Təhsil
strategiyasında məzmun islahatları: əsas hədəflər
“Cəmiyyətin gələcək tərəqqisi indi gənclərimizə
nəyi və necə öyrətməyimizdən
asılıdır”.
Heydər
Əliyev
Ümummilli
lider
Son illərdə fenomenal inkişaf tempinə görə
Azərbaycanın regionda və dünyada siyasi nüfuzu və
iqtisadi qüdrəti artmış, BMT-nin məlumatına
görə, “yüksək insan inkişafı” ölkələri
qrupuna yüksəlmişdir. Bu gün bütün dünyada
geniş vüsət alan qloballaşma
prosesləri və sürətlə dəyişən
informasiya-kommunikasiya texnologiyaları ölkələrin
sosial-iqtisadi və mədəni həyatına güclü
şəkildə nüfuz etməkdədir. Belə bir şəraitdə
ölkə həyatının bütün sahələrində
qloballaşmanın mənfi təsirlərini önləmək,
Azərbaycanın dayanıqlı və rəqabətqabiliyyətli
inkişafını təmin etmək üçün dövlət
başçısı, Prezident İlham Əliyev tərəfindən
bu yaxınlarda “Azərbaycan 2020: Gələcəyə
baxış” İnkişaf Konsepsiyası təsdiq edilib. Konsepsiyada ölkədə biliklərə əsaslanan
iqtisadiyyatın qurulmasının həlledici amili olan insan
kapitalının adekvat inkişafı ön plana çəkilib.
Azərbaycanda insan kapitalının
inkişafı çağırışları ölkədə
nəzərdə tutulan iqtisadi inkişaf modelinin
qurulmasında qloballaşan dünyanın tələblərinə
cavab verən, insan resurslarının yetişdirilməsinə
cavabdeh olan müasir təhsil sisteminin
formalaşdırılması kimi milli və planetar xarakterli
missiyanın reallaşdırılması tələbini ortaya
qoyub. Bu baxımdan ölkənin gələcək
sosial-iqtisadi və mədəni yüksəlişinin əsas
şərtlərindən, müstəqil dövlətin təməl
təsisatlarından olan müasir təhsil sisteminin
qurulmasını hədəfləyən “Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”nın (bundan sonra Strategiya)
bu yaxınlarda ölkə Prezidenti tərəfindən təsdiq
olunmasının müstəsna tarixi əhəmiyyəti
vardır.
Strategiya
sürətlə modernləşən Azərbaycanda müasir
təhsil sisteminin formalaşdırılması məqsədilə
beş strateji istiqamətdə
genişmiqyaslı, kardinal islahatların gerçəkləşdirilməsini
nəzərdə tutur ki, bunlar içərisində birinci
yerdə “səriştəyə əsaslanan şəxsiyyətyönlü
təhsil məzmununun yaradılması” durur. Bu strateji istiqamət
təhsilin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas,
orta ixtisas və ali olmaqla, bütün pillələri
üzrə yeni kurikulumların hazırlanması və
inkişafı kimi vacib olan hədəfləri əhatə
edir.
Düşünürük ki, Strategiyada əsas strateji
istiqamətlər içərisində təhsilin məzmununun
ön plana çəkilməsi və bu amilin digər istiqamətlər
üçün bir çıxış nöqtəsi kimi
seçilməsi istər tarixi-mədəni ənənələr,
istərsə də müasir yanaşmalar baxımından
uğurlu addım kimi dəyərləndirilməlidir. Təsadüfi
deyil ki, təhsil strateqlərinin yekdil fikrinə görə, təhsilin
məzmununu düzgün müəyyənləşdirmədən
təhsildə uğurlu nəticədən, təhsildə
keyfiyyətdən, eləcə də təhsilalanların
layiqli vətəndaş və peşəkar kadr kimi
yetişdirilməsindən söhbət belə gedə bilməz.
Ancaq etiraf etmək lazımdır ki, bu gün təhsil
sistemində mövcud olan problemlərin bir qismi bu mənbədən
qaynaqlanır. Bu baxımdan təhsil Strategiyası bu
problemlərin həlli yollarına işıq tutur, təhsilin
bütün pillə və səviyyələrində məzmun
islahatlarının aparılmasının aydın proqramını verir...
