Çətənə ceviz dolaşıq
tale
Şeirləri ilə çoxdan böyük oxucu
kütləsinin sevgisini qazanan Məmməd
İsmayılın publisistik yazılarını qəzetimizdə
tez-tez oxuyursunuz. Onun bir çox hekayə və povestləri
də ara-sıra oxucuların ixtiyarına verilmişdir. Azərbaycan jurnalı oktyabr nömrəsindən başlayaraq
şairin İz romanının jurnal variantını
çap edəcək. Həmin əsərdən
bir parçanı diqqətinizə çatdırırıq.
Sədəqə əbədi hədiyyənin toxumudur,
insan verdiyi sədəqənin kölgəsinə
sığınır.
Muradla Qəni bu dəfə də apardıqları cevizi
bazarda satıb özlərini küçələrə
vermişdilər. Qəninin kətan köynək cevizi
yaxşı pula getmiş, dəyərinə-dəyməzinə
satılan Muradın çətənə ceviziydi. Bunu
görən Murad, Qəni ilə zarafat etməyi də
unutmadı:
İndi
sən evə cibi dolu gedəcəksən, mən isə əli
ətəyində, gəl belə bir iş görək,
qazancımızı bir yerə qoyub qardaş malı
kimi ortadan bölək?
Qəni nəm-nüm
elədi:
Yox,
aşna, hərifəm, nəyəm, mən boğazımı
yırtıb ceviz satanda sən özünçün bazar
dükanlarında veyillənirdin, cevizinin yanında qalıb
sataydın. Bir də mənim cevizim kətan
köynəkdi, səninki kimi çətənə ha deyildi,
hələ Allahına şükür elə ki, sən
olmayanda özümünkünün gözünə qatıb
sənin çətənəni də işə verdim, yoxsa
heç o satılan da satılmazdı.
Murad Qənini yola gətirməyin çəmini bilirdi. Qağasının
(Murad böyük qardaşı Şəmşəd kişiyə
qağa deyirdi. Həm də bu qağa
sözünü elə şirin-şirin deyirdi ki,
tay-tuşları da onun diliylə Şəmşəd
kişini qağa deyə çağırardılar.) saz çalmağı ona keçməsə də,
amma hərdən-hərdən söz qoşmağı
vardı. Eləmədi təmbəllik Divani üstündə
yavaş-yavaş mızıldanmağa başladı:
Oğlunu
lüt qoyubdu tacir olub ana,
Qəni.
Yaraşır
yaza bilsəm bir gözəl
dastana Qəni...
Qəni əvvəl-əvvəl
özünü karlığa vurmaq istədi: mənə nə,
qoy nə söyləyir söyləsin, boş
ağızdır danqıldadır, deyib-deyib yorulacaq. Murada da bu lazımdı. Bu dəfə lap Qəninin
eşidə biləcəyi bir səslə baltanı
kökündən vurdu:
Kəndlərindən
gecə çıxıb
hamını yuxuya verib,
Bazara
ceviz aparıb sonra gönü
suya
verib,
Olub qopan
qazancını
kababnan
yuxuya verib
Kişi
oğlu kişi kimi qulaq asıb
cana Qəni.
Ac
qarınlar doyuzduruf,
batıbdı ehsana Qəni...
Qəni,
Murad belə davam etsə, sabah, o biri
gün dediyi pis-pis sözlər dilə-ağıza
düşsə, Güvəndiyin ağzını tutsan,
qulağı danışacaq, yaxşısı budur,
Muradın ağzını vaxtında yumum, deyə fikirləşdi.
Bir loğalaq pulu köhnə sırıqlısının
qoltuq cibindən çıxarmağı ilə yolun
ortasına səpələməyi bir oldu:
Ə, a Murad, sən nə Allahsız adamsan? Di ha,
rahatlandınmı? Di
yığışdır bu zəhirmarları, qoy
hamısı sənin olsun, yetər ki, sus, məni itin-qurdun
dilinə salma.
