90 ilin zirvəsində

 

 

 

Bu günlərdə qədim və zəngin mədəniyyətimizin şərəfli tarixində özünəməxsus yeri olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 90 illiyi respublikamızda geniş şəkildə qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin 1 mart 2013-cü il tarixində imzaladığı Sərəncam əsasında qeyd edilən bu yubiley kollektivimizin, sənətsevərlərin hədsiz sevincinə səbəb olmuşdur. Bu, dövlət başçısının incəsənətə, mədəniyyət təhsilinə göstərdiyi böyük diqqət və qayğının bariz nümunəsidir.

Ölkə başçısı cənab İlham Əliyevin respublikamızın iqtisadi inkişafı ilə yanaşı, mədəniyyətimizin dünya miqyasında tanıdılması istiqamətində gördüyü nəhəng işlər, milli təhsilimizin tərəqqisinə göstərdiyi böyük qayğı Ulu Öndərimiz Heydər Əliyevin ölməz ideyalarını özündə ehtiva edir. Burada Ümummilli Liderimizin mədəniyyətlə bağlı  bu müdrik kəlamını xatırlamaq yerinə düşər: "Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir. Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir".

Ulu Öndərimizin və onun layiqli davamçısı cənab İlham Əliyevin mədəniyyətə verdikləri yüksək dəyər bu sahənin ayrılmaz tərkib hissəsi olan təhsilimizin də rolunu dəqiq müəyyənləşdirir. Bununla əlaqədar möhtərəm Prezidentimiz demişdir: "Azərbaycanın daim yüksək amallara xidmət göstərmiş müəllim ordusu, ölkəmizin hərtərəfli inkişafı naminə, gələcəyimiz olan gənclərin milli-mənəvi dəyərlərə sədaqət ruhunda yetişdirilməsi yolunda var qüvvəsini sərf etmişdir".

Müəllim əməyinə verilən bu qiymət  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professor-müəllim heyətinə də aiddir və bu bizi təhsil sahəsində daha böyük uğurlar əldə etməyə ruhlandırır.                         

 

Yarandığı ilk illərdən  etibarən Azərbaycanda mədəniyyət və incəsənətin müxtəlif sahələri  üzrə yüksək ixtisaslı kadrlar hazırlayan bu ali  təhsil ocağı öz başlanğıcını 1923-cü ildə Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən almışdır. O zaman məşhur sənətkarımız, Milan və Kiyev konservatoriyalarında təhsil almış, opera sənətimizin ilk professional müğənnisi, SSRİ xalq artisti Şövkət Məmmədovanın təklifi və təşəbbüsü ilə fəaliyyətə başlamış bu sənət məktəbi təqdirəlayiq inkişaf yolu keçmişdir. Məktəbdə ilk illərdən başlayaraq dərs demiş böyük sənət xadimlərindən  Əbdürrəhim bəy Haqverdiyevin, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Aleksandr Tuqanovun, Abbas Mirzə Şərifzadənin, Mirseyfəddin Kirmanşahlının, Cəlilbəy Bağdadbəyovun və başqalarının adları xüsusi qeyd olunmalıdır.

Bakı Teatr Məktəbi yaradıldığı  zaman Azərbaycanda peşəkar teatr sənəti yarım əsrlik tarixi inkişaf yolu keçmiş, qüdrətli aktyor məktəbi formalaşmışdı. Onu da qeyd edək ki, bu məktəb  yalnız Azərbaycanda deyil, bütün Şərq aləmində  ilk teatr təhsili ocağı idi. Görkəmli dramaturqumuz Cəfər Cabbarlı 1925-ci ildə "Türk Teatr Məktəbi" adlı məqaləsində belə yazırdı: "Belə bir məktəbin açılmasını həyat özü istəyirdi. Həyatımızın getdikcə irəliləyib genişlənməkdə olan başqa cəhətləri kimi, səhnələr də artıq biliksiz, hazırlıqsız olaraq araya atılmış "cır qüvvələr" ilə keçinə bilməyəcəyini hiss edirdi.

...Bakı Teatr Məktəbi yalnız Azərbaycan deyil, bütün Şərq ölçüsündə böyük  əhəmiyyətə malikdir".

