"Azərbaycan Parlamanında"-
M.Ə.Rəsulzadə
Azərbaycan Parlamenti –
95
Dekabrın
7-də Azərbaycan Xalq Cümhuriyyəti qanunvericilik məclisi
– Məclisi-Məbusanın açılışının
95 ili tamam olur. Üzeyir bəyin
təbirincə desək, bu, tarixi bir gündür. 1917-ci
il iyunun 18-də Gəncədə Azərbaycanı
tərk edib İstanbula rəsmi ezamiyyətə getmiş Məhəmməd
Əmin Rəsulzadə 1918-ci il noyabrın 7-də Bakıya gəlir.
Noyabrın 9-da onun təklifi ilə Azərbaycan
hökuməti “Azərbaycan bayrağı haqqında” qərar
qəbul edir. Noyabrın 10-da Azərbaycanı
tərk edəcək Qafqaz İslam Ordusu komandanlığı
şərəfinə ziyafət təşkil olunur. Bakı və Azərbaycanı məhv olmaqdan xilas edən
türk ordusu bir neçə gündən sonra Azərbaycanı
və bütün Zaqafqaziyanı tərk etməyə
başlayır. İngilislərin
başçılıq etdiyi müttəfiq hərbi qüvvələrinin
Bakıya gəlişi gözlənilir. Vəziyyət
mürəkkəbdir, müstəqillik əleyhinə ermənilərin
və xristian icmasının çıxışları,
hazırlıqları görülür. Elə
Tomsonun başçılıq etdiyi müttəfiq
qoşunlarına da Azərbaycanda mövcud iqtidarın
türklər tərəfindən qurulması fikri İranda ikən
onlara təlqin olunur. Belə bir
müşkül vəziyyətdə Azərbaycan iqtidarına
qanuni xalq tərəfindən müdafiə olunan orqanın təşkil
edilməsi ehtiyacı görünürdü. M.Ə.Rəsulzadə
1918-ci il noyabrın 10-da Milli Şuranın
iclasını çağırır. Bundan əvvəl
F.Xoyski hökuməti 6 ay müddətinə Məclisi-Müəssisana
hazırlıq və çağırılması
planlaşdırmışdı. Bu çox uzun müddət
idi, hər şey alt-üst ola bilərdi. Milli Şura Zaqafqaziya seymində müsəlman
fraksiyasına daxil olan 44 nəfərin Tiflisdə mayın 27-də
təşkil etdikləri parlament funksiyasını yerinə
yetirirdi. Gəncədə
ilhaqçıların, yəni Azərbaycanı müstəqil
bir dövlət kimi yox, Türkiyənin bir vilayəti kimi
görmək istəyənlərin təzyiqi ilə Milli
Şura fəaliyyətini dayandırmışdı. Milli Şura işini bərpa edir və Azərbaycanın
Milli Məclisini, yəni Məclisi-Məbusanını təşkil
etmək haqqında qərar qəbul edir. Dekabrın
7-də bu qərar yerinə yetirilir və Azərbaycan
parlamentinin ilk iclası reallaşır. Oxuculara Milli
Şuranın 1918-ci il dekabrın 7-dək
fəaliyyəti haqqında onun rəisi M.Ə.Rəsulzadənin
“Azərbaycan” qəzetində dərc etdirdiyi tarixi sənəd
səciyyəli məqalələrini təqdim edirəm.
(Əvvəli
ötən sayımızda)
Məhəmməd
Əmin RƏSULZADƏ
Azərbaycan
Parlamanında
16 təşrini-sani saət 1-də təyin edilmiş
olan iclas saət 2:15 dəqiqədə açılıyor. Hələ saət 12-dən
iclasın intizarında yüzlərcə adam
duruyor. Nəhayət, məclis
açılıyor. Şurayi-Milli əzası
və nazirlər qabaqca hazırlanmış yerləri
işğal ediyorlar. Əcnəbi məmləkət
nümayəndələrindən Gürcüstan və
Dağıstan hökumətləri nümayəndələri,
erməni və rus milli şuraları nümayəndələri
və İran general konsulu isbati-vücud ediyorlardı.
Salon tamaşaçılarla dolu idi.
