Kitablar, talelər: sonu görünməyən
yol
Universitet illərimizdən yadigar bir buklet – dəvətnamə
var, “Qönçələr”
adlı. Universitetin ədəbi məclisi
buraxmışdı. Hər dəfə
ordakı dostlarımızı
xatırlayanda, tələbəlik
şəkillərimizə baxanda
ürəyim sızıldayır.
Hələ yalnız tələbə
yoldaşlarımız və
ya sayı o qədər də çox olmayan ədəbiyyat həvəskarları
arasında tanınsaq
da niyyətimizi gizlətmirdik; başımız
havalıydı və
ədəbiyyata da yeni bir hava
gətirmək arzusundaydıq.
Deyəsən ümumuniversitet şeir axşamı ərəfəsində,
ya da ədəbi
birliyimizin reklamı kimi buraxılmışdı.
O vaxt universitetdə, digər ali
məktəblərdə, zavodlarda,
yataqxanalarda milli ruhu körükləyən,
diqqəti canlı, bədii sözə yönəldən, kitabın
təbliğinə xidmət
edən belə şeir axşamları tez-tez keçirilirdi və 1988-ci ildə meydanlara axışan insanların çoxu o şeir məclislərindən
keçib gəlmişdilər.
“Qönçələr”dəki saf gözləri, gözəl üzləri ilə gəncliyimizin o ümid və sevgi dolu illərini
yenidən göz önündə canlandıran,
dirildən dostlarımın
çoxunu bu gün təqdim etməyə və tanıtmağa ehtiyac yoxdur: Nüsrət Kəsəmənli, Eldar Baxış, Ramiz Rövşən, Seyran Səxavət... Nüsrətlə, Eldar xeyli vaxtdır ayrılıb gediblər; ölüm sözünü artıq sayıram, çünki bir çox canlılardan daha canlıdırlar, sözləri
və xatirələri
ilə dipdiridirlər.
Ramizlə Seyran ömürlərinin
ən müdrik, yaradıcılıqlarının ən bəhrəli çağındadırlar.
O şəkillərimizlə bizi
qırx beş
ildən artıq bir vaxt ayırır.
Azdır-çoxdur deyə bilmərəm.
Xalqımız bir şər
imperiyasından qopmaq,
müstəqilliyini əldə
etmək xoşbəxtliyi
ilə yanaşı, haqsız savaşın faciələrini yaşayır.
Yüzildən-yüzilə, minildən-minilə adlamış, ehkamların,
sistemlərin çöküşünü,
saxta ideologiyaların,
qondarma liderlərin əriyib yoxa çıxmasını görmüşük.
Bütün bunların ən
gözəl salnaməsi
və rəsmi dostlarımın yazılarıdır.
Nə qədər sarsıntılar
yaşasalar da ədəbiyyatımız və
gələcəyimiz üçün
gərəkli olan bir çox tarixi, mənəvi, psixoloji, poetik məqamları sözə
köçürüb yaşatmağı
da bacarmışıq.
O dəstənin içində
“qönçə” sözünə
ən çox layiq olan bir
xanım qız da var idi:
Rüzgar Əfəndiyeva.
Biz oğlanların ruhu,
ovqatı, üsyankar təbiəti ilə qönçə sözü
qətiyyən uyğun
gəlmirdi. Bu söz
təkcə Rüzgara
yaraşırdı.
Yaşıla çalan gözləri,
uzun, sarışın,
bir az
da qızılı saçları, incə rəftarı ilə o başqa qızlardan seçilirdi; belələri
haqqında “zəmanə
adamı deyil” deyirlər.
Rüzgar doğrudan da zəmanə adamı deyildi. Onun öz zaman,
məkan anlayışı
vardı. Bir şeirində dediyi kimi:
Dünya
gözümün içində,
Ömrüm dözümün içində,
Öldüm özümün içində,
Bir misram qolumdan tutdu.
Saçımda ağ ümman yatıb,
Dalğasında zaman batıb,
Hər günümə güman çatıb
Bir misram qolumdan tutdu.
Dünyanı gözünə yığan,
ömrün dözmək
məcburiyyətindən adlayan,
öz içində dirilib öz içində ölən
insan bəzən bir şeir misrasının
ümidinə qalır. Bu, insan taleyinin şəklidir, eyni zamanda ədəbiyyatın
əbədiyyətini, insanın
yalnız öz əməyində yaşaya
biləcəyini göstərən
gözəl bir poetik tapıntıdır.
Ancaq onu əlavə eləmək olar ki, Rüzgarın öz qolundan, oxucularının qolundan tutan, özünü yaşadan, oxucularının
içini işıqla,
gözəl duyğularla
dolduran misraları, şeirləri çoxdur.
Biz Rüzgarı şeirindən
əvvəl sevmişdik. Hələ
bircə misrasını
eşitmədən onun
saflığını, tərbiyəsini,
sakit danışığını,
solğun, titrək təbəssümünü, bizlərdən
və dünyadan çox öz içinə baxan baxışlarını dəyərləndirmişdik...
Bilirdik hansı evə getsə, hansı ocağa bağlansa ora xoşbəxtlik aparacaq...
Rüzgar şeir oxumaqdan çox dinləməyi xoşlardı. Bizə ilk dəfə hansı şeirini təqdim etdiyini də xatırlamıram, ancaq mənə elə gəlir onun şeir ömrü, ədəbi taleyi o vaxt oxunandan dillərə düşən
aşağıdakı misralarından
başlamışdı:
Tənə də, giley də yersizdir daha,
Qaytar o alışan,
yanan eşqimi.
Sənin
ki ürəyin buz bağlayıbdır
Qaytar o üşüyən,
donan eşqimi.
Mənim
üəryimdə dünyaya
gəlib
Sənin
ürəyində sönən
eşqimi...
(“Qaytar eşqimi”)
Yeri gəlmişkən, bilmirəm “525-ci qəzet”də
“100 gözəl sevgi şeiri”silsiləsindən
yazdığı esselərlə televiziyaların
bayağı meyxana və kiflənmiş
qəzəl təbliğatı mühitində boğulan gənc oxucunun
diqqətini əsl sevgi poeziyasının
gözəlliyinə, zəngin duyğular
və ruh fədakarlığı ənənələrinə
yönəltməyə çalışan istedadlı
yazıçı Pərvin öz layihəsinə
uyğun Rüzgarın şeirləri ilə
maraqlanıb, yoxsa yox!
Maraqlansa bu şeir haqqında “525-ci qəzet”in bir səhifəsini dolduran bir esse yazardı.
Çünki bu altı misrada
bir adama yox, milyonlarla insana xas olan
və doğrudan da, düşündürən
sevgilər tarixçəsi,
çoxlarının keçdiyi
yol, məhkumluq troyektoriyası var və Rüzgar bunu yığcam şəkildə gözəl
ifadə edib.
Rüzgarın qələmində, yazısında
min illik qadın poeziyamızın ənənələri
yaşayırdı: ana-bacı
taleyi, qadın fədakarlığı, saf
məhəbbət, sədaqət,
ocağa bağlılıq,
övlad sevgisi, insan ruhunu təbiət
gözəllikləri ilə
iç-içə görüb
təsvir etmək. O da hamı yazan
mövzulardan yan ötə bilmir: ömrü də yaz-payız fəsillərindən
keçirən dünya
və onun gözəllikləri – dağı,
aranı, yolu, aylı gecələri, yağışı, qarı,
çiçəkləri onu
da duyğulandırır.
Ancaq Rüzgar bütün bunlardan və bir çox başqa mövzulardan məhz öz səsi və ahəngiylə, fərqli poetik dillə danışır.
