On üç ilin həsrəti
Neçə illərdir xiffətini çəkirəm Şahmarın. Allah-talanın mənə bəxş etdiyi ömür müddətində
də bu xiffəti çəkəsiyəm.
Çünki Şahmar həyatdan
köçəndən sonra
onunla mənim aramda olan boşluğu
heç bir zaman doldura bilməyəcəyimə
artıq inanmışam.
Yeganə təsəllim onunla
mənim aramda olan xatirələr, onun dostları, qançəkərləri ilə
Şahmar haqqında söhbətlər və qoyub getdiyi kitablardır.
Adı ürəyimin
başında həkk
olanların arasında
Şahmarı xüsusilə
qiymətləndirmək istəyirəm. Tək ona
görə yox ki, biz bir yerdə
böyümüşük, bir ocaqda tərbiyə
olunmuşuq, doğmaca
dayıoğlu – mamaoğluyuq.
Əslində biz qardaş
idik, dost idik, sevincimiz də, dərd-sərimiz də bir idi. Hər Şahmarı
ananda onun yazdığı misralar yadıma düşür:
Könlümdə bir
dəli
həsrət kişnədi,
Onsuz
gözlərimdə
dünya
heç nədi.
Ömrümün acılı-şirinli günlərini
xatırladıqca doğrudan
doğruya görürəm
ki, Şahmarsız bu dünya gözlərimdə
yarımçıq olardı. O, mənim
dünyamı tamamlayan
ayrıca dünya idi.
Dahilər havayı yerə
insanı yer üzünün əşrəfi
adlandırmayıb. Mənim üçün
yer üzünün əşrəfiydi Şahmar.
Ağlım söz kəsəndən varlığı ilə öyünmüşəm, fəxr
etmişəm, sirdaş
olmuşuq və ən nəhayət bir-birimizdən doymayan, yanında sözü keçən, əziz, mehriban qardaş olmuşduq Şahmarla. Lakin ulu
Tanrı bu qardaşlığı, bu
xoşbəxtliyi bizə
çox gördü.
O, bizim bütün qohumların, dostların xeyir-şər məclislərinin
yaraşığı, dərdlərimizin
ortağı idi. “Zalım oğlu” öz şeirlərində
xalqın, millətimizin
dərd-sərindən, sitəmindən
o qədər yazırdı,
tamarzı, həsrət
sözünü o qədər
işlədirdi ki, sanki bu həyatdan
tez küsüb gedəcəyini
bilirmiş, balalarını
dərdə-sərə salacağını,
bizi, qançəkərlərini,
dostlarını Şahmara
həsrət qoyacağını
bilirmiş. Ona sevinirəm ki, Şahmar qısa ömrünü namusla, şərəflə yaşadı,
kişi kimi yaşadı. Heç kimdən kömək ummadı, özü kara
gələn oldu, haya çatan oldu, dünyanı gözəlləşdirməyə can atdı. Yazılarında insanların ürəklərində
xeyirxahlıq duyğuları
oyatmağa, pul qazanmaqdan daha qiymətli şeylərin olduğunu anlatmağa çalışdı. Onunla ünsiyyətdə,
təmasda olmaq, oturub-durmaq, yol yoldaşı olmaq, səyahətə çıxmaq
hamı üçün
olduqca maraqlı idi. Şahmarla söhbətlərdən ziyalı da, dünyagörmüş qoca
da, müasir cavanlarımız da doymazdılar. Çünki bu söhbətlərdə
təbiilik, şirinlik,
səmimilik var idi, qeybətdən uzaq idi. Şahmarda çoxlarının görmədiyini
görmək, duymadığını
duymaq qabiliyyətindən
başqa gördüyünü,
duyduğunu mənalandırıb
sözlə ifadə etmək, poetik dillə canlandırmaq istedadı, gözəl natiqlik qabiliyyəti, ucadan əzbər şeir demək bacarığı vardı.
Hər adama dərdini deməz, ağrı-acısını içində
gizlədərdi. Ömrünün son illərində əsəblərini cilovlaya
bilmirdi. Hər hansı
qeyri-obyektiv televiziya verilişi və ya mətbuatda gedən yazı onu haldan çıxarırdı.
Çox
hayıf ki, Şahmar kimi əxlaqlı, zəngin mənəviyyatlı Allahı
sevdiyi qədər də millətini, xalqını sevən ziyalılarımız azdır.
Halal çörəyə
alışmış, həyatda
gözü, könlü
tox yaşamış,
özünə çoxlu
dostlar qazanmış,
heç vaxt vəzifəyə can atmamış
Şahmarı Allahdan aşağı Qarabağ
dərdi ilə yanaşı müasir insanların yoxsullaşan mənəviyyatı, kökündən
uzaqlaşması, müqəddəs
adət-ənənələrə arxa çevirməsi çox qəhərləndirirdi.
Haqqı
tapdanan bir millətin, kişilik heysiyyatı, qüruru ayaqlar altına atılan insanların dərdini çəkmək,
utanmayanın yerinə
utanmaq xarakteri onu bu dünyadan
vaxtsız apardı.
Hərdən şeirlərini, publisistik
yazılarını oxuyanda
onun ürək çırpıntılarını, dodaqlarının pıçıltısını
eşidirəm. Özüm də hiss etmədən onun ruhunun həmsöhbətinə
çevrilirəm. Mənə elə
gəlir ki, onun yaza biləcəkləri
çox şeylər
onun sinəsində, ürəyində əbədiyyətə
qovuşdu.
Səmimiyyəti, saflığı üzündən,
gözündən aşıb
daşırdı Şahmarın. Danışanda qardaş ərki ilə danışırdı.
Şahmar kimi ürəyinin
qanı ilə şeir yazmaq, dostluq münasibətlərini
saxlamaq, Qarabağı
sevmək hər oğulun işi deyildi. Allah bəlkə
də keçən əsrdə onu dünyaya dünyanın yiyəsiz dərdlərinə
yiyə durmaq üçün gətirmişdi.
Dərd-sərimiz isə nə
bir idi, nə iki, başdan
aşırdı.
Rəhmətliyin həyat fəaliyyəti bir kənd, bir oba üçün
yox, bir xalq üçün nümunə idi. Bütün həyatı
boyu istədiyi kimi yaşamadı, çətinlikləri çox
oldu, lakin heç bir kəs onun dilindən
şikayət eşitmədi.
Dərdini öz içində
boğa bildi. Zəmanənin onu necə sıxmasını yalnız
onun şeirlərindən
duymaq, hiss etmək olar. Şahmarın yaxın dostları,
respublikada hamı tərəfindən hörmətlə
yad edilən Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Nurəddin Rzayev dəfələrlə bizim
evdə olmuş, hörmətlə qarşılanmışdılar.
Şahmarın bu dostlarının
Ağdamın Mahrızlı
kəndinə gəlişi
həmişə bizim
üçün toy-bayrama
dönürdü. Bu dostların mənalı söhbətlərindən, duzlu
zarafatlarından doymaq
olmurdu. Söhbət elmdən, poeziyadan,
mədəniyyətdən, fəlsəfədən gedərdi.
Şahmar Üzeyir bəy
Hacıbəyovu mədəniyyət
tariximizin əlçatmaz
zirvəsi, musiqimizin Allahı adlandırırdı.”
Məndən olsa, bütövlükdə
Qarabağa Üzeyirbaycan
deyərdim” deyirdi.
Beləliklə, məclis gecəyarıdan
keçənədək davam
edərdi. Səhər tezdən
əziz qonaqları öz maşınımla Ağdama aparardım, Zeynal müəllimgilə.
Onlardan ayrılanda adətən Şahmar məni kənara çəkib deyərdi: “Ağalar, sən mənim tək dayım oğlu deyilsən, ürəyimin
parçasısan, qardaşımsan,
sirdaşımsan. Allah səni qorusun”.
Şahmar
“Azərbaycan gəncləri”
qəzetində işləyən
vaxtı onun iş yerinə getmişdim. 1976-cı il idi, onun
anası, mənim bibim təzəcə rəhmətə getmişdi.
Şahmar iş yerində yox idi. Səhv etmirəmsə, otaqda iş yoldaşı olan Aslan Kəmərli
mənə onun təzəcə getdiyini, Bəxtiyar Vahabzadə ilə görüşməli
olduğunu söylədi.
Mən isə ərklə onun masasının arxasına keçib kağız-kuğuzları töküşdürməyə
başladım. Gözüm istər-istəməz
teleqram mətninə sataşdı. Bu, Şahmarın yadımda deyil, hansısa dostuna anasına görə göndərdiyi
başsağlığı idi. Başsağlığı belə qurtarırdı.
“Qardaş, sənin
dərdini mənim kimi anası ölmüşlər bilər”.
Bu sözlər o vaxtı mənə adi görünsə də, indi məni
bərk tutur, çünki indi mənim də anam yoxdur, o hissləri mən indi keçirirəm.
Anaya olan ilahi sevgi şairin “Bircə saniyə” şeirində:
Yolçu ayaq saxla bircə saniyə!
Demirəm yanğıma gözündən
yaş tök.
Anamın
pak ruhu şad olsun deyə
Gedib öz ananın önündə diz çök!
Bəxtiyar Vahabzadə Şahmarın
bütün şeirlərini sevirdi.
“Mərkəzi poçtxana“ şeirini poeziyamızın
ən nadir, ilahi incilərindən sayırdı.
