Bir qızılbaş şairi – Qəribi

 

 

XVI əsrdən başlayaraq Azərbaycan ədəbiyyatında səfəvilik, qızılbaşlıq ideyalarını təbliğ edən poeziyanın mövcudluğundan danışa bilərik. Bu poeziya istər klassik, istərsə də şifahi ədəbiyyata məxsus formalardan istifadə edirdi. Həmin dövrdə qızılbaş ideyaları elə geniş yayılmışdı ki, hətta Azərbaycan türkcəsi mənasında “qızılbaşca” sözü də işlədilirdi. Prof.T.Gəncəyi yazır: “Qızılbaşca” Səfəvi dövründəki türkcəni göstərmək üçün işlədilən bir istilah idi və bu sülalənin süqutundan sonra siyasi və məzhəbi çalara malik olduğundan aradan qalxdı”. Səfəvi təriqətinin ilk təbliğatçısı bu təriqətin banisi, Şah İsmayılın ulu babası Şeyx Səfiəddin Ərdəbili (1252-1334) olmuşdur. Lakin Səfəvi ideyalarını təbliğ edən türkdilli qızılbaş şeiri məhz Xətaidən sonra formalaşır və özünün ardıcıllarını tapır. Tədqiqatçılar haqlı olaraq qeyd edirlər ki, qızılbaşlıq ideyaları Xətai divanında daha aydın ifadəsini tapmışdır. Səfəvilərin ideyalarını, şiəliyi təbliğ edən, döyüşə gedən qızılbaş əsgərlərini “igib yektalar”, düşməni Yəzid, Şümri-Mərvan adlandıran Xətai qızılbaş ədəbiyyatının klassik nümunələrini yaratmışdır. Xətainin şeirlərində təriqətin, siyasi ideyalarının təbliği, Səfəvi bayrağı altında birləşməyə çağırış, igidlərin haqq-ədalət yolunda döyüşlərə səslənməsi, Həzrət Əlinin müqəddəsliyinin nəzərə çarpdırılması mühüm yer tutur. Şah İsmayıl Xətaidən sonra qızılbaş poeziyası ənənələrini davam etdirən Məhəmməd Əmani, Mürtəzaqulu xan Zəfər, Məsihi, Qurbani, Məlik bəy Avcı və s. şairlərimizin adını çəkmək olar. Şeirlərində qızılbaş ideyalarını hərarətlə təbliğ edən, risalələrində şiəliyin, səfəviliyin digər məzhəblərdən üstünlüyünü, Səfəvilərin, Şah İsmayıl Xətainin müqəddəsliyini sübut edən XVI əsr müəllifi Qəribi barədə son dövrlərdə məlumat əldə etmişik. Şairin Tehranın Məclise-Şuraye-İslamiye-İran kitabxanasında saxlanan əlyazma külliyyatının surətini almağımız onun həyat və yaradıcılığı barədə müəyyən fikir söyləməyə imkan verir. Qəribi külliyyatını ilk dəfə görüb araşdıran, buraya daxil olan şeirlər toplusu-divanı və “Təzkireyi-məcalisi-şüərayi-Rum” adlı osmanlı şairləri təzkirəsini 2003-cü ildə “Əxtər” nəşriyyatında ön söz və izahlarla nəşr etdirən Cənubi Azərbaycan alimi doktor Hüseyn Məhəmmədzadə Sədiq (Hüseyn Düzgün) olmuşdur. Külliyyatın ayrı-ayrı yerlərində rast gəlinən məlumatlar əsasında Qəribinin Anadolunun Məntəşə bölgəsində böyüyüb boya-başa çatdığını, sonradan şiəlik, səfəvilik, qızılbaşlıq ideyalarını qəbul edərək I Şah Təhmasibin dövründə (1524-1576) Azərbaycana gəlib Təbrizdə saraya yaxınlaşdığını, burada şeirləri, dini risalələri ilə Səfəvi xanədanına, şiəlik, qızılbaşlıq ideyalarına xidmət etdiyini söyləyə bilərik. O.Əfəndiyev “Azərbaycan Səfəvilər dövləti” adlı kitabında göstərir ki, “1501-ci ildə şiəlik Təbrizdə dövlət təriqəti elan olunduğu zaman yeni təriqətin əsaslarını möhkəmlətmək barədə məsələ qalxdı və məlum oldu ki, şiə dini təliminə dair bir kitab da yox idi”. Cəsarətlə deyə bilərik ki, yeni Səfəvilər dövlətinin ideoloji əsaslarını yaradan, bu məsələyə dair Azərbaycan türkcəsində əsərlər yazan ilk alimlərdən biri də Qəribi olmuşdur. Onun külliyyatının yeganə əlyazma nüsxəsinə daxil olan əsərləri nəzərdən keçirək: 1) Mənaqib – Nəzmlə və səcli, qafiyəli nəsrlə yazılmış bu əsər 12 imamın fəzilətindən bəhs edir; 2) “Hekayəti-Yuhənna təkzibü məzəmməti-münafiqan və təsdiqi-yəqini-əhli-iman” risaləsi. Müəllifin ərəbcədən tərcümə etdiyi, sonunda öz fikirlərini əlavə etdiyi bu əsərdə dinlər və məzhəblər müqayisə edilir, islamın və şiəliyin üstünlüyü sübut edilir; 3) 14 məsuma, xüsusi olaraq Əliyə və Hüseynə, I Şah Təhmasibə həsr edilmiş qəsidə, tərcibənd və tərkibbəndlər. İ.Babacan bu şeirləri Səfəvi dövrü türkcəsinin ilk nümunələrindən hesab edir; 4) “Çahar fəsil” adlı nəzm və nəsrlə yazılmış risalədə Qurana və peyğəmbər hədislərinə istinad edən müəllif şiə məzhəbinin üstünlüyundən, həzrət Əlinin vilayət  kəramətlərindən danışır; 5) Qəribi divanı; 6) “Təzkireyi-məcalisi-şüərayi-Rum” adlı şairlər təzkirəsi.

