Məhəmməd Əmin Rəsulzadə- Əsərləri

 

 

 

(1917-aprel 1918)

Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi

Transliterasiya redaktorları:

professor Şamil VƏLİYEV,  elmi işçi Samir MİRZƏYEV

 

 

 

IV cild

 

(Əvvəli ötən şənbə sayımızda)

Qiyamət

Rusiyanın keçirməkdə olduğu halını sərlövhə ittixaz etdigimiz kəlmədən başqa bir təbirlə tərif etmək mümkün degildir.

Qiyamətin nəyi olar? Əsrlərdən bəri böyüyüb 170 milyon can ilə dünyanın altıdan birini, daha məruf bir təbirlə “rəbbi-məskuni” işğal edən böyük məmləkət parçalanmaqda: Rusiya istibdadının zülm əlilə qurduğu bu alabəzək yorğan bütün tikişlərindən ayrılmaqdadır. Mərkəz bir ixtilal əncində, ordu pozğun, əhali pozğun. Qardaş qardaşı öldürüyor. Şəhərlər kəndləri, kəndlər şəhərləri düşünmüyor, düşünəmiyorlar. Bir tərəfdən qələyi-hürriyyətin son zaviəyi-bəlasına çıxılıyor, digər tərəfdən siyəçal zülm və istibdad giriyor.

Xaricə qarşı sülh bağlamaq acınacaq bir halə gəlmiş, zavallı məmləkəti divi-hərbin doymaqbilməz çənəsindən qurtarmaq üçün daxili hərblər başlıyor. Həm öylə bir şiddətlə başlıyor ki, tarix tazədən Bartalamey gecələrini görməyə, Bastil istilalarını tamaşa etməyə, Jakobin (Yakobin) mərəkələrini seyr qılmaya, Vandaya qitallarını qeyd etməyə başlıyor.

 

Şöyləcə bir quş baxışından geniş Rusiya səhnəsinə baxılarsa, aclıq, səfalət, fəlakət, hərb və ixtilallara məruz qalan bu səthidə əqilləri heyran buraxacaq qəribə mənzərələr, təsəvvürlərə sığmayacaq əcinnə hallar görüləcəkdir.

Bir tərəfdə bütün dünyayı cənnət elan edəcək dərəcədə böyük xəyallar arxasından qoşan və qoşduğu əsnada hər növ mane və uçurumları nəzərə almayan inqilabçılar duruyor ki, eyyühannas hürriyyəti-tamdır. Kimin nə həqqi varsa gəlsin, aparsın. Tazə Rusiya köhnə Rusiyanın payənd olduğu əhdlərin heç birini heç kimsədən ötrü məcburi bilmiyor:

 

“Kim dilərsə söylə gəlsin, kim nə dersə qoy desin,

Bu dəmdə yox bizim dərbanü hacib, kirvətaz!”

 

diyor. Fəqət buna qarşı təbii olaraq qapıda hələ bir çox qapıçılar durduğu görülüyor ki, həqlərini almağa gələn hüquq ərbabı ilə bərabər böylə cəsuranə bir surətdə bütün qapıları açmağa və bilcümlə zəncirləri qırmağa cəsarətlənənləri əzməgə hazırlaşıyorlar. Bir tərəfdə mərkəzdəki idarəyi əlinə keçirən Leninlə Trotski ildırım surətilə biri-biri ardından fərmanlar, iradələr çıxarıb sosializm inqilabı yayır, digər tərəfdən də Kaledin ilə Kerenski tədbirlər görüb bolşevizmi əzməgə hazırlaşıyorlar. Bu iki qüvvənin daha nə kibi nəticələrə müncər olacağı bəlli olmayan toqquşmasından çıxan qığılcımlar yanıb tüstüsü ilə qararmış Rusiya fəzasında qismən anarxiya, qismən də monarxiya kətibələri tərsim ediyor.

İştə, bu cəhənnəm son bir mənzərəyi-hövlin təsvir edən daxili Rusiya üzərində adətən Püli-Sirat kibi olaraq Məclisi-Müəssisan seçkiləri görünüyor ki, müxtəlif millətlər, firqə, partiya və siniflər seçilə, bu dərəyə bu qıl köprü üzərindən keçiyorlar.

