Din elmlərinin məzmun və mahiyyətinə
müfəssəl baxış
(davamı)
Yəhudilər
ibadətlərini "sinaqoq"larda (Bet ha Kneset) icra edirlər.
Sinaqoq Qüdsdəki Məbədin
dağıdılmasından sonra yəhudilərin ibadət
üçün istifadə etdikləri tikililərə verilən
addır. Onlara
"havra" da deyilir. Sinaqoqlarda yəhudilərin dini və
milli simvollarından biri olan yeddi qollu şamdan (menora)
vardır. Onların digər simvolu Kral Davidin möhürü
kimi qəbul edilən iki üçbucaqdan düzəlmiş
"Magen David" deyilən altı guşəli bir ulduzdur.
İbadət
əsnasında ən önəmli an Tövrat
rulolarının boğçalardan çıxarılması
və haham tərəfindən oxunmasıdır. Sinaqoqda yəhudilər
səsli bir şəkildə Tövrat parçalarını
oxuyurlar. Oxunan ilahilər ibrani dilindədir. Qadınlar ibadətə
qatılmaz, yalnız başı örtülü şəkildə
ibadətə tamaşa edərlər. Yəhudilər dinlərinə
bağlılığı və imanlarını Şəma
İsrael Duası ilə açıqlayırlar: "Dinlə,
İsrail, O, bizim Tanrımızdır, O təkdir; Onun
üçün sev Onu, Sənin Tanrını, bütün qəlbinlə,
bütün canınla, bütün gücünlə..."
Çox uzun olan bu duanı yəhudilər beşikdən qəbrədək
daim təkrar edərlər. Gündəlik ibadət səhər,
günorta və axşam yerinə yetirilir. Həftəlik ibadət
şənbə günü sinaqoqda edilir. Sinaqoqda ibadət etmək
yalnız yetkinlik çağına çatmış (on
üç yaş) ən az on nəfərlə icra edilir.
Başıaçıq sinaqoqa girmək oranın müqəddəsliyinə və Tanrıya hörmətsizlik
kimi qəbul edilir.
Yəhudilikdə
uşaq səkkizinci gün sünnət edilir. Sünnətə
uyğun ayinlər icra olunur. Sünnət olunan
uşağı tutan kəsə kirvə mənasına gələn
"sandek" deyilir. Uşaq sünnət edilərkən ailəsi
beşiyin başına toplaşır, beşiyə bir
Tövrat rulonu, mürəkkəb və qələm qoyulur və
uşağın bir Tövrat xəttatı olması diləyi
göstərilir. Tövratı öyrənməsi və
qoruması üçün dua edilir. Yəhudilər
uşaqlarına məktəbə başlamazdan əvvəl
bir səhər, bir də axşam dualarını öyrədirlər.
6-7 yaşında uşağa dini təhsil verilir. 12
yaşından etibarən uşaq sinaqoqa getməyə, oruc
tutmağa və digər ibadətləri yerinə yetirməyə
başlayır. Yəhudilikdə evlənmə dini bir
hökmdür. Başqa din mənsubları ilə evlənməyə
icazə verilmir. Belə bir evlənmə olarsa doğulacaq
uşağın yəhudi dini qaydaları əsasında tərbiyə
edilməsi şərt qoyulur. Yəhudilikdə dini bayramlar
olduqca çoxdur. Bunların ən önəmlisi
aşağıdakılardan
ibarətdir: 1. Roş ha Şana: Yəhudi təqvimində
ilbaşıdır. İslamda olduğu kimi yəhudilikdə də
dini təqvim Günəşə deyil, Aya görə müəyyən
edilir. Roş ha Şana tişri (sentyabr-oktyabr) ayının
birində başlayıb iki gün davam edər. Yəhudi
inancına görə Roş ha Şana kainatın və
insanın qədərinin yenidən yaradılmasını ifadə
edir. Yəhudilər bu iki günü ibadət və tövbə
ilə dəyərləndirməyə çalışar. 2.
Yom Kippur: Roş ha Şananın ilk günündən etibarən
davam edən on günlük tövbə zamanının
sonundakı kəffarə (günahları örtmə)
günüdür. Həmin gün oruc tutulur, axşama qədər
ibadət edilir. 3. Pesah (Fısıh): Misirdən
çıxışı xatırladan, aprel ayının on
beşində başlayan və səkkiz gün davam edən
dini "hac" bayramıdır. Bu bayram müddəti maya
vurulmuş heç nə yeyilmir. 4. Şavuot: Həftələr
bayramı, yaxud On Əmrin verilməsi bayramıdır. İki
gündür. 5. Sukkot: Çadırlar bayramıdır. Yəhudilərin
Misirdən çıxdıqdan sonra çöldə
çadırlarda qalmalarını xatırladır. Yeddi
gündür. 6. Simha Tora: Tövratın xətm
bayramıdır. Hər il bir dəfə Tövrat oxunub
başa çıxılır və sonunda bayram edilir. (Yəhudilərdə hər kəsin
bir Tövratı vardır. Tövrata sayğı hər
şeydən əvvəldir. Tövrat yerə düşərsə,
orada olanların otuz gün oruc tutması vacib olur). Dini və əyləncəli
bir bayramdır. 7. Purim: Şəkər bayramıdır. Buraya
qədər sadalananlar yəhudilərin dini bayramları ikən
Purim və Xanuka milli bayramlardır. Purim Qüdsdə bir, digər
yerlərdə iki gün davam edər. Bu bayram yəhudilərin
İranda Əstər adlı yəhudi qızının sayəsində
kütləvi qırğından qurtarmalarını
xatırladır. 8. Xanuka: Qəndil bayramıdır. İbrani
dilində "açılış, qeyd etmə"
anlamına gəlir. Suriya kralı Antiyokusa qarşı yəhudilərin
qələbəsini xatırladır. Səkkiz gün davam
edir.
XRİSTİANLIQ
Bu gün
dünya əhalisinin 2 milyarda yaxınının mənsub
olduğu xristianlıq katolik, ortodoks və protestant kilsələrindən
təşəkkül tapmış üç böyük məzhəb
və bir çox kiçik məzhəb, yaxud təriqətdən
meydana gələn müxtəlif qruplara
ayrılımış vəziyyətdədir. Doktrinal
qaynaqlarına nəzər yetirdikdə aydın olur ki,
xristianlıq, hər şeydən əvvəl, İsa Məsih
anlayışı üzərində qurulmuş bir inanc
sistemidir. Başlıca fikri "Əhdi-Cədid"də
ifadə olunan bu inanca görə, İsa Məsih həm
tanrının oğlu, həm də insanlığın
xilaskarıdır. Tanrı bəşəriyyəti
günahdan qurtarmaq üçün "yeganə"
oğlunu yer üzünə göndərmişdir. İsa Məsih
insanlığı xilas etmənin simvolu kimi əvvəlcə
çarmıxa çəkilmiş, sonra isə dirilərək
Atanın yanındakı yerini tutmuşdur. Xristian
inancının mərkəzində dayanan bu doktrina xristian
teologiyası daxilində işlənərək müxtəlif
görüşlərin ortaya çıxmasına səbəb
olmuşdur. Bununla yanaşı Hz.İsa və onun gətirdiyi
mesaja inanma bütün xristianları bir-birinə bağlayan
ortaq bağdır. İslam ədəbiyyatında xristianlara
"nasrani" (cəmdə "nasara"), "məsihi"
(cəmdə "məsihiyyun") və isəvi,
xristianlığa isə "nasraniyyə" və "məsihiyyə"
deyilmişdir. Qurani-Kərimdə xristianları ifadə edən
və on dörd yerdə keçən "nasara" kəlməsinin
mənşəyi və mənaları haqqında müxtəlif
şərhlər vardır. Kəlmənin Hz.İsanın
yardım istəyinə həvarilərin müsbət cavab
vermələrinə görə
"kömək etmək" anlamındakı
"nasr" kökündən törədiyi, yaxud
Hz.İsanın məmləkəti olan Nasıra (Nazareth) şəhərinə
nisbət edildiyi bildirilir. İncildə xristian (christianos)
adı Rəsulların İşləri və Petrusun Birinci Məktubunda
olmaqla yalnız üç yerdə keçir. Korintoslulara
İkinci Məktubda isə qapalı bir istinad vardır. Əhdi-Cədiddə
kəlmə yunanca "Xristos tərəfdarı"
mənasında "Christianos" şəklində
keçmişdir. Christos ibrani dilində "müqəddəs,
yağ sürtülmüş, yağlanmış"
anlamına gələn "Maşiah" sözünün
yunanca tərcüməsi olub latın dilinə
"Christus", qərb dillərinə "Christ" olaraq
keçmişdir. "Christianos" kəlməsi yunanca
"christos" və latınca "ianos" kökündən
düzəlmişdir. Romalılar və gentilələr (yəhudi
olmayan millətlər) yunan dilində "yaxşılıq,
doğruluq, comərdlik" anlamına gələn
"chrestos"la "christos"u
qarışdırmış, yaxud bir-birinin yerinə işlətmişdirlər.
