Universitetdən dünyaya - dünyadan universitetə

 

AKADEMİK ABEL MƏHƏRRƏMOV GÜRCÜSTAN

MİLLİ ELMLƏR     AKADEMİYASININ ÜZVÜ SEÇİLİB

 

Hərdən çox işlətdiyimiz, gündəlik həyatımızın məzmununu təşkil edən elə sözlər, elə anlayışlar olur ki, onun mahiyyətinə varmadan öyrəncəli bir şey kimi yanından ötüb keçirik. Qəflətən belə sözlərin mahiyyətinə, onların nə qədər böyük məzmun və böyük anlam kəsb etdiyinin fərqinə varanda hər şey olduğundan daha möhtəşəm görünür. Universitet sözü bir alınma termin kimi əksər xalqların dilində az qala eyni şəkildə işlənir. Və bu universitet deyilən ağır çəkili elm və tədris müəssisəsində bəzən tələbəli - müəllimli minlərlə adam sözün daxili semantikasına baxmadan hərə öz işi ilə məşğul olur. Hələ XII-XIII əsrlərdə İtaliya, İspaniya, Fransa, İngiltərə kimi ölkələrdə meydana gələn universitet elm və tədris müəssisəsi kimi o dövrdən bu dövrə qədər həyatın bir çox fundamental sahələri üçün mütəxəssislər hazırlayan bir qurumdur. Azərbaycana 1919-cu ildə ayaq açan ilk universitet - bu gün Bakı Dövlət Universiteti kimi möhtəşəm bir ad daşıyan elm-tədris müəssisəsi artıq özünün 100 illik yubileyinə doğru yola çıxmışdır. Azərbaycan xalqının ümummilli lideri səviyyəsinə yüksəlmiş Heydər Əliyev kimi bir dövlət başçısını və onlarca ünlü elm xadimini, minlərcə milli və xarici mütəxəssisləri yetirmiş Bakı Dövlət Universitetini həmişə Vətən, xalq, milli maraqlar, vətəndaşlıq amalları ilə yaşayan alimlər - rektorlar idarə etmişlər. Onlardan biri də bu böyük və nəhəng elm-tədris müəssisəsini xeyli vaxtdan bəri uğurla idarə edən akademik Abel Məhərrəmovdur. A.Məhərrəmov ümummilli liderimiz Heydər Əliyevin mükəmməl kadr seçimi sırasındadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin universitetin 90 illiyi mərasimindəki çıxışında bu qədim elm, təhsil və mədəniyyət ocağının müasir inkişafına və bu inkişafda müstəsna xidmətləri olan Abel Məhərrəmova verdiyi yüksək qiymət hamımızın yadımızdadır.

Universitetin inkişaf istiqamətləri ilə bağlı akademik Abel Məhərrəmovun özünün elmi konsepsiyası var və Azərbaycan dövlətinin böyük dəstəyi ilə bu konsepsiya yerinə yetirilməkdədir. Bu konsepsiya özündə universitetin maddi-texniki, tədris bazasının yeniləşdirilməsini, tələbələrin ən yeni innovativ tədris üsulu ilə kamil mütəxəssis kimi yetişdirilməsini, universitetin xarici və daxili görkəminin ən müasir arxitektura elementləri ilə dəyişməsini, professor-müəllim kadrlarının elmi-pedaqoji mükəmməlliyinin təmin edilməsini və bir çox digər problemlərin həll olunmasını ehtiva edir.

