Bir şair
ömrü- Əhməd Cəmil-100
Əhməd Cəmil şeirimizin dünənində
yaşayan, lakin bu günün özündə də ustad kimi
anılan şairdir. Bu ilin oktyabr ayında onun anadan olmasının 100
illiyidir, inanıram ki, Azərbaycan ədəbi ictimaiyyəti
bunu layiqincə qeyd edəcək...
Əhməd Cəmil çox sakit, təmkinli, həm də
son dərəcə mədəni bir insan idi. Bu sakitliyin, təmkinin
və mədəniyyətin arxasında isə istedad amili
dururdu. Onun yaşadığı
dövrün ədəbi mübahisələrinin heç
birində adı hallanmır, Əhməd Cəmil bu
mübahisələrin heç birinə qoşulmurdu, əgər
belə demək mümkünsə, sakitcə oturub öz
şeirini yazırdı. Bu şeirlər
haqqında Səməd Vurğun kimi ustad şairlər, Məmməd
Arif kimi görkəmli tənqidçilər məqalə
yazır, onun poeziyasını yüksək qiymətləndirirdilər.
Əhməd Cəmil savadlı və həm də təmiz bir
insan olduğu üçün vəzifəyə irəli
çəkirdilər (bir müddət o, Azərbaycan
Yazıçılar İttifaqının məsul katibi
olmuş, sonra “Azərbaycan” və “Ulduz” jurnallarına da rəhbərlik
etmişdi), bu vəzifələrdə etimadı həmişə
doğruldurdu.
Lakin əlbəttə, bu gün Əhməd Cəmili
yad ediriksə, ilk növbədə şair Əhməd Cəmildən
danışmalıyıq. Onun
yaradıcılıq yolu keçən əsrin iyirminci illərindən
başlayır. Orta məktəbin yeddinci
sinfində oxuyarkən “Gözəl Qafqaz” adlı ilk şeiri
“Qızıl Gəncə” jurnalında dərc olunub. Elə həmin illərdə Azərbaycan Proletar
Yazıçılar cəmiyyətinin Gəncə bölməsində
fəal iştirak edib. İlk şeirlərində
o dövrün əksər cavan şairləri kimi yeni
quruluşu vəsf edən Əhməd Cəmil tezliklə gənc
proletar şairlərin cərgəsinə qoşulur, Gəncədə
və Bakıda nəşr olunan qəzet və jurnallarda
mütəmadi çıxış edir. Bakıda Ali
Pedoqoji İnstitutda təhsilini başa vurduqdan sonra yeddi il Şəmkir və Gəncədə orta və
ali məktəblərdə müəllim işləyir. Ancaq bölgədə yaşasa da, o artıq
müasir ədəbi prosesin fəal
iştirakçısına çevrilmişdi. 1940-cı ildə o, Bakıya gəlir və
ömrünün sonunacan taleyini bu şəhərlə
bağlayır. Müharibə illərində
isə Əhməd Cəmil bir şair kimi daha çox məşhurlaşır.
Böyük şairimiz Səməd Vurğun
onun müharibə dövrü yaradıcılığına
ayrıca bir məqalə həsr edir.
Səməd
Vurğun yazırdı: “Mən şair Əhməd Cəmilin
çaldığı şeir rübabını dinləyirəm.
Bu rübabın tellərindən qopan zərif və
mənalı nəğmələr nə qədər
dadlı və təbiidir. Bunlar saf dağ
çeşmələri kimi şırıl-şırıl
axır, ilk baharın gülləri kimi ətir saçır.
Bu nəğmələrdə zorlanmamış, heç bir təzyiq
altına alınmamış bir qəlbin, həm də həqiqi
bir şair qəlbinin çırpıntıları səslənir!
Mən həqiqi şair dedim. Bu, həqiqi ilham
deməkdir. Əsl ilham könüllər
yolçusu, könüllər aşiqi olan bir şairin
hünəridir”.
