Şabran- hər daşı tarixləşən
şəhər
“Şabran Azərbaycanın
qədim torpağıdır, tarix və mədəniyyət
abidələri ilə zəngindir. Buradakı
abidələrin qorunması və bərpası ilə
yanaşı, çalışmaq lazımdır ki, insanlar da
onları tanısınlar”.
İlham
Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Etibarlı
qala və ya ön söz əvəzi
Paytaxtımızdan
şimal-şərqdə, Bakının 123-cü kilometrliyində
binə-bölgə bağlamış keçmiş Dəvəçiyə,
bugünkü Şabrana ayaq basan ilk əvvəl bu yerlərin az qala hər qarışından boy verib
görünən, bir vaxt düşmən gələndə
“yağı gəlir, çıraqlanın, yaraqlanın!”
deyibən hay çəkib haraylamış, qədim Şabran
torpağını duyuq salıb qaraqəlb düşmənə
məşələ çevrilən, dosta-qonağa zirvələrdən,
ucalıqdan vüqarla əl edən məğrur
Çıraqqalanı görər...
Tarixin qədim dövrlərində xalqımız yadelli
işğalçıların gözlənilən
hücumlarına, basqınlarına qarşı müdafiə
qalaları ucaldıblar. Yaşı III-V əsrlərə gedib
çıxan Çıraqqala da belə nadir müdafiə
istehkamlarındandır.
Ötən
əsrin sonlarında Azərbaycan ikinci dəfə dövlət
müstəqilliyini əldə etdikdən sonra
özünün ən keşməkeşli, az qala
“ölümlə qalım” arasındakı çətin
sınaq dövründə isə respublikamızın qüdrətli,
etibarlı müdafiə qalası onun böyük
övladı, ümummilli liderimiz, ulu öndər Heydər
Əliyev oldu.
Əbədiyaşar
Prezidentimiz deyirdi: “Hamımız üçün bir
böyük məfhum var: Azərbaycan Respublikası, Azərbaycan
xalqı. Bu məfhum ətrafında hamı
sıx birləşməlidir”.
Ümummilli
lider bu müqəddəs “Azərbaycan məfhumu” ətrafında
xalqı sıx birləşdirməkdə milli-mənəvi dəyərlərimizi,
xalqımızın həm də güvənc, qürur yerlərindən
biri olan şanlı keçmişini, tarixini, bu tarixin bu
günümüzə gəlib çatan maddi mədəniyyət,
memarlıq nümunələrini, qala və abidələrini
yüksək dəyərləndirir, onları gələcək
nəsillərin vətənpərvərlik tərbiyəsində
qiymətli örnək hesab edirdi.
Ulu
öndərin müdrik sözlərindəndir: “İkinci
minilliyin tarixi əyani surətdə göstərir ki, Azərbaycan
xalqı dünya mədəniyyətində öz dəsti-xətti
ilə seçilən xalqlardandır. Keçən iki min il ərzində bəşər
sivilizasiyasının ayrılmaz hissəsi kimi azərbaycanlılar
dünya mədəniyyəti xəzinəsinə sanballı
töhfələr vermişlər. Bizim əcdadlarımız
ibtidai insanın mədəniyyət sahəsində əldə
etdiyi bütün nailiyyətlərdən faydalanaraq
özünəməxsus zəngin mədəni-mənəvi irs yaratmışlar. Bunu istər
Azərbaycan ərazisində arxeoloji qazıntılar nəticəsində
tapılmış abidələr, istərsə də bu
günümüzə çatmış şifahi xalq ədəbiyyatı
və yazılı ədəbi irsimiz sübut edir”.
Ümummilli liderimiz doğma Vətəninin ən
böyük yurdsevəri idi. Respublikaya rəhbərliyinin birinci
dövründə – 1979-cu ildə məhz onun xüsusi
göstərişi ilə Elmlər Akademiyasının
arxeoloji ekspedisiyası rayonun ərazisində, Şahnəzərli
kəndi yaxınlığında arxeoloji qazıntı
işlərinə başlayaraq bir vaxt Odlar Yurdunun ən iri
yaşayış məntəqələrindən olan qədim
Şabran şəhərinin qalıqlarını aşkar
etdi.
