Giliz kimi gəzərgi (esselər silsiləsi)- davamı

 

 

Həyatın ironiyası

Mayakovski intihar etməmişdən az əvvəl yazmışdı: “Bağışlayın məni, bilirəm bu yaxşı iş deyil (heç kəsə məsləhət görmürəm), amma bundan başqa çıxış yolum yoxdu”.

Halbuki illər öncə Yesenin intihar edəndə Mayakovski onun ölümünə yazdığı ağı beləydi:

 

Ölmək dünyada ən asan işdi,  çətini yaşamaqdır.

Həyatın ironiyası... Qəribədir deyilmi?

 

lll

 

Sokratın məhkəməsində 501 andlı hakim iştirak etmişdi. Onlardan 280-i Sokratın öldürülməsinə, 221-i isə sağ qalmasına səs vermişdi. Sokratın illərlə boğazını gərə-gərə tələbələrinə heç bir təmənnasız öyrətdiyi “demokratiya dərsləri”nin acı nəticəsi bu idi.

Sokrat unutmuşdu ki, vicdansız adamlar var, onlar demokratiyanın keşiyində də öz vicdansızlıqları ilə dururlar. Sokratın ölüm hökmünə məhkum edilməsi, əslində, “yaxşı oldu”, bununla da demokratiyadakı səs çoxluğunun əsl mahiyyəti açıldı. Həm də Sokrat əsl taleyini yaşamış oldu – insan mübarizə apardığı nəsnənin qurbanına çevrilir.

 

lll 

 

Yunan mifologiyasında “mifoloji quş” var, ac olanda bədəni qızır və ayağını dimdikləyib yeməyə başlayır və yavaş-yavaş ayağından üzüyuxarı özünü yeyir. Axırda ürəyinə dimdik çalır və ölür. Amma bilmir ki, özü-özünü öldürdü (yedi). Bəzən biz insanlar da hissə qapılıb özümüzü yeyirik, bitiririk, məhv edirik.

Həyat elə qurulub ki, bütün situasiyalarda Gertsenin o məşum və müdhiş sualı açıq qalır: “Kimdir müqəssir? Kimdir günahkar?”

Doğurdan da, günahkar kimdir? Sən? Mən? Siz? Biz? Tale? Dünya? Bilmirsən... Bilmirsən, bilmirlər, bilmirik.

– Bəs o quşu kim öldürdü?

 

– ...

 

lll

 

Taras Şevçenkonun şeirlər kitabını oxuyuram, 170-ci səhifədə sevdiyi qadına yazdığı unudulmaz “Mən neyləyim bəs?” adlı sevgi şeiri var, 171-ci səhifədə isə həmin qıza yazdığı “Qarğış” şeiri var.

Qəribədir: vərəqin bir tərəfində sevdiyi qıza tərif və ehtiramını əyan edir, digər tərəfində nifrət və qarğışını. Şeirlərin yazılma tarixindəsə 3 gün fərq var. İnsan üç günə (lap elə üç aya) bu dərəcədə dəyişə bilərmi? Yəni yaxşıyla pis, ilə qara bu qədərmi yaxındır.

Koelyo ciddidir, yoxsa biz?

Hərdən Paulo Koelyonun yüngül ədəbiyyatın “istehsalçısı” kimi göstərənləri görəndə gülürəm. O mənada ki, bu adam hər nə yazırsa, ora ciddilikdən bir misqal da olsa nəsə əlavə edir və bizim öz “ağır ciddiyyət”i ilə seçilən sovet ədəbiyyatının bir çox nümunələrində Koelyonun o incə məqamlarından tapmaq heç də asan başa gəlmir”. Hər halda, onun yazıçı kimi bir “ayağı” da ciddi ədəbiyyatın yanındadır. O, əlini bazar tərəfə açsa da, qələmi həm də ciddi ədəbiyyat tərəfdədir. Haqqında danışdığım ciddiyyət barədə bir neçə misal:

 

lll

 