Rəsulzadə
Məhəmməd Əmin bəy cənabları sədr yerini
tutaraq iclası açıyor və aşağıdakı
nitqi ilə hazirunə xitab ediyor:
Möhtərəm
Şura əzaları! Bu gün Azərbaycan
Şurayi-Millisi Azərbaycanın baş və ayrılmaz bir əzasını
təşkil edən paytaxtında açılıyor. Azərbaycanlılar necə ki hamınıza məlumdur,
heç vəqt hürriyyət və istiqlaliyyət fikrindən
ayrılmıyaraq daima bu uğurda çalışmış,
mübarizə eləmişlərdir, Rusiya çarizmi
dövründə onların fəaliyyəti yalnız milli ədəbiyyat,
milli məktəb, milli mədəniyyət mübarizəsində
təzahür etmişdir. Çarizmin
süqutu ilə bütün millətlər əl-ələ
verib müqəddərati-milliyyələrinin həlli,
hüquq və istiqlaliyyətləri yolunda
çalışdılar. Fəqət
çarizm süqutundan sonra inqilab öylə şəkil və
surət aldı ki, millətlərin hüquqi təmin edilmədi.
Millətlər arzu və əməllərinə nail
olmadılar. Fəqət nə qədər səddlər
çəkilsə, maneələr qonulsa belə inqilab nəticəsində
bütün millətlər inqilabın fütuhat və meyvələrindən
istifadə etdilər.
Bədə
sədr cənabları Qafqasiyanın Rusiyadan ayrılması,
Qafqasiya millətlərinin istiqlaliyyət elan etmələri,
Azərbaycan Milli Şurası elanı və işi hökumətə
tapşıraraq səhnədən çəkilməsini təsvirlə
diyor ki:
“Şimdi artıq Şurayi-Milli yenidən həyata dəvət
edildi.
Bakının zinəti, milli hiss və cərəyanların
məcmui, milli təşkilatının mərkəzi
“İsmailiyyə” idi. Arzu ediliyordu ki, milli parlamanımız haman
möhtəşəm binada iclas qursun. Fəqət
bu gün o möhtəşəm bina xərabə halına gəlib,
iclasımız bələdiyyə salonunda
açılıyor. Lakin ev yanar, amma
millət, milli istiqlaliyyət fikri, milli ruh ölməz. Ev yanar, fəqət millət onun şöləsi ilə
tutuşar, milli hüququnu almaq, milli müqəddəratını
öz əlinə salmaq uğrunda çalışar.
Qoy bu atəş bizi yaksın, amal şöləsi versin! Burası var ki, bu gün biz qayət
müşkül bir vəziyyətdəyiz.
Doğrudur, milli şuramız Məclisi-Müəssisan əzası
ilə tamam xəlq tərəfindən seçilmiş bir
şura degildir. Lakin tarix öylə şeylərə
çox təsadüf etmiş, çox öylə əmrlərə
şahid olmuşdur. Bugünki milli
şuramız parlaman surəti almaq üçün
genişliyəcək, oraya bütün siniflərdən,
müqəddəratını Azərbaycan müqəddəratı
ilə əlaqədar edib, Azərbaycanın
şadlığı ilə şadlanan, qəmi ilə qəmgin
olan bütün millətlərin nümayəndələri cəlb
olunacaqdır. O vaxt tam bir parlamana malik olacağız. Fəqət
hələ bugünki günə nail olmaq üçün
millətimiz nə qədər fədakarlıqlarda
bulunmuş, nə qədər qurbanlar vermişdir. Azərbaycan istiqlaliyyət, bu muxtariyyəti yolunda nə
qədər qurban verdigimizə möhtəşəm
“İsmailiyyə” binasının xərabəsi müdhiş
bir timsaldır. Bundan əlavə
hamımız bilməliyiz ki, bu səadətə nail
olmamızda biz, hər şeydən ziyadə bizim dəvətimiz,
ricamız ilə imdadımıza gəlmiş və bizim həyatımızı
qurtarmış olan türk əskərlərinə mədyunuz”.
Bədə natiq gərək türklər və gərəksə
Azərbaycanın vermiş olduğu qurbanlar, vətən və
millət şəhidlərinin tərhimi-ruhi üçün
ayağa qalxmayı təklif ediyor. (Hamı qalxıyor).
Sonra Şurayi-Milli əzası Lütfəli bəy
Behbudovun tərhim üçün ayağa qalxmayı təklif
ediyor, yenə (hamı qalxıyor).
Sonra təkrar
nitqinə davamla diyor ki: bu gün biz azərbaycanlılar
şuraya yığıldıqda Milli Şura əzaları və
bütün hüquqi-milliyyənin müdafiəsi,
namusi-milliyyənin mühafizəsi üçün firqə
nizai, sinif münaqişəsi və sairəyi kənara ataraq əl-ələ
versək, müttəhidən çalışsaq əmin
olmalıdır ki, vicdani-bəşərdə yerləşmiş
olan hüquqi-milliyyədən məhrum qalmarız. Hazırda
qalib, məğlub ümumidövlət və millətlər
arasında ən artıq intişar tapan
haman millətlərin müsavati-hüquqi və müqəddərati-milliyyə
təyininin özlərinə tapşırılması
şüarıdır. Əminəm ki,
burası quru söz olmayıb, bəşəriyyətin
milyonlarca qurban verməsi, cəmiyyəti-bəşəriyyətin
buna müvafiq vəziyyət alması iqtizasıdır. Bəşəriyyətin vicdanına inanalım.