O dövrdə Bakı Teatr Məktəbi həm də Özbəkistan, Türkmənistan, Dağıstan, Krım və digər regionlar üçün də aktyor və rejissor kadrları hazırlayırdı. Bu kadrlardan görkəmli özbək aktrisası, SSRİ xalq artisti Həlimə Nəsirovanı,  məşhur türkmən aktyoru və rejissoru, SSRİ xalq artisti  Altı Karlıyevi və başqalarını misal göstərmək olar.

1926-cı ildə Teatr Məktəbinin birinci buraxılışı oldu. Məktəbin ilk məzunları içərisində Fatma Qədri, Rza Əfqanlı, Hacıməmməd Qafqazlı, sonrakı illərdə Əfrasiyab Bədəlbəyli, Ələsgər Ələkbərov, Ələsgər Şərifov, Gülxar Həsənova, Nəsibə Zeynalova və başqa görkəmli sənətkarlar var idi.

İllər keçdikcə Bakı Teatr Məktəbində həm tələbələrin, həm də müəllimlərin sayı artırdı. Belə ki, bu dövrdə respublikanın müxtəlif rayonları üçün Teatr Məktəbində xüsusi yerlər ayrılırdı. O illərdə  Gürcüstan, Dağıstan, Özbəkistan, Türkmənistan üçün  ayrılmış yerlərin də  sayı artırılmışdı.

Bakı Teatr Məktəbinin qarşısında duran mühüm vəzifələrdən biri də savadlı, milli rejissor kadrlarının hazırlanması idi. Buna görə də 1930-cu  ildə  Teatr Məktəbində aktyor şöbəsi ilə yanaşı, rejissor şöbəsinin açılması  bu istiqamətdə atılan səmərəli addımlardan biri oldu.

Bu illərdə Moskva teatr mühiti ilə Azərbaycanın, konkret olaraq Bakı Teatr Məktəbinin əlaqələri də öz bəhrəsini verirdi. 1927-ci ildə Malı Teatrın, 1930-cu illərdə isə Moskva Bədaye Teatrının Bakıdakı qastrolları böyük maraq doğurdu. Vaxtilə Teatr Məktəbinin direktoru olmuş xalq artisti Hacağa Abasov öz xatirələrində Teatr Məktəbinin tələbələrinin K.S.Stanislavski ilə görüşlərindən söz açaraq yazırdı: "O, bizim arzumuzu böyük həvəslə qəbul edib, tələbələrə aktyor sənəti haqqında mühazirələr oxudu və təcrübi məşğələ apardı. Onun mühazirələrində Teatr Məktəbinin bütün tələbələri və müəllimləri iştirak edirdilər. O dövrdə məşhur sənət xadimləri İ.Moskvin və V.Kaçalov da bu görüşlərdə fəal iştirak etmişdilər. Görüşlər zamanı K.S.Stanislavski öz sistemini dərindən açıqlayır, onu aktyor sənətinin elementləri ilə bağlı məşğələlərlə əyaniləşdirirdi".

30-cu illərin şəxsiyyətə pərəstiş dövrü və amansız repressiyalar Azərbaycan incəsənətinə sağalmaz yaralar vurdu. Xalqımız Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Hüseyn Cavid kimi böyük sənətkarlarını itirdi.

1939-cu ildə Teatr Məktəbinə görkəmli şairimiz Osman Sarıvəlli direktor təyin olundu. Onun Teatr Məktəbindəki qısa müddətli fəaliyyəti buradakı ədəbi-bədii və yaradıcılıq mühitində bir canlanma yaratdı.

1941-ci ildə Teatr Məktəbinə rejissor Həbib İsmayılov rəhbərlik etməyə başladı. Müharibənin məhrumiyyətlərinə baxmayaraq, məktəbin fəaliyyəti davam edirdi. Həmin illərin məzunları arasında tanınmış yazıçı, ədəbiyyatşünas-alim Əzizə Cəfərzadə də var idi. O, təhsilini bitirdikdən sonra bu məktəbdə müəllim və daha sonra direktor kimi çalışmışdı. Əzizə Cəfərzadə Teatr Məktəbinin sonuncu direktoru olmuşdur.