Ötədə kəsif bulutlar arasında arabir 8 qapılı bir bina görünüb, haman örtülüyor, gözlərdən nəhan olub gediyor. Bu, Rusiya inqilabının ilk gündən etibarən adətən bir cənnət kibi gözləyən Məclisi-Müəssisandır. Rusiyalılar şu qıl köprüyü ötüb də o böyük məclisə irə biləcəklərmi?

İştə, ağır bir sual!

Oraya irib-irəməyəcəkləri bir sual olsa da, burası mühəqqəqdir ki, orası artıq bir Məclisi-Müəssisan olmayıb, adətən bir məfhəli-mühasiban olacaq. Hər kəs buraya gəlsə, müəyyən tələblər və aydın vəkillərlə gələcək, bu bənimdir deyəcək də, təsdiqini istəyəcəkdir.

Əvət, qiyamətdir. Hər kəs qalxmış, hər kəs qiyam etmiş. Yalnız siniflər degil, millətlər də qalxmışlardır. İştə, böyük Rusiya cümhuriyyəti baxınız, müxtəlif cümhuriyyətlərə bölünüyor. Bu yanda Ukrayna, o yanda Finlandiya, Krım, Sibirya, Don, Terski oblastı! Zaqafqasiya, nəhayət Gürcüstan!

Hamısı başının həşirində, hamısı öz fikrindədirlər!

Çünki qiyamətdir. Çünki buməl saeyədir. 8 ay bundan müqəddəm istibdad yıxılmışsa da, mərkəziyyət daha yıxılmamışdı. Fəqət biri-digərilə mərbur idi. Birincisi getdikdən sonra ikincisinin davamına da məhəl yoxdu. İştə, mərkəz uçuruldu. Mərkəzi hökumət mübariz firqələrin əllərində oynar bir kos halına gəldi. Rusiyanın istər-istəməz ancaq ədəmi-mərkəziyyət üsuli ilə təkrar Rusiya ola biləcəgi ən inadlı mərkəziyyətçilərcə də qəbula keçdi. Başqa çarə qalmadı. Rusiya Məclisi-Müəssisanından əvvəl Rusiya cəmahiri-müctəmməsini təşkil edəcək millət və vilayətlərin kəndi məclisi-müəssisanlarını dəvətə ehtiyac göründü. Qonşumuz gürcü milləti də bu yol ilə getdi.

Əvət, Rusiya millətlərinin qiyamətidir. Suri-İsrafil çalınır. Ölümə məhkum olan millətlər diriliyor, ricət ediyorlar.

Bu qiyamətdən mütəəssir olmaz, bu meydani-rəstaxizdə əsəri-həyat göstərəməzsək, ikinci bir qiyaməti bizə kim təmin edə bilər?

Biz türklər lillahilhəmd müsəlmanız, müsəlmanlar ricətə inanıyorlar. Öldükdən sonra dirilmək, bəs bədəlmövt vardır!

Qiyamətdir, surlar çalınıyor. Haydı qalxalım, Azərbaycan Məclisi-Müıssisanını düşünəlim, milli komitələr konqresinin qərarlarını heç durmadan qövldən-felə gətirəlim. Heç də naümid olmayalım. Bütün qüvvətlərimizi toplayalım. Biləlim ki, qiyamət həqq, bəs bədəlmövt də həqdir!

 

M.Ə.Rəsulzadə

“Açıq söz”, 29 noyabr 1917, ¹616

 

 

 

Kətibə – hərbi dəstə, hissə

Hövl – qorxu

Püli-Sirat – Sirat körpüsü

Bum – ölkə

Ricət – dirilmə

Rəstaxiz – dirilmə (qiyamət günü)

Zaviyə – guşə, künc-bucaq

Müstəme – toplanmış, birləşmiş

Millətlərin hüququ və hərəkətləri

 

Hürriyyətin birinci günlərində hürriyyətçilərdən bir çoxu federasyon sözünü eşitmək belə istəmiyorlardı. Yalnız hakim millət olan velikorus məhfilləri degil, məhkum millətlərə məxsus bir çox partiyalar dəxi elani-hürriyyətlə Rusiyada milliyyət məsələsinin həll olunub qurtarmış olduğunu iddia ediyorlardı. Bu iddiayə Rusiya türklərinə mənsub olan bir çox siyasilər dəxi iştirak ediyorlardı. Hələ birinci Qafqasiya qurultayında məhəlli-milli muxtariyyət tərəfdarları ilə milli muxtariyyət tərəfdarları arasında şiddətli bir mübarizədir gediyordu.