Bu uğurda çalışalım və əmin
olalım ki, çalışsaq cəmiyyəti-əqvam
içində Azərbaycanın da yeri olacaqdır. Böylə bir yer bulmağa həqqimiz olduğunu
kimsə inkar etməz.
Azərbaycan”,
17 təşrini-sani
(noyabr) 1918, ¹42
Azərbaycan
Milli Şurasında
Birinci
iclas
Fətəli
xan Xoyski – sədrdən sonra hökumət rəisi Fətəli
xan Xoyski çıxaraq hökumət namından
Şurayi-Milliyi təbrik ediyor və vəqtin
qeyri-müsaidligi, vəziyyətin təqazasından dolayı
müfəssəl məlumat verəmiyəcəgini bildirərək
diyor ki: Şurayi-Milli dəvəti üçün 6 ay
möhlət verilərkən bütün ümuri-ixtiyar
hökumətə tapşırılmış olduğu halda,
bunun öhdəsinə verilmiş vəzifəyi ifa etmədən
Şurayi-Milliyi vəqtindən əvvəl
çağırmasının səbəbi budur ki,
Şurayi-Millidən ayrılan zaman hökumətin işləri
maliyyat, əskər və daxili intizam cəhətlərindən
qayət fəna idi. Anarşi hökmfərma
idi. Daha mühümi budur ki,
paytaxtımız əlimizdə degildi. Hökumət
müşkül bir vəziyyətdə və bugünki
yığılışa nail olmaq üçün bir
çox mübarizə və davalar qarşısında idi. Şükür olsun ki, şimdi anarşi
qırılmış, maliyyat yaxşı bir halə gətirilmiş,
dəmiryolu və sairə düzəlmiş, Azərbaycan
üçün qoşun əmələ gətirilmişdir.
Bakı məsələsi hüsni-həll
olunaraq zülm ilə əlimizdən alanlardan təmizlənib
geri alındı və şimdi paytaxtımız oldu. Paytaxtımız əlimizdə olmadıqca Məclisi-Müəssisan
hazırlığı üçün bir komissiya təşkil
edildi. Hala da işləməkdədir.
Amma övzayi-siyasiyyə böylədir ki,
şimdiki nazik və mühüm bir zamanda hadisatı təqib
etmək belə qeyri-mümkündür. Səhər
qeyri-mümkün ədd olunmayan bir şey axşam əmri-vaqe
kibi araya çıxıyor. Böylə
bir zamanda 2-3 ay gözləyib Məclisi-Müəssisan
çağırmaq olmaz. Böylə bir
zamanda hökumət bütün işlərdə yalnız
özü məsul olmamaq üçün məcbur oldu 6 ay
gözləmədən Milli Şurayı dəvət etsin,
tainki onun göstərməsi və iştirakı ilə
çalışsın. Hökumət və
biz istəriz ki, istiqlal nə qədər çətin ələ
gələn və çox qurban tələb edən,
müşkülat çıxaran bir əmr isə də,
müttəhidən çalışsaq müşküllər
səhl olar. Necə ki, sədr cənabları
ərz etdilər, firqə və sinif ixtilafını kənara
buraxaraq müttəhidən istiqlalə
çalışmalıdır.
Nitqinin axırında baş nazir həzrətləri
hökumət namından hökumət işlərini
Şurayi-Milliyə tapşırdığını bəyanla
şurayı yenidən təbrik ediyor.
Sədr – Şura namından parlaman dəvətinədək
qüvveyi-icraiyyənin yenə hökumət öhdəsində
qalmasını təklif etməklə izn istiyor.
Pepinov – təklif ediyor tənəffüs elan olunsun.
5 dəqiqə tənəffüs elan ediliyor. Tənəffüsdən
sonra Rüstəmbəyli Şəfi bəy cənabları
“Əhvali-fövqəladəyi nəzərə alaraq hökuməti-hazirə
iş başında qalıb qüvveyi-icraiyyədən istifadə
ediyor” məzmunlu bir formula təqdimilə qüvveyi-icraiyyənin
hökumət öhdəsində qalmasını təklif
ediyor.