1945-ci ildə Bakı Teatr Məktəbinin əsasında Azərbaycan Dövlət Teatr İnstitutu yaradıldı. Əməkdar müəllim Musa Musayev instituta direktor təyin edildi. O, 1959-cu ilə qədər bu təhsil ocağının başçısı oldu. Sonralar instituta AMEA-nın müxbir üzvü Aslan Aslanov rəhbərlik etdi.

Teatr İnstitutunda ilk illərdə aktyor sənəti, rejissorluq fakültələri fəaliyyət göstərirdi. Eyni zamanda burada aktyor və rejissor sənəti, teatr tarixi, musiqi fənləri, dil və ədəbiyyatşünaslıq və başqa kafedralar da təsis edildi. "Aktyor və rejissor sənəti" kafedrasına professor Rza Təhmasib, "Teatr tarixi" kafedrasına dosent Aleksandr Mudrov, "Ədəbiyyat" kafedrasına filologiya elmləri doktoru, professor Əli Sultanlı rəhbərlik etməyə başladılar. Məşhur Azərbaycan rejissorları Adil İsgəndərov, Mehdi Məmmədov, Məhərrəm Haşımov, dramaturqlardan Sabit Rəhman, filoloq və teatrşünas alimlərdən Mikayıl Rəfili, Məmməd Cəfər Cəfərov, Feyzulla Qasımzadə, Əkbər Ağayev, Cəfər Cəfərov, sənətşünas alimlərdən Kərim Kərimov,   Mürsəl Nəcəfov, Nurəddin Həbibov, Cəmilə Novruzova və başqaları pedaqoji işə cəlb edildilər. Belə sənət xadimlərindən biri də xalq artisti Kazım Ziya idi. 1945-ci ildən Teatr İnstitutunda dərs demiş, yüksək ixtisaslı kadrlar hazırlanmasında fəal iştirak etmiş Kazım Ziya "Səhnə danışığı" fənninin tədrisi və tədqiqi sahəsində böyük xidmətlər göstərmişdir. Hazırda bu sahədə qazandığımız uğurlar, sözsüz ki, onilliklər boyu formalaşmış yaradıcılıq ənənələri ilə bağlıdır. Məlum olduğu kimi, aktyor sənətində səhnə duyumu, aydın, səlis nitq əsas şərtlərdəndir. Bu mühüm keyfiyyətlər köklü ənənələrə malik olan, vaxtilə Kazım Ziya kimi korifey sənətkarlarımızın çalışdıqları "Səhnə danışığı" kafedrası kollektivinin həmişə diqqət mərkəzindədir. Hal-hazırda dosent Fərhunə Atakişiyevanın rəhbərliyi ilə bu kafedra qeyd etdiyimiz ənənələri ləyaqətlə davam etdirir.

Bu illərdə məzunlar arasında məşhur sənətkarlar Leyla Bədirbəyli, Məlik Dadaşov, Nəcibə Məlikova,  Rauf Kazımovski, Gülcahan Güləhmədova, Arif Babayev, Kamil Rüstəmbəyov, xalq yazıçısı Hüseyn Abbaszadə və başqa sənət xadimləri var idi.

Teatr İnstitutunun ilk məzunlarında biri, Azərbaycanın xalq artisti, professor Gülcahan Güləhmədova o illəri belə xatırlayır: "Müəllimlərimiz çox məhşur sənət xadimləri idi. Mən onları həmişə böyük minnətdarlıqla xatırlayıram. Sevinirəm ki, bu mədəniyyət xadimlərinin sənəti bu gün də yaşayır. Bu sənəti yaşadanlar içərisində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xüsusi yeri vardır. Hər dəfə mən bu universitetin müəllim və tələbələrinin istər Azərbaycanda, istərsə də onun hüdudlarından kənarda keçirilən teatr, musiqi festivallarında, rəssamlıq sərgilərində və başqa tədbirlərdə qazandıqları uğurların şahidi olarkən çox böyük qürur hissi keçirirəm".

 1961-ci ildən etibarən institutda dram teatrı və kino aktyoru ilə yanaşı, musiqili komediya aktyoru da hazırlanmağa başlandı, axşam və qiyabi şöbələr yaradıldı. Tələbələrin sayı xeyli artdı. 1963-cü ildə rəssamlıq bölməsinə qəbul keçirildi. İnstitutun maddi-texniki bazası bir qədər möhkəmləndirildi. Burada elmi-tədqiqat və metodiki işlər dövrün tələbləri səviyyəsində aparılmağa başlandı. Diplom tamaşalarına, ixtisas fənlərinə ciddi tələblərlə yanaşıldı, institutun dövlət teatrları və başqa mədəniyyət ocaqları ilə əlaqələri möhkəmləndi.

