"Oksford
Universitetində Nizami
Gəncəvi adına Elmi Mərkəzin
yaradılması möhtəşəm
nailiyyətdir"
Məlum olduğu kimi, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri professor Nərgiz Paşayeva dünyanın ən qədim və nüfuzlu universitetlərindən biri olan Oksford Universitetinin dəvəti ilə bu günlərdə Universitetin Şərşqünaslıq fakültəsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı və elmi irsi haqqında elmi məruzə ilə çıxış edib. Səfər zamanı professor Nərgiz Paşayeva "Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi"nin yaradılması ilə əlaqədar Oksford Universitetinin beynəlxalq inkişaf üzrə direktoru xanım Lieyzl Elder ilə Anlaşma Memorandumu imzalayıb. Bu hadisə respublikamızın elm və təhsil ictimaiyyəti tərəfindən böyük rəğbət və maraqla qarşılanıb, ürəkdən alqışlanıb.
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, dosent Məhərrəm Vəliyev də bu addımın müstəsna əhəmiyyət daşıdığını düşünür. Onun fikrincə, dünyanın ən aparıcı elm və təhsil mərkəzlərindən biri olan Oksford Universitetində Nizami Gəncəvi ilə bağlı Azərbaycan aliminin iştirakı ilə silsilə tədbirlərin keçirilməsi və bunun nəticəsi olaraq Nizami Gəncəvinin adını daşıyan Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması Azərbaycan mədəniyyətinin dünya miqyasında tanıdılması yolunda həqiqətən möhtəşəm nailiyyətdir, çox böyük addımdır: "Əvvəla, bir məsələni etiraf etməliyik ki, Nizami Gəncəvi yaradıcılığının hansı xalqa, mədəniyyətə mənsubluğuna dair indiyə qədər dünyada, çox təəssüf, birmənalı münasibət olmayıb və hələ də yoxdur. Dünyanın "Britannika" kimi ən etibar edilən və nüfuzlu ingilisdilli elmi ensiklopediyalarına baxsaq, orada Nizami Gəncəvinin, eləcə də Xaqani Şirvani, Məhsəti Gəncəvi, Xətib Təbrizi, Şəms Təbrizi, Saib Təbrizi kimi mütəfəkkirlərin fars və ya İran şairləri kimi göstərildiyinin şahidi ola bilərik. Bu da bizim üçün olduqca təəssüfləndirici məqamdır. Sovet dövründə SSRİ miqyasında Nizami Gəncəvi Azərbaycan şairi kimi qəbul edilsə də, artıq bu məkanda da münasibət, əfsuslar olsun ki, xeyli dəyişməkdədir. İndi rus dilində yayılan bir sıra mənbələr Nizami Gəncəvini bizim əlimizdən almağa cəhd edir. İşin arzuolunmaz tərəfi isə bu tendensiyanın daha da dərinləşməsi və populyarlaşdırılmasıdır. Məsələn, bu gün dünyada ən çox oxunan müəlliflərdən biri Xalid Hüseynin çox populyar olan "Min möhtəşəm günəş" romanının adı Azərbaycan şairi Saib Təbrizinin qəzəlindən götürülüb. Ancaq təəssüf ki, romanda Saib Təbrizinin adı fars şairi kimi xatırlanır və oxuculara da belə tanıdılır". M.Vəliyev təəssüf hissilə vurğulayır ki, hətta bizə ən yaxın olan Türkiyə ədəbiyyatşünaslığında da Nizami Gəncəvinin adı əksərən fars şairi kimi xatırlanır: "Türkiyədə, eləcə də Azərbaycanda son dərəcə populyar olan ədəbiyyatşünas və nasir İskəndər Pala Sultan Süleymanın divanına yazdığı "Giriş"də Nizamini İran şairi kimi təqdim edir. Belə bir şəraitdə professor Nərgiz xanım Paşayevanın Oksford Universitetində, bu böyük təhsil ocağının Şərqşünaslıq fakültəsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı və elmi irsi haqqında