Yeddi il bağlı qalmış
ağır cinayət... - davamı
Azərbaycan
Prokurorluğu - 95
"Tovuz
rayon prokuroru Rəsul Həsənov və Tovuz Rayon
Prokurorluğunun sabiq böyük müstəntiqi, hazırda
Zaqatala rayon prokurorunun müavini vəzifəsində işləyən
Füzuli Musayev tərəfindən yüksək məharət
və peşəkarlıqla aparılan istintaq hərəkətləri
nəticəsində 7 il bundan əvvəl - 12 yanvar 1992-ci il tarixdə
Əli Məmmədovun qəsdən
öldürülməsi cinayətinin üstü
açılmış, qətli törədən Fikrət
Hüseynov Ali Məhkəmənin hökmü ilə uzun
müddətə azadlıqdan məhrum edilmə cəzasına
məhkum edilmişdir".
Azərbaycan
Respublikası Prokurorluğu Kollegiyasının 1999 - cu il 14
avqust tarixində keçirilmiş geniş iclasında Baş
Prokuror, II dərəcəli
dövlət ədliyyə
müşaviri Eldar Həsənovun məruzəsindən.
ARZUOLUNMAZ
SƏRNİŞİNLƏR...
Saat 20:00 radələri olardı. Yuxarıda
zülmət qaranlıq hökmranlıq edirdi. Qışın şaxtasını özündə
saxlayan soyuq yanvar axşamında saatlar axıb gedirdi. Qovlar qəsəbəsində külək zəif
bir sıçrayışla yarpaqları
xışıldadır, ağacların nazik gövdələri
arasında inləyir, tək - tük yarpaqları küçələrdə
qovurdu. Göy qara, lehməli idi, lakin bu tutqunluq
arxasından sanki ara - sıra ay
görünür, yaxud tək - tük ulduzlar
parlayırdı. Ağacların çətirləri də
qaranlıqda tutqun və bulanlıq ləpələr kimi
seçilməyə başlayırdı, onların kənarları
göyə qarışıb birləşir, elə bil
zülmət içində əriyib yox olurdu...
Üç yoldaş - Arif, Fikrət və Qasım dəmiryol
vağzalındakı yeməkxanaya girdilər. Çöldə
şaxta olduğuna görə bura tünlük idi. Xırıltılı səslə danışan,
üzlərində xırda qayğılar ifadə olunan sərxoş
adamların səsi siqaret tüstüsündə boğulan
divarlarda zəif əks - səda verirdi.
Onlar yer tapıb oturdular. Cəsarət
üçün adama 50 qram araq sifariş verdilər.
Küçə qaranlığa bürünüb
yatırdı.
Vağzalqabağı meydan bomboş idi, nə maşın, nə
adam var idi. Küçə
dirəklərinin zəif işığında ağaclar məğrur
görünürdü.
Haradasa
uzaqlardan zəif fit səsi eşidilirdi: səs get - gedə
artırdı. Bir azdan onlar qatar təkərlərinin
taqqıltısını eşitdilər. Yük qatarı stansiyadan sürətlə keçib
tezliklə də qaranlıqda yox oldu. Sakitlik ətrafa
yenidən hakim kəsildi.
Yeməkxananın pəncərəsindən
çöldə gözlənilmədən zülmət
içində qırmızı işıqları ilə
göz vuran avtomaşın nəzərə çarpdı. Avtomaşını görən
təki yayı dartılmış kimi üçü də
yerindən sıçradı...
Qasım
ürəyi döyünə - döyünə, bədəni
titrəyə - titrəyə sürücüyə doğru
gedir və öz - özünə deyinirdi: "Həyəcanlanmamaq
lazımdır, sakit olmaq lazımdır - və ürəyinə
müraciət edərək: - Nə olub? Bu nə
haldır? - deyə söylənirdi.
O, özünü sakit eləmək üçün nə qədər
çox səy edirdisə, bir o qədər narahatlıq
keçirir, nəfəsi tutulurdu:
- Bizi
Əsrik Cırdaxan kəndinə apararsan? Neçə desən
verərik....
Qiyməti danışıb razılaşdılar.
Fikrət qabaqda sürücünün sağ tərəfində
oturdu və özünü arxaya yıxdı, onun
üzünün rəngi qaçmışdı. Ariflə
Qasım isə keçib arxada rahatlaşdılar.
Sürücü, qəsəbə sakini Əli Məmmədov
xüsusi bir cəldliklə qoşqunu sıxıb, sürət
dəstəyini şaqqıltı ilə "keçirdi"
və pedalı bərkdən basdı. Mühərrikin
gurultusu maşının içində danışanların
səsini batırdı. Avtomaşın
yerindən tərpənib asfalt yoluna istiqamət
götürdü.Onlar maşında şose yolla
şütüyürdülər. Ağaclar,
kollar gah tək - tək, gah da dəstə - dəstə ilə
marafon qaçışında iştirak edən idmançılar
kimi yanlarından ötüb keçirdi.
Təxminən
on beş - iyirmi dəqiqə keçəndən
sonra avtomaşın axşamın qatı qaranlığı
ilə üz - üzə gəldi.
Böyükqışlağın asfalt örtüyü
korlanıb dağılmış, kələ - kötür yolu narahat idi. Maşın
çala - çuxur yolla çətin irəliləyirdi.
- "Lənətə
gələsiniz sizi" - deyə sürücü əsəblərini
cilovlayıb çölün sinəsindən keçən
yola baxaraq işləməyən şüşətəmizləyənlərin
qarasınca astadan deyindi.
Yollar yaxşı
deyildi. Təkərlər su dolu
çalalara düşdükcə palçıq
sıçrayıb maşının altına
yapışırdı. Narın
yağış damcıları xəfifcə
maşının qabaq şüşəsini
cırmaqlayırdı. Tələsmək lazım idi:
bir azdan yağış güclənə bilərdi.
Yolun 8 -
ci kilometrliyinə çatanda Fikrət üzünü
sürücüyə tutub dilləndi:
- Saxla. Beş dəqiqəliyə havamı dəyişib gəlirəm.
Bu o biri
yoldaşlarına işarə idi: - "Siz hərəkət
edin, mən də qayıdıram".
...Özləri
ilə götürüb gizlətdikləri ağır dəmir
boru parçaları ilə Ariflə Qasım sürücünün
başına ölümcül
zərbələr endirməyə başladılar. Sürücüdən çığırtı səsi
gəldi. Bu dəfə dəmir borunu daha güclü zərbə
ilə onun başına çırpdılar: qan
sürücünün kəlləsindən sel kimi axdı.
Yapışqan kimi isti qanın içində çapalayan
sürücü yarpaq kim əsirdi.
Onu avtomaşından yerə saldılar. Sürüyüb
yoldan xeyli kənara çəkdilər. Ariflə
Qasımın gözləri qanla dolmuşdu - onlar özlərini
idarə edə bilmir, tez - tez, nəfəsləri tıxana -
tıxana vururdular. Çılğınlıqdan
sifətləri dəhşətli olmuşdu.
Bu vaxt
"havasını dəyişib" qayıdan Fikrət də
dostlarına qoşuldu və onların üçü də
birlikdə quduz bir kinlə, qəzəblə, sanki bir ehtiras
qızğınlığı işərisində
sürücünün başına, üzünə, bədəninin
müxtəlif yerlərinə dəmir parçası ilə
güclü zərbələr endirməyə
başladılar.
Təsəvvür
edin ki, belə bağırtı, belə qeyri - təbii səslər,
belə ulama, belə fəryad, belə
diş qıcıltısı, belə ağlayış
eşidilməmişdi. Bu cür rəhimsizliyi təsvir etmək
çətin idi...
Nəhayət torpaq üzərində
çapalayan, sudan
çıxarılmış balıq kimi xırıldayan
Əli Məmmədov qana bulaşmış cansız
başını uzatdı, dərindən köksünü
ötürərək öldü. Onun gözləri
bərələrək, elə bil ki, yerindən
çıxmaq istəyirdi, alnı və üzü
qıclaşaraq eybəcərləşdi. Kəllə
sümüyü parçalanmışdı, hətta azca da yana əyilmişdi...
Sürücünün
qan içində olan paltarının bütün ciblərini
eşələyib axtardılar: cəmi 75 rubl rus pulu
tapdılar. Meyitin barmağındakı 17300 rubl
rus pulu dəyərində olan qızıl üzüyü də
qənimət kimi götürdülər.
Fikrət avtomaşının sükanı arxasında əyləşdi. Lakin sürə
bilmədi, həyəcandan avtomaşını yolun kənarındakı
çökəkliyə saldı. "Jiquli"ni çökəklikdən
çıxarıb aparmaq qeyri - mümkün idi. Ona görə də, avtomaşında ələ gələn
və yapon istehsalı olan maqnitofon kasetlərini, o cümlədən
arxa şüşəni çıxardıb
götürdülər. Sonra köməkləşib
al - qan içində olan meyitin bədəninin yarı hissəsini
avtomaşının kapotuna keçirdib uzadılmış vəziyyətdə
qoydular.
Qasım
iri qara gözləri ilə qorxa - qorxa ətrafı izləyirdi:
onun gözləri qorxu ifadə olunan arıq, balaca
üzündə daha iri görünürdü. O, əzabverici
bir hiddət
içində meyitə baxdı... sifəti
çimçəşdi, o saat da gözünü çəkərək
çöhrəsini turşutdu. Bütün bədəni
tər içində idi, saçı tərdən
islanmışdı, vahimə onu bürümüşdü.
Arağın təsirindən
ayılmışdı - törətdiyi cinayəti dərk
etdiyindəndirmi, yoxsa nədən idisə nəfəsi
tutulur, sinəsi sıxılırdı. Titrətmə
və üşütmə canını
bürümüşdü - sanki kürəyinə şaxta
dolmuşdu. O elə bil ayaq üstə
ölmüşdü. Bu hadisə öz qəfil
təsiri ilə ildırım kimi onu vurmuşdu.
İşlərini amansız bir
yırtıcılıqla görüb qurtarandan sonra bu insan
qatillərinin bənizi ağarmışdı, üzləri
hirsli halda dəyişmişdi, dodaqlarında hiddətli, kinli,
sərt təbəssüm görünürdü. Hər
üçünün gözü işım - işım
işıldayır, vəhşi parıltı ilə
alışıb - yanırdı. Onlar
öldürdüyü adamın meyitini görən bir qatilin
hiss etməli olduqlarını duymaqda idilər. Və
onlar qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət
əlaqəsinə girərək ağır cinayət törətmiş,
belə alçaq, murdar və rəzil bir işə
şüurlu olaraq əl atmışdılar.
Qatillər əllərindəki dəmir
parçalarını bir tərəfə tullayıb
axşamın qəlb üzən qaranlığında sanki
Ayın hiyləgərliklə qıyılmış gözlərindən
gizlənmək üçün ağaclığa doğru
qaçdılar və bir neçə dəqiqənin
içində kölgə kimi əriyib yox oldular.
Ətraf
o qədər sakit idi ki, şaxtalı bu soyuq havada ancaq
yarpaqların arasından nəfəs alan
küləyin səsi eşidilirdi. Bir də teleqraf tellərində
oturmuş qarğa və sağsağanlar uşaq kimi
çığırışırdılar...
PROSESSUAL
ARAŞDIRMALAR VƏ İŞDƏ OLAN SƏNƏDLƏR
GÖSTƏRDİ Kİ ...
Mən yuxarıda dediyim kimi, istintaq sirri olduğu
üçün bəzi məqamları açıqlamaq istəmirəm. Buna heç
ixtiyarım da çatmır. Amma bildirirəm ki, daimi ənənəmə
uyğun olaraq yaxından tanış olduğum, maraqla vərəqlədiyim
və çox səliqə ilə tərtib olunmuş istintaq
materialları - qətl hadisəsinin ibtidai istintaq tərəfindən
necə müəyyən olunması, müqəssirin törətdiyi
cinayətin yeri, vaxtı, üsulları, motivi və nəticələri,
habelə cinayət hadisəsinin özünü, həm də
müqəssirin təqsirli olması haqqında istintaqın gəldiyi
nəticələri təsdiq edən sübutlar prokuror Rəsul Həsənovun, onun
rəhbərlik etdiyi istintaq qrupunun və əməliyyat
işinə cəlb edilmiş polis əməkdaşlarının
gərgin əməyini, ilk növbədə yüksək
peşəkarlığını əks etdirirdi.
İstintaq
araşdırmaları göstərdi ki, Arif Vəlixanov
tanışları Qasım Məhərrəmovu və Fikrət
Hüseynovu cinayət fəaliyyətinə cəlb etmiş,
onlarla birlikdə Əli Məmmədovu xüsusi
amansızlıqla öldürmüş və bununla Cinayət
Məcəlləsinin 94 - cü maddəsinin 1 - ci və 6 -
cı bəndlərində və 215 - ci (yetkinlik yaşına
çatmayanları cinayət fəaliyyətinə cəlb etmə)
maddəsində nəzərdə tutulan cinayəti törətmişdir.
İstintaqda Qasım Məhərrəmov törətdiyi
cinayət əməlini tam etiraf etdi. Qüvvədə olan qanunvericiliyə
görə, Qasım Məhərrəmov cinayətin subyekti
olmadığından onu törətdiyi adam
öldürməyə görə cinayət məsuliyyətinə
cəlb etmək olmazdı. Cinayət Məcəlləsinin 10
- cu (yetkinlik yaşına çatmayanların məsuliyyəti)
maddəsinə əsasən adam
öldürməyə (94 - 99 - cu maddələr) görə
cinayət məsuliyyətinə on dörd yaşından başlayaraq
əməl törədən şəxslər cəlb edilirlər.
İntensiv
həyata keçirilən istintaq - əməliyyat tədbirləri
onu da göstərdi ki, Gülçöhrə Hüseynovaya
oğlu Fikrət Hüseynovun tanışları Arif Vəlixanov
və Qasım Məhərrəmov ilə birlikdə 1992 - ci
il yanvarın 11 - də Tovuz - Böyükqışlaq avtomobil
yolunda Əli Məmmədovu qəsdən öldürmələri
bəlli olduğu halda bu barədə hüquq - mühafizə
orqanlarına xəbər verməmiş, bununla da Cinayət Məcəlləsinin
186 - cı (cinayət haqqında xəbər verilməməsi)
maddəsində nəzərdə tutulan cinayət əməlini
törətmişdir.
Lakin Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi 1998 - ci il 29 dekabr
tarixində qəbul etdiyi qərarında qeyd etmişdir ki, Azərbaycan
Respublikası Konstitusiyasının 66 - cı maddəsinin
müddəalarını nəzərə alaraq ifadə verməsi
məcburi olmayan şəxslərdən hər hansı biri həmin
maddədə sadalanan (özünə, arvadına (ərinə),
övladlarına, valideynlərinə, qardaşına,
bacısına qarşı) qohum tərəfindən törədilmiş
cinayət haqqında xəbər verilməməsinə
görə Cinayət Məcəlləsinin 82 - ci (dövləti
cinayətlər haqqında xəbər verməmə) və
186 - cı maddələri ilə məsuliyyət
daşıya bilməz. Ona görə də
Gülçöhrə Hüseynova oğlu Fikrət və
qeyriləri tərəfindən Əli Məmmədovun qəsdən
öldürülməsi barədə hüquq - mühafizə
orqanlarına xəbər verməməsinə görə
Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə
müttəhim kimi cəlb oluna bilməzdi.
Rəsul
Həsənovun sübutların qiymətləndirilməsi və cinayət işinin
ayrılması barədə qəbul etdiyi qərarda cinayət
törədərkən cinayət məsuliyyəti
üçün Cinayət Məcəlləsinin 10 - cu maddəsində
müəyyən edilən on dörd yaşı çatmayan
Qasım Məhərrəmovun cinayət işinə xitam
verildi. Onun bu əməli barədə Cinayət
Məcəlləsinin 207 - ci (xuliqanlıq) maddəsinin 2 - ci
hissəsində nəzərdə tutulan cinayət törətdiyinə
görə hazırda cəza çəkdiyi 14 saylı
İslah Əmək Müəssisəsinə yazılı məlumat
göndərildi.
Eyni zamanda Gülçöhrə Hüseynova barəsində
cinayət işinin icraatına da şəraitin dəyişməsi
ilə əlaqədar xitam verildi.
Arif Vəlixanovun əməli Cinayət Məcəlləsinin 94 - cü maddəsinin 1 - ci və 6 - cı bəndlərinə və 215 - ci maddəsinə tövsif edilməklə materiallar Fikrət Hüseynov barədə cinayət işindən ayrılaraq yeni cinayət işi açıldı. Arif Vəlixanova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə müqəssir sifətində cəlb edilməsi, eyni zamanda barəsində axtarış elan olunmaqla həbs-qətimkan tədbirinin seçilməsinə dair qərarlar da qəbul edildi. Onun Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasında yaşaması baxımından əlaqələrinin müəyyənləşdirilməsi və iş üçün əhəmiyyət kəsb edən istintaq hərəkətlərinin aparılması məqsədi ilə zəruri əməliyyat - axtarış tədbirlərinin keçirilməsi məqsədilə müvafiq əməliyyat tapşırığı verildi.
Beləliklə, vəzifə borclarının icrasına vicdanlı münasibət nümunəsi göstərən istintaq qrupu üzvlərinin gərgin əməyi nəticəsində bu ağır cinayət işinin istintaqı qısa müddət ərzində yekunlaşdırıldı.
1999 - cu il yanvarın 25 - də prokuror Rəsul Həsənov cinayət işi üzrə tam həcmdə işlər görməklə istintaqı başa çatdırıb ittihamnaməni tərtib etdi, bir neçə gün sonra isə ittihamnamə Baş Prokurorun müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Xanlar Vəliyev tərəfindən təsdiq olundu və cinayət işinin mahiyyəti üzrə baxılması üçün Ali Məhkəməyə göndərilməsi təmin edildi.
lll
1992 - ci il yanvarın 11 - də baş vermiş ağır cinayətin tarixinə son nöqtə 1999 - cu il fevralın 18 - də Tovuz şəhərində qoyuldu. Ali Məhkəmənin Cinayət işləri üzrə birinci dərəcəli məhkəmə kollegiyası hakim Mansur İbayevin sədrliyi ilə işə baxaraq ittiham hökmü çıxartdı. Fikrət Hüseynovun cinayət əməli iş materialları, şahid ifadələri, ekspertiza rəyləri və işin digər halları ilə tam sübuta yetirildi. Əli Məmmədovu tamah məqsədi ilə ağırlaşdırıcı halda qəsdən xüsusi amansızlıqla öldürdüyünə görə müttəhim Fikrət Hüseynov Cinayət Məcəlləsinin 94 - cü maddəsinin 1-ci və 6-cı bəndləri ilə təqsirli bilinib cəzasını möhkəm rejimli islah - əmək koloniyasında çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edildi.
... Bəli hər bir cinayətin üstü əvvəl - axır açılır. Bir şərtlə ki, prokurorluğun müstəntiqləri, əməliyyat işçiləri öz vəzifələrinə vicdanla yanaşsınlar, gördükləri işə ürəkdən can yandırsınlar, ədalətin keşiyində durmaq kimi məsuliyyətli və şərəfli borclarını bir an da belə unutmasınlar.
Bunu əlbəttə ki, qanunun aliliyi tələb edir!
Avqust, 1999-cu il
Rafiq HACIYEV
yazıçı-publisist
525-ci qəzet.-
2013.- 22 noyabr.- S.4.