Əxlaq siyasətin girovuna
çevrilir (davamı)
Bircinsli nikaha daxil olanlar da öz ştatlarında qanunun
himayəsi altında sərbəst olduqları halda, bu
qaydanı qəbul etməmiş ştatın ərazisinə
keçdikdə, onların təqib olunması ehtimalı
artır və buna görə problemlərlə üzləşə
bilərlər. Belə vəziyyəti
aydınlaşdırmaq üçün yeni məhkəmə
prosesləri işə düşəcəkdir, onlar da yəqin
ki, ştatdakı mövcud münasibətə uyğun olaraq
qərar çıxarmağa üstünlük verəcəklər.
Femida bu vaxt gözlərindəki pərdəni
kənara atacaqdır.
“Washinqton Post” qəzeti isə yazırdı ki, bircinsli
nikahlar qələbə çalmışlar, ləğv
edilmiş qanunlar isə diskriminasiyaya xidmət edən sənədlər
idi. Artıq 13 ştatda bircinslilər öz
nikahlarını qeyd etdirə bilərlər. Avqustun 1-dən
isə bircinsli nikahlar ABŞ-ın daha 7 ştatında da
qanuni hesab ediləcək, həmin regionlarda isə bir il əvvəl buna icazə verilmirdi. Kalifoniya, Delaver, Men, Merilend, Minnesota, Rod Aylend,
Vaşinqton ştatları yeni qanunu qəbul edənlərin
siyahısına daxil olacaqlar. Bu yeddi ştatda isə 59
milyona qədər adam yaşayır.
Bu vaxtadək
çox sayda amerikan özü ilə bir cinsdən olan əcnəbi
partnyorları üçün vətəndaşlıq və
ya yaşamaq hüququnu ala bilmirdi. ABŞ Ali Məhkəməsinin
son qərarı belə ayrı-seçkiliyə birdəfəlik
son qoyur.
Ən mühüm cəhətlərdən
biri də odur ki, Ali Məhkmə
Kaliforniya məhkəməsinin qeyri-konstitusional hesab etdiyi 8-ci
düzəliş barədəki qərarını ləğv
etdi. Beləliklə, Kaliforniya ştatı yenidən
bircinsli nikahları qeydə alacaqdır. Qəzet yazır ki,
“Nikahın müdafiəsi barədə Akt” və 8-ci
Kaliforniya düzəlişi homofob təşəbbüslərinin
bəhrəsi olmaqla, onların eyni vaxtda ləğv edilməsi
homofoblar üçün nəhəng məğlubiyyətə
çevrildi. Hələ 2003-cü ildə
ABŞ Ali Məhkəməsi qəti surətdə qərara
almışdı ki, homoseksuallığın cinayət
xarakterli olduğu barədə ştatlarda nə vaxtsa qəbul
olunmuş bütün qanunlar qeyri-konstitusionaldır. Buna görə dövlət bütün ştatlarda
bircinsli nikahları hüquqi cəhətdən eibarlı hesab
edəcəkdir. İyunun sonunda San-Fransisko
meriyasında iki lesbiyankanın nikahı qeydə
alındı. Fransadakı oğlan
cütlüyü, burada isə qadın cütlüyü
qanuni nikah bağlanmasına yol açdılar.
Artıq
İngiltərə də bircinsli nikahları qanuniləşdirmək
ərəfəsindədir, daha doğrusu, parlamentin hər iki
palatası, əvvəlcə Lordlar Palatası, sonra isə
İcmalar Palatası belə qanunu qəbul etmişlər, indi
yalnız kraliçanın qanunu imzalaması qalır, bunda isə
heç bir şübhə ehtimalı olmamalıdır.
Cari ildə bircinsli nikahlar həmçinin Braziliyada
qanuni elan edilmişdir. Belə qanunun həmçinin bu ilin
avqustunadək Uruqvayda və Yeni Zelandiyada qüvvəyə
minməsi planlaşdırılmışdır.
Qeyri-ənənəvi cinsi
orientasiya heç də XX əsrin
ikinci yarısının və ya XXI əsrin
başlanğıcının problemi deyildir. Deməli,
bircinslilərin intim yaxınlığı qədim dövrlərdə
də mövcud olduğundan, Bibliya bunu insan təbiətinə
zidd olan bir eybəcərlik kimi təsvir etmiş, gələcək
nəsillərə ibrət dərsi vermək
üçün Sodom və Qomorra simvollarını meydana gətirmişdir.
