Qoca macgəl
hekayə
Qoca macgəlin fikri-zikri qızdırmanın içində
qoyub gəldiyi xəstə nəvəsinin yanındaydı. Şahin
yorğan-döşəyə düşəndən
kişinin yediyi, içdiyi də zəhərə
dönmüşdü. İşə-gücə
də əli yatmırdı. Bu gün də elə-belə
birtəhər... Ambıla qoşulan boz
öküz də ki, siftə günlər xamlıq elədiyindən,
səhərdən-axşamacan kotanın dəstəyindən
yapışan Mürşüd kişini təbdən
çıxardırdı. O, heyvanın
sağrısına neçə kərə daş-kəsək
ilişdirsə də, boz öküzə öhd olmurdu. Elə bildiyi biləsindəydi. On
addım getməmiş tərsliyi tutur, fınxırıb boyunduru
gün altında sağa-sola eşilir, fırlamış
boynunu samıdan çıxartmaq üçün min pəstah
törədirdi. Qoca boz öküzün
şıltaqlığından cana
doymuşdu. O, hərdən deyinirdi:
– Həə,
elə bilirsən, həmişə səllimə gəzib-dolanmalısan?!
Gecə-gündüz Böyük düzün göy otundan
yeyib səmridiyin bəsdi! Day dana vaxtın
keçib! İndi get canın çıxsın, gir
boyunduruğun altına, o birilərindən artıqsan?!
Torpaq xam,
öküz xam, macgəl qoca.Yaşı səksəni haqlayan
Mürşüd kişi bu gün yorulub,
heydən-hərəkətdən düşmüşdü. Qocanın başqa yolu yox idi. Cahıl-cuhul
müharibəyə getmişdi. Kənd
qocaların ümidinə qalmışdı. Odur ki, bu ahıl çağında evdə
bekar-behtin oturmağı özünə
sığışdırmırdı. Deyirdi
ki, nə qədər canım suludu gərək bir işin
qulpundan yapışam. At ölüncə
otluyar. Ömrümün axırınacan əlləşib-vuruşmalıyam.
Harada qırıla-qırıla.
Mürşüd ahıllaşsa da, işdən
qamaşıb çəkinən deyildi. Söz-söhbət
düşəndə sinəsini irəli verib deyirdi ki, bekar
dayananda taqətsizləşirəm. Amma
işləyəndə quş kimi oluram. Elə
bil cavanlaşıram. Evdə qalsam, ölərəm.
Havayı yerə deməyiblər ki, iş
insanın cövhəridir. Dəmir dəmirdi, o da işlənməsə
pas atar...
Mürşüd kişinin dərdi başqaydı. Onun qəddini
əyən, gözünü nurdan, dizini taqətdən salan
oğlunun biqeyrətçiliyi idi. Yönlülərini
dava meydanına yola saldı. Onda heç uf
da demədi. Olacağa çarə
yoxmuş. Hamısının da bircə
ilin içində dalbadal qara kağızı gəldi. Allah-taala heç kafir bəndəyə göstərməsin.
Onda Mürşüd kişi içərisində
nə çəkdi, onu bir özü bildi, bir də ki,
göydəki Allahı. Amma daxilində
yanıb-qovrulsa da, üzdə özünü
sındırmırdı. Deyirdi ki, elnən
gələn qara gün toy-bayramdır. Xalxınkı
necə, mənimki də elə. Şükür
ilahinin məsləhətinə. Özü
vermişdi, özü də aldı. Yəqin
bizimkilərin də yazısı belə imiş.
Mürşüd
kişi o üçünün dərdinə
birtəhər dözürdü. Onun belini bükən
evdəkiydi. Ortancıl oğlu Poladxan.
Çiçək keçirəndə sağ
gözünə gül düşdüyündən vayenkom əlinə
“niqodnı” kağızı verib rayon mərkəzindən
geri qaytarmışdı. Sədrlə
partkom da onun üç qardaşının müharibədə
həlak olduğunu, atasının
ahıllığını mülahizə eləyib
anbarların açarlarını qomuynan vermişdilər
Poladxana. Üç kəndin
taxılı, mer-meyvəsi, yağ-pendiri onun əlindəydi.
Hər çəkidə çox yox, yarımca kilo vursa,
gör hara çıxır... Di gəl ki,
Poladxan əlinə gələnlə evi dolandırmaq,
qardaşlarının başsız qalan yetim-yesirini ovutmaq əvəzinə
ayrı yola düşmüşdü. Qoca
atasını, gül kimi abırlı-ismətli
arvadını, iki tifilini atıb uymuşdu
yaxınlıqdakı dəmiryolu restoranında aşpaz
köməkçisi işləyən, gonbul arvadın
üçünə gedib çıxmış telefonçu
qızına. Qazandıqlarını nə
qardaşlarının ac-yalavac yetimlərinə, nə də
ki, evdəkilərə göstərirdi. Ordan-burdan
çal-çap elədiyini aşpaz köməkçisinin o
telefonçu qızı Müşkünaza yedizdirirdi. Müşkünaz da ki, nə Müşkünaz.
Elə bil İsa yeyib, Musa təpib. O qədər
şişib ki, dərisinə də
sığışmır. Yeriyində yer
tapbıldayırdı. Gündə də əyninə
bir allı-güllü çiçə geyinib
özünü ona-buna göstərirdi.