Pepinov – sosialistlər ittifaqı namından bəyan
ediyor ki, hökumətin təsisində iştirak etmədikləri
kibi bu gün istefası münasibətilə də səs
verməyəcəklərdir.
Şeyxülislamov – menşevik “Hümmət” firqəsi
namından eyni bəyanatı veriyor.
Sədr – səsə qoyur. Məzkur iki fraksiya rəy
vermədikləri üzrə ittihadi-ara ilə Şəfi bəyin
təklifi qəbula keçir.
Məhəmməd Əmin bəy – təklif ediyor ki,
Şura izn versin heyəti-rüəsa cəmaətə xitabən
bir müraciətnamə və bəyannamə nəşr
etsin. Bundan əlavə hüquq və istiqlalımız həqqində
bəşəriyyət hüzurunda səsimizi yucaltmaq
lazım gəldigindən şura izn versin bəşəriyyət
və mədəniyyət naminə Vilson və aləmi-mədəniyyətə
xitabən bir müraciətnamə nəşr edilsin.
Bəyannamələrin tərtibi beynəlfərq
şuraya həvalə olunur.
Azərbaycan”,
18 təşrini-sani
(noyabr) 1918, ¹43
İstanbul
səyahəti həqqində
Rəsulzadə
Məhəmməd Əmin
bəyin
konfransı
Cümə
günü 15 təşrini-sanidə Türk ocağı
salonunda sevgili natiqimiz Məhəmməd Əmin bəy bir
konfrans verdi. Natiq cənabları
səhnəyə çıxar-çıxmaz alqışlar
ilə qarşılandı.
Konfrans təxminən
öylə başlandı:
– Əfəndilər!
Heç şübhəsiz ki, imdiki zamanda bütün cəmaətimizin
nəzəri, huş və cuşi və həp
əfkarı bir şeyə mərcudur. Üsuli-siyasəyyə
hamımızı işğal ediyor.
İstanbulda aləmi-islamın mərkəzində
bulunduğumuz sırada gördüklərimiz şeylər,
aldığımız təəssürat və xatirat ilə
sizi aşina edəcəgiz. Nə
üçün Türkiyə müharibəyə girdi?
Nə üçün öylə bir surətdə
hərbdən çıxıyor? Türkiyədə
əhval və yeni cərəyanlar nasıldır? Azərbaycan həqqində nə
düşünürlər? Və əhvali-hazirə
nə kibi bir mövqe işğal edəcəgi xüsusunda
sizə söyləmək istiyoruz.
Hərbi-ümumi başlandığı sırada
Türkiyənin vəziyyət pək ağır idi. Bu zaman
Türkiyə Balkan müharibəsindən yeni
çıxmış – həm də məğlub olaraq
çıxmış idi. Burada o
böyük Şərq məsələsi Türkiyə məhafilini
mütərəddid bir halda buraxmışdı. Türkiyə hərbə girsəmi çox qazanar,
yaxud bitərəf dursa? Bu məsələ
hamını düşündürüyordu. Türkiyə müharibəyə girdigi vəqt
Rusiya bu gün gördügümüz yorğun, məğlub,
dağınıq Rusiya degildi. O zaman Rusiyada qüvvətli
bir çarlıq (çarizm) var idi ki, bunun da məqsədi
çalışdığı daima aləmi-islamı,
böyük türklügi əzməklə gələn bir
hökumət idi. Türküstan, Tatarıstan, Qafqasiya və
başqa türk irqi ilə məskun yerlərin nə kibi bir
istibdad altında olduğu hamıya aşikardır. O günlər
Türkiyə müharibəyə atılmazsa idi icbarən
boğazlar açıq olacağı mühəqqəqdi. Öylə olduqda İngiltərə Rusiyaya silah
daşımaqla, ərzaq dəfinəsi olan Rusiya da buğda və
arpa ilə İngiltərəyi təchiz edəcək və
yekdigərinə olduqca kömək edəcək idi. O
zaman Rusiya Almaniyayı Şərqi Prussiyadan
sıxışdırdığı kibi get-gedə iləriləyəcək
idi. Və Rusiyada böylə təzəlzülə,
böylə inqilaba düçar olmaz və işlərin
sonunda müharibədən qalib olaraq çıxacaqdı.
Bunu Türkiyə hərbə soxulmadan görüyorduq. Etilaf dövlətləri
zaman-zaman müvəffəqiyyətlərə nail oluyordu.
