“Sezar"ın
müasirliyi
Elçin
Hüseynbəylinin "Sezar" adlı iki hissədən
ibarət sintetik dramında təsvir olunan iblis obrazı ilə
Cavidin müvafiq əsəri arasında yaxından səsləşmə,
uyğunluq təşkil edən cəhətlər vardır.
İblisin təhrikedici, təsiredici xüsusiyyətləri,
onun ağıla, idraka söykənməklə qarşı tərəfi
öz iradəsinə tabe edərək onu istədiyi kimi hərəkət etməyə
məcbur etməsi, fəal şəkildə prosesə
müdaxilə göstərməsi və s. kimi faktlar hər
iki əsərdə təsvir olunmuş iblis obrazını səciyyələndirir.
Ənənəvi mövzu və obraza çevrilmiş iblisə
E. Hüseynbəyli orijinal bir formada yanaşmış, fərqli
və özünəməxsus bir tərzdə qayəsinə
uyğunlaşdırmışdır. Ən əsası
İblis obrazını müasir dövrün siyasi
gedişatı, son dövrün qarmaqarışıq və
mürəkkəb proseslərinin incə mahiyyəti ilə
bağlaya bilmişdir. Bu iblis nə özündən əvvəl
dini kitablarda təsadüf olunan, nə də sələflərinin
bədii əsərlərində təsvir olunanlardan yeni cəhətlərilə
seçilən, ən son tarixi olaylarla səsləşən
tam müasir bir obrazdır. Əsərin ideyasını
açmaq üçün bir vasitə olan və onun
leytmotivini təşkil edən epiqrafda müqəddəs
kitabların birindən aforizm verilmişdir: "Ən
böyük cihad insanın öz nəfsilə
savaşıdır... Nəfsinə sahib olmayanlara Tanrı dərgahında
yer yoxdur..." Nəfsə məğlub
olan insanın faciəsi əsərdə öz əksini
tapmışdır. H. Caviddə istəklərinin qulu olan
Arif Rənaya qovuşmaq
üçün bir-birinin ardınca Xavəri, Vasifi
öldürürsə, burada "hakimiyyətin rəmzi"
olan çariçalar çariçası Kleopatraya
qovuşmaqla əbədi həyata çatacağını zənn
edən Pompeyin, Septimi Lutsinin acınacaqlı aqibəti
müasir siyasi proseslər müstəvisində
işıqlandırılmışdır.
Pompey dərin
düşüncəyə malik olmadığından, icra
etdiyi əməllərin sonrakı prosesdə nə ilə nəticələnəcəyini
anlamadığından iblisin tələblərinə
asanlıqla uyaraq Kleopatraya qovuşmaq üçün ən
ağır cinayət törədir, onun qardaşı
Ptolemeyin başını kəsməklə
çariçalar çariçasına sahiblənəcəyini,
bununla əbədi həyata nail olacağını
düşünür. Hakimiyyət ehtirası ilə
alışıb-yanan, lakin reallıqda buna layiq olmayan Pompey səriştəsiz
siyasətçilərin ümumiləşmiş
obrazıdır. Belələrinin gələcəyi olmur,
çünki onları şəxsi maraqlar daha çox
düşündürür. Məhz bunu anlayan, bölünməz
vətənin rəmzi Kleopatra Pompeyin ona sahiblənməsini rədd
edir və deyir: " Deməli, sən onu [Ptolomeyi- F.M] öz
ehtirasın naminə öldürmüsən?".
Kleopatraya
sahiblənməklə xoşbəxt gələcəyə
nail olacağını zənn edən əmisi oğlu Septimi
Lutsi bunun üçün Pompeyi öldürməlidir. Bu
işi icra etmək üçün and içir və iblisin şirnikləşdirici
təkidi ilə o, qətli həyata keçirir. Etdiyi
"xidmət"ləri ilə hörmət
qazanacağını düşünən Septimi Lutsi əks
münasibətlə qarşılaşır. Kleopatra: "Sən
qanunları pozmusan, Lutsi, adam öldürmüsən, bununla da əlini qana
batırmısan, sən tanrıların qəzəbinə gəlmisən,
sən cinayətkarsan".
Lakin
Kleopatra Septimi Lutsinin ümidlərini tam olaraq qırmır,
Pompeyin başını Sezara aparmağı məsləhət
bilir. Sezar müdrik, uzaqgörən siyasətçi
olduğundan Septimi Lutsinin bu "xidmətini" qəbul
etmir, baxmayaraq ki, Pompey onun əsas
rəqiblərindən biridir və onun qətli az da olsa,
qarşıda duran maneələrin aradan götürülməsinə
kömək edə bilər. Dramaturq Lutsinin daxili aləmini
onun Sezarla dialoqunda məharətlə əks
etdirmişdir:
Lutsi. Mən
Kleopatradan sənə ənam gətirmişəm.
Sezar. (təəccüblə)
Ənam?!
Lutsi.
Pompeyin başını!
Sezar.
Kleopatra buna cürət etməz.
Lutsi. Elədir
Sezar, onun başını mən vurmuşam. Kleopatra qisas istəyir.
Sezar. Niyə?
Lutsi.
Çünki o, mənim... daha doğrusu sənin rəqibiniydi.
Sezar. Belə
çıxır ki, sən mənim
də
başımı
asanlıqla vura bilərdin? Çünki Pompeyin rəqibiyəm
.
S. Xəlilovun
"İblis"in fəlsəfi şərhi ilə
bağlı söylədikləri fikirləri E. Hüseynbəylinin
"Sezar" əsərinin ideyasının izah olunması,
buradakı qaranlıq qalan mətləblərin
işıqlandırılması üçün də əsas
götürmək olar: "... insan öz daxili aləmini dərk
etmədən mühiti dərk edə bilməz və ona
qarşı dayana bilməz. Kamil mənəviyyata malik olmadan
mühitin təzyiqinə tab gətirə bilməz. Fərdi
hisslərin məhdud dövrəsini keçib, onları
ümumbəşəri hisslərlə tamamlaya bilməzsə,
fəlsəfi baxımından mənalandırmaq səviyyəsinə
yüksələ bilməsə, çirkli mühitdə saf
qala bilməz".
Filosofun
yuxarıda göstərdiyi müsbət əlamətlər nə
Pompeydə, nə də Septimi Lutsidə
olmadığından, şəxsi istəklər ortaq,
ümumi maraqları üstələdiyindən onlar bədbəxt
olurlar, məqsədlərini reallaşdırmağa gücləri
çatmır. İradəsini iblisə təslim edənlərin
fəlakətə uğraması əsərdə bu
obrazların timsalında öz əksini tapmışdır. Ən
tragik məqam isə Lutsi kimi sadəlövh, bəsit
düşüncəyə malik birinin dünyanın
altını-üstünü bilən, öz siyasi iradəsi,
problemə çox geniş rakursdan baxma qabiliyyəti ilə
ümummilli lider səviyyəsinə yüksələn
Sezarı iblisə uyaraq öldürmək, bununla Kleopatraya
sahib olmaq istəməsidir. Bu isə həqiqətdə
mümkün olan iş deyildir.
Sezar digərlərindən
fərqli olaraq kəskin ağıla və iradəyə malik,
iblisin fəal şəkildə müdaxilə etdiyi naqis
ictimai mühitin fövqündə dayanmağı bacaran,
"mən qərarı tanrının iradəsi,
xalqımın istəyilə verirəm",- deyən
obrazdır. Onu nəinki xalqının indisi, cari həyatı
düşündürür, eyni zamanda, onun gələcəyinin
də parlaq olması narahat edir və bundan ötrü mürəkkəb
və düşünülmüş siyasi
strategiyasını hazırlayır. Hər işi vaxtı gələndə,
məqamı çatanda icra edən Sezar paytaxta
qayıdır, qiyamçıları zərərsizləşdirir,
Kleopatranı (bu obraz əsərdə vətənin simvoludur)
isə "etibalı əllərə
tapşırmağın" son dərəcə mühüm
əhəmiyyət kəsb etdiyini vurğulayır.
Kleopatra yalnız Sezar tərəfindən mükəmməl müdafiə olunacağını bildirəndə müdrik Sezar vaxtının çatmasını, gələcəyin liderini- Ağ atlı oğlanın onu lazımi səviyyədə qoruyacağını əminliklə bəyan edir. Ağ atlı oğlan parlaq gələcəyin simvolu olub, Sezarın gördüyü siyasi-fəlsəfi mahiyyətə malik mürəkkəb və şərəfli işin əvəzolunmaz davamçısıdır. Sezarın Kleopatraya dediyi son sözlər əsərin ruhunun, ideyasının özülünü təşkil etməklə bərabər, həm də onun müasirliyinin, son dövrdə ölkəmizin siyasi həyatında baş verən nikbin əhvali-ruhiyyənin ifadəsidir: "O, [Ağ atlı oğlan-F.M] mənim başa çatdırmadığım işləri görəcək. Məmləkətimizi birləşdirəcək. İnsanlara hürriyyət, azadlıq və rifah gətirəcək. Mən elə bir ağac əkdim ki, onun barını xalq hələ çox görəcək. Mən ona özüm kimi inanıram. İndi isə getməliyəm". Kleopatranın gözünə Ağ atlı oğlanın görünməsi əsərə nikbinlik gətirir, dramın finalının haqqın qələbəsi kimi qavranılmasını şərtləndirir.
"Sezar" dramı ilə H. Cavidin "İblis" faciəsi arasında digər bir paralellik də nəzərə çarpır; Hər iki əsərdə iblisin fəallığı, hadisələrə və obrazlara çevik şəkildə müdaxilə etdiyini görürük. Lakin bu aktivlik "İblis"də Elxanın ortaya çıxması ilə, "Sezar"da isə Sezarın əməli fəaliyyətə keçməsi ilə zəifləyir. Haqq-ədalətin qalib gəldiyi yerdə, güclü iradənin estafeti ələ keçiməsi ilə nəinki iblis zəifləyir, hətta o qaçmaqla canını qurtarmaq istəyir. İblis Pompeyə, Lutsiyə təsir etmək gücündə olduğu halda, Sezar qarşısında çox acizdir, sönük və fəaliyyətsizdir. S. Xəlilov: "İblis zəiflərin qismətidir. İblis öz fərdi hisslərini mütləqləşdirən, öz fərdi faciələrini ictimai faciə fonunda görə bilməyənlərin qismətidir. İblis naqis mühitə sığınanların qismətidir".
İblis göstərilən əsərlərdə
bir müddət meydan oxusa da, istədiklərini asanlıqla həyata
keçirməyə müvəffəq olsa da, sonda Elxan və
Sezarın timsalında ağılın, düşüncənin,
ədalətin qarşısında məğlub olur.
Famil MƏDƏTOV
525-ci qəzet.- 2013.- 3 dekabr.- S.