məruzə ilə çıxış etməsi, eyni zamanda dünya elmi fikrinə ciddi təsiri olan bu nəhəng elm və təhsil ocağında Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması barədə Anlaşma Memorandumu imzalamağa müvəffəq olması təkcə böyük mədəni hadisə olmaqla məhdudlaşmır. Bu, bizim xalqımız üçün, bu gün bütün sahələrdə böyük nailiyyətlər əldə edən, dünya ilə yeni məzmunlu siyasi dialoq qurmağı bacaran Azərbaycan dövlətçiliyi üçün layiqli xidmət kimi qiymətləndirilməlidir. Müasir zəmanədə elə problemlər var ki, onları inzibati tədbirlərlə, şikayət etməklə həll etmək mümkün deyil. Burada uzunmüddətli işlər görmək, insanları inandırmaq tələb olunur. Bundan ötrü isə güclü təşkilati bazis yaratmağa ehtiyac var. Oksford Universitetində yaradılacaq mərkəz bundan sonra dünya səviyyəsində görüləcək işlərin təşkilatlandırılması və əlaqələndirilməsi baxımından çox faydalı olacaq. Əminik ki, bu Mərkəz Azərbaycanın və onun yerləşdiyi Qafqaz regionunun tarixi və mədəniyyətinin öyrənilməsi üzrə Böyük Britaniyada Oksford universiteti nəzdində Azərbaycanın təsis olunan ilk elmi-tədqiqat ocağı kimi uğurla fəaliyyət göstərəcək. Nizami Gəncəvinin adını daşıyacaq bu elmi mərkəz Azərbaycanın tarixi irsinə və mədəniyyətinə aid uzunmüddətli elmi-tədqiqat layihələrinin həyata keçirilməsinə, Böyük Britaniya muzeylərində mövcud olan müxtəlif əlyazmaların əldə olunmasına, araşdırılmasına, müxtəlif elmi, mədəni və ictimai tədbirlərin keçirilməsinə, müntəzəm sürətdə ictimai elmi mühazirələrin və müzakirələrin aparılmasına şərait yaradacaq. Mərkəz həmçinin respublikamız ilə Oksford Universiteti arasında müxtəlif ixtisas sahələri üzrə tələbə və akademik mübadilə proqramlarını həyata keçirməyi də nəzərdə tutur. Göründüyü kimi, belə bir addımın atılması qiymətli bir başlanğıcdır. Bu başlanğıcı irəliyə aparmaq, arzu olunan nəticələr əldə etmək üçün ədəbiyyat tariximizi tədqiq edən Azərbaycan alimlərinin üzərinə böyük iş düşür. İlk növbədə, elə tədqiqatlar aparılmalıdır ki, bunu dünya səviyyəsində təqdim edə bilək".
M.Vəliyevə görə, Azərbaycan klassik
ədəbiyyatının dünyaya, eləcə
də öz oxucularımıza layiqincə
təqdim olunması üçün
qarşıda üç mühüm
və təxirəsalınmaz vəzifə durur:
"Birincisi, klassik ədəbiyyatımızın daha obyektiv tarixi
şərtlər kontekstində tədqiq edilərək
öyrənilməsi, ikincisi, ərəbcə
və farsca yazılmış klassik ədəbiyyat abidələrinin
yüksək səviyyədə öz
dilimizə, eləcə də ingilis dilinə
tərcüməsi, üçüncüsü,
həm Azərbaycan oxucuları, həm də
dünyada bizim mədəniyyətlə
maraqlanan dairələr üçün
yenidən nəşri və oxuculara
çatdırılması. Professor Nərgiz
xanım Paşayevanın təşəbbüsü bu böyük işlərin
hərəkətə gətirilməsi üçün
əlverişli şərait yaradır. Bundan
sonra qalır konkret iş görmək. Bakı
Dövlət Universitetinin Filologiya
fakültəsi bu təşəbbüsün
həyata keçirilməsini dəstəkləmək üçün yeni konsepsiyaya əsaslanan Azərbaycan ədəbiyyatı
tarixinin ingilis dilində
nəşri üçün
hazırlıq işlərinə başlamağa
qərara alıb. Eyni zamanda, bu sahədə bir sıra yeni işlər
həyata keçirməyi də nəzərdə tuturuq".
Vəfa MƏMMƏDLİ
525-ci qəzet.- 2013.- 4 dekabr.- S.4.