Bibliya homoseksuallığı günah adlandırır
(Başlanğıc,19:1-13, Levit 18:22). Bircinsli intim yaxınlığın İncil də
xristianlıqda günah olmasını qeyd edir. İslam
bilicilərinə görə homoseksuallıq cinayətini
törətməkdə təqsirkar olan daş-qalaq edilməli
idi, istəyir o, evli, ya subay olsun.
Əgər homoseksualizm indi xeyli sayda xalqları və
dövlətləri düşünməyə, yeni qanunlar
çıxarmağa sövq edirsə, bu hadisənin mahiyyətinə
nəzər salmaq pis olmazdı. Homoseksualizm normal
seksual münasibətin dəyişilməsi adlanmaqla, eyni cinsdən
olan adamın başqa birisinə cinsi cazibə hiss etməsidir.
Yunan dilində homo – “eyni” deməkdir, bu, heç də latın dilindəki “homo”-dan – “insan”
sözündən əmələ gəlməmişdir.
Homoseksualizm, həm heteroseksualizm (başqa cinsdən olana)
münasibətlərinə görə homoseksualizmə
üstünlük verilməsini,həm də
homoseksual və heteroseksual praktikanın növbələşməsini
(bioseksuallığı) əhatə edir. Bu
normadan kənara çıxma heç də həmişə
fiziki kontakta aparıb çıxarmır.
Qadın homoseksuallığı
isə çox vaxt lesbiyanizm adlanır, bu da Egey dənizindəki
Lesbos adasının adından
götürülmüşdür, həmin adda şairə
Sapfo bir qrup qadına liderlik edirdi. Homoseksuallıq
barədə, seksual normadan kənara çıxmanın qədim
və ümumi praktikası haqqında müəyyən məlumat
verilməsinə baxmayaraq, XX əsrə qədər bu məsələnin
elmi cəhətdən öyrənilməsinə diqqət
verilmirdi. Bu da müəyyən qədər
onunla əlaqədardır ki, onlara çox hallarda qanuni və
mənəvi biabırçılıq əlaməti kimi
baxılırdı. Yalnız İkinci Dünya
müharibəsindən sonra, islah-əmək düşərgələrinin
etiraflarından kənarda baş verən məlumatlar əsasında
bu məsələ öyrənildi.. İri miqyaslı homoseksuallıq hadisələrinin
və sosial əlaqələrinin korrelyasiyası A.K.Kinsey tərəfindən
1948-ci və 1953-cü illərdə öyrənilmişdi.
ABŞ-da kişilərin 37 faizinin,
qadınların isə 13 faizinin ən azı bir dəfə
homoseksual təcrübəyə meyl edən əlamət
nümayiş etdirdiyi barədə o, məlumat vermişdi.
Digər ölkələr barədə
müvafiq statistik məlumatları müqayisə edə bilmədiyindən
və yararlı məlumata malik olmadığından, onun bu
fenomeni öyrənməsi ümumən homoseksual fərdlərlə
və kiçik qruplarla məhdudlaşmışdı. Birləşmiş Ştatlardakı digər
başqa bir antropoloq və fizioloq sadə cəmiyyətləri
öyrənmiş, 190 cəmiyyətdən 76-da
homoseksuallıq yararlı kimi qəbul edilmiş, onlardan 49-da
(64 faizində) bu praktikanın normal hal sayıldığı
məlum olmuşdur.
Ölüm
təhlükəsi
də daxil olmaqla, hətta sərt cəzaların olduğu cəmiyyətlərdə
də homoseksuallıq hələ də baş verir. Bu, çox hallarda kişilər və qadınlar
arasında meydana çıxır, qadınlara nisbətən,
kişilərdə normardan kənara çıxma
qaydasındakı belə cinsi fəallıq və ya stabil əlaqələr
boşanmaya gətirib çıxarır.
Homoseksuallıq
hallarına görə dörd hipoteza irəli sürülür:
1. Genetik azmadan əmələ
gələn və ya bəzi irsən götürülən
bircinsli əlaqə əvvəlcədən olan bir meyl
kimi belə cinsi davranışa
adamı anadan doğulan vaxtdan
istiqamətləndirir. Bu nəzəriyyə
yüngül eksperimentlərdən və əsasən heyvanlar
arasında olan əlaqələrdən
çıxarılmışdır.
2. Homoseksual obyektin
seçimi tədricən fərd-cəmiyyət münasibətlərinin
fərdi əlaqələrində mövcud olan xüsusi şəraitlərin
nəticəsi olur və bu, adamın özünü
homoseksual kimi tanımasında fərdin xeyrinə olur. Bu qarşılıqlı əlaqəyə görə
normadan kənara çıxma yalnız 1970-ci illərdə
öyrənilmə obyektinə çevrilmişdir.