Federasyon ziddi olan məhfillər başqa-başqa düşünüyorlardı. Onlardan bəzisi “Rusiya bölünməz” diyor, digər qismi də “Rusiya demokratiyası buna razı olmaz” söylüyordu.

Birincilərə federasyonun bölgü olmadığını dəlil və sübutlarla, fənn və təcrübələrlə isbat etmək mümkün idisə, ikinciləri iqna üçün sözdən çox iş gərək idi.

Bu iş oldu. Rusiya inqilabçı demokratiyası iş başına gəldi. Bolşevik çıxışından sonra sırf əmələ, kəndçi və soldat kütlələrinə dayanan Xəlq Komissarları hökuməti millətlərin hüququnu bilaşərt və qeyd qəbul edib elan etdi ki, hanki millət nə cür istərsə, öz müqəddəratını özü həll eləsin. İstərsə muxtariyyət, istərsə istiqlal, hətta istərsə başqa bir dövlətə belə qoşulacağını elan eləsin.

Demokratiyanın böylə bir cəsarət və qətiyyətlə meydana çıxması eyni cəsarət və şiddətlə bir əksülhərəkə yaratdı. Bolşeviklərə qarşı kadetlər və kadet ruhlu sosyalistlər çıxdılar. Hökuməti-mərkəziyyə ortadan qalxıb hamı vilayət və millətlərə kəndi başlarının çarəsini görmək, Rusiya federasiyasını iştə əmələ gətirmək lazım gəldi. Millətlərin bu yoldakı hərəkətləri itiləşdi.

Ukrayna ayrıldı, Krım elani-muxtariyyət etdi. Volqaboyu ilə Sibirya müsəlmanları milli muxtariyyətlərini qurdular. Türküstan, Başqirdistan muxtariyyətləri təsis etdi, Qafqasiyada Don hökuməti ilə Terek dövləti bina tapdı.

Zaqafqasiya dəxi müvəqqəti bir hökumət vücuda gətirərək özünü bir növ müstəqil kibi düşündü.

Millətlər bir tərəfdən böylə təşəkkül edərək, digər tərəfdən də Məclisi-Müəssisan seçkiləri davam eləyib durdu. Məclisi-Müəssisan yaxında toplaşa biləcəkmi, yoxmu bu bir məsələ isə də, Məclisi-Müəssisanın federasyondan başqa bir şəkli-idarə qəbul edə bilməyəcəgi mühəqqəqdir. Yalnız vilayətlərlə millətlərin bütün hərəkətlərində görünən bir şey vardır ki, o da muxtariyyətlərin birər olmuş iş kibi Məclisi-Müəssisan hüzuruna çıxmasıdır. Bu xüsusda Qafqasiya millətlərindən gürcülər dəxi öz tədarüklərini görmüş, milli-məhəlli muxtariyyətlərinin əsaslarını milli qurultaylarında qət eləmişlərdir.

Geridə qalan yalnız biziz. Yalnız Zaqafqasiya müsəlmanları, daha doğru bir təbirlə Azərbaycan bu günə qədər sözünü söyləməmişdir.

Rusiya türkləri arasında birinci dəfə olaraq federasyon əsasını elan edən Azərbaycan türkləri proqramlarındakı Başqırdıstan, Türküstan, Krım muxtariyyətlərini hala kəndi muxtariyyəti naminə degil, komitə və ya firqələri adından təbrik etmək məcburiyyətindədir. Bunun əlbəttə ki, məlum səbəbləri vardır.