Poladxandan qabaq bu evə kolxozun hesabdarı ayaq
açmışdı. Poladxan hesabdarın pay-pülüş
daşıyanıydı. Hesabdarın
Müşkünaz üçün ordan-burdan tapıb
aldığı matah şeyləri xəlvətcə
Poladxanla göndərirdi. Çünki
Poladxanı ağzı bütöv bilib, ona etibar eləyirdi.
Poladxan da şad olurdu ki, hesabdar sirrini,
sözünü bircə ona açıb deyir. Müşkünazla olan söz-söhbətini
Poladxandan gizlətmirdi. Ancaq yerin də qulağı var,
bu iş nə qədər gizlin saxlansa da, kənddə
danışılırdı. Uşaqdan-böyüyə
hamı bilirdi ki, Müşkünaz hesabdarın
saxlamasıdı. Kənddə bunu bilsələr
də, açıb-ağardan yox idi. Bir də
ki, kimin nə işinə qalmışdı. Elə hərənin öz dərdi, özünə
bəs idi.
lll
Vaxt gəldi, qarlı bir gündə hesabdarı əsgər
apardılar. Aradan bircə həftə keçməmiş bu dəfə
söz gəzdi ki, Müşkünaz indi də Poladxanla
qonuşub. Vağzal camaatı arasında
Müşkünazı tanımayan yox idi. Eşidib-bilən
bəzi kənd arvadları orda-burda
xısınlaşırdılar ki, Müşkünaz Poladxana
nə əməl eləyibsə, gədə o ciyəri
yanmışın torundan qurtara bilmir. Ev-eşiyindən,
arvad-uşağından birdəfəlik üz döndərmişdi.
Ağsaqqal, qarasaqqallardan başqa, onun özcə
tay-tuşları da neçə dəfə Poladxanı
qırağa çəkib demişdilər:
– Ə,
Poladxan, özünü el içində rüsvay elədiyin
bəsdi! Utan! Qızar əə! Dədən
Mürşüdün bir ayağı burdadı, bir
ayağı gorda. Anam-bacım olsun gül kimi külfətin,
o cür balaların var. Lənət şeytana de, daşı ətəyindən
tök! Ə, kişiliyin olsun, o
yüzünün artığında nə görmüsən?!
Daha sarsaqladığın bəsdir. Nə qədər gec deyil tövbə elə,
qayıt. Bu işin axır, aqibəti yaxşı
olmaz...
Nə olsun?! Elə bil bu sözləri daşa deyirdin.
Poladxan hamısını bu qulağından
alıb, o qulağına verirdi. Bir az
da bərkini tutub, dərinə gedəndə Poladxan adamın
üzünə cocuyub utanmaz-utanmaz deyirdi:
–
Özüm bilərəm, mənə ağıl öyrətməyin!
Müvəqqəti həyatdı.
Yaşamaq lazımdı!
Bu dərdə
dağ da dözməzdi ki, Mürşüd kişi
dözüb tab gətirirdi. Dözürdü deyəndə o
boyda kişi fikirdən gün-gündən
əriyirdi. Oğlunun binamusçuluğu onun
belini əymişdi. Xəcalətindən
camaatın arasına çıxa bilmirdi. Hamıdan gen
qaçırdı. Səhərin gözü
açılanda evdən çıxıb kolxozun işinə
gedir, toran çalanda evə qayıdırdı. Çalışırdı ki, Qarakollu
camaatının gözünə görünməsin. Çünki qabaqlar kənddə onun bir sözü
iki deyildi. Oğul evləndirən, qız
köçürən birinci ona gənəşirdi.
Mürşüd kişi gedən yerdə
qan bağlanırdı. Poladxan məsələsindən
sonra gözdən, nəzərdən
düşmüşdü. Hamıya
gülünc yeri olmuşdu. Bir dəfə
başını aşağı salıb, dinməz-söyləməz
yoluynan getdiyi yerdə biri rişxəndlə onun arxasınca:
–
Müşkünazın qayınatasıdı də – deyib,
sonra pıqqıldayıb gülmüşdü. Bu söz Mürşüd kişiyə yaman yer eləmişdi.
Onda kişi hirsindən neçə
gün özünə gələ bilmədi.
lll
Qoca evin qənşərində ayaq saxlayıb, bir
gözündə bardaq, bir gözündə quru çörək
olan balaca heybəsini çiynindən aşırıb
bulağın qırağındakı daşın
üstünə qoydu. İki ovuc su götürüb
üzünə vurdu. Enli kürəyini
mamırlı daşa söykəyib, dincini ala-ala min cürə
fikrə düşdü. Qayğılı
baxışlarında acı bir kədər dolaşdı.
Boz öküzün ona verdiyi əzab-əziyyəti
də, bugünkü yorğunluğunu da unutmuşdu.
Dağdan ağır kişi sağalmaz dərdə
düçar olmuşdu. Əli ilə tikib,
üstünü torpaqladığı doğma koması da ona
qəm-qüssə yuvası kimi görünürdü.
Əlacı olsa, bu evə heç üz
çevirməzdi. Baş
götürüb uzaq bir məmləkətə gedərdi ki,
onnan bir inni-cinni xəbər tutmasın. Qocanın
yorğun gözləri məchul bir nöqtəyə dikildi.
