Din elmlərinin məzmun və
mahiyyətinə müfəssəl baxış
(davamı)
Bir çox
xristian qrupunu İsanın tanrı olduğu qənaətinə
gətirən yol onun tarixiliyi problemi ilə əlaqədar olmuşdur. Hz.İsanın şəxsiyyəti barəsində
İncillər və Yeni Əhdin digər kitabları arasında müəyyən
bir fərqlilik vardır. Fələstinli İsa bir yəhudi kimi doğulmuş, yəhudi ənənələrinə görə
böyümüş və
məsihiliyini irəli
sürüb yəhudi
inanclarına həqarət
etməsi bəhanəsi
ilə romalı və yəhudi hakimləri tərəfindən
öldürülmüşdür. Hz.İsa xristianlıq adlanan dini təlimin təbliğinə otuz yaşında başlayır.
Təbliğat aparma müddəti üç il göstərilir.
Otuz üç yaşında ikən yəhudilərin təzyiqi nəticəsində
romalı səlahiyyətlilər
tərəfindən edama
məhkum edilir. Çarmıxa çəkilərək
edam edilən İsa, kilsənin tarixiliyindən vaz keçmədiyi bir mövzu olaraq, üç gündən sonra dirilir və
şagirdlərinə görünür.
Hz.İsanın yəhudiliyə xas
bir peyğəmbər
olduğu görüşü
də mövcuddur.
Hz.İsanın mesajında güclü
bir esxatoloji (dünyanın, bəşəriyyəyin
sonu haqqında dini təsəvvürlərin
məcmusu) əlamət
vardır. Tanrı krallığının
(mələkut) gələcəyi
inancı onun təbliğinin önəmli
bir parçasını
təşkil edir.
Kilsənin orijinal mesaj
mövzusundakı ənənəvi
yorumu Hz.İsanın gözlənən məsih
olmasıdır. Hz.İsanın mesajı eyni zamanda yəhudi şəriətinin təkmilləşmə
və təshihini də ehtiva edir. Hz.İsanın kultla bağlı
yeni təqdim etdiyi təməl təlimlərdən biri məbədin (tapınaq) izahı ilə əlaqəlidir. İsa üçün
tapınaq elə də əhəmiyyətli
deyildir. İlk inananlar arasında "on ikilər" adını
alan bir
qrupun mövcudluğu
bildirilir. İnzibati təşkilatın on ikilik bölümlənməsi
yəhudi mədəniyyətinə
yad deyildir və İsrailin on iki qəbiləsini təmsil edir. Çox ehtimal ki, ilk xristianlıq məsih intizarını ən çox arzu edən fəqir insanlar tərəfindən
qəbul olunmuşdur.
Digər
tərəfdən Hz.İsanın
ölümündən sonra
qəbrinə gələn
insanların yalnız
qadınlardan ibatət
olması tarixçilərin
iki müxtəlif fikir yürütməsinə
səbəb olmuşdur.
Bunlardan birincisi kişilərin qorxub qaçdıqları
şəklindədir; ikincisi
isə erkən xristianlığın sosial
quruluşunu əks etdirir. Burada yəhudilikdən fərqli olaraq ilk camaatda qadınların kişilərlə eyni statusa malik olduğu
görünür.
Həvarilər dönəmi Pavlus öncəsi və pavlusçu dönəm şəklində ikiyə ayrılır. Pavlus öncəsi dönəmdə yeni hərəkatın mərkəzinin Qüds olduğu anlaşılır. Hz.İsanın ölümündən sonra dağılan şagirdlər təkrar bir araya gələrək dini həyat baxımından yəhudiliyi davam etdirmişdirlər. Onları digər yəhudilərdən ayıran təməl ünsür isə Hz.İsanın məsih olduğu inancıdır. Bu dönəmdə bir xristian kilsəsindən bəhs edilməz. Bununla yanaşı Stefanın (İstefanos) öldürülməsindən də anlaşıldığı kimi bu qrupun yəhudilər və romalılarla arası yaxşı deyildir.