Fəqət bütün bu səbəblərlə bərabər Azərbaycan muxtariyyəti haman bir əmri-vaqe halını almalıdır. Bunun üçün lazımdır ki, hər şeydən əvvəl Azərbaycan Məclisi-Müəssisanı dəvət olunsun. Bu dəvətin şəkil və tərtibi milli komitələr konferensiyası tərəfindən milli Zaqafqasiya komitəsinə həvalə olunmuşdur. Zaqafqasiya Komitəsi bu məsələyi ciddi surətdə həll edib tələsməli, bir an əvvəl Məclisi-Müəssisan dəvətinə başlamalıdır. Vəqt keçiyor, ötürülən vəqtlərin məsuliyyətindən çıxmaq müşküldür.

 

M.Ə.Rəsulzadə

“Açıq söz”, 8 dekabr 1917, ¹624

 

 

 

Bugünki ibtida

 

“İslam asari-ətiqə cəmiyyəti”nin təşəbbüsü ilə bu gün Bakı müsəlmanları Şah Evlərinin yüz illik əsarətdən çıxmasını görəcəklər. Türklər xanlarından qalma o asari-ətiqəni görməklə istiqbala qarşı ümidlər qazanacaqlar.

 

Rusiya Qafqasiyayı aldıqdan, Azərbaycanı fəth etdikdən sonra milliyyətimizi, mədəniyyətimizi bizə xatırladacaq nə varsa hamısını ortadan qaldırmaq, yıxmaq, dağıtmaq istədi. Yıxamadığı asarı isə əsarət altında bulundurdu. “Xan Sarayı” (Şah Eyvanı) da böylə əsarətə məhkum edilmiş binalardan idi.

Bakı duması vəqtilə müraciət eləmiş, Qafqasiya hökumətindən diləmişdi ki, “Xan Sarayı” kəndi idarəsinə verilsin. Bu təşəbbüsə rədd cavabı verilmişdi. Bu cavabın rəsmi sübutları nə olmuş, onunla işimiz yox. Fəqət məşhurdur, məsələ müzakirə olunurkən rus generallarından birisi demiş ki: “olmaz, Xan Sarayı açılamaz. Çünki açılarsa o zaman yerli müsəlmanlar onu görər. Sabiqki istiqballarını xatırlarlar”.

Müstəbid Rusiyanın qara və cəbbar generalları, istiqlali-milliyyəmizin bir abideyi-mədəniyyəsini təşkil edən Saraylarımızı bizə göstərmək cəsarətində bulunmayırdılar. Fəqət hürriyyət və inqilab gəldi. Rus demokratiyası tarixdə misli görülməyən xariqüladə bir cəsarət göstərdi. Millətlər azaddır. Kim nə cür istərsə özünü idarə eləsin – dedi.

Zəhmətkeşlərlə məzlum millətlərin inqilabı nəticəsində elan olunan böyük həqiqətdən, millətlərini, milli istiqlallarını təmin eləmək imkanından Rusiyadakı millətlər muxtariyyətlərini elan eləmək, milli hökumətlərini qurmaq kibi qədəmlər götürməklə istifadə etməkdə ikən biz Xan Sarayını təslim almaqla qaneyiz.

Qoy bu gün 110 ildən bəri əsir bir halda bulunan Şah evlərindəki müsibətdən azad bir səda ilə çağrılacaq əzan səsi böyük ibtidalərin müqəddiməsini təşkil eləsin!

Qoy mədəniyyəti-islamiyyənin o qiymətdar binası, qoy türk varlığının o dəgərli xatireyi-istiqlalı sitareyi-ümid arayan elpərvər simalara gülsün.

 

Bu gülüş bizi sərşaraid etməklə bərabər, qoy ciddiyyətimizi də təhrik eyləsin.

Qoy vəlvəleyi-aləm içində pək kiçik görünən bugünki ibtida daha böyük ibtidaların müqəddiməsini təşkil eləsin!

 

M.Ə.Rəsulzadə

“Açıq söz”, 22 dekabr 1917, ¹635

 

İbtada – başlanğıc

Vəlov – hətta belə də

 

Təcənnüm – xəyalət, xəyalda

Eyvan – burada qəsr mənasındadır – Ş.H.

 

Sitarə – ulduz

Sərşar – məst, kefli

 

 

 

Həmiyyət günü

 

Məlum olduğu üzrə Nargin cəzirəsində neçə min əsir var ki, bunlardan 3900-dan ziyadəsi türkdür. Əsirlər məzkur cəzirədə nəhayət dərəcə fəna bir hal keçiriyorlar.