Pedaqoji işin keyfiyyət göstəricisinin yüksəldilməsi məqsədilə institutun professor-müəllim heyəti ildən-ilə təkmilləşdirilirdi. 60-cı illərin sonlarında sənət xadimlərindən Tofiq Kazımov, Əjdər Sultanov, Zəfər Nemətov, Səftər Turabov və başqaları instituta müəllim kimi dəvət edildilər. Ali təhsili uğurla başa vuran Turan Cavid, Adil Babayev, Cabir Səfərov institutda müəllim kimi saxlanıldı. Sonrakı illərdə Mahmud Allahverdiyev, Adilə İsmayılova, İnqilab Kərimov kimi teatrşünaslar da pedaqoji fəaliyyətə cəlb olundular.

1968-ci ildə bu ali təhsil ocağı Azərbaycan Dövlət İncəsənət İnstitutu adlandırıldı. Tədris sahəsində yeni dərslik və dərs vəsaitləri, proqramlar hazırlandı. Respublika teatrları üçün kadr hazırlığı genişləndirildi. Müəllimlər keçmiş SSRİ-nin müxtəlif ali təhsil ocaqlarında ixtisasartırma və təkmilləşdirmə kurslarında təcrübə keçdilər. İnstitutun yetirmələri olan aktyorlar Həsən Turabov, Amaliya Pənahova, Şəfiqə Məmmədova, Səməndər Rzayev, Hamlet Xanızadə, Əlabbas Qədirov, Mikayıl Mirzə bu ali təhsil ocağında müəllim olaraq fəaliyyətə başladılar.

Universitetimizdə çalışan aktyorlar, rejissorlar bir çox sənət uğurlarına imza atdılar. Müəllimlərdən xalq artistləri Rza Təhmasibin peşəkar aktyor və rejissor fəaliyyəti, İsmayıl Dağıstanlının yaratdığı möhtəşəm rollar, əməkdar artist Müxlis Cənizadənin  səmimiyyət dolu xarakterik səhnə və kino obrazları mənəviyyat xəzinəmizə əbədi daxil oldu. Professor Mehdi Məmmədovun rejissurasında səhnə həyatı qazanmış  U.Şekspirin "12-ci gecə", N.V.Qoqolun "Müfəttiş", İlyas Əfəndiyev və Mehdi Hüseynin "İntizar" və onlarla digər unudulmaz quruluşlar, xalq artisti Tofiq Kazımovun möhtəşəm rejissura seriyası olan İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən", "Unuda bilmirəm",  "Məhv olmuş gündəliklər" və başqa pyeslərinin səhnə təcəssümü tələbələr üçün kamil lirik-psixoloji sənətkarlıq nümunələri kimi əsl yaradıcılıq laboratoriyası oldu.   

1987-ci ildən etibarən İncəsənət İnstitutunda köklü dəyişikliklər baş verdi. Belə ki, əgər həmin dövrə qədər burada cəmi 2 dekanlıq, 6 kafedra fəaliyyət göstərirdisə və yalnız 9 ixtisasda mütəxəssis hazırlanırdısa, sonradan ixtisasların, fakültə və kafedraların sayı artmağa başladı. 1987-ci ildə İncəsənət İnstitutunda bir nəfər elmlər doktoru, altı nəfər elmlər namizədi işləyirdisə, 90-cı illərdə burada çalışan elmlər doktorlarının, professorların, elmlər namizədlərinin sayı 100-ü ötüb keçmişdi. Mədəniyyət və incəsənətin istər nəzəri, istərsə də təcrübi sahələrini əhatə edən yeni ixtisaslar şəbəkəsi açılmışdı.

