Yaşıllıq-sağlam həyatın təminatçısı
Doğma Azərbaycanımızın bütün
bölgələrini, demək
olar ki, qarış-qarış gəzmişəm. Hər dəfə
bir ekoloq-jurnalist kimi məni yol boyu yaşıllıqların
vəziyyəti düşündürür.
Sözsüz ki, təbiətə
həssas münasibət
təkcə peşəkarların
marağında deyil.
Sadə adamlar, təbiət həvəskarları
vəzifəsindən asılı
olmayaraq hər kəs flora və
faunamızın
zənginləşməsinə, qorunmasına sevinir, talan edilməsinə, dağılmasına narahatlıq
hissi keçirirlər.
KİV-in təqdim etdiyi
bir çox tərəfsiz, ədalətli
süjetlər ümumi
işimizə ancaq xeyir gətirmək missiyasını yerinə
yetirir. Paytaxtımızda,
şəhərimizdə, rayon mərkəzlərimizdə ekoloji
vəziyyətlə, xüsusilə
yaşıllıqla bağlı
yeniliklər və problemləri indi bütün vətəndaşlarımız
saf-çürük, mühakimə
və təhlil edir, süzgəcdən keçirirlər.
Dövlət başçımız cənab
İlham Əliyev təbiətimizə,
yaşıllığa ürəkdən
bağlıdır. Təsadüfi
deyil ki, Prezidentimiz hər bir ümumidövlət əhəmiyyətli tədbirdə
ekoloji problemləri ciddi
məsələ kimi önə çəkir, bu sahəyə rəhbərlik edənlərdən,
həmçinin bütün
icra strukturlarından ciddi məsuliyyət tələb
edir.
"Ekologiya ili", "Hərəyə
bir ağac əkək!", "Yaşıllıq
ayı" bir-birini tamamlayan çox nəcib və xeyirxah tədbirlərdir.
Belə ekoloji tədbirlərin sayı artdıqca ölkəmizin
iqtisadi qüdrəti və ekologiya arasında
çox mühüm tarazlıq yaranır. Bu tarazlığı qoruyub-saxlamaq,
onun təbliği ilə
məşğul olmaq
torpağını, vətənini
sevən hər bir vətəndaşın
borcudur. Son vaxtlar Bakıda ağacların qeyri-qanuni qırılması
dayanmış, ucqarlarda
bu iş ciddi şəkildə nəzarətə götürülmüşdür.
Rəhbərlərimiz haqlı olaraq
tələb edir ki, təbiətin qayğısına qalmaq prosesi kampaniya xarakteri daşımamalıdır.
Paytaxtımızdan ölkəmizin müxtəlif
istiqamətlərinə uzanan
magistrallar boyu ucalan ağaclar, bir-birini tamamlayan yaşıllıqlar yalnız
gözəllik üçün
deyil. Bu yaşıllıqlar sanki insanla yol yoldaşıdır.
Belə yaşıl tunellərlə
hərəkət etdikcə
darıxmırsan. Elə bil
ən müdrik ağsaqqal, ən yaxşı təbib sənin yol yoldaşındır, həmsöhbətindir.
Boz səhralar insanı darıxdırır, ancaq kol dibindən boylanan hürkək bir ana ceyran
bizə yeni ovqat bəxş edir. Sonda təbiəti bizimlə bir ailəyə çevirir. Burada insan
və təbiətin həmahəngliyi yaranır.
Bakı-Astara şosesinin Cəlilabad
-Astara hissəsində
yol boyu uzanan qiymətsiz yaşıllıq zolağına
etinasız baxmaq olarmı? Həm yayda, həm
qışda göz oxşayan, qəlbi və düşüncəni
zənginləşdirən "palıd məclisləri"
insan əməyinin bəhrəsidir. Bu nemətin dəyərini sözlə ölçmək
mümkün deyil.
Hər vaxtsız külək meyvə ağaclarını,
tərəvəz kollarını,
pardaqlanmış çiçəkləri
çırpanda, meyvələrini
yerə tökəndə
əkinçi
ürəkdən gələn
bir təəssüf hissi keçirər. Bu təəssüf süfrəmizə, sağlamlığımıza
dəyən zərərin
təəssüfüdür. Süfrəmizin bərəkətini özgə ölkələrdən
almaq bizə yaraşarmı?! Bunu
dəyərləndirə bilməyənlər
qoruyucu zolaqlara səhlənkar münasibət
bəsləyir. Bu, acı gülüş doğurur. Bəzən min əzab-əziyyətlə boya-başa çatdırılan
yaşıllıqlar bir
göz qırpımında
məhv edilir. Əvəzində isə yerli-yersiz
tikintilər peyda olur. Biz torpaqlarımızın
şoranlaşmasını, qeyri-məhsuldar olmasını
istəmiriksə, min zəhmət
hesabına yaradılmış
meşə zolaqlarını,
heç olmasa, mövcud tarlaqoruyucu
zolaqları qoruyub artırmalıyıq.
Ulu Öndər Heydər Əliyev demişdir:
"...Əgər kimsə
sağlam ağacı
kəsirsə, o, nəinki
xalqına, millətinə,
ölkəsinə xəyanət
edir, o, öz ailəsinə, özü-özünə
xəyanət edir..."
Bu sözlər hamımıza dahiyanə dəstəkdir, əyilməz
qüdrətdir. Vətənpərvərliyin əbədiyyətə uzanan sərt həqiqətidir.
Əziz
təbiətsevərlər, təbiətdə
harmoniya pozulanda etiraz elə birinci təbiətin özündən
başlanır. Meşələr seyrəlir, bulaqların gözü quruyur, torpaq erroziyaya uğrayır, sinəsi parça-parça olur, cığırlar qırılır,
ceyranlar seyrəlir, ağaclar yıxılır,
quşlar perikir, göllər dayazlaşır,
sonalar isə yox olur. Şəlalələr quruyur,
şaqraq musiqilər kasadlaşır, təbiətin
cılızlaşmasına dözə bilməyən
dağ çaylarının
ağ libaslı
gəlini - şəlalə
özünü qayadan
atır... Özünə qəsd edir,
insanlar ayılır.
Gözəlliyin faciəsi onları
silkələyir. Dünən adi
qəbul etdiyimiz, fərqinə varmadığımız
hadisələr bu gün bizi həyəcanlandırır.
Təbiət qayğı tələb
edir, insanlardan isti münasibət istəyir. O, bu qayğını elə insanların özünə
görə istəyir,
onlara qaytarmaq üçün istəyir...
Ağacı, yaşıllığı, meşəsi çox olan yaşayış məntəqələrindəki insanlar həmişə sağlam olur, çox yaşayır.
Yaşıllığı zəngin olan
yerlərdə uzun ömürlü insanlar çox olur. Yaşıllıq çox
olan yerdə vaxtsız
ölüm az müşahidə olunur. Meşə, yaşıllıqlar olmayan
yerdə çoxlu xəstəliklər hökmranlıq
edir. Meşəsiz yerlərdə insanlar
darıxır, insanların
dərdi artır.
İnsanları həm soyuqdan,
həm istidən, həm də küləkdən qoruyur meşələr. Ağacı
çox olan kəndin məzarı az olur
- deyiblər. Təbiət insanın köməyi sayəsində daha da gözəlləşir,
zənginləşir. İnsanlar təbiətin misilsiz nemətlərindən daim
istifadə edir. Dahi insanlar həmişə təbiətə, yaşıllıqlara,
meşələrə, bulaqlara,
çaylara, dənizlərə
təbabət sahəsi
kimi baxıblar. Təbiətin misilsiz nemətlərindən
daim istifadə edən insanlar təbiətə təbiət
kimi öz səxavət əlini həmişə uzatmalıdır.
Ana təbiətin keşiyində durmaq, təbii sərvətlərimizi
qorumaq hər bir Vətən övladının müqəddəs
borcudur. Təbiətin varlığı, təbiətin
saflığı, təbiətin
zənginliyi, insanların
sağlamlığı, firavanlığı,
dincliyidir, ekoloji tarazlığın qorunmasıdır.
Meşələr, yaşıllıqlar torpaq örtüyünün aşınmasının qarşısını alır. Onu təbii komponentlərlə zənginləşdirir. Bu gün bütün bəşəriyyət ekoloji problemlərlə üzləşir. Artıq dünyada baş verən dəhşətli ekoloji fəlakətlər insanların təbiətin qorunmasına, yeni-yeni yaşıllıqların salınmasına vadar edir, yeni-yeni ekoloji layihələr həyata keçirilir. Atmosferi çirkləndirən zəhərli maddələrin yandırılıb havaya buraxılmamasına çarə axtarılır. Burada böyük məhəbbətdən kiçik haşiyə çıxım. Doğma Qarabağımızın azad edilməsi hamımızın şərəf işidir. Hər kəs öz yerində, öz işində əsir Vətənimizi azad etməyə töhfəsini verməyi bacarmalıdır. Əgər komissiyalarımız, rəsmilərimiz Vətənə xidmət edən gənclə, xidmət etməyən gənci fərqləndirə bilirsə, mənim fikrimcə, bu elə Qarabağımıza xidmətdir. Bu haşiyə həm də onun üçündür ki, hər kəs- məmurdan tutmuş sıravi vətəndaşa qədər təbiətin, yaşllığın qədrini bilməli və öz hüdud və imkanları dairəsində onu qorumağı bacarmalıdır. Bir sıra rayonlarda, magistral yol kənarlarında yaşıllıqlar qayğı ilə qorunursa, bəzilərində bu diqqət zəifdir. Hətta bəzən bir rayonun daxilində bir bələdiyyənin ərazisində yaşıl zolaqlar göz oxşayır, onunla qonşu bələdiyyənin ərazisində isə yaşıl zonalar "qəm karvanı"na dönür. Bu ziddiyyət nədən doğur? Yəqin ki, həmin ərazinin kiçik məmurlarının işə münasibətindən. Burada yalnız məmurun yox, ziyalının, yerli ictimaiyyətin laqeydliyindən gileylənmək lazım gəlir.
Onu da fəxrlə deyə bilərəm ki, bu gün hələ sovet dönəmində Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə salınmış yaşıllıqlar və tarlaqoruyucu meşə zolaqları çox yerlərdə məsuliyyətlə qorunur. Lənkəran rayonunun Cil, Xarxatan, Şağlaser, Separadi, Vilvan kəndlərində yaşıllıqlar mühafizə edilir. Masallı və Astara rayonlarında da bunun canlı şahidi oluruq. Bu, əlbəttə, xeyirxah bir əməl kimi müsafirlərin diqqətini cəlb edir. Yerli ziyalılarımız da, ağsaqqallarımız da kəndin gözəlliklərinə xələl gətirə biləcək xoşagəlməz halların qarşısını almaqla bərabər, onun füsunkar təbiətini qorumaq, yaşıllıqlarını daha da artırmaq qayğısına qalırlar.
Hörmətli Prezidentimiz İlham Əliyevin dəyərli ekoloji tövsiyələri, imzaladığı sərəncamları respublikamızda ekoloji tarazlığın pozulmasının qarşısının alınması, ətraf mühitin və təbii sərvətlərimizin qorunub saxlanması kimi ümumbəşəri əhəmiyyətli işin təzahürüdür. Ekologiyamızda dönüş yaratmaq üçün dövlət başçımızın yorulmaz fəaliyyəti, uzaqgörən siyasəti hamımız üçün nümunədir. Qəlbən deməliyəm ki, bu nümunənin nəticəsini, bu dönüşün əhəmiyyətini təbiətimiz görür. Balaxanıda istifadəyə verilmiş nəhəng məişət tullantıları zavodu ətraf-mühitin mühafizəsinə əvəzsiz töhfədir. Qonşu dövlətlərlərdə belə qlobal əhəmiyyətli obyekt yoxdur.
Ölkə başçısının sərəncamlarına,
tövsiyələrinə vaxtında və
canıyananlıqla cavab verən Ekologiya və Təbii
Sərvətlər Nazirliyi ölkə əhalisinin
sağlamlığına, rahatlığına
hesablanmış tədbirlər kompleksi həyata
keçirir. Nazir
H.Bağırov bu tədbirlərin həyata
keçirilməsində şəxsən iştirak
edir. Son illərdə
müxtəlif yaşıllaşdırma tədbirlərində
nazirlik milyonlarla ağac və tingin əkilməsinə
nail olub. Doğrudan da, bu bir kampaniya
səciyyəsi daşıyan tədbir deyil.
Ölkəmizin hər yerində, hər fəslində ardıcıl olaraq həyata keçirilən
yaşıllaşdırma işləri yeni
texnoloji
proseslərə uyğun həyata keçirilir. Vətəndaşlarımızın
gözü qarşısında
reallaşdırılan işlər həcmcə hüdudsuzdur. Yaşıllaşdırma
işlərinin möhtəşəmliyini təsəvvür
etmək üçün bəzi
faktları canlandırmaq yerinə düşərdi: Qısa zaman ərzində 1556 hektarda yaşıllaşdırma işləri
aparılıb, 2172 hektarda müasir
damcılı suvarma sistemləri qurulub, 2 milyona qədər
müxtəlifcinsli ağac və kollar əkilib. Əkilmiş ağac
və kolların çox hissəsi
ölkədə yetişdirilmiş, bir qismi isə xaricdən
alınıb. Bakı- Qazax magistral yolunun
Atbulaq-Hacıqabul hissəsində (110 ha),
yerli ağac cinsləri
- Eldar şamı, sərv, tuya, göyrüş,
ağcaqayın, akasiya, iydə, nar, qarağac, xarici ağac cinsləri-zeytun,
arizona sərvi, sidr, palma əkilib. Hövsan -
Binə - Heydər Əliyev Beynəlxalq Hava
Limanı ətrafındakı ərazidə
196 ha yaşıllaşdırma işlərində
200 mindən çox ağac
və kol əkilib. Hövsan-Binə-Dədə
Qorqud qəsəbələrinin ərazilərində,
Bakı-Astara avtomobil yolunun
Ələt-Salyan hissəsində yüz hektarlarla ərazidə
ağac və kol əkilib.
Bakı-Şamaxı, Bakı-Quba magistral
yolları boyu görülmüş
yaşıllaşdırma işləri hamının gözü qabağındadır. Bu işlər sürətlə davam edir. Bəzi
faktları, rəqəmləri sadalamaqla
görülən və görülməkdə olan işlərin miqyası haqqında oxucularda müəyyən təsəvvür yaratmaq istədim. Bu,
görülən işləri qabartmaq məqsədilə
yox, onun əhəmiyyətini
dəyərləndirmək məqsədilə edilir.
Təsəvvür edin ki,
bir hektar meşə bir ildə 10-20 ton karbon qazı udur, o qədər də oksigen
buraxır. Bu, bir sutkada 5 min insanın qəbul
etdiyi oksigenin
miqdarına bərabərdir. Buna görə
yaşıllaşdırma bizdə sevinc və
nikbinlik doğurur. Ən
əsası odur ki, bu nikbinlik bütün
ölkə əhalisində hiss olunur. Sevinirik ki, ölkəmizin ekologiyası da onun sürətli iqtisadi addımlarından geri
qalmamaq üçün
ona layiqli dəstək
olmaq üçün
cəsarətli addımlar atır.
Bəxtiyar HÜSEYNOV
525-ci qəzet. - 2013.- 6 dekabr.- S.8.