“Otuz ildə yalnız bir gecə anamgildə qalmışam”- Məşhurların xanımları

 

“NƏ BİR QOHUMA GETMƏYƏ İCAZƏM OLUB, NƏ BİR QONŞUYA”

 

Yaradıcılığı poeziya ilə jurnalistikanın, daha doğrusu şairliklə jurnalistliyin vəhdəti üzərində qurulan  Əbülfət Mədətoğlu Qarabağ dərdini hər gün şeirlərinin havasında yaşadan həssas qəlbli və qələmli söz adamlarımızdandı. Bu günlərdə  doğum gününü qeyd eməsi  münasibəti ilə onu təbrik edir və Əbülfət müəllimin həyat hekayəsini yoldaşı Zərnigar xanımın dilindən oxucalara təqdim edirik

 

 

Bir sinifdə oxumuşuq

 

 

Atamla anam Dağlıq Qarabağın Xocavənd rayonunun Tuğ kəndində yaşayan sadə adamlar idi. Səhər kolxozda işləyər, axşam ocağımızın başına toplaşardıq. Ailədə altı uşaq olmuşuq: iki bacı, dörd qardaş. Əbülfətlə tanışlığımız uşaq yaşlarıma təsadüf edir. Biz onunla eyni kənddə doğulub, eyni sinifdə oxumuşuq. Arzum həkim olmaq idi, amma tale elə gətirdi ki, müəllimlik sənətinə yiyələndim. 30 ildən artıqdır ki müəllim işləyirəm, sənətimi çox sevirəm.

 

 

Mənalı gülüşündən anladım

 

 

Aramızda məhəbbətin nə vaxt yarandığını dəqiq xatırlamıram, bir-birimizə qarşı gizli hisslərimiz olsa da, nə o mənə bir söz deyirdi, nə də mən hiss etdiklərimi büruzə verirdim. Əvvəllər sadəcə ehtimal edirdim ki, bu oğlan məni sevir. Bizim məktəbdə divar qəzeti var idi, bir gün gördüm ki, mənim adıma kimsə  məqalə verib. Mənalı gülüşündən anladım ki, mənim yerimə yazıçılıq edən Əbülfət imiş. Məktəbi bitirəndən sonra mən oxumaq üçün Bakıya getdim, amma Əbülfətin atası ona icazə vermədi. Utandığından deyə bilməyib ki, Zərnigar Bakıya gedir, mən burda qalmaq istəmirəm. Mənə qarşı olan hisslərini isə əsgərə getməzdən qabaq, məktub yazaraq elan etdi.

 

 

İçimizdə gizlənən hissləri gözlərimiz dilə gətirərdi

 

 

Bizim rayonda üzümçülük çox inkişaf etmişdi. Şagirdləri məktəbdən üzüm sahələrinə aparırdılar. Özüm bilərəkdən dəstədən kənarda qalırdım ki, yolu Əbülfətlə bir gedim. Uşaqlardan dala qalıb özümüzü gecikirmişik kimi göstərirdik, amma əslində məqsədimiz birlikdə addımlamaq idi (gülümsəyir). Mənim əvəzimə sahədə üzüm yığar, yığdığım üzümü aparmağıma kömək edərdi. Məktəb illərimiz xatirimə elə həkk olunub və bu mənə olduqca gözəl və mənalı gəlir. Qorxa-qorxa içimizdə gizlətdiyimiz hissləri gözlərimiz dilə gətirərdi. Elə şeylər var ki, onların deyilməyə ehtiyacı yoxdur. Sadəcə yaşamaq və hiss etmək lazımdır. Biz də gizlicə, bir-birimizə heç nə demədən sevgimizi yaşayırdıq.

 

 

Şəklimi şərəf lövhəsindən oğurladı

 

    Dayılarım etiraz etsə də, nəhayət ki, nişanlana bildik. Mənə yazdığı məktublarda tez-tez şəkil istəyirdi, amma qorxumdan yollaya bilmirdim. Qardaşlarım o qədər sərt idi ki, nişanlı olduğumuz halda belə  bizə görüşməyə qəti icazə vermirdilər. Bilsəydilər ki, mən Əbülfətə şəkil göndərmişəm əsəbləşərdilər.  Bakıda universitetdə oxuyanda dayımgildə qalırdım, özü də əlaçı oxumuşam. Günlərin bir günü şərəf lövhəsində olan şəklim yoxa çıxdı. Müəllimlərimin də işə qarışmasına baxmayaraq, heç kim boynuna almadı. Bu hadisədən xeyli müddət keçmişdi, bir də gördüm nişanlım, əlində də, şərəf lövhəsindən oğurladığı şəklim həkk olunmuş böyük taxta lövhə (gülür) . Çox təəccüblənmişdim. Dayımgildə balaca bir çantam var idi, bu böyüklükdə lövhəni harda gizlədə bilərdim? Qalmışdım düşünə-düşünə, çox çək-çevirdən sonra o şəkli zibil qabına atdım... Bu günə qədər də o hərəkətimə görə, özümü bağışlaya bilmirəm.

