Təki insan
yaşasın, Murad!
ƏMƏKDAR
JURNALİST, İSTEDADLI ŞAİR, ƏZİZ DOSTUM HACI MURAD
QOÇUOĞLUNUN 50 YAŞINA
Murad, sənin
əlli yaşının ərəfəsində nədənsə
yadıma böyüyüb boya-başa
çatdığımız İmişli rayonunun mərkəzindəki
qırmızı kərpiçdən tikilmiş ilk inzibati
bina və qarşısındakı ağaclar
düşür... Ona görə ki, mənim 30, sənin 26
yaşın olan vaxtlarda deyirdilər ki, bu binanın və
qarşısındakı ağacların 50 və bəlkə
də daha çox yaşı var. O zaman ilk dəfə idi ki,
mən 50 yaşı ən böyük rəqəm bilirdim və
demək olar ki, hər gün səninlə o binanın
qarşısında və həmin ağacların altında
çay içirdik və 50 il “söhbəti” də
başımın üstündə quş kimi dövrə
vururdu, düşünürdüm ki, uyy dad, bu bina qədər,
bu ağac qədər yaşamaq olarmı? Onda mənim
üçün böyük rəqəmlər çox az idi...
İndi
qardaşım, sənin 50 yaşın tamam olur... Elə bilirəm heç nə dəyişməyib.
Təkcə qırmızı kərpicli
binanın qabağındakı ağacları kəsiblər.
Binanın yaşını da heç kəs
yadında saxlamır. Çünki vaxt elə
sürətlə gedir ki, nəinki binanın, nəinki
ağacın yaşını yadda saxlayırlar, heç
öz yaşını da dəqiq- dürüst yadda saxlayan
yoxdur.
Murad, desəm ki, sənin gəncliyin gözümün
qabağında keçib, bu, yalan olmaz. Sən şəhər
uşağı idin, mən kənd. Sən
rus dilini yaxşı bilirdin, mən pis. Sənin
yaşın az olsa da, əlaqələrin
geniş idi. Məni yaxşı
tanımırdılar. Bunları nəyə
görə deyirəm? Hələ gənclik
illərindən səmimi və işıqlı idin. Biz sənin başına toplaşırdıq.
Çox qəribədir, deyirlər ki, filankəsin
danışmağından doymazdıq, mən də deyirəm
ki, biz də sənin adamı dinləməyindən
doymazdıq, çox az
danışardın. Hər kəsin və hər
sözün yerini bilirdin. Güclü yumor
hissin vardı. Elə bilirdim ki, biz yerdə
doğulmuşuq. Birinci sinfə bir
getmişik, ilk şeirimizi də bir yerdə
yazmışıq. Murad, elə bil sonradan
o doğmalıq itkin düşdü, bəlkə
böyüdük, qayğılarımız çoxaldı
deyə belə olduq. Sən də bunu hiss edirsənmi? Həyat
hərəmizi bir tərəfə atdı...
Hər halda böyük bir keçmiş var, bəzən
keçmiş adamı ayrılmağa və dəyişilməyə
qoymur. Nesə ki, sən o keçmişdə yaxşı
nə varsa qoruyub saxlamağa çalışırsan. Az qala hər gün
sınandığımız bu amansız zamanda bəlkə də
səni yaxşı mənada bir insan kimi dəyişilməyə
qoymayan öz keçmişinə ehtiramla
yanaşmağındır. Axı o keçmişdə bizim
özümüz, acılı-şirinli xatirəyə
çevrilmiş ömrümüz var. Bir yana
baxanda keçmiş gələcəkdən
etibarlıdır...
Murad, həftədə bir dəfə, bəzən daha
çox bizi evinizə qonaq aparardın. Qonaq deyəndə
ki, sizin evinizi öz evimiz bilirdik artıq. Vağzalın
yaxınlığında, dəmir yolunun o üzündə
idi eviniz. Dəmir yolunun üstündəki
körpüdən keçmək biz kənd uşaqları
üçün maraqlı idi. Körpü
sənin üçün adiləşsə də, bizim
xatirimizə sən də körpüyə maraqla baxardın.
İkimərtəbəli eviniz vardı. Amma sən həyətdə özün
üçün ayrı bir otaq düzəltdirmişdin.
Çayın, kitabların, radion, televizorun
hamısı ayrı idi. Ev təzə
deyildi, köhnə də deyildi, amma necə deyərlər,
görünüşcə qədim idi. 19-cu
əsr rus yazıçılarının evini
xatırladırdı mənə. Orda rahat oturub çay
içə-içə gələcək günlərimizdən
danışardıq... Qardaşının da
adı Qəşəm idi. Bəzən
atan onu çağıranda yerinə mən cavab verirdim.
Murad, sən Bakı Dövlət Universitetinin Jurnalistika
fakültəsində oxuyurdun. Sənə bir kitab hədiyyə
etdim: “Jurnalistikanın əsasları”. Bilmirəm,
indi o kitab səndə qalır, ya yox? Məqsədim
bu “əsasları” sözündədi. Sən
bütün məsələlərə həmişə
yaradıcı şəkildə yanaşırdın.