1991-ci ildə İncəsənət İnstitutu universitet statusu qazandı. Bu, respublikamızda ilk analoji hadisə idi. Beləliklə, bu ali məktəb Bakı Dövlət Universiteti ilə yanaşı o zaman Azərbaycanda mövcud olan iki universitetdən birinə çevrildi. Qazanılan nailiyyətlər, yəni universitetin mədəniyyət sahələrini kompleks şəkildə əhatə etməsi, çoxprofilli ixtisas şəbəkəsinin yaradılması bu ali məktəbə universitet statusunun verilməsi üçün ciddi hüquqi əsas oldu.

Bu yerdə mən Ulu Öndərimiz Heydər Əliyevin bizim təhsil ocağına göstərdiyi böyük qayğını xüsusilə qeyd etmək istəyirəm. Onu deyim ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin hazırkı əsas binası Ümummilli Liderimizin bizə olan töhfəsidir. Yaxşı yadımdadır. 1996-cı il fevral ayının 2-də, bu gün Ulu Öndərimizin adını daşıyan Sarayda Azərbaycan gənclərinin Birinci Forumu keçirilirdi. Bu təntənəli tədbirdə universitetin müəllim və tələbələrinin əsərlərindən ibarət rəssamlıq sərgisi nümayiş etdirilirdi. Tədbirdə iştirak edən Ümummilli Liderimiz Heydər Əliyev fasilə zamanı bu sərgiyə böyük maraqla tamaşa etdi. Ulu Öndər sərgini çox bəyəndi və nəyə ehtiyacımız olduğunu soruşdu. Biz bina sarıdan çətinlik çəkdiyimizi bildirdik. Ümummilli Liderimizin göstərişi ilə bu problem qısa müddətdə həll edildi və biz yeni bina ilə təmin olunduq. Bundan başqa, universitetimizdə  "Rəngkarlıq", "Qrafika", "Heykəltəraşlıq"  kimi ixtisasların açılması da Heydər Əliyevin adı ilə bağlıdır.

Universitetimizin uğurlarından söz açarkən ilk növbədə teatr təhsilini qeyd etmək istərdim. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  2009-cu il 18 may tarixli "Azərbaycan Teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramını təsdiqləyən Sərəncamı, Teatr və teatr fəaliyyəti haqqında Qanun və bu Qanunla bağlı hüquqi sənədlər paketi Azərbaycan milli teatr sənətinin və teatr  təhsili sisteminin inkişaf etdirilməsi  baxımından böyük əhəmiyyətə malikdir.

Son illərdə teatr təhsili sahəsində əhatəli şaxələnmə baş vermiş, universitetdə yeni kafedralar yaradılmışdır. Dram teatrı və kino, musiqili teatr, estrada aktyoru ixtisasları teatr tədrisinin genişləndirilməsindən xəbər verir. Dövlətimizin mədəniyyət və incəsənət, xüsusən teatr sahəsinə göstərdiyi qayğı, teatrlarımızın təmiri, onların texniki təminat baxımından beynəlxalq standartlara cavab verməsi teatrlarımızın yeni yüksəliş mərhələsinə keçməsinin bariz nümunəsidir. 2010-cu ildə Bakıda keçirilmiş Beynəlxalq Teatr Festivalı bu sahədəki nailiyyətlərimizi bir daha parlaq şəkildə nümayiş etdirdi.

 Teatr sənəti sahəsində tələbələrimizin istər respublika daxilindəki, istərsə də beynəlxalq miqyasdakı uğurları bizi sevindirir. Belə ki, 2011-ci ildə Qazaxıstanın Almatı şəhərində keçirilmiş Birinci Beynəlxalq Tələbə Tamaşaları Festivalında ADMİU-nun Aktyor sənəti fakültəsinin tələbələri festivalın ali mükafatı olan Qran-pri mükafatını almışlar. Tələbələrimiz Tbilisi Beynəlxalq Tələbə Etüdləri Festivalında, İstanbul Kültür Universitetində keçirilmiş Beynəlxalq Tələbə Tamaşaları Festivalında və digər tədbirlərdə də yüksək mükafatlara layiq görülmüşlər.

Son illərin nailiyyətlərindən danışarkən  rejissorluq sənəti sahəsində kadr hazırlığını, bu sahədəki uğurlarımızı xüsusi vurğulamaq istərdim. Hazırda ADMİU-da teatr, kino, televiziya, musiqili teatr, estrada, kütləvi tədbirlər və bayramlar rejissoru kimi ixtