Keçmişdən gələcəyə
həyəcan çağırışı
ARİF
ƏLİYEVİN “SON ÇAĞRI” ROMAN-REPORTAJI (BAKI, “ALTUN
KİTAB” NƏŞRİYYATI, 2013) HAQQINDA
DÜŞÜNCƏLƏR
İstənilən cəmiyyətdə elə adamlar olur
ki, onların nəyi və necə demələri ətrafdakılara
həmişə maraqlı gəlir. İşıqlı təfəkkür
sahibi olan bu insanlar fakt və hadisələrə qeyri-standart
yanaşmaları ilə insanların stereotipləşmiş
düşüncələrinə təsir göstərir, bəzən
donuq beyinləri də qidalandıraraq onlara yeni impuls verirlər.
Uzun illərdir ki, Azərbaycanın yeni mətbuatını
yaratmaq üçün külüng çalan, müstəqil
medianı yeni platformaya çıxarmağa
çalışan, bu yolda hər cür əzab-əziyyətlərə
qatlaşan Arif Əliyev məhz belə istedad sahiblərindəndir.
Onun, xüsusən son dövrlərdəki aktual
çıxış və müsahibələri, olaylara fərqli
yanaşma tərzi ilə seçilən müəllif
yazıları media ictimaiyyətində ciddi maraq doğurur.
Amma bəzən yaşadığımız
dövrün çalxalanan hadisələri, bu prosesdə
ortaya çıxan yeni ideya, davranış və tendensiyalar,
eyni zamanda hər bir fərdə xas olan ruhi-mənəvi təbəddülatlar
qəzet səhifələrinə sığmır. Sadəcə, bu yerdə
publisistikanın yüyrək atı kara gəlmir.
O zaman “bizi dindirən əsrin” ortaya
çıxardığı suallara cavab vermək
üçün ədəbiyyata, hadisə və
düşüncələri bədii təxəyyülün
süzgəcindən keçirməyə ehtiyac yaranır. Arif Əliyevin “Son çağrı” kitabını
oxuyandan sonra əsərin niyə ortaya
çıxmasının bir səbəbini də bunda
gördüm.
lll
Müəllif əsərini roman-reportaj adlandırıb. İkinci adda, sanki zahirən
bir paradoksallıq var: Bədii ədəbiyyatın ən
qocaman, ağır və ləngərli janrı olan romanla,
çağdaş publisistikanın ən çevik, oynaq və
yaşlanmaq bilməyən reportaj janrını necə birləşdirmək
olar? Həm də axı bunlardan birincisi bədii
təxəyyülə, ikincisi isə sənədlərə əsaslanır.
Bəs onda yağla suyu necə
qarışdırmaq olar? Hər iki sahənin ən incə
qatlarına bələd olan A.Əliyev bunun sadə formulunu bizə
təqdim edir: Yaşadığımız günlərin hadisələri,
o cümlədən, əsərdə təsvir olunan ən
xırda detallar reportajın ekspressiv sürəti ilə oxucuya
çatdırılır, amma o yerdəki bu hadisələrin
fəlsəfi izahı, ümumiləşdirmələr,
obrazı səciyyələndirmək ehtiyacı yaranır,
onda müəllif romanın imkanlarını meydana çəkir.
Bax, burada istedadlı qələm sahibi olan müəllif bədii ədəbiyyatın
möhtəşəm qranit lövhələri üzərinə
publisistikanın parlaq mozaika daşlarını elə məharətlə
düzür ki, heç oxucunun ruhu da incimir. Roman-reportajın zahirən
çox sadə süjet xətti var. Uşaq vaxtı tez
böyüməyə can atan Asif tez-tez xəstələnir,
qeyri-adi hallar keçirir. Bu vəziyyətdə
o, sanki evdən yoxa çıxır, onu axtaranda qoyulduğu
yerdə deyil, evin başqa yerlərindən tapırlar. Sən demə, bu yoxaçıxma donmuş enerji
kimi qalır və əsərin qəhrəmanı Asif
böyüdükdə müxtəlif həyat
situasiyalarında keçmişdə qalmış
(sıxılmış enerji) uşaqlığı ilə
üz-üzə gəlir. Deməli, Asifin
içərisində daim bir uşaqlıq “məni”
yaşayır və onu atdığı addımlar
üçün daim hesabat verməyə məcbur edir.