İçməgə su, yeməgə azuqə, geyməgə libas və yatmağa yorğan-döşək tapmıyor və hər gün aclıqdan, soyuqdan 20-30 adam ölüyor.

Axır zamanlar, fəlakət içində qalmış bu biçarə Adəm övladına yardım qəsdilə Bakıda bir cəmiyyət təşkil edilmişdir. Məzkur cəmiyyət müsəlmanlardan ianə yığaraq əsirlərə (bilafərq din və məzhəb) pul, məkulat və sair veriyor. Fəqət yalnız məkulat verməklə onları amansız əcəlin əlindən qurtarmaq olmaz, bunları soyuqdan da hifz etmək lazım gəliyor. Lakin imdiki zamanda on min əsirə libas və yorğan-döşək hazırlamaq üçün milyonlar lazımdır. Həm də pul olsa da vəqt yoxdur. Ona görədir ki, “Möhtaclara kömək” cəmiyyəti bu gün, dekabrın 24-də evləri gəzərək əsirlər üçün əşya yığmayı təhti-qərara almışdır.

Üzümüzü həmişə himmət və həmiyyətini göstərmiş olan cəmaətimizə tutaraq yüzlərcə insan balası, vətən müdafisi, namus və heysiyyət xadimi olan bu əsirləri ucuz-baha ilə ölüm çəngəlindən qurtarmaya dəvət ediyoruz.

Qoy cəmaət bu gün cəmiyyət adamlarını hüsni-qəbul və əllərindən gələn ianə etsin. Qoy cəmaət bilsin ki, bu gün ianə edilən hər bir yorğan, bir döşək, bir paltar bir adamı ölümdən xilas ediyor.

Cəmaət bilsin ki, Nargin cəzirəsindəki üsəra cümləsində 4000-ə qədər din və qan qardaşımız bizdən türklük, islamlıq və insanlıq naminə həmiyyət və himmət gözlüyor.

Bu gün Bakı cəmaəti qardaşlıq hissini göstərməli və əlindən gələn qədər onlara kömək etməlidir.

“Açıq söz”, 24 dekabr 1917, ¹636

Üsəra – əsirlər

 

 

 

Milli hal və hissiyyat

“İslam Asari-Ətiqə cəmiyyəti”nin təşəbbüsü ilə Xan sarayı təsliminin keçən cümə gününə təyin olunan mərasimi mütəşəbbüslərin intizarından son dərəcədə yüksək milli bir nümayiş şəklini aldı. İsmailiyyə binası saət 11-ə doğru o qədər böyük bir kəsrət və izdiham toplamışdı ki, mühəndislər zalın bu qədər siqlətə davam gətirəməyəcəginə zahib olmuşlardı. Yalnız böyük salon degil, qarşıdakı balkon pillələri, qapılar, Nikolayevski küçədəki səkilər dəxi müxtəlif bayraqlarla gələn cəmaətlə dolu idi.

İsmailiyyədən xəlqin İçəri şəhərə Xan sarayı yolundakı yerə getməsi, oradan dəstələrlə nəğmələr oxuyaraq Tazəpir həyətinə axın etməsi, pir həyətindəki böyük mitinqimizi muxtariyyət babətdə söyləyən nitqləri alqışlamaq, muxtariyyət müməssili olan Türk Ədəmi-Mərkəziyyət “Müsavat” firqəsi bayraqlarının hər yanda məzhər olduğu hüsni-istiqbalını təbriklər, milli ehtiyat zabiti məktəbi şagirdanının könüllərə verdigi sevinclər, cəmaətin bir-birini təbrik etmələri, xülasə əksər ürəfamızca belə məchul bulunan bu milli hissi-təbarıqlığı hal və hissiyyatın nə yolda olduğunu göstəriyordu.