Türkiyə bitərəf də qalamıyacaqdı. Çünki
qəhhar dövlətlərin hankisi düşərsə
türk topraqlarını ayaqlıyacaqdı. Bu aləmşümul müharibədə bitərəf
qalmaq imkanl yox idi. Nitəkim yunan, İran
istənildigi kibi müharib dövlətlərin keyfinə tabe
oldu, hüdudu onlar üçün tamamən açıq
buraxıldı. Nəticədə bir faidə
çıxmadı. Odur ki, Türkiyə
istər-istəməz övzai-zamanə və siyasiyyəti tədqiq
etdikdən sonra müharibəyə girdi. Girməsinə
də səbəb Rusiyanın etilaf zümrəsində
olduğundan dolayı məlum ki, Türkiyə də bu
zümrəyə qarışıb getməli idi. Türkiyə hərbə girməzsə idi, o zaman
qaliblər həpsini başında “Cəmiyyəti-Əqvam”
şüarı ilə bu gün meydana çıxmış
Vilson degil, istibdad heykəli-mücəssəmi olan Nikolay
duracaqdı. O zaman gərək islamiyyət, gərək
türklük nəşvü-nüması ümidləri
büsbütün sönəcək və cahanda bu qədər
qan tökmə nəticəsində yenə zülm və
istibdad paydar olacaqdı.
Türkiyənin bu müharibədə iştirak etməgə
olduqca həqqi var idi. Buna biz hökm edəriz. Zənn ediyoruz ki, atidə bitərəf müvərrixlər
Türkiyənin bu müharibəyə girməsindən qələm
yürüdür isə böylə hökm xaricində bir
hökm vermiyəcəklər.
Türklər üçün bu cahan müharibəsi
bir çox siyasi və ictimai məsələləri həll
edəcək və qəti bir cavab verəcək müharibədir.
Bu müharibədə fədakarlıqların yüksəkligi
gərək miqdarca, gərək ülviyyətcə təsəvvürat
xaricindədir.
Hələ Çanaqqala müharibəsində
4 yüz minə qərib qurban verən türklər qazanc
götürdülər degil, kəndi həyatlarını
müdafiəyə qadir olduqlarını isbat etmişlər.
Artıq göstərdilər ki, həqiqətən
onlar vətən yolunda lazım gələrsə ölə
bilərlər. Düşmənlər nə qədər
insafsız olsalar da böylə bir cihadi-kəbir yapan
ruhi-ülviyyətinin qarşısında əgilmiyə bilməz!
Bu müharibədə türklər bir şey daha isbat
etmişlər ki, türk əskərinin vəqtində
qarını doyurulsa, əlbəsəsi verilsə, bilməmum
ehtiyacı ödənsə bu əskər öylə
bükülməz bir qol təşkil edərsə, heç
bir kimsə o qolu bükə bilməz. Nasıl ki, Kəlibuli mərkəzə
yaxın olduğundan zaman-zaman silahı, aşı, suyu gəldigindən
türk ordusu öylə bir müdhiş bir qol oldu ki, ingilis,
firəng və digərləri kibi qüvvətli düşmən
zərbələri bunları qaytarmağa müvəffəq
olamadığı kibi, Türkiyə də onlar
qarşısında məğlub olmadı.
Halbuki Rusiyada və digər Avropa dövlətlərində
olan miqdarda Türkiyədə vəsait yoxdur. Dəhşətli
dəniz toplarına qarşı çox zaman fəqət
köks gərmişlər və zirehliləri
batırmışlar.
Böylə bir millət heç bir vəqt həqqi-həyatdan
məhrum ediləməz. Türkiyədə şu müharibədən
sonra hər kəsin Çanaqqala müharibələrinin mənzərələrindən
söylər mədhiyyələr ilə mütəhəssis
olur. Hər kəs bu müharibədə
bir adamını qeyb etmiş, qardaşımı,
özümü, pədərimi, burada iştirak etmiş hər
kəs sənə bu müharibədən münqəbələr
nəql edər, onun əhəmiyyətindən, ülviyyətindən
bəhslər açar. Bu müharibədə
alaylar nasıl yekdigərilə rəqabət etdigini hər kəs
burada şəhid olmaq üçün əmr bəkləmədən
hərbə soxulduğunu söyləyəcəkdir.
lll
Mərkəzi-islama gəldikdə oradakı ənənatı,
o gözəlligi, o məhasını tamamilə dərk
etmiş olursunuz. Tamamilə bunları görər-görməz hiss edəcəksiniz
ki, islam nöqteyi-nəzərində
İstanbul bədayei içində yeni bir həyat doğuyor.
O vəqt anlarsınız ki, nə yolda və nə üçün
bu qədər fədakarlıqlar olur, xarüqələr
göstəriliyor. O zaman etiraf edərsiniz ki, yeni doğmaqda
olan həyat uğrunda həqiqətən fədakarlıq etmək
türklər üçün lazımdır.