Vətən
tarixinə sonsuz hörmət və məhəbbətinə,
öz xalqının, millətinin şanlı
keçmişinə, mənəvi dəyərlərinə
böyük ehtiramın bir nümunəsi, bariz təzahürü
idi ki, ulu öndərin şəxsi təşəbbüsü
və səyi ilə zamanın yaddaşından silinib getməkdə
olan Şabran şəhərində 1979-cu ilin sonlarında
arxeoloji qazıntı işlərinə başlanıldı. Bununla da ulu öndər Şabrana ikinci həyat bəxş
etdi.
Ümummilli liderimiz respublika rəhbərliyinə
xalqın istək və tələbi ilə ikinci dəfə
qayıdışından sonra da tariximizin bu əvəzsiz
yadigarından diqqət və qayğısını əsirgəmədi.
Qədirbilən şabranlıların istər indiki, istərsə
də gələcək nəsilləri xatırlayıb həmişə
də xatırlayacaqlar ki, əbədiyaşar Prezidentimiz
“Çıraqqala” tarixi abidələr kompleksinin bərpası
və qorunması haqqında 23 iyun 2003-cü ildə, şəhərsalma
tariximizin nadir incilərindən olan “Şabran şəhəri”
tarix və mədəniyyət abidəsinin qorunması
haqqında isə 27 sentyabr 2003-cü ildə sərəncamlar
imzalayıb.
Qədim Şirvan yolunun üstündə yerləşən
Şabran şəhəri çox qonaq-qaralı olub. Bu qədim şəhərin
tarixi yaddaşında əbədi qalacaq səhifələrdən
biri özünün ən ali, ən
hörmətli və əziz qonağının – ümummilli
liderimiz Heydər Əliyevin 1983-cü ilin sentyabrında
Şabranda olmasıdır.
Nəhəng bir dövlətin – keçmiş
SSRİ-nin rəhbərliyində çox mühüm vəzifə
tutan Sov.
İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini Heydər Əliyev müttəfiq
respublikalardan birinə – Azərbaycana rəsmi səfəri
zamanı məhz Şabranla da tanış
oldu. Bu ümummilli liderimizin Vətənimizin
tarixinə, həm də bu şəhərin tariximizdə
önəmli yerinə verdiyi qiymət idi. Təsadüfi
deyil ki, əbədiyaşar Prezidentimizin imzaladığı
son sənədlərdən biri də Şabranın
qorunması haqda sərəncam oldu.
Elə buradaca belə bir faktı da yada salmaq xoşdur
ki, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları
da bu tarixi səfərdə ümummilli liderimizlə birgə
idi.
Qürur və vüqar hissi ilə “Mən hər zaman fəxr
etmişəm ki, azərbaycanlıyam” deyən ulu öndərin
Vətən sevgisi, Vətən məhəbbəti, ölkəmizin
tarixi keçmişinə tükənməz hörmət və
ehtiramı bu gün möhtərəm Prezidentimiz İlham
Əliyev tərəfindən yaşadılır və inamla,
qətiyyətlə davam etdirilir. Dövlət
başçımızın diqqət və
qayğısı sayəsində Azərbaycanımızın
keçmişinin, tarixinin yadigarları olan əvəzsiz
maddi-mədəniyyət abidələri bərpa olunur, onlara
yeni həyat verilir.
2011-ci ilin avqustun 15-də Şabrana işgüzar səfəri
zamanı rayon tarix-duyarşünaslıq muzeyinin
açılışında iştirakı, 2013-cü ilin
iyul ayının 19-da bölgədə olarkən rayon ictimaiyyətinin
nümayəndələri ilə görüş zamanı
dediyi, “burada gələcəkdə diyarşünaslıq
muzeyinin tikintisinə böyük ehtiyac vardır. Çünki
Şabran qədim yaşayış yeridir, burada arxeoloji
qazıntılar da aparılıb və aparılır. Çox qədim tarixə malik olan bir diyardır və
mütləq müasir diyarşünaslıq muzey də
yaradılmalıdır” sözləri də elə bu diqqət
və qayğının bariz nümunəsidir.
İlk
sözü arxeoloqlar dedi ...
