Əxlaq siyasətin girovuna çevrilir (davamı)

 

 

 

Böyük Roma sərkərdəsi Qay Yuli Sezarın da cinsi orientasiyasında qüsuru olduğu bildirilir.17 yaşında olarkən o, bir qədər Bufiniyada yaşamışdı, orada çap Nikomedin guya onunla intim əlaqədə olduğu güman edilir. Düşmənləri bəzən onu “Nikomedin arvadı” adlandırırdılar. Əxlaq pozğunluğuna görə Sezara “bütün qadınların əri, bütün kişilərin arvadı” deyirdilər. Belə ittihamlar, ona olan paxıllıqdan da qidalana bilərdi.

Sezara cəsarət  kimi, hədyanlıq da yad deyildi, o, həm də istənilən vaxt qanunlara, hətta dini qadağalara məhəl qoymamaqla seçilirdi. Senatorlardan biri onun qanun  layihəsinə qarşı kəskin şəkildə çıxış etdikdə, Sezar onun başına əvvəlcədən hazırlanmış bir vedrə peyin tökmüş və senatı alçaltmışdı. Peyinə müraciət isə qanun layihəsinin aqrar məsələyə aid olması ilə əlaqədar idi. Sonralar isə o, ölkənin vətəndaş müharibəsinə cəlb etdi və çar olmaq eşqinə düşdükdə isə, senatorların hazırladığı sui-qəsddə qətlə yetirildi.

Sonrakı ilkin 15 imperator arasında təkcə Klavdinin kişilərlə məhəbbət əlaqəsində olmaması güman edilir. Bu isə şairlər və yazıçılar tərəfindən qeyri-adi davranış hesab olunurdu və onlar Klavdini ələ salınırdı. Onlar deyirdilər ki, yalnız qadınları sevməklə Klavdi arvada bənzəyən oldu. Ailəsində isə o, bədbəxt adam idi, imperator əri sağ ola-ola əxlaqsızlıqda ad çıxarmış arvadı Messalina başqasına ərə getmişdi. Messalina öldürüldükdən sonra Klavdi öz doğma qardaşı qızı Aqrippinaya evləndi, o, gələcək imperator Neronun anası olmaqla, bu vaxt dul qadın idi. Onun öz oğlu Neronla intsest (qanqarışdırıcı) əlaqədə olduğu iddia edilir. Neron isə öz sələfi, doğma bacısı ilə intim yaxınlıq edən Kaliqula kimi əxlaqi pozğunluq simvoluna çevrilmişdi, o, bir oğlanla evlənmiş, digər bir oğlana isə ərə getmişdi. Tarixçi Svetoni özünün “On iki Sezarın həyatı” əsərində nəcib imperatorlardan başqa digərlərinin iyrənc əxlaqından geniş söhbət açır.

Sonralar İtaliyada da  məşhur sənət adamları arasında homoseksualizmə meyl edənlər olmuşdu. Renessansın dahi heykəltaraşı və rəssamı Mikelancelonun və şöhrətdə ondan geri qalmayan Leonardo da Vinçinin də həmin qrupun nümayəndələrindən olduğu bildirilir. Mikelancelo ahıl yaşına çatmasına baxmayaraq, evlənməmişdi, məşuqəsi hesab edilən şairə qadınla isə onu yalnız platonik məhəbbət birləşdirirdi.

XIV əsrin əvvəllərində İngiltərə kralı olmuş II Eduardın kişi məşuqu Piers Qeyverston dövlətin idarə edilməsinə də müdaxilə edirdi və bu, kralın fəlakətli vəziyyətə düşməsinə gətirib çıxardı. Onun arvadı Eleanor da öz məşuqu Rocer Mortimerin köməyi ilə kralı taxt-tacdan devirdi. Dahi ingilis dramaturqu Uilyam Şekspirin də homoseksualist olduğu etiraf edilir. Görkəmli ingilis dramaturqu və şairi Oskar Uayld lord Alfred Duqlasla yaxın dostluq edirdi və onun atası Uayldı sodomitdə ittiham etdi və həmin cinayətə görə o, 1895-ci ildə iki illiyə azadlıqdan məhrum edildi. Dustaqxanadan o, məşuquna gileylə dolu olduqca təsirli məktublar yazırdı. Məhbəsdən çıxdıqda o, ehtiyac içərisində idi. Bu səbəbdən də Parisə yollandı və 1900-cü ildə 46 yaşında orada da öldü və şəhər qəbiristanlığında dəfn edildi.

Dahi rus  mədəniyyət xadimləri arasında da cinsi  orientasiyası ənənə halından uzaq olanlar olmuşdur. Böyük bəstəkar P.İ.Çaykovski belə davranışının üstünün açılmasından qorxub, zəhərlənmə yolu ilə həyatdan getmişdi. Balet sənətinin məşhur xadimləri S.P.Dyagilyev və Rudolf Nuriyev öz cinslərindən olanlarla yaxınlığa üstünlük verirdilər. Axırıncı belə nizamsız əlaqələrə görə AİDS xəstəliyinə tutulmuş və bu fəsaddan ölmüşdü.

Belə siyahını xeyli artırmaq olar. Geylər isə  özlərinin ümumdünya fenomeni olduqlarını  göstərmək üçün həmin dəstəyə aid  olan məşhur şəxsiyyətlər barədə çox iri siyahı təqdim edirlər və burada əslində ciddi şişirtmə halı olmaya da bilər.

Cinsi orientasiyası  fərqli olanları nədəsə günahlandırmaq da insanlıq ölçüsündə ədalətsizlik hesab olunmalıdır. Bir çox hallarda bu təbiətin səhvidir və ya genetik  əsaslara malikdir. Təbiətin qüsuruna və ya valideynlərn təqsirinə görə kimisə günahlandırmaq da ən azı rəhmsizlikdən xəbər verir. Onların münasibətlərinə insanlığı ləkələyən bir hal kimi baxmaq da nə dərəcədə həqiqətə uyğundur? Əxlaqsızlığa, fahişəliyə, öz bədənini alver obyekti edənlərə qarşı bir sıra ölkələrdə hansısa hədlərdə mübarizə aparılırsa, bircinsli intim yaxınlığa meyl edənlərə əvvəlki tək qəddarcasına münasibət bəslənməsi yolverilməzdir. Geylərə ya lesbiyankalara qarşı ispan inkvizisiyasını bərpa etmək nə dərəcədə haqlıdır? Hisslərə görə, əgər bu qanunu kobud surətdə pozmaqla müşayiət olunmursa, insanlar nəyə görə hansısa ittihamlara məruz qalmalıdır?

Lakin homoseksual  lobbi də homoseksualizmin normal hal  olduğunu təbliğ etməklə, əslində hədyanlıq  fazasına keçib, digər əksəriyyət tərəfindən  özləri üçün əslində aqressiv mühit yaradılmasına səy göstərir. Geylərin özünü elitar təbəqə hesab etməsi də onlara qarşı tolerantlığı sıradan çıxarıb, nifrət hissinin yenidən güclənməsinə səbəb ola bilər. Təəssüf ki, bəzi KİV-lər bu məsələdə ölçü hissinə riayət etməyib, qeyri-ənənəvi orientasiya azlığına aid hər bir uğurlu tədbiri, az qala onların triumfu kimi qələmə verirlər.

Geylər, lesbiyankalar  bircinsli nikaha daxil olmaqla  öz arzu olunan məqsədlərinə çatırlar, cəmiyyət də bundan birbaşa ziyan  çəkmir. Lakin cəmiyyətin inkişafı üçün insan nəslinin artması mühüm  şərt olduğundan, bircinsli nikahlar ziyan vurmamış da ötüşmür. Axı belə nikahlarda övlad törəmir, yalnız əks cinslərin ittifaqından nəsil artmağa başlayır. Ona görə də hər bir millət həm də özünün demoqrafik inkişafına qayğı göstərməlidir. Onsuz da bir sıra Avropa ölkələrində uşaq doğumunun kəskin surətdə azalması hesabına, gənc yaşda olan əhalinin sayı azalır, həmin ölkələr qocalar və ahıllar diyarlarına çevrilirlər. Sodomiyanı az qala ön plana keçirən cəmiyyət getdikcə yeni, çox vacib olan təzə qandan məhrum ola bilər. Dinozavrların bir vaxtlar nəslini çoxaltmağa həvəsini itirdiyi güman edilir, bu isə onların növünün bütünlüklə sıradan çıxmasında rol oynayan mühüm amillərdən birinə çevrildi. Bəşəriyyət dinozavrların taleyini yaşamağa azacıq meyl etsə, bu görünməmiş fəlakətə səbəb ola bilər.

Bir sözlə, bircinsli  əlaqələrə tolerantlıq göstərilirsə, buna daxil olan adamlar da əksəriyyətə  qarşı aqressivlikdən uzaq olmalıdırlar. Qoy onlar özlərini tam hüquqlu  hörmət olunan vətəndaşlar kimi hiss etsinlər, ancaq heç də özlərini yüksək kasta hesab etmək iştahına düşməsinlər. Onlardakı bəzən güclü qısqanclıq hissi həddi aşır və ətrafdakılara ölçüyə sığmayan qəzəb hissinə çevrilir. Dustaqxanalardakı gənc “məşuqəsinə” kimsə söz atdıqda, ifrat qısqanclıq hesabına həmin məşuq ən ağır cinayətə də əl atmaqdan çəkinmir. Ona görə də məhbəslərdəki bircinsli əlaqələr yeni, daha ağır cinayətlər üçün şitillik rolunu oynayır.

Keçmişdə təmiz  əxlaqın bərqərar olması naminə faydalı  tədbirlərlə yanaşı, ifrat cəzalar  praktikası da tətbiq olunurdu. Keçmişin dəhşətləri yalnız xatirələrdə yaşasa yaxşıdır, onların təkrarı və ya yeni şəkildə bərpa edilməsi ümumilikdə bəşəriyyətə, həm də hər bir xalqa böyük faciələr “ərməğanı” bəxş edə bilər. Qeyri-ənənəvi cinsi azlıqlara qarşı münasibət kin, nifrət, təcavüz dalğası şəklini  alsa, bu arzu olunmayan qorxulu hadisələrin baş verməsinə gətirib çıxara bilər. Axı keçmişdə “ifritə ovu” günahsız insanların faciələrlə üzləşməsinə səbəb olmuşdu. Fərqli hisslərə görə insanların alçaldılması, qurbana çevrilməsi cinayətdən də betər bir hal hesab edilməlidir. Axı əksər müasir qanunlarda bircinsli intim əlaqələrin kriminal xarakter daşıması kimi xarakterizə olunması artıq ləğv edilmişdir. SSRİ-dəki cinayət məcəllələrində isə bircinsli əlaqələr cinayət hesab edilirdi və müvafiq cəza növu nəzərdə tutulurdu. Vaxtilə natsistlər öz dəhşətli cinayətlərinə haqq qazandırmaq üçün belə bir mifə əl atırdılar ki, yəhudilər öz bədbəxtliklərinə görə özləri günahkardır. Geylərə hücum, təcavüz edənlər də belə gülünc səslənən hansısa bir uydurulmuş səbəbə əl ata bilərlər ki, guya cəmiyyəti təmizləmək üçün onlar sərt tədbirləri işə salırlar. Belə təmizləmələrdən isə, əlbəttə ki, neofaşizm qoxusu gəlir.

Təbiət, bəzən  isə şərait bu adamların cinsi  orientasiyasını belə bir qaydada  aşkara çıxarmışdır. Təbiətə qarşı  üsyan qaldırmaq isə ağılsızlıqdır, bütün qanunları dəyişdirmək mümkündür, təbiətin qanununu isə düzəlişə məruz qoymaq məchul bir məsələdir. Axı bircinsli intim yaxınlıqda olanlar öz hisslərinə uyğun olaraq hərəkət edirlər, onlar heç bir xətaya yol vermir, cinayət törətmirlər, sadəcə olaraq əksəriyyətdən fərqlənirlər. Onlar tolerantlığa möhtacdırlar, lakin bu tolerantlıqdan sui-istifadə etmək, öz intim əlaqəsini İosif Navinin tribunasına çevirib, onun səsi ilə bütün əxlaq divarlarını uçurmaq niyyətinə düşmək də ağılsızlıqdır. Onlar cəmiyyətə əxlaq dərsi keçmək kimi əbəs işə də girişməməlidirlər.

Qərb dünyası  insan haqlarına hörmət ifadəsi  kimi onlara münasibəti kökündən dəyişmişdir, lakin bu dəyişiklik əhalinin əksəriyyətinin, ümumi əxlaqın məğlubiyyəti kimi qiymətləndirilməməlidir. Cəmiyyətin əsrlər boyu davam edən ənənələrinə, dinin ehkamlarına da hörmətlə yanaşılması lazımdır. Dinin əxlaqın təmizliyi sahəsindəki mövqeyinə qarşı çıxmaq cəhdi yalnız əks effekt verə bilər. Tolerantlıq bayrağı altında əxlaqın dayaqlarının sökülməsinə edilən cəhdlər, bunu edən qrupun özünə ağır zərbə vura bilər.

Bir sözlə, dünənki əxlaq qurbanları onlara bəslənilən pis münasibət hesabına özləri əxlaqın yeni cəlladları roluna həvəs göstərməməlidirlər.

Ənənəvi cinsi  orientasiyadan kənar olanlara aqnostik münasibət, belə əlaqələrin hansısa mənəvi “kodeks” hesabına inkar edilməsi problemə gözü yummaqdan başqa bir şey deyildir. Ayrı-seçkiliyi mütləq həddə çatdıranlar cəmiyyətdə dözümsüzlük atmosferi yaratmaqla, onu sağaltmaq əvəzinə, xəstəliklərə mübtəla edirlər. İnsanları hansısa qəlibə salmaq, hisslərə arzu olunan formanı və ya məzmunu vermək istəyi əslində təbiətin şah əsərinin müxtəlifliyini danmaqdan, onu bir nüsxəli materiala çevirmək cəhdindən irəli gəlir. Qədim yunan filosofu Protaqor insanı “hər şeyin ölçüsü” hesab edirdi. Müasir dövrdə insanların hüquqlarını hansısa uydurulmuş mənəvi saflıq xatirinə tapdalamağın özü də yolverilməzdir.

Kimlərsə, öz ölkəsində  geylərin olmadığını bəyan edə bilər, lakin belə saxta bəyanatlardan  vəziyyət heç də hansısa bir dəyişikliyə məruz  qalmır. İranın keçmiş prezidenti Əhmədinecad öz ölkəsində homoseksualistlərin olmadığını deyirdi. Görən böyük bir dövlətin başçısı bu bəyanatı verərkən hansı elmi tədqiqata əsaslanmışdı.

Bəlkə də bəzilərinə elə  gəlir ki, Qərb homoseksualistləri yetişdirən istixanadır. Bu qətiyyən belə deyildir, sadəcə olaraq orada insanın şəxsiyyətinə hörmət əlaməti nişanəsi olaraq, onların cinsi orientasiyasına da tolerantlıqla yanaşılır. Sadəcə olaraq, bir sıra digər ölkələrdə isə bu məsələlərə bir qədər fərqli münasibət mövcuddur, adamları, onların istəyindən asılı olmayaraq “yüksək əxlaqın” prinsiplərinin girovlarına çevirmək istəyirlər. Azad cəmiyyət bütün sahələrdə normal azadlığa şərait yaradır və bundan nəyəsə, həm də azacıq da olsa ziyan gələ bilər. Sadəcə olaraq bu ziyanı şişirdib, əxlaqın bütünlüklə məhv olması kimi qələmə vermək də düzgün deyildir.

