Oralarda kimlər var- Tofiq Nurəli

 

 

 

QEYRİ RƏSMİ BİR YUBİLEYİN ARDINDAN

 

Heç sevmədim bu yubiley yazılırını, heç sevmədim.Bir dostu anmağı ya tezləşdirərəm, ya da az zaman keçəndən sonra qayıdaram o işə.Bu dəfə də belə olur.

Aman Allahım... Bu zaman deyilən şey nə yaman amansızmış. Zaman o zaman idi ki... şair dostumuz (həm də gözəl həkim,irəlidə bu məsələyə toxunacam,bir şairin ikinci bir peşəsi olması məsələsini nəzərdə tuturam) Tofiq Nurəlinin 50 yaşı olmuşdu və mən də o əlli yaş mərasminə dəvətliydim.Gözəl günlər idi...günlər o günlər idi ki, mənim şefim və yazılarımın bir başa sahibi,gözəl yazarımız və publisistimiz Aqil Abbas hələ millət vəkili deyildi, sözün dost anlamında bizimlə birgə idi,hələ o zaman bir çox şeylər öz yerinə oturmamışdı və hələ içimizdəki bütün qurdlar baş qaldırmamışdı  və biz sovet illərinin etibarlı cocuqları dostun,tanışın qədrini bilirdik və onlara böyük sayğı ilə yanaşırdıq.Bu gün 60 yaşı olan Tofiq Nurəlinin 50 illik mərasimini o zamanın kasıb Aqil Abbası dost kimi boynuna götürmüşdü və mən o məclisdə sona qədər oturmuşdum.Bu bir təəssüf deyil, bu bir həqiqətdi.Biz də axara düşdük bu yaşımızda və hər şey alt-üst oldu...

Zaman o zaman idi... İndi o zamandan 10 il keçib, bu gözəl şairimiz və həkimimiz Tofiq Nurəlinin 60 yaşı oldu. Mən bunu “525-ci qəzet”dən oxudum.Məclis olub-olmayıb bunu etibarlı dostumuz,şair Maarif Soltandan da soruşmadım.Nədən soruşmadım: axı elə şeylər var onu örtbasdır eləməyin bir yolu da sakitcə üstündən keçməkdir.Yani heç xəbərim olmayıb vallah,can qurtaran bir yaklaşım.

 

Zaman o zaman idi...

 

İndi keçək bu zamana.Yəni gözəl insan və gözəl şair-həkim Tofiq Nurəlinin mənə görə kimliyinə.

Bir az espri ilə başlayım bu yazıya.Amma bu yazının qəhrəmanı qaraqabaq və ciddi bir yaradıcıdır onu da deyim.Yerlibaz olmadığım üçün ( bu da haralı olduğumu bilmədiyimdən irəli gəlir.Uzun illər Salyan ərazisində olan pasport aldığım Xarabakənd kəndi indi Neftçala rayonuna aiddir və buna görə də iki rayon arasında “dava düşdü ALTMIŞ YAŞIMI qeyd eləməyə” və sonunda bir xalq mahnısına tuş gəldim: İKİ SEVDA SEVƏNLƏRİN BƏLASI VAR) “həmyerlim” sözündən xoşum gəlməsə də deyim ki, həmyerlim ŞAİR–geoloq Oqtay Rza XALQ CƏBHƏSİ qəzetində haqqında gedən bir yazıda onun barədə olan GEOLOQ-ŞAİR sözündən bərk inciyərək məni və o yazının müəllifi Elnur Astanbəylini az qaldı məhkəməyə versin.Elnuru başa düşdük.Mənim günahım nəydi? Mən öz dilimdən bəlaya düşdüm desənə.Bizə bir kiçik qonaqlıq verəcəyini düşünüb şair Oqtay Rzanı muştuluqladım və dedim ki,ideya mənimdi.Şair Oqtay Rza  yazını oxuyandan sonra mənə telefon açdı və protestosunu bildirdi.Mən öncə anlamadım o çox gözəl yazını nədən bu qədər qəddarcasına araşdırıb ( yazı onun bir kitabının təqdimatı haqqında idi və məqalədəki sitatlar çıxışlardan alınmışdı və çox geniş bir yazı idi) və yuxarıdakı qərarını vermişdi.İncikliyinin nədəni: niyə görə ona GEOLOQ-ŞAİR deyə bir tərif vermişlər. Mən bu deyimə bir məna verməsəm də ŞAİR-GEOLOQ Oqtay Rza məndən küsdükü küsdü...(təqdim olunan kitab ELM VƏ POEZİYANI əhatə edirdi,yəni Alim şairin ŞEİR kitabı.  Yoruldum vallah bu izahatdan).

