Təbrizi qucaqlamaq arzusu

 

 

 

Dünyanın böyük, gözəl şəhərləri çoxdur. Adı dillər əzbəri məşhur şəhərlər keçmişlərdə də olub, bu gün də var. Amma tarix boyu Yer üzünün füsunkar, izdihamlı şəhərləri arasında bəzən heç xüsusi cazibədarlığı, məxsusi ehtişamı ilə fərqlənməyən şəhərlər də olub (və var ki), onlar da rəmz sayılaraq ən mühüm şəhərlər zümrəsinə daxil ediliblər.

Təbrizsə dünyanın o nadir şəhərlərindəndir ki, həm qədimdir, həm böyükdür, möhtəşəmdir, gözəldir, həm də var olduğu müddətcə həmişə rəmz kimi qavranılmışdır.

Bütöv milləti və ölkəni təmsil edə biləcək bir rəmz kimi!

Təbriz –millətin taleyindəki ən xoşbəxt, ən iftixarlı, həm də ən narahat məqamları özündə bir ayna kimi əks etdirən, millətin ruhunu, mahiyyətini, necəliyini nümayiş etdirən açar şəhər, ülgü şəhərdir.

XXI əsrin, III minilliyin lap başlanğıcında – 2001-ci ildə nəşr edilən və Azərbaycan uşaqlarına ana dilində yazıb-oxumağı öyrədəcək yeni “Əlifba” kitabına böyük həqiqəti ifadə edən sadə bir rəsm və yenə xeyli sadə, 6-7 yaşlı uşağın rahat anlayacağı bir aydınlıqdakı dördcə sətirlik şeir də daxil edilmişdi: ortadan çay axır, bir sahildə Ərk qalası, El gölü, Aşıq heykəli, digər sahildə Qız qalası, Xəzər, Füzuli abidəsi və ortada həmin rəsmin mənasını açan misralar:

 

Araz bölmüş ortasından,

İki parça Azərbaycan.

Təbriz, Bakı qoşa paytaxt,

Orda bir can, burda bir can.

 

İstanbul Türkiyə üçün, Paris Fransadan ötrü, Roma İtaliyaya görə, London Böyük Britaniyanın yanaşmasından, Moskva Rusiyanın baxımından, Mədinə Səudiyyə Ərəbistanı ölçüləriylə nədirsə, Təbriz də Azərbaycan üçün o deməkdir. Amma daha artıq – o şəhərlər o ölkələrin ürəyidir, Təbrizsə Azərbaycan və azərbaycanlılardan ötrü ürəkdən daha yüksəkdir. Həm ürəkdir, həm candır, həm ürəyə qan verən damardır, həm havadır, torpaqdır, sudur, oddur, hərarətdir.

Təbriz İranın dördüncü böyük şəhəridir, o taylı-bu taylı bütün Azərbaycanın ikinci ən böyük şəhəridir. Lakin zahiri böyüklüyündən daha öncə bu şəhər içəridən böyükdür. İçərisindən bu şəhərə baxılırsa, Təbriz Azərbaycan boydadır, İran boydadır. Çünki həmişə, əsrlər uzunu həm Azərbaycanın, həm İranın taleyində Təbrizin aparıcı, həlledici yeri olub.

Təbriz dağlarla əhatələnib. Bir səmtində Eynal-Zeynal ucalıqları, Qaradağ silsiləsi, bir yanında Səhənd, bir tərəfində Yanıq təpələri, Sarı dağ... Üzük qaşı kimi Təbrizi çevrələyən dağlar sanki ona keşik çəkən sadiq əsgərlərdir.

Və tarixin qoynunda Təbriz dağ kimi məğrurcasına yüksəlir.

Təbriz yalnız şəhər deyil, o, azərbaycanlılar üçün öz təlqin etdiyi fəlsəfə ilə böyükdən-böyük yoldur, həyat tərzidir. Və tarixin qismətiylə Təbriz həmişə yolların kəsişəcəyində qərar tutub. Günün bu günündə Təbrizin ən uzun yollarından biri düz Tehrana gedib çatır. Digər şahrah yolsa Təbrizi də, bütün İranı da Türkiyəylə, Avropayla birləşdirir. Tək maşın yolu deyil, İranın həyatındakı ən əhəmiyyətli qatar yolu – dəmir yolu da Tehrandan başlayıb Təbrizə yetişir, buradansa Türkiyəyə baş alır. Cənubi Azərbaycanın qanadı da var – o da Təbrizdədir. Güneydəki ən iri Təbriz hava limanından hər gün çeşidli ölkələrə təyyarələr dikəlir.

Keçmişlərdə, karvanlar zamanında da Təbriz həmin Təbrizmiş, yollarıın qovuşağında, demək, ictimai-siyasi həyatın, iqtisadi gedişatın mərkəzində imiş. Gündoğardan Avropaya, Orta Asiyaya, Türküstan ellərinə, Rusiyaya yönələn karvanların keçid nöqtəsi Təbrizmiş. İpək yolunun üzərində yerləşməsi Təbrizin yol önəmini bir az da artırırmış və bu uğurlu yerləşməsindəndir ki, Təbriz o dövrlərin ən nəhəng topdansatış bazarına çevrilmişdi.

Və Təbrizdən o yanlara, o tərəfdən bu səmtə yalnız mallar, yüklər deyil, mədəniyyət, bilik də daşınırdı. Təbrizdən keçən yollar Yaxın və Orta Şərqin neçə ölkəsinə, Avropaya, Çinə aparırdı. Ərəbistandan, İtaliyanın Genuya şəhərindən, Moskva knyazlığından, Mərkəzi Asiya dövlətlərindən, Osmanlı imperiyasından, Hindistandan, İngiltərədən, İsveçdən, Polşadan, Danimarkadan yollar Təbrizə sarı uzanırdı. Bu get-gəllərlə, ünsiyyətlərlə, mübadilələrlə Təbriz yalnız maddi cəhətdən sərvətlənmirdi, həm də mənəvi baxımdan zənginləşirdi.

Baş şəhər, mərkəz şəhər, ana şəhər olmaq binəsindən Təbrizin alnına yazılıb. Həm də yalnız mənəvi baxımdan deyil, elə rəsmi təqdimatı və statusu ilə də yüzillərlə yox, minillər boyunca paytaxt olub.

Təbriz qədimlərdə Atropaten dövlətinin əsas şəhərlərindən biri idi. Sasanilər dövründə də, ərəb xilafəti zamanında da Təbrizin Azərbaycanın mahal mərkəzi olması tarixdə əksini tapmışdır.

Həmişə haqqı uğrunda mübarizliyi, döyüşkənliyi ilə seçilmiş Təbriz ərəb istilası dönəmində aparıcı şəhərlərdən olmaqla, Babək hərəkatının etibarlı dayaq nöqtələrindən biri idi.

981–1054-cü illərdə mövcud olmuş Rəvvadilər dövlətinin böyükləri əvvəlcə Ərdəbildə otururdularsa da, sonradan Təbrizi paytaxt seçdilər.

XI əsrin ortalarında qabaqca Səlcuq Sultanı I Toğrulun hakimiyyəti illərində, onun ardınca, 1174-cü ildən isə Qızıl Arslan dönəmində Təbrizi baş iqamətgah seçilmişdi.

Atabəylər də Təbrizə üstünlük verdi, Təbriz Eldəgəzlər dövlətinin paytaxtı olaraq intixab edildi.

1258-ci ildən Elxanilər dövlətinin tərkibinə daxil olan Təbriz bir qədər ötüncə yenə paytaxtlığını bərpa etdi, Marağanın əvəzinə bu dövlətin də baş şəhəri kimi qəbul edildi.

Təbriz 1375–1468-ci illərdə Qaraqoyunluların, 1469–1501-ci illərdə Ağqoyunluların paytaxtı idi.

Məşhur Səfəvi tarixçisi, təbrizli İskəndər bəy Münşi (1560–1634) “Tarix-e aləmara-ye Abbasi” (Dünyanı bəzəyən Abbasın tarixi) əsərində yazır ki, 1501-ci ildə Şah İsmayıl “ruh bədənə daxil olan kimi Təbrizə varid oldu”.

Gənc və müzəffər Şah İsmayıl yaşına uyğun gəlməyən müdrikliklə “ölkə paytaxtdan başlayır” məramını əsas götürərək Təbrizi Səfəvi dövlətinə mərkəz seçmişdi.

Və Təbriz 1501-ci ildən ta 1548-ədək Səfəvilərin paytaxtı qaldı.

Avropada “iranlı Don Juan” ləqəbi ilə şöhrətlənmiş, İspaniya kral sarayında 1599–1604-cü illərdə Səfəvilərin səfiri missiyasını yerinə yetirmiş Oruc bəy Bayat (1560–1604) isə o dövrdə əhalisinin sayı 400 minə yaxınlaşan, 80 min evdən ibarət olan Təbrizi təkcə Azərbaycanın deyil, “Şərqin paytaxtı” adlandırırdı.

Hətta paytaxt statusu ləğv olunanda da Təbriz paytaxt qədər əzəmətli qalırdı və hər şeyi dəqiq müəyyən edən xalq təfəkkürü bu paytaxt dəyişmənin də qiymətini vermişdi.

Şah Abbas Səfəvinin vaxtında əvvəlcə paytaxt Təbrizdən Qəzvinə köçürülür, bir müddət sonra isə oradan da İsfahana.

Biz heç, dəyərləndirməmizdə bəlkə də sevgidən ifrata vara, hissə qapıla və nəyisə şişirdə bilərik. Əcnəbi isə gəlib gördüyünü, şahidi olduğunu yazırdı.

XVII yüzilin fransız səyyahı Jan Şarden (1643–1713) sonradan paytaxta çevrilmiş İsfahanda da olmuşdu, daha əvvəl paytaxt ömrü yaşamış Təbrizdə də. Və səyahətnaməsində təsdiqləyirdi ki, Təbriz İsfahandan çox böyükdür. Onun diqqət yetirdiyi bütün təfərrüatları nəzərə alanda sezirsən ki, Şarden Təbrizin İsfahandan yalnız ərazicə, zahirən böyüklüyünü deyil, mahiyyətcə iriliyini qabartmaq istəyir. İsfahan, söz yox, gözəl idi və yenə həmin hüsnündədir. Xalq bunu görürdü. Lakin xalq Təbrizin göyçəkliyini də görürdü və özünəməxsus bir el diplomatiyası ilə hər iki şəhərə layiq olduğu ədalətli qiyməti zərbülməsələ çevrilmiş bir deyimdə belə ifadəedirdi:

 

İsfahan nesf-e cəhan,

gərçi Təbriz olmasa.

İsfahan dünyanın yarısına bərabər,

 əgər Təbriz olmasaydı.

 

Bu deyimin məntiqiylə İsfahan dünyanın yarısına bərabərsə, ondan üstün tutulan Təbriz elə dünyanın özü deməkdir.

Azərbaycanlılar üçün Təbriz məcazi mənada daim elə bütöv dünyaya bərabər olub.

Təbrizə ixtiyar keçmişlərdən el arasında həm də “Şahıstan” deyilməsi elə onun daim hökmdarlar məskəni, paytaxt olması ilə bağlıdır.

Təbriz həmişə yenilməz olub. Çoxları buraları işğal etməkçün həmlə çəksə də, buradaya elə müqavimət görüb ki, suyu süzülə-süzülə, naçar əliboş geri qayıdıb,  ya da baş qoyub gedib.

Hətta təbiət də Təbrizi hikkələriylə sındıra bilməyib. Bir-birindən dəhşətli zəlzələlər qopub, sarsıdıcı yer tərpənişləri baş verib.

Tarixi vəsiqələr vahimə içərisində 852, 1042, 1721, 1780, 1844-cü illərdə baş vermiş Təbriz zəlzələlərindən bəhs edir. Salnamələrin, ədəbi örnəklərin soraqları belədir ki, bu dəhşətli tərpənişlər torpağın zəhrini yarıb, yerin altını üstünə çevirib, daşı daş üstündə qoymayıb.

Bitməz ömrünün 1000 yaşını başa vuraraq həyatının ikinci minilini başlamış Qətran Təbrizinin (1012–1088) şahidi və zərərdidələrindən olduğu XI yüzil Təbriz zəlzələsinə həsr etdiyi qəsidəsinin həyəcanlı misralarında o əzab-əziyyətli hadisənin soyumayan müdhişliyini bütün əyani ayrıntıları ilə seyr və təsəvvür etmək mümkündür:

 

Zəmanə nemətə qərq etmiş

əhl-i şəhri bütün,

Şəhər tamam dolu insandı,

vardı hər cür mal.

Əmir də, bəndə də, sərkərdə,

fazil, alim də

Bir işlə hər biri məşğuldu

orda bir minval.

...Fənaya uğradı Təbriz qəzanın əmri ilə,

Bir anda yetdi fələkdən

bu şəhrə gör nə zaval.

Şəhərdə hər tərəfin döndü

altı üst oldu,

Kiçildi qum kimi dağlar,

qum oldu dağmisal.

Əyildi, sındı ağaclar,

yer oldu dəlmə-deşik,

Yerindən oynadı dağlar,

su açdı həm pər ü bal.

Bu yerdə ərşə çatan

 

çoxlu qəsrlər vardı,

Bu yerdə Aydan ötən sərv çəkmiş

 Ayə sığal.

Həməncə sərvlərin qaldı indi

bircə yeri,

Həməncə qəsrlərin oldu

indi əsli xəyal.

 

Orta əsr səyyahları, Avropadan gəlmiş alimnüma tacirlər Təbrizin valehedici tikililərini, saray divarlarındakı heyrətamiz naxışları, rəsmləri təsvir edir. Bu yazılar qalır, həmin gözəllikləri isə zəlzələlər udub, torpaq təkinə çəkib. Lakin Təbrizin necə məftunedici yaraşığa malik olması haqdakı həmin şəhadətlər həm də Təbrizin zəlzələlərlə qarşıdurmalardan zəfərlə çıxmasının sübutudur. Çünki bir səyyah gəlib-gedib, bir şair yaşayıb-köçüb və onlar öz müşahidələrini yazıblar. Zəlzələlər o səyyahların, o şairlərin gördüyü həmin gözəllikləri aparıb. Ayrı səyyah, ayrı şair gəlib, dağılmış yerdə xarabalıqlar yox, təzə cənnət tapıblar, təbiətin şıltaqlıqlarıyla cihaddan usanmayan insanların məhv olmuş gözəlliklərin yerində yaratdığı yeni gözəllikləri seyr edərək bunlara heyrətlərini tarixləşdiriblər.