Lakin bu mülahizə heç də homoseksualizmin təbliğatına xidmət etməməlidir, çünki belə təbliğat birinci  növbədə uşaqların, yeniyetmə nəslin tərbiyəsinə sağalmayan yara vura bilər. Bu mülahizə heç də əxlaq pozğunluğu hallarına qapıları geniş açmaq istəyi olmayıb, yalnız onun, od üstündə olan köpən süd kimi öz qabından çıxıb, ətrafı batırmasının qarşısını vaxtında, həm də ağıllı qaydada almaq məqsədini güdür. Axı tarixən qadağalar istisnanın getdikcə böyüməsinə şərait yaratmış, sonralar onun qaydaya çevrilməsi üçün şlüzləri açmışdır.

Bircinsli nikahlara Qərbdə loyallıq göstərilməsi heç də Pandora  yeşiyinin qapağını açmaq deyildir ki, bədbəxtliklər ətrafa yayılsın. Sadəcə olaraq, Qərb ölkələri cinsi  orientasiyası fərqli olanların, bir qədər başqa cür görünən, ümumi haldan kənara çıxmaqla dönük taleyə malik olanların həyatına günəş işığının düşməsinə mane olan halları aradan qaldırmışlar.

Şərq ölkələri, xüsusən  islam dininin hakim kəsildiyi  ölkələr homoseksualizmin geniş miqyas almaması ilə fərqlənə bilərlər. Lakin bu hal heç də digər, daha eybəcər əxlaqdan kənara çıxmaları nəzərə almamağa gətirib çıxarmır. Kənd yerlərində, xüsusən cavanlar arasında zoofiliya halları məhz belə eybəcərliklərdən xəbər vermirmi? Bəzən hətta yaşlı, özü də cəmiyyətdə müəyyən nüfuzu olan adamlar gəncliklərində özlərinin zoofiliya təcrübələrindən ağız dolusu danışırlar, bunu məhz özlərinin vaxtilə yerli Kazanova olmaları kimi qələmə verməklə saxta qürur duyurlar.

Şərqdə zinakarlıq ümumiyyətlə məhkum edilir, bəzi ölkələrdə buna yol vermiş qadın daş-qalaq edilir, bu vaxt intim yaxınlığn necə və hansı şəraitdə baş verməsinə də əhəmiyyət verilmir. Qədim hettlərdə isə qadın əgər öz evində başqa kişi ilə intim yaxınlıq etmişdisə, onu öldürürdülər, uzaq bir dağda bu hadisə baş verdikdə isə, qadının bu vaxt köməksiz olduğu nəzərə alınaraq, onu cəzalandırmırdılar. Əxlaq pozğunluğuna görə sərt cəzalar hansısa hədlərdə fayda verə bilər, lakin onun bütünlüklə bu bəlanı yoxa çıxarmasını güman etmək sadəlöhvlükdür. Öz şəhvət yanğısını söndürmək istəyənlər daha hiyləgər üsullara əl atmaqdan da çəkinmirlər. Zinakarlığın birdəfəlik ləğv edilməsini düşünmək, daha çox dəvəquşunun guya gizlənmək üçün başını quma soxmasına bənzəyir.

Ümumiyyətlə, əxlaq məsələsi, onun təmizliyi hər bir xalqdakı qaydalara görə münasibətin necə olmasından asılı olduğuna görə, nisbi xarakter daşıyır. Bir vaxtlar Avropada kral ailələri arasındakı nikah əsasən siyasətə xidmət edirdi, digər hökmdarlara daha çox qız verən Habsburqlar sülaləsinin bu fəaliyyətinə görə hətta “Avstriya, ərə ver” şüarı da meydana gəlmişdi. Siyasət olan yerdə isə məhəbbətdən söhbət gedə bilməz. Osmanlı sultanları öz hərəmlərini saray əyanlarına ərə verirdilər və bu, sarayda ailə münasibətlərinin bərqərar olması kimi qəbul edilirdi. Ona görə bircinsli nikahlara da mikroskop altında baxmaq çox vaxt digər problemlərə göz yummaqdan irəli gəlir.

Eyni cinsdən olanların  nikahının çox sayda əleyhdarları kimi tərəfdarları da vardır. Birincilər nikah institutunun hörmətdən düşməsini, ailə birliyinin əvvəlki mahiyyətindən uzaqlaşmasını irəli sürürlərsə, ikincilər hüquq bərabərliyini ön plana çəkirlər. Solomonun hökmünə bənzəsə də, hər iki fikir həqiqətə söykənir. Ancaq insan haqları üstün mövqelərə yiyələndiyindən, nikahla meydana gələn ittifaq ənənəsini pozub, onu müəyyən deformasiyaya uğratsa da, bunun hesabına Avropa və hər iki Amerikanın bir sıra ölkələrində bircinsli nikahların bağlanmasında mövcud olan bütün maneələr aradan götürülmüşdür. Lakin bu yeni hədyanlıq fazasına çevrilməməlidir, çünki bir tərəfdə yaranan zorakılıq, bəzən onun imitasiyasının nümayişi belə, əks tərəfdə də kin və hiddət yaratmamış qalmır. Əgər əvvəllər geylər, lesbiyankalar ən azı mənəvi təcavüz hiss edirdilərsə, indi onun allotropiyası hədəf kimi öz əleyhdarlarına qarşı tuşlanmamalıdır. Təcavüzün hər bir zərbəsi kimə ünvanlandığından asılı olmayaraq, daha çox cəmiyyətə dəyir, onun birliyinin dayaqlarını laxladır.

 

Bəzilərinə elə gələ bilər  ki, Şərq ölkələri bircinsli yaxınlıq bitkisinin bitmədiyi susuz səhradır. Əlbəttə, islam dininin sərt qaydaları  bu kənara çıxmalara qarşı möhkəm sipər çəkir. Lakin bu heç də belə pretsendentin tam yoxluğuna dəlalət etmir. Bəzi islam ölkələrində isə Qərbin təsiri güclü olduğundan, bu məsələyə xeyli dərəcədə loyal münasibət bəslənilir. Türkiyədə XX əsrin ikinci yarısında incəsənət xadimləri arasında homoseksualistlərə, transseksualistlərə nəinki rast gəlmək mümkün idi, hətta onlar böyük hüquqa yiyələnir, tamaşaçıların böyük sevgisi ilə əhatə olunurdular və bu hal yenə də davam edir. Onların təcrübəsi də təsirsiz qalmr. Azərbaycanın şou-biznesində də cinsi orientasiyası üzrə fərqli meyli olanlar əvvəlki sıxıntılarından xeyli azad olmuş kimi görünürlər.

Qeyri-ənənəvi nikahların icazə verilməsi Qərb ölkələrinin özündə də heç də birmənalı qarşılanmır. Ənənə, dini inam, müqəddəs kitabların müddəalarına ehtiram bu sahədə müqavimətin yaranmasında az rol oynamır. Lakin bütün etirazlar, müqavimətlər cinsi orientasiyası fərqli olanları başqa yola döndərmək iqtidarında deyildir. Onlar öz əleyhdarlarına qibləgahları saydıqları Oskar Uayldın sözləri ilə cavab verə bilərlər: “I can resist anything, exept temptation” “Mən hər şeyə müqavmət göstərə bilərəm, təkcə məni şirnikləşdirəndən başqa”. Bu adamlar onları başdan çıxaran öz istəklərinə müqavimət göstərə bilməzlər, heç müqavimət göstərmək də istəmirlər. Siyasətçilər isə onlardan bir alət kimi istifadə etməkdən çəkinmirlər. Bunun bariz nümunəsini isə biz 2012-ci il və bu ilin ötən dövründə baş verən hadisələrdən aydın şəkildə görürük.

 

 

Telman Orucov

525-ci qəzet.- 2013.- 31 avqust.- S.24.