Daxilən taleyindən şikayətləndi: “İlahi,
günahım nədir?! Bu boynuna ip tutduğum
oğlumun hərəkəti, elin tənəsi azıdı ki,
evdəki tifilin dərdi də bir yandan üstünə gəldi?!”
Qoca heybəsini çiyninə atıb
könülsüz-könülsüz evinə tərəf
yönəldi.
Elə bil evə yox, biyara gedirdi. Ala Qaplan
onun hənirtisini alan kimi çəpərdən
tullanıb sahibinin qabağına yüyürdü. Onun qıçına sarmaşdı,
ayağının altına sərildi. Qırmızı
və enli dilinin ucu ilə Mürşüdün camış
gönündən tikdirdiyi yamaqlı çarığını
yaladı. Qoca ərklə itə çəmkirdi.
İt quyruğunu qısıb bir az geri çəkildi. Yenə də qocanın qabağında oynayıb,
bir neçə dəfə dövrə vurdu və
yolağının ağzında şöngüyüb,
sahibinə tərəf qulaqlarını şəklədi.
Sanki hiss eləmişdi ki, qocanın halı özündə
deyil. Qaplan onun dərdinə qalırmış
kimi bir neçə dəfə zingildədi. Torpağa sinib sahibinə doğru süründü.
Qocanın fikri-zikri başqaydı. İtin bu hərəkətinə əsla məhəl
qoymurdu. Həmişəki kimi heybəsindən
bir-iki tikə quruca çörək də
çıxardıb ona atmadı.
Qoca həyətə daxil olanda bir əli ilə təzə
banlayan çil beçənin qanadlarından bərk-bərk
yapışmış və o biri əlində iti
bıçaq olan gəlini ilə qabaqlaşdı. Gəlin ismətli
üzünü yana çevirdi və xəfif
bir pıçıltı ilə:
– Kəsdirib,
uşağa duru sup elətdirmək istəyirəm – dedi.
– Şahinin halı necədir, heç dünənkiynən
bugünkü arasında fərq-zad varmı? –qoca
soruşdu.
Gəlin ağır-ağır başını
buladı və doluxsundu. Gözünün bulağından
süzülən yaş avazımış sifətini
islatdı. Nəmli gözləri ilə məzlum-məzlum
qayınatasını süzdü:
– Həkim
yazdığı dərmanların hamısını
vermişəm, – dedi. – Xeyri olmur. Bu gün
dilinin altından su da keçməyib.
Qoca ömründə bircə dəfə də olsun əlinə
bıçaq alıb heyvan başı kəsməmişdi. Deyirdi ki, əli
qana bulamaqdan pis şey yoxdur. Onun bu xasiyyətini
kənddə hamı bilirdi. Odur ki, gəlin
yaylığının ucu ilə gözünün
qorasını silib əlindəki beçəni kəsdirmək
üçün qonum-qonşuya üz tutdu.
Qoca dəhlizə yönəldi. Heybəsini
üstünə zolaq-zolaq qəzil palaz çəkilmiş qədimdənqalma
köhnə taxtın başına keçirib içəri
addadı. Otaqların kəsif havasından
turşumuş ağartı qoxusu gəlirdi. Çatmadan asılan boş nehrə, baş tərəfdəki
mis qazanlar, küncdəki su dolu səhəng sanki sükuta
dalmışdı. Həmişə
küllüyün başında dayanıb səbirsizliklə
babasının yolunu gözləyən və
yüyürüb onun qucağına atılan Şahinin də
hənirtisi gəlmirdi. “Yəqin huşa
gedib” – qoca düşündü. Və
Şahinin yatdığı yan otağın
qapısını ehtiyatla açıb içəri daxil
oldu. Şahin qalın yorğanın
altında, qan-tər içində yuxuya getmişdi. Babanın təqsirkar baxışları nəvənin
yuxulu gözlərində, təpimiş dodaqlarında,
payız yarpağı kimi saralıb-solmuş bənizində,
sinəsində çarpazlanan totuq əllərində,
alnına tökülən qıvrım saçlarında
donub qalmışdı. –
“Gözünü açsa, nə deyim?! Axı,
ona neçənci dəfədir söz verirəm. Bivec oğulun vayına oturum. Məni uşağın
yanında xar elədi “ – baba fikirləşdi.
Sonra əlini yan cibinə salıb köhnə,
yırtıq əl dəsmalını çıxartdı.
Şahinin alnında şeh damcıları kimi
puçurlanan soyuq təri sildi. Nəvə
diksinib gözlərini açdı. Babasını
görəndə solğun çöhrəsi duruldu.
İstədi dikəlib həmişəki kimi yenə də
onun boynuna sarılsın, üzünü babasının
nurani sifətinə söykəsin, sinəsinə sallanan ağ, topa saqqalını sığallasın.
Ancaq taqəti olmadı. Baba
qəddini əyib onun alnından, əlindən öpdü,
isti nəfəsini qoxuladı, Nəvənin halsız
baxışlarında təbəssüm işıldadı.