Burada həm də Təbrizin xarakteri var, dəyanəti, sabitqədəmliyi var. Zəlzələnin viran etdiyi yurdu təbrizlilər atıb getməyiblər. Biliblər buralar tərpənişə maildir, amma yurd sevgisi can hürküsündən üstün çıxıb. Xarabazarlığa çevrilmiş ərazilərə sığal çəkiblər, daşını-kəsəyini təmizləyərək incik obalarını tumarlayıblar, yenidən ağac əkiblər, bağ salıblar, ev tikiblər, saraylar ucaldıblar, o sarayların divarlarına əvvəlkindən də yaxşı süs veriblər, naxışlar oyublar, rəsmlər həkk ediblər. Məhz həmin sevginin, nəvazişin sayəsində Təbriz yenidən dirçəlib, canlanıb, rövnəqlənib, alnıaçıq, başı dik, mərdanə yaşayıb.

Təbriz haqqında keçmişlərdən bəri qələmə alınmış bütün kitabları bir yerə yığacaq olsaq, nəhəngdən-nəhəng kitabxana alınar. Bizim çoxumuzun xəyalımızdan keçən bu fikri gerçəyə çevirmək niyyəti də dəyərli vətənpərvər Əli Poladın qəlbindədir və düşünürəm ki, həmin istək həyata keçərsə, nəticəsi etibarı ilə bu həm də elmə böyük bir xidmət olar. Əli Polad arzu edir ki,Təbriz haqqında Şərqdə və Qərbdə – dünyanın hər yerində nə yazılıb, nəşr edilibsə, hansı kitablar, xəritələr buraxılıbsa, hamısını Təbriz şəhərində qurulacaq “Təbriz kitabxanası”nda bir araya gətirsin. Hansının əslini əldə edə bilir əslini, hansının əslinə əli çatmasa surətini burada cəmləsin.Yəni həmin kitabxanaya daxil olan istənilən kəs Təbrizlə bağlı umduğu istənilən məqaləni, əlyazmanı, məxəzi, tədqiqatı, bədii əsəri tapıb mütaliə etmək imkanı qazansın. Təsəvvür edin ki, belə bir kitabxananın, əslində elmi mərkəzin olması bu əziz şəhər haqqında nə qədər yeni araşdırmaların ortaya çıxmasına münasibdən münasib girəvədir.

Xalq etimologiyasına görə, “Təbriz” sözünün mümkün yozumlarından biri “qızdırma salan”, “hərarət tökən” deməkdir. Yəni guya “Təbriz” farscadakı “təb” – qızdırma və “rixtən” felinin kökü oan “riz” sözcüklərindən törəyib. Bu bəsit və təbii ki, həqiqətlə bağlantısı olmayan müddəanın meydana gəlməsinə səbəb, yəqin ki, orta çağ salnaməçiləri Yaqut Həməvi (1179–1229) və Həmdullah Mustoufi Qəzvininin (1281–1346) kitablarına daxil etdikləri xalq rəvayətləridir. Onların yazmasınca,sən demə,Təbriz şəhərinin əsasının qoyulması Abbasilər sülaləsindən olan Harun ər-Rəşidin (763–809) bacısı Zübeydə xatunla bağlıdır. Guya Zübeydə xatun şiddətliqızdırma mərəzinə mübtəla olmuş, təbiblər ona çarə tapa bilməmiş, heydən düşən xanım Təbrizə təşrif gətirdikdən sonra qısa bir vaxtda davasız-dərmansız nicat bulmuş, sağalınca isə burada şəhər salmaq əmrini vermişdir.

...Söz yox, bu, həqiqətlə bir araya sığmayacaq tarixi lətifədir. Əslində “Təbriz” sözünün də, Təbriz şəhərinin də yaşı qat-qat qədimdir. Lakin atalarımız “yanlış da bir  naxışdır” söyləmişlər və həmin səhv yozumda da, bir az başqa görüm bucağından yanaşılarsa,diqqətə dəyər bir doğrunun işartısı sayrışmaqdadır.

Təbrizin havası, suyu, olsun ki, insana şəfa da verir, elə qızdırmanı da aşağı salır. Amma Təbrizin dikbaş ruhu tarixlər ərzində çoxlarının qızdırmasını qaldırıb, çoxlarının yuxusuna haram qatıb. Ötən yüzillərin uzaq və yaxın tarixindəki bolluca güclü etirazların, inqilabların, xalq hərəkatlarının mərkəzində Təbriz dayanıb, İrandakı bir çox mühüm ictimai-siyasi başlanğıcların dalğası da qanı coşduran, cəmiyyətin hərarətini yüksəltməyə, qaynama həddinə çatdırmağa qadir olan Təbrizdən baş qaldırıb.

Ona görə də müstəbidlər, qəddar və laxlaq rejimlər hətta bu kəlmənin özündən ehtiyatlanıblar, üşəniblər, qorxub-çəkiniblər.

Sovet dönəmində, İranla Azərbaycan sərhədlərinin kip-kip qapalı əyyamlarında radiolarda, televiziyalarda Təbrizdən Bakıya gəlmiş sərhədtanımaz “Qaragilə” mahnısı da oxunardı. Amma könüllərin dərinlərindəki çox incə Vətənçi duyğuları dəbərtməyə, qabartmağa, püskürtməyə qadir “Təbriz” sözünü senzor qayçısı ilə həmin nəğmədən kəsmişdilər. Çünki “şəhər” mücərrəd sözdür, “Təbriz” isə ünvandır. Düşüncəyə, hisslərə birbaşa təsir edən şüadır, qığılcımdır, qıcıqdır. Necə qorxmayaydılar ondan?!

 

Təbrizin küçələrin dolanbadolan, –

əvəzinə

Şəhərin küçələrin dolanbadolan, –

oxumağa vadar edirdilər.

 

Sevimli nəğmənin mətninin yontanmamış orijinalında sadəcə “Təbrizin küçələri” deyilirdi və heç bir Təbriz küçəsinin, məhəlləsinin adı çəkilmirdi. Ancaq həmin bircə misralıq işarə bələdçi çırağa, parlaq işığa çevrilərək yaddaşı silkələyirdi, Azərbaycan insanlarını küçə-küçə, məhəllə-məhəllə Təbrizi gəzib dolandırırdı, bu mahnının xallarına və sözlərinə daldıqca onlar Sorxabı, Bağmeşəni, Rastaküçəni, Maralanı, Şeşgilanı, Çərəndabı, Çustduzanı, Küçəbağı, Qonqabaşını, Barıncı görürdülər, xəyalən də olsa, qədəmləri və əlləri çatmayan həmin munis yerlərlə addım-addım, ağır-ağır irəliləyirdilər.

Təbriz nədir, onun qaçılmaz cazibəsinin, tükənməz sehrinin sirri nədədir?

Təbriz ilk növbədə insanlar, simalar deməkdir.

Təbrizi Təbriz edən istedadlı, nəcib, cəsur, qəlbigeniş, mərd, mehriban, sülhsevər insanlar.

Təbriz ötkəm xalq öndərləri, mübariz kişilərdir, onların qeyrətli çöhrələridir.

Təbriz “İranın Haribaldisi” adlandırılmış, 1905-1906-cı illər məşhur Təbriz üsyanının qəhrəmanı, “Sərdar-i milli” – “Millət rəhbəri” qiymətinə layiq görülmüş Səttarxandır (1867–1914), Məşrutə inqilabının öndərlərindən olmuş və hünərlərinə görə “Salar-i milli” – “Xalq sərkərdəsi” çağırılmaq ehtiramına çatmış Bağır xandır (1862–1916), eyni yolun yolçuları Şeyx Məhəmməd Xiyabanidir (1880–1920), Seyid Cəfər Pişəvəridir (1892–1947)...

“Azərbaycan, Təbriz bir daş qazana bənzər. Gec qızar, gec soyuyar”. İgid Səttarxanın bu sərrast deyişində millətin və təbrizlinin dəqiq səciyyəsi var.

Təbriz şair surətləri deməkdir. Təbriz dahi ustada – Mövlana Cəlaləddin Rumiyə ustad olan Şəms Təbrizinin (1185–1248) Təbrizidir. Təbriz Qətrandır, Hümamdır(1238–1314), Pərvin Etisamidir(1907–1941), Şəhriyardır(1906–1988), Səməd Behrəngidir(1939–1967)...

İndi Amerika Birləşmiş Ştatlarında yaşayan bir dostum danışırdı ki, o vaxt – şah dövründə xaricdə təhsil alırmış, iki-üç həftəliyə Vətənə tətilə gəlibmiş. Bir ilk gün, bir də axırıncı gün gedir babasının qəbrini ziyarət etməyə. Söyləyir ki, o zamanlar İranda Səməd Behrəngi yasaq adlar sırasında idi və onun məzarı da babamın qəbrinin yanında idi. Hər dəfə gedəndə onu görürdüm ki, kimlərsə gizlicə Behrənginin məzarının üstünə təzə çiçək dəstələri düzüb.

Təbriz heç bir “hava şəraitində” dəyişməyən, başqa rəngə girməyən Tək Sifətdir.

Təbriz rəmzlər deməkdir. Təbriz o rəmzlərin yaratdığı Millət İmzası deməkdir. Çünki həmin rəmzlərin hər biri tarixin qızıl yarpaqlarına əbədilik nəqş olunub və dünyanın hər guşəsində, zamanın hər kəsiyində Təbrizin, təbrizlinin və Azərbaycanın ucalığını əyan etmək qüdrətindədir.

Dahi Sultan Məhəmmədin (1490–XVI əsrin ortaları) miniatür məktəbi və selə çevrilərək rəssamlıqda dönüş yaradan ardıcılları Təbrizdə yetişdilər, Səfəvilər dönəmində Təbriz Azərbaycanın və müsəlman Şərqinin miniatür paytaxtı oldu.

İndi Sultan Məhəmmədin, onun məktəbini təmsil edən xəttat və rəssamların əsərləri – hazırladıqları əlyazma kitabları, çəkdikləri bədizlər- miniatürlər dünyanın sıra-sıra ölkəsinin böyük muzey və kitabxanalarına sanbal verir, qorunduqları əlyazma xəzinələri və saxlancların ən nadir sərvəti hesab edilir,həmin ölkələrdə incilərin dəyərini anlayanlar belə qiymətli mirasın indi onlarda olmasından gizlətmədikləri qürur duyğusu ilə bəhs edirlər(çox zaman sadəlövhcə iddia edirlər ki, türk, fars, ərəb dillərində “miniatür” sözünün qarşılığı yoxdur, amma bunu da yazırlar ki, miniatür türk-islam sənətidir. Məntiq haradadır? Necə ola bilər ki, əski miniatürlərimiz olsun, amma bu çəkililəri nişan verən kəlmə olmasın? Söz varmış, hətta bugünədək də Qərbi Anadoluda və Azərbaycanın bir sıra kəndlərində elə ilkin şəklində olduğu kimi və elə qədimi anlamında – “süs vermək” mənasında işlənməkdədir. Əski türkcədə miniatürə “bədiz”, miniatürçüyə “bədizçi” deyilib.  Əski türkcədəki “bədiz”, “bədzə”, elə bugünkü “bəzəmək”dir. Səs, hərf düşümü dilin məlum sərgüzəştlərindəndir.

Kültigin daş yazılarında evlərin divarlarına naxış vurub rəsm çəkmək belə ifadə olunur: “İçin taşın adıncıq bediz urturtum” – “İçinə-çölünə misilsiz süs vurdurdum”.

Əski türklər kağız, daş, divar üzərində nəqş və həkk  edilən bəzəyin hər növünə – rəsmə də, naxışa da “bədiz” – “süs” söyləyirdilər. Bunu Göytürk yazıları da, Mahmud Qaşğarlının “Divan-i lüğət ət-türk”ündəki örnəklər də isbat etmədədir.

Mətləbdən bir az aralı düşsək də, bunları yazdım. Daha doğrusu, bunu da Təbriz yazdırdı. Sözün haqq olanını yazmaq və demək, sözü yanlışdan arıtlamaq da Təbriz mühitinin və Təbriz əhlinin köhnə nəcib şakərlərindəndir. Elə bu bayatını da dilini təmiz görmək istəyən təbrizli qoşub:

 

Türkü danış, türkü yaz,

Öz dilüvə etmə naz.

Öz dilivü boşlayıb,

Özgə dilə çalma saz.

 

O əsərlərin hər biri Təbrizin rəmzi, millətimizin qabiliyyətinin, zövqünün, istedadının göstəricisidir, müasir dünyada Azərbaycanın özünütəsdiq möhürüdür.

Təbrizli xalçaçıların, təbrizli xanımların barmaqlarının hərarətini hər ilməsində yaşadan zərif xalılar bu şəhərin ən canayatan rəmzlərindəndir.

Xalçanı çox xalqlar toxuyub, elə Azərbaycanın, İranın özündə neçə cür xalça məktəbi var. Təbriz xalçaları bu müstəvidə də seçilib, özünəməxsus incəlikləriylə irəliyə çıxıb. Xalçaçılıqda Təbriz üslubu ayrıca bir məktəbdir və həmin məktəbin “Dörd fəsil”, “Ləçəkturunc”, “Əfşan”, “Ağsaçlı” kimi nümunələri dünyada məşhurdur. Çünki onlar da sərhəd tanımayıb, ən qiymətli qənimət, yadigar, sovqat kimi Təbrizdən iraqlara aparılıb. Və indi hər biri haradadırsa rəmzliyini, Təbriz nişanəsi olmaqlığını saxlayır, hər baxıldıqca millətimiz, Təbrizimiz, Azərbaycanımız, ülvi sənətimiz barədə həqiqətləri pıçıldayır.

Bu da bir bəxt hikmətidir ki, Təbrizin və təbrizlinin üstünə əl qoyduğu hər şey sanki birdən-birə qeyri-adiləşir, rəmzləşir.

Küftə bir milli xörəkdir ki, İranın, Azərbaycanın, Orta Asiyanın neçə xalqının əksər ailəsində, əksər aşpazxanasında az qala günaşırı, həftəaşırı onu bişirirlər, ləzzətlə yeyirlər və küftə hər yerdə elə küftədir ki var.

 

Təbrizdən savayı!

 

Təbrizin küftəsi də taysız oldu, digərlərindən seçildi, dillərə düşdü və bu şəhərin adı bu xörəklə brend kimi birləşdi: “Təbriz küftəsi”.