Göründüyü kimi, Qəribi əsərləri ilə Səfəvi dövlətinin ideloji təməllərinin yaradılmasına xidmət etmişdir. Fikirlərini geniş kütlə arasında yaymaq istəyən və şübhəsiz ki, Səfəvi sarayanın sifarişini yerinə yetirən şair əksər əsərlərini Azərbaycan türkcəsində yazmışdır. Qəribi külliyyatının 184 vərəqdən ibarət yeganə əlyazması XVI əsrdə Səmərqənd kağızına nəstəliq xətti ilə köçürülmüşdür. Üzərindəki qeydlərdən məlum olur  ki, nüsxəni 1590-cı ildə Muxtar ibn İraqi Maraği köçürmüşdür. Bu qeyd əsərin müəllif tərəfindən yazılmasından xeyli sonrakı dövrə aiddir.

Qəribinin həyatı barədə danışarkən ilk növbədə onu qeyd etmək istərdik ki, onun doğulub boya-başa çatdığı Məntəşə bölgəsi, bütövlükdə Şərqi Anadolu şiəlik, Qızılbaşlıq ideyalarının geniş yayıldığı məkan olmuş, I Şah İsmayılın başçılığı ilə Səfəvilər dövləti yaradılarkən Anadolunun bir çox türk oymaqları onun səsinə səs verərək ətrafında toplaşmışdır. Qızılbaş poeziyasının bir sıra nümayəndələri burada yetişmişlər. Şair təzkirəsində Şahidi Dədənin Məntəşə və Muğla bölgəsindən olduğunu bildirdikdən  sonra “Mən də ol vilayətdə ikən hələ cəhl aləmində idim, əksər ovqatda nəzərinə varub Məsnəviyi-Mollayi-Rumdan və nəhv və sərf kitabından dərs oxurdum” yazmışdır. Təzkirəsində müəllif İbrahim Gülşəni Bərdəi I Sultan Süleyman tərəfindən ölkəyə dəfət edildikdə İstanbulda olduğunu, onun əlini öydüyünü məlumat verir. Buradan belə nəticəyə gəlmək olar ki, Gülşəninin 1528-1529-cu illərdə İstanbula gəldiyi vaxt Qəribi orada olmuş, Təbrizə 1530-cu illərdə köçmüşdür. İ.Babacan ərəb və fars dillərini mükəmməl bilən şairin ömrünün sonuna qədər Təbrizdə qalıb burada vəfat etdiyi ehtimal edir.

