Özbək şairi Siracəddin Səyyidin şeirləri

(tərcümə)

 

 

Siracəddin Səyyid Özbəkistan xalq şairidir. 1958-ci ildə Özbəkistan Respublikasının Surxandərya vilayətində anadan olub. 1980-ci ildə Daşkənd Dövlət Universitetinin Jurnalistika fakultəsini bitirib. İlk kitabı "Ruhum xəritəsi" (1984) Qafur Qulam adına Ədəbiyyat sənət nəşriyyatında nəşr olunub. Ondan bəri istedadlı şairin 20-ə yaxın kitabı müxtəlif nəşriyyatlarda çap edilib: "Sevgi məmləkəti" (1987), "Qoru" (1990), "Mehr qalır, məhəbbət qalır" (1992), "Yandım" (1994), "Evindəki beşiklər" (1996), "Vətəni öyrənmək" (1996), "Yiyəsi var yurd" (2001), "Vətən əbədidir" (2001), "Könül fəsli" (2007), "Yaşasın yağışlar" (2007) başqa kitabları ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. 2008-ci ildə "Şərq" nəşriyyatı görkəmli şairin ikicildlik seçilmiş əsərlərini nəşr edib. Siracəddin Səyyid çağdaş Azərbaycan poeziyasının bir çox qiymətli nümunələrini özbək dilinə uğurla çevirib.

 

Yunus İmrə

 

"Məni sorma məndən, məndə deyiləm",

Fəqir donundayam, canda deyiləm.

Könül dərsindəyəm, ruh aləmində,

Ki sənin gördüyün təndə deyiləm.

                                                             1990

Mir Əlişir Nəvai

Diriliyin zəngi Nəvai,

Böyüklüyün rəngi Nəvai.

 

İşıqlandı ziyasız aləm,

Türk ellərinin danı Nəvai.

 

Beş əsrlik röyadır dünya,

Beş əsrlik çini Nəvai.

 

Bir ümmandır ibtidası yox,

Yoxdur onun sonu - Nəvai.

 

Tarix kimi qədimdən qədim

Zaman keçər, yeni Nəvai.

 

Vətən kimi sərhədi sonsuz,

Vətən kimi mənqu  Nəvai.

                                                2000

 

Əmir Teymurun heykəli qarşısında

Ədalət daim belə:

          yavaş-yavaş yüksələr.

Yamanlıq əzəl-əbəd

            yer təkində gizlənər.

Ədavət ilə gələn

              indi hər hansı bir güc,

Əmir Teymur heykəlinə

           dəyib parçalanacaq. 

                                                        2000

Tarixi təşbeh

Günbəzlər - dəbilqə,

Minarələr - nizə.

Harda qalmış keçmiş şan-şöhrət, zəfər?

Dərin yuxudadır sonsuz hərblərdə

Seyrəkləşən ləşkər kimi qədim bu şəhər.

                                                           1989

 

Əbədi adlar

 

Ölməz yer üzündə Buxara adı,

qədər yaşayır Buxari adı.

 

Əbədi əsəcək Termiz yelləri,

Ta ki nur saçırlar Termiziləri.

 

Öpür bu torpağı qədər can var,

Həzrə Yəsəvi var - Türküstan var.

 

Amudəryaları əbədi, əzim,

Mənquverdiləri mənqu Xarəzm.

Ulu Teymurxanın şövkəti, şanı,

Şəhrisəbz, Səmərqənd - cahan eyvanı.

 

Dünyanın şanına bir şan qoşublar,

Keçdilər Baburlar, bir Məşrəblər.

 

Gərçi fələklərə fəğan etdilər,

Onlar Vətən adın asiman etdilər.

 

Qırılmaz bu yurdda iman tarları,

Ta ki hikmət söylər Allahyarları.

 

Ey başdan ayağa ruh yad , Vətən,

Ulu simaları bərhəyat , Vətən.

 

Sənin heç bir vaxt bil, şanın sönməz,

Əbədiyyətə qədər ad-sanın ölməz.

2000

Təriqət torpağı

 

Alovları kül çıxar,

Xəzanları gül çıxar.

Lay-lay, qat-qat torpaq deyil,

Yer altından dil çıxar.

 

Aləm əsli-üzündədir,

Yəni qaş gözündədir.

Hikmət sənin özündədir,

axtarsan - o çıxar.

 

Bu yerin hər zərrəsi,

Ya bir şeyxdir, ya bir vəli.

Qafil insan deyər, bəli:

Külçə qızıl,  pul çıxar.

 

Yerdən səma çıxar burda,

Demə: zindan çıxar burda.

Qullar sultan çıxar burda,

Sultanları qul çıxar.

1997

İki ulduz

 

Bu axşam mənimdir, bu əyyam mənim,

Bu saqi mənimdir, bu Xəyyam mənim.

Göydə naz eyləsə Sürəyyam mənim,

Yerdə işvə eylər Mühəyyam mənim.

                                                       1999

Pəhlivan Mahmud

 

Sənin həsrətlərin uzun,

Şeirlərin qısa.

Neçə dilənçi gördün,

qədər sultan gördün.

Nuh min il yaşadı -

Gördü bir tufan.

Sən Nuh olmasan da

Min tufan gördün.

Kimindən taxt qaldı

Kimindən - ad-san.

Səndən miras qalmış beytlər - tüğyanın.

...Gər libas tiksələr nisgillərindən

Əynini bəzərdi lüm-lüt dünyanın.

                                                        1983

Səmərqənddə

 

Unudub əsrimin dərdi-sərini,

Gəzdin bu şəhərin mədrəsələrin.

Sükunəti qəmgin dinləyər

Hücrələr. Hücrələr. Hücrələr.

Eşiklər. Eşiklər. Eşiklər.

Qapılar tarix tək açılar.

Səmərqəndi tək-tənha seyr edirəm:

Minarələr durar - oyaq əsgərlər.

Lal kimi baxır "Uluğbəy",

Yerində donubdur "Şerdar".

Registanda gəzərkən tənha

Oluram qədim xəyallara qərq.

Hardasan, yüz əsrlik daşlardamı?

Qəmli naxışlardamı,

Məqbərələrdəmi ya

Qəbirlərdəsənmi, Şərq?

Məni təqib edir tarixi sükut,

Bütün dahilərin ağlar köksümdə.

Axşamdır. Əmir Teymur babamın adın

Pıçıldayaraq gedirəm taksidə.

                                                    1983

 

 

Özbəkcədən çevirəni: Yaşar Qasımbəyli,

 

Azərbaycan Yazıçılar Birliyinin                                                                                                                                                   

Özbəkistan Yazıçılar İttifaqının üzvü,                                                                                                                                       

filologiya elmləri üzrə fəlsəfə doktoru

525-ci qəzet.- 2013.- 10 dekabr.- S.8.