Əlilliyi olan uşaq və gənclərin
yaradıcılıq sərgisi keçirilib
Beynəlxalq Əlillər Günü və Beynəlxalq Könüllülər Günü münasibətilə əlilliyi olan uşaq və gənclərin "İnklüziv cəmiyyət və hər kəsin bərabər inkişafı naminə maneələri dəf edək, qapıları açaq!" mövzusunda yaradıcılıq sərgisi keçirilib. "Art Garden"də təşkil olunmuş tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard ölkəmizdə əlil insanlara göstərilən dövlət qayğısından danışıblar: "Cari ilin sentyabrında Bakıda əlilliyi olan gənclərin "Şərq nağılı" I Beynəlxalq yaradıcılıq festivalı keçirilib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş festivalın əsas məqsədi əlilliyi olan istedadlı gənclərin yaradıcılıq bacarıqlarının reallaşdırılmasının dəstəklənməsi, ictimaiyyətin diqqətinin humanizm ideyalarına, mədəni dəyərlərə və əlilliyi olan gənclərin yaradıcılığına cəlb edilməsindən ibarət olub.
Əlilliyi olan gənclərin sosial inteqrasiyası və adaptasiyasının təşviqi, bu kateqoriyadan olan insanlarla ünsiyyətin qurulması və təcrübə mübadiləsi üçün şəraitin yaradılması, regional, millətlərarası və beynəlxalq mədəni əlaqələrin gücləndirilməsi də festivalın məqsədləri sırasında olub".
Festival çərçivəsində əlilliyi olan gənclərlə işləyən yerli təşkilatlar və fərdi təlimçilər üçün xarici ekspertlərin ustad dərsləri təşkil edilib.
Sonra əlil uşaqların çəkdikləri fotoşəkillər nümayiş olunub.
Tədbir əlil uşaqların ifasında konsert proqramı ilə yekunlaşıb.
Sərgi Gənclər və İdman
Nazirliyi, UNİCEF-in
Azərbaycandakı nümayəndəliyi, "Dan" Beynəlmiləlçi Gənclər İctimai Birliyi və
"Müşfiq" Əlil Uşaqlara Yardım İctimai
Birliyinin iştirakı ilə təşkil
olunub.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2013.- 5 dekabr.- S. 7.