Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış (davamı)

 

 

 Zəbur - ərəbcə "kitab", ibranicə "məktub" anlamına gəlir. İslamda Hz.Davuda endirilən müqəddəs kitabın adıdır. İbranicə "Səfər Təhilim" (Nəğmələr kitabı) adlandırılır. Qərbdə Zəburun konkret adı yoxdur. Yetmişlər tərcüməsində müxtəlif bablar məzmur (yun. psalmos) deyə adlandırıldığından bütövlükdə Məzmurlar adlandırılması adət halını almışdır. Məzmurların yalnız bir qismi Davuda nisbət edilir. Məzmurlarda Tövratda olduğu kimi dinin qaydaları, ibadət şərtləri və s. kimi şeylərlə bağlı əmrlər yoxdur. Sadəcə insanlara xeyirxahlığı, doğruluğu, fəziləti və əxlaqi məziyyətləri tövsiyə edən təlqinlər mövcuddur. Yəhudilərin ibadətlərində və gündəlik həyatlarında Məzmurların önəmli bir yeri vardır. Şeytana uyma təhlükəsi qarşısında böhranlı vəziyyətlərdə, cəsarətin qırıldığı, canın sıxıldığı, yalnızlıq, əndişə və xəstəlik zamanlarında müəyyən məzmurlar oxunur. Yəhudilər sinaqoqdakı evlənmə mərasimlərində, Şabat günündə evdə və ibadətxanalardakı dini ayinlərdə, ölülərin gömülməsi zamanı  Məzmurlardan parçalar oxuyurlar. Hz.Davud Qüdsü fəth edərək İsrailin paytaxtı etmişdi. O, məbədi inşa etməyi düşünsə də, bu iş oğlu Kral Süleymana (Hz.Süleyman) nəsib olmuşdur. Yəhudi müqəddəs kitabına görə Davud güclü bir komandan, məsh edilmiş bir kral, xanədan qurmuş və yəhudiləri geniş torpaqlara hakim etmiş bir şəxs olmaqla yanaşı, eyni zamanda tabeliyindəki bir döyüşçünün xanımını bəyənib ona sahib olan və həmin döyüşçünün ölümünə səbəb olan bir kimsədir .

Hz.Musaya vəhy edilmiş Tövrat Quranda ad olaraq on səkkiz yerdə zikr olunur. Əl-Əla surəsinin 19-cu ayəsində Hz.Musaya verilən səhifələrdən söz açılır. Allah tərəfindən göndərilən dörd böyük kitabdan ilki olan Tövratın içində hidayət və nur vardır. Quran buyurur: "Sənə özündən əvvəlkiləri (səmavi kitabları) təsdiq edən Kitabı (Quranı) haqq olaraq O nazil etdi. Tövratı da, İncili də O endirdi. Daha öncə insanları hidayət etmək üçün Furqanı da O nazil etdi..." Bununla yanaşı Quran yəhudilərin Tövratın hökmlərini tətbiq etmədiklərini, Tövratın hökmlərini və verdiyi məlumatları gizlətdiklərini, dəyişdirdiklərini və təhrif etdiklərini, batili haqdan üstün tutduqlarını bildirir. Quran Tövrat və digər müqəddəs kitabların təhrif edilməmiş əsl variantını təsdiq edir. Yuxarıda deyilənlərlə bağlı əl-Maidə surəsinin 44-cü ayəsində buyurulur: "Şübhəsiz ki, Tövratı Biz nazil etdik. Onda haqq yol və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər arasında onunla, din alimləri və fəqihlər isə kitabdan qorunub saxlanılanlarla (Tövratdan ələ gəlib çatan ayələrlə) hökm edərdilər. Onlar (peyğəmbərlər, din alimləri və fəqihlər) ona (Tövratın ilahi bir kitab olmasına) şahiddirlər. İnsanlardan qorxmayın, Məndən qorxun. Mənim ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!". Quran Tövrat və İncildə Hz.Muhəmmədin müjdələnməsini belə açıqlayır: "Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdir: "Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə müjdə verən Allahın elçisiyəm". Allah Tövratı insanlara yol göstərici olaraq endirmişdir. Allah İsrail oğullarını ağıl sahibləri üçün bir öyüd və doğruluq rəhbəri olan Kitaba (Tövrat) varis etmişdir.

Zəbur Allah tərəfindən Hz.Davuda verilən dörd böyük kitabdan biri olub Tövratdan sonra nazil olmuşdur. "Zəbur" kəlməsi Quranda üç yerdə keçir. Bu istilah suhufları da əhatə etməklə "kitab" mənasına gələn "zəbur" sözünün cəmidir. Hz.Davudun adı Quranda 16 dəfə çəkilir, müxtəlif vasitələrlə tərif edilir. Hz.Davud Hz.Muhəmməd tərəfindən də ümmətinə örnək olaraq göstərilmişdir. Ona peyğəmbərlik, elm, xitabət, gözəl səs, fəzilət, hikmət, mülk verildi, yer üzündə xəlifəlik verildi, dəmirdən zireh qayırma qabiliyyəti öyrədildi, Allahı təsbih etməklə dağlar və quşlar ona bağlı edildi. Zəbur haqqında Quranda Tövrat və İncillə müqayisədə elə də geniş məlumat verilməmişdir. Yalnız Hz.Davuda belə bir Kitabın verildiyinə təmas edilmişdir. Yəhudilikdə Davud bir kraldır, İslamda isə həm kral, həm də peyğəmbərdir. Peyğəmbərlər məsumdur.

Talmud - ibranicə "tədqiq" deməkdir. Yəhudilərin müqəddəs kitab külliyyatının Tanah və Talmud şəklində ikiyə ayrıldığından bəhs etmişdik. Şifahi Tövratın yazıya köçürülmüş şəkli daha sonra Mişna kimi ifadə edilmiş, ona verilən təfsir və yorumlara isə Talmud deyilmişdir. Hz.Musaya Tövrat verildiyi kimi Tövratdakı hökmlərin müfəssəl yorumunu ehtiva edən məlumatlar da verilmişdir. Hz.Musa bu məlumatları Hz.Harun və onun uşaqları vasitəsilə qövmünün baş bilənlərinə nəql etmiş, onlar da özlərindən sonrakılara söyləmişdirlər. Miladdan sonra I və II əsrdə də davam edən bu fəaliyyətin sonunda "Mişna" meydana gəlmişdir. Mişna (təkrar edib öyrənmək) yəhudiliyin dini, əxlaqi qaydalarının açıqlanmasından ibarətdir. O, ibranicədir. Bizim eranın 190-200-cü illərində Yahuda ha Nasi (135-220) tərəfindən toplanmışdır. Talmudun ikinci bölümü olan Qemara (son olaraq gözdən keçirilən, ənənə halını almış "təhsil", "öyrənmə" mənasında) Mişnanın açıqlanmasını və bunların bir əsasa bağlanması üçün Rəblərin mübahisələrini ehtiva edir. Qemara yəhudi din alimlərinin əxlaq təlimlərini misallarla canlandırır, əxlaqi, hüquqi, fəlsəfi və sosial mövzulardan ətraflı bəhs edir. Babil və Qüds Qemarası vardır. Qaynaqlarda Babil və Qüds Qemarası şəklində olduğu kimi, Babil və Qüds Talmudu şəklində də keçir. Qüds Talmudunun toplanması bizim eranın IV əsrinə, Babil Talmudununku isə VI əsrə təsadüf edir. Müxtəlif zaman, müxtəlif yer və şərtlərdə Talmud təfsir edilmiş və açıqlanmışdır.

