Folklor İnstitutunda Aşıq Şəmşirə həsr olunmuş beynəlxalq elmi konfrans təşkil edilib

 

 

Bu günlərdə AMEA- da Folklor İnstitutu "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Aşıq Şəmşirin 120 illiyinə həsr olunmuş "Aşıq sənətinin tarixi inkişaf yolları Aşıq Şəmşir mərhələsi" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Öncə Aşıq Şəmşirin həyat yaradıcılığını əks etdirən video çarx nümayiş etdirilib.

Tədbirə Azərbaycan, Türkiyə, İran, Rusiya (Dağıstan) Qırğızıstandan qabaqcıl elm tədris müəssisələrini təmsil edən nümayəndələr qatılıblar.

Konfransı giriş sözü ilə AMEA Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar Kazımoğlu (İmanov) açıb, iştirakçıları salamlayaraq bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd 120 illik yubileyi münasibətilə böyük sənətkarı bir daha yad etmək, onun yaradıcılığının işığında aşıq sənətimizin dünəninə, bugününə, bəlkə müəyyən mənada problemlərinə baxmaqdır: "İbn Haldunun fikridir, deyir, keçmişlə bu gün o qədər bir-birinə bənzəyir, necə ki, sular bir-birinə bənzəyir. Aşıq Şəmşiri müəyyən mənada Xəstə Qasıma, Aşıq Ələsgərə, digər klassik aşıqlara bənzətmək olar. Aşıq Şəmşir dərin köklərlə, qırılmaz tellərlə özündən əvvəlki klassik aşıq sənətinə bağlıdır özündən sonrakı nəslə bir mənəvi körpüdür. O, 70-dən çox saz havasını məharətlə ifa edib, lentə yazdırıb. Aşıq Şəmşir 500-dən çox şeir yazıb, 20-yə yaxın dastanı məclislərdə canlı şəkildə söyləyib, xalq arasında dastan ifaçılığının böyük zirvəsini fəth edib. Nəhayət, aşıq sənətinin vacib tələblərindən biri olaraq 30-dan şox şagird yetişdirib. Aşıq Şəmşirin şeirləri , ifa etdiyi saz havaları da, şagird yetişdirməsi bir məcrada - dastan ətrafında birləşib. Bizim aşıq sənəti qonşu xalqların musiqisinə, mədəniyyətinə, ədəbiyyatına  məhz dastan vasitəsilə təsir göstərib. Beləliklə, Aşıq Şəmşir bizi çox mətləblərdən hali edir".

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanın ən zəngin folklor sərvətlərinə malik ölkələrdən biri olduğunu bildirib. Qeyd edib ki, ölkəmizdə aşıq sənətinə həsr olunmuş tədbirlərin keçirilməsi Azərbaycanın milli-mənəvi dəyərlərə verdiyi önəmin göstəricisidir. Aşıq Şəmşirin irsi yalnız Azərbaycanın deyil, türk xalqlarının onlarla eyni mədəni məkanda yaşayan qonşu xalqların da filoloq musiqişünas alimləri üçün maraqlı dəyərli tədqiqat obyektidir. O, Aşıq Şəmşirlə Səməd Vurğunun məşhur deyişməsini "böyük ədəbi hadisə" adlandırıb: "Bu, nadir deyişmədir, özündə dastan elementlərini birləşdirir".

Sonra çıxış edən AMEA Humanitarİctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayev Azərbaycan xalqının folklorda yaşayan tarixinə və tarixi şəxsiyyətlərinə yeni meyarlar müstəvisində nəzər salınması baxımından konfransın dəyərini  xüsusi olaraq vurğulayıb: "Aşıq Şəmşirin xatirəsinə həsr olunmuş konfrans bizi qədim mədəniyyətlərə aparmaya bilməz. Belədə dünya mədəniyyətinin ümumi ahənginə qovuşmuş oluruq".

Abant İzzət Baysal Universitetinin (Türkiyə) professoru Əli Yaman Türkiyədə və Azərbaycanda dədəlik anlayışının tarixi köklərinə diqqət çəkib, çağdaş dövrdə həmin məsələ ilə bağlı fərqləri aydınlaşdırıb. Bildirib ki, Türkiyədə artıq dədə anlayışı ozanlıqdan çıxıb, dini müstəvidə anlaşılır, Azərbaycanda isə aşıq sənətində yaşadılır.

Qırğızıstan Texniki Universitetinin Fəlsəfə və sosial elmlər kafedrasının professoru, manasçı Talantaalı Bakçiyev xalqlarımızı birləşdirən mənəvi tellərin qorunması gərəkliyindən danışıb. Onun məşhur "Manas" dastanından bir parça ifası iştirakçıların ciddi marağına səbəb olub, alqışlarla qarşılanıb.

Dağıstan Respublikasının Qarabudaq Kənd Gimnaziyasının müəllimi, filologiya elmləri namizədi Ruqaniyat Musayeva, şair Məmməd Aslan, professor Şirindil Alışanlı çıxış edərək aşıq sənətinin dünəni və bugünü ilə bağlı, eyni zamanda, Aşıq Şəmşir yaradıcılığının məxsusi cəhətləri ilə ilgili mülahizələrini iştirakçıların diqqətinə çatdırıblar.

Sonda çıxış edən şair-publisist, ictimai xadim, "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Şəmşiroğlu Aşıq Şəmşir irsinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, bu möhtəşəm konfransı keçırən Folklor İnstitutuna minnətdarlığını bildirib.

Konfrans öz işini "Qurbani", "Dadaloğlu", "Manas", "Aşıq Ələsgər" adlı bölmələrdə davam etdirib, həmin toplantı-yığıncaqlarda 30-dan artıq elmi məruzə dinlənilib, məruzələr ətrafında müzakirələr aparılıb.

 

525-ci qəzet.- 2013.- 10 dekabr.- S.7.