Paulo Koelyonun “Şeytan və Senyorita Prim” romanında belə bir məqam var: Leonardo “Məxfi axşam” əsərini çəkəndə xeyri İsa, şəri İblis surətində çəkməliydi. O, xorda oxuyan nurani bir oğlan tapır və İsanın şəklini çəkir. Amma bircə əcaib adam tapmır ki, iblisin şəklini çəksin. İllər keçir. Kilsədən əsərin təhvil verilməsi üçün Leonardonu tələsdirirlər. O yol gedərkən kanalizasiyaya düşmüş bir adam tapır və onu kilsəyə gətizdirib iblisin surətini çəkməyə başlayır. Birdən həmin adam oyanır və deyir:

“– Mən artıq bu şəkli görmüşəm!

  vaxt? – Leonardo heyrətlə soruşur.

  Üç il bundan qabaq, hələ hər şeyimi itirməmiş. Həmin vaxt mən xorda oxuyurdum və həyatım arzularla dolu idi, hansısa rəssam mənim sifətimə baxaraq İsanın şəklini çəkirdi”.

Yəni, bəzən xeyirlə şərin bir üzü olur...

 

lll

 

Koelyonun “Rio-Pedra sahilində oturdum və ağladım” əsərindən bir məqama baxaq: “Bir neçə dəqiqədən sonra keşiş də çətinliklə nəfəs ala-ala gəlib çatdı:

  Ətrafdakı bu dağları görürsən? – o soruşdu. – Onlara dua eləmək lazım deyil, zira onların özləri Tanrı duasıdırlar, çünki dünyada öz yerlərini tapıblar və onun üzərində dayanıblar. İnsan ilk dəfə ildırımın səsini eşidəndə göyə baxıb, bütün bunları kimin yaratdığını soruşana qədər də onlar burda dayanmışdılar. Biz doğuluruq, əzab çəkirik, ölürük, onlarsa sarsılmadan dayanırlar”.

Öz yerində dayanmış, qüdrətli adamlar haqqında qəribədir ki, bizlərdə daim narahatlıq olur, hərdən çox sadə adamlara elə gəlir ki, onların qol qoyduqları çox xırda məsələlər nəyisə həll edir, amma bir anlıq baxmaq kifayətdir ki, dağlar öz yerindədir...

 

lll

 

Yaxud Koelyo “Maktub” romanında yazır: Xristianlığın Müqəddəs rəmzlərindən biri qutan fiqurudur. Səbəbi sadədir: yeməyə heç bir şey olmayanda qutan öz balalarını yedizdirmək üçün dimdiklərini öz bədəninə yeridir. Müəllim söylədi: “Çox vaxt biz aldığımız xeyir-duadan xəbər tutmağı bacarmırıq. Bizi mənən tox saxlamaq üçün Onun neylədiyini çox vaxt başa düşmürük. Balalarını yedizdirə-yedizdirə bütün sərt qışı öz cismini qurban verən qutan haqqında əhvalat var. Nəhayət, qutan öləndə ətcəbalalarından biri digərinə dedi: “Axır ki, öldü! Hər gün elə eyni köhnə şeyi yeməkdən yoruldum”.

Sizcə, nankorluğun bundan gözəl, ifadə etmək mümkündürmü, doğrudanmı, Koelyo yüngül yazıçıdır?! Əcəb ha!..

 

lll

 

“Məktub” əsərində başqa bir məqama baxaq:

Alman filosofu Şopenhauer onu məşğul eləyən suallara cavab axtara-axtara Drezdenin küçələriylə gedirdi. Bağdan keçəndə oturub çiçəklərə baxmaq qərarına gəldi. Rayon sakinlərindən biri filosofun qəribə hərəkətlərinə göz qoyurdu. O, polis çağırdı. Bir dəqiqə sonra zabit Şopenhauerə yaxınlaşdı. “Sən kimsən?”zabit kobud tərzdə soruşdu. Şopenhauer zabiti təpədən-dırnağacan süzdü. “Əgər mənə bu suala cavab tapmaqda kömək eləsəniz, sizə ömrümün axırınacan minnətdar olacağam”, – filosof cavab verdi”.

