Din elmlərinin məzmun və mahiyyətinə
müfəssəl baxış (davamı)
İslamdan sonrakı yəhudi məzhəbləri
Orta əsr İslam dönəmində yəhudi
dünyasında iki böyük yəhudi məzhəbi
vardır.
Bunlardan biri fərisiliyin davamı olan Rəbbani yəhudilik,
digəri isə bu məzhəbin qarşısında yer alan və qismən saduqi görüşlərini
mənimsəyən Qarailikdir.
Rəbbani yəhudilik miladdan sonra V əsrdə Talmud
çalışmalarının tamamlanmasından sonra təşəkkül
tapıb, fərisiliyin bir davamıdır. Onlar
Tövratdan çox Talmuda önəm vermiş, Tövratı
sadəcə ibadət sahəsi kimi məhdudlaşdırmışdırlar.
Yeganə şəri qaynaq Talmudu
saymışdırlar.
Qarailik Rəbbani yəhudiliyə müxalif olan və
kiçik bir qrup olsa da bu gün varlığını davam
etdirən bir məzhəbdir. İbranicə olan
"qaraim" ərəb dilindəki "qiraət" (oxu)
sözü ilə eyni anlamdadır. Tanahı
çox oxumalarına, Talmudu və digər rəbbani əsərləri
qəbul etməmələrinə görə bu məzhəb
mənsublarına "qaraim" adı verilmişdir. Rəbbani yəhudiliyə qarşı
çıxdığı üçün buna heretik (kafir)
bir məzhəb deyənlər də olmuşdur. Qurucusu XIII əsrdə İraqda yaşamış
Anan ben David hesab olunur. Məzhəb əvvəlcə
ananiyə, daha sonra Tanahı çox oxuduqlarına görə
qaraim adını almışdır. Qarailərin inanc əsasları
On Əmr sayında olub bunlardan ibarətdir:
Bütün varlıqları yaradan Allahdır. O, dünyanın
yaranmasından öncə var idi; yardımçısı
yoxdur. Bu aləm sonradan
yaradılmışdır, hadisdir (yenidir). Allah Musaya və Tanahda adı keçən
bütün peyğəmbərlərə xitab etmişdir.
Musanın qoyduğu qanunlar haqdır. Tövratın dilini bilmək dini vəzifədir.
Qüdsdəki Məbəd dünya "İdarəçisi"nin məqamıdır. Məsihin
gəlməsini və yenidən dirilməni gözləmək
haqdır. Hesab günü vardır. Bu hesabdan sonra mükafat və cəza haqdır.
Qarailərdə ibadət gündə səhər
və axşam olmaqla iki dəfə fərzdir. Aprel ayının 13-dən başlayan 70
günlük orucları vardır. Bu
gün kiçik bir qrup Misirdə və İsraildə
yaşayır. Xəzər türklərindən az bir qrupu da qaraimdir. Ancaq onlar
türklük xüsusiyyətlərini davam etdirir və
özlərini türk qəbul edirlər. Türkcə
Tövratları vardır və türk mədəniyyətinə
aid özəlliklərini yaşadırlar.
İsəviyyə adını qurucusu Əbu İsa
İshaq ibn Yaqub əl-İsfahanidən almışdır. Əbu İsa
xəlifə Mənsur zamanında yaşamış, son əməvi
xəlifəsi Mərvan ibn Muhəmməd əl-Xammar
zamanında öz ideyalarını yaymağa
başlamışdır. Yəhudilərin
böyük əksəriyyəti onun ardınca getmişdir.
O özünün gözlənən Məsih olduğunu, yəhudiləri
xilas etmək üçün Allah tərəfindən
göndərildiyini irəli sürmüşdür. Yəhudilərin gündə üç dəfə
olan ibadətini yeddiyə çatdırmış, Qüdsdən
ayrı düşdükdə ət yeyib şərab
içilməsini yasaqlamışdır.
Yudğaniyyə
və Şəzqaniyyə: İsəviyyənin qurucusunun
ölümündən sonra yerinə Yudğan
keçmişdir. O, İsəviyyənin bir sıra
inanclarını mühafizə etmiş, cənnət-cəhənnəmlə
bağlı dini inancları izah etmiş və bir İsrail
peyğəmbəri kimi görünmüşdür. Bu məzhəb mənsubları Hz.İsa və Hz.Muhəmmədi
peyğəmbər qəbul etmələri ilə
tanınırlar.
Müasir yəhudi məzhəbləri
1789-cu il Fransa inqilabının meydana gətirdiyi dəyişikliklər
yəhudi dünyasına da öz təsirini etmişdir. Yəhudilər qismən də olsa rahatlığa
qovuşa bilmişdirlər. Yəhudiliyi
çağdaş dünyanın şərtlərinə
uyğunlaşdırmaq çalışmalarından dörd
müxtəlif məzhəb ortaya
çıxmışdır.
Ortodoks yəhudilik digər məzhəblərin
ayrılması nəticəsində meydana gəlmişdir. Bu məzhəb
fərisiliklə başlayan və rəbbani yəhudiliklə
davam edən ana cərəyanın günümüzdəki əksidir.
Tövrat, Talmud və digər Rəbbanik əsərlərdən
əldə edilən klassik yəhudi şəriəti Halakhaya
bağlı qrupa günümüzdə Ortodoks adı
verilmişdir. Ortodoks yəhudilik
yazılı Tövratın Tanrı tərəfindən
Hz.Musaya yazdırıldığına və şifahi
Tövratın (Mişna, Talmud) da şifahi olaraq vəhy
edildiyinə inanır. Ortodoks inancda yəhudilərin
Tövratın qanunlarına uymadıqları üçün
sürgünə göndərildiklərindən bəhs
olunur. Maymonidesin on üç maddəlik
iman əsasları ehkam kimi qəbul edilir. Ortodoks
yəhudiliyə görə yəhudi xalqı tövbə edib
Tövratın bütün qaydalarına riayət edərsə
Məsih gələcək, sürgün sona çatacaq, yəhudilər
həqiqi evinə dönəcək, Məbəd yenidən
inşa ediləcəkdir. Yəhudi şəriəti
Halakhaya görə şənbə günü od
yandırmaq günah sayılır. Ortodoks olmayan
yəhudi günahkardır. İsraildə
Ortodoks yəhudilik dövlətin rəsmi məzhəbidir.
İsraildə son zamanlar bütün məzhəblərin
təşkilat qurmasına izn verilir.
Reformist yəhudilik XIX əsrin əvvəllərində
Almaniya yəhudiləri arasında meydana gəlmişdir. Sonradan Amerika
yəhudiləri arasında geniş yayılmışdır.
Reformist yəhudilər Amerika yəhudilərinin
40 faizini təşkil edir. İsraildə
isə 5-6 min civarındadırlar. Onlar
ortodoks inancları rədd edirlər. Bu
gün reformist yəhudilik dünyəviləşmiş yəhudilik
formasını almışdır. Yəhudiliyə
yalnız mədəni bir fakt kimi baxılır. Sinaqoqda qadınlarla kişilər yanaşı
oturur. Qadınlar da haham kimi vəzifə
daşıyaraq ayinləri icra edirlər. Digər din və
inanclara diqqət və hörmətlə yanaşılır.
Talmudu inkar etmiş, məsihçiliyi rədd
etmişdirlər. Reformist yəhudilik ifrat
islahatlar nəticəsində böhran keçirir və yəhudi
şəxsiyyəti haqqında problemlər yaranır.
Mühafizəkar yəhudilik XIX əsrin ortalarında
alman yəhudiləri arasında meydana
çıxmışdır. Təmsilçiləri
İzak (İsaac) Bermays (1791-1849) və Zakarya (Zacharia)
Franklendir (1801-1871). Daha sonralar Amerikada da tərəfdarlar
toplamışdır. Onlar
babalarının ənənələrinə bağlı
qalmağı arzu edər, dünyəviliyə qarşı
çıxarlar.
Yenidənqurma yəhudilik hərəkatı 1983-cü
ildə Amerika yəhudisi Menahem Kaplan qurmuşdur. Menahem Kaplan dərin
bir yəhudi mütəfəkkiri və filosofudur. Kaplan yəhudiliyin bu günə qədər
keçərli olmasının səbəbini onun ilahi mənşəyi
ilə deyil, mədəni mənşəyi ilə izah edir.
Yəhudi qanunu isə mühafizə edilməsi
zəruri olan bir mədəniyyət ünsürü
sayılır. Çünki bunlar yəhudilərin
dramatik bir şəkildə xalq olmasının ifadəsidir.
Kaplana görə, yəhudilər də digər
xalqlar kimi bir xalqdır. Tanrı yəhudiləri
deyil, yəhudilər Tanrını seçmişdir. Bu üzdən də "Seçilmiş xalq"
inancının anlamı yoxdur. O, sionizmi də qəbul
edir.