Üstdə dizin-dizin iməklədiyim,
Torpağın könlünü nə təhər alım?
Anamdır, bəs ona nə təhər deyim:
“Yanına gəlməyə yoxdur macalım”.
Atam uzun illər, 68 il eyni məktəbdə pedaqoji fəaliyyət göstərib ki, bunun da 40 ilə yaxınını məktəb direktoru işləyib. Kənddə öz hərəkəti ilə, sözü ilə, dünyagörüşü ilə sayılıb seçilib. Şahmar həmişə deyərdi: “Dayım Qulamın mənim həyatda formalaşmağımda müstəsna xidmətləri olub. Anamın aman-zaman qardaşı, atam əvəzi, istəkli dayım mənim ilk əlimdən tutanım, yol göstərənim olub”.
Bir dəfə Şahmar üzünü mənə tutub qeyzləndi:
“Dayıoğlu, köpəkoğlu hökumətdi bu! Dayım Qulamın nələr çəkdiyini mən bilirəm. Dayımın atasını bizim babamız Balışı da bəy adı ilə havayı yerə güllələyiblər. Mən bilirəm hansı dahilərin başını yeyib bu hökumət”. 1973-cü il sentyabr ayının 2-də 40 il bundan əvvəl Ağdamın Mahrızlı kəndində mənim toyum idi. Şahmar da toydan düz üç gün əvvəl ailəlikcə gəlmişdilər. Atam Şahmara yaxınlaşıb dedi: “Dur ayağa, bacıoğlu, bu gün sən məni əvəz edəcəksən. Bu mənim çoxdankı arzumdur. Elə hesab et ki, heç mən də toyda yoxam. Sən Ağaların böyük qardaşısan. Qalx ayağa! Ağsaqqal səni seçirəm”.
Cavan olmasına baxmayaraq Şahmar sadəliyi, dərin poetik təfəkkürü, bai kimi şirin danışığı, yüksək davranış mədəniyyəti ilə məclis iştirakçılarını məftun etdi. Danışığından hamı ləzzət aldı, oynamağına hamı heyran oldu Şahmarın. Gerçəkdən də onun munisliyi əlçatmaz idi.
Qüdrətli şairimiz, Şahmarın əbədi dostu Bəxtiyar Vahabzadənin 60 illiyi tədbirində türk dünyasının fəxri Çingiz Aytmatovun Bakıya gəlişini xatırlayıram. Çingiz ağa Vətəninə yola düşən axşam Şahmarın öz mənzilində qurduğu ziyafət yaddaşımda silinməz iz buraxıb. Çingiz ağa ilə həyat yoldaşı Məryəm xanımın, həm də əlbəttə ki, böyük şair Bəxtiyar Vahabzadənin şəninə düzəldilmiş bu məclisdə böyük alim mərhum Xudu Məmmədov, böyük türkşünas, əvəzsiz alim Əhməd Şimde, professor-həkim Nurəddin Rza, el ağsaqqalı, təkrarsız vətənpərvər , həmyerlimiz Zeynal Məmmədov iştirak edirdilər. Məclisin aparıcısı, masabəyisi də elə Zeynal müəllim idi. Məclisdə türk xalqlarının tarixi, ədəbiyyatı, mədəniyyəti, taleyi, uğur və uğursuzluqları barəsində ibrətamiz söhbətlər oldu. Çingiz Aytmatovun Şahmarın dünyada onun yeganə dostu olduğunu, onun böyüklüyünü, gözəl şair olduğunu deməsi heç bir vaxt yadımdan çıxmaz. Həmin vaxtdan hiss etdim ki, biz Şahmarı hələ yaxşı tanımamışıq, onun qədrini bilməmişik.
Nə qədər danışsaq da, səsləsək də hay vermir harayımıza Şahmar. Özü belə yazmışdı:
Ha səslən, dağılmaz əbədi yuxum,
Burnunun ucunu göynədər qoxum.
Çarpaz dağlar çəkər sənə yoxluğum
Çiləyər yarana duzu nə vaxtsa.
Mən bütün duyğularımı Şahmar kimi qardaşın, dostun, millətini, xalqını sevən bir oğulun əlçatmazlığı, ünyetməzliyi üzərində kökləməyə çalışdım. İndi Şahmar yoxdur, lakin ruhən mənimlədir. Şahmarın işıqlı çöhrəsi, dərya kamalı qarşısında həmişə baş əyir, onun vaxtsız ölümü ilə barışa bilmirəm. Sağlığında hörmət qazanana yoxluğunda əbədi rəhmət var. Allah ona qəni-qəni rəhmət eləsin!
Ağalar AĞAYEV
525-ci qəzet.- 2013.- 24 avqust.- S.29.