Cəmiyyətin
dinə ehtiyacı və Azərbaycan xalqının dinə
baxışı
İnsanlar ta qədimlərdən fövqəltəbii qüvvələrə
pərəstiş etmiş
və müxtəlif etiqadlara iman gətirmişlər. Qayaüstü rəsmlərin öyrənilməsi,
müasir dövrdə
ibtidai həyat tərzi sürən tayfaların inanclarının
tədqiqi və arxeoloji qazıntıların
nəticələri bunu
təsdiqləyir.
Tarixçilərə görə, dinsiz cəmiyyət tapmaq mümkün deyil. Qədim
yunan mütəfəkkiri
Plutarx bu barədə yazır: “Yer üzünə bir nəzər salın: siz istehkamsız, elmsiz, rütbəsiz şəhərlər
tapa bilərsiz; siz pullar barədə
heç nə bilməyən, incəsənətdən
məlumatı olmayan insanlar görə bilərsiz; amma siz Tanrısız bir insan cəmiyyəti,
qurbankəsmə, andiçmə
və ibadət ənənəsi olmayan, məbədsiz şəhər
tapa bilməzsiz”. Bunun isə yalnız bir izahı var: bəşəriyyət tarix
boyu dinə ehtiyac duymuş, onda ruhi təskinlik
və mənəvi qida tapmışdır.
Din insan fitrətindən doğan zərurətdir. Onun cəmiyyətdə oynadığı
rolu görməmək,
bəşəriyyət üçün
əhəmiyyətini danmaq
bilavasitə insanın
özünə qarşı
haqsızlıqdır. Din insana varolma səbəbini izah edir, ona təsadüf
nəticəsində yaranmadığını
və həyatın
absurd səciyyə daşımadığını
bildirir.
İman insan həyatında mənəvi dayaq rolu oynayır. Psixologiya sahəsində
aparılan araşdırmalar
göstərir ki, dindar şəxslər ateistlərə nisbətən
ruhi cəhətdən
daha sağlam olurlar. Onlar arasında nevroz, depressiya və digər ruhi sarsıntılar daha az müşahidə
edilir. Məşhur
hind mütəfəkkiri Mahatma Qandi bu həqiqəti
çox gözəl ifadə edir: “Əgər din olmasa idi, mən çoxdan
dəli olardım”.
Bəzi dövrlərdə müəyyən
siyasi qüvvələr
toplumun iradəsinə
zidd olaraq dini ortadan qaldırmağa
cəhd göstərsələr
də, bu cür təşəbbüslər
uğursuzluqla nəticələnmiş
və iflasa uğramışdır. XVIII əsrdə Fransa burjua inqilabından sonra yakobinlərin dini “ləğv etmək” cəhdləri, yaxud XX əsrin əvvəllərində bolşeviklərin
dini ateizmlə dəyişdirmə niyyətləri
buna misaldır.
Bu qəddar rejimlərin
məqsədyönlü şəkildə
məbəd və ziyarətgahları məhv
etmələrinə, din xadimlərini
öldürmələrinə, insanlara Allahsızlığı
sırımaq səylərinə
baxmayaraq, dinsiz ideoloqların ateist cəmiyyət qurmaq xülyaları puç olmuş, adamlar imansız həyat təsəvvür etməmiş,
belə taleyi rədd etmişlər.
Din daim insanlıq üçün ümid mənbəyi olmuşdur. Təbii fəlakət, aclıq yaxud müharibə kimi qorxunc hadisələrlə
üzləşən və
çətin anlar yaşayan toplum həmişə Tanrıya
müraciət etmiş,
Ondan yardım diləmişdir. Hətta Stalin kimi ateist diktator
Sovetlər Birliyi faşist işğalına
məruz qaldıqda, dinin ruhlandırıcı
gücünü nəzərə
alaraq, kilsə, sinaqoq və məscidlərin yenidən
xalqın üzünə
açılmasına razılıq
vermişdir.
Yaşayış yerindən və
inkişaf səviyyəsindən
asılı olmayaraq hər toplumun dinə ehtiyacı var. Bu danılmaz
həqiqəti bir çox Qərb və Şərq mütəfəkkiri, siyasi
xadim, ümumiyyətlə,
bəşəriyyətin problemləri
barədə düşünən
bütün araşdırmaçılar
etiraf etmişlər. Hətta dinə şübhə ilə yanaşan və ya onu
inkar edən filosoflar da bu
gerçəyi təsdiqləmişlər.
Məşhur fransız sərkərdəsi
Napoleon Bonopart “Dinsiz cəmiyyət kompassız
gəmiyə bənzəyir”
deməklə, insanlıq
üçün iman amilinin nə dərəcə zəruri
olduğunu vurğulamışdır.