Hal və hissiyyat müəyyən idi. Xan sarayı təslimində görülən bu milli şənlik millətin bilasinif və firqə muxtar olmaq, muxtariyyətə malik bulunmaq niyətində olduğunu göstəriyordu. Millət artıq özünü bilmiş, istərsə rəyi-aləm qurunuz, nə edərsəniz ediniz, millətin rəyini sorunuz, o rəy müəyyəndir – muxtariyyət, özü-özünü idarə etmək, milli hökumət qurmaq.

Millətin hal və hissiyyatı bu yoldadır. Biz bunu daha hürriyyət elan edildigi gündən etibarən yəqin eləmiş, xətti-hərəkətimizi də o yolda tutmuşduq. 8 ayın ərzində bizimlə çox bəhslər etdilər, bu bəhslər əsl məqsədi əldə etməgə az əngəllər çıxarmadı. Fəqət imdi ortada bəhs etməgə, biri-digərini qandırmaya nə məhəl var, nə səbəb!

Bundan səkkiz ay qabaq muxtariyyət siyasi böyük bir fikirdən çıxma şüar idisə, imdi artıq bir zərurətdir. Millətin yalnız amalları degil, vücudunu dəxi saxlayacaq şey ancaq muxtariyyətdir.

Bunu cümə günki hal və hissiyyatını bəyan etməgə söyləyən yalnız türk milləti degil, bugünki gündə Qafqasiyanın bütün millətləri, bütün demokratiyası etiraf etməkdədir və Rusiyadakı böhrandan çıxmaq üçün başqa heç bir çarə görməməkdədir.

Millətin müqəddərati-siyasiyyəsini idarə etmək kibi ağır bir vəzifeyi-tarixiyyə ilə mükəlləf olan millət başçılarına millətin bu coşub daşmaqda olan hal və hissiyyatı qarşısında böyük məsuliyyətli bir vəzifə yükləniyor. Bu vəzifə bu vəqtə qədər gövşək gedən millət işlərini daha ciddi bir hala qoymaq, toplanan hissiyyata təbii bir məcra verməkdən ibarətdir.

Rus siyasilərindən birisi demiş ki: “Bizdə millət sağlaşacaq, hökumət isə sollaşacaqdır”. Bizim mühitimiz təqdid olunursa bu tərifin tamamilə əksi meydana çıxar: “Millət hərəkətə gəliyor, amma başda olanlar ağırlaşırlar”.

Bu hal qeyri-təbiidir. Qoy muxtariyyətimizin kiçicik bir bəraəti-istihlalını təşkil edən Xan sarayı təslimində görünüb ölçülən bu milli hal və hissiyyat bizə örnək olub həqiqi yolumuzu göstərsin. Bizi hərəkətə gətirsin, işə vadar eləsin. Çünki bütün qüvvətləri ancaq sözdən ibarət olan sərdarların bir göz qırpmada süqutları həm vaqe, həm mümkün, həm də təbiidir!

 

M.Ə.Rəsulzadə

“Açıq söz”, 24 dekabr 1917, ¹636

 

 

 

Siqlət – ağırlıq

Zahib – gedən, yoxa çıxan

Xan Sarayının təslimi

 

Xan sarayının Asari-Ətiqə cəmiyyəti tərəfindən təhvil alınması və bu münasibətlə şəhərdə böyük bir təntənəli nümayiş qurulduğu dünki nömrəmizdə təsvir edilərək nitqlərin təfsilatını bu günə buraxmışdıq. Şimdi “Asari-Ətiqə” cəmiyyətinin bir təşəbbüsü halından çıxaraq cəmaətin hərəkət və əhvali-ruhiyyəsinin təsirilə böyük bir milli bayram surəti almış bu nümayişdə irad edilmiş olan nitqlərdən bəzi mühümlərini müxtəsər dərc ediyoruz:

Məhəmməd Əmin Rəsulzadə əfəndinin nitqləri:

1- Xan sarayı həyətində: Millətdaşlar, inqilab sayəsində biz azad olduğumuz kibi bizim sabiqki hürriyyətimizə bir nişangah olan bu bina da azad oldu. Mütəxəssislər yüz illik əsarətindən sonra xilas olan bu binada sənətkaranə incəliklər buluyorlar. Fəqət bu gördügümüz şey mədəniyyəti-islamiyyə dəryasından alınmış kiçicik bir qətrədir. Bu bir güldür. İslam mədəniyyəti bustani-nəqqasəsindən dərilmə soluq bir yapraqdır.