3.Uşağın inkişafının xüsusi dövrlərində,
xüsusən erkən
uşaqlıq vaxtı və gənclikdə həlledici
rol oynayır. Bu isə daha çox dustaqxanalarda
mövcud olur. Oğlanlar homoseksual fəaliyyəti
icra edirlər, çünki sonralar bu, həmyaşıd
qrupun təzyiqləri ilə hetoroseksual əlaqələrə
gətirib çıxarır.
4. Valideynlər və
uşaqlar arasındakı kəskin
qaydasızlıqlar bəzi homoseksuallığı dəstəkləyən bir amil
hesab edilir, çünki
oğlan uşağının
müstəsna qaydada özünü tanıması öz anası ilə və ya
qızın isə öz
atası ilə baş verir. Empirik məlumatlar
hesabına homoseksualların həyat tarixçələri
heteroseksuallarınkı ilə müqayisə edildikdə, həmçinin
ziddiyyətli nəticələr əldə edilir. Ancaq onu da qeyd etmək lazımdır ki, azacıq
öyrənmə qeyri-adi sayılan ana-oğul münasibətlərinin
tanınması ilə əlaqədardır.
Axırıncı
hipotezanın təsdiqi
kimi onu misal gətirmək olar ki, Samoa adasında bir sıra
oğlan uşaqlarını hələ körpəlikdən qız uşağı kimi tərbiyə
edirlər, demək olar ki, onlar daim kişi cinsi ilə sevgi münasibətlərində
olurlar. Bu vəziyyət Samoa mədəniyyəti
üçün nəinki adi haldır, heç homoseksualizm də
hesab edilmir.
Uşaqların
erkən yaşlarda olduqları mühit də bəzən
onların cinsi
orientasiyasını dəyişmə meylini yaradır. Oğlan
uşaqlarının ananın və ya nənənin bəzək
şeyləri və kosmetikası ilə oynamaları belə nəticələrə
gətirib çıxarır.
Homoseksuallığın
fizioloji cəhətdən
anormal hesab edilməsi “normal” adamların fizioloji təsəvvüründən,
quraşdırmasından əmələ gəlir. Homoseksuallarla heteroseksuallar arasında mühüm fərq
və ya bir cinsdən olanın və ya başqasının
seçilməsi belə bir nəticənin obyektidir.
Bəziləri naşılıq üzündən,
lazımi biliklərə malik olmadıqlarından
homoseksualizmin təbiətə zidd olduğunu sübut etmək
üçün heyvan aləmindən misal gətirirlər,
guya ki, onlarda belə bircinsli əlaqələr mövcud
deyildir. Bu yanlış fikirdir. Erkək
zürafələr çox vaxt digər erkəklərlə
cütləşirlər. Bir çox
qruplarda homoseksual kontaktlar heteroseksual əlaqədən daha
çox baş verir. Kərtənkələlərin
bir çox növü heç erkəyin iştirakı
olmadan, partenogenez qaydasında törəmə verirlər.
Homoseksualları
fahişələrlə müqayisə etmək də ədalətsizlikdir.
Fahişəlik homoseksuallıqdan fərqli olaraq
qazanılır və peşəyə çevrilir, belə
qadınlar çox hallarda həyatlarının mənasını
öz bədənini satmaqda görürlər. Fahişələr bəzən normal cəmiyyətdən
təcrid olunmaqla, öz submədəniyyətlərinə
qapılırlar.
Çox
sayda dövlətlərdə və millətlərdə bu
peşəyə həsr edilən həyat yarlık kimi qəbul
edilir, bunun bəzən cinayətlərə
qədər inkişaf etməsi də təccüb
doğurmur. Onlar bəzi hallarda mütəşəkkil
cinayətkarlığa cəlb olunurlar.
Bibliyanın bircinsli intim yaxınlığı
iki şəhərlə məhdudlaşdırmasına, lənətləməsinə
baxmayaraq, qədim dünyada homoseksualizm heç də nadir
hadisə hesab olunmurdu. Antik dövrün tarixi bu
barədə daha geniş məlumatlar verir. Qədim
Yunanıstanda bircinsli məhəbbət az
qala heterocinsdən olan adamların məhəbbətinə bərabər
sayılırdı. Bu ölkədə həmin
dövrdə kişilər arasında məhəbbət
olduqca geniş yayılmışdı, bu, hisslərin məhz
normal qaydada meydana çıxması halı kimi hesab olunurdu.
