Azərbaycan 2020: "Gələcəyə
baxış" İnkişaf
Konsepsiyasında
ilk peşə-ixtisas
təhsilinin inkişafı
Azərbaycanın 2020-ci il hədəfləri nəinki regionda, həmçinin, dünya ölkələri arasında iqtisadiyyatının daha da inkişaf etməsi və vətəndaşlarının yaşayış səviyyəsinə görə aparıcı ölkələr sırasına çıxmaq platformasıdır. Hal-hazırda neft ölkəsi kimi tanınan Azərbaycan 2020-ci ildə bu imicini dəyişib, xammal ixracatçısından, hazır məhsul ixrac edən ölkəyə çevrilmək istəyir. Bu hədəfə nail olmaq üçün isə ilk növbədə insan resurslarının inkişaf etdirilməsi zəruridir və bu proses, şübhəsiz, təhsil sistemi vasitəsilə həyata keçirilməlidir.
Bu gün insan resurslarının inkişafından danışarkən, biz daha çox ali savadlı mütəxəssislərin hazırlığını nəzərdə tuturuq, lakin bir çox ölkələrin təcrübəsi göstərir ki, ali savadlı mütəxəssislərlə yanaşı, ilk peşə-ixtisas təhsilli yüksək kvalifikasiyalı mütəxəssislərə sahib olmaq böyük üstünlükdür. Belə ki, bir çox hallarda ali savadlı yüksək bacarıqlı mütəxəssislər tərəfindən icad edilən məhsulların istehlakçıya son versiyada çatdırılmasında və bazara daxil olmasında məhz orta ixtisaslı mütəxəssislərin xidməti danılmazdır. Bu gün 'Made in Germany' brendinin əsas yaradıcıları yalnız alman ali təhsil sisteminin məzunu olmuş yüksək bacarıqlı mütəxəssislər deyil, həmçinin, artıq hamı tərəfindən ideal sistem kimi qəbul edilən alman peşə təhsili sisteminin də məzunlarının rolu yüksəkdir.
Bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası" nda da ilk peşə-ixtisas təhsilinin inkişafının zəruriliyi göstərilmişdir. Bu gün təəssüflə qeyd etməliyik ki, mövcud peşə təhsili sistemi hələ ölkə iqtisadiyyatının inkişaf dinamikasına uyğunlaşa bilmir. Buna baxmayaraq, mövcud peşə təhsili müəssisələrində hazırlanan xeyli sayda işçi qüvvəsinə, yəni ilk peşə-ixtisas təhsilli məzunlara daxili əmək bazarında ehtiyac hələ də yüksəkdir. Məncə, əmək bazarının tələbatı ilə ilk peşə-ixtisas təhsili müəssisələrində hazırlanan kadrların sayı və mütənasibliyin yaranması ilə əlaqədar olaraq kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac vardır və bu prosesdə yalnız Təhsil Nazirliyi deyil, dövlət, qeyri-dövlət və xüsusilə, işəgötürən təşkilatlar fəal iştirak etməlidirlər.
Bu gün respublikada fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrində mövcud olan obyektiv problemlərlə yanaşı, ən böyük çatışmazlıq idarəetmə təfəkkürünün dəyişməməsidir. Bununla yanaşı, hələ də daha çox dövlət vəsaiti hesabına müəssisənin inkişaf etdirilməsi, işəgötürən təşkilatlarla sıx əməkdaşlıq əlaqələrinin yaradılmasına az təşəbbüsün olması və mövcud resurslardan səmərəli istifadə edilməməsidir.