 

 

Allah dörd il bizə övlad qismət etmədi

 

 

1983 –cü ildə ailə həyatı qurmuşuq. Sonra  həyat yoldaşım oxumaq üçün Bakıya getdi, o müddət ərzində kənddə, Əbülfətin anasıgillə yaşadım. Üç il bir-birimizdən ayrı qaldıq. Həmin o üç il, mənə üç əsir kimi gəldi... Yalnız tətildən-tətilə kəndə gələ bilirdi. Bizim kəndimiz elə idi ki, mənfur ermənilərlə bir yerdə qalır, işləyirdik. Həmin dövrdə mən də məktəbdə işləyirdim, Əbülfətin yoxluğu məni o qədər incidirdi ki. İş yoldaşlarım da mənə təsəlli verir, onun yoxluğunu unutdurmağa çalışırdılar...  Allah dörd il bizə övlad qismət etmədi. Bu hadisə məni nə qədər narahat edirdisə, Əbülfət bir o qədər rahat idi. Həmişə deyirdi ki, mən biryolluq ailəmizin içinə qayıdıb gələn gün övladımız da olacaq. Bəli, elə də oldu.

 

 

Bəzən hisslərim məntiqimə qalib gələ bilirdi

 

 

Əbülfət olduqca çətin insandır. Artıq otuz ildir ki, bir yerdə yaşayırıq. Bu müddət ərzində mən yalnız bir gecə anamgildə qalmışam. Özüm də iştəməmişəm ki, onun istəyinə qarşı gedim. Qəbul etmişəm ki, artıq mən gəlin gəldiyim evin qızıyam.  Nə bir qohuma getməyə icazəm olub, nə bir qonşuya. Olduqca sərt xasiyyəti var və mən onun bu sərtliyinə o qədər alışmışam ki, indi bu yaşımda mənə qarşı qısqanclıq hissi azalanda özümü narahat hiss edirəm. Əbülfətin bir xasiyyəti də var ki,  əlimdə nə qədər işim olur-olsun, işdən gələndə onu mən qarşılayam. Bircə gün qarşılamayan kimi, deyir mənə olan sevgin azalıb yəqin. Qısqanclıq elə bir hissdir ki, insanı içdən-içə yeyib bitirir. Qadınam ona nə qədər güvənsəm də, bəzən hisslərim məntiqimə qalib gələ bilirdi. Amma mən onları içimdə boğurdum. Şeirlərinin ilk oxucusu da özüməm. Onun xəttini məndən başqa heç kim oxuya bilmir.

 

Qızımı az qala boğacaqdım

 

Əbülfət çox vaxt evdən kənarda işləyirdi, mənsə kənd məktəbində. Kəndimizdə ermənilərlə bərabər yaşayırdıq.  Gündüz işə gedirdik axşam atışma səslərinə qulaq asırdıq. Vəziyyət o qədər qəlizləşmişdi ki, səhərlər ermənilərlə salamlaşırdıq axşamsa səngərlərdə, zirzəmilərdə gizlənib onların atdığı atəşlərdən gizlənirdik. Nə işığımızı yandıra bilirdik, nə evimizdə otura bilirdik. Axşam olan kimi, kəndin kənarında yerləşən dərəyə gizlənməyə gedirdik. Uşaqları da götürüb kəndin kənarında yerləşən dərəyə qaçırdım. Güllə atılanda  heç vaxt qorxmamışam ki, o qəlpə  mənə, ya da balalarıma dəyə bilər. İndi hesab edirəm ki, qorxsam yəqin həyatda olmazdım. Amma o təlaş mənə yalnız uşaqlarımı qoruma bacarığı gətirirdi. O vaxtlar qızım südəmər körpə idi. Bir gün axşam evdən çıxanda, körpəmin əmziyi yadımdan çıxıb evdə qalmışdı. Uşağın səsi dərəni bürümüşdü. Canını itirmək qorxusu ilə üz-üzə qalan qonşular hərəsi bir tərəfdən : “kirit o uşağı” – deyirdi. Qızımı sinəmə elə sıxmışdım ki, az qala boğacaqdım. Qonşu uşaqlarından birini bizim evə göndərdim. İşığı yandırmadan, əlini yerə sürtərək, əmziyi tapıb körpəmə gətirdi.