“Təbriz” kəlməsiylə calaq oluncaküftə sıraviliyindən qurtuldu, Təbriz möhürüylə sadə küftənin özü də rəmzləşdi, Təbrizin üstünlüyünü, bənzərsizliyini nişan verən amillərdən biri olmaq kürsüsünə qalxdı.

Muğam Şərqin ən mənalı, ən riqqətverici dəyərlərindəndir ki, yaşını kimsə bilməz. İranda da, o taylı-bu taylı Azərbaycanda da son bir neçə yüzildə, yalan olmasın, bir neçə yüz bəyənimli, hamı tərəfindən etiraf edilən, adı tarixdə qalan  xanəndə çalıb-çağırıb. Səsləri, ifaları vallarda, lentlərdə, xronikalarda yaddaşlaşıb.

Təbriz məşhurlar əlindən iynə atsan düşəcək yer olmayan darısqal muğamçılıq  meydanında da öz rəmziliyini ön sıraya keçirməyə nail olub.

Xanəndə Azər İqbal Soltan (1870–1971), həmin o təkrarsız oxu məharəti və məlahətinə malik Əbülhəsən xan 101 illik ömrünün lap sonunacan oxudu. Ustadın 100 yaşında ikən ifa etdiyi “Bayatı İsfahan”ın lent yazısı heyrət örnəyi kimi qalmaqdadır. Fəqət Əbülhəsən xan Azər İqbal Soltanın müstəsnalığı bu yaşda bu təpər və şirinliklə oxuya bilməsindən daha əvvəl muğamın, xanəndəliyin bütün bizə bəlli tarixindəki fəth edə bildiyi zirvədir.

Əbülhəsən xan muğam ifaçılığında, xanəndəlikdə elə qüdrət sahibi idi ki, hələ sağlığında rəmzə çevrilmişdi, onu etalon, çatılmaz, muğam səltənətinin şəriksiz sultanı sayırdılar.

Təbriz də xoşbəxt idi ki, Şərqin ən birinci xanəndəsi, ustadlıq rəmzi Əbülhəsən xan onunkudur.

Neçə istəkli balası kimi,Təbriz Əbülhəsən xana da əbədi rahatlıq bağışlamaqçün mehriban qoynuna aldı, o möcüzə səs yiyəsi də bu müqəddəs şəhərin pak torpağına qovuşdu.

Hər kəndin, hər şəhərin bir, bəzənsə bir neçə qəbiristanı olur. Təbii ki, bunca əski və bunca ulu Təbriz də istisna deyil.

Amma Təbriz öz qəbiristanını da qutsal bir rəmzə çevirə bildi.

Təbrizin “Məqbərət üş-şüəra” məzarlığı sadəcə məzarlıq deyil, panteondur. Burada ilk torpağa tapşırılan şair “Loğət-e fors”u yaratmış dilçi alim Əsədi Tusi (vəfatı 1072) olub. Bu, XI əsrdə baş verib.

Qətran Təbrizi də burada uyuyur, Xaqani (1126–1199) və Zülfüqar Şirvanilər (1190–1245) də, Mücirəddin Beyləqani (vəfatı 1190) də, Məğribi Təbrizi (vəfatı 1406) də, neçə-neçə başqa ünlü azərbaycanlı da və XX yüzildəki klassikimiz Məhəmmədhüseyn Şəhriyar da.

Bu rəmz məzarlıq, 1000 yaşlı tayı olmayan ziyarətgah “Məqbərət üş-şüəra”  – “Şairlər qəbiristanı” adlansa da, oradakıların heç də hamısı şair deyil. Amma hamısı millətin seçkin övladları, bəşəriyyətin istəkli yavrusu adlanmaq haqqı qazanmış şəxsiyyətlərdir ki,  insanı, xalqı və nəhayətdə bir parçasına çevrildikləri Təbrizi şairanə məhəbbətlə seviblər.

Təbrizin bir rəmziliyi də var ki, bu, kədərli, nisgilli simvoldur.

Təbriz Araz sahilində deyil, Təbrizdən sərhəd dirəkləri görünmür. Amma zaman-zaman Təbriz həm də bir millətin parçalanmasının, bir məmləkətin ikiyə bölünməsinin rəmzi olaraq qavranılıb.

1813-cü ildə Gülüstanda, 1828-ci ildə Türkmənçayda İran və Rusiya arasında bağlanan müqavilələrlə o kiçik coğrafi məntəqələrin, sıradan olan kəndlərin adı tarixə keçdi.

Həmin bağlaşmalarla Azərbycanın Güneyi Arazın o, Quzeyi bu tayında qaldı. Sonra onillər sovuşacaq, Çar Rusiyasının yerini Sovet hökuməti tutacaq, sərhədləri daha da sərtləşdirəcək. Elə çağlar yetişəcək ki, faciə bir qədər də dərinləşəcək, o taydakı bacı-qardaşın əli bu taydakı bacı-qardaşa çatmayacaq, ana o üzdə qalacaq, bala bu üzdə, ər orada ömür sürməli olacaq, külfəti bu tərəfdə.

Bu ayrılıq, bu həsrət 1990-cı ilin 31 dekabrına, həsrətdən bezmiş insanların, nəhayət ki, səbir kasasının daşdığı, bir xalqı ikiyə bölmüş sərhəd dirəklərini aşırdığı, məftilləri kəsib-doğradığı, bir çoxlarınınsa soyuq qış günündə o biri sahilə tez yetrişməkçün Arazın sularına atıldığı qəhərli sevinc dolu məsud günə qədər davam edəcək.

Həmin gün millət təqviminə dünya azərbaycanlılarının birlik, həmrəylik günü kimi daxil olacaq, hər il bayram ediləcək.

Lakin o gün elə öz-özünə, tarixin sakit axarı ilə gəlib çatmamışdı. Həmin günü gətirməkçün insanlar onillərcə can qoymuşdular, mübarizə aparmışdılar.

Sovet rejimi içərisində yaşayan, hər sözünün açıq mətbuat səhifəsinə çıxmasına yüz ölçülüb, bir biçiləndən sonra izin verilən Azərbaycan şairləri yasaq mövzunu daim gündəmdə saxlayır, həyatlarını, azadlıqlarını təhlükədə qoymaqdan çəkinməyərək ayrılıqdan, bir millətin ikiyə bölünməsindən yazırdılar. Və onlarçün rəmz Təbriz idi.

 

Süleyman Rüstəmin “Təbrizim”inin Bakıda işıq üzü görən misraları Azərbaycanın o tayında da, bu tayında da dildə-dodaqda idi:

 

Qədrini ayrılıq çəkənlər bilir,

Hicrində göz yaşı tökənlər bilir,

Ömrünə qaranlıq çökənlər bilir,

Bağından gül-çiçək dərdim, Təbrizim!

Yenə təzələndi dərdim, Təbrizim!