Azərbaycanda
təhsil quruculuğunun banisi və böyük himayəçisi,
Ümummilli lider Heydər Əliyevin bir müdrik kəlamını
burada xatırlatmaq yerinə düşərdi: “Cəmiyyətin
gələcək tərəqqisi indi gənclərimizə nəyi
və necə öyrətməyimizdən
asılıdır”...
Hesab edirik ki, təhsilin məzmununa böyük önəm
verilməsi həm də müstəqil dövlətçilik
prinsipləri, sosial-iqtisadi inkişaf tələbləri və
beynəlxalq təcrübə baxımından da
özünü doğruldur. Strategiyada deyildiyi kimi, beynəlxalq təcrübədə
təhsilin məzmunu ilə bağlı başlıca meyillərdən
biri təhsil kurikulumlarının ölkənin sosial-iqtisadi
inkişaf tələbləri və prioritetləri ilə
sıx əlaqələndirilməsindən ibarətdir. Kurikulumlar hər şeydən öncə iqtisadi
inkişaf məqsədlərinə xidmət edən bilik və
bacarıqları, səriştəni aşılayan məzmuna
malik olmalıdır. İqtisadi
inkişafda uğurlar əldə etmiş ölkələrdə
biliklərə əsaslanan iqtisadiyyatın yaradılması
sosial-iqtisadi siyasətin prioriteti olduğundan kurikulumlarda
innovasiyaların əhəmiyyəti, təhsilalanların
müxtəlif sosial fəaliyyətə təşviq
olunması və onların tədris bacarıqlarının
inkişafı xüsusi vurğulanır.
Bu da tarixi reallıqdır ki, son 30-40 ildə dünyada
baş verən elmi-texniki tərəqqi, innovasiyalar və
modernləşmə nəticəsində təcrübi bilik və
vərdişlərlə zənginləşməyən,
sırf nəzəri xarakter daşıyan təhsil öz
fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin məzmununun
formalaşdırılmasında akademik biliklərlə
yanaşı, praktik bilik və bacarıqların, səriştənin
vacibliyi ön plana
çəkilir. Səriştə təhsilalanın
təlim prosesində qazandığı bilik və
bacarıqları praktik fəaliyyətdə səmərəli
şəkildə tətbiq etmək qabiliyyətidir. O,
şəxsin (fərdin) qazandığı bilik və
bacarıqların konkret fəaliyyətin nəticəsinə
çevrilməsini təmin edir. Bu mənada səriştəyə əsaslanan
nəticəyönlü təhsil sosial-iqtisadi inkişafa daha
səmərəli xidmət göstərir.
Strategiyada təhsilin məzmunu ilə bağlı
yeniliklərdən biri kurikulumların inkişafının
davamlılığı ideyasının irəli sürülərək
elmi cəhətdən əsaslandırılması sayıla
bilər. Orada deyildiyi kimi, kurikulumların məzmunu texnoloji irəliləyişin
gətirdiyi yenilikləri, innovasiyaları nəzərə
almaqla, daim inkişaf etdirilməlidir. Bu da nəzərə
alınmalıdır ki, kurikulumlar müxtəlif təhsil pillələrində
spesifik yanaşma tələb edir. Mətləb
aydınlığı üçün deyək ki, ümumi təhsil
pilləsində kurikulumun məzmununda əsas prioritet – azərbaycançılıq
ideyalarına sadiq olan, milli-mənəvi dəyərlərə,
insan hüquq və azadlıqlarına hörmət edən,
müstəqil və yaradıcı düşünən vətəndaş
və şəxsiyyət yetişdirməkdirsə, ali təhsildə
isə əmək bazarının cari və perspektiv tələblərinə
cavab verən peşəkarlıq, müasir texnologiyalar üzrə
kompetensiyalar əsas götürülür. Peşə-ixtisas
təhsili, xüsusən ali təhsil
kurikulumlarının daim inkişafı, müntəzəm
yeniləşdirilməsi və modernləşdirilməsi əmək
bazarı subyektlərinin tələblərinin sistematik öyrənilməsini
və onların zaman-zaman nəzərə alınması zərurətini
doğurur. Lakin yeri gəlmişkən qeyd etmək yerinə
düşər ki, hazırda ilk peşə-ixtisas və orta
ixtisas təhsili kurikulumları müasir tələblərə
cavab vermir, ali təhsil pilləsində isə
kurikulumların inkişafı iqtisadiyyatın inkişaf dinamikasından
geri qalır. İnanırıq ki,
Strategiyanın təhsilin bu pillələrinin
kurikulumlarının yeniləşdirilməsinə dair tələblərinin
reallaşdırılması bu sahədəki boşluğun
qısa zamanda aradan qaldırılmasına güclü təkan
verəcəkdir. Sənəddə yer alan
yeniliklərdən biri də ali təhsil müəssisələrinə
təhsilin məzmununun tətbiqi müstəqilliyinin, ali məktəblərə
akademik muxtariyyətin verilməsi məsələsinin nəzərdə
tutulmasıdır.