Bu işıltı sönməkdə olan
şamın zəif ziyası kimi tez də yox oldu. Şahin uzun kirpiklərini aralayıb əriyib
çuxura düşmüş gözləriylə babanın
nimdaş geyim-keciminə, ona doğma olan nurani sir-sifətinə,
alnının çalın-çarpaz
qırışlarına, qırağının tükü
getmiş köhnə buxarı papağına riqqətlə nəzər
saldı. Kövrəldi, gözləri
alacalandı. Bir-birinə yapışan dodaqlarını
güclə aralayıb həzin bir səslə:
– Baabaa!
Ay, baba! – azaylandı.
– Hay can, nədi, mənim Şahinim?! – baba cavab verdi.
–
Axı... Axı sən həmişə... həmişə
deyirsən ki, adam yalan danışmaz.
Deyirsən yalan pis şeydir... Bəs atam niyə
gəlmədi. Neçə dəfədi..
Neçə dəfədi söz verirsən ki,
atamı tapıb gətirəcəksən. Amma gətirmirsən. Mən də... Mən də sağalmıram. Atam gəlsin,
sağalım...
Şahin əlinin
arxası ilə gözünü ovuşdurub titrək bir səslə
gileyləndi:
– Anama...
Anama dedim babam məni aldadır. Sən get atamı tap gətir.
O da... O da mənə acıqlandı. Qolumu
çimdiklədi. Dedi ki, atan ölüb. Mən
də soruşdum ki, haçan öldü? Axı o davaya getməyib. Nemeslər
də kəndimizə gəlməyib. Dedim sən də
babam kimi yalançısan. Atam
ölmüyüb, sağdı. O bilsə ki, xəstələnmişəm,
tərləyirəm, yata bilmirəm, o saat gələr. Baba, ay
baba, atamı gətir!..
Baba nəvənin qarşısında günahkar kimi
dayanmışdı. Ona cavab verməyə söz
tapmırdı. Xəcalətindən yer
yarılsaydı, yerə girərdi. Bilmirdi
qızdırmanın içində alışıb-yanan tifilə
nə cavab versin. Şahin hər dəfə
gözünü açıb təkrar-təkrar
–Yalançı baba! Yalançı baba,-
deyəndə Mürşüd o dünyanı görüb-gəlirdi.
Ha fikirləşirdi, bir çıxış yolu
tapmırdı. Başında cürbəcür
amansız fikirlər dolaşırdı. Nəvə
qızdırmanın içində elə hey – atamı ver –
deyib fəryad qoparır, baba düşünürdü: “ İlahi, günahım nədir, məni bu
tifilin əlində qoymusan?! Uşağı necə
başa salım ki, o, adı batmış atan arı yeyib,
namusu da bir kənara atıb. Bir
küçə fahişəsinin felinə uyub. Onun yadına nə ata düşür, nə də
ki, arvad-uşaq. Poladxan üçün
dünyada varsa da, Müşkünazdır, yoxsa da. Gecə-gündüz aşpaz köməkçisi ilə
onun əxlaqsız qızının pişvazındadır.
Şahin böyük olsaydı, nə dərd idi! Ağlı kəssəydi, Poladxan kimi atanın
heç üzünə də tüpürməzdi. İndi mən başıma haranın
daşını töküm?! Bu tifili necə
qandırıb başa salım ki, atan hamımızı
atıb, bir pozğun qadını tutub”.
lll
Şahin bir aya yaxındı yorğan-döşəyə
düşmüşdü. Həkimlər onun dərdindən
baş çıxara bilmirdilər. Kimi
deyirdi qarın yatalağıdı, kimi deyirdi mal
qızdırmasıdı, kimi deyirdi atasının xiffətini
elədiyindən dərd tapıb. Əgər
atası gəlsə, yüngülləşər. Hər cür dava-dərman eləmişdilər.
Şübhədən çıxmaq üçün
kənddəki mollaya da baxdırmışdılar. Bir xeyri olmamışdı. Bircə
qalmışdı atasının onu yoluxması.
Mürşüd kişi neçə dəfə
Poladxanın üstünə minnətçi
salmışdı ki, ə, qeyrətin olsun, uşaq
yorğan-döşəyə düşəndən səni
deyir. Gəl ona bir dəqiqəliyə ayaq
üstə olsa da, görük, sonra yenə nə qələt
eləyirsən elə, Müşkünaz olsun, sən ol.
Poladxanın da cavabı bu olmuşdu ki, məndən
əl çəksinlər. O adda nə atam var, nə
arvadım, nə də ki, uşağım. Mən
heç kəsi tanımıram. Kənddəki
məktəbin direktoru getdi eşitmədi, ağır bir
seyidi üstünə minnətçi saldılar,
sözünü yerə vurdu. Poladxanın
gedənlərə axır sözü də o oldu ki, iti
görüm, qurdu görüm onları görməyim. Ölsəm üstümə gəlməsinlər,
ölsələr, gedən deyiləm.
Baba qalmışdı odla-suyun arasında. Bilmirdi
başına nə çarə qılsın. Nəvə
də ki, – atamı ver! –deyib durmuşdu. Baba – xudaya xudavəndi aləm bir ucuz ölüm də
yoxdur ki, öləm canım qurtarsın, – deyib taleyindən
şikayətlənirdi.