"Müasir Azərbaycan Peşəkarları" layihəsi çərçivəsində həyata keçirilən tədbirlər göstərir ki, peşə təhsilinin inkişafı ilə əlaqədar işəgötürən təşkilatlarla əlaqə yaratmaq üçün müəyyən imkanlar mövcuddur. Düzdür, Avropa ölkələrində, qonşu Türkiyə Respublikası ilə müqayisədə işəgötürən təşkilatların bu proseslərdə iştirakı elə də yüksək səviyyədə deyil, amma maraq var. Ölkəmizin ən iri işəgötürən təşkilatlarından olan "Azərsu" Açıq Səhmdar Cəmiyyəti və "SOCAR"la bu istiqamətdə bağlanılan müqavilələr də onu göstərir ki, yüksək kvalifikasiyalı ilk peşə-ixtisas təhsilli kadrlara tələbat yüksəkdir. Bəs bu tələbatın real nəticələrə və peşə təhsilində müsbət dönüşə səbəb olması üçün hansı addımlar atılmalıdır?
Peşə təhsilinin inkişafı işəgötürən təşkilatların iştirakı olmadan həyata keçirilə bilməz, beləliklə, biz ilk növbədə onları inandırmalı və bu prosesə cəlb etməliyik. Fikrimcə, hazırda bu istiqamətdə müəyyən boşluqlar vardır, belə ki, həm müvafiq hüquqi bazanın yetərli olmaması, həm də işəgötürənləri inandıracaq səviyyədə peşə təhsili müəssisələrində müasir peşəkarların hazırlanması üçün yetərli imkanların olmaması buna səbəbdir. Peşə təhsili tələbyönümlü olmaqla yanaşı, həmçinin, özü də tələbat yaratmalıdır. Avropa maliyyə institutlarının verdiyi məlumata əsasən 2020-ci ilə qədər yalnız bu qitədə 20 milyona yaxın yaşıl texnologiya, alternativ enerji resurslarının inkişafı və s. innovativ sahələr üzrə iş yerləri yaranacaqdır. Bu sahədə işləyən işçilərin əmək haqqının ənənəvi peşələr üzrə işləyən işçilərdən ən azı 2 dəfə yüksək olmasını və əmək bazarında yeni bir tendensiyanın yaranmasını nəzərə alaraq, peşə təhsili qarşısında yeni hədəflər müəyyənləşməlidir. Yəni, peşə təhsili yalnız hazırkı tələbat üzərində kadr hazırlamamalı, həmçinin, bu gün perspektiv sahələr üzrə də kadr hazırlığına diqqət yetirməlidirlər. İşəgötürənlərin peşə təhsilinə inamının artması yollarından biri də ənənəvi peşələr üzrə kadr hazırlığı ilə yanaşı, sistemin yüksək texnologiyalar sahəsində də kadr hazırlamaq imkanına malik olmasını göstərməkdir. Bu istiqamətdə biz artıq müəyyən addımlar atırıq, belə ki, 2014-cü ildə tikintisinin başlanmasına qərar verildiyi və bu yaxınlarda Cənubi Koreya Respublikası ilə imzalanacaq müqavilə əsasında yüksək texnologiyalar sahəsində kadr hazırlığını təmin edə biləcək tədris mərkəzi yaradılacaqdır. Bundan əlavə, Sumqayıt Kimya Sənaye Parkının nəzdində müasir tipli peşə tədris mərkəzinin yaradılması da işəgötürənlərin və ictimaiyyətin peşə təhsilinə olan münasibətinin dəyişməsinə səbəb ola bilər.