Pavlusun yeni dinə daxil olması kilsə tarixində bir dönüş nöqtəsi oldu. Xristianlığı qeyri-xristian coğrafiyasında yayan əsas şəxs Pavlus olmuşdur. Pavlusun yeni dində tapdığı şey yalnız məsihi bir ümid deyildir. Bəlkə də daha önəmlisi yəhudi şəriətindən qopan yeni bir dinə zəmin hazırlamaq idi. Bunu gerçəkləşdirmənin yeganə yolu isə yeni dini ümumbəşəri bir mesaj çərçivəsində təqdim etmək idi. Pavlusun bir anda xristian olması kilsə tərəfindən ilahi planın bir parçası kimi izah olunurdu. Pavlus Klikyada Tərusda anadan olmuşdur. İbranicə adı Sauldur. Özü Benyamin qəbiləsindən olduğunu söyləyir. Pavlusun məktublarının dili o zaman işlənən bəsit yunan dili idi. Qüdsdəki çıxışlarında bəzən arami dilindən də istifadə etmişdir. Rəsulların İşlərindəki ənənəvi açıqlamaya görə Pavlus Şama gedərkən yuxuda Hz.İsa tərəfindən oyadıldıqdan sonra bu dini qəbul etmişdir. Pavlus bu yuxunu digər həvarilərə görünən yenidən dirilmiş İsa ilə müqayisə edir və bunu xəyaldan çox həqiqət kimi şərh edir. Onun xristianlığı seçməsindən sonra Ərəbistana getdiyi anlaşılır. Sonra Qüdsə gələrək əvvəlcə Petrus, sonra da Yaqubla tanış olur. Pavlusun təlimi ilə bağlı təməl görüşlər ona aid olduğu təsbit edilən otantik məktublarda (Romalılara, Korintoslulara, Qalatyalılara, Filipililərə, Koloslilərə, Selaniklilərə, Filemona) mövcuddur. Xristianlığı qəbul etməsindən sonra Pavlusun üzərində dayandığı iki təməl mövzu vardır: yəhudi ənənəsinin ləğvi və İsanın məsihliyi. Pavlus məsihilik inancını qəbul edərək ümumbəşəri bir doktrinanı qəbul etmişdir. Xristianlığın qeyri-yəhudi torpaqlarında yayılmasına vasitə olan ilahi təlim məhz bu oldu.
Xristianlığın ilk dönəmləri 30-313-cü illəri əhatə edir. Bu dövr yəhudi mənşəli xristianlarla bütpərəst mənşəli xristianların əmələ gəlməsi ilə nəticələndi. "Yəhudi mənşəli xristianlar" təbiri geniş anlamda istər Qüds və Fələstində, istərsə də diasporada yaşayan yəhudi irqindən gələn xristianları, dar anlamda isə Qüds və Fələstin kilsələrinə mənsub xristianları ifadə edir. Onlar Hz.İsanın mesajını mənimsəyən və onun İsrail Krallığını təsis etmək üçün yenidən gəlməsini gözləyən, yalnız Tövratı qəbul edib yəhudi şəriətinə əməl edən xristianlardır. "Bütpərəst mənşəli xristianlar" təbiri isə yəhudilərdən başqa irq və dinlərə mənsub ola-ola xristian olanları ifadə edir. Ellinizm meylli Pavlusçu xristianlıq qeyri-yəhudi torpaqlarında sürətlə yayılmağa başladı. Qüdsdəki yəhudi mənşəli xristian qrupun başında İncillərdə İsanın qardaşı kimi qələmə verilən Yaqub (Jacques) göstərilirdi. 70-ci ildə Qüdsün romalıların əlinə keçməsindən sonra yəhudilər Yaqubu öldürdülər. Yaquba bağlı xristianlar İordaniyadakı Pella şəhərinə çəkildilər. Həvarilər dönəminin sonunda bir çox qrupa bölünən bu camaat ebionilər (ebionites "fəqirlər") adı altında təqribən VI əsrə qədər varlıqlarını davam etdirdilər. Ebionilərin əlində olan İncillər kanonik (səhih) İncillərdən xeyli fərqli olub erkən xristianlıq düşüncəsini əks etdirir. Pavlusçu xristianlığın başlıca inkişafı Avropa coğrafiyasında baş verdi. Bu cərəyan kasıb və kölə təbəqələr arasında daha böyük nüfuz qazandı. Miladdan öncə III əsrdən bəri Avropadakı xalqlar arasında yayılmağa başlayan Şərqin sehrli dinləri yenidən dirilən İsa motivindən istifadə edən xristianlığın qəbul edilməsini asanlaşdırdı. Qardaşlıq və bərabərlik prinsipini əldə rəhbər tutaraq Roma İmperatorluğunun sosial quruluşunu alt-üst etməyə meyl edən xristianlıq ilk böyük zülmü Neronun taxtda olduğu zaman (54-68) gördü. Neronla başlayan nifrət və zülm kampaniyası xristianlığı daha da gücləndirdi. Xristianlıq Neron dönəmindən etibarən təşkilatlanmış bir hərəkata çevrildi. 81-ci ildən sonra Roma taxtına əyləşən Titus Filavyus Domitian yəhudilərlə birlikdə xristianlara qarşı məhv etmə əməliyyatını sürətləndirdi. Yeni Əhddəki Vəhy kitabının həmin dövrdəki xristianlara təsəlli üçün yazıldığı söylənilir. 249-cu ildə Roma imperatoru Desius rəsmi dövlət ayinini gücləndirmək məqsədilə bütün xristianlardan imperatorun adına qurban təqdim etmələrini tələb etdi. 250-ci ildə Roma piskoposu Fabian öldürüldü. Xristianların zorla Roma dinini qəbul etmələrində müəyyən müsbət nəticələr əldə olundu. Bunun nəticəsində bəzi qruplar ya bütpərəst oldular, ya da bütpərəst kimi göründülər. 284-305-ci illər arasında imperatorluq edən Diokletian dörd fərman imzaladı. Bu fərmanlardan birincisi kilsələrin və müqəddəs yazıların yandırılmasını, digərləri din adamlarını və inanan hər kəsin nəzarət altına alınmasını təmin edəcək əmrləri ehtiva edirdi. Diokletiandan sonra taxta keçən Qalerius dönəmində şiddətli zülmlərə məruz qalan xristianlar Qaleriusdan sonra imperator olan Konstantinin dövründə rahatlıq tapmışdırlar.
Konstantindən Böyük
Georgiyə qədər olan dövr IV-VI əsrləri əhatə edir. Xristian olan və xristianlığı
dövlət himayəsinə
alan ilk Roma impertoru Konstantindir.
306-cı ildə imperator elan
edilən Konstantin 313-cü ildə yaydığı
Milan fərmanı ilə
torpaqlarında yaşayan
xristianlara azadlıq verdi. Konstantinin xristianlığı
üstün tutmasının
səbəbi bəlli
deyildir. Kilsə onun
xristianlığı seçməsindəki
ən önəmli faktor kimi İsanın
Konstantinin Maxentius savaşında qalib gələcəyini müjdələməsi
ilə bağlı bir yuxu görməsini
qəbul edir. Bununla yanaşı İstanbulu Yeni Roma elan edən Konstantinin yeni torpaqlarda sürətlə yayılan
xristianlığı siyasi
hədəfləri üçün
istifadə etdiyi də ehtimal olunur. Belə ki, IV əsrdə
Cənubi Avropanın,
Anadolunun və Şimali Afrikanın böyük bir qismi xristian olmuşdur. Konstantin İstanbulu Şərqi
Roma İmperatorluğunun paytaxtı
etikdən sonra İstanbul da önəmli kilsə mərkəzlərindən biri
oldu. Qərb torpaqlarında şimaldan
gələn Qot istilaları Piskopos Ulfilasın (ö.381) sayəsində
qarşısının alındığı
kimi qotların böyük bir qismi də xristian
oldu. IV əsrdə
Konstantindən başlayaraq
Roma imperatorlarının xristianlıqda
praqmatik olaraq istifadə etdikləri bir güc tapdıqları
təxmin edilə bilər. Xristianlığı Roma Dövlətinin rəsmi dini kimi tanıyan ilk imperator I
Teodosdur. Konstantindən Papa I Georgiyə qədər olan dövr xritianlığın sürətlə
yayılmağa başladığı
bir dövr kimi tanınır. Bərbər
hücumları nəticəsində
qərb torpaqlarının
təhlükə altına
alınması ilə
IV əsrdən etibarən
Romanın Şərqi
və Qərbi olaraq iki ana
coğrafiyaya ayrılması
bir anlamda xristianlığın qədərini
də müəyyənlədirmişdir.