Şair Peyğəmbərdən nə soruşa bilər?

Cübran Xəlilin “Peyğəmbər” əsərində müxtəlif insanlar peyğəmbərə suallar verirlər. Özü də bu peyğəmbər həm İsadır, həm də Məhəmməd, kəsəsi bütün dinlərin fövqündə dayanan ümumiləşmiş obrazdır. Peyğəmbərə bənna ev haqqında sual verir: “Ev nədir?”. Hüquqşünas: “Ustad, bizim qanunlar barədə nə deyərdin?” soruşur. Qoca Kahin: “Dindən danış bizə” deyir.

Bir sözlə, hamı öz peşəsi haqda ya sual verir, ya da peyğəmbərdən onları maraqlandıran məsələlər haqda danışmasını istəyirlər. Növbə şairə gəlib çatır. Şair deyir: “Bizimlə gözəllikdən danış”. Şəksiz ki, bu cümlə ilə və istəklə şairin dünya üçün təyinatı bəlli olur. O heç bir peşə haqda soruşmur, çünki peşə dünyəvi məsələdir və peşə barədə biliklər insana dünyadan nəsə qoparmağa, qazanmağa kömək edir. Şairin təvəqqesi isə gözəllikdir, özü də peyğəmbərin önündə belə... C.Xəlilin bu tapıntısına bir şey demək olar: “sadəcə şedevr...”

Şairlər  “yalançılar”

“Oğlum, şeirlərin ən yaxşıları onların ən yalançılarıdır”.Nizami Gəncəvi

“Aldanma ki, şair sözü, əlbəttə, yalandır”Füzuli

Şairlər olmasaydı, dünya bu qədər gözəl və bu qədər “yalan” olmayacaqdı. Yaxşı ki...

Sözlər dünyanı xilas edə bilməyəndən başladı şair çarəsizliyi – şeir yazmaq.

Dünyada bəlkə də gözlərindən başqa gözəl heç nəyi “olmayan” qızın gözlərinə “günəş” dedilər. Bəyəm pis iş gördülər?! Neylədilər ki... O qızın gözləri böyüdü o sözdən, amma günəş kiçilmədi. Şair sözlərindən kim ziyan görüb ki?

İçdilər, tənhalıqlarını suya qərq elədilər... Şeir yazdılar...

Servantes demiş: “Şeir tənhalığın dostudur”.

Böyüdülər, uşaq kimi ağlaya bildilər amma.

Hamının “hər nə varsa” eşqiylə döyüşdüyü vaxtda, bir misranın uğuruyla xoşbəxt olub dünyayı unutduqları da oldu. Sizcə, nəfsi bundan daha yaxşı yenmək olarmı?

Dünyanı olduğu boyda görə bilmədilər, sevib “böyütdülər”, hirslənib “kiçiltdilə”r. Amma söz dünyanın ölçülərindən çıxmadı.

Bütün ömrü boyu maddiliklərlə hesablaşan Kant ömrünün sonunda belə nəticəyi gəlmişdi: “Şeir sənətlərin ən gözəlidir”.

Şair ömrü boyu təcrübələnməyəcək uşaqdır. Şair oyunu uduzmaqçün oynayır, udursa siyasətçidi, deməli.

Aristotel deyirdi ki, hər aşiq şairdir. Dünyada eşq qaldıqca şairlər – şeirlər bizə lazımdır.

Şairlər hər şeyin “sənsizlik” dərdini çəkə bilənlərdir.

Şeir “ağılsızlıqdır”, ən çox İslamdan əvvəl cahiliyyə dönəmində sevilib.

Şair sözləri “hədərdir”, Qurani-Kərimdə sözlərin həqiqi olmasını vurğulamaq üçün belə buyrulur: “Bunlar şair sözləri deyil”.

Şair bütün ömrünü boşluğa söykəyib yaşaya bilir. Vaqif Bayatlı Odər kimi başını qaldırıb göyə baxır və zənn edir ki, göy üzündə yeriyir.