 

Bəxtiyar Vahabzadənin 1959-cu ildə yazdığı, Bakıda nəşri mümkünsüz olduğundan əyalət qəzetində– Şəkidə təxminən mərkəzdən xəlvəti dərc etdirdiyi “Gülüstan” poeması ildırım sürəti ilə əl-əl gəzməyə başlamışdı və az qala müəllifinin həbs edilməsinə gətirib çıxarmış, cavan şairin bütün gələcək karyerasına nöqtə qoyacaq qədər kəskin hakimiyyət qəzəbinə bais olmuşdu. Ayrılıq, bölünmək müsibətindən bəhs edən bu əsərin də baş qəhrəmanı, ən rəmzi kəlməsi yenə Təbriz idi:

 

Ağalar bilmədi birdir bu torpaq,

Təbriz də, Bakı da Azərbaycandır.

Bir elin ruhunu, dilini ancaq

Kağızlar üstündə bölmək asandır.

 

Təbrizdənsə özü bu taya çatmayan Şəhriyarın yanıqlı misraları Bakıya doğru durnalar kimi qanadlanırdı:

 

Bir uçaydım bu çırpınan yelinən,

Qovuşaydım dağdan aşan selinən,

Ağlaşaydım uzaq düşən elinən.

Bir görəydim ayrılığı kim saldı,

Ölkəmizdə kim qırıldı, kim qaldı.

 

Təbrizin rəmziliyinin, İrançün, bölgədən ötrü açar mahiyyətinin, Yaxın və Orta Şərqin taleyinə yönəlik böyük dünya siyasətlərində mühümdən-mühüm, həssasdan-həssas yerinin danılmaz sübutlarının bir qismi XX yüzilin ortalarında SSRİ kimi nəhəng dövlətin indi-indi üstündən qıfıl götürülən arxivlərdən üzə çıxan məxfi sənədlərində əksini tapmışdır.

 

1945-ci ilin yazında İkinci Dünya müharibəsi SSRİ-nin və onunla müttəfiq qoşunların qələbəsi ilə başa çatdı. Odlu-alovlu bir müdhiş müharibə yekunlaşsa da, tezliklə – heç həftələr, aylar keçmədən azı 44-45 il sürəcək, yalnız 1980-ci illərin axırlarında SSRİ-də demokratikləşmə proseslərinin hərəkətə gəlməsi, bu əzazil imperiyanın çökərək dağılmasınadək davam edən üzücü, bəşərin və bütövlükdə dünyanın inkişafına çox zərərlər vurmuş “soyuq müharibə” start götürdü.

Və nə qədər qəribə olsa da bu müharibənin başlanma məkanı Təbriz idi. Əslində Təbriz uzaqhədəfli siyasi məqsədlərin dairəsinə 1930-cu illərin ortalarından daxil idi.

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin arxivində sovet repressiyalarının qurbanı olmuş və mənşəcə cənublu bir sıra görkəmli xadimlərin cinayət işlərini araşdırarkən bəlli oldu ki, 1930-cu illərin ortalarında SSRİ İranda həmkarlar hərəkatının genişlənərək güclənməsi, gələcəkdə İranda hakimiyyətə məhz bu şəbəkədə olan insanların gəlməsində maraqlı imiş, həmin istiqamətdə ardıcıl fəaliyyətlər də göstərirmiş.

O hərəkatın önündə gedənlərdən olan, Cənubi Azərbaycanda Milli Hökumət qurulanda maarif naziri vəzifəsini daşımış şair və ictimai xadim Məhəmməd Biriyanın adının 1930-40-cı illərdə Azərbaycan rəhbəri Mircəfər Bağırovla Sovet lideri İosif Stalinin yazışmalarımda mütəmadi yer alması, gələcəkdə hələ çox işə yaraya biləcək bu şəxsdən qənaətlə istifadə olunmasının tövsiyə edilməsi səbəbsiz deyilmiş.

Əslində,Sovetin niyyəti ideologiyası, idarəçiliyi baxımından sosialist blokuna uyğun bir İran formalaşdırmaq idi, həmkarlar hərəkatından da bu yolda bir vasitə kimi istifadə edilirdi.

1945-ci il dekabrın 12-də, İran təqvimiylə azər ayının 21-də Cənubi Azərbaycanda Milli Hökumətin elan edilməsi həmin çoxgedişli möhtəşəm planın növbəti halqası idi.  Boşuna deyildi ki, bu hadisələrin hər anı dərhal Bakı vasitəsilə SSRİ-nin ali rəhbərliyinə – Stalinə, Molotova, Beriyaya, Malenkova çatdırılırdı, Kremldən də təxirə salınmadan ani cavablar gəlirdi.

İndi hər birində Təbrizin adı keçən o sənədlər əlyetəndir və dünyanı başqacürləşdirən bir tarixin necə cərəyan etdiyini saat-saat, gün-gün ardıcıllıqla nümayiş etdirir.

Təbrizdə Milli Məclisin işə başlaması, Azərbaycan Milli Hökumətinin təsis edilməsi ilə SSRİ-nin Şimali İranda və Türkiyənin Şərq sərhədlərində gerçəkləşdirməyi nəzərdə tutduğu muxtariyyət layihəsi məhz Təbrizdə rəsmi status alaraq ayaq tutdu. Əlbəttə ki, bölgənin sabahkı siyasi taleyi və xəritəsi ilə bilavasitə maraqlı olan digər dövlətlər bütün bunları diqqətlə izləyirdilər. Təbrizdən hər gün oradakı ABŞ konsulunun məxfi raportları da Vaşinqtona göndərilirdi.

Mövcudluğu dövründə həmişə yollar kəsişəcəyində qərar tutmuş Təbriz 1945-46-cı illərdə ixtiyarsız olaraq yenə yollar ayrıcında, dünya siyasətinin ən qəliz düyününün tən mərkəzindədi.

Az sonra Amerikanın sovetə “özünü yığışdır” xəbərdarlığı kimi Xirosima və Naqasakiyə atacağı atom bombaları, 1946-nın dekabr günlərində sovet qoşunlarının tələm-tələsik İrandan çıxması və Milli Hökumətin devrilməsi Təbrizdə baş verənləri və verə biləcəkləri bir an belə nəzarətindən buraxmayan fövqəlgüclərin iradəsinin nəticəsi idi.

Dünyanın ən sürəkli savaşlarından biri, onillərcə saqqız kimi dartılacaq  soyuq müharibə” belə qızışırdı.

Və o böyük davanın ilk qurbanı,nə yazıq ki, Təbriz və təbrizlilər, Azərbaycan oldu.

1946-cı ilin dekabrı idi. Küçələrdə dar ağacları qurulmuşdu. Bayrağı endirilmiş Azərbaycan Milli Hökumətinin yüksək vəzifəliləri, fədailəri bayraq əvəzinə dar ağaclarından asılırdılar, dəstə-dəstə güllələnirdilər, qazamatlara tolazlanırdılar. Bir qisim bədbəxtsə evini-eşiyini, var-yoxunu ataraq bir daha qayıda bilməyəcəkləri Təbrizdən Araz sarı, Sovet Azərbaycanına qaçırdı.         

 

Yaraların ağırdır.

Təbrizim!

Nigaranlıq qəlbimi

Ağrıdır,

Təbrizim.

 

Bu göynəkli sətirləri yazan o çağlar bir müddət Təbrizdə yaşayıb çalışmış Rəsul Rza idi.

Amma bu  sabahlı misraları yazan və Təbrizin xoşbəxt Gələcək Gününə inam bəsləyən də Rəsul Rza idi:

 

Açılacaq üfüqlər

Bir aydın səhərində.

Çəkiləcək üstündən

O zəhərli buludlar.

Doğulacaq arzular,

Umudlar.