 

 

Vətəni kimsəsiz qoymaq vaxtı gəlib çatmışdı

 

 

Vəziyyət artıq dözülməz həddə çatmışdı. Həmin gün təsadüfən Əbülfət də Bakıdan rayona qayıtmışdı. Qəfildən atışma başladı, uşaqları itirmək qorxusu canıma od salırdı. Yanan evlərin istisi, vahiməyə düşən insanların səsi ətrafı bürümüşdü. Qonşular əşyalarını yığaraq yavaş-yavaş evlərini tərk edirdilər. Əbülfət evdən çıxanda bir çöp də götürməyə icazə vermədi. “ Bura bizim evimizdir, sən evi tərk etmirsən ki, müvəqqəti gedirik. Qayıdıb evimizə gələcəyik”- dedi. Özümüzlə birlikdə Əbülfətin kitab və qəzetlərini götürüb, evimizi yiyəsiz qoyub getdik. Hara gedəcəyimiz barədə heç düşünmürdük də. Çox qohumlarımızı itirdik, şəhidlər verdik. Bir qohumumuz var idi, 23 yaşlı dayım oğlu. Təzə evlənmişdi, səbirsizliklə doğulacaq uşağını gözləyirdi. Qaçaqaç düşdüyü vaxt, ermənilər oğlanın başını kəsmişdilər. O ölən günü bir qızı dünyaya gəldi. Adını Nişanə qoyduq. Oğlanın anası, onun saçından bir tutam tük kəsib sinəsində vətənin bu tayına gətirmişdi. Bala dərdi onu elə sarsıtdı ki, vərəmləyib öldü. Öləndə də, o saçı özü ilə birlikdə qəbrə apardı.

 

Ana deyib ağlamaqları məni dəli edirdi

 

 

Xocavənddən çıxandan sonra Füzuli rayonuna gəldik. Qadınlar bizə tənə edirdi ki, torpaqlarınızı qoyub bizim yurdumuza niyə gəlmisiniz? Elə oldu ki, mənfur düşmən  Füzuli rayonunu da atəşə tutmağa başladı. Həyatda heç kim, heç nədən sığortalanmayıb. İkinci dəfə qaçqınlığın çətinliyini yaşayırdıq. İndiki məskənimizi Qarabağdan bir az daha uzaqda saldıq. Beyləqana pənah gətirdik. Əbülfət yenə də bizi qoyub Bakıya işləməyə getmək məcburiyyətində qalmışdı. O vaxtlar ən böyük çətinliyim, uşaqlarımla bağlı idi. Çünki mən də işləməyə məcbur idim və onları ya qonşuya verirdim, ya da ki evdə qoyub gedirdim. Ana deyib ağlamaqları məni dəli edirdi. Kiçik qızım körpə idi. Evimizdən məktəbə çatana qədər o qızın ağlamağı, fəryadı qulağımdan getmirdi. Bütün  fikrim onun yanında qalırdı. Dərsə gedib balalarımın dərdini çəkirdim.

 

 

Qoymayın balamı öldürürlər deyə fəryad edirdim

 

 

Beyləqanda bir bağça var idi orada məskunlaşmışdıq. Nə çörək tapa bilirdik, nə su... İçməli suyu almaq üçün pul verirdik, amma su satan o qədər qəddar idi ki, pul versək də qaçqın olduğumuz üçün bizə su vermirdi. Çörək almaq üçün səhər tezdən növbəyə durmaq lazım idi. Növbəyə duranlar isə əsasən kişilər olurdu. Mən də qadın xeylağı, çəkinə-çəkinə ora getsəm də, növbədə dura bilmirdim. Bir dəfə aclıq bədənimə güc gəldi və dörd yaşlı körpə oğlumu növbədə dursun deyə kişilərin arasına yolladım. O qədər sıxlıq idi ki, uşağı görə bilmirdim. Çörəyi alıb gələndə, oğlumun məni səslədiyini eşitdim. Uşağımı basabasın arasından çıxara bilmirdim. Təlatüm bütün bədənimi götürmüşdü. Balam gözümün qabağında, insanların arasında əzilirdi. Qışqırıb ətrafdakılardan kömək istədim. Qoymayın balamı öldürürlər deyə fəryad edirdim. Birtəhər uşağı o sıxlıqdan çıxardıq.

 

Məhəbbət HACIYEVA

Firəngiz AĞALAR

İdeya müəllifi Tofiq Abdin

525-ci qəzet.- 2013.- 7 dekabr.- S.20