Eh, bu qədər
qayğı ki var, al dodağı neyləyir?- Yüz
Gözəl Sevgi Şeiri
PƏRVİNin təqdimatında
Kim deyir, güzgü
yalnız özünə
baxmaq üçündü?! Qadına güzgü
başqalarının onu
necə gördüyünü
bilməkdən ötrü
lazımdı. Şübhəsiz, QADIN qadına. Güzgüylə “ünsiyyəti”n hələ uşaqlıqdan
çox maraqlı formada, artan xətlə inkişaf edir. Yaşa dolduqca güzgünün
də sənə, sənin də ona münasibətin dəyişilir. Balaca
olanda az-az durursan ayna önündə,
elə atanın “mənim göyçək
qızım” – deməsi
bəsindi də, neyləyirsən güzgünü...
Əsas məsələ də gözəllikdi.
İlk yeniyetməlikdə
güzgü həyatının
ayrılmaz hissəsinə,
vacib əşyasına
çevrilir. Səhər evdən çıxmamış
dəfələrlə baxırsan,
hələ arabir çantandakı balaca aynada da üz-gözünə
tamaşa edirsən.
Küçədə, bayırda,
nəqliyyatda göz atan, söz tullayanları elə yaxşı başa düşürsən ki...
Axı gözəlsən, necə
baxmasınlar, nə cür ötsünlər yanından biganə?!
Sən demirsən ey bunu, güzgü deyir.
...Axşam uça-uça evə girib çantanı divan üstünə
tullamağına, tələsik
böyük güzgünün
önünə keçməyinə
baxıb gülümsəyir
anan... “Mənim balam böyüyüb...” Saçlarını dağıdıb
tamaşa edirsən özünə, soyuq şüşənin qarşısında
imistisən, için
qaynayır ona görə... Anan haqlıdı, böyümüsən.
Sən demirsən ey, güzgü deyir! Zamanla adamları sakit
görünüşünlə çaşdırmağından, yolundan eləməyindən
şənlənirsən. Utanmaz-utanmaz sayırsan da hələ... Bu gün dörd nəfər... Sabah yeddi...
O birisi gün... çox idi, amma biri yadında
qalıb, yalnız BİRi... Hə, fikri səndə
deyildi elə bil, başını aşağı salıb bir nöqtəyə baxırdı. Hamı
kimi zilləməmişdi
gözlərini sənə,
hırıldamırdı hamı
kimi üzünə ...
...Evə gəlib sakitcə otağına keçməyinə, əynini
dəyişmədən güzgüyə
hüznlə baxmağına
gülümsəyir anan...
“Mənim balam vurulub...” Vəssalam, sabahdan güzgü
ancaq ona işləyəcək. Səhər
evdən çıxmamış
təkcə saçlarını
yox, təbəssümünü
də səliqəyə
salacaqsan...
Bu boyunbağı dişlərimin
rənginə uyğun
gəlirmi, belə baxanda gözlərim gözəl görünürmü,
dırnaqlarımla çantam
çəhrayıdısa, gödəkcə ağ ola bilərmi?! Bezdirəcəksən
bu suallarla güzgünü... Gözündən
daşan arzularınla
sevindirəcəksən də
arabir! Axı nə baş
verib, nə olub? Bəlkə anan düz tapıb...
Aşiq olmusan??? Aşiq olmusan!!! Sən demirsən ey bunu, güzgü deyir! İndən sonra hər
şey, hər yer, hamı gözəl görünəcək
gözünə, elə
güzgü də həmişəkindən daha
cazibədar, daha çəkici olacaq.
Sevirsən ona görə! Sevilirsən ona görə! Ayrı bir arzun yoxdu,
yaşayırsan bu hissinlə, bütün bacarığın, qabiliyyətin,
gözəlliyin onu özünə daha da bağlamaqçündü.
... İşdən gələndə
səs-səmirsiz içəri
otağa girib qapını bağlamağına, güzgüyə
baxmamağına, çarpayının
bir küncündə
üzü üstə
uzanmağına təlaşlanır
anan... “Mənim balam darıxır...” Ürəyi dözmür,
gəlib oturur yanında, kürəyini sığallayıb söhbətə
tutur...
– Deyirlər, qırmızı
rəng bu mövsüm dəb olacaq, bəlkə sabah çıxaq
sənə bir qırmızı paltar alaq, hə? – zəif yerindən
tutur səni, bilir geyinib-keçinməkdən
ötrü sinov gedirsən...
– Mən daha gözəl
deyiləm? – sualına
ürəkdən gülür.
– Uşaqsan, uşaq. Niyə gözəl deyilsən ki? Kim dedi bunu sənə?
– Daha heç kim baxmır
mənə... – mısmırığını
sallayırsan.
Zamanında bu hisslərdən
keçmiş anan bir az qəmgin təbəssümlə
ah çəkir:
– Sənə baxırlar, qəşəng qızım!
Sadəcə, görmürsən
onları... Gözün ancaq birini görür ona görə.
Ananın
sözləri ocağa
atılmış yağ kimi təsir edir sənə. Yerindən sıçrayıb ağlayırsan...
“Düzdü, mən heç kimi görmürəm, heç
kimə baxmıram, ona görə... Onu sevdiyimə görə.
Ancaq o lazım idi mənə, onu istəyirdim... Hamı, hər şey heç idi gözümdə... Amma O... Bacarmadı, gücü çatmadı,
ürəyi gəlmədi...
Başa düşürsən? Qorxaqdı...” – deyib hönkürürsən.
Yazıq
anan neyləsin?!
Başını sığallayıb “Hər şey qismətlədi...” – deməkdən
savayı, nə gəlir əlindən?!
...Nəyinə lazımdı
bundan sonra güzgü?! Kimin üçün bəzənəcəksən, kimdən
ötrü sığal
çəkəcəksən saçına?! Elə-belə
yaşayırsan da...
...İllər də öz işini görməkdədi. Üzünə qırış, saçlarına bəyazlıq, gözlərinə duman gətirməkdədi... Hələ qayğılardan, dərd-sərdən, ölümlərdən, itimlərdən danışmıram. Hamısı düşməndi sənin güzgünlə... Solur kəhrəba rəngli dərin, daha o cür parıldamır gözlərin... Qocalırsan yavaş-yavaş... Sən demirsən ey bunu, güzgü deyir! Hə, bir də qıraqdan baxanlar: Bilirsən, bu, cavan vaxtı necə gözəl idi, bilirsən hamı necə ölürdü bu qız üçün?!
...İlqar da qıraqdan baxanlardandı, İlqar da bunu deyir... “O qızın” qəzəlində bir vaxt elə, indi isə belə qadından danışır... Daha doğrusu onun keçmişindən və bu günündən. Qəzəlin əsas poetik özəlliyi iki fərqli təhkiyə ilə yazılmasıdı. Şair o qızın əvvəlki gözəlliyini klassik, indiki solğun görkəmini isə müasir təhkiyə ilə ifadə edir... Və bu üsulun da arxasında şübhəsiz, hansısa bir simvol, məna durur. Ola bilsin ki klassik təhkiyənin daha həzin, romantik ovqat gətirməsinə görədi bu...
Təravətini keçmişdə, dünənində qoymuş qadının ağrısı, acısı elə ustalıqla çatdırılıb ki, bəzi məqamlarda qəzəlin kişi tərəfindən yazılmasına inanmağın gəlmir. Amma şeiri təkrar-təkrar oxuyanda bu cür müfəssəl təsvirlərin sirri aydın olur. Şair həmin o qorxaq, sevgi daşımağa ürəyi yetməyən, günahkar aşiqin gözüylə baxır qadına və əslində O qızın ağrılarını deyil, aşiqin təqsirlərini ifadə edir... Axı zamanında cəsarəti olsaydı, indi o qızın saçlarını qara rəng uduzub ağ udmayacaqdı, həyat acı dadmadığından beli də bükülməyəcəkdi, xoşbəxt yaşadığına görə şikayət dolu sözlər nitqinə oturmayacaq, axşamacan ah etməyəcəkdi... Əsərin əsas açarı məhz budu. Günahkar aşiqin vaxtında qorumadığı, səadət bəxş edə bilmədiyi qadına baxışı və təəssüfü...
İlk baxışdan sadəcə zahiri təsvirlər nəzərə çarpır qəzəldə. O qızın xarakteri də görünür. Müəllifin tutduğu güzgü onun həm xarici, həm də daxili gözəlliyini göstərir. Cümlə-cahan zülfünə qurban, boy-buxunu sərvi-xuraman qız təkcə xarici gözəlliyi ilə deyil, daxili zənginliyi ilə də seçilir. “Hər sözü məna dolu ümman idi”, “Sanki çəkib ömrü boyu qəm yükünü gizlicə...”, “İndi əsəbdən gecə-gündüz dodağın çeynəyir, Eh, bu qədər qayğı ki var, al dodağı neyləyir?”. Misal çəkdiyim bu misralarda qadının xarakteri, içəri aləmi çox zərif ştrixlərlə, poetik üsullarla verilir... Ömrü boyu qəm yükünü Gizlicə cəkən Qadının... Yalnız elə “gizlicə” sözü çox şey demirmi?! Və bu “gizlicə” sözünün də arxasında aşiqin günahları durur, deyilmi?
Bütün ağrıların sonu təsəlli axtarmaqla bitir... Amma burda nə təsəlli?! Qapqara saçlarının təbii rəngini hansı təsəlli ilə qaytara bilərsən ki?! Bircə yol qalır – bütün günahları taleyin boynuna at... İlqar Fəhmi də belə edir: “Neyləsin aşiq, belə gəldi qədəri-qisməti!”
... Anan da bunu demişdi... Acıqlı-acıqlı baxma GÜZGÜyə!
İlqar Fəhmi: “Neyləsin aşiq, belə gəldi qədəri-qisməti?!”
Saçları bir zülfi-pərişan idi,
Cümlə-cahan zülfünə qurban idi
O qızın
İndi səliqəylə daranmış başını qar tutur
Saçlarını sanki qara rəng uduzur, ağ udur.
Gözləri bir nərgizi-fəttan
idi,
Kirpiyi sanki iti peykan
idi,
O qızın
İndi
daha parlamayır gözləri ulduz kimi
Kirpiyi üstə
gözünün yaşı
donur buz kimi.
Boy-buxunu sərvi-xuraman idi,
Qamətinə sərv özü
heyran idi
O qızın
İndi
bükübdü belini
acı həyat gör necə,
Sanki çəkib ömrü
boyu qəm yükünü gizlicə.
Ləbləri bir qönçeyi-xəndan idi,
Busəsi çox dərdlərə dərman idi
O qızın
İndi əsəbdən gecə-gündüz dodağın çeynəyir,
Eh, bu qədər qayğı ki var, al dodağı neyləyir?
Nitqi şirindi, şəkəristan idi,
Hər sözü məna dolu ümman idi,
O qızın
İndi şikayət dolu sözlər oturub nitqinə,
Axşamacan ah eləmək adəti olmuş yenə,
Aşiqi
bir tazə qəzəlxan idi,
Çəkdiyi ancaq qəmi-hicran
idi,
O qızın
Aşiqinin indi qələm
tutmağa yox taqəti,
Neyləsin aşiq, belə
gəldi qədəri-qisməti!
525-ci qəzet.-
2013.- 31 avqust.- S.21.