Bakı Dövlət Universiteti Prezident İlham Əliyevin bir dövlət başçısı kimi Azərbaycan mühitinə gətirdiyi demokratik prinsiplərlə idarə edilir. Bu demokratik prinsiplərdə rektorun güvəndiyi iki qüvvə var: Demokratik Azərbaycan və universitet daxilində bu demokratiyanı gerçəkləşdirən Elmi Şura. Universitet Elmi Şurası müəssisənin bütün problemlərinin geniş müzakirə müstəvisidir. Bütövlükdə universitet rəhbərliyinin idarə sistemi Elmi Şuranın qərarları ilə həyata keçirilir. Amma öncə problemləri görmək, universitet sahəsində dünya təcrübəsinə bələd olmaq, bu təcrübənin tətbiqi üçün vətəndaşlıq fəaliyyəti göstərmək də hər adamın işi deyil. Abel Məhərrəmov AMEA-nın həqiqi üzvüdür - qısa desək, akademikdir. Bu, onun problemlərə maksimum və səmərəli şəkildə elmi yanaşmasını şərtləndirir. Abel Məhərrəmov Azərbaycana, H.Əliyev ideyalarına sadiq dövlət adamıdır - bu, onun idarəçilik bacarığını təmin edir. Ən darmacal şəraitdə belə Abel müəllim universitetin idarə sükanı arxasındadır. Universitetin digər rəhbər kadrlarının vaxtaşırı olaraq Elmi Şurada dinlənilən hesabatlarında səslənən fikir və mülahizələr idarəçilik prosesində onun yaxın köməkçisi olur. Abel Məhərrəmov ünlü pedaqoqdur - bu onun rəhbərlik etdiyi Universitetdə professor - müəllim kollektivinə tələbkarlığını şərtləndirir. İşi - gücü nə qədər başından aşsa da rektoru tez-tez ayrı-ayrı müəllimlərin dərslərində, imtahan prosesində görmək olur. Abel Məhərrəmov Allah adamıdır - bu, onun insanlara, işçilərə, tələbələrə ədalətli münasibətinin əsasında dayanır. Professor - müəllim heyətindən səmərəli pedaqoji fəaliyyət tələb edən rektor öz növbəsində onların sosial şəraitini diqqətdə saxlayır. Bir neçə il bundan əvvəl Bakı şəhərində görünməmiş dərəcədə ucuz qiymətə tikilib müəllimlərin istifadəsinə verilən yüzlərlə yeni mənzilin qapısını açan hər bir sakin bu misilsiz qayğıya görə rektora öz minnətdarlığını bildirir.

A.Məhərrəmov bir akademik kimi Azərbaycan elminin zirvəsində dayanan alimdir. 1200-ə yaxın elmi məqalənin (onların böyük bir hissəsi xarici ölkələrin nüfuzlu jurnallarındadır), 60-a yaxın dərslik və dərs vəsaitinin, 16 monoqrafiyanın, 53 patentin müəllifidir. Təkcə bu patentlərin universitetə xaricdən gətirdiyi dividentlər çox böyük kömək hesab olunmalıdır.

Abel Məhərrəmov bir alim kimi 43 elmlər doktoru və fəlsəfə doktoru hazırlamışdır. Alimin Azərbaycandan və dünyadan 40-a yaxın müxtəlif ödülləri var. Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyasının Prezidenti kimi bir şərəfli vəzifədən tutmuş çox müxtəlif dövlətlərin çeşidli qurumlarının üzvü və digər ictimai vəzifələrə seçilməsi ilə Azərbaycan elmi ictimaiyyətinə baş ucalığı gətirməkdədir.