Çünki ellinistik yunancada "e" və "i"
"ee" şəklində tələffüz edilir və
tez-tez qarışdırılırdı. "Xristian" kəlməsinin
"Məsih tərəfdarları" anlamında I əsrin
sonuna doğru işlədilməyə
başlandığını söyləmək
mümkündür. Hz.İsa dövründə isə bu yeni
din mənsublarının özləri üçün
işlətdikləri kəlmələr bu şəkildə
sadalana bilər: 1. "Şagirdlər" (yunanca
"mathates", ibranicə "talmid", latınca
"discipulus"). Talmid "hər hansı bir lider, yaxud hərəkata
bağlı olan kəslər"mənasında da işlədilir.
2. "Qardaşlar" (yun. Adelfoi, ibranicə ahut). Fərd
olaraq "xristian qardaş"ı ifadə edir . 3."Əzizlər",
yaxud "Müqəddəslər" (yunanca "hagios, ieros,
semnos", ibranicə "qds"). Bu termin eyni ilə yəhudilikdən
alınmışdır. İnsanların Tanrı ilə əhd-peymanını
ifadə edir. Pavlus gentilə (yəhudi olmayan) mənşəli
mühtədiləri (doğru yolda olanları) belə
adlandırır. Müqəddəslər ibarəsi Qüds
camaatına ünvanlanmış kimi də görünür.
4. "İnananlar" (yun. pistis, ibr. əmun). Dini inanc, yaxud əxlaqi
fəzilətə sahib olanları ifadə edir. 5.
"Seçilmişlər" (yun. eklektoi, ibr. bhr). Nadir
hallarda işlənərək apokaliptik (vəhy, peyğəmbərlik)
mahiyyət kəsb edir. 6.
"Çağırılmışlar" (yun. kaletoi, ibr.
kara). Bu söz qrup üzvlərinin adlandırılmasında
işlədilmişdir. 7. "Kilsə" (yun.eqqlesia, ibr.
kahal). Bu termin birinci əsrdən sonra genişlik qazanaraq
bütöv bir qrupu ifadə edir. 8. "Fəqirlər"
(yun.patokoi, ibr. eviyon). Yəhudi mənşəli ilk xristianlara
verilən addır. 9. "Dost" (yun. fidoi, ibr. rea, axav). 10.
"Nasıralılar". Tək halda Yeni Əhddə bir
neçə yerdə xatırlanan bu söz cəm halda
yalnız bir yerdə xristianları ifadə etməkdədir.
11. "Cəliləlilər". Yəhudi olmayanlar tərəfindən
işlədilir. Xristianların Cəlilədən gələn
həvarilər olduğu söylənilir.