Qəribinin demək olar ki, bütün əsərləri Azərbaycan türkcəsində yazılıb. Onun osmanlıca yazdığı “Təzkireyi-məcalisi-şüərayi-Rum” təzkirəsində Azərbaycan türkcəsinin güclü təsiri hiss edilir. Təzkirənin dibacəsində Qəribi ayə və hədislərdən sitat gətirdikdən sonra Peyğəmbərdən də şeir sadir olduğunu (onun da şeir yazdığını) deyir, Həzrət Əlinin, imamların şeirlərindən nümunələr verir, Şah İsmayılı və şairliyini tərifləyərək qəsidəsini, babası Şeyx Səfiəddin Ərdəbilinin türkcə 2 beytini verir. 54 şair barədə məlumatdan, əsərlərindən nümunələrdən ibarət  təzkirədə müəllif şiəliyə, sufiliyə, dərvişliyə, Mövlana Cəlaləddin Rumiyə meyl edən şairlərə üstünlük verilmişdir. Təzkirənin yazılma səbəbi barədə Qəribi deyir ki, ərəb və fars şairləri barədə məlumatlardan ibarət əsərlər olsa da, türk şairlərinə həsr edilmiş belə bir toplu yoxdur. Buna görə bir təzkirə tərtib etmək fikrinə düşmüşdür. Burada Mövlanadan nümunə gətirilmiş türkcə beytlərə başqa heç bir mənbədə rast gəlmirik. Cəlaləddin Ruminin türkcə 2 beyti Peyğəmbərə və Həzrət Əliyə həsr olunub:

 

Olar kim, bəndeyi-xasi-Xudadır,

Mühibbi-xanədani-Mustafadır.

Həqiqət Kəbəsinin qibləgahi,

İmamü pişnəvamız Mürtəzadır.

 

Osmanlı şairi Cəfər Məddah barədə müəllif yazır: “Bir kitab dəvazdəh imam əleyhüssəlam üçün tənzim qılmışdır”. Safi barədə belə deyilir: “Divanında dəvazdəh imam və həzrət İmam Həsən əleyhüssəlam üçün mədh və mərsiyələr yazmışdır”. İbrahim Gülşəni barədə müəllif yazır ki, I Sultan Süleyman şiə alimi olduğunu bilib onu yanına dəvət etmişdir: “Sədayi-səma` və səfası padşahi-Rum qulağına yetib “isni-əşəridir” deyə dəvət qılıb xunkara gətirdilər”. Təzkirənin dili sadədir, bəzi yerləri “Kitabi-Dədə Qorqud” dilini xatırladır. Rövşəni barədə oxuyuruq: “Aydın elində, Yaylıca adlı köydən qopmuşdur”.

Qəribinin əsərləri, xüsusilə də divanı şairi XVI əsr Azərbaycan ədəbiyyatının, qızılbaş şeirinin görkəmli nümayəndəsi kimi nəzərdən keçirməyə imkan verir. Onun şeirlərinin dili Azərbaycan türkcəsidir. Bu əsərlərdə ən sox Nəsimi və Xətainin təsirini görürük. Şair əsərlərində Nəsimidə rast gəldiyimiz hürufi rəmzlərindən istifadə edir, bəzən onun şeirlərinin ritmini də təkrar edir:

 

Yüzümü əhli-nəzər nuri-yəqindir dedilər,

Sünbülün tövrəsini həbli-mətindir dedilər.

 

Qəribi dəfələrlə şeirlərində qızılbaş olduğu ilə fəxr etdiyini bildirmişdir:

 

Biz əzəl gün dəsti-qüdrətdən qızılbaş olmuşuz,

Taci-şahi geymişiz, eşq əhlinə baş olmuşuz...

Canü dil nəqdini şah yolunda xərc etdik, vəli,

Biz qəniyiz eşq ilə, sanmın ki, qəllaş olmuşuz.

 

Qəribinin fars şairlərindən daha çox Hafiz Şirazidən təsirləndiyini görürük. O, Hafizin bir neçə şeirinə qafiyəni saxlamaqla türkcə nəzirələr yazmışdır. Şairin xalqın dilinə yaxın dildə yazılan şeirlərində bir sıra atalar sözü və məsəllərə də rast gəlirik.