Məəttəssüf Türkiyədə degil, bəlkə
aləmi-islamın həpsində ictimaiyyət Avropadakı
kibi olmayıb fəlc bir halda qalmışdır.
Avropanın bütün ictimaiyyəti xəlqinə də
xəlq üçün doğuyor.
Ədəbiyyat ümum heyətilə xəlq ruhilə,
xəlq əfkarilə ümumiyyət naminə yaşıyor. Bizlərdə isə
böylə degil, ədəbiyyatın əsaslarını xəlqin
malı etmək istəmədik. Ayrı-ayrı kimsələr pək alimdir, pək
müxbirdir. Fəqət onu bir araya gəlsə
onlar da bir ümumiyyət, bir həyat olmaz. Qiymətli
bir həyati-ictimai islam məmləkətlərinin
heç birində yoxdur. Bunun ən doğru
şəklini İranda görərsiniz. Küçələr
bir zibil yatağı, hər tərəfə baxılsa bir
xarabazar, bazardakı satıcılar əlinə zir-zibili
qarşısındakı çaya atar, suyunu öylə bir
hala gətirər ki, baxmaq istəməzsən. Haman bu
ümumiyyət halını qiymətsiz edən, alçaldan
cənabın həyat qapısından içəri girdikdə
evində bir cənnət olduğuna şaşıracaqsan, bu
nədir! Onun xüsusiyyəti
üçündür.
Bundan bəllidir ki, burada insanlar ayrı-ayrı yaşar,
fəqət xüsusi həyatından ləzzət aparar.
Ədəbiyyat da öylədir. Şeirlərimiz hər
bir şairin öz zövqünə mütabiq olmuş,
olsa-olsa ətrafındakı bir takım əhbabı, rüfəqası
onu anlar, yaratdığı bədiələr, gözəlliklər
fəqət onun kəndisi üçün imiş zənn edər,
xəlq üçün yaramaz.
Qərbdə isə böylə degil. Orada
bütün ədiblər, şairlər xəlq dərinliginə
atılıb onun içərisində duyduğu təəssürata,
gördügü həyata həp yazdığını uydurar.
Olduqca həyati-ictimaiyyə həyati-münfəridəyə
tərcih verilər.
Qərbdə bugünki tərəqqi ilə bizdəki bu
inhitat bu iki aləmin miyanında olan fərqi nəticəsindəndir.
Şərqdə bir zaman yüksək bir mədəniyyət
var imiş. Lakin o da xas olub gündən-günə zəifə
izmihalə uğradı.
Avropada isə ümumə mal olan mədəniyyəti-ammə
sayəsində özünə tərəqqi yollarını
aradan buldu və bu gün də ondakı qələbə ilə
bizdəki məğlubiyyət həp bundan dolayıdır.
İştə
bunu da türklər ap iyi anlamış və
bu yolda get-gedə tərəqqi etməkdədirlər. Bu yolda ədəbiyyat Türkiyədə gözəl
bir mövqe tutuyor. Yeni türk ədəbiyyatı
fəqət xəlqin qalın təbəqəsinə enir və
yazılanların həpsi xəlq üçün
yazılır. Türklər ədəbiyyat
yolunda çox çalışdılar. Bu
vəqtədək onlarda bir çox tərcümələr
olmuş, Qərb ruhunda kitablar yazılmış idi. Fəqət Qərbdən alınmış şəklin
eynən qəbul edilməsi yanlış olduğu artıq bəllidir.
Çünki iqlimdən iqlimin fərqli
vardır. Hər yerdə bir xüsusiyyət
bir də ümumiyyət olar. Sənət,
elm, fənn ümumidir. Dil, din, ənənat,
ruh başqa-başqadır. Bunların hər
birini qəbul etdikdə millətin ruhunu, xüsusiyyətini nəzərə
almaq lazımdır.
İşbu belə də Türkiyədə olmuş
idi. Türklər
bu vəqtədək London səyahətindən, Parisdən,
hinddən və digər yerlərdən əhəmiyyətsiz
şeylərdən belə bəhs edib bircə Anadolunu bu
gün bütün xarüqələr, bütün rəşadətlər
yaradıcısı, həp İstanbulu və başqa yerləri
ərzaq ilə təchiz edən Anadolunu unutmuşlar idi. Məktəblər tamamən İstanbulda, həyati-ictimaiyyə
nümunələri İstanbulda, türklərin nəsi varsa
İstanbulda idi. Anadolunun məktəbi yox,
sənaəti yox, bəlkə belə həyatı da yox kibi
idi.
Şimdi isə öylə degildir. Yeni cərəyan
Anadolu xəlqi ruhundan, həyatından, ehtiyacından
yazıyor, dərdinə ağlıyor.