Murad
etdiyi zarafatın əndazədən
çıxacağını heç düşünməmişdi,
ona görə də pulları yerdən yığıb Qəninin
döş cibinə soxdu:
Ə, evi yıxılan, sən nə axmaq adamsan. Ə,
heç zarafat-zad qanmırsan, sənin pulun mənim nəyimə
lazımdır, zarafatdı eliyirik də, özüm səni
cırnadırdım.
Muradın
bu tövrü Qəninin ürəyincə oldu, amma bunu dilinə
gətirmədi, dilucu gileyləndi:
Bu boyda
da zarafat olar?
Rayon mərkəzinin
bu gəliş-gedişli küçəsi elə gəliş-gedişiylə
də onlara bir az əvvəlki,
qanqaraldıcı zarafatı unutduracaqdı.
Əyinləri-başları qaydasında olmasa da,
gözləri bərli-bəzəkli şəhər
qızlarında idi. Heç özləri də bilmirdilər
nəyə baxırdılar, baxsalar belə, bundan nə
çıxacaqdı. Yeniyetməlikdən
oğlan çağına keçidin böhranlı
dövrü başladığından içlərini
dağıdan mübhəm güclə bacara bilmirdilər.
Sanki rayon mərkəzi kəndlərindən
15-20 km. aralıdakı var olan bir yer deyildi, aşıq Əsədin
söylədiyi nağıllardan qalma bir şəhərdi.
Hərdənbir, təkəmseyrək küçələri
tozudan maşınlar və ən vacibi də aradabir dəmir
yolundan fit verə-verə keçib gedən yük
qatarları olmasaydı, elə doğrudan da burası
hazırca bir nağıl məkanı ola
bilərdi. Əslində, bu gözdən uzaq, könüldən
iraq rayon mərkəzində
nağıllıq bir şey də yoxdu. Bura
hara, aşıq əsədin danışdığı
qapalı şərq bazarları hara? Bu
uzaq rayon mərkəzini sadəcə onların arzu və xəyalları
haylı-küylü şərq şəhərinə
çeviridi. Bu şəhər onların
gözlərinin qabağında deyil, xəyallarının
içindəydi.
Heç
gözləmədikləri halda bir qaraçı qızı
sanki xəyal qurduqları nağıldan çıxıb
qabaqlarını kəsdi:
Ay
oğlanlar, ay oğlanlar, siz o Qərib Seyidin cəddi, mənə
bir nəzir verin.
Bu qəfil yalvarışdan karıxıb qaldılar. Sanki qaraçı da
onların kənd uşaqları olduqlarını
üst-başlarından oxumuşdu: rayon mərkəzindəki
ürəyidaşlılara oxşamır bunlar, bir az da dil töksəm, məni əli boş
qaytarmazlar:
Siz o
qolu kəsik Həzrət Abbas, məni naümid qaytarmayın.
Murad:
Bircə
dilənçimiz əksik idi, o da böyürdən
çıxdı, ayə a Qəni, cevizin pulundan bir-iki manat
ver ona, yaxamızdan əl çəksin,-dedi.
Qəni:
Ə,
qoy rədd olsun cəhənnəmə, elə mən
özüm də dilənçi kimi bir şeyəm, mənim
özümə nəzir verən lazımdı,-deyib
qaraçının üstünə
çımxırdı:
Azzz
sürük burdan, elə cəhənnəm olku, gözüm
səni görməsin!
Qaraçı qız geyim-keçimindən heç
buralar adamına oxşamırdı. Cındırından
cinlər ürksə də, ölmüşün əsmər
yanaqları çiçək kimi
açılmışdı. Başına
örtdüyü nimdaş yaylığı
sürüşüb çiyninə düşdüyündən
qulaqlarından asılan qızıl tanaları aydınca
görünürdü. Yaylıqla
üstünü örtməyə çalışsa da,
boynuna bağladığı qızıl zəncir əsmər
əndamının rəngindən rəng alıb
parlayırdı. Nimdaş qofta və
tumanı bədən gözəlliyini ört-basdır edə
bilmirdi. Bu yoxsulluq içindəki ilahi gözəllik, dərkiçətin
təzad Muradın gözündən yayınmadı: Kərəminə
şükür, Allahım!