Napoleon bu fikirdə
tək deyildir. İstər qədim, istərsə də çağdaş dövrün mütəfəkkirləri
onunla həmfikirdirlər.
Xalqların milli-mənəvi dəyərlərinin
formalaşmasında dinlər
bilavasitə rol oynamışdır. Əxlaqi prinsiplərə malik olmayan cəmiyyət
xaos, anarxiya və hərcmərcliyə
məhkumdur. Məhz
din toplumu ayaq üstə saxlayan bu mühüm qaydalara əsas qaynaq qazandırır və onları məntiqi edir. Dini rədd edən insan mənəviyyatın
topluma nə üçün gərəkli
olduğunu isbat etməkdə çətinlik
çəkər. İctimai
fikir tarixində əvvəlcə Tanrını
inkar edib, sonra da əxlaqi
qanunları rədd edən mütəfəkkir
az deyil.
Mənəviyyatsız cəmiyyət yaşaya
bilməyəcəyi kimi,
dinsiz də əxlaq zəif görünər. Məşhur fransız filosofu Volter “Əgər Tanrı olmasaydı, Onu uydurmaq lazım
gələrdi” deməklə,
yəqin ki, bunu nəzərdə tutmuşdur.
Dinin izlərinə ictimai həyatın az qala hər sahəsində rast gəlmək mümkündür. Memarlıq, rəssamlıq, ədəbiyyat, musiqi, fəlsəfə, hətta mətbəxə də din öz təsirini göstərmişdir. Din bir çox məşhur incəsənət və elm xadimi üçün ilham qaynağı olmuşdur. Mədəniyyətimizdən bunu təsdiq edən bir çox örnək gətirmək olar. Əcəmi Naxçıvaninin inşa etdiyi türbələr, dahi şairimiz Nizami Gəncəvinin “Xəmsə”sində Allahı və Həzrəti Məhəmmədi (s) öyən şeirlər, mübariz mütəfəkkirimiz İmadəddin Nəsiminin mistik mahiyyətli qəzəlləri, zahid ədibimiz Məhəmməd Füzulinin Əhli-Beyt eşqi ilə dolu əsərləri, milli muğamda dini motivlər bunun bariz nümunəsidir.
Din cəmiyyətin ikinci və ya üçüncü dərəcəli ünsürü deyildir. O, həmişə toplumu istiqamətləndirən, onun tarixinə təsir göstərən qüvvə olmuşdur. Dini dünyagörüşün təsir gücü o dərəcə qüvvətlidir ki, o, bir xalqın taleyini tamamilə dəyişib, onu ən qabaqcıl toplumlardan edə bilər. XVI əsrdə Qərb dünyasında protestant məzhəbinin meydana çıxması kapitalizmin inkişafına təkan vermiş, orta əsrlərdə qaranlıq dövrlər yaşamış Almaniya, İsveçrə, Hollandiya, İngiltərə kimi dövlətlərin sürətli tərəqqisinə gətirib çıxarmışdır.
Müəyyən tarixi dövrlərdə dini yanlış anlayaraq, təəssübkeşlik və dözümsüzlük girdabına düşən, bütün ictimai institutları bir məzhəbin xidmətçisinə çevirən, alovlu din mübarizlərinə dönən toplumlar olmuşdur. 1572-ci ildə Parisdə Varfolomey gecəsində 30 minə yaxın protestantın katoliklər tərəfindən qətlə yetirilməsi, XV-XVI əsrlərdə İspaniyada yəhudi və müsəlmanların təzyiqlərə məruz qalmaları, XIX əsrdə çar Rusiyasında molokan, staroobryadets kimi təriqətçilərin sürgün edilmələri tarixin acı səhifələrindəndir.
Öz dini inanclarını ətrafdakılara zor gücünə qəbul etdirməyə cəhd göstərən, digər din və məzhəb ardıcıllarını təqib edən toplumlar ilk növbədə özləri zərər görürlər. Buna baxmayaraq, belə mənfi hallar keçmişdə qalmamışdır. Dünyada hələ də dini ayrı-seçkilik zəminində baş verən münaqişələr mövcuddur. Bu cür münaqişələrin günbəgün artması bəşəriyyəti məyus edir. Çağdaş dövrdə vətəndaş cəmiyyətinin quruculuğuna, insan haqları və demokratik prinsiplərin dünyada bərqərar olmasına önəm verilməsinə baxmayaraq, davam edən dini münaqişələr insanlarda ikrah hissi oyadır və mütərəqqi dairələr tərəfindən geriqalmışlıq kimi dəyərləndirilir.
(Ardı var)
525-ci qəzet.- 2013.- 28 avqust.- S.4.