Xristianlığın meydana gəldiyi Fələstin
miladdan öncə I əsrdən etibarən sürətli
şəkildə ellin mədəniyyətini qəbul etməyə
başlamışdır. Amma bu ellinləşməyi sadəcə
bir yunanlaşma kimi başa düşmək olmaz. Çünki ellin mədəniyyəti
Anadoludan Hindistana qədər uzanan geniş coğrafiyanın
bir sintezidir. Bu dövrdə yəhudilik istər ibadət
forması, istərsə də inanc müxtəlifliyi cəhətdən
ellin sinkretizminin gətirdiyi bütün təsirləri əks
etdirir. İsadan öncəki I əsr yəhudiliyi bu təsirləri
geniş bir məzhəblər prizmasında əks
etdirmişdir. Xristianlıqdan öncəki İsrail oğullarının
mənsub olduqları bu məzhəblər yəhudilik
üçün olduğu qədər həmin məzhəblər
arasından meydana gələn və inkişaf edən
xristianlıq üçün də önəmlidir. Bu məzhəblər
aşağıdakılardır: fərisilik; saduqilik; zealot;
herodçular. Sözügedən bu məzhəblər
haqqında əvvəldə məlumat verilmişdir. Bunlardan
herodçular Roma idarəçiliyini dəstəkləyən
və Herodun krallığını müdafiə edən
bürokratik qruplardır. Dini olmaqdan daha çox siyasi bir hərəkatı
təmsil edən herodçular yəhudiliklə ellin mədəniyyətini
qovuşdurmağı özlərinə hədəf
etmişdirlər. Bütün təsirlərə baxmayaraq ilk
xristianlıq Hz.İsanı əsas tutaraq bu məzhəblərin
xaricində bir inanc sistemi formalaşdırmışdır.
Xristianlığın
meydana gəldiyi coğrafiyada yəhudilikdən başqa
bir-biri ilə əlaqəli dörd mədəniyyət modeli
mövcud idi: Yunan, Roma, Ellin və Paqan (politeist = çox
tanrılı). Bu mədəniyyətlər
xristianlığın yayıldığı coğrafiyada
yaşayırdı. Bölgədə bir mədəniyyət
qurmuş yunan mədəniyyətinin təməl hakimiyyəti
fəlsəfə sahəsində özünü göstərirdi.
Miladdan öncə I əsrdən etibarən Yeni Əflatunçu
fəlsəfənin çatısı altında birləşmiş
aristotelçi, stoaçı, epikürçü və
skeptik (obyektiv varlığın insan tərəfindən dərk
edilə bilməsini inkar edən idealist fəlsəfi cərəyan)
düşüncələr bütün yunan həyatını
təsiri altında saxlayırdı. Bəzi xristian təlimlərinin
dürüst ifadə edilməsində bu fəlsəfələrin
böyük təsiri olmuşdur. Eyni dönəmdə
bölgəni siyasi cəhətdən hakimiyyəti altında
saxlayan Roma İmperatorluğunun dini və fəlsəfi
baxımdan bu coğrafiya üzərində təsirli rol
oynadığı söylənə bilməz. Ənənəvi
Roma dini ümumiyə aid bir kult mahiyyətində idi və
şəxsi keyfiyyətlərdən məhrum idi. Roma idarə
başçıları imperatoru tanrılaşdıran
ümumbəşəri bir din qurmaq istəsələr də,
buna nail ola bilməmişdirlər, amma digər dinlərə
qarşı daim tolerantlıq nümayiş etdirmişdirlər.
Yunan, Roma, Paqan və Şərq kultlarının sintezindən
əmələ gələn Ellin mədəniyyətinin ən
açıq izi sənətdə və dini sahədə
müşahidə olunur. Ellinizm dini Attis, Qibələ, Mithra
kimi Şərq və Orta Şərq qaynaqlı ilahlar ətrafında
əmələ gəlmiş mistik bir quruluşa sahibdir. Bu
dinlərin təməl inanclarından olan ölən və
yenidən dirilən tanrılar vasitəsilə qurtuluş təlimi
xristianlıqdakı bəzi qavramlara təsir etmişdir. Attis
və Qibələ ilə bağlı inanclar başlıca
olaraq böyük nisbətdə paqan qruplarına aiddir. Bununla
yanaşı ellin mədəniyyətinin təsiri ilə paqan
dini sistemləri qnostik bir xarakterə
bürünmüşdür.
İdris ABBASOV
525-ci qəzet.- 2013.- 6
dekabr.- S. 6.
(Ardı var)