Təbii onunla barışmaq bir o qədər də problem deyil.Sadə adamdır, insan adamdır və bir çoxlarının sevimlisidir və bütün iclasların baş çıxışçılarından biridir ki, buna da iradə lazımdır və bilik lazımdır.

Təbii, bu bir başlanğıc idi.Mənim fikrimcə şairlik təhsillə olmur, amma başqa bir çox sənət təhsillədir və indi mən çox sevimli şair Tofiq Nurəli haqqında bu kiçik qeydləri də necə başlayacağımı bilmirəm.İstəyirəm yazam: HƏKİM-ŞAİR. Düşünürəm:bəlkə Tofiq müəllim də deyər:bax ha, Oqtaydan dərs almadı bu adam və buna görə də Tofiq Nurəli şair doğulduğu üçün yəni heç bir təhsil görmədən şeir yazmağa başladığı üçün sıra məsələsi ilə onu ŞAİR-HƏKİM adlandıraq vəya bir başa ŞAİRLİYİNDƏN söhbət gedirsə  ŞAİR deməkdə  biz haqlıyıq.Mən bilmirəm, həkim kimi onun ƏLLİ yaşı qeyd olundu ya olunmalı o vaxt.Amma  biz onun ŞAİR kimi ƏLLİ yaşını qeyd etmək iddiasında olduğumuz üçün “ŞAİR Tofiq Nurəli” deməyi məqsədəuyğun bilirəm və beləliklə:

Şair Tofiq Nurəlinin altmış yaşı oldu və Tofiq müəllim bir çox dostlarının işlərində hər zaman öncül oduğu kimi,bu səfər öncülük eləmir,dostları  onun üçün irəli düşüb yəqin.

Kimi  dindirsən onun haqqında çox təvazökar bir insan olduğunu deyirlər, amma  bir çoxlarını dindirsən,özəlliklə yeni nəslin onun şair olduğundan xəbərləri yox vəya çoxdan küll halında çap olunmadığından vəya kitabı çıxmadığından vəya gözə soxulmadığından da bəlkə də deyərlər ki, hansı Tofiq ( Tofiqlər hələ də var ədəbiyyatımızda) və bütün bunlar heç bir şeyi ifadə eləmir.

Tofiq Nurəlini mən öncə şair kimi tanımışam və üstəlik də naşir kim tanımışam.Çox illər qabaq hələ demokratiya tam oturuşmamış ( yenə də elədir) Tofiq Nurəli bir naşir kimi ŞƏFQƏT adlı bir qəzet buraxırdı, yönü tibb olmaqla.Amma o qəzet elə bir qəzet oldu ki, yönünü tutmaqla, həm də yönünü dəyişdi və mən də bir  neçə vaxt o qəzet üçün yazarlıq elədim və mənim bir çox yazılarım məhz bu qəzetin səhifələrində yer aldı ki, həmən yazıları mən indi də böyük bir ləzzətlə oxuyuram.Məsələn ÖMRÜN SON AKKORDLARI projesi ilə ( indiki kimi desək) çap olunan yazılar dünyanın böyük sənətkarlarının və insanlarının ölümün son günlərindən,son saatlarından  bəhs edən yazılar idi və başqa bir çox yazılarım vardı ki, onu o zaman heç bir qəzet öz içinə almazdı,amma Tofiq Nurəli  bir baş redaktor olaraq  o yazıları çox böyük məmnuniyyətlə çap edirdi,rəhmətlik Allahverdi Məmmədli aracılığı ilə...