Abel Məhərrəmov azərbaycançılıq ideyaları ilə yaşayan və çalışan bir dövlət xadimi kimi Bakı Dövlət Universitetinin dünya universitetlərinə inteqrasiyasına çox böyük diqqət yetirir. Onun Bakı Dövlət Universitetində apardığı böyük elm və tədris siyasəti dünyanın bir çox ölkələrinin universitet rəhbərlərini Azərbaycana cəlb etmiş və bu minvalla bizim universitetlə dünyanın 150-yə yaxın adlı-sanlı, yüksək prestijə malik universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Bu universitetlər içərisində ABŞ, Rusiya, Türkiyə, İspaniya, Belarus, Pribaltika, Çin, Almaniya, Orta Asiya, Ukrayna, Gürcüstan, Macarıstan, İngiltərə, Yaponiya, Koreya, Avstriya, Yunanıstan, İtaliya və s. onlarca ölkənin aparıcı təhsil müəssisəsi var. O da maraqlıdır ki, adlarını saydığımız və saymadığımız 150-yə yaxın ölkənin hər birindən bir neçə universitetlə niyyət protokolu imzalanıb. İmzalanan bu memorandumlar sürətlə gerçəkləşməkdədir. ABŞ, Yunanıstan, Koreya,  Çin, Ukrayna, Almaniya, Türkiyə... universitetləri ilə aparılan müəllim, tələbə mübadilələri müasir Azərbaycanın elm və təhsil mühitinə xeyli səmərə verir. Lap bu yaxınlarda Almaniyanın Vürzburq Universiteti ilə imzalanan sazişə görə BDU-nun və Vürzburq Universitetinin bir neçə magistr tələbəsi "Qarşılıqlı olaraq Avropa hüququ üzrə magistr" ixtisasına yiyələnmişlər. Yeni sazişin imzalanma mərasimində azərbaycanlı tələbələr alman təhsilindən, alman tələbələr Azərbaycan təhsilindən çox razı qaldıqlarını həvəslə dilə gətirmişlər. Almaniyanın bu ünlü universiteti və BDU-nun əlaqələri ilə bağlı sazişin imzalanma mərasimində dünya təhsil sistemində öz məktəbi olan Almaniyanın nümayəndə heyəti bizim milli universitetimizlə yaranan yaradıcılıq imkanlarından son dərəcə məmnun qaldıqlarını ifadə etdilər.

Bütün bunların kökündə isə Abel Məhərrəmovun yorulmaz əmək fəaliyyəti dayanır. Akademik rektorluqdan başqa Milli Məclisin də üzvüdür. Onun bir xalq elçisi kimi Milli Məclisdəki aktivliyi, səmərəli təklifləri və dediklərinə hökumət dairələrinin müsbət reaksiyası milyonların gözü önündədir.

Dünyanın bir çox universitetlərinin rəhbərləri akademik Abel Məhərrəmovun iş prinsiplərinə bələd olduqları üçün bizim universitetlə əlaqələrə ciddi təşəbbüs göstərirlər. Bakıda keçirilən elm və təhsilə dair, multikulturalizm, sivilizasiyalararası dialoqlar və s. kimi beynəlxalq simpozium və konfransların iştirakçıları BDU-da mühazirələr oxumağa dəvət edilirlər. Son iki ildə belə konfrans və simpoziumda iştirak etmiş beynəlxalq nüfuzlu alimləri, o cümlədən dəqiq elmlər üzrə Nobel mükafatı laureatları  universitet tələbələri qarşısında, ayrı-ayrı kafedralarda maraqlı mühazirələr oxumuşlar. Dünyanın belə nüfuzlu alimlərinin azərbaycanlı tələbələr qarşısında mühazirələr oxuması daimi hal almışdır. Bu mühazirələrin keçirildiyi auditoriyalarda dinləyicilər əlindən iynə atsan yerə düşməz.

Abel Məhərrəmov ABŞ, Rusiya, Türkiyə kimi ölkələrin elm, tədris təcrübəsini tətbiq etmək işində çox böyük fəallıq göstərməkdədir. Onun Moskva Dövlət Universiteti ilə Bakı Dövlət Universiteti arasında yaratdığı əməkdaşlıq əlaqələri hər an öz səmərəsini göstərməkdədir. Moskva dövlət Universiteti kimi dünyanın nəhəng bir elm, təhsil müəssisəsinin rektoru, akademik V.Sadovniçi dəfələrlə bizim universitetin qonağı olmuşdur. BDU-nun Elmi Şurasında iştirak edən hər kəs şahiddir ki, Abel Məhərrəmov həmişə sözündə - söhbətində Rusiyanın klassik elmi mühitinə bağlı olmağın səmərəsindən danışır. Onun çox tez-tez təkrar etdiyi belə bir fikir vardır ki, Moskva dövlət Universiteti ilə əlaqələr heç vaxt  kəsilməməlidir.

Azərbaycan dövlətinin məqsədyönlü təhsil siyasətinin nəticəsi olaraq Bakıda MDU-nun filialının yaranmasını və bu filiala Azərbaycan filoloji elminin istedadlı nümayəndəsi professor Nərgiz xanım Paşayevanın rəhbərliyi akademik V.Sadovniçinin vaxtaşırı ölkəmizə səfərini təmin edir. Belə məqamlarda MDU-nun rektoru ilə BDU alimlərinin görüşləri çox yadda qalan olur.

