Azərbaycan-Polşa elmi əlaqələrində yeni mərhələ

 

Azərbaycan Milli Elmlər Akademiyası ilə Polşa Respublikası Elmlər Akademiyası arasında qarşılıqlı əməkdaşlıq haqqında imzalanmış yeni protokol ölkələrəarası elmi əlaqələrin müasir inkişaf səviyyəsinin konkret əməli göstəricisidir.

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun mətbuat qrupundan bildirildiyinə görə, Varşava şəhərində keçirilən Azərbaycan Milli Elmlər Akademiyası ilə Polşa Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi elmi əlaqələrin inkişafında yeni mərhələnin ifadəsi olub. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin və Polşa EA-nın prezidenti, professor Mixal Kleyberin imzaladıqları əməkdaşlıq protokolunda qarşılıqlı elmi proqramların, birgə layihələrin həyata keçirilməsi, konkret sahələr üzrə, xüsusən də astrofizika, geologiya, şərqşünaslıq, türkologiya, arxeologiya istiqamətlərində birgə fəaliyyətin təmin edilməsi, beynəlxalq miqyaslı tədbirlərin hazırlanıb həyata keçirilməsi məsələləri öz əksini tapıb. Mərasimdə çıxış edən MEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan-Polşa elmi əlaqələrinin yenidən qurulmasının milli-mənəvi dəyərlər əsasında ölkəmizin Qərbyönümlü inkişafına və Avropanın Şərq tərəfdaşlığı proqramının uğurla həyata keçirilməsinə fayda verəcəyini bildirib. Polşa EA-nın prezidenti, professor Mixal Kleyber AMEA ilə əlaqələrin böyük perspektivə malik olduğunu nəzərə çarpdırıb.

Varşavadakı Saziş imzalanma mərasimində AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə və Polşa EA-nın prezidenti Mixal Kleyberə elmi əlaqələrin inkişafında uğurlu başlanğıca görə Azərbaycan Respublikası səfirliyinin təsis etdiyi fəxri medallar təqdim olunub. Akademiyalararası əməkdaşlıq müqaviləsinin imzalanması mərasimində Azərbaycan Respublikasının Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli iştirak ediblər.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Polşa EA-nın Astrofizika İnstitutunda və Geologiya İnstitutunda olub, həmin elmi qurumların rəhbərləri ilə qarşılıqlı əlaqələrə dair işgüzar söhbətlər aparıb. Geologiya İnstitutunun direktoru, professor Marek Levandovski elmi əlaqələrlə yanaşı stajirovkaların, birgə ekspedisiyaların təşkilində də maraqlı olduqlarını ifadə edib.

AMEA-nın nümayəndə heyəti Varşavada Azərbaycan səfirliyinin təşəbbüsü ilə keçirilən Azərbaycan-Polşa İkinci Beynəlxalq elmi konfransına da qatılıb. AMEA-nın prezidenti, akademik Akif Əlizadə Beynəlxalq elmi konfransda "Azərbaycan-Polşa elmi əlaqələri: keçmişdən gələcəyə, ənənədən müasirləşməyə" mövzusunda məruzə ilə çıxış eşidib. Böyük maraqla qarşılanan məruzədə elmi əlaqələrdə tarixi təcrübəyə yaradıcı yanaşma ilə müasirləşmənin sintezinin əhəmiyyəti, o cümlədən Azərbaycan-Polşa elmi münasibətlərində yeni epoxanın yaratdığı imkanların dəyərləndirilməsi zərurəti diqqət mərkəzinə çəkilib.

Beynəlxalq elmi konfransda Krakov Akademiyası Mədəniyyətşünaslıq İnstitutunun əməkdaşı Yanuş Smoluxanın "Uzun Həsən və Kazimir Yagellonçik: Polşa ilə Azərbaycan arasında ilk diplomatik əlaqələrin yaranması" məruzəsində ölkələrimizin hələ 541 il bundan əvvəl rəsmi şəkildə əlaqələr qurduğu aşkar olunmuş arxiv materialları ilə əsaslandırılıb.

Varşava Universiteti Türkologiya İnstitutunun direktoru, doktor Aqata Bareya-Stajinskanın  "Türkologiya elmi yeni mərhələdə", Qdansk Universitetinin əməkdaşı Andrey Xodubskinin "Polşa-Azərbaycan əlaqələrinin əsas inkişaf meylləri", Kopernik adına Torun Universitetindən Aqneska Bricin "Polşa-Rusiya münasibətlərində Azərbaycan" və digər məruzələrdə tarixi ənənələrdən və müasir inkişafdan geniş söz açılıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin "Azərbaycan-Polşa əlaqələrində ədəbiyyat məsələləri", Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının "IX-X əsrlər ərəb mənbələri və erkən orta əsr Azərbaycanının tarixi-siyasi coğrafiya məsələləri", Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimovanın "Arxeologiya və etnoqrafiya elmi müasir mərhələdə", Bakı Slavyan Universitetindən Məlahət Mustafayevanın "Azərbaycan və polyak dillərinin taleyində tarixi oxşarlıqlar", Ziyafət Qasımovanın "Müstəqillik dövründə Azərbaycanda dil və əlifba məsələləri", Varşava Universitetindən Şəhla Kazımovanın "Nizami Gəncəvinin "Xəmsə"sinə çəkilmiş illüstrasiyalar" və başqa məruzələr beynəlxalq elmi konfransın iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Ölkəmizin Polşa Respublikasındakı səfiri Həsən Həsənov Azərbaycan-Polşa əlaqələrinə həsr olunan beynəlxalq elmi konfransın hər il keçiriləcəyi və materialların çap olunacağı barədə məlumat verib. Artıq Birinci Beynəlxalq Varşava konfransının materialları çap olunub.

Varşava Universitetinin konsert salonunda beynəlxalq konfransın iştirakçılarının şərəfinə Azərbaycan və Polşa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim edilib.

 

VƏFA

525-ci qəzet. - 2013.- 6 dekabr.- S.7.