Bilirdim ki, bütün “əsasları” dərindən bilməklə,
bu əsaslara özünün əlavələrin olacaq və
oldu da... Rayon komsomol komitəsinin ikinci katibi, Şəhər
Sovetinin deputatı olanda da, icra hakimiyyətində məsul vəzifədə
çalışanda da, “Xalq sözü” qəzetinin baş
redaktoru vəzifəsində də sən öz işinə
vicdanla, məsuliyyətlə yanaşaraq, bu rəsmi işlərinə
də özünəməxsus yaradıcı çalarlar gətirə
bilirdin. Bu, sənin işə, həyata canı
dildən bağlılığın idi, daxili cizgilərin
idi. Bunu unutmaq olmazdı.
Murad, sənin gözəl şeirlərin vardı, indi də
var. “Dəli olmayanın ağılı yoxdur” şeirini əzbər
bilirdik. Təbiətlə bağlı bir şeirini Məmməd
Araz bəyənib çap etdirmişdi. O şeirini orta məktəb
dərsliyinə də salmışdılar. Sənin
şeirlərində fəlsəfi, sətiraltı mənalar
gizlənib. Ancaq nədənsə heç
vaxt şeirlərinin çapına tələsməzdin.
Şeirlərin imkan verirdi ki, sən bu gün
sayılıb-seçilən görkəmli şairlərimizdən
biri olasan. Çox təəssüf ki,
şeirlərini mətbuata çıxarmadın. Ancaq başqalarının şeirlərini həvəslə
çap edir, yaradıcılıqları, kitabları
haqqında məqalələr yazırdın. Mənim
haqqımda düz 3 dəfə məqalə yazmısan,
onların yaşını deməyə qorxuram, amma o qədər
təzədi ki, lap elə bil dünən yazmısan.
Murad, “Qızıl ulduz” qəzetinin nəzdində
“Ümid” ədəbi birliyi vardı. Sən də, mən də
onun fəal üzvləri idik. Şöbə
müdiri Siyab Məmmədov, yazıçı Səyyad Aran
bizim şeirlərimiz haqqında fikir söyləyərdilər.
Məncə, Murad, biz onlara həmişə minnətdar
olmalıyıq.
“Qızıl
ulduz “ qəzetinin redaksiyası
qırmızı kərpicli binanın birinci mərtəbəsində
yerləşirdi. Qırmızı kərpicli
bina haqqında əfsanələr danışırdılar o
vaxt. Deyirdilər rayonda ilk bina olub. Yanları çöllük və yulğunluq
imiş. 37-ci ilin repressiyası zamanı
adamları əvvəlcə bu bunaya tutub
salırlarmış. O vaxt bu bina o qədər dəhşətli
imiş ki, adamlar onun yanında 100 metr kənardan gedirlərmiş.
İndi o binanın yanında ağaclar əkib,
qarşısında cayxana tikmişlər. İnsanlara o
ağır illəri unutdurmağa çalışsalar da,
qırmızı kərpiclər mənə çox gizli həqiqətləri
pıçıldayırdı... O binanın birinci mərtəbəsindəki
redaksiyada sən işləyirdin. Qəzetin
adını da dəyişib “Xalq sözü” qoymuşdular.
Sən qəzetin baş redaktoru təyin olunandan
sonra qəzet də, o qırmızı kərpicli bina da bizə
daha da doğmalaşmışdı.
Murad, sən işıqlı düşüncənlə
o vaxt rayonda çox böyük işlər gördün. Həm baş
redaktor, həm də rayon Ziyalılar Cəmiyyətinin sədri
kimi qəzetin ruhunu daha da milliləşdirdin. Qəzeti xalqın, ziyalıların ixtiyarına
verib onu həqiqi mənada xalqın tribunasına çevirdin.
Rayonda xeyli mədəni-kütləvi tədbirlər
keçirdin. Dövlətimiz, dövlətçiliyimiz,
milli mənəvi, əxlaqi dəyərlər haqqında
maraqlı tədbirlər planı hazırladın, ətraf
rayonlarda bir çox qəzetlər öz fəaliyyətlərini
iqtisadi problemlər üzündən dayandırdığı
bir vaxtda sən İmişli rayonunun ictimai-siyasi qəzetini
respublika səviyyəsinə qaldıraraq 16 səhifə həcmində
rəngli formatda müntəzəm olaraq yüksək tirajla
çap elədin. Yenə bizim ədəbiyyat dərnəyimizi
unutmadın. Qəzetin səhifələrini
rayonun yaradıcı ziyalılarının üzünə
açdın. Kağız qıtlığı yaranan
zaman qəzeti yaşatmaq üçün öz şəxsi
maşınını satdın... Bunu unutmaq
olmaz, Murad, ancaq sən belə edə bilərdin. Qəzetin ətrafında gənc jurnalistləri
topladın. Öz təcrübəni onlara
öyrətdin. Rayonda yeni təfəkkürlü,
təmənnasız, saf əqidəli jurnalist nəsli
yetişdirdin. İndi kitab müəllifləri
olan yaradıcı ziyalıların bu gün ədəbi
mühitdə və mətbuatda öz imzalarını təsdıq
etmələrində sənin də əvəzsız payın
var.