Bakı Dövlət Universiteti qardaş Türkiyənin təhsil sistemi ilə qırılmaz tellərlə bağlıdır. Ümummilli liderimiz H.Əliyevin "bir millət, iki dövlət" kimi qəbul etdiyi dostluq konsepsiyası BDU-nun fəaliyyətində də özünü göstərir.

Bakı Dövlət Universiteti ilə Türkiyənin 40-a yaxın universiteti arasında imzalanmış memorandiumlarla bağlı təcrübə mübadiləsinin maraqlı faktları yaranmışdır. 3 aprel 2013 -cü il tarixində Bakı Dövlət Universitetində Ankara Universiteti ilə ikili diplom haqqında əldə edilən razılaşmaya (Memoranduma) görə, bu proqram çərçivəsindəki 4 illik ali hüquq təhsilinin 2 ili Ankara Universitetində, 2 ili isə Bakı Dövlət Universitetində keçirilməsi nəzərdə tutulur. Memoranduma görə, ikili diplom proqramı üzrə birgə hüquq təhsili həm Azərbaycan, həm də Türkiyə hüququnu əhatə etməklə türk və Azərbaycan dillərində aparılacaqdır. İkili diplom proqramı ilə bağlı birgə hüquq təhsilinin tədris planı, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin və Ankara Universiteti Hüquq fakültəsinin tədris planları əsasında hazırlanılıb və hər iki universitetin müəllimləri tərəfındən həyata keçirilməsini nəzərdə tutur. Bakı Dövlət Universiteti Memorandumda nəzərdə tutulan qaydada öz öhdəliyini yerinə yetirərək lazımi rəsmi proseduralara uyğun şəkildə Azərbaycanın müvafıq rəsmi dövlət orqanlarına müraciət etmiş və hökumət səviyyəsində buna razılıq almışdır. Mətbuatdan da məlum olduğu kimi, bunun nəticəsində də TQDK-da həmin proqram üzrə xüsusi qəbul yeri ayırılmış və hal-hazırda universitetlərə qəbul imtahanında çox yüksək bal toplamış 30 tələbə rəsmi qaydada bu proqrama qəbul olunmuşlar. Hətta qəbul olan bu 30 tələbənin 26-sı çox yüksək (651 baldan yuxarı) bal topladıqlarına görə, dövlət hesabına təhsil almaqdadırlar.

Dünyanın tanınmış universitetləri ilə bağlanan sazişləri imzalanma mərasimlərində həmin universitetlərin rəhbərlərinin Bakı Dövlət Universiteti kollektivinin qarşısındakı çıxışları bu təhsil müəssisələrinin təcrübəsinin müəllimlərimiz tərəfindən mənimsənilməsinə də şərait yaradır.