 

Təbrizlilər həmişə birinci olmağa can atıblar və həmişə də öncüllük əllərindən gəlib.

Bəlkə ilk əlyazma kitabı da haçansa vaxtın indi kimsəyəbilinməz təkində elə Təbrizdə qələmə alınıb? Bu, ehtimaldır.

Bu isə dəqiq və sübutlu bir xəbərdir ki, hicri 1233-cü ildə (1817 miladi) təhsili, elmi, kitabı əziz tutan Təbrizdə o zamanlar “basmaxana” deyilən birinci mətbəə yaranıb və İranın yeni dövrdəki ilk çap kitabı olan Mirzə İsaxan Qaimməqamın “Cəhadiyə” risaləsi orada nəşr edilib.

Təbrizdə orta çağdan üzü bu yana müdam mükəmməl kitabxanalar olub. “Kitabdar” – saray kitabxanasının rəisi vəzifəsi təsadüfən yaranmamışdı. Və yeni zamanda şəmsi tarixlə 1300-cü, miladi tarixlə 1922-ci ildə İranda ilk ümumi kitabxana da Təbrizdə yarandı. Həmin kitabxananı quran qiymətli araşdırıcı, şair, ziyalı, “Daneşməndan-e Azərbaycan” adlı sanballı əsər yaratmış və özü də bu xalqın ən seçkin daneşməndlərindən – alimlərindən olan Məhəmmədəli Tərbiyət idi və bu ocağa təvazö ilə sadəcə “kitabxana-qiraətxana” adı vermişdi. Sonralarsa kitabxananın adı tarixin ədalətiylə Tərbiyətin adına birləşdi, oldu “Tərbiyət kitabxanası”. Həm müstəqim, həm məcazi mənada düppədüz!

 

Birinci olmaq çətindir, amma sonra çoxları arasında birinciliyini qoruyub saxlaya bilmək ikiqat müşküldür. Təbriz həyatı boyunca ona da, buna da müvəffəq oldu. O həddə qədər ki, Təbrizin daimi birinciliyinə, bir növ, adət edildi, bu keyfiyyət elə Təbriz və təbrizlilərdən ötrü də həmişə yaşanmalı olan məsuliyyətli vərdişə çevrildi.

Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə oldusa, başqa bir soydaşımız – Mirzə Ağa Təbrizi (vəfatı 1915) İranda Mirzə Fətəli təsiri ilə ilk dəfə yeni tipli teatr və dramaturgiyanı vücuda gətirdi.

Təbrizin imza atdığı fəxr ediləsi “ilk”lər saymaqla bitən deyil. Və nə qədər Təbriz var, təbrizli var, təbrizli qətiyyəti və əzmi var, yeni-yeni ilklər də olacaq!

Təbrizin iftixarı bir müstəsna şəxsiyyət də var ki, o həm varlığıyla Təbrizin bütün zamanlar üçün sifətlərindən olan şəxsiyyətdir, əməlləri və əsərləri ilə rəmzlər doğurmuş dahidir, həm də çoxcəhətli əməkləriylə Təbrizin ömür dəftərinə yazılan bir para mühüm ilklərin müəllifidir.

Xacə Fəzlullah Rəşidəddin Təbrizidə (1247–1317) hakimiyyət və hikmət vəhdətdə idi. O həm Elxanilərin vəziri və saray həkimi, həm də tarixçi alim, ədib idi, mədəniyyət və elm təşkilatçısı idi. 1310-cu ildə sona çatdırdığı “Cami ət-təvarix” orta əsrlərin oçağacan qələmə alınmış ənənəvi salnamələrindən fərqlənirdi, yanaşma və təhlil üsullarıyla elmi əsaslara söykənən çox sonrakı tarixşünaslığın təməlini yaratmış inanımlı, mötəbər bir mənbə idi. Bu xeyli ciddi elmi işini icra edərkən Rəşidəddin həm də sənətə gərəkli töhfə verməyə nail olmuşdu. Zəmanəsinin bir bölük mahir rəssamlarını cəlb edərək “Cami ət-təvarix”in ayrı-ayrı cildlərini və onların nüsxələrini miniatürlərlə bəzətdirmişdi, bununla da islamın gəlişindən sonra söndürülmüş, susmuş təsviri sənətin yeni yüksəliş və parlayışlarına tutarlı təkan vurmuşdu.

Qurucu təfəkkürlü, daim yenilik, axtarış ehtirası ilə yanan bu insan Təbrizin şimal qərbində “Şəhristan-i Rəşidi”, ya da “Rəb-i Rəşidi” (Rəşidi sarayı, məhəlləsi) adlanan  şəhərcik saldırmışdı. Buraya elə qısaca olaraq “Rəşidiyyə” də deyirdilər. Əslində bu, Təbrizin, müasir deyişlə ifadə olunursa, iri bir mikrorayonu idi. Orada 30 min ev, 135 min əhali və 24 karvansaranın varlığı həm daimi sakinlərin, həm də gəlib-gedənlərin sayının nə qədər çox olmasına əyani göstəricidir.

Rəşidəddin ilk milli universitetimizi və universitet şəhərciyini yaratmış, bu təhsil və elm mərkəzinin bütün daxili quruluşunu mükəmməl şəkildə düşünüb gerçəkləşdirmiş maarifçi, təhsilçi idi. Onun təsis etdiyi və özünün də həm təbibliklə məşğul olduğu, həm dərs dediyi “Dar üş-şəfa” nəhəng təbabət mərkəzi sayılmaqla yanaşı, eyni zamanda Çindən, Hindistandan, Suriyadan, Kritdən və digər bir çox yerlərdən hər il təhsil almağa yalnız 6-7 min xarici tələbənin gəldiyi  tibb institutu idi. Qıraqdan gələn o qədərsə, təsəvvür edin öz öyrəncilərimiz nə miqdardaymış.

Buraya oçağkı mədəni dünyanın hər yerindən alimlər dəvət edilirdi. Rəşidəddinin girişdiyi işlər çox və hamısı da gələcəkli, tarixdə qalan idi. Təbrizin mütəmadi yer silkələnmələrinə mail bir məkan olduğuna agahlığından Rəşidəddin göstəriş vermişdi ki, bu şəhərcikdə tikilən binaların zəlzələyə davamlılığına xüsusi diqqət ayrılsın. Dövlətşah Səmərqəndinin (1431–1495)  1487-ci ildə bitirdiyi “Təzkirət üş-şüəra”sındakı elə sözgəlişi qeydi bu sorağın tarixi sübutunu nişan verir: “Rəb-i Rəşidi”dəki tikililərdən birinin üzərində bu cür yazılmışdı: “Bu binanın dağıdılması başqa bir binanın tikilməsindən daha çətindir”.

Dövlətşahın bu adicə xəbərindəki adi olmayan fəlsəfə ondan ibarətdir ki, Rəşidəddinin yalnız daşdan qurduqları deyil, qələmlə yazdıqları, cilovsuz zəkasıyla həyata tətbiq etdikləri də o qədər möhkəm, o qədər sarsılmazdır ki, yüzillər ötəndən sonra əhəmiyyətini qoruyub saxlayıb, hətta vaxtın da onları dağıtmağa, aşılmağa, gərəksizləşdirməyə gücü yetməyib.