Səməd Vurğunun Əhməd Cəmil haqqında
yazdığı bu məqaləyə biz yenə
qayıdacayıq. Amma öncə gətirdiyimiz sitatda
“zorlanmamış, heç bir təzyiq altına
alınmamış bir qəlb”dən söhbət gedir və
bu fikri – Əhməd Cəmilin daxilən azad bir şair
olmasını onun bütün yaradıcılığına
şamil edə bilərik. Bəli, Əhməd
Cəmilin istənilən şeir kitabında partiyaya, Leninə,
Oktyabra həsr edilmiş şeirlər tapmaq olar və bunu gizlətmək
də lazım deyil. Lakin Əhməd Cəmil
bu mövzuda olan şeirlərdə öz ilhamını
zorlamayıb, o mövzularda məhz şair Əhməd Cəmil
olduğunu sübut edib. Ancaq Əhməd Cəmili
yaşadan, onu unutdurmağa qoymayan şeirlər də
çoxdur və həmin şeirlər XX əsr Azərbaycan
poeziyası tarixində fakt kimi yox, parlaq nümunə kimi
xatırlanır.
– Ay nənə,
bir nağıl de!
–
Ömrüm-günüm, yat daha,
Hamısını indi desəm, nağıl qalmaz sabaha.
– Can nənə,
de birini də.
–
Ağrın alım, sözə bax.
Evimizdə səndən savay, gör heç varmı bir
oyaq?
Gecə
keçib, ev soyuyub, hənir gəlmir
ocaqdan;
Taxt üstündə məstan pişik, odur yatıb
bayaqdan.
Ört
üstünü, dərdin mənə, bax, eşikdə yel əsir...
Mehdi Hüseyn vaxtilə bu şeir haqqında
yazırdı ki, şair son dərəcə orijinal bir formada
optimist bir əsər yaradıb. “Bu əsərin
gözəlliyini duymaq üçün onu başdan-ayağa
diqqətlə oxumaq lazımdır. Bu şeirdə hər
şey yenidir: məzmun da, ideya da, forma da, sözlər də.
“Can nənə, bir nağıl de!” hər
şeydən əvvəl həyatımızın ən tipik
bir hadisəsindən bəhs edir. Şair
bu hadisəni bəzəmir, “romantikləşdirmir”, amma əsər
gözəl rayihəli bir romantika ilə nəfəs alır.
Burada lirika da vardır, xəfif bir kədər
də, bahar ətri verən bir sevinc də”.
Bir gizilti
duyur uşaq vücudunda bu ara,
Həsrət
qonan gözlərini zilləyərək divara,
Çarpayının
baş ucunda öz əliylə asdığı
Şəklə
baxır, fikrə gedir, qucaqlayıb yastığı
– Bəs
ay nənə, atam indi haradadır, görəsən?!
– Bıy,
başıma nələr, oğul, yatmayıbsan hələ sən?!
– Axı,
nənə, heç demirsən atam haçan gələcək,
İndi onu səngərdə bəs
üşütmürmü qar, külək?
Etiraf edək ki, Azərbaycan poeziyasında bu dərəcədə
səmimi şeir o qədər də çox deyil. Həm də
bu poetik nümunə süjetli şeirin ən gözəl
örnəklərindən biri hesab edilməlidir.
Əhməd
Cəmil bütün yaradıcılığı boyu poema adına bircə nümunə də yazmadı.
O, ömrünün sonunacan lirik şeir ustası kimi
tanındı. Xüsusilə müharibə illərində
yazdığı şeirlərdə pafos və ritorika yoxdur,
mədh və tərənnüm zilə qalxmır, şair əsgər
qəlbinin çırpıntılarını şeirə gətirirdi.
Səməd Vurğun yazmışkən: “O öz incə
rübabında çaldığı nəğmələrlə
həyat və səadət ordumuzun qəlbinə ilham və
qüvvət verir, qəhrəmanlarımızın mərd əllərini
alqışlayır, həyat və azadlıq
bayquşlarının törətdiyi dözülməz faciələrin
bədii tablosunu verir”.
Əhməd Cəmil insan hisslərinin,
duyğularının rəssamı idi. İndi bəzən
o illərin poeziyasından söz açan bəzi müəlliflər
yazırlar ki, sovet dövrünün şairləri zərif
hisslərdən, duyğulardan yan keçmişlər. Bu fikrin nə qədər yanlış olduğunu
sübut etməyə ehtiyac yoxdur. Budur, müharibənin
od-alov saçan səngərindən bir əsgərin qəlbi
həzin-həzin səslənir:
Ocaq
sönür, yel əsir, yağış döyür səngəri..
Yenə düşür yadıma ömrün ötən
günləri.
Hanı,
hanı deyirəm, o dilimin əzbəri,
İlk
görüş, son ayrılıq xatırında
qalırmı
Görəsən, o gözəl qız məni yada
salırmı?
Ötən
bulud, uçan quş! Mən burda, yar vətəndə...
Bəlkə düşdü yolunuz bir gün bizim də
kəndə.
Görün,
bağa-eyvana sərin kölgə düşəndə
O qız
yenə oxuyur, şən mahnılar çalırmı?
Görün, hər nəğməsində məni yada
salırmı?
Öncə qeyd olundu ki, Əhməd Cəmil süjetli
şeir ustası idi. Məlumdur ki, bu tipli şeirlərdə
şair müəyyən obraz yarada bilir-fikir və
duyğularını bu obraz ətrafında təqdim edə
bilir. Ə.Cəmilin bu qəbildən olan
şeirlərində hadisənin təsviri o qədər də
önəmli deyil, şair başlıca diqqətini hisslərin,
duyğuların dramatizminə yönəldir.
Onun “Kənd xatirələri” silsiləsindən olan
“Gülalı əmi”, “Əmrahın anası” şeirləri
məhz bu bədii məziyyətlərinə görə
seçilir. “Əmrahın anası” şeirindəki Hicran xala
müharibədə həlak olmuş bir igidin anasıdır,
yeganə nəvəsiylə bir yerdə yaşayır. Yolçular susuzluqlarını yatırmaq
üçün onun yanına gəlirlər, amma bu qarı o
qədər səmimi təsir bağışlayır ki,
yolçular su içməyi unudurlar.
Hər
gün çöldən gələr yorulmuş, xəstə,
Ləklərə
su açar, fikrə gedərdi..
Oturub həyətdə
bu taxtın üstdə
Gecə çubuğunu tüstülədərdi.
Bu, qarının öz əri haqqında dedikləridir. Görün o, nəvəsi
barədə necə danışır:
–
Əmrahdan nişanə odur, bilirsən,
Adı
Nüşabədir, noğul deyirəm.
Oğul əvəzidir!.. Hərdən görürsən,
Huşum
dağılanda oğul deyirəm...
Bu şeir, poema yazmayan Əhməd Cəmilin bir gözəl
poemaya bənzər yaratdığı poetik nümunədir.
Onun şeirlərini oxuduqca, fikirləşirsən ki, bu
gün üçün bunların hissi-emosional təsiri o illərdə
olduğu kimi qalırmı? Əlbəttə, bəzi
şeirlərində bunu axtarmaq əbəsdir, ancaq elə
şeirlər də var ki, bu gün onlardan öyrənmək
heç də pis olmazdı.
Heç şübhəsiz, Ə.Cəmil də öz
dövrünün şairləri kimi “ənənəvi”
mövzulardan yan keçə bilməzdi. “Onun da
quruculuq illərinin romantikasını əks etdirən
şeirləri olub. Əhməd Cəmil də
beynəlxalq mövzuda şeirlər yazıb. Ancaq bu şeirləri də Əhməd Cəmil
ürəksiz yazmayıb. “Bu gecə Nəsimi gəlmişdi
bizə”, “Təbrizdə”, “Səməd Behrəngi”, “Ancela
Devisə”, “Zəncilər məhəlləsi”, “Kuba vətənpərvərləri”,
“Xulian Qrimau”, “Konqo” və s. şeirlər buna misal ola bilər.
Əhməd Cəmilin şeir
yaradıcılığı haqqında yazılan məqalələri
bir yerə toplasaq, bir böyük kitab yaranar. Onunla bir
dövrdə yaşayan bütün tanınmış tənqidçilər
və şairin qələm dostları Ə.Cəmil
poeziyasından ürəklə söz açmışlar.
Əhməd Cəmil bədii yaradıcılıqda
olduğu kimi tərcüməyə də tələbkarlıqla
yanaşırdı. Onun müxtəlif illərdə V.Hüqodan, Nekrasovdan,
İ.Frankodan, K.Simonovdan tərcümələri olub və əgər
bu tərcümələrə də diqqət yetirsək,
poeziyasına xas olan keyfiyyətləri burada da hiss edə bilərik.
Əhməd Cəmilin ömrünün son 10-15 ilində
üstündə böyük zəhmət çəkdiyi bir
tərcümə əsəri var ki, bu yazıda həmin əsər
haqqında söz açmamaq insafsızlıq olardı. Bu, dahi alman
şairi Hötenin “Faust” əsəridir. Ə.Cəmilin
bu əsərə müraciətinin səbəbi, ilk növbədə,
Hötenin Şərq xalqlarının ədəbiyyatına məftunluğundan
irəli gəlirdi. Məlumdur ki, Höte
Şərq ədəbiyyatını yüksək qiymətləndirirdi
və onların təsiri altında özü də əsərlər
yazırdı. Onun “Qərb-Şərq
divanı” (1814-1819) şeirlər məcmuəsi buna əyani
sübutdur. Höte İran şairi Hafiz Şirazini “əbədiyyət
kimi” uzunömürlü şair adlandırır və
yazırdı ki:
Nolaydı,
mən də sənə bənzəyəydim bir qədər,
...Ancaq sənətdə
təkrar yoxdur. Var ol yenə sən!
Sən
bizdən çox böyüksən, sən həmişə
yenisən!
“Faust” bütün dünya ədəbiyyatının
şah əsərlərindən biridir və bu əsər
dünyaya fəlsəfi-mifoloji motivlər əsasında bir
baxışdır, azad cəmiyyət qurmaq
axtarışlarını əks etdirir (tədqiqatçılar
Nizaminin “İskəndərnamə”si ilə bu əsər
arasında paralellər axtarmaqda səhv eləmirlər).
Əhməd Cəmil məhz belə bir möhtəşəm
əsərə müraciət etmişdi və bu çətin
vəzifənin öhdəsindən gələ bildi. Azərbaycan şairlərinin
bir çoxu dünya ədəbiyyatının belə gözəl
nümunələrinə müraciət etmişlər:
S.Vurğun Puşkinin “Yevgeni Onegin”ini , R.Rza Mayakovski
poeziyasını, M.Rahim Lermontov lirikasını,
Ə.Kürçaylı Dantenin “İlahi komediya”sını,
Yeseninin şeir və poemalarını, T.Əyyubov Şekspir
sonetlərini Azərbaycan oxucularına, Ə.Cəmil
Hötenin “Faust”unu yüksək sənət dililə Azərbaycan
oxucusuna çatdırmışlar.
Əhməd Cəmil yaradıcılığına həsr
etdiyim bu yazını bir nisgillə bitirmək istəyirəm.
1983-cü
ildə Ə.Cəmilin 70 illiyi münasibətilə “Azərbaycan”
jurnalında bir yazı çap olundu, 1993-cü ildə də
80 illiyi qeyd olundu, beş il sonra da Ə.Cəmil
unudulmadı. Bütün bu təşəbbüslərdə
isə Ə.Cəmilin oğlu Eldar Cəmilzadə ən
yaxın köməkçimiz idi. O, atasının ədəbi
irsini göz bəbəyi kimi qoruyurdu, Əhməd Cəmil
adını unutmağa qoymurdu. 2000-ci ilin yayında Eldar
redaksiyaya belə bir yazı gətirdi: “Faust” Azərbaycan
dilində”. Bu məqalədə o,
atasının bu tərcümə ilə bağlı
apardığı axtarışlardan, çəkdiyi zəhmətlərdən
söz açırdı.
Məqalənin çapı jurnalın dekabr nömrəsi
üçün planlaşdırılmışdı. Lakin...günlərin birində
baş redaktor İntiqam Qasımzadə kədərli bir xəbər
çatdırdı mənə: Eldar Cəmilzadə xahiş
edir ki, mümkünsə onun yazısı tez çap olunsun,
o, ağır xəstədir və...
“Və” sözündən sonra dəhşətli bir
söz gəlirdi.
Həmin məqalə oktyabr nömrəsində çap
olundu.
Az sonra
isə Eldar Cəmilzadə dünyadan köçdü.
Atasına layiq, onun kimi sadə, təmkinli və istedadlı
bir insan... Allah rəhmət eləsin!
Əhməd
Cəmilin son şeirlərinin birində belə misralar var:
İki
mininci ildə,
Gəzəcəkmi
sözlərim
Yenə ağızda, dildə?!
İnanıram,
bilirəm,
Onda mən
olmasam da
Qəlblərdə qalacağam.
Əhməd Cəmil səhv etmirdi – bu inamı onun
şeirləri, poetik dünyası yaratmışdı.
Əhməd Cəmil 2000-ci ildə də anıldı,
indi də anılır və gələcək illərdə
də unudulmayacaq.
Vaqif YUSİFLİ
filologiya elmləri doktoru
525-ci qəzet.-
2013.- 24 avqust.- S.19.