Uzun müddət nə yazdığından, necə yazdığından xəbərsizdim. Sağlığında nəşr etdirdiyi “Yol gedirəm” kitabı dünyasını dəyişəndən sonra çatdı mənə. Oxudum və insan təbiətinin dəyişilməzliyinə, ardıcıllığına heyrətləndim.
Gördüm Rüzgar ədəbiyyata hansı sevgiylə, hansı səmimiyyətlə gəlmişdisə – eləcə də gedib. İlk şeirləri ilə son şeirləri eyni eşqlə, eyni kədərlə, eyni səmimiyyətlə yazılıb.
Əslində bu üç söz – səmimiyyət, sevgi və kədər onun yaradıcılığının mayasıdır.
O qədər boynumu bükmüşəm ki, mən,
Bilsə bənövşələr çəmənə çıxmaz!
Rüzgar Əfəndiyeva universitetə, ədəbiyyat dərnəklərinə doğrudan da boynubükük zərif bənövşə kimi gəlmişdi. Təəssüf ki, bənövşə taleyi yaşamaq, milli taleyimizin gətirdiyi boynubüküklük duyğusu ondan ömrünün sonuna kimi ayrılmamışdı.
Rüzgarın kəndlə, təbiətlə, içindən keçib gəldiyimiz günlərin müxtəlif rəngləri, yaşantıları, olayları ilə bağlı gözəl şeirləri var: “Kənd uşaqları”, “Gecə açan çiçəklər”, “Yol gedirəm”, “Gördüm payızdı”, “Şuşam” və s. Ancaq şübhəsiz, o ilk npövbədə bir sevgi şairəsiydi.
Təsadüfi deyil ki, şeirlərinə çoxlu bir-birindən gözəl mahnı bəstələnib.
Onun mahnı janrının ustadlarından olan bəstəkar Oqtay Kazımi ilə əməkdaşlığı bu gün populyar olan bir çox gözəl mahnının yaranması ilə nəticələnmişdir.
Son kitabında həm Oqtay Kazımi, həm də Elza İbrahimova, Nəriman Məmmədov, Bahadur Hüseynov və Hüseynağa Qurbanovun bəstələdiyi şeirləri də yer alıb.
Rüzgarın mahnıları minlərlə ürəyin məhrəm duyğularının ifadəsidir.
Bir əhvalat danışmışdılar mənə. Xaricdən gələn qonaqları qaçqın düşərgəsinə aparırlar. Gəzib, baxır, camaatla söhbət edirlər; onsuz da faciənin dərinliyi göz qabağındadır.
Geri dönəndə qaçqın şəhərciyindən çıxan yolun üstündə bir uşaq görürlər. Uşaq onlara əhəmiyyət vermədən, daşın üstündə cırıq şalvarından çıxmış dizini qucaqlayıb öz-özünə oxuyurmuş:
Gəzdiyin yerləri çox dolanmışam,
Eşqinin oduna gizli yanmışam,
Artıq bahar deyil, qarlı bir qışam
Odlanıb yansan da axtarma məni!
Bu, vəziyyətdə yaşayan, yarıçılpaq
uşağın səsindəki
toxluq və cingilti, ruhu göylərə cəkən
sehir, hamını ayaq saxlamağa məcbur edir. Uşaq
öz işindədir:
Çıxıram dağlara, ay gülüm,
sənsiz,
Daş da qəribsəyir dumansız, çənsiz,
Dolan bu dünyanı, get, dolan mənsiz,
Peşiman olsan da, axtarma məni!
Gələnlər gözüyaşlı ayrılırlar
ordan. Bu Rüzgar
Əfəndiyevanın sözünün
sehridir.
Səsim ona çatsaydı deyərdim səni axtarmağa ehtiyac yoxdur.
Misraların oxucularının dilində,
özün də doğmalarının, oxucularının
arasında, sonu olmayan yoldasan.
Sabir Rüstəmxanlı
525-ci qəzet.-
2013.- 7 dekabr.- S.22.