Azərbaycan təhsilinin məzmunu üzrə
aparılacaq islahatlara dair Strategiyada 14 konseptual hədəf
müəyyənləşdirilmişdir. Hazırda
hazırlanmaqda olan Fəaliyyət Planında bu hədəflərin
alt-komponentləri bundan dəfələrlə çox və əhatəli
olacaqdır.
Əsas hədəflərdən biri Azərbaycanda məktəbəqədər
yaşlı uşaqların fiziki və əqli
inkişafını, sosiallaşmasını təmin edən,
yaradıcılıq qabiliyyətini üzrə
çıxaran, onlarda həyati bilik və bacarıqları,
davranış qaydalarını aşılayan müasir təhsil
standartlarının və yeni kurikulumların
hazırlanmasıdır. Azərbaycan cəmiyyətinin böyük gözləntiləri
olan Strategiyada məktəbəqədər təhsillə əhatə
dairəsinin inkişaf etmiş ölkələrdəki səviyyəyə
(90 %-ə) yüksəldilməsi, məktəbəqədər
təhsil müəssisələri şəbəkəsinin
genişləndirilməsi, əhalinin bütün təbəqələri
üçün onun əlçatan olması, məktəbə
hazırlıq təhsilinin (1 il) icbariliyinin təmin
olunması ilə bağlı müddəalar təhsilin bu
pilləsinin aydın sabahından və uğurlu gələcəyindən
xəbər verir.
Strategiyada
ümumi təhsilin 12 illiyə (10 il icbari
ümumi orta təhsil və 2 il təmayüllərə əsaslanan
tam orta təhsil) keçidin təmin olunması
üçün mövcud təhsil standartları və
kurikulumlarının yeniləşdirilməsi, tam orta təhsil
səviyyəsində təlimin profillər (təmayüllər)
üzrə bölünməsi təsbit olunmuşdur.
Düşünürük ki, məktəbə
hazırlıq təhsilinin icbariliyinin təmin olunması və
əsas təhsil pilləsinin 1 il uzadılması ümumi təhsilin
ibtidai və əsas təhsil səviyyələrində Azərbaycan
cəmiyyətində formalaşmış “məzmunun
ağırlığı” barədə illərdən bəri
kök salmış stereotiplərin aradan
qaldırılmasına yardım edəcək, icbari ümumi
orta təhsildə məzmunun təhsilalanlar tərəfindən
mükəmməl şəkildə mənimsənilməsinə
öz töhfələrini verəcəkdir. Digər
tərəfdən tam orta təhsil səviyyəsinin təmayüllər
əsasında təşkili ölkədə ictimaiyyət
arasında geniş müzakirələrə və
narahatçılıqlara vəsilə olan “repetitorluq” sindromunun
sındırılmasına yardım göstərəcəkdir.
Bu bir həqiqətdir ki, ümumi təhsildə səriştəyə
əsaslanan şəxsiyyətyönlü məzmuna
keçilməsi təhsilalanlarda yaradıcı (kreativ)
düşüncənin formalaşmasına, praktik vərdiş
və bacarıqların yaranmasına birbaşa xidmət edir. Ümumi təhsilin
məzmunu ilə bağlı maraqlı bir məqama toxunmaq
yerinə düşərdi. Hesab edirik ki, ümumi icbari
orta təhsil pilləsində təhsilin məzmununda həyati
bacarıqların, praktik vərdişlərin
formalaşmasına xidmət edən bütün fənlər
üzrə “zəruri minimum bilik” məsələsi
bütün məktəblərdə tətbiq olunmalı, tam
orta məktəb səviyyəsində isə müxtəlif təmayüllər
üzrə dərinləşdirilmiş praktik əsaslı
elmi biliklər verilməlidir. Təhsilalanlara o
biliklər verilməlidir ki, o, şəxsin gələcək
həyatında tətbiq oluna bilsin, qazandığı bilik və
bacarıqlar səriştəyə, kompetensiyalara çevrilə
bilsin. Əgər təhsilalana verilən
bilik yeni biliklərin yaranmasında baza rolunu oynamırsa, yaxud əməli
fəaliyyət sahələrində tətbiq olunmursa, bu bilik
heç zaman kreativ, yaradıcı düşüncəyə
xidmət edə bilməz. Təhsilşünaslıqda
aparılan tədqiqatlarla müəyyən edilib ki, təhsilalanlara
verilən hazır nəzəri biliklərin yarıdan
çoxu onun gələcək həyatında, praktik fəaliyyətində
istifadə olunmur. Bu cür yanaşma
artıq öz funksiyasını itirib. Təhsilalana
hazır bilik verilir və bu praktik həyatda tətbiq olunmursa,
Qərb təhsilşünaslığında bu yanaşma
yaradıcı təfəkkür aktı deyil, bir hafizə,
yaddaş aktı kimi dəyərləndirilir. Bu
baxımdan Strategiyada səriştəyə əsaslanan təhsil
məzmununun yaradılması haqqında müddəa
özündə təhsilalana “zəruri minimum biliy”in (yaxud “təmayül
əsaslı praktik biliy”in) ənənəvi hafizə
faktı kimi deyil, müasir yaradıcı düşüncə,
təfəkkür faktı kimi verilməsini nəzərdə
tutur. Başqa şəkildə desək,
Strategiya ümumi təhsilin məzmununda təhsilalanın
idrak fəallığını ləngidən “hafizə,
yaddaş məktəbi”ndən müstəqil, yaradıcı
düşüncəni inkişaf etdirən “təfəkkür
məktəbi”nə keçidin aydın yollarını
göstərir. Bu cür yanaşma bilikləri
təhsilalana hazır şəkildə deyil, təhsilalanın
yaradıcı düşüncəsinin məhsuluna
çevirmək və sonrakı müstəqil
düşüncələr üçün təməl
yaratmaq yolunu, öyrənməyi öyrətmək yolunu
prioritet kimi qəbul edir. Əslində bu
yanaşma Avropada çoxdan sınaqdan çıxmış,
Qərbə sivilizasiyanın öncülü olmaq
şansını vermiş kreativ düşüncənin ətalət
və passivlikdən azad olması, hər kəsə öz
ağlı ilə müstəqil çalışmaq
imkanının verilməsi yoludur.
Strategiyada ümumi təhsilin məzmununa bu cür
yaradıcı yanaşma təhsilalana maksimum bilikləri deyil,
zəruri, optimal bilikləri verməyi özündə ehtiva
edir ki, bu işıqlı ideya mühüm dövlət sənədinin
tarixi-mədəni əhəmiyyətini daha da artırır. Strategiyada
ümumi təhsilin məzmunu ilə bağlı hədəflərdən
biri də istedadlı uşaqlar üçün xüsusi
inkişaf proqramların, xüsusi qayğıya ehtiyacı
olan uşaqlar üçün inkişaf və inklüziv təlim
proqramlarının hazırlanmasının nəzərdə
tutulmasıdır.