Bu da siyasətə təsir ediyor. Türk məhafili
də buna diqqət etməgə başlıyor.
Əbdülhəmid zamanı İttihad və Tərəqqi
firqəsi düşünürdü ki, hürriyyət olsa, hər
millət kəndisini unudar. Hamısı qardaş
kibi yaşamağa ibrazi-qeyrət edər. Böylə
bir düşüncəni həyatə də, siyasətə
də tətbiq etdilər. Fəqət məşrutiyyət
zamanı gəldi. Kimsə kəndisini
unutmadı. Arnaudlar, ermənilər, ərəblər,
hər kəs kəndisini düşündü. Unudulmuş bircə türklər
qaldığını artıq gördülər.
Bir türk mütəfəkkiri söylüyor ki, – bən
türklügümü fəqət hər millətin
Türkiyədə kəndisi üçün
çalışdığı zaman duydum.
Türklər də ümumən böylə bir fikrə gəlmiş idi. Ona binaən türklərin siyasəti böyük bir təbəddülatə uğrayıb hər şeydə milliyyət iləri sürülmüşdür. Lakin burada da bir qədər yanlışlıq, bir qədər ifrat edilibdir. Məlumdur ki, hər kəs öz millətini istədigi kibi digərini istəməz. Hər kəsdə bir milliyyət fikri müqəddəs tutuluyor. Lakin bir fikrin müqəddəs olduğu kafi degil, o fikir namüqəddəs yollar ilə yürüdülsə fikir də namüqəddəs olacağı bəlli. Məsələn, bolşevizm əqidəsinin müqəddəs olduğunu kimsə inkar etməz. Fəqət bolşeviklərin apardığı siyasət, tutduğu yol namüqəddəs olduğundan bu gözəl məsləki nə kibi şəklə saldığını gördünüz. Aləmi kəndilərindən mütənəffir etməklə həpsini bolşevizmədən ürkütdülər.
İştə bu müqəddəs “milliyyət” fikrində türklər də bir çox ifratə uyduqlarından dolayı bir çox yerlərdə məmurlar digər millətlərə qarşı “milliyyət”dən suyi-istifadə etdilər. Ümuri-idarələrdə əxlaqsızlıqlar vücudə gəldi. Böylə suyi-istemal müharibədən fürsəti qənimət bilən və bundan dolayı üsyan qaldıran ermənilər həqqində rəva görüldü. Lakin üsyan bir ermənilər miyanında vaqe olmuyor. Ərəbistanda asilər olur. Türk ordusu çəkildigi yerlərin həpsində qiyam başlanır. Muxtariyyət iddiasına qalkışıyorlar. Böylə ki ümumiyyət üzrə Türkiyənin daxilində rahatlıq pozulmuş oluyor. Bundan maəda türk dörd il degil, səkkiz il, bəlkə də bir az fəzlədir ki, müharibə ediyor idi.
Dörd illik müharibədə Avstriya parçalanmağa başlamış, Almaniyada isə böylə bir inqilab qopduğunu görüyorsunuz. Artıq bu kibi hər bir cəhəti qüvvətli dövlətlər böylə taqətfərsa müharibənin təzyiqindən bu halə gəldi, ondan maəda müttəfiqlərin yekdigərindən əli də üzüldü. Türkiyə də mütarikəyə məcbur oldu.
lll
Hərbi-ümumi zatən Almaniya ilə İngiltərənin arasında olan müharibədən ədd edilməlidir. İki müharib zümrələrin əvvəldə birinin başında alman, digərinin İngiltərə durduğu bədihidir. Burada iki mədəniyyət mübarizə ediyordu. Alman sənaət və ticarəti İngiltərə ticarətinə rəqabət etdigi və hər iki mədəniyyətin özü üçün bu bir ərsə aramasilə istehsalatına da satış meydanı bulmaq üçün can atdıqlarından dolayı bu iki millətin faidələri müğayir olurdu.
Almanlar gənc bir millət və olduqca mütəşəbbüs xəlqdir. Onların güvəndikləri zor və qüvvələridi və qüvvətli olduqlarını bütün cahana anlatdılar. İnsafla deyilər isə bu onlar üçün məğlubiyyət degildi, bu onların siyasətinin bərhəm olması idi.
İngilislərin dənizlərə təsahübi bir tərəfdən və yürütdükləri siyasəti, millətlər ilə rəftarı tamamilə başqa bir tərzdə idi. Almanlar bütün müvəffəqiyyətlərini fəqət yumruq qüvvətlərində görüyor, vəqt uzandıqca İngiltərə müavinət ediyordu. Müharibənin başında daha zorlu, daha dəhşətli almanın get-gedə yekdigərini təqib edən xətalara uğruyordu. Həp millətləri və ən axırda Amerika kibi müəzzəm bir milləti də öz dəmir yumruğuna qarşı qaldırdı. Amerika hərbə girdikdən sonra Almaniyanın işi fənalaşmağa başlıyor. Almaniya onun müharib bir dövlət olmadığını onun üçün və Avropaya lazımi miqdarda əskəri qüvvə çıxarmaz zənn ediyor idi. Bunlar həp yanlış oldu. Almanlar təsəvvüratlarında xətalı siyasətlərində də əsla nəzakət bilməz olduqlarıyçun dost və düşmənlərini özlərindən incitmişlərdi. Türklərə qarşı yürütdügü siyasətdən dolayı hətta türk məhafilində də nifrət qazanmağa başlamış idi. Qafqasiya məsələsində Almaniyanın siyasət yaramazlığı meydana çıxdı.
Onun Estlandiya, Turliyandiya, Yiflıyanda və işğal etdigi başqa məmləkətlərdə yapdığı hərəkəti eynilə türklər də Qafqasiyada öz irqləri üçün yapmaq istərlərdi. Lakin burası Almaniyanın keyfinə müğayir gəliyordu. Hətta Azərbaycanın kəndisinə ittixaz etdigi paytaxtını gizlicə bolşeviklərə vermək istədi.
İləridə ərz etdik ki, Türkiyənin hərbə girməkdən məqsədi Rusiya çarizmini sərnigün etmək idi. İştə türk bu məqsədə nail olmuşdu. Ona binaən də sülhü əvvəlcə yapmaq lazım idi. Çünki Türkiyə üçün artıq məqsədi hərb qalmış idi. Bu da hasil olduğu zamanlarda sülh əqd edilsə idi. Qazanc çox olurdu. Bu babda İttihad və Tərəqqi ricali-dövləti millət tərəfindən tənqid edilməkdədir. Bilməm istənildigi vəqt hərbdən çıxmaq səhl idimi? Buna da vəsait mümkün idi. Ya yox məsələsi məchuldur.
Fəqət hər nədənsə türklər ilə müttəfiqlərinin arası açılmış idi.
Bunu da təsviyə üçün Tələt Paşa Berlinə əzimət etdi. Oradan da döndügi kibi sülhə girişmək tərəfdarı olduğunu göstərdi. Məlum oluyor ki, yolda Avstriyanın və Bolqariyanın əhvalını Tələt Paşa ap iyi tədqiq etmiş imiş.
Bu zamanda idi ki, Bolqariyada qarqaşalıq başladı, əskər dönüklük göstərdi. Düşmənlər Bolqariyayı sıxışdırmağa başladı. O da bütün cəbhəxanasını anbarlara qoyur, onu da müttəfiqlər kontrolu altına veriyor. Böyləliklə, Türkiyənin Mərkəzi Dövlətlər ilə münasibatı qət oluyor. Digər tərəfdən də Avstriyanın da halı bərhəm oluyor, xəbərləri gəliyordu. Şu sırada idi ki, Almaniyanın özündə də daxili hərəkətlər çıxdı. Artıq Almaniya da kəndi zəifini və müvəffəqiyyətsizlikligini etiraf etməliydi. Zatən böylə müvəffəqiyyətsizlik bu gündən degil, ta almanların Paris üzərinə hücum etdikləri zaman arxalarına baxmadan pək məğruranə Fransa paytaxtına zərbə endirməgə çalışdığı zaman meşəyə gizlənmiş fransız ordusunun onları yardığı gündən başlanmış idi.
Bu yarışdan başlayaraq gündən-günə ricət davam ediyor. Nəticədə bugünki hal meydana gəliyor.
Nəhayət, Almaniyanın özündə hökuməti sıxışdırmağa başlıyorlar. Üsuli-idarənin dəgişməsi, hökumət məmurlarının məsul olması məsailindən mübərra qalmış Almaniyada parlamentarizm başlıyor. Az bir zamanda millət özü öz idarəsinin başında müntəxəb kişilər qoymaq arzusuna düşüyor. Almaniya halı Türkiyəyə də təsiri-nüfuz ediyor. Türkiyə də daxili təşkilatı yolunda olmadığından onları müntəzəm etmək üçün çalışıyordu. Bu zamanda idi ki, burada da hökumət böhranı başladı. İstefa vermiş hökumət əvəzinə yeni bir hökumət gəldi.
(Ardı var)
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.-
2013.- 7 dekabr.- S.26-27.