Digər hədəflərimizdən biri də peşə təhsilinin əhatə dairəsinin genişlənməsidir. Hər il peşə təhsili müəssisələrinə təqribən 16-17 min təhsilalan qəbul olunur, bu da ümumi məzunlarımızın 10-11%-ni təşkil edir. Müqayisə üçün deyək ki, hər il Avropa ölkələrində məzunların təqribən 40-60%-i peşə təhsili müəssisələrində təhsillərini davam etdirirlər. Bu, peşə təhsili müəssisələrinin yüksək ictimai statusunun olması, təhsil sisteminin davamlı olması, digər pillələr arasında sıx əlaqənin yaranması, peşə təhsili müəssisələrinin məzunlarının iş tapmaq imkanlarının yüksək olması və həmçinin, bu ölkələrdə qeyri-ixtisaslı şəxslərin işə qəbul olması ilə əlaqədar olaraq ciddi qanunverici bazanın mövcud olmasıdır. Bu gün demək olar ki, əksər şəhər və rayonlarımızda peşə təhsili müəssisələrinin olmasına baxmayaraq, bu müəssisələrlə işəgötürənlər arasında sıx əlaqələrin olmaması səbəbindən onların iqtisadi həyatda iştirakı elə də gözəçarpan deyildir. Eyni zamanda Ağsu, Hacıqabul, Astara, Qobustan və s. kimi rayonlarda bu gün peşə təhsili müəssisələrinin olmaması, həmin rayonlardan ümumtəhsil müəssisələrinin məzunlarının təhsillərinin davam etdirmək imkanının məhdudluğuna səbəb olur. Bununla yanaşı, şəbəkənin təhlili göstərir ki, 40-a yaxın müəssisələrimizdə şagird tutumu təqribən 300-ə yaxındır və bu müəssisələrdə təhsil almaq imkanları elə yüksək deyildir. Beynəlxalq təcrübəyə əsasən 300-dən aşağı şagird tutumu olan məktəblərə peşə məktəbi statusu verilmir və onlar əsasən bir neçə ixtisas hazırlamaq üzrə ixtisaslaşan filial kimi və ya hər hansı bir peşə təhsili müəssisəsinin bölməsi kimi fəaliyyət göstərir. Belə olduğu təqdirdə, peşə təhsilinin əhatə dairəsini genişləndirməklə keyfiyyətinin yüksəldilməsini necə həyata keçirə bilərik. Fikrimcə, ilk peşə-ixtisas təhsili müəssisələrinin diaqnostik qiymətləndirilməsi aparılaraq şəbəkənin optimallaşdırılması və rasionallaşdırılması yolu ilə həm keyfiyyətin artmasına nail ola bilərik, həm də qeyri-rasional şaxələnmənin qarşısını ala bilərik. Təcrübə göstərir ki, işəgötürənləri ilk peşə-ixtisas təhsili müəssisələrinə cəlb edən amillərdən biri də həmin təhsil müəssisələrinin maddi-texniki bazası, təhsilalanların təhsil almaq şəraiti və idarəetmə təfəkkürünün müasirliyidir. Bu işəgötürəndə bir ilkin əminlik hissi yaradır ki, həmin müəssisədə onun tələbinə müvafiq olaraq kadr hazırlığı həyata keçirilə bilər. Beləliklə, biz şəbəkəni optimallaşdırmaq və müasir tipli irihəcmli çoxfunksiyalı regional peşə tədris mərkəzlərinin yaradılması vasitəsilə, həm keyfiyyətin yüksəlməsinə, həm də əhatə dairəsinin də genişlənməsinə nail ola bilərik. Eyni zamanda bu günə qədər elə də çox diqqət yetirmədiyimiz bir əhali qrupunun da peşə təliminə cəlb edilməsi vasitəsilə peşə təhsilinin əhatəsini böyütmək olar. Bu qrup fiziki qüsurlu insanlardır ki, onlar üçün qarşıdakı illərdə peşə təhsili müəssisələrində xüsusi siniflər açaraq, bu kateqoriyadan olan əhali qrupunun cəmiyyətə inteqrasiyasını sürətləndirə bilərik.
Peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsinin digər yollarından biri də vətəndaşlar üçün təhsil almaq üçün alternativ imkanların təklif edilməsidir. Bu gün əmək bazarının təhlili göstərir ki, məşğul əhalinin təqribən 13 hissəsinin peşə təhsili yoxdur. Lakin bu o demək deyildir ki, onların peşə bilik və bacarığı təhsilli şəxslərin bilik və bacarığından aşağıdır. Beynəlxalq Əmək Təşkilatının verdiyi məlumata əsasən ali təhsilli məzunların yalnız ən yaxşı halda 30-40%-i iş fəaliyyətlərini təhsil aldıqları ixtisaslarına uyğun olaraq davam etdirə bilirlər. Bu gün Avropada əhalinin 10%-dən çoxu qeyri-formal peşə təhsilinə cəlb edilmişdir. Fikrimcə, bu gün işləyən və yaxud müəyyən kvalifikasiyaya sahib olan vətəndaşlarımızı formal təhsilə cəlb etməyimiz çətin olar, belə olduğu təqdirdə, biz alternativ təhsil formaları tətbiq edərək onların bilik və bacarıqlarının tanınmasına imkan yarada bilərik. Təəssüflə qeyd etməliyəm ki, hazırkı Azərbaycan Respublikasının "Təhsil haqqında" qanununa əsasən ilk peşə-ixtisas təhsilində yalnız formal təhsil növündən istifadə edilə bilər. Zənnimcə, biz bu vətəndaşlar üçün də müəyyən imkanlar yaratsaq, onların karyera inkişafına nail olarıq.
Ümumiyyətlə, bu gün müasir cəmiyyətdə qeyri-formal təhsil bir alternativ təhsil növü və yaxud bəzi hallarda formal təhsildən həzz almayan insanların üz tutduğu təhsil formasından çox zərurətə çevrilir. Çünki informasiya və texnologiyanın belə sürətlə inkişaf etdiyi bir dövrdə insanlar daima öz üzərlərində çalışmalı, yeni informasiyanı təhlil edib istehlak etməyi bacarmalıdırlar. Bu baxımdan təhsil müəssisələrində, xüsusən, peşə təhsili müəssisələrində bu təhsil formasından geniş istifadə edilməsi ilə bağlı cəmiyyətdə müzakirələrin aparılmasına ehtiyac duyuram.
Peşə təhsilində dəyişiklikləri zəruri edən digər bir məqam məzmunun təkmilləşdirilməsidir. Təhsil sahəsində islahatın əsas aparıcı qüvvəsi müəllimlərdir. Peşə təhsili sistemində də işini sevən, bütün çətinliklərə baxmayaraq, uzun müddətdir əmək bazarı üçün ixtisaslı işçi qüvvəsi hazırlamağa çalışan bir müəllim-usta ordusu vardır. Lakin eyni zamanda kadr çatışmazlığı, xeyli sayda qeyri-ixtisaslı mühəndis-pedaqoi heyətə də rast gəlirik. Mühəndis-pedaqoji heyətin təhlili göstərir ki, bu gün ilk peşə-ixtisas təhsili müəssisələrində çalışanların əksəriyyəti təhsillərini Sovet dövründə almış və uzun müddətdir ki, ixtisasartırma və yenidənhazırlanma kurslarından keçməmişlər. Eyni zamanda mövcud ixtisasartırma və yenidənhazırlanma kurslarının səviyyəsi də real tələbatı ödəmir. İxtisaslı mühəndis-pedaqoji heyətin səviyyəsinin aşağı düşməsi və ya peşəkarların tədrisdən uzaq düşməsinə digər bir səbəb də əmək haqqının aşağı olması faktıdır, lakin eyni zamanda təhlillər göstərir ki, mövcud kadrlarımızın bir hissəsi, ümumiyyətlə, kadr hazırlığını həyata keçirə bilməzlər. Mühəndis-pedaqoji heyətin əmək haqqının artırılması gözlənilir, lakin fikrimcə, bu məsələyə daha rasional yanaşmaq düzgün olardı və həmçinin, işəgötürənlərin də dəstəyindən geniş istifadə edilməlidir. Yeni strategiyada ilk peşə-ixtisas təhsili müəssisələri üçün mühəndis-pedaqoji heyətin hazırlanması, yenidən hazırlanması, ixtisasının artırılması və stajkeçmə ilə əlaqədar olaraq yeni mexanizmin yaradılması nəzərdə tutulmuşdur. Eyni zamanda gələcəkdə yaradılması nəzərdə tutulan bir sıra regional peşə tədris mərkəzlərinə də bu funksiyanı icra etmək üçün əlavə səlahiyyətlər veriləcəkdir. İlk peşə-ixtisas təhsili sistemində kredit sisteminə keçidlə əlaqədar olaraq, yeni məzmunlu mühəndis-pedaqoji heyətin hazırlanmasına ehtiyac yaranacaqdır, bu baxımdan ali və orta-ixtisas təhsili müəssisələrimizin ilk peşə-ixtisas təhsili sistemi üçün kadrların hazırlanması zamanı müasir tendensiyanı nəzərə almaları vacibdir.
Qeyd etdiyimiz kimi, peşə təhsili sistemində əsas problemdən biri idarəetmə təfəkkürünün dəyişməməsidir. Lakin eyni zamanda idarəetmə təfəkkürümüzü dəyişməklə yanaşı, tədris təfəkkürmüzü də dəyişməliyik. Sovetlər dövründə peşə təhsili sistemi iqtisadiyyat üçün ucuz və ixtisaslı fəhlə qüvvəsinin hazırlanmasını nəzərdə tuturdu. Sosializm cəmiyyətində iqtisadi münasibətlərin də fərqli olduğu bir dövrdə işçiyə qoyulan tələblər də elə yüksək deyildir, daha çox müəyyən texnoloji prosesləri ardıcıl və səliqə ilə yerinə yetirmək bəzən yetərli olurdu. Lakin müasir cəmiyyətdə, istehsalın avtomatlaşdırıldığı və robotlaşdırıldığı bir dövrdə sadə funksional əməliyyatları yerinə yetirə biləcək işçilərə tələbat getdikcə azalır. Beynəlxalq araşdırmalar da göstərir ki, CEDEFOP-un verdiyi məlumata əsasən 2010-cu illə müqayisədə 2020-ci ilə qədər daha yüksək bacarıqlar tələb edən iş yerlərinin sayı 29%-dən 34%-ə qədər artacaqdır. Eyni zamanda aşağı bacarıqlı və az bilik və bacarıq tələb edən iş yerlərinin sayı 23%-dən 18%-ə qədər azalacaqdır. Beləliklə, müasir əmək bazarının iştirakçıları daha sadə texnoloji prosesləri ardıcıl və səhvsiz yerinə yetirə biləcək sadə kvalifikasiyalı işçilər deyil, universal bacarıqlara malik olan, yəni texnologiyanı bilən, tənqidi düşüncə, təşəbbüskarlıq, problemlərin həlli və həmçinin, kollektiv şəkildə işləmək bacarığı olan ən əsası isə yeni dəyər yarada biləcək şəxsləri axtarırlar.
Şübhəsiz, yeni təhsil
strategiyasında biz peşə təhsilinin
digər problemlərinin həlli ilə əlaqədar olaraq da tədbirlərin həyata
keçirilməsini nəzərdə tuturuq.
Bu sosial partnyorluq və dialoqun yaradılması, peşə təhsili
müəssisələrinin maddi-texniki
bazasının gücləndirilməsi, idarəetmə və
maliyyələşdirmə prinsiplərinin təkmilləşdirilməsi,
müasir məzmunlu vəsaitlərin
hazırlanması, elektron resurslardan
geniş istifadə edilməsi və s. kimi məsələlər
daim diqqətimizdə olacaqdır. Lakin fikrimcə, əgər biz
peşə təhsilinin həqiqətən inkişaf
etməyini istəyiriksə, onda hər birimiz, yəni bu prosesə
qoşulmuş hər bir
həlqə öz üzərinə düşdüyü vəzifəni layiqincə
yerinə yetirməlidir.
Namiq MƏMMƏDOV
525-ci qəzet.- 2013.- 4 dekabr.- S. 5.