Şahin gözləri yarıyumulu huşa getdi. Onun dodaqları güclə
aralanıb-örtülür və yalançı baba... Baba, atamı. Atamı – deyib
sayıqlayırdı. Baba onun
çarpayısının yanında quruyub
qalmışdı. Sanki qıc olmuşdu.
Nə irəli gedə bilirdi, nə də geri.
Elə bil tilsimlənib daşa
dönmüşdü. Deməyə
söz tapmırdı. Şahin
–yalançısan, baba, yalançısan, atamı –deyə-deyə
yuxuya getdi. Onun sözləri babanın
qulağından getmirdi. – Yalançısan, baba...
Atamı...
Mürşüd
kişi bəd əməl işlədibmiş
kimi, suçlu addımlarla geri çəkiləndə
ayağı sınıq-salxaq stula ilişdi, töyəcələndi,
lakin yıxılmadı. Tez özünü
düzəltdi. Nəvə səksənib
ani olaraq gözlərini açdı və yenə də
yumdu. Yan üstə çevrilib huşa
getdi. Baba ehtiyatlı addımlarla onun yataq
otağını tərk edib, dəhlizə
çıxdı. Gəlin kəsdirdiyi
beçəni sacayağının üstündəki
sapılcada təngavlayıb, xəstəyə
yüngülvari xörək hazırlayırdı. Qoca həyətdəki armud kötüyünün
üstündə oturub fikirli-fikirli cibindən qəzet
qırığı və tənbəki ovuntusu
çıxartdı. Gəlin
qayınatasının papiros bükdüyünü
görüb tez maşanın ucunda ona bir köz uzatdı.
Qoca maşanı onun əlindən alıb
papirosunu yandırdı. Qocanın qara
fikirləri, tənbəkinin acı tüstüsündə
çözələnib, dibində oturduğu tut
ağacının qarımış qol-budağı kimi
yüz yerə şaxələnirdi. Mürşüd
kişi papirosunun axır-uxurunu da çəkib qurtardıqdan
sonra, lənət şeytana deyib ayağa qalxdı. Son qərarını
qəbul etmək fikrindən daşındı və
öz-özünə: – bu işdə tələsmək olmaz
– düşündü. Hələ səbr eləyim.
Səbr Allahın adıdır. Görək sonrası nə olur. Bir də ki, Poladxan nə qədər naxələf
olsa da, yenə oğuldu, ciyərparadı. Onu nə zillətlə böyütmüşəm.
Üçündən sonra əlimdə-ovcumda
qalan bircə odur. Nə bilmək olar?!
Bəlkə ağlı başına gəldi, tövbə elədi?!.. Anası da yoxdu ki...
Qoca
fikirli-fikirli əl ağacını götürdü:
–A gəlin,
indi qayıdıram- deyib həyətdən çıxdı
və kəndin kənarıynan aşpaz köməkçisinin
evinə tərəf dolaylandı. İt ondan əl
çəkmirdi. Qarabaqara sahibinin
ardınca yorturdu. Mürşüd
neçə dəfə geri qanrılıb itə çəmkirdi.
Ancaq xeyri olmadı. İt
Mürşüddən əl çəkmədi.
Artıq əl-ayaq yığışmışdı. Küçə-bacada tək-tük
adam gözə dəyirdi. Mürşüd
ət tökə-tökə Müşkünazgilin həyət
darvazasına yaxınlaşdı. Üst
otaqların bütün işıqları yanırdı.
Taybatay açılmış pəncərələrin
nazik tül pərdəsindən içəri açıqca
görünürdü. Poladxan arxası
üstə yumşaq divanın üstünə sərilib
köynəyinin altından çıxan piyli qarnını,
tüklü sinəsini ovuşdurur, xoşallanır, şən
əhval-ruhiyyə ilə deyib-gülürdü. Zil qara ipəkdən qolsuz kimano geyinmiş
Müşkünaz, ağappaq əndamını Poladxanın
qarşısında nümayiş etdirir, onun ətrafına pərvanə
kimi dolanırdı. Onlara elə gəlirdi
ki, ən xoşbəxt günlərini yaşayırlar.
Mürşüd
kişi başını buladı və
öz-özünə: – kim nə deyir, qoy desin, vallah-billah beləsinin
qanı halaldı. Bircə gülləsi əskikdi.
Dəridən-qabıqdan çıx, nə zillətlə
oğul böyüt, ləçərin biri böyürdən
çıxıb əlindən alsın. Sən
də qıraqdan baxa-baxa qal. Belə
övladı heç anasının ruhu da
bağışlamaz – düşündü. Sonra
özünü ələ alıb – Poladxan! Poladxan! –deyib oğlunu səslədi. Qocanın
səsi kallaşmışdı. Bərkdən
qışqırdığından sinəsi
xışıldadı. Onu öskürək
tutdu. O qədər öskürdü ki, gözləri
qızarıb hədəqədən çıxdı. Qocanın nəfəsi tınçıxdı.
Birtəhər toxtayıb özünü ələ
aldı. Çaşqın nəzərləri
qapı darvazasının sol qırağındakı elektrik
düyməsinə sataşdı. Tövşüyə-tövşüyə
dabanını qaldırıb qabarlı barmağı ilə zəngin
düyməsini basdı. Müşkünaz tez
başını pəncərədən çıxarıb həyət
darvazasına tərəf boylandı və:
– Kimdi
orda?! –qışqırdı.
– Mənəm,
a qızım, Mürşüdəm! Poladxanın atası!
–qoca təmkinlə cavab verdi.
“Mürşüd” adı gələndə elə bil
Poladxanla Müşkünazın başına qaynar su ələndi. Müşkünaz
kal alça yeyibmiş kimi boyalı qaş-gözünü
turşudub həyət tərəfə açılan pəncərələrin
qapısını hikkəynən çəkib örtdü.
Poladxan dilxor olub – “kaftar qoymaz yaşayaq dəə!
Ölüb-eləmir də canımız biryolluq qurtara. Gecənin bu vaxtı bilmirəm
nə istəyir” – deyib donquldandı.
Onların şən əhval-ruhiyyəsi qocanın hənirtisinə
bənd imiş kimi bir andaca qeybə çəkildi. İşıqların
çoxu söndürüldü. O biri otaqdan
Müşkünazın anası gül ağzını
açdı:
– Bilmirəm
bu imansız bizə nə verib, ala bilmir?! Ölüb-eləmir
də...
Poladxanın qanı it qanına dönmüşdü. O, ev
paltarında darvazaya tərəf yönəldi. Müşkünaz
dəhlizin məhəccərinə söykənib kənardan
onun hərəkətlərinə göz qoyurdu.
Poladxanın, atasının qarasına işlətdiyi
köntöy sözlər, onu Müşkünazın
gözündə bir az da
qaldırmışdı.
Poladxan
atasını həyət darvazasının çöl tərəfində
qarşılayıb əlinin ucuynan ona soyuq,
könülsüz salam verdi və:
–
Eşidirəm, – dedi. – Gecənin bu vədəsində xeyir ola?! Ölüb-eləməmişəm
ki?! Nə haray qışqırıq
qoparmısan?! Sözü bir dəfə deyərlər!
O məsələ barədə danışmışıq
qurtarıb gedib! Məndən o tərəfə
qayıtdı yoxdu. Bunu birdəfəlik
bil. Mən də özümə görə bir kişiyəm!
Kişi tüpürdüyünü yalamaz.
Ata
çallaşmış qalın qaşlarını yuxarı
dartıb nurdan düşmüş gözləriylə
oğluna yalvarıcı nəzər saldı və sinəsi
xışıldaya-xışıldaya:
– Poladxan!
Oğul – dedi, – səni aparmağa gəlməmişəm.
O barədə mən də, elə gəlin də səndən
əlimizi üzmüşük. Məni bu
qapıya gəlməyə vadar eləyən ayrı şeydi.
Ə, Poladxan, insafın-mürvətin olsun.
Şahin neçə gündü ağır xəstədi.
Nə qədər dava-dərman eləmişik,
uşaq düzəlmir. Elə hey –atam gəlsin
– deyib dad döyür. Ona görə də
neçə dəfə dalınca minnətçi
salmışam. İndi day onlardan
keçib, uşağın vəziyyəti gün-gündən
ağırlaşır. Gəl ona ayaq
üstə görük, sonra yenə də öz bildiyin kimi
elə. Mən boyda kişini o
uşağın yanında yerə vurub, bihörmət eləmə.
Mən dədənə yazığın gəlsin.
Hesab elə ki, heç atan deyiləm, bu sinnimdə qan iş
tutub qapına təvəqqəyə gəlmişəm.
Heç olmasa bu çal saqqalımı mülahizə elə...
İt yerə sərilib, lal-dinməz xallı
başını yumşaq torpağın üstünə
uzatdığı qoşa biləyinin arasına qoymuşdu. Ata ilə
oğulun söhbətini dinləyirmiş kimi hərdən
könülsüz-könülsüz quyruğunu tərpədib
altdan-altdan onlara baxırdı. Açıq sinəsini məhəccərə
söykəyən Müşkünazın amiranə cır səsi
eşidildi:
–
Ponçiiik, nə oldu yenəəə?! Kimə
ilişdiiin?! Çıx gəl bəri, çayın
soyuduu..
Poladxan onun hənirtisini eşidəndə
çaşıb özünü itirdi. Danışığının
rabitəsi pozuldu. Atasının sözünü
ağzında yarımçıq qoyub ikrahla:
–
Yaxşı! Yaxşı! – dedi
–sözü çox çürütmə. Sən də
yaşlandıqcan... Qocalıq belədi də... A kişi, dedim ki, aydındı də, başa
düşdüm. Görürəm, əl çəkən
deyilsən, qoy gecədən bir az
keçsin, hamı yatandan sonra gəlib xəstəyə dəyərəm.
Amma bəri başdan şərt kəsirəm.
Gələndə o kankanın qızı, əziz-xələf
gəlinin oralara üzükməsin. Budur deyirəm,
gözümə görünsə...
Mürşüd
kişi geri dönəndə nəvəsinin
yatdığı otağın qapısını bu dəfə
şəstlə açdı. Poladxanı yola gətirib,
Şahinlə görüşməyə razılıq
aldığından, qoca xeyli yüngülləşmişdi.