Yəhudi müqəddəs kitabını təşkil edən bölümlərin orijinal nüsxələri bu gün əlimizdə yoxdur. Bu gün əldə olan ibranicə əlyazma nüsxələri eramızın VII-X yüzilliklərinə aiddir. Hz.Musanın miladdan öncə XIII əsrdə yaşadığı nəzərə alınarsa ilk nüsxənin günümüzə qədər qorunmasının imkansızlığı bəlli olar. Qüdsdə Məbədi inşa etdirən Hz.Süleyman Əhd Sandığını açdıqda içərisindən yalnız üzərində On Əmr yazılı iki lövhə çıxmışdır. Tövrat tək nüsxə olmaqla bərabər əzbərlənib hafizələrdə saxlanmamış və çoxaldılmamışdır. Əzra (Hz.Üzeyr) zamanına qədər Tövrat dəfələrlə itirilmiş və yenidən tapılmışdır. Yəhudi və xristian alimlər Tövratın Əzra zamanında (m.ö.V əsr) yenidən ilhamla yazıldığı fikrini irəli sürüb dəstəkləyirlər. M.ö. II əsrdə Suriya kralı Antiyokos Epifanes Məbədi yandırmış, Tövratı cırıb-atmışdır. Məbəd eramızın 70-ci illərində romalılar tərəfindən tamamilə dağıdılmışdır. Məhz bu səbəblərə görə yəhudi müqəddəs mətnlərinin ilk nüsxələri bizə gəlib çatmamışdır. Bu gün yəhudilərə aid ibranicə, xristianlara aid yunanca və samirilərə aid samiricə mətnlərin verdiyi məlumatlar bir-birinə uyğun gəlmir. Hər bir nüsxədəki məlumatlar arasında da fərqlər vardır. Bunlardan bəzilərini nəzərdən keçirək: 1) Təkvinin ilk babında Allahın adı bir yerdə Elohim, digər yerdə Yahvə olaraq keçir. 2) Tufan hadisəsinin izahında tufanın bir yerdə 40, digər yerdə 150 gün davam etdiyi; Nuhun gəmisinə gətirilən heyvanların hər cinsindən bir yerdə 2, digər yerdə 7 cüt alındığı söylənir. 3) Qızlarının Hz.Luta şərab içirərək sərxoş etmələri və onunla zina etmələri yer alır. 4) Uca Allaha insani xüsusiyyətlər aid edilir. Onun aləmi altı gündə yaradıb yeddinci gün dincəldiyi, ruhunun suların üstündə əsdiyi, Hz.Yaqubla güləşdiyi, Yaqubun onu məğlub edib İsrail adını aldığı zikr olunur.

 

 

YƏHUDİ MƏZHƏBLƏRİ

 

Yəhudi məzhəbləri üç qrupda təsnif edilir. Bunlardan ilki m.ö. II yüzillikdə Məqqabilər dövründə mövcud olan xristianlıq öncəsi yəhudi məzhəbləri (klassik məzhəblər), ikincisi İslamdan sonrakı yəhudi məzhəbləri (orta əsr məzhəbləri), üçüncüsü isə günümüzdəki yəhudi məzhəbləridir (müasir dövr məzhəbləri).

Xristianlıqdan öncəki yəhudi məzhəbləri: Hasidilər (ibr.hasidim, ing.hasidaeans): İbranicə "dindarlar" anlamına gələn bu məzhəb mənsubları m.ö. II əsrin əvvəllərində IV Antiyokusun ellinləşdirmə siyasətinə qarşı çıxmış və işgəncə görmüşdürlər. Bu məzhəbin XVIII əsrdə Şərqi Avropada Eliəsər (1698-1795) tərəfindən qurulmuş və panteizmə meyl edən yeni çağ mistik yəhudi məzhəbi olan hasidilərlə heç bir əlaqəsi yoxdur.

Fəriseylər (Peruşim): "Fərisi" "özünü ayrı və uzaq tutmaq, saf və təmiz olmayan şəxsdən, yaxud əşyadan uzaqlaşmaq" və ya "açıqlamaq, təfsir etmək" deməkdir. Özlərinə "alimlər", yaxud "din qardaşları" deyirlər. Tövratın təfsiri olan şifahi ənənəyə önəm verirlər. Onların düşüncəsinə görə Sinada Hz.Musaya həm yazılı, həm də "şifahi qanun" (Tora) verilmişdir. Talmudu ortaya çıxaran onlar olmuşdurlar. Tövratın əzəldən var olduğunu, cənnət, cəhənnəm və mələklərin varlığını qəbul edirlər. Bir çox fərisey Qüds xristian kilsəsinə qatılmışdır. Bu məzhəbin mənsubları orta sinfi əmələ gətirir.