Yuxarıda qeyd olunanlardan başqa Amerika yəhudiləri
arasında meydana çıxan digər kiçik və radikal
qruplar da vardır. Bunların içərisində ən
ifratçısı Humanistik yəhudilikdir. Onlar Tanrını irqçi bir şovinist,
Tövratı isə şovinist bir sənəd kimi dəyərləndirirlər.
Bu məzhəblərdən savayı digər yəhudi
qrupları da vardır. Onların ən
başlıcası bu gün də varlığını
davam etdirən Samirilərdir.
Yəhudi
dininə riayət etməklə yanaşı yəhudilər
tərəfindən yəhudi qəbul edilməyən samirilər
(Şomronim): "Şomronim" ibrani dilində "bir
şeyi diqqətlə izləyən" mənasına gəlir.
Samirilərin tarixi çox qədimdir. Bizim eradan əvvəl 722-ci ildə Şimali
İsrail Krallığı yıxıldıqdan sonra Asur
imperatoru Sarqon İsrail xalqını Asura və Medlerin şəhərlərinə
sürgün etmiş, Babil, Quta və Avvadan adamlar gətirərək
İsrail oğullarının yerinə yerləşdirmişdir.
Beləliklə, Şomron şəhərinin
sakinləri ortaya çıxmış və bunlara
"Şomronim" deyilmişdir. Hazırda
İsraildə Nablus və Tel- Əviv
yaxınlığındakı Holon məntəqələrində
yaşayırlar. Yəhudilərin
Tövratı ilə samirilərin Tövratı arasında
altı minə yaxın fərq vardır. Samirilər
Qüdsün yerinə Qerizimi müqəddəs yer kimi qəbul
edir və özlərini həqiqi yəhudi kimi görürlər.
Etiqad etdikləri sadəcə Tövratdır.
Tövrat isə Musaya vəhy edilən beş
kitabdan ibarətdir. İnanc əsasları da buna uyğun
olaraq beşdir: 1. Bərabəri və
yardımçısı olmayan Allah təkdir. Sifətləri
insan sifətlərinə bənzəməz. 2. Musa Allahın yeganə rəsulu və
bütün dövrlərin peyğəmbəridir. Vəhy onunla sona çatmışdır. Onun kimi peyğəmbər bir daha gəlməyəcəkdir.
3. Tövrat mükəmməl və tamdır, heç zaman dəyişdirilməyəcəkdir.
4. Gerizim dağı əbədi həyat yurdu, bərəkət
dağı və Allahın yer üzündəki tək məqamıdır.
5. Yenidən dirilmə günü olacaqdır. Yaxşılar
cənnətlə, pislər cəhənnəmlə mükafatlandırılacaqdır.
Samirilərin ibadət formaları müsəlmanlarınkına
yaxındır. Müsəlmanlar kimi dəstəmaz
alır, növbə ilə əlləri, ağzı, burnu,
üzü, qulaqları, sağ və sol ayağı yuyurlar. Dəstəmaz əsnasında Tövratdan
parçalar oxunur. İbadət dili aramicədir.
Sinaqoqları da müsəlmanların məscidi
kimidir. İçəridə stol,
yaxud sıra yoxdur. İbadətlərində
rüku və səcdə vardır. Müsəlmanların
namazına bənzər şəkildə namaz qılırlar.
Tədqiqatçılar bütün bunları
uzun zaman müsəlmanların təsirinə məruz qalmaqla
izah edirlər. Digərləri isə bunu
samirilərin Hz.Musa şəriətini digər yəhudilərdən
daha çox əslinə yaxın bir şəkildə davam
etdirmələri ilə izah edirlər.
Yəhudilikdə inanc, ibadət, dini ənənə
və bayramlar
Yəhudilərin inancı daha çox gündəlik həyat
və ibadətlərdə özünü göstərir. Ən əhəmiyyətlisi
Tövratda bildirilən şəriət qaydalarının
yaşamasıdır. Quranda olduğu kimi
Tövratda və digər yəhudi müqəddəs
kitablarında nələrə inanılmasının gərəktiyinə
dair sistematik məlumatlar yoxdur. Ən
önəmli iman əsası Allahın varlığına və
birliyinə imandır. "Tək
Tanrı" inancı mövcuddur. Allah
birdir, yaradılmamışdır, əvvəli-sonu yoxdur,
ucadır, hər şeyi bilir, bütün varlıqların Rəbbidir.
Tanrının ən sevimli milləti yəhudi
millətidir. Tanrı onları
seçmiş və Sinada əhd bağlamışdır.