Qaraçı qız onlardan bir şey qopara bilməyəcəyini
görüb ortası bulana-bulana yanlarından uzaqlaşdı. Yenicə
özlərinə gəlib yollarını dəyişmişdilər
ki, bu dəfə də dəmir yol tərəfdən
qarşılarını kəsdi. Murada üz tutub
mızıldandı:
Görürəm mərd oğlansan, mənə bir
yaxşılıq elə, əvəzində falına baxaram. Heç bilirsən, necə bilməyin gərəkən
sirlər var?
Qəni:
Azz yenəmi
sənsən, azz, rədd ol get burdan dedim, bizim saa veriləcək
pulumuz yoxdu, azz pulumuz olsaydı, bu küçələrdə
nə itimiz azmışdı, hay, niyə palçıq
ayaqlayırdıq, elə gedib restoranda kef çəkərdik,
dana.
Murad:
Ə bir qoy görək nə deyir.
Üzünü
qaraçıya tutub:
De
görək yenə nə istəyirsən?
Qaraçı:
Mənə
dükandan çörək ala bilərsənmi,-deyib əldən-ələ
keçməkdən əzik-üzük olan bir
manatlığı Murada uzatdı.
Qaraçının
kömürqarası ovcunun içində bir aləm abbası
və qəpiklər dura-dura ona kağız manatı
uzatması qağasının haçansa söylədiyi
sözləri xatırladı Murada: Elə ki, axşam oldu,
siçovul yuvasına daşıdığı cevizi sayan
kimi dilənçi də başlayır diləndiyi pulları
saymağa. Hər insan da o yoxsul dilənçiyə bənzəməli,
hər gün Allaha etdiyi dualarının sayını bir az da artırmalıdır. Çünki
bir gün gələcək o duaların Allah
qarşısında hesabını verəcək. Bəlkə
indi qaraçı qız ona dəmir pul yerinə kağız
pulu uzatmasaydı, heç yüz il yüz
ilə qalsa da qağasının bu kəlamını
ağlına gətirməyəcək, mənasını bilməyəcəkdi.
Bu qaraçı qızı da elə o kəlamın
mütləq bir gün gərək olacağını Murada
xatırlatmaq üçün qarşısına
çıxmışdı bəlkə?! Bu çörək
aldırmaq məsələsi də bir bəhanədir:
Ay qız,
pulun varsa, çörəyi özün niyə almırsan?
Nədənsə heç özü də bilmədən
qaraçı qızla daha məhrəm bir dillə
danışmağa başlamışdı.
Qaraçı:
Sən
get al, gələndə niyə özüm
almadığımı deyərəm.
Bu işə
Qəni də çaşıb qalmışdı:
Ay
Allahın qaraçısı, bir parça quru çörəyə
görə dilənərlərmi?
Qaraçı
qız günəşdən yanıb qaralmış sifətindən
bir cüt ulduz kimi yanıb şölələnən
ümidli gözlərini qıyıb altdan-altdan Qəniyə
baxdı:
Sən
heç o bir parça çörəyin nə olduğunu
bilirsənmi? Yolda görəndə onu niyə
öpüb göz üstə qoyurlar? Toxluq
Tanrıdandır, çörək bəhanədir.
Qaraçı qızın, əyninə, başına
yaraşmayan bu gözlənilməz sözlərindən Qəninin
ağzı açıla qaldı. Ürəyindən
keçən, canı yanmışın bir üstünə-başına,
bir də ağzından çıxan sözünə bax, kəlmələrini
dilnə gətirmədi.
Murad:
Yaxşı, pulun özünə qalsın, mən gedib sənə
çörək alaram.
Qəni bilmirdi Murad niyə belə edir, qaraçı
qızının hisli-paslı əlindən irgənir, yoxsa
falına baxaram deməyinə suyulub.
Qaraçı:
Yox,
olmaz, mənim pulumnan almağını istəyirəm,
qarşılığını verdi.
Murad qaraçının bu inadında nəsə gizli
bir şey olduğunu düşünüb kirli
manatlığı əti çimçəşə-çimçəşə
aldı.
Çörək dükanı uzaqda deyildi, az
keçmədi ki, əlində təzə, isti çörək
Qəni ilə qaraçının dayandıqları yerə
qayıtdı. Qaraçı qız sanki elə onun gəlişini
gözləyirdi, başladı zəvziməyə:
Ay
qardaş, ay qardaş, sən o Həzrət Abbasın kəsik
qolları, əlindəki çörəkdən mənə
də ver.Yalvarıram, məni əliboş qaytarma.
Bu dəfə də Murad çaşıb qaldı. Canım, bu
qaraçı qızın görünür başına hava
gəlib, pul onun, çörək onun niyə dilənsin
axı? Fikrindən keçəni dilinə də gətirdi:
Ay
qız, pul sənin, çörək sənin, daha niyə dilənib
zəvziyirsən? Bu çörəyi
özün alammazdınmı?
Qaraçı
qız:
Ala bilməzdim,
çünki verdiyim pul da mənim deyildi, onu da dilənib
almışdım. Bizim həyatımız belədi,
dilənmədən aldığımız çörək
canımıza sinməz. Sən heç dərviş-filan
görmədinmi? Bunun nə demək
olduğunu bilməzsən, amma bax, burda deyirəm, bir zaman gələcək
ki, dərvişlərin niyə qapı-qapı gəzib Allah
rizasına çörək istədiklərinin fərqinə
varacaqsan.
Qaraçı
qız nəsə fikirləşib,
qarşısındakının içindən keçənləri
olduğu kimi oxuya bilən bir adam
arxayınlığıyla dilləndi:
Görürəm
rəhimdil oğlansan, verəcəyin sədəqəni hər
vaxt bir Tanrı quluna ver, Tanrı quluna verilən sədəqə
elə Tanrının özünə verilən kimidir. Fağırın əlinə düşən ondan əvvəl
Tanrının əlinə düşər.
Murad
qaraçı qızın dediyi sözləri eşidəndə
quruyub qaldı: Ağzı yanmış elə bil
qağamın dizinin dibində oturub, on ildir dediklərini
çinədanına yığıb. Sən
bunun cırığından cinlər ürkən
geyim-keçiminə, bir də ağzından çıxan
sözünə bax.
Qaraçı
qız elə bil içindən keçənləri
üzünə söyləməklə Muradı heyrətləndirməyi
qarşısına məqsəd qoymuşdu:
İnsanın ruzusu insandan qaçmaz, çünki tədbir
insandan, təqdir Allahdandır. Tamah edənə izzət,
qənaət edənə zillət yoxdur, dediklərim
ağlına batdısa, indi aç əlini, falına
baxım.
Əyilib əlini tutmaq istədi. Murad diksinib
geri çəkildi. Qəribəsi bu idi
ki, bu dəfə də Murad qaraçı qızın
içindən keçənləri başa
düşmüşdü. Və başa
düşdüyünə görə də
çaş-baş qalmışdı. Bəlkə
heç özü də hiss etmədən sirrə
toxunmuşdu. Görünür, Allah dünya və
yaşam sirrini hər insana ömründə çox yox,
heç olmasa bircə dəfə açır. Bu sirraçımına hazır olub olmamaq isə
ayrı bir işdir. İndi qaraçı qızla
üzbəsurət söhbəti də davamı məchula
uzanan bir sirr deyildimiə
Qaraçı,
Muradın tərəddüd içində fikrə
daldığını görüb dilləndi:
İstəmirsən, istəmə. Amma lap nahaq yerə. Bilməyin gərəkən o qədər şey vardı ki? Yoxsa söyləyəcəklərimdən qorxursan, qorxma, mən sənə dünənindən yox, sabahından deyəcəyəm. Qəniyə işarət edib:
Bəlkə bunun sirrini bilməsini istəmirsən, doğru da eləyirsən. Sirr başqasının yanında açılanda heydən düşür, həm də o başqasının ki, açılan sirrin bir başa onunla da əlaqəsi var. Bəri dur, bu ağacın altına, sənə həyatının ən sirli yönlərini söyləyim. Sirrini gizləyən işinə hakim olar.
Adının xeyirliyə çəkilmədiyini görən Qəni dişinin dibindən çıxanları hüdülüyüb tökməyə gecikmədi:
Ə, görmürsənmi, bunun başı çatmır, sənin dəmi başın çatmır? Sənnən mənim aramda nə sirr ola bilər, qoy rədd olsun, bəri gəl, gedək. Sirr bilən olsaydı, dilənərdimi?
Muradın da bu öz puluna alınan çörəyi də dilənən qaraçıdan ağlı bir şey kəsmədi, ya nədənsə üzünü qaraçı qıza tutub:
Yox,
lazım deyil, bir sonrakı dəfə,-dedi.
Özün bil, amma gün gələcək falına baxdırmadığına, başına gələcəkləri öyrənmədiyinə görə peşiman olacaqsan.Mən ki, falına baxmaq üçün səndən bir şey istəmirəm. Bu dünyada gözünə görünən nə varsa, hamısı bir-biri ilə əlaqəlidir, o bunsuz yaşaya bilməz, bu onsuz.Verdiyim pulla aldığın çörək sən istəməsən də bizi bir-birimizə bağladı. Tale bir gün səni mənim yolumun üstünə çıxarmalıydı, çıxardı da. Çıxarmalıydı ki, mənə çörək alasan. əslində, həyatda hərə bir cür dilənçidir, biri çörək pulunu dilənir, o biri arzusunun başa varması üçün Tanrıya əl açır, diqqətlə baxsan ikisi də eyni şeydi. Sənə çörək almaq üçün verdiyim pulu kimdən dilənmişəm, yadımda deyil, o beş quruş neçə əl dəyişdirib mənə çatana qədər.Unutma, həyatın bu gün bazarda satdığın çətənə ceviz kimidir, qırsan qırılmaz, yesən yeyilməz.
Çətənə ceviz söhbətinə gələndə Muradın heyrəti birə beş artdı: Bu zalımın qızı bazarda ceviz satdığımı, həm də çətənə ceviz satdığımı hardan bildi? Qağası demirdimi hər kəlamda və hərəkətdə bir hikmət gizlidir.Yol getdiyin zaman bir də görürsən yanından bir-biri ilə nə haqqındasa danışan iki adam keçir. Qulaq verirsən və birdən ucundan-qulağından eşitdiyin sözlərdən hiss edirsən ki, o adamlar özləri də bilmədən (bilmədənmi?) sənin dərdinin çarəsindən danışırlar. Sanki Allah içindəki tərəddüdləri yox etmək üçün başqa birisinin dili ilə a qızım sana deyirəm, a gəlnim sən eşit, deyir. Bəlkə elə bu qaraçı qızı o qağamın dediyi adamlar kimi başıma gələcəkləri xəbər vermək üçün qarşıma çıxdı.
Qaraçını birinci dəfə ha deyildi ki, görürdü. Kəndə bir qablama arpa və ya qarğıdalıya falabaxan o qədər suyumsuz qaraçı gələrdi ki? Kişilər tüstü verib porsuqları yuvasından çıxarmaqla əlləşəndə, qaraçı arvadları günün qızmarını fürsət bilib fala baxmaq adına həyətləri dolaşır, ara xəlvət oldumu qarğıdalı dəninə sap keçirib toyuğa, cücəyə çidar atardılar. Yox, bu qaraçı o qaraçılara bənzəmirdi, sanki ağıllı bir adama dəli paltarı geydirmişdilər.Qağası demirdimi ağıl yaşda deyil, başdadır, bəzən heç oxuyub eləmədən də dünya sirlərini bilənlər tapılır.
Fürsətlər bulud kimidir, dəyərləndirməsən, gəlib keçər.Sanki gələcək peşimançılığının ayaq səslərini aydınca eşidirdi. Amma indi bu an, həm də Qəninin yanında falına baxdırmaq ona ar gəldi. Ağzı yanmış qaraçı heç Qəniyə əhəmiyyət də vermirdi, elə qırsaqqız olub onun falına baxmaq istəyirdi. Murad, suyulsa, falına baxdırsa, onda Qəninin yanında hörmətdən düşəcəyini fikirləşirdi...
Məmməd İsmayıl
525-ci qəzet.-
2013.- 31 avqust.- S.28-29.