Bu tarixdən sonra Qərbdəki xristianlıq
latın mənşəyinə bağlı
qalıb Avropa coğrafiyasını formalaşdırmış,
Şərqi xristianlıq
isə İstanbul mərkəz olmaqla yunan mirasına sahib çıxaraq Anadolu coğrafiyasındakı xristianlığı
əmələ gətirmişdir.
Eyni zamanda IV əsr dövlət himayəsindən faydalanan
məhəlli kilsələrin
intellektual nöqteyi-nəzərdən
inişafına və
məzhəb qovğalarına
səbəb ola
biləcək qruplaşmalar
üçün də
qaynaq olmuşdur. V əsrdə bərbərlərin
hücumları nəticəsində
xristianların səlahiyyət
mərkəzi olan Roma
dağıdılmışdır. Kilsənin özünü qoruma məqsədi ilə bərbər qəbilələri
xristianlaşdırma səyləri
missioner fəaliyyətinin şimaldakı
işğalçı xalqlar
arasında yayılmasına
yol açmışdır.
Nəticədə V əsrdən etibarən
şimallı qəbilələr
sürətlə xristian
olmuşdurlar. Beləliklə,
şimal torpaqlarında
üç millət xristianlıqla tanış
olmuşdur. Onlar uzun zamandan bəri
Roma İmperatorluğunun təsirindən
kənarda qalan və Rahib Patrikin
sayəsində xristianlığı
qəbul edən keltlər, Fransada Kral Klovisin 496-cı ildə vəftiz edilməsi ilə xristianlaşan alman əsilli frank qəbilələri
və daha şimalda ingilislərdir. Eyni zamanda Şimali Afrikadakı bərbər qəbilələri də
xristian olmuşdur.
Orta əsrlər dövrü 604-1500-cü illəri əhatə edir. Yeni tarixi şərtlər kral Çarlmənin ortaya çıxmasına səbəb olmuş, papanın 800-cü ildə frankların kralı Çarlməni imperator kimi tanımasına gətirib çıxarmış, bir növ dövlətlə kilsə birləşmişdir. Bu ortaq güc şimal xalqlarının xristianlaşdırılmasında önəmli rol oynamışdır. Xristianlığı yayan zaman missionerlik fəaliyyətinin yürüdülməsi sırasında Şərq-Qərb qarşıdurmasına zəmin hazırlayan anlaşılmazlıqlar da ortaya çıxmışdır. Bolqar kralı Borisin ölkəsindəki əhalini xristianlaşdırmaq üçün franklardan kömək istəməsi İstanbuldakı Bizans imperatoru III Leon tərəfindən narazılıqla qaşılanmışdır. Bizans imperatoru Borisin bu tələbinə qarşı çıxaraq slav bölgələrində yaşayan xalqların özləri tərəfindən xristianlaşdırılmasının zəruriliyini irəli sürmüşdür. O, imperator Kril və Metod qardaşlarını Balkan xalqlarının xristianlaşdırılması işinə təhkim etdi. Kril qlaqolitik yazı deyilən və bu günkü slavyan dillərinin yazıldığı əlifbanı meydana gətirən bir yazı icad etdi. Müqəddəs yazılar bu dilə çevrildi.
(Ardı var)
İdris ABBASOV
525-ci qəzet.-
2013.- 7 dekabr.- S.30.