Yazılı mənbələrdə Şabran şəhərinin
adının eramızın II əsrindən bəri çəkildiyi
göstərilir. Lakin arxeoloji tədqiqatlar nəticəsində
şəhərin son antik dövrdən mövcudluğu
güman edilir.
Şabran
sözünün etimologiyası haqqında müxtəlif
fikir və mülahizələr var. Bəzi müəlliflər
bu sözü fars dilindəki şəb
(qaranlıq gecə) və ran (yer, məkan) sözlərinin
birləşməsindən ibarət olub “gecələmək
üçün yer” mənasını ifadə etdiyini göstərirlər.
Digər tədqiqatlar isə onun qədim
türk tayfalarından olan Sabirlərin adı ilə
bağlı olduğunu söyləyirlər. Şəhər təşəkkül
tapdığı dövrlərdə ilk sakinləri olan
türk tayfalarından birinin – sabirlərin adı ilə
bağlı Sabiran adlanıb, illər keçdikcə Sabiran
Şabrana çevrilib.
Türk yazılı mənbəyinin qədim
qaynaqlarından olan Mahmud Kaşğarinin “Divani-lüğət-it-türk”
əsərində də Sabran şəhərinin adı
çəkilir ki, bu da Şabran adının ilkin
variantıdır.
Müxtəlif fonetik dəyişikliklərlə Orta
Asiya ərazisində də Şabran termini “Sabiran”, “Sabran”,
“Şabiran” və nəhayət, “Şabran” şəklində
işlədilib.
Şəhərlərin yaranması və inkişafı
həm ictimai-iqtisadi, həm də təbii-iqlim amilləri ilə
vəhdətdə cərəyan edən proseslərin nəticəsidir. Təbii şəraitinə
görə Azərbaycan yaşayış üçün
çox qədimdən əlverişli bir ölkə olub.
Təsadüfü deyil ki, hələ bizim
eranın II əsrində yaşayan yunan astronom və
coğrafiyaşünası Klavdi Ptolomey Azərbaycanda – Qafqaz
Albaniyasında mövcud olmuş 29 şəhərin
coğrafi koordinatlarını göstərib.
Şabranın
adına da ilk dəfə K.Ptolomeyin
sadaladığı şəhərlərin içərisində
“Şapotren” kimi rast gəlirik. Buradan da
Şabran şəhərinin artıq eramızın ilk əsrlərində
mühüm yaşayış məntəqələrindən
biri olması, Azərbaycanın iqtisadi-siyasi həyatında
böyük rol oynadığı məlum olur.
Şabran
xarabalıqlarında arxeoloji kəşfiyyat işlərinə
ilk dəfə 1935-ci ildə professor E.A.Poxomov tərəfindən
başlanılıb. Qısa fasilədən sonra 1939-cu ildə
qazıntılar yenidən davam etdirilib.Tədqiqatçılar
bir də aradan 40 il keçəndən sonra görkəmli arxeoloq C.Ə.Xəlilovun
rəhbərliyi ilə Şabrana
qayıdıblar.1980-1998-ci illərdə
isə Qazıməmməd – Mozdok
qaz kəməri xəttinin çəkilişi ilə
bağlı Azərbaycan EA Tarix
İnstitutunun Arxeologiya və Etnoqrafiya bölməsinin daimi fəaliyyət
göstərən ekspedisiyası tarix elmləri doktoru, professor
R.B.Göyüşovun rəhbərliyi altında Şabranda
geniş miqyasda arxeoloji qazıntı işlərini davam etdirərək bu qədim
şəhəri daha ətraflı tədqiq edib öyrənmişlər.
Tarix elmləri
namizədi F.Ə.Abbasovanın başçılığı ilə 2002-ci ildə
Şabranda yenidən tədqiqat işlərinə
başlanıb. Uzun
müddət Şabranda aparılan arxeoloji
qazıntılarda yaxından iştirak edən Fatma xanım nəticədə “Şabran” adlı sanballı və
geniş oxucu kütləsi üçün maraqlı olan bir kitab (Bakı-“Elm”
nəşriyyatı – 2002) yazıb nəşr etdirib.
Arxeoloji tədqiqatların
ilk dövrlərində
şəhərin ərazisi təxminən 40 hektar hesab olunurdu. Son tədqiqatlar nəticəsində
isə Şabran çayının hər iki sahilində binə-bölgə
bağlamış bu qədim yurd
yerinin 110 hektardan çox ərazini
əhatə etdiyi müəyyənləşib.
Arxeoloqlar
Şabran şəhərinin IV əsrdə, özündən əvvəlki möhtəşəm
yaşayış yeri zəminində meydana gəldiyini
söyləyirlər.
Doğma
tariximizin mühüm qaynaqlarından biri olan Abbasqulu ağa Bakıxanovun məşhur
“Gülüstani – İrəm” kitabında qeyd edilir ki,
“Gülüstani- İrəm”i Qaf dağının
yaxınlığında, son dərəcə təravətli,
axar-baxarlı, gözəl çeşməli və meyvə
ağacları olan bir yer kimi təsvir
etmişlər. Ehtimal ki, bu da Şabran adlı səfalı
obadan ibarətdir, bu söz xalq arasında da çox məşhurdur.Şabran şəhərində
aparılan arxeoloji qazıntı işlərinə əsasən tədqiqatçılar
dörd tikinti dövrünü aşkara çıxartmışlar.III əsrdən
başlayan birinci dövr VIII əsrədək davam edir. İkinci dövr XI-XIII,
axırıncı dövr isə XIV- XVIII əsrləri əhatə edir.
Şabranda aparılan arxeoloji tədqiqatlar burada mədəni
təbəqənin qalınlığını
ayrı-ayrı sahələrdə müxtəlif olduğunu
göstərir.
Arxeoloji
qazıntılar Şabran şəhərinin bir vaxt Azərbaycanın
inkişaf etmiş iqtisadi-siyasi-mədəni mərkəzlərindən
biri olduğunu sübut edir. Yüksək şəhər mədəniyyətinə
məxsus olan Şabranda sənətkarlığın müxtəlif sahələri – dulusçuluq, dəmirçilik,
misgərlik, zərgərlik, dabbaqlıq, tikinti quruculuğu, hərb
sənəti yüksək inkişaf etmişdi.
Əlverişli təbii-coğrafi mövqedə yerləşməsi burada
iqtisadiyyatın, xalq təsərrüfatının geniş
sahələrinin inkişafına şərait
yaratmışdı.
Bunu elə tədqiqatlar zamanı əldə edilən
maddi-mədəniyyət nümunələri də sübut
edir.
Aşkar
edilən xüsusi formalı təsərrüfat quyuları, dənəzənlər,
üzüm şirəsi sıxmaq üçün daşlar,
kirkirələr, vəl hissələri, oraq, çin,
dəhrə və s. təsərrüfat
alətləri, arxeoloji qazıntılar zamanı Şabranda
çörək bişirmək, meyvə qurutmaq və evləri qızdırmaq üçün ayrı-ayrı təndirlər aşkar olunub. Bunlar Şabranda taxılçılığın,
çəltikçiliyin, üzümçülüyün
inkişaf etdiyini göstərir.
Şabranda
istehsal edilən kənd təsərrüfatı məhsulları əsasən
satış üçün hazırlanır, qonşu ölkələrə
ixrac olunurdu.
XVI əsrdə
Azərbaycanda olmuş Hollandiya dənizçisi Yan Streysin qeyd
etdiyi kimi, Şabranda başqa yerlərə nisbətən
ucuz, keyfiyyətli və əla növ düyü
yetişdirilməsi, ingilis dənizçisi – taciri Cenkinsonun isə buradan ucuz
ipək alıb gəmilərə yükləyərək
Həştərxana yola
düşmələri Şabranda çəltikçiliyin
və baramaçılığın ənənəvi təsərrüfat
sahəsi kimi yüksək inkişafından xəbər verir.
XIII əsr
farsdilli “Əcayib əd – Dünya” adlı mənbədə də
Şirvan və Tiflis şəhərləri arasında yerləşən,
zəngin sərvətli Şabranın əsas məhsulunun ipək
olduğu göstərilir.
XVII əsr
məşhur türk səyyahı və tarixçisi Övliyya Çələbi
Şamaxı paytaxt olanadək Şirvanşahların baş
şəhəri olmuş Şabranda orta əsrlər
dövründə istehlakın
böyük ehtiyac olan qırmızı boya – manera
bitkisi becərilməsi haqqında məlumat verir. Əbdürəşid
əl – Bakuvi isə
Şabranda yetişdirilən bu boyaq otunun başqa ölkələrə
ixrac olduğunu yazır.