Dünyanın adlı-sanlı universitet rəhbərlərinin BDU ilə tanışlığı zamanı burada gördükləri onları çox razı salır. İndi həmin qonaqlar təkcə Bakıda deyil, məsələn, Qubada bu ilin sentyabrında istifadəyə verilmiş Tədris-təlim mərkəzində də olurlar və rayonda - səfalı bir güşədə yerləşən bu obyektin bütün parametrləri hər kəsi heyran qoyur. Dünya universitetlərinin rəhbərlərini BDU-ya cəlb edən belə faktlardır. Misal üçün qeyd edək ki, lap bu günlərdə - noyabrın 26-da Gürcüstan Milli Elmlər Akademiyasının Prezidenti Georgi Kvesitadze və akademik- katibi Givi Tsintsadze BDU-da olublar. Bu, son dərəcə fərəhli bir hadisə ilə bağlı səfər idi. Universitet kollektivinin iştirak etdiyi görüşdə məlum oldu ki, Abel Məhərrəmov Gürcüstan Milli Elmlər Akademiyasının üzvü seçilib və qonaqlar bu diplomu sahibinə təqdim etmək üçün gəliblər. Əlbəttə, bu görüşdən jurnalistlər maraqlı hesabatlar və reportajlar hazırlayıb mediaya ötürdülər. Lakin Gürcüstanın adlı-sanlı, nüfuzlu alimlərinin qonaq olduğu bu görüşün iştirakçısı kimi hər kəsin öz təəssüratı var. Diqqət çəkən əsas məsələlərdən biri Abel müəllimin gürcü həmkarlarının rektora və milli universitetimizə səmimiyyəti idi. Açıq görünən bu səmimiyyəti A.Məhərrəmovun Gürcüstan - Azərbaycan dostluq münasibətlərinin tarixi köklərinə dərindən bələd olan bir adam kimi faktlara ekskursu oldu. Abel müəllim böyük həvəslə bildirdi ki, Azərbaycanın klassik ziyalı zümrəsindən olan M.F.Axundov, N.Nərimanov, Ü.Hacıbəyli, M.Maqomayev kimi ünlü şəxsiyyətlərimiz Gürcüstanda təhsil almış, milli mətbuatımızın iftixar səhifəsi olan "Molla Nəsrəddin" jurnalı və bir çox digər nəşrlərimiz Tiflisdə işıq üzü görmüşlər. Rektor belə bir faktı da dilə gətirdi ki, Gürcüstanın böyük ziyalısı Nikolay Barataşvili Gəncədə yaşayıb. Akademik Vasim Məmmədəliyev bu günkü görüşümüzün qonağı Georgi Tsinadzenin tələbəsi olub. Gürcü qonaqlar Bakı Dövlət Universiteti ilə əməkdaşlıqdan qürur duyduqlarını bildiriblər. Və Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti Georgi Kvesitadze rəhbərlik etdiyi akademiyaya Abel Məhərrəmovu həqiqi üzv seçilməsi münasibəti ilə təbrik edərək sahib olduğu diplomu ona təqdim etdi. Qonaqlar və xüsusi olaraq AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Abel Məhərrrəmovu bu münasibətlə ürəkdən təbrik etdi.

Onu da xüsusi qeyd edək ki, belə görüşlər Azərbaycan - Gürcüstan dostluğunun ifadəsi kimi  vacib bir mahiyyət daşıyır ki, bu da iki qonşu xalqın birgəliyindən xəbər verir.

Görüşdə həm də BDU və Gürcüstan Milli Elmlər Akademiyası arasında əməkdaşlıq sazişi imzalandı. Təkcə bu görüşdən məlum oldu ki, Azərbaycan-Gürcüstan arasında elmi əlaqələrin dərin tarixi kökləri var və hər iki tərəf bu əlaqələrin müasir şəraitdə daha da inkişaf etdirilməsində maraqlıdır.

"Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir". Ümummilli liderimiz H.Əliyevin bu sözləri universitetin foyesində - geniş bir lövhədə hər kəsin hər gün rastlaşdığı qiymətli bir fikirdir. Bu sözlər universitet rəhbərliyinin  idarəçiliyinin əsas istiqamətini müəyyən edir. Ən böyük milli sərvətlərimizdən biri olan Bakı Dövlət Universiteti  hər gün, hər saat inkişaf etməkdədir. Bu elm və təhsil müəssisəsi xalqımızın qürur yerlərindən biridir. Onun rəhbəri - rektor Abel Məhərrəmov xalqımızın bu qürur mənbəyinin qarşıdan gələn 100 illik yubileyində ən ciddi reytinq təşkilatlarının hesabında azı 500 universitetin sırasında  olacağına təminat verir. Tələbələrlə hər görüşündə Abel müəllim belə bir istəyini həmişə dilə gətirir: "Bakı Dövlət Universitetində haçansa Nobel mükafatı laureatları yetişməlidir. Mütləq yetişməlidir. Azərbaycan elmi, Azərbaycan təfəkkürü və Azərbaycanın indiki inkişaf modeli bu iddiamızın gerçəkləşəcəyinə haqq verir".

 

Vasim MƏMMƏDƏLİYEV

akademik,

Cahangir MƏMMƏDLİ,

Professor

 

525-ci qəzet.- 2013.- 3 dekabr. – S. 4.