Əsatirə görə, məhəbbət
allahı Erosun oxları təkcə kişilər və
qadınlar arasında deyil, həmçinin kişilər
arasında biri-birinə qarşı sevgi hissləri
yaradırdı. Gənclərə məhəbbətin
həm də tərbiyəvi əhəmiyyəti olduğu
güman edilirdi. Belə ki, yaşlı kişi
həyatda gənc oğlanın hamisi olurdu. Kişi
məhəbbətinin dünyası, polislərin (şəhər-dövlətlərin)
hərbi təşkilatının xüsusiyyətlərindən
əmələ gəlirdi, burada veteranların himayədarlığı
hərbi xidmətə yeni daxil olanlarla intim
yaxınlığa çevrilirdi. Yunanlar
nikahı praktiki fayda nöqteyi-nəzərindən qəbul
edirdilər. Ər öz arvadında birinci
növbədə uşaqlarının anasını və
ocağını mühafizə edənini görürdü.
Ona görə də burada iki cins
arasındakı məhəbbət prioritet əhəmiyyətə
malik deyildi.
Orduda isə homoseksualizm
daha geniş yayılırdı. Tarixin ən böyük sərkərdəsi
sayılan Makedoniyalı Aleksandr öz əziz dostu
Hefestionla intim yaxınlıqda
idi və bu əlaqə sərkərdənin
baktriyalı arvadı Roksananın ciddi hiddətinə səbəb
olurdu. Hefestionun ölümü Böyük
Aleksandr üçün ağır zərbəyə bərabər
idi.
Qədim Yunanıstanın Fiva əyalətində
homoseksualizm ümumiyyətlə qəbahət
sayılmırdı. Bir-birinə vurulmuş kişilərdən,
sayı 300 nəfər olan elit qoşun düzəldilirdi.
Bir mühüm döyüşdə onlardan
heç kəs geri çəkilmədi, əksinə,
ölümü, öz sevgilisi qarşısında
qaçıb xilas olmaq biabırçılığından
üstün hesab etdi. Bu barədə məşhur
tarixçi Plutarx yazır.
Qədim Yunanıstan həm də qadınlar arasında homoseksual əlaqələri meydana çıxarmışdır. Troya müharibəsinin baiskarı füsunkar Yelenaya təkcə kişilər deyil, ətrafındakı qızlar da vurulurdular. Lesbos adasından olan görkəmli şairə Sapfo (b.e.ə. VII-VI əsrlər) gözəl nəğmələr, nikah nəğmələri sayılan epitalamyaların müəllifi olmaqla, bu şeirlərində dərs dediyi, ərə getməyə hazırlaşan qızlara mürəciət edirdi. Onun başçılıq etdiyi kult birliyi gözəllik ilahəsi Afroditaya həsr olunmuşdu. Sapfonun şeirlərində məhəbbət və həsrət motivləri çoxluq təşkil edirdi və şairənin düşüncəsində məhəbbət “şirin-acı əjdahadır ki, ondan heç bir qorunma üsulu yoxdur”. Əfsanəyə görə, şairə dərs verdiyi qızlarla intim yaxınlıq edirdi. Platon öz epiqrammasında onun mahnıları barədə demişdi: “Muzalar (ilahələr) sayca doqquz hesab olunur, lakin onlar çoxdur, axı lesbiyanka Sapfo da muzadır. Onunla birlikdə onlar on nəfərdir”. Bu sözlərlə böyük filosof, Sapfonu ilahələrə bərabər tuturdu.
Orta əsrlərdə yapon samuraylarında təcrübəli kişi ilə gənc oğlan arasında syudo – homoseksuallıq praktikası xüsusi hörmətə malik idi. Belə hesab olunurdu ki, bu, gəncdə ləyaqəti, vicdanlılığı, gözəllik hissini tərbiyə edir.
Qədim Romaya isə yunan mədəniyyətinin güclü təsiri olduğu kimi, yunanların əxlaq məsələsindəki qüsurları da bu ölkəyə asanlıqla yol tapır və orada geniş yayılırdı. Bizim eradan əvvəl II əsrdə yaşamış Qədim Romanın görkəmli dövlət xadimi Böyük Katon yunanların əxlaq pozğunluğunun təsirinə qarşı kəskin mübarizə aparırdı, hətta onların ədəbiyyatının və incəsənətinin öz ölkəsinə nüfuz etməsinə də qarşı çıxırdı. Həmin dövrdə yaşamış komedioqraf Tit Maktsi Plavt öz əsərlərində yunanların pozğunluğuna qarşı romalıların bakirəliliyini qoyurdu. Lakin sonrakı dövrlərdə bu bakirəlikdən heç bir əsər-əlamət qalmadı.
(Ardı
var)
Telman Orucov
525-ci qəzet.-
2013.- 24 avqust.- S.24.