Cəmaət, islam mədəniyyəti nədir? O, islamla müşərrəf olan millətlərin yetişdirmiş olduğu dahilər, tərbiyə elədigi ərbabi-sənət və fənnin toplamış olduqları bir güldəstədir. Qərnətə, Qərtəbə, Bağdad, Buxara, Səmərqənd kibi baxçalardan dərilən güllərdən ibarət olan bu güldəstəyə ərəblər – İbn Rüşd, İbn Xəldun kibi, farslar Əbülfərəc Zəməxşəri kibi, türklər də Fərabi, İbn Sina, Uluğ bəylər kibi çiçəklər bağışlamışlardır. İslam mədəniyyətinin süqutu ilə islam hökumətlərinin süqutu arasında bir münasibət vardır.

Mədəniyyəti-islamiyyə ümumi degil idi. Elm, fənn, sənət və ədəbiyyat salonlara, böyük məhfillərə, xəlifə, soltan və əmirlərə yaxın dairələrə məxsus idi. Yalnız mədəniyyət degil, bununla mütənasib olaraq hakimiyyət də millətdə degil, sinfi-mümtazda, məhdud əllərdə idi. Bu bilxassə ərəb olmayan millətlərə təsir ediyordu. Türklər islam ülum və fünununa aləmcə məşhur böyük dahilər bəxş etmişkən, öz millətlərinə heç bir şey verə bilməmişlərdi. Çünki ərəbcə yazmış, farsca nəzm söyləmiş, ərəbləşmiş, farslaşmış və son zamanlarda isə ruslaşmışlardı. Millət ilə üləması arasında irtibat yox idi. Elm, fənn və ədəbiyyat milli degil idi. Bunun üçün hökumət də milli və ümumi degil idi. İştə, görüyorsunuz müəlləq istiqlalımızdan bizə ancaq bir Xan sarayı qalmış. Bu saray bizə göstəriyor ki, biz keçmişə malik bir millətiz. Fəqət hala ərəbcə və rusca söyləmək məcburiyyətində olan halımız bizə göstərməlidir ki, istiqbalı hənuz xətərlər içində bulunan bir millətiz. Əgər istiyorsan ki, muxtariyyətimiz əlimizə gəlsin, əgər istiyorsan ki, asari-ətiqəmiz daima özümüzdə qalsın, o zaman çalışmalıyız ki, hakimiyyət xanlara məxsus olmayıb ümummillətə keçsin, elm, fənn, bilik dəxi kahinlərin, mollaların mülki-məxsusi olmayıb ümumiləşsin. Bu isə yalnız türkləşmək və milliləşməklə olur. Yaşasın milli muxtariyyət, yaşasın türklük! (Alqışlar).

İştə, cəmaət, bən sizi və bugünki təntənənin sahibi olan “Asari-Ətiqə” cəmiyyətini təbrik edərək diyoram: bayramınız mübarək olsun, çünki bu gün böyük ibtidaların ibtidasıdır! (Gurultulu alqışlar).

2 – Tazə Pir həyətində birinci dəfə: Millətdaşlar! Siz bu gün şəhərimizdə böyük bir şənligə səbəb olan binanı gördünüz. Ondan daha böyük, daha ehtişamlı binalar şəhərimizdə çoxdur. “İsmailiyyə” binasının yanında o nədir ki!.. Əcəba, bizi oraya götürən nə idi? Şübhəsiz ki, o daşlar degil, o daşlardakı məna idi. Burada sizə bir həqiqət ərz etmək istiyorum. Vəqtilə şəhər idarəsi canişinə müraciət edib istəmişdi ki, Xan sarayını onun təhvilinə versinlər, tainki orada muzey düzəltsinlər, buna icazə verilmədi. Bu məsələ sərdar divanxanasında müzakirə edildigi zaman istibdadın ərkanlarından (məşhurdur) biri demişdi ki: “Xan sarayının qapısı açıla bilməz, çünki o açılarsa Bakı müsəlman şəhəridir, cəmaət gedər görər, keçmişi yadına düşər, oyanar, həyəcani-milliyyəsi təhrik olunar”. Görüyorsunuz ki, istibdad həyati-milliyyədən nə qədər qorxuyordu. Bunu siz özünüz də çox kərə idi böyük bir təntənə ilə təslim olunan binanın yanından keçərkən görmüşsünüz ki, oradakı qaravullar adamı süngü ilə qorxudurdular. Fəqət inqilabçı demokratiya hökuməti hissiyyati-milliyyədən qorxmuyor. O yalnız asari-ətiqəni degil, millətin qəsb olunmuş hüququnu belə qaytarıyor. Demokratiya hökuməti açıq bir alın ilə elan ediyor ki, “hər hanki millət nə cür istiyorsa o cür öz işlərini aparsın, istiyorsa muxtar, istiyorsa müstəqil olsun, hətta istiyorsa ayrılsın!”.

