Bu dəmiryolu ölkələrimizə xidmət
edəcək. Əminəm ki, yaxın zamanlarda, gələn
il bu layihənin istifadəyə verilməsini
qeyd edəcəyik. Qədim ipək yolunun bərpası
reallıqdır.”
Mövcud supergüclərin qlobal siyasətə
baxışı və qlobal siyasi arenada bu günkü
davranışı köhnəlməkdə və artıq
siyasi səhnədən çıxmaqda olan “Parçala və
hökm sür” prinsipinə əsaslanır. Böyük
türk imperiyaları tarixində türklər gücə əsaslanan
birliyin təcrübəsini müasir supergüclərdən
çox-çox əvvəllər əldə etmişdilər.
Bütün bunlar köhnə dünyanın
qanunları idi. Müasir
dövrümüzdə isə Siyasət və Diplomatiya vasitəsilə,
beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə,
milli suverenliyin toxunulmazlığı şərtləri ilə
müttəfiqləşməyin artıq yeni paradiqması
mövcuddur. Türk dövlətlərinin birliyinə
nail olmaq üçün məhz bu paradiqma çərçivəsində
göstərilən bütün təşəbbüslər
həyata vəsiqə qazanmağa layiqdir. XX əsrdən
başlayaraq Avropa Birliyinin yaradılması prosesində bu təşəbbüslər
nə qədər zəruri və təbii idisə, bu gün
Türk Dövlətləri Birliyinin yaradılması və bu
yolda irəli sürülən təşəbbüslər və
göstərilən çabalar da o qədər zəruri və
təbiidir. Müstəqil türk dövlətləri
müasir beynəlxalq siyasətin tələblərinə
uyğun şəkildə, özlərinin siyasi iradəsi, zəkası
və uzaqgörənliyi ilə bu birliyin yaradılmasına
doğru addım-addım, lakin qətiyyətlə irəliləyirlər.
Bu gün türk respublikalarının
ictimai-siyasi həyatında çox mühüm dəyişikliklər
baş verir. Onlar iqtisadi cəhətdən
qüvvətlənir, demokratik təsisatlarını möhkəmləndirir,
beynəlxalq birliyin inkişaf proseslərinə qoşulmaq
üçün zəruri olan mühüm üstünlüklər
əldə edirlər. Türk
respublikalarının daxili və xarici siyasətinin inkişaf
istiqamətləri milli dövlət bazasını gücləndirməklə
yanaşı, son nəticədə ümumtürk birliyinin
yaradılması məqsədlərində öz
konsentrasiyasını tapır. Bütün
bunlar türk dünyasının müasir beynəlxalq həyatda,
qlobal ictimai-siyasi proseslərin inkişafında
özünün innovativ imkanları ilə iştirakı
üçün mədəni-siyasi düşüncə
potensialı və elmi-humanitar baza yaradır. Türk dünyasının inkişafı – beynəlxalq
birliyin ümumi inkişafının tərkib hissəsi kimi
getdikcə daha çox diqqət mərkəzində
dayanır. Məhz buna görə də
Türk Dövlətləri Birliyinin təşəkkülü
prosesini beynəlxalq siyasi həyatın dinamikasını
şərtləndirən mühüm tərəqqi əlamətlərindən
biri hesab etmək olar. Aparıcı
dünya mətbuatı, siyasi analitiklər də bu prosesi diqqətlə
izləyir, araşdırır və dəyərləndirirlər.
Bütövlükdə müstəqil türk dövlətlərinin birliyi timsalında yaranmaqda olan Güc Avrasiyanın taleyini və gələcəyini dəyişmək və müəyyən etmək iqtidarında ola bilər. Diqqətlə və geopolitik bir nəzərlə dünyanın siyasi xəritəsinə baxdıqda görünür ki, Mərkəzi Asiyanın türk respublikaları – Qırğızıstan, Qazaxıstan, Türkmənistan və Özbəkistan hamısı bir-birinə söykənib, Azərbaycan Xəzərdən şərqə doğru – Mərkəzi Asiya türk respublikalarına, qərbə doğru isə – Türkiyəyə söykənib. Avrasiya boyunca türk dövlətlərindən birinin ərazisi qurtardığı yerdə o birinin ərazisi başlayır. Məhz bu qədim torpaq və onun üzərində yaşayan qədim köklü türk millətləri 23 avqust 2012-ci ildə keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İkinci Zirvə görüşündə qəbul edilən vahid Türk Bayrağı ətrafında birləşdilər və bu möhtəşəm ideyanı gerçəkləşdirdilər. Bütün türk respublikalarının milli atributlarını orqanik şəkildə özündə təcəssüm etdirən Türk Bayrağı – bütün türk dünyasının gələcəyinə işıq saçacaq bir mayak, yoluna istiqamət verəcək bir simvol oldu. Bütün əski türkləri birləşdirən Göy Türk bayrağının Mərkəzi Asiyada dalğalanmasından təqribən 1500 il sonra – üçüncü minilliyin başlanğıcında yenidən Avrasiya məkanında müstəqil türk dövlətlərinin vahid Türk Bayrağının dalğalanması tarixin dönməz məntiqidir. Türk coğrafiyası Avrasiyada elə bir parçalanmaz geopolitik məkandır ki, onların birliyi dərinləşdikcə, bu məkana hər hansı bir təsir və müdaxilə imkanları da qeyri-mümkün olacaqdır. Türk Dövlətləri Birliyinin beynəlxalq siyasi arenada artan nüfuzu isə bütün Avrasiyanın təhlükəsizliyi üçün qarant rolunu oynaya biləcəkdir. Bu halda doğrudan da “türk dünyası əsri” bütün türklərin “qızıl əsrinə” çevriləcəkdir.
Cavanşir Feyziyev
525-ci qəzet.- 2013.- 20 avqust.- S.2.