Şahin hələ də özündə
deyildi. Gəlin onun
yastığının yanında büzüşüb
altdan-altdan yumub-tökürdü. Qayınatasını
görəndə özünü
yığışdırdı. Ayağa qalxıb:
– Nə
yemişdisə heyləcə də qaytardı. Gün-gündən də
geri gedir. Day bundan əlimi üzmüşəm, – dedi.
Qayınata
gəlinə bozardı:
– Sən
də ağzını xeyirliyə aç! Nəhs-nəhs
danışma, geri çəkil, görüm – dedi.
–Atasını da birtəhər yola gətirmişəm.
İndicə danışıb ayrılmışıq.. O ki var qabırğasına döşəmişəm...
Baba
xoş əhval-ruhiyyə ilə nəvəsini dümsüklədi:
–
Şahin! Şahin! Evimizin dirəyi, gözünü aç,
atan da indicə gələcək – dedi. – Sən demə burada
yoxmuş. Saa dava-dərman, oyuncaq almaq
üçün şəhərə getmişdi. Anan da qələt eliyir, heylə səni aldadır.
Atan ölüb-eləməyib. Yoldadı gəlir,
maşınları xarab olduğundan bir az
yubanıb. İndilərdə gələr...
Şahin huşdan ayılıb gözlərini geniş
açdı.
Babasını birinci dəfə görürmüş kimi ona
nisgilli nəzər saldı və:
– Baba,
dedin ki, atam gələcək həə?!
Onun dodaqları güclə pıçıldadı. Solğun
çöhrəsində sevinc qığılcımı
işıldadı. Uşaq dirçələn
kimi oldu. Dikəlib başını
yastıqdan qaldırdı. Su istədi və
babasının üzünə məzlum-məzlum baxıb
soruşdu:
– Bu dəfə
düz deyirsən?! Atam gələcək?!
Baba, gördün ki, atam gəlir, tez
qabağına çıx ha, itimiz onu tutar. Axı o
çoxdan gəlmir, birdən Qaplan onu tanımaz...
Gecə yarıdan keçdi. Nə gələn
oldu, nə gedən. Şahinin – “ata”-deyə-deyə
həsrətli baxışları qapının astanasında
qalmışdı. Gəlin əyirib
boyadığı ipi yumağa sarıya-sarıya
öz-özünə mingirlənirdi.
Müasirləri
Həzrəti Mövlana, Hacı Bayram, Vəli kimi sevgi qəhrəmanlarıyla
birlikdə insanları sevgiyə
çağırırdılar. Bu aqil insanlar
yaxşı bilirdilər ki, xalqın ürəyində
açılmış yaraları yalnız sevgiylə, şəfqətlə
sağaltmaq mümkündür. Odur ki, bu
müridlərin hər biri könül həkiminə
çevrilmişdilər fikirləriylə, düşüncələriylə,
buram buram sevgi ətirli şeirlərilə.
Yaşadıqları zamanı eşqlə, sevgiylə
tanıtdılar, yaradana və yaradılana sevgiylə...
İnsan, insanlığın mənasını qəlbində,
ürəyində daşıyır, maddi, bioloji
varlığı ilə deyil, könlüylə, içində
daşıdığı sevgisiylə insandır. Buna görə də Yunus
İmrənin şeirlərində könülə,
insanın iç dünyasına çox önəm verilir. Çünki könül haqqın təcəllisinin
aynasıdır. Nəzərgah-i ilahidir,
Beytullahdır.
Gönül
mü yeğ Kabe mi yeğ
Ayıt
bana aklı eren
Gönül
yeğdürür zir kim
Gönüldedir
dost durağı
Kəbə sonunda maddi bir yapıdır, tikilidir,
simvoldur. Əsl Kəbə könüldür. Bu üzdən könül qırmaq, könül
sındırmaq, incitmək son dərəcə böyük
bir yanlışlıqdır. Kəbəni
uçurmaqdır.
Gönül
çalabın tahtı
Çalab
gönüle baktı
İki
cihan bedbahtı
Kim
gönül yıkar ise
Əgər bir insan könül qırmışsa ibadətlərinin
bir dəyəri yoxdur, Allahın kitabında da dəyəri
olmaz. Çünki ibadətlər, dualar Allaha yaxın
olmağı şərtləndirən
davranışlardır. Bir könül
qıran, qəlb incidən insan nə qədər namaz da
qılsa, istədiyi qədər ibadət də etsə Allah
qatında bir dəyəri olmaz.
Ak
sakallı pir koca
Bilmez hali
nice
Emek
yemesin hacca
Bir
gönül yıkar ise
İnsan, Yerüzünə Allahın xəlifəsi
olaraq göndərilmişdir. Vəzifəsi
könül qırmaq, sındırmaq deyil, könül
qurmaqdır, könül tikməkdir ki, bu da sevgiylə,
eşqlə, şəfqətlə mümkündür.