Köhnə Təbriz evlərinin bir özəlliyi vardı. Otaqdan otağa keçirdin və zənn eləyirdin sanki mənzili tam gördün. Amma yox! Təbriz mənzillərinin ilk baxışda qapısı nəzərə çarpmayan, yaxud heç qapısı olmayan, girəcəyinin üstündən xalça asılmış xəlvət bir otağı da olurdu.Təbii ki, nabələd adam xalçanı elə lay divardan asılmış sanırdı və güman eləmirdi bunun arxasında gizli otağa keçid var. Həmin xəlvəti otaq, bir növ, mənzilin içəri aləmi idi. O ənənəvi Təbriz hücrələrinin işarəsi bir müqayisəyə sövq edir – bütün təbrizlilərin ortaq, böyük evi olan Təbrizin özünün də mənzillərdəki həmin qapalı otaq kimi bir içəri dünyası var. Təbrizi batinindən görməyə vasitə ola biləcək körpü isə bu şəhərin dillərdə dastan olan bazarıdır. Boşuna deməyiblər ki, Təbriz bazarında olmamısansa, Təbrizi görməmisən. Məcazi mənada “görməmisən”. Yəni duymamısan! Təbriz bazarının yaşı 1300-1400 ilə çatır və yüzillər ərzində bura həmişə Təbrizin danışan ağzı, ovuc içərisindəki kimi aydın görünən güzəranı, insanların öz mühitlərində nədən razı qalıb, nəyə dodaq büzdüklərinin gerçəkçi, səmimi aynasına çevrilib. Əlbəttə, o aynanı seyr etmədən Təbriz duyulmaz.

Binə edildiyi, tikildiyi vaxtdan indiyəcən işləyən və o səbəbdən də dünyanın ən əski, ən böyük ticarət məkanı olan, ərazisi 1 milyon kvadratmetrə çatan Təbriz bazarı həmişə yalnız ticarət məskəni deyil, həm də (bəlkə də ilk növbədə) ictimai-siyasi həyatın ən ümdə maraq və baxışlarının qaynadığı qazan olub. Bizim yeni zaman içərisində gördüyümüz teleqraf agentliklərinin, radio və televiziyaların, internetin yükünü Təbriz bazarı bu şəhərin həyatında orta əsrlərdən çəkməyə başlayıb. O səbəbdən də Təbriz və Azərbaycan cəmiyyətinin əhval-i ruhiyyəsini dəqiq müəyyən etmək istəyən dövlət, hökumət dairələri bu bazarın səsinə qulaq asıblar, xəbərlərini izləyiblər, bu bazarda yürüdülən ehtimalları, proqnozları təhlil ediblər. Hərdən cəmiyyətdə nə reaksiyalar doğuracağını öyrənməkçün bura yalan şayiələr də ötürüblər. Alış-verişin hər üzünə bələd təbrizlilərlə, təcrübəli qoca Təbriz bazarı ilə bu fənd çox vaxt keçməyib. Tükü tükdən, qəlp malı xalis maldan sərraf gözü ilə dürüst ayırd etməyi bacaran təbrizlilər dərhal o saxta xəbərə də, o xəbəri yönəldənlərə də şəbədə qoşublar, qulp bağlayıblar.

Tarixən bu bazarın öz davranış qaydaları, qəlibləşmiş deyimləri, öz ağız ədəbiyyatı, öz lətifələri və lətifə qəhrəmanları olub.

Olub, yenə var, amma gərək özlüyündə şox maraqlı bu səmtin ardınca da yönəlib bu folkloru, bu tarixi toplayan, kitablaşdıran, hamınınkılaşdıran bir kəs də ola.

UNESCO-nun dünya mədəni irsi siyahısına daxil edilmiş Təbriz bazarını,  həmin bazarın əsnaf sıralarını  XVII yüzildə müşahidə etmiş Övliya Çələbi (1611–1682) “Səyahətnamə”sində belə qiymət verirdi: “Buranın ustad-i kamil nəqqaşı, rəssamı, zərgər və xəyyatı (dərzisi –R.H.) heç bir diyarda yoxdur. Hər karın (işin – R.H.) amil-i əlası ( ən üstün icraçısı – R.H.) bu şəhərdə mövcuddur”.

Söz yox, o çağın ustaları indiyədək yaşamaz. Amma Təbriz bazarının, Təbriz sənətkarlarının ustalıq vərdişləri yenə həmin siqləti və sanbalı ilə yaşamaqdadır...

Türk və dünya şairi Nazim Hikmət onillərcə hicranı ilə yaşadığı İstanbula həsr etdiyi çox düşündürücü və çox duyğulu həsrət şeirlərindən birində özünü Gülhanə parkındakı ceviz ağacına bənzədir, bu ağacdakı saysız-hesabsız yarpaqlara “əllərim” deyir və istəyirdi ki, köksünə sığmayacaq qədər əngin sevgi bəslədiyi İstanbuluna sadəcə bir cüt əllə deyil, min-min yarpaq qədər əlləriylə toxunsun.

Bu Təbriz sevgili yazı da əzizdən-əziz Şəhərlər Şəhərinə – Yuva Təbrizə min-min əllə toxunaraq onu əzizləmək, oxşamaq, min-min qolla O Gözələsarılmaq, onu bağrına basmaq, qəlbdə, zehində yaşatmaq arzusundan doğub.

Əlbəttə, tarixə sığmayan Təbriz bir yazıya sığmaz.

(Təbrizim! Sənə dar gəlməyəcək bir kitabı kim yazsın?! Ola bilərmi belə ilahi qələmli birisi?!).

Orta əsr şəhərləri qala divarları ilə əhatə edilmişdi və hər şəhər özünə görə elə balaca bir dövlət kimiydi. Ona görə hər şəhərin qapısı o şəhərin idarəediciləri və sakinlərindən ötrü yalnız giriş-çıxış nöqtəsi deyil, həm də sərhədin başlanğıcı, göz bəbəyitək qorunması vacib olan şərəf darvazası idi.

Qədim Təbrizinsə bir yox, iki yox, səkkiz qapısı varmış. Bu çoxluğun özü də Təbrizin əzəmətindən deyir. Sorxab Qapısı, Bağmeşə Qapısı, Xiyavan Qapısı, Nobar Qapısı, Miyarmiyar Qapısı, Gəcil Qapısı, İstanbul Qapısı,  Dəvəçi Qapısı. Tarixi vəzifələrini onları qoruyan təbrizlilərlə birgə ləyaqətlə yerinə yetirmiş həmin qapılar indi yoxdur. İndi Təbrizin özü tarixin içərisindəki əzəmətlidən-əzəmətli, azmandan-azman bir qapı kimidir.

Təbriz haqqında düşünmək, Təbriz haqqında yazmaq, Təbriz nəğmələrini dinləmək elə xəyalən Təbrizin qapısını açmağa bərabərdir.

Hərdən-hərdən açın o Qapını,  möhtəşəm tarix və böyük gələcəklə ürək-ürəyə, nəfəs-nəfəsə qalın!..

Hərdən-hərdən girin o Qapıdan,əziz Təbrizi biz az da artıq sevin, bir qədər də çox tanıyın və bu  gözəllər gözəlini hər dəfə yenidən məhəbbətlə qucaqlayın.

 

Rafael HÜSEYNOV

 525-ci qəzet.- 2013.- 7 dekabr.- S.18-19-24-25.