Yəhudilikdə ən önəmli yer Hz.Musaya
verilir. Çünki ona Tora nazil
olmuşdur. Tanrının birliyi Tövratda belə ifadə
edilir: "Dinlə, ey İsrail! Tanrınız
Rəbb bir tanrıdır". Yəhudi Müqəddəs
Kitabında Daniel Kitabına qədər axirət inancı haqqında
ifadələrə rast gəlinmir. İşayada bəzi ifadələr
yenidən dirilmə inancına dəlil sayıla bilər:
"Sizinləyəm, ey torpaq içində yatanlar, oyanın
və tərənnüm edin... və hər yer ölülərini
bayıra atacaq". Daniel Kitabında isə əbədi həyatla
bağlı bu ifadələr yer almaqdadır:
"Torpağın altında uyuyanların bir çoxu əbədi
həyat, bəziləri isə əbədi xəcalət və
rüsvayçılıq üçün oyanacaq. Ağıllı adamlar göy qübbəsinin
parıltısı kimi, çoxunu düz yola döndərənlər
isə ulduzlar kimi əbədi və daim parlayacaqlar".
Əski yəhudilikdə bütün insanlar pis
və yaxşı olmasından asılı olmayaraq
öldükdən sonra "Şeol" adlı bir yerə gedəcəklər.
Ölümdən sonra həyat bir az məzarda,
bir az da Yahvə (Tanrı), yaxud insanlarla münasibətdə
olmadan ölülərin bir kölgə kimi
varlıqlarını davam etdirəcəklərinə
inanılan ölülər aləmində, yəni Şeolda
keçəcəkdir. Tanahın əksinə,
Talmudda axirətin mahiyyəti haqqında müfəssəl məlumatlar
vardır.
Daha sonra yəhudilikdə axirət inancı mövzusu
inkişaf etmiş, yenidən dirilmə, əbədi həyat,
sorğu-sual inancları meydana çıxmışdır. Beləliklə,
yaxşı insanlar sınaqdan çıxdıqdan sonra Ədən
deyilən cənnətə gedəcəklər (Ədən -
babil dilində "bağça" mənasına gələn
Edinu, yaxud Adenu kəlməsindən törəmişdir).
Pislər isə cəhənnəmə gedib cəzalarını
çəkəcəklər. Cəhənnəm
kəlməsi ibrani dilində "Ge bne Hinnom" (Hinnom
oğullarının vadisi) kəliməsindən törəyib
öncə Gehenna, sonra isə indiki şəklini
almışdır. XII əsrə qədər
müəyyən bir inanc sisteminə sahib olmayan yəhudilər
Tövratı təfsir edən din alimlərinin sayəsində
İslam və Xristianlıqdakı kimi iman əsaslarını
mənimsəmişdirlər. Bu alimlərdən Rəbbi
Moşe ben Maymon (Musa b. Meymun: Maimonides: 1135-1204) yəhudilər
üçün bu on üç əsası toplamış və
bu əsasları əhatə edən inanc sistemi qəbul
edilmiş və bu günə qədər gəlib
çatmışdır.
Tam bir
imanla inanıram ki:
1.Allah
var olan hər şeyi yaratdı və onlara O hökm edir.
2. Allah
birdir və Ondan başqa tanrı yoxdur.
3. Allah
cismani deyildir və heç bir şəkildə təsvir edilə
bilməz.
4.
Allahın başlanğıcı yoxdur və sonu da
olmayacaqdır.
5.
İbadət yalnız Allaha məxsusdur. Ondan
başqa ibadətə layiq olan yoxdur.
6.
Peyğəmbərlərin bütün sözləri
doğrudur.
7. Cənabımız Musa peyğəmbərlərin ən
böyüyüdür.
8. Əlimizdə
olan Tövrat Allah tərəfindən Hz.Musaya verilənin
eynidir və dəyişdirilməmişdir.
9. Dinimiz
ilahi bir dindir və dəyişdirilə bilməz.
10. Allah
insanların bütün hərəkət və
düşüncələrini bilir.
11.Allah əmrlərini yerinə yetirənləri
mükafatlandırır, yetirməyənləri cəzalandırır.
12.Allah Məsihi (Maşiah) göndərəcəkdir
və gecikdiyi halda yenə gözləmək lazımdır.
13. Ruh
ölümsüzdür və Allah dilədiyi vaxt ölüləri
həyata qaytaracaqdır.
Musa ibn Meymuna görə bu əsaslardan birini qəbul
etməyən kəs kafir sayılır və yəhudi
toplumundan uzaqlaşdırılır.
İdris ABBASOV
525-ci qəzet. - 2013.- 5 dekabr.- S.6.
(Ardı var)