Sonralar
iş elə gətirdi ki, sən də Bakıya
köçdün, mən də. Sən Azərbaycan Milli
Olimpiya Komitəsində (MOK) aparıcı məsləhətçi,
eyni zamanada MOK-un rəsmi nəşri olan “Olimpiya
dünyası” qəzetinin baş redaktoru oldun, mən də
“Azərbaycan” jurnalında poeziya şöbəsinin müdiri
işlədim. Hələ indiyə kimi səndən
şeir ala bilməmişəm ki, jurnalda çap edim. Mən də idman haqqında məqalələr
yazmadım, daha doğrusu, bacarmaram. İdman
jurnalisti olmaq çox çətindi, bu spesifik bir sahədir.
Murad, mən çox sevinirəm ki, respublikamızda
Olimpiya Hərəkatı və idman xəbər
kapitalının başında sənin baş redaktor
olduğun, nüfuzlu, oxunaqlı “Olimpiya dünyası” qəzeti
dayanır. Bu
qəzetin İspaniyada “Nüfuza və keyfiyyətə görə”
beynəlxalq mükafata, ölkəmizdə dəfələrlə
“İlin idman nəşri” nominasiyasına layiq görülməsi
də “Olimpiya dünyası”nın peşəkarlığından,
yüksək səviyyəsindən xəbər verir. Bu nəşrin təsisçiliyi ilə
çıxan “Olimpə doğru” jurnalını və
“Olimpnews.az” saytını da bu siyahıya əlavə etsək,
doğurdan da fəaliyyət meydanı kifayət qədər
məsuliyyətli və genişdir. Ümumiyyətlə,jurnalist olmaq çox çətindir, idman
jurnalisti olmaq isə ikiqat çətindir. Murad
, sevinirəm ki, sən bu işin öhdəsindən də
ləyaqətlə gəlmisən. Bu qəzetdə
də peşəkar, vətənpərvər və saf əqidəli
yeni idman jurnalistləri yetişdirmisən. Elə idmançılar kimi. Sənin bu fəaliyyətin
diqqətdən kənarda qalmayıb, Azərbaycan
Respublikasının Prezidenit İlham Əliyevin Sərəncamı
ilə “Əməkdar jurnalist” fəxri adına
layiq görülmüsən. MOK-un, Azərbaycan
Ədalətli Oyunlar Komissiyasının və AİPS-in
üzvüsən. Dəfələrlə
ilin idman jurnalisti seçilmisən. Azərbaycan
mediasını Olimpiya oyunlarında, Olimpiya festivallarında,
çoxsaylı beynəlxalq yarışlarda təmsil etmisən.
Murad, Aşıq Alı deyir ki, “Əllini aşırdın, yüzə nə qaldı”. Bu, o deməkdir ki, bu əlli ildə sən həm fiziki, mənəvi, həm də bioloji sınaqlardan keçmisən. Bu sınaqlar imkan verir ki, sən yüz il yaşaya bilərsən. Sənin ətrafında həmişə səmimi insanlar, etibarlı dostların var. Bu etibarı canında, qanında yaşatdığın səmimiyyətlə, dürüstlüklə sən özün qazanmısan. Ötən illər bu xüsusiyyətinə kölgə sala bilməyib. Murad, səni dost kimi tanıyanda soy adın Fərzəliyev, sonra yazar kimi Murad Qoçuoğlu idi. İnd isə adının üstünə daha müqəddəs bir ad gəldi, Hacı Murad! Yaxşı yadımdadır, Həcc ziyarətindən danışarkən deyirdin ki, Məkkədə qurban kəsərkən: “Mən nəfsimi qurban kəsirəm” – dedim. Ziyarətin qəbul olsun, qardaş!
İndi mənim 54, sənin 50 yaşın var, görəsən qırmızı kərpicli binanın yaşı neçədir? Bilmirsən, Murad?
Bina uça da bilər, yerinə ayrısı tikilər, ağac kəsilə də bilər, yerinə ayrısı əkilər... Təki insan yaşasın, Murad! Təki insanlığın ucaltdığı mənəvi dəyərlər uçmasın! Təki insani keyfiyyətlərin kökü kəsilməsin! 50 yaşının sağlığına bir ağac əkmək mənim boynuma, özü də orda, qırmızı kərpicli binanın qabağında, adını da belə qoyaram: Murad ağacı!
Qəşəm NƏCƏFZADƏ
525-ci qəzet.-
2013.- 31 avqust.- S.25.