Saduqilər (saduqim): Saduqilik Tövratın hökmlərinin tətbiqi və məbəd xidmətləri mövzusunda, yəni etiqad və əməldə fərisiliyə qarşı olması ilə tanınan bir məzhəbin adıdır. Bəzi tədqiqatçılara görə Kral David və Süleyman dövrlərində iş başında qalan Sadoqun soyundan gələn "kohen"lərə (kahin) bu ad verilmişdir. Saduqilər fəriseylərin əksinə aristokrat sinfi təşkil etmiş və ellin mədəniyyətinə üstünlük vermişdirlər. M.ö. II əsrdə ortaya çıxan siyasi və dini görünüşlü bir yəhudi firqəsi olan saduqilər yalnız Tövrata istinad edir, şifahi ənənənin varlığını qəbul etmir, Tövratın zahiri mənası ilə yetinirlər. Fəriseylərin əksinə öldükdən sonra dirilməyi, axirət həyatını, cənnət və cəhənnəmi, mələk və şeytanı qəbul etmirlər. Saduqilik Məbədin romalılar tərəfindən dağıdılmasından sonra xalq üzərindəki təsirini itirmiş və zaman keçdikcə, tarix səhnəsindən silinib getmişdir.

Əssənilər (İssiyim): Əssənilik fərisilik və saduqiliyin müasiri olan mistik quruluşlu bir məzhəbdir. Yunan qaynaqlarında bu məzhəbin tərəfdarları "essaioi" adlandırılmışdır. Sözün "dindar zahidlər" anlamına gəldiyi görüşü qəbul edilmişdir. Onlar Ölü dənizin qərbində məskunlaşmış və zahid həyatına üstünlük verirdilər. Çox ehtimal ki, m.ö. II yüzillikdə meydana çıxmış və 66-70-ci illərdəki yəhudi savaşlarında ortadan qaldırılmışdır. Monastırlarda qrup halında yaşayar, ticarət etməz, mal-mülk istəməz, heyvan əti yeməz, ağ libas geyinər, dəstəmazvari təmizliyə üstünlük verərlər. Əssənilər Məsihə də inanırlar. Bəzi tədqiqatçılar xristianlığın əssəniliyin bir qolu olduğu fikrini irəli sürürlər. Bəzi oxşarlıqlar aşağıdakılardan ibarətdir: 1) Fələstindəki ilk xristianlarla bu məzhəb mənsublarına "əda" deyilmişdir. 2) Əssəniliyi idarə edən on iki nəfərlik idarə heyəti xristianlıqdakı on iki həvariyə bənzəyir. 3) Əssəniliyin on iki nəfərlik idarə heyətinin üçü daha yüksək mövqe sahibidir. Bu, kilsənin üç dirəyini - Yaqub, Qifas və Yuhannanı xatırlatmaqdır. 4) Məzhəbdə nizamlı bir təşkilat halında "məvakrim" (müfəttişlər) vardır və xristianlıqdakı bişhoplara uyğundur. 5) Məzhəb mənsubları özlərini "Çöldə yol hazırlayanlar" deyə adlandırmışdırlar. Eyni sözləri vəftizçi Yəhya da Əhdi-Ətiqdən alaraq işlətmişdir. 6) Bu günə qədər yunanca mətnlər halında nəql olunan ilk kilsənin apostolik quruluşuna aid sənədlər təkrarən ibrani, yaxud arami dillərinə tərcümə edilərsə ifadələr arasında böyük bənzərliklərin olduğu ortaya çıxar. 7) Hər ikisində "məsih inancı" vardır.

Eramızın 70-ci illərinə qədər Lut gölü kənarında yaşayan əssənilərin bundan sonrakı tarixi bilinmir. Beləliklə, yəhudi məzhəblərindən saduqilik və əssənilik qısa zamanda tarix səhnəsindən silinmişdir. Fərisilik isə geniş xalq kütləsi içərisində yayıldığından müxtəlif quruluş və adlarla günümüzə qədər gəlib çatmışdır. Fərisilik İslam dönəmində rəbbanilik (yaxud rəbbinik), bu gün isə ortodoks adını almışdır.

 

 

ABBASOV İdris

 (Ardı var)

525-ci qəzet.- 2013.- 3 dekabr.- S.6