Şabran
ulu tariximizin uzun bir dövründə şimaldan-cənuba və
cənubdan şimala olan bütün hücumlar, döyüş və
basqınlar zamanı əsas dayaq meydanına
çevrilmiş, savaşların
bütün
ağırlığı
məhz
şabranlıların üzərinə düşmüşdür.
Lakin
qanlı-qadalı müharibələrin
ağrı-acısına baxmayaraq, Şabranın mövcud
olduğu tarix boyu burada
sənətkarlıq yüksək səviyyədə
olub.
Şabran sənətkarlarının fəaliyyəti
çox geniş bir sahəni əhatə edirdi. Şəhərdə
dulusçuların sayı daha çox olub, şəhər
dulusçuları hazırladıqları qablara öz
möhürlərini vururmuşlar və bu möhürlərə
əsasən də tədqiqatçılar Şabranda 14 məşhur
dulusçuluq emalatxanası
olduğunu ehtimal edirlər.
Şabranın
müxtəlif tarixi dövrlərə aid aşkar olunub tapılan şirli və şirsiz
qabların növləri çox
müxtəlifdir. Qazıntılar zamanı üzə
çıxarılan təsərrüfat küpləri, nehrə,
sərnic, bardaq, kuzə, süddan tipli qablar, küpə, bərni,
dolça, stəkanabənzər
əşyalar, silbic, aftafa, manqal, qazan, çörək
təknəsi, boşqab, xeyrə – bulud, kasa, piyalə, nəlbəkivari
qablar, duz qabları, şamdan, çıraqlar və s. dulusçuluq məmulatları
həm də tariximizin
maraqlı maddi-mədəniyyət
nümunələridir.
Şabran dulusçuları məişətdə
işlədilən müxtəlif təyinatlı əşyalarla
yanaşı gildən bəzək əşyaları da
düzəldirlər. Üzüklər, muncuqlar, düymələr onların
hazırladığı maraqlı əl işləridir.
XIV-XVII əsrlərə aid bəzək əşyaları içərisində
mavi rəngli muncuqlar, o cümlədən gözmuncuqları, üzüklər daha
çox
üstünlük təşkil edir.
Orta əsrlər
Azərbaycan tarixinin görkəmli tədqiqatçılarından
biri olan Sara xanım Aşurbəyli Şabranı ölkənin
digər şəhərlərini də öz məhsulları
ilə təmin edən iri saxsı istehsalı mərkəzlərindən
biri hesab etməkdə
haqlı idi.
Söykənib
divarına zindanın, üz tutdum göylərə
...
Şirvanşahlar
dövlətinin tarixinin bir çox maraqlı səhifələri
Şabranla bağlı olub, XI əsrdə
Şirvanşahların ailə
sərdabələri bu şəhərdə yerləşib və
Şirvanşah Yezid ibn Əhməd və qızı Şəmkiyə
burada dəfn ediliblər.
Qızıl Orda xanı
Toxtamışla döyüşdə zəfər çalan Teymurləngi
Şabranda qarşılayan Şirvanşah İbrahim öz
rəqibi üzərində qələbəsinə görə
qalib hökmdarın şərəfinə böyük bir
ziyafət verir.Bir qəmli məkan – Şirvanşahların mərkəzi
zindanxanaları da uzun müddət Şabran şəhərində
yerləşib və
şahlıq üçün xüsusilə təhlükəli
hesab edilən dustaqlar da məhz
bu zindanxanalarda cəzalarını çəkməli olublar.
Saray
çəkişmələrinin qurbanı olan görkəmli
şairimiz Fələki Şirvani zindanda yazdığı şeirlərini “Həbsiyyə”
adlandırmışdı. Şair 27 yaşında elə
burada – Şabran
şəhərində, zindanda vəfat edir və Fələkini
ürəkdən sevən XII əsr klassik Azərbaycan
şairi Əfzələddin Xaqani onun vaxtsız
ölümü münasibəti ilə qəsidə yazır.
Zəmanə dönük idi. Şaha xəyanətdə ittiham
edilən Xaqaninin özü də
Şirvanşah Axsitan tərəfindən 1170- ci ildə həbs
olunaraq Şabranda yeddi ay zindanda yaşayır, burada
yazdığı şeirlərini xatirəsini çox istədiyi Fələki kimi “Həbsiyyə”
adlandırır...
Xaqani Bizans imperatorunun oğlu Andronik Komnenin Şabran
şəhərinin yaxınlığından karvanla
keçdiyini öyrənib xüsusi qəsidə ilə ona
müraciət etmiş, məhbəsdən qurtarmaq
üçün kömək istəmişdi. E.İ.Bertelsin fikrincə,
Xaqani anası xristian qızı olduğuna görə Bizans
hökmdarından kömək görəcəyini güman
etmiş və bir müddətdən sonra o, zindandan azad
olunaraq:
–Siz mənə
həyatı etdiniz əta,
Şirvan
anadırsa Təbrizdir ata,
–deyə Şamaxıdan Vətənin o tayına
köç edib, elə Təbrizdə də haqq
dünyasına qovuşmuşdu.
Əcnəbi
səyyahlar Şabranda
Yurdumuz həmişə qonaq-qaralı olub. Xoş niyyətlə torpağımıza ayaq
basanları duz-çörəklə
qarşılamışıqsa, düşmənin
qabağına silahla çıxmışıq. Kraliça
Yelizaveta Tudorun hakimiyyəti illərində İngiltərənin Səfəvilər
dövləti ilə ticarət əlaqəsi yaratmaq üçün Təbrizə
gələn nümayəndələri 1562-ci ildə gəmi ilə Şabran şəhərində
sahilə yan almışlar.
Elə həmin
yüzillikdə Hollandiya dənizçisi Yan Streys də bu şəhər
haqda maraqlı məlumatlar qoyub
gedib. O, Şabranda “son dərəcə yaxşı və
ağ düyü” olduğunu qeyd edir. Şabran şəhərinin
qədim zamanlarda
sədlə əhatə olunduğunu, burada hətta “vaxtı
ilə Makedoniyalı İskəndərin
qoşunları üçün çörək bişirilən
təndirlərin qalıqlarını gördüyünü”
söyləyir.
XVII əsrin
məşhur türk səyyahı və tarixçisi
Övliya Çələbinin
verdiyi məlumata görəsə, Şabranda 70 məhəllə,
hər məhəllənin də öz məscidi olub. Çələbinin
yazdığına görə, Şabran öz saf havası və
şirin suyu ilə
Təbrizdən sonra ikinci şəhər hesab olunub. O, şəhərin
memarlıq abidələrindən, xüsusi ilə Toxmaq xan , Əfşar xan,
Uzun Həsən məscidlərindən söz açır,
onları bir memarlıq abidəsi
kimi yüksək qiymətləndirir.
Qaynaqlar nələr
deyir...
(“Azərbaycan
tarixi üzrə qaynaqlar” kitabından və digər mənbələrdən)
Fəzlullah Rəşidəddin.
“Cami Ət-Tavarix” (Tarixlər toplusu, XIII əsr)
“Oğuz
Dərbənd vilayətindəki işlərini tamamladıqdan
sonra Şirvan və Şamaxıya elçi göndərib bu
xəbəri verdi: “Buraya gəldiyimizi hər
halda eşitmiş olacaqsınız. Vardığımız
hər ölkə bizdən nə əmr edilmişsə yerinə
yetirildi. Keçdiyimiz yerlərdə almadığımız
bir ölkə, boyun əyməyən və itaət yolunu
tutmayan bir hökmdar qoymadıq qalsın. Əgər
indi siz öz istəyinizlə bizə el olursunuzsa, cavab
göndərərək qulluq göstərməyiniz gərəkdir.
Yox, əgər dikbaşlıq və üsyanda
inad edəcəksinizsə, savaşa hazır olun. Biz də bu elçilərin həmən ardınca gəlirik”.
Bu xəbər onlara yetişincə, Oğuzun
elçisinə hər cür hörmət göstərdilər.
İtaət və qulluq yolunu tutub, hədiyyə
olaraq doqquz qır at göndərdilər. Oğuz
Şamaxıya gəlib 14 gün orada qaldı. O günlərdə
Şaberan əhalisi xəzinə vergisini gətirib ödədi...”
Əl-Kufi,
“Kitab Əl-Fütuh”
(926-cı
ildə ölmüş ərəb tarixçisinin bu əsərində
hadisələr xəlifə Əbu Bəkrin vaxtından xəlifə
əl-Müsatinin hakimiyyətinin sonunadək izlənmişdir
(632-866-cı illər)
“Salman ibn Rəbiyyə və İran əhalisindən
onun silahdaşları geriyə dönərək əl-Kür
(Kür) çayını keçənə kimi irəlilədilər. Onlar Şirvan
torpaqlarına yaxınlaşıb düşərgə
saldılar. Şirvan hakimini yanlarına
çağırıb onunla təzminat vermək şərti
ilə barışıq bağladılar. Sonra
Şirvandan hərəkət edərək Şabran və
Maskata çatdılar. Bundan sonra o
dağlardakı hakimlərin (mülük əl-cibal)
yanına öz elçilərini göndərərək
onları yanına gəlmək üçün dəvət
etdi. Onlar hamısı ona pul, hədiyyələr gətirərək,
hər il məlum təzminat verməyə
razılaşdılar. Bütün bunlara o da
razılığını verdi”.
Əl-Bəlazuri. “Kitab Fütuh Əl-Buldən” IX əsr ərəb
tarixçisi
“...Sonra o
(şah Qubad) Şirvan vilayəti və Allan qapıları
arasında bişməmiş gildən sədd çəkdirdi,
gil divar boyu 360 şəhər saldırdı ki, (onlar) Bab əl-Əbvab
şəhəri tikildikdən sonra dağıldılar. Qubaddan sonra taxta oturan oğlu Kəsra Ənuşirəvan
Şəbiran şəhəri və Məskət şəhəri,
sonra isə Bab əl-Əbvab şəhərini tikdirdi;
Əbvab (qapıları) ona görə deyilirdi ki, dağda
yolboyu tikilmişdi.”
Əl-İstəxri,
X əsr (“Məmləkətlərin yolları”
kitabından)
Beyləqan, Varsan, Bərdic, Bərzənd, əş-Şəmaxiyə, Şirvan, əl-Abxaz, əş-Şəbaran, Qəbələ, Şəkki, Cənzə, Şəmkur və Xunan isə böyüklükdə bir-birinə bənzəyən kiçik şəhərlərdir. Bunlar münbit torpaqlı və hər şeyi bol olan yerlərdir.
İbn-Əl-Əsir, XII əsr (“Əl-Kamil Fi-t-tarix”)
...Qubad öldükdən sonra Ənuşirəvan onun yerinə keçərək padşah oldu, onun – atasının işlərini daha da qüvvətləndirdi. Ənuşirəvan Fərqanə və əl-Bərcanda müharibə etdikdən sonra qayıdıb Şabranı və bir sıra başqa şəhərləri bina etdirdi.
Antoni Cenikson, XVI əsr, ingilis səyyahı “Gündəlik”
...Buradan biz cənub-şərq və cənub, cənub-şərq istiqamətində 80 mil üzərək, avqustun 6-da (1557-ci il – A.T.) yüklərimizi boşaldacağımız yerə – Şabran adlı şəhərə gəlib çıxdıq. Burada mənim gəmim yükünü boşaldıb, malları sahilə yığdılar.
Adam Oleari, XVI əsr (Holştiniya hersoqluğunun elçisi)
“Şabran təmiz bir şəhərcikdir, orada biz limana – sahilə yan almışdıq, dənizin yaxınlığında yerləşir”.
SON SÖZ
ƏVƏZİ
Görkəmli Norveç alimi, məşhur dəniz səyyahı Tur Heyerdal 1981-ci ildə Azərbaycanda qonaq olarkən Şabran şəhərində gedən qazıntı işləri ilə də maraqlanmış, bu qədim şəhəri “orta əsr Şərqinin nadir abidəsi” adlandıraraq, öz təəssüratlarında yazmışdı ki, “Şabran vasitəsi ilə biz sizin xalqın keçmişinə çox yaxşı səyahət edə bilirik...”
Aydın
TAĞIYEV
525-ci qəzet.-
2013.- 31 avqust.- S.14-15.