Bu kontekstdə müəllif insan taleyi, zaman və mənəviyyatla
bağlı bir sıra fəlsəfi suallara cavab axtarır:
Zaman nədir? Sonsuzluğa varan düz xəttmi,
hüdudları olmayan okeanmı? Onu necə
adlamaq ya geriyə qaytarmaq mümkündürmü? Niyə biz uşaqlıqda tez böyümək,
böyük olanda isə uşaqlığımıza
qayıtmaq istəyirik? Biz niyə
yaşayırıq, yolumuzu niyə azırıq, hansı hədləri
keçmək bizim üçün qorxuludur, həyatın
amansızlığı şəraitində öz “mən”imizə
xəyanət etmədən yaşaya bilərikmi? Hərəsi bir batman gələn bu suallara, müəllif
müxtəlif bədii detalların köçməyi ilə
cavab verməyə çalışır.
Göründüyü
kimi, əsər
maraqlı tarixçə və bu tarixçənin ortaya
çıxartdığı suallar üzərində qurulub.
Həm də bu tarixçədə keçmiş bugünə,
bəlkə, daha çox gələcəyə
qarışıb; gerçəklik – əlçatmaz
görünən, son nəticədə isə ondan da
güclü reallığa çevrilən arzuya; məntiq –
hadisələrin ağlasığmaz axınına, az qala
mistikaya; məhəbbət – ikraha, bəzən hətta nifrətə.
Həyatda da belədir, onun dadı-duzu büsbütün
bu həlməşiyin qatqıları arasındakı nisbətdən
asılıdır. Bəs bu necə
yaratmalıyıq?
“Son
çağrı”nı oxunaqlı edən
ən cazibədar xüsusiyyətlərdən biri əsərdə
real obrazların olmasıdır. Həm də maraqlı cəhət
odur ki, bu obrazlarla (Elçibəy,
Ərdoğan, Elif Şafak, Nəcəf Nəcəfov,
İsaxan Aşurov, Elçin Şıxlı və s.)
bağlı oxucuya bəlli olmayan səhnələr, tarixi
hadisələr xırda detallarına qədər dəqiqliklə
əks etdirilir. Maraqlı və dinamik süjetin
qəhrəmanları olan bu obrazlar da oxucu ilə birlikdə
yuxarıda səslənən suallara cavab axtarılır.
Bu roman-reportaj Arif Əliyevin ilk bədii qələm təcrübəsidir. Lakin əsərin strukturu
kompozisiya elementlərinin məharətlə birləşdirilməsi,
sənədli və bədii lövhələrin növbələşdirilməsi,
dialoqların ustalıqla qurulması, psixoloji məqamların
incəliklə təsviri, bədii təxəyyülün
müəllifin fərdi üslubundan qaynaqlanan gücü və
bütövlükdə əsərin arxitektonikası onu deməyə
əsas verir ki, A.Əliyev, sanki ömrü boyu elə bədii
əsər yazıb. Əslində burada təəccüblü
bir şey də yoxdur, müəllifin ümumi intellektual səviyyəsi,
düşüncə və təfəkkür tərzi,
geniş mütaliəsi, bədii-estetik duyumu, intuisiyası və
yazı tərzi
mübahisə üçün əl yeri
qoymur.
lll
Əsərin parlaq dili-üslubu və məzmunu
çatdırmaq üçün müəllifin seçdiyi
işarə və simvollar haqqında ayrıca danışmaq
lazım gəlir. Çünki burada söhbət bir
publisistin ədəbi aləmə gətirdiyi yeniliklərdən
gedir. Adi halda biz çox vaxt
dünyanı, ətrafımızda baş verən prosesləri
söz və görüntü ilə qavrayırıq.
Amma bədii ədəbiyyatda görüntü simvolları
heç də həmişə dayanıqlı
olmadığından yenə ədəbi söz
üstünlüyü ələ alır. “Son
çağrı” roman-reportajında bu söz yaddaşa
hopmuş görüntü işarələrinin verdiyi
informasiyanı müəyyən çərçivəyə
salaraq məna sərhədlərini dəqiqləşdirir.
Müəllif sanki ağlasığmaz
görünən, bədii qavrayış mexanizminin hələm-hələm
alışmadığı epizodları söz işarələri
ilə qıcıqlandırıb oyadır, sonra da
canlandıraraq bədii həqiqətə çevirə bilir.