Təbii, bu Tofiq müəllimin həyatının bir etapı idi və o etapı Tofiq müəllim xatırlana biləcək bir zaman kəsiyində yaşadığı üçün bu heç də  balaca şey deyil, yəni hər hansı bir işin ilkini nəzərə alsaq, Tofiq Nurəli bu ilklərə imza atan bir yaradıcı olmuşdur.

Tofiq Nurəli şairdir, mənə elə gəlir ki bu sözün silqəti bizim ədəbi camiəmizdə çox təsirli olduğu üçün də onu bu sevimli yaş günündə şair olaraq tanıtmağı üstün tuturuq və mən Tofiq Nurəlinin 1998-ci ildə buraxılan bir şeir kitabına bu yaxınlarda göz atdım, yəni oxudum və burada olan şeirləri mən heç zaman oxumamışdım.Yəni o kitab çap olunanda mən buralarda olmamışam və kitabada Tofiq Nurəlinin çox maraqlı şeirləri toplanmışdır və mafi qaydada  bu kitaba  çox maraqlı bir DOST və ŞAİR Maarif Soltan isti bir giriş sözü yazmışdır.

Giriş sözündən bir neçə sətri təqdim etməzdən öncə mən bu kitabda oxuduğum və həqiqətən bir şair təbinin və ürəyinin döyüntüsünü anladan  misraları bir də xatırlatmaq istərdim yaddaşıma və bu sətirləri oxuyanda həqiqətən bir şairlə üz-üzə qaldığının fərqindəsən.

 

Sıraya düzdüm yolları

Yüyürdüm üzdüm yoları

AYRILIQDAN UZUN DEYİL

DÜNYANIN UZUN YOLLARI

(ayrıtı bizimdir)

Vəya

Dağımdan daşımdan gəlir elə bil

Ömrün o başından gəlir elə bil

On səkkiz yaşımdan gəlir elə bil

Gecə pəncərəmi döyən yağışlar.

 

Vəya

 

Sünbülünü sürmə vuran zəmiyəm

Mən insan deyiləm-sevda qəmiyəm.

Qəzaya uğrayıb batan gəmiyəm

Bir də o limana gəlmərəm daha....

(amma gözəldi, vallah!!!!)

 

   

 

Bu kitabda şeirlər çox və bu şeirlərdə bu cür insanı tərpədən misralar dolu-dolu və bu misralar bir qəlbin döyüntüsü olduğundan və bir də məni hər zaman aludə edən insan kədərinin içindən sıyrılıb çıxdığından bir şairlə danışdığının fərqindəsən və elə bir şair ki,  yuxarıda qeyd etdiyim kimi  şair Maarif Soltan ondan yaşca kiçik olsa da ( adətən yaşlı şairlər cavanlar haqqında sözlər yazar, burada tradisiya pozulmuş) çox isti sözlər yazmış və bu sətirlərdə bir ürəkaçıqlığı da hiss edilməkdədir: “Nurəlinin şeirləri çoxlarının sevimli şeirlərinə çevrilib və bunların hamısından Tofiq sonralar xəbər tutub. Başqaları mahnılarının səslənməsinə çalışıb-vuruşduğu halda, Tofiq sözlərinə bəstələnmiş bir neçə mahnının  bayağı musiqisinə görə efirdə səslənməsini qadağan edib. O populyarlığa can atmır, ancaq populyardır: o yüngül oxucu məhəbbəti qazanmağa çalışmır, ancaq oxucular onu dərin bir məhəbbətlə sevir. Tofiqin şeirlərini mən çox ağızlardan eşitmişəm və hiss etmişəm ki, bu şeirləri öz şerləri kimi məhəbbətlə, sevgiylə oxuyurlar.

Və bu kitabı redaktə üçün Tofiq mənə verəndə oxuyub gördüm ki, bu isti, hərəarətli, səmimi, ağrılı, doğma şeirlərdə sözlər elə yerli yerində misralar bir-birinə elə pərçimlənib ki, redaktəyə heç bir ehtiyac yoxdur və bu şerlər mənim öz şeirlərimidir. Yazmaq istədiyim, ancaq yaza bilmədiyim şeirlərim.”

Daha nə deyə bilərik  şair Tofiq Nurəli haqqında.Mən bilən şair Etimad Başkeçid demiş :şair haqqında yazanda ən çətin şey onun şeirlərindən misraları seçib təqdim etməkdir.

Və çox təəssüf ki, indiki tənqidimiz məhz bu yolu tutmuşdur. Bir şairin haqqında yazanda on kəlmə tənqidçi sözü olduğu halda bir sürü şeir misraları örnək göstərilir ki,bu da tənqidçinin zövqünün diqtəsi olaraq oxucunu sıxır və bezdirir və o şairi öz zövqünün dustağı edir.Və bəlkə tənqid elə bu deməkdir bilmirəm: məsələn mən bir tənqidçinin Vaqiflər və Ramiz Rövşən haqqında mükafat alan bir yazısını oxudum.Bu yazıda  şairlərin şeirlərindən gətirilən örnək misraları və şeir nümunələrini çıxanda o yazıda nə qala bildiyinin fərqinə varmaq istədim, bir şey görə bilmədim.

Amma Tofiq Nurəlini belə tanıtmağa heç lüzum yox.O anlamda biz onun bir neçə şeirini çap etməyi  daha gərəkli bildik.

 

 

 

 

TOFİQ NURƏLİNİN ŞEİRLƏRİ

 

 

 

Allahım, sən məni niyə yaratdın...

Mənim gülməyim də, ağlamağım da,

Lap elə coşmağım, cağlamağım da,

Kimisə qəlbimdə saxlamağım da

Səninçin boş şeysə, əfsanə isə,

Hər şey mən bilənin tərsinə isə,

Allahım, Sən məni niyə yaratdın?!

 

  

 

  

 

Bir ömrün əzablı, möhnətli yükü

Qəlbimin qamətli qəddini büküb...

Mənim çarpışdığım bu vurhavur ki,

Səninçin boş şeysə, əfsanə isə,

Hər şey mən bilənin tərsinə isə

Allahım, Sən məni niyə yaratdın?!

Əvvəl alışdırıb bir ocaq kimi

Verdin qar-yağışa oyuncaq kimi...

Bütün istəkləri mənim qəlbimin

Səninçin boş şeysə, əfsanə isə

Hər şey mən bilənin tərsinə isə,

Allahım, Sən məni niyə yaratdın?!

  

 

Bir gün sevgi verdin, vüsal vermədin,

Cavaba hazırdım — sual vermədin...

Dünyaya, insana inam-ümidim

Səninçün boş şeysə, əfsanə isə,

Hər şey mən bilənin tərsinə isə

Allahım, Sən məni niyə yaratdın?!

 

Qaçqın

 

  

 

Əsgər cəsədlərini dağıdırsa quzğunlar,

Pas atırsa lüləsi öldürülmüş tankların,

O xaraba kəndləri bürüyürsə ot-avar

Demək, Tanrıya çatmır məğlubların ahları...

 

  

 

Gecə qaranlığında o viranə yurdlarda

Bürüyürsə dörd yanı qorxunc bayquş səsləri,

Donuz eşələnirsə şumlanmış qəbiristanda

Demək, Tanrı da sevmir məğlub olan kəsləri...

 

 

 

...Çıxıb insan hövlündən — amma dəli də deyil,

Bizi məhvə aparan nəhəng bir uçqundur o.

Sağkən yer yoxdur ona bu boyda yer üzündə—

Tanrı üz döndərdiyi, sadəcə, qaçqındır O.

 

Tofiq ABDİN

525-ci qəzet.- 2013.- 31 avqust.- S.23.