Əminik ki, Qəribinin şeirlərinin nəşri və tədqiqi onun XVI əsr ədəbiyyat tariximizdəki mövqeyini müəyyənləşdirməklə bərabər həmin dövr ədəbiyyatımız barədə təsəvvürlərimizi genişləndirməyə kömək edəcəkdir. Şairin nəsr və nəzmlə yazdığı əsərlərin ədəbi dil tariximizin öyrənilməsində əvəzsiz mənbə olduğuna da şübhəmiz yoxdur.

Qəribinin bir neçə şeirini oxuculara təqdim edirik.

 

Qəribi

 

Qəzəllər

 

Yarəb, ol məh, mənlə bir gün mehriban olmazmola?

Ram olub mən pir ilə arami-can olmazmola?

Üstüxan olmuşdurur qəmdən bu cismi-lağərim,

İtlərinə bari meyli-üstüxan olmazmola?

Eşiginə paymal olmağa, yarəb, aqibət,

Canü başım yarə xaki-astan olmazmola?

Az günah ilə məni saldı nəzərdən sevdigim.

Gər çağırsam şahə bir mürvət aman olmazmola?

Canü baş təqsir edər məndən – Qəribi der imiş.

Qəmzəsi tiğinə bir dəm imtəhan olmazmola?

 

lll

 

Səri-kuyində cənnət bir hekayət,

Cəmali-hur, yüzündən bir rəvayət.

Məsih ənfası ağzından lətifə,

Xızır suyu ləbindən bir kinayət.

Yeri qoy, zahida, duzəx dəmindən,

Yüzünə qarşu kim eylər şikayət.

Qübari-kuyi-yarın arizusu,

Məni yaxdı, səba, etgil himayət.

İki aləmdə, cana, bu Qəribi,

Umar səndən kərəm, şahdan inayət.

 

lll

 

Məst xab alud ikən çeşmin xumar olmuşdurur,

Zülfi-mişkinin pərişan ruzigar olmuşdurur.

Çeşmi-bimarın üçün qurban olam hər guşədə,

Yüz mənim tək xəstəvar bil kim, həzar olmuşdurur.

İzzət ilə mən qədəm yolunda, ey cani-əziz,

Kim necə izzətli başlar bərgüzar olmuşdurur.

Eşqü bimarivü dərvişivü cövri-ruzigar,

Rahi-qürbətdə mənə bir-bir düçar olmuşdur.

Sorsalar halın, Qəribi, sənin, de kuyi-yarda,

Binəvavü bizəru bizurü zar olmuşdurur.

 

lll

 

Yüzünü əhli-nəzər nuri-yəqirdir dedilər,

Sünbülün dövrəsini həbli-mətindir dedilər.

Nəzm dəndanına ki, mən der idim abi-həyat,

Xurdəbinlər görübən dürri-yəmindir dedilər.

Dilü din aldı xətin əldən, ana onun üçün,

Fitneyi-xəlqü bəlayi-dilü dindir dedilər.

Cənnəti-ədni-səri-kuyinə üşşaqi-cəhan,

Səhni-baği-irəmü xüldi-bərindir dedilər.

Ey Qəribi, görübən yüzün o xurşidvəşin.

Əhli-həq, nuri-səmavatü zəmindir dedilər.

 

lll

 

Biz əzəl gün dəsti-qüdrətdən qızılbaş olmuşuz.

Taci-şahi geymişüz, eşq əhlinə baş olmuşuz.

Yanmışız pərvanətək şahın cəmalı şəm’inə,

Aşiqi-sadiqləriz, aləmlərə faş olmuşuz.

Ahı bərbad eyləyib əşki suya salsaq, nə qəm,

Şahi eşqin eşigi xakinə fərraş olmuşuz.

Şah eşqilə girib əhli-səfa meydanına,

Can ilə baş oynarız, bu bəzmə şabaş olmuşuz,

Canü dil nəqdini şah yolunda çərx etdik, vəli,

Biz qəniyiz eşq ilə, sanmın ki, qəllaş olmuşuz.

Talibi-eşqiz, bizə mürşid yetər bu şahi-eşq,

Çox şükür Allaha kim, şah ilə yoldaş olmuşuz.

Ey Qəribi, əşki-gövhərbarü nəzmi-pak ilə,

Rahi-eşqində şahın gör necə dürpaş olmuşuz.

 

 

Paşa ƏLİOĞLU

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor əvəzi

Əlyazmalar İnstitutunun direktor əvəzi,

filologiya elmləri doktoru

 525-ci qəzet.- 2013.- 24 avqust.- S.28.