“Könül qurmaq” insanın yaradılış olaraq məqsədini
və fərqini açan ən gözəl ifadədir”
Ben
gelmedim dava için
Benim
işim sevgi için
Dostun evi gönüllerdir
Gönüller yapmaya geldim
Yunus İmrənin şeirlərində dünya ilə bağlı məqamlar da çoxdur. Sufi şair insanın gərdişi-dövranla, dünya ilə əlaqələrinə varır, yaşadıqları qəflət yuxusundan söz açır. Qəflətdən oyanmağın yolunu gerçəyin, həqiqətin idrak edilməsi nöqtəsində görür. Təsəvvuf mənəvi tərbiyə aşılayan bir anlayış olaraq insanı hər zaman qəflət yuxusundan oyanıq olmağa çağırar. Bu çağırışın əsas məqsədi isə dünyanın bir-birindən fərqli iki üzü olduğunu göstərməkdir:
Bu dünyanın meseli
bir ulu
şara benzer
Veli bizim
ömrümüz
bir tez
pazara benzer
Bu
şarın evvel tadı
şehd ü şekerden şirin
Ahır
acısı gör şol zehr-i
mara benzer
İnsan oğlu əsasən dünyanın görünən üzünə baxar, bu üz daha cəlbedici, “şəkərdən şirindir”, çəkicidir, insana xoş gəlir. Bu zahiri gözəlliyə o qədər bağlanır ki, batini, dərinliyi, dünyanın o biri üzün görmür, hətta əbədi olacağına, heç ölməyəcəyinə inanır. Bu zəifliyi də sonda onu qəflətə sürükləyir, bataqlığa çəkir. Hər şeyin yalnız bu dünyada olduğunu zənnedir, əbədiliyə, axirətə inanmaz. İnsanın özünə və ətrafına etdiyi zülmün səbəbləri də buradan başlayır, dünyanın o biri üzünə inanmamasından. Yunus İmrə dünya ilə bağlı mövzuya müraciət etməklə yanaşı dövrün önəmli məsələlərinə diqqət çəkmiş, gündəmə gətirmiş, insanları xəbərdar etmişdir. Yunus İmrəni bu mövzularda bir uyarıcı, çağırışçı şair kimi də dəyərləndirmək olar. O, dünyanı gerçəkdən uzaq, fani dünya adlandırır, dolayısıyla bu dünya “yalan dünya”dır deyir.
Yürü, yürü yalan dünya;
Yalan dünya değil misin
Yunusun dünyanı bu şəkildə görməsi və dəyərləndirməsi dinə-imana bağlılığı ilə, Qurani-Şərifin ayələrini doğru bilməsi, dünyanın faniliyini dərk etməsi ilə əlaqəlidir. Şair “Dünya həyatı ancaq bir oyun və oyalamadır. Dünya həyatı bir əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə şüphəsiz gerçək həyatın özüdür. Elə isə insan dünyanın bu üzünü görərək ona aldanmamalı və tələsinə düşməməlidir” deyən sufi üçün önəmli olan insanın ürəyini, könlünü məhəbbətə açmasıdır. Ama nə yazıq ki, dünya sevgisi buna əngəl olur və inasanın kamala çatma yolundaki yolçuluğu heçə uğrayır. Bu baxımdan təsəvvüfdə “tərki-dünya əsasdır.
Yunus İmrə və şeirləri bu gün türkdilli xalqların elmi dairələrində, ədəbi mühitində geniş öyrənilməkdə, tətbiq olunmaqdadır. Onun şeirləri türkcənin incisi, kəlamları xalqın və sənətsevərlərin könüllərini titrədir. Yunus şəxsiyyəti insanlığa Allahın böyük bir lutvudur.Türk mədəniyyəti artık onun adıyla beynəlxalq aləmdə özünü ifadə etməkdədir.
Yunus İmrənin məzarı haqqında müxtəlif rəvayətlər olsa da, onun məzarı Sarıköydədir. Mənakıb-ı Evliyada bu barədə qeyd də var: “Şeyx-i məşayih-ül əzəm Yunus İmrə məqam-ı mübarəkləri Sarıköydədir”. Qısaca olaraq belə bir hekayə ilə anladılır: “Yunus dağda qarşılaşdığı dərvişlərdən haqq qatındaki dərəcəsini öyrənincə geri dönüşündə Tapdıq İmrə onu bağışlamış, ama yanında qalmasına izn verməmişdir”. “Mərtəbəni öyrəndin, artıq burada yerin yox. Çünki bir postda iki aslan keşik çəkə bilməz. Buradan gedəcək və xalqı irşad edecəksən” buyurur. Ardından da: “Əsamı atdığım yerə gedər, orada ruhunu təslim edərsən” demiş və əsasını atmışdır Tapdıq İmrə. Yunus İmrə isə tam beş il o əsanı axtarmış, sonunda Sarıköydə tapmış və orada haqq dünyasına qovuşmuşdur”. Doğumu necə Sarıköydə olmuşsa haqqa qovuşması dabu köydı gerçəkləşmişdir. Əldə olan bütün bəlgələr də bunu sübut edir. Nefahat-ül Üns, Şakaik-i Numaniye tərcümələri, Sivrihisarlı Şeyx Baba Yusufun Mevhub-ı Məhbub kitabı, Menakıb-ı Evliya, Kayd-ı Hakani kimi tarixi qaynaqlar Yunus İmrənin haqq məkanı kimi məhz Sarıköyü göstərirlər. Bu böyük sufinin, könül ərinin əsl məzarı isə türk xalqlarının ürəyində, sevənlərinin könlündədir.
Əli İldırımoğlu
525-ci qəzet.-
2013.- 7 dekabr.- S.28-29