Şairlər qızı sevib Allahı “unutdular”, Allahı sevib dünyanı. Unutdular...

Poloni Hamletdən soruşanda ki, kitabda nə yazılıb, aldığı cavab sərt oldu: “Böhtanlar”. Sözlərin yalan üzü də var...

Şairlər barədə dində – Qurani-Kərimdə nə buyrulur: Əş-Şüəra: (Müşrik və kafir)  şairlərə gəlincə onlara ancaq azğınlar uyar (224). Məgər görmürsünüz ki, onların hər biri vadidə sərgərdan gəzib dolaşırlar? (Hər tərəfə meyl edir, birini yalandan mədh, digərini isə əbəs yerə həcv edirlər!) (225). Əl-Haqqə: Bu (Quran) çox möhtərəm bir elçinin (Cəbrailin, yaxud Muhəmməd aleyhissəlamın Allahın ona nazil etdiyi) sözdür (40). O şair sözü deyildir. Yasin 69: Biz ona (Muhəmməd əleyhissəllama) şeir öyrətmədik və bu ona heç yaraşmaz da (lazım da deyil). Ət-TUR: Yoxsa onlar (sənin barəndə) deyir: “O şairdir... (30). – Şərhsiz...

Pencəyini şəraba dəyişə, son qəpiyin dilənçiyə, gözlərinin işığını kitablara ancaq şair verə bilər.

Dürlü ölüm yaşadılar, asıldılar, suda boğduruldular, orucun yediyinə görə öldürüldülər... Bütün günahları – bütün “yalan”ları şeir yazmaqdan ibarət idi.

Narahat idilər, qadınmı, yox o deyil, uşaqmı, yox o da deyil, pulmu, işmi, yox onlar da deyil, hə, bəs nə istəyirdilər? Asılmaq, oğurlanmaq, şəhid olmaq, içmək, ağlamaq istəyirdilər, nəsə başqa bu dünyada olmayan bir şey istəyirdilər. İstədiklərinin adı yox idi. O adın döyüntüsüylə şeir yazırdılar.

Ağla gəlməyən həyatı da, ölümü də onlar yaşadılar: Hansını deyəsən...

İstanbulu dəli kimi sevən Orxan Vəli həmin şəhərdə bələdiyyə idarəsinin açdığı çuxura düşüb beyin qanamasından öldü.

Balzak ziyadə qəhvədən boğuldu.

Tolstoy qatar stansiyasında donub öldü.

Vircinia Vulf ciblərini daşla doldurub özünü çaya atdı.

Kolunbiyalı yazar Andres Caicedo kişi kimi sözünün üstündə də durdu; həmişə deyərmiş: “25 yaşından artıq yaşamağa dəyməz”.

Amerika şairi Sylvia Plath, başını soyuducuya soxub donub öldü.

Tennessee Williams dərman atanda tıxacı udub öldü.

Bayron həkimlər tərəfindən öldürüldü.

Hər şeyi onlar yaşadılar, onlar gördülər, onlar vurğun idilər, hamını da belə görürdülər. Onlar neyləyirdilər ki, onlar şeir yazırdılar. O şeiri ki, minini oxusan, bir ölmüş qarışqa tərpənməz, o şeir ki, milyonunu qulağına pıçıldasan, ac bir uşağı kiridə bilməz?

Onlar neyləyirdilər ki, şeir yazırdılar, o şeiri ki, sözləri gələcəyə daşıyırdı, o sözləri ki, uçurumun ucunda kimlərinsə əlindən tuturdu, o şeiri ki, ordu nəğmələrinə çevrilirdi, şairlər hökmdarlardan daha əbədi olurdu o şeirlərlə. Bunlarısa şairlərə bağışlamırlar.  Dar ağacı soruşur:

  Onlar neyləyiblər ki?

Kəndir cavab verir:

– Heç nə – şeir yazırdılar.

 

Fərid Hüseyn

525-ci qəzet.- 2013.- 24 avqust.- S.20.