Aydın məsələdir ki, ümumi təhsilin məzmununun
reallaşdırılmasında dərsliklərin, dərs vəsaitlərinin,
digər tədris-metodik vasitələrin rolu
böyükdür. Strategiyada kurikuluma əsaslanan yeni dərsliklərin
yaradılması, şagird və müəllimlərin
müvafiq dərslik seçiminin təmin olunması, elektron dərsliklərin
və tədris resurslarının yaradılması nəzərdə
tutulmuşdur. Hesab edirik ki, Strategiyanın
icra mexanizmini nəzərdə tutan Fəaliyyət Planı bu
yaxınlarda təsdiq edildikdən sonra 12 illik ümumi təhsilə
keçidlə bağlı yeni dərsliklərin
hazırlanması və tətbiqi vaxtı məlum
olacaqdır. Hələlik isə I-VI siniflərdə tətbiq
olunan kurikulum əsasında hazırlanan yeni dərsliklərin
davamı olaraq yuxarı sinif dərsliklərinin
hazırlanması, yeni dərsliklərin pilot layihə kimi
sınaqdan keçirilməsi işi davam etdiriləcəkdir. Yaxın gələcəkdə Strategiyada nəzərdə
tutulduğu kimi, alternativ, variativ dərsliklərin, elektron dərsliklərin
hazırlanması və tətbiq edilməsi mümkün
olacaqdır. Ölkə ictimaiyyətini ən çox
maraqlandıran yaxın gələcəkdə hər bir
şagirdin fərdi planşetlə təmin olunması, dərsliklərin
və digər tədris resurslarının həmin planşetdə
yüklənməsinin mümkünlüyü haqqında
Strategiyada yer alan müddəalardır. Təhsil Nazirliyi dərslik islahatında keyfiyyətin
yüksəldilməsini, “keyfiyyətli dərslik” məsələsinin
prioritet sahə kimi inkişaf etdirilməsini əsas hədəflərdən
hesab edir. Hazırda bu sahədə
dünya təcrübəsi öyrənilir. Strateji xəttimiz
belədir ki, bütün ümumtəhsil məktəb dərslikləri
pilot layihə kimi 1 il sınaqdan
keçirildikdən sonra məktəbə verilməlidir. Ümumiyyətlə, dərslik məsələsi hər
zaman təhsil ictimaiyyətinin, ölkə əhalisinin maraq
dairəsində olub, bundan sonra da olacağına şübhə
etmirik.
Təhsilin məzmununda tərbiyə, milli mənəvi
və ümumbəşəri dəyərlər, azərbaycançılıq
məfkurəsi, milli vətənpərvərlik prioritet
ideyalar kimi haqqında söhbət gedən sənəddə
öz əksini tapıb. Bu da nəzərə
alınmalıdır ki, ümumtəhsil məktəb
şagirdlərinə dərsliklərin dövlət vəsaiti
hesabına pulsuz verilməsi Azərbaycan dövlətinin təhsilə
və təhsilalanlara qayğısının parlaq nümunəsidir.
Əlbəttə,
bu yazıda biz, əsasən, təhsilin məzmunu ilə
bağlı Strategiyada yer alan strateji hədəflərdən
qısaca söz açdıq.
Hesab
edirik ki, Strategiyada yer alan digər dörd
strateji istiqamət də (təhsilin məzmununun səmərəli
mənimsənilməsini təmin edən təhsilverənlərin
formalaşdırılması; təhsildə təlim nəticələrinə
görə cavabdeh, şəffaf və səmərəli idarəetmə
sisteminin yaradlması; müasir tələblərə cavab verən
təhsil infrastrukturunun qurulması; təhsilin
dayanıqlı, yeni maliyyələşmə mexanizminin bərqərar
olması) bu və ya başqa şəkildə təhsilin məzmununun
reallaşdırılmasına birbaşa və ya
dolayısı ilə xidmət edir.
Azərbaycanda səriştə əsaslı təhsilin məzmununun yaradılmasını təmin edəcək elmi-pedaqoji potensial var. Əsas məqsəd bu potensialdan səmərəli istifadənin yollarını tapmaqdan, onların intellektual əməyinin stimullaşdırılmasını təmin etməkdən ibarətdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilə qayğıkeş münasibəti və güclü siyasi iradəsi sayəsində ərsəyə gələn “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədi sürətlə modernləşən ölkəmizdə təhsil sistemi qarşısında qoyulan məqsəd və strateji hədəflərə çatmağa, milli təhsil sisteminin Avropa təhsil standartlarına uyğunlaşdırılmasına imkan verəcəkdir.
İnanırıq ki, Strategiyanın reallaşdırılması nəticəsində təhsilin məzmunca milli və ümumbəşəri dəyərlər, müstəqil dövlətçilik prinsipləri və beynəlxalq təcrübə əsasında, Azərbaycanın İnkişaf Konsepsiyasına uyğun yenidən qurulması mümkün olacaqdır.
Əsgər Quliyev
Təhsil Nazirliyi Dərslik və nəşriyyat
şöbəsinin müdir müavini,
Əməkdar müəllim
525-ci qəzet.-
2013.- 7 dekabr.- S.8.