İştə, aradakı fərq. (Alqışlar). Bunu biz bilməli, təqdir etməliyiz. Bilməliyiz ki, hürriyyət və inqilabçı demokratiyaya endirilən zərbə millətlərə endirilmiş bir zərbədir. Əgər istiyorsaq ki, Xan sarayının əsirlikdən xilası bu millətin əbədilikcə əsirlikdən xilasına həqiqi bir ibtida təşkil eləsin, o zaman inqilabın, hürriyyətin müdafiəsinə hazır olalım, dostumuzla düşmənlərimizi tanıyalım. Yaşasın inqilab. Var olsun demokratiya! (Alqışlar).

3 – Tazə Pirdə ikinci dəfə: Cəmaət, təkrar sizin hüzurunuza çıxmaqdan məqsədim buradan getmədən əvvəl xatirimə gələn bir nöqtəni sizə ərz eləməkdir. İmdi siz Xan sarayından gəliyorsunuz. Gördünüz oradakı o bizim tazə əsarətdən xilas olmuş binamızı. Gördünüz ki, saxsı qırıqlarına, süpürgə töküntülərinə, bilməm nə anbarlarına təxsis edilmiş yıxıq-tökük bir saraya varis olmuşuz. Siz əgər o möhnətdidə divarlara diqqətlə baxsaydınız şadlığınızdan bir az fariğ olub da Xan sarayındakı xizzəti görsəydiniz, heç şübhəsiz ki, “sənə nə oldu bu günə düşdün!” – deyə sorardınız. Və əmin olunuz ki, o daşlar dilə gələr, sizə deyərdilər ki: bənim əsirligimdə əsir edənlərdən ziyadə təqsir bəni əsir verənlərdədir. Kənardan gələn hücumlara qarşı içəridə hökm sürməkdə olan xanlar birləşməgi bilmədilər. Bakı öz başına, digərləri də öz başlarına hərəkət etdilər. Onlar ancaq öz nəfslərini gördülər, xəlqi düşünmədilər.

Əvət, biz o daşları, o bizə əsarətimizi təmsil edərək daş halına gələn o binanı dindirsəydik bundan başqa cavab alamazdıq.

Bu cavabdan alacağımız ibrət nədir? Bəlli: birləşməli, ittifaq etməli. Xilasımızı, müdafiəmizi başqalarından, ağalardan, varlılardan gözləməməli, bütün millət özünü qazanmaya, özünü saxlamaya hazır olmalıdır. Bilməlidir ki, yalnız ağaların, yalnız böyüklərin və yalnız varlılar himməti ilə xilas olan millət həqiqi surətdə xilas olamaz. Öz xilaskarlarına əsir olar, böylə bir hal isə təkrar daşları ağladar, dilə gətirər. Bu millət muxtar olmalı, fəqət bilməlidir ki, millətin işini ancaq millət özü görməlidir.

Bundan sonra tikdigi evləri xanlara degil, millətin özünə məxsus olaraq tikməlidir. Bunun üçün də lazımdır ki, millət ümumiyyət etibarilə fədakarlığa hazırlaşsın. Var olsun fədakar millət! (Gurultulu alqışlar).

 

“Açıq söz”, 25 dekabr 1917, ¹637

 

(Ardı var)

Şirməmməd HÜSEYNOV

525-ci qəzet.- 2013.- 24 avqust.- S.26-27.