Gözlətmə yolları, gəl...- Yüz gözəl sevgi şeiri
PƏRVİNin təqdimatında
Gözləyənin varsa, qürbətə, uzaqlığa
dözmək yüz qat çətindi... Yadlar arasında sevdiklərinin,
doğmalarının qəlbindəki
yerini, dəyərini daha yaxşı anlayırsan. Darıxırsan,
özləyirsən... Canın ağrıyır,
ruhun yorulur... tezliklə dönmək istəyirsən rahat, isti, yumşaq yuvana. Sayırsan günlərini... lapbalaca uşaq kimi barmaqlarınla sayırsan. Yüz-yüz kilometrlərlə ölçülən məsafələrə
qəzəblənirsən. Barmaq sayına gəlməyən zamanı
lənətləyirsən... Amma hər şeydən, hamıdan öncə özünü danlayırsan,
söyürsən; “nə
işim var burda?”, “durum “təpikləyim”
hər şeyi, qayıdım geri”, “bu mənə lazım idi?”... Doğrudan belədi! Elə ki darıxdın, heç nə gözündə olmur.
Əgər sevirsənsə... Hələ
üstəlik sevilirsənsə!
Onda işin ikiqat qəlizdi. Çünki
bir tərəfdən
özünü, başını,
qəlbini sakit buraxmayan həsrət, digər yandan da sevdiyini gözüyolda
qoymağından doğan
iztirab! Amma müvəqqəti ayrılıq
qaçılmazdısa və
sən bunu bəzən də sınaq, imtahan sayırsansa, çarə
yenə də sözdü! Yalnız sözdən yapışıb,
sözə sığınıb
dözə bilərsən...
Məhz dözə! Məncə,
sevgililər arasında
məktublaşma, yazışma
da əsasən bunun üçün yaranıb. Həsrəti
sözlə ovutmaq üçün... Zamanla, inkişafla
bağlı olaraq vasitə dəyişib amma mahiyyət eynidi. Yüz illər öncə ayağında kağız
daşıyan göyərçinləri
texnika əvəz edib, məktubları sms, emeyl, çat
sıxışdırıb. Amma sevən adam üçün
nə fərqi, sevdiyinin sözünü telefondan oxuyur, ya kağızdan... əsas o həniri duymaqdı... Quyunun dibinə yuvarlanıb boğulduğun, darıxmaqdan
nəfəsinin kəsildiyini
hiss etdiyin məqamda yeganə xilasın budu!
XX əsr Türkiyə el ədəbiyyatının böyük nümayəndəsi Aşıq Veysəlin gülüzlü yarı da məktubuyla xilas edir... Həm sevdiyini, həm də özünü. Axı təkcə sevgi məktubu almaq, oxumaq yox, həm də onu yazmaq xoşbəxtlikdi, zövqdü... Rahatlıq gətirir.
Aşıq Veysəlin gözlərinin yeddi yaşında tutulmasını və bütün ömrünü işığa həsrət qalmasını düşünəndə bu şeirə lap çox heyran olur adam. Çünki sevgilisinin görə bilmədiyi gözəllikləri xanım elə incə, zərif şəkildə yazır sanki şairin gözlərini əvəz edir burda... Ona bütün o əsrarəngiz təbiəti öz sevgisi, sözü vasitəsiylə göstərir... Və şairin məktubu nəzmə çəkməsindən aydın olur ki, qadın istəyinə çatır. Maraqlı məqamlardan biri də xanımın fərqli üsuludu. O sanki təbiətin diliylə çağırır aşiqini... Bir sevgilinin görüş həsrəti fəslin dəyişməsiylə təbiətin dirçəlməsi, qarların əriməsi, çiçəklərin açması fonunda verilir. Ona görə də şeirin hər sətrindən dağların, otların, çiçəklərin ətri gəlir. Yəqin elə xanımın da niyyəti Sivrələn köyünün ətrini sevgilisinin yadına salmaqdı... Axı, doğrudan da bəzən qoxu insanı hər şeydən çox qəribsədə bilər...
Və göndərdiyi məndil – yaylıq da sadəcə, yadigar qalmaq üçün deyil məncə, məhz o yaddaşı oyatmaq, sevdiyini yanına dartmaq, özünə çəkməkdən ötrüdü!
Şeirin əsas özəlliyi məhz budu: təbiət və insan hisslərinin vəhdəti, paralelliyi... Bir də xanımın həm də öz duyğularını – darıxmasını, iztirabını, qısqanclığını açıq deməsi, gizlətməməsi: “Əylənmə qürbətdə yayla zamanı”, “Axar gözüm yaşı sel – deyə yazmış!”, “Göz yaşım məktubda pul – deyə yazmış!”... Bəli, bütün bunları yazmış. Sevgisini bu qədər gözəl ifadə edən, uzaqlığı imisti sözləriylə “zərərsizləşdirən”, göz yaşını məktubda pula – yəni poçt markasına bənzədən xanımdan ötrü neyləməz aşiq?! Zaman fürsət vermədən qaçar... Gülüzlü yarının yollarını gözlətmədən qaçar... Düz onun yanına!
Aşıq Veysəl: “...məktub aldım gülüzlü yardan”
Yeni məktub aldım gülüzlü yardan
Gözlətmə yolları, gəl – deyə yazmış.
Sivrələn köyündən, bizim diyardan
Dağlar mor bənövşə, gül – deyə yazmış.
Bəsərəkdə lalə sümbül yürüdü,
Güldədəni çayır çəmən bürüdü,
Qaradaşda qar qalmadı əridi,
Axar gözüm yaşı sel – deyə yazmış.
Əylənmə qürbətdə yayla zamanı
Mövlanı sevərsən ağlatma məni.
Bənək-bənək məktubdadır nişanı
Göz yaşım məktubda pul – deyə yazmış.
Qoxuyor burnuma Sivrələn köyü
Sərindir dağları, soyuqdur suyu.
Yar məndil göndərmiş yadigar deyə
Gözünün yaşını sil – deyə yazmış.
Veysəl,
bu qürbətlik kar etdi cana
Qarışdır köçünü ulu karvana.
Gün keçirib fürsət vermə zamana
Saqın uzanmasın yol – deyə yazmış.
PƏRVİN
525-ci qəzet.-
2013.- 7 dekabr.- S.21.