Əlbəttə, bədii forma baxımından
insanın öz uşaqlığı ilə zaman-zaman
qarşılaşması ağlasığmaz və fantastik
görünə bilər. Burada bir mistika var və
müəllif bu mistikadan uğurlu bədii üsul kimi istifadə
edə bilir. Çünki sözlə mif
bir-birindən ayrılmazdır və ikinci həqiqəti
ortaya çıxara bilirsə, oxucu onun mövcudluğunu bir
forma kimi təbii qəbul edir. A.Əliyevin
də bədii təfəkkürünün gücü
ondadır ki, hətta ən qeyri-adi epizodları belə oxucuya
şərti həqiqət kimi qəbul etdirə bilir. Beləliklə
biz hadisələri və bu hadisələrin cərəyan
etdiyi gerçək dünyanı “Son çağrı”
müəllifinin, bir növ psixoloji testlərdən keçirərək
bizə təqdim etdiyi tərzdə tanıyıb, duyub,
qavrayırıq.
Əsərdə təsvir olunan hadisələr bugünkü ictimai həyatımız üçün önəmli olan bir çox aktual məsələlər üzərinə işıq salır, iqtisadiyyat, mənəviyyat, kamil insan, problemi və s. problemləri iri plana gətirir. Bu problemlər sırasında dəyişən dünyanın yeni parametrləri, o cümlədən, Qafqazın və Xəzəryanı regionun yeni geosiyasi mənzərəsi və bir də mətbuat azadlığı problemi mənim diqqətimi daha çox cəlb etdi. Müəllif geosiyasi problem daha çox prezident Ə.Elçibəyin Amerika jurnalistinə müsahibəsi kontekstində işıqlandırır. Biz burada müəllifin siyasətin alt qatlarına necə dərindən nüfuz etməsinin şahidi oluruq.
Media azadlığı problemi isə əsərin bir neçə epizodunda qırmızı xəttlə keçir. Bu problem müəllifin maraqlı obraz kimi təqdim etdiyi və kişi yaddaşında uzun müddət ilişib qalan Qərbli media ekspert, xanım Flippa ilə mübahisəsində əks olunur. Mübahisənin ertəsi günü xanım konfransda çıxış edir və öz dediklərində təkid edir. Onun yanaşması müəllifdə etirazlar doğursa da reallığın diqtəsini qəbul etməli olur: “...Flippanın irəli sürdüyü tezis bundan ibarət idi ki, maliyyə qaynaqları müstəqil olmayan media özgür ola bilməz, media özgürlüyü olmayan yerdə isə söz azadlığı nəinki illüziyadır, hətta ictimai şüurun sağlamlığına təhlükə mənbəyidir.
Mən başa düşürdüm ki, nəzəri cəhətcə Flippanın qarşısına istənilən qədər əks-arqument çıxarmaq mümkündür, lakin praktik baxımdan o, haqlıdır. Baxın, bizim Azərbaycanda mətbuat azadlığı uğrunda uzun illər göstərdiyimiz səylər nə ilə nəticələndi? Senzura ləğv olundu, gözəl qanunlar qəbul edildi, hamıya qəzet, agentlik, televiziya yaratmaq hüququ verildi və s. Amma başımız bu işlərə qarışıq ikən iqtisadi vəziyyətin ağırlığından istifadə edən məmurlar və həmin təbəqədən olan oliqarxlar altdan-altdan media orqanlarını bir-bir satın aldılar, onların özlərindən asılılığını daha da gücləndirdilər, mətbuatı buyuruq quluna çevirdilər. Nəticədə biz söz azadlığı adı altında hökumətin ictimai rəylə manipulyasiya etmək imkanlarını genişləndirmiş olduq”. Media azadlığı ilə bağlı müəllifin gəldiyi qənaət budur: “Yox, söz azadlığı və mətbuatın asılılığı həqiqətən təhlükəli simbiozdur. Bu dəlinin əlinə çomaq vermək kimi bir şeydir. Çomaq nədir, tüfəng! Top!” Və indi biz özümüzü bu topdan qorumağın yollarını axtarırıq.
Arif Əliyevin “Son çağrı” roman-reportajı ciddi mətləblərin gün işığına çıxarıldığı əsərdir. Əsərin təlqin etdiyi qənaətlərdən biri də budur ki, bu dünyada hərənin həyata öz baxışı var: biri özünü qurban deyir, o biri qurban tələb edir; biri əqidə yolunda təhqirlərə dözür, o biri şəxsiyyətini qoruyur; biri haray qopararaq qışqırır, o biri “susmaqla fəryad edir”, biri vuruşur, o biri başını götürüb harasa gedir... Görəsən kim haqlıdır? Bax bunu müəyyənləşdirmək çox çətindir, çünki bu suallar əbədidir, onlar keçmişdən gələcəyə xatırlatmadır, son çagrı kimi, hər zaman bizi səksəndirən həyatımızın həyəcan çağırışları kimi...
Qulu Məhərrəmli
filologiya elmlər doktoru,
professor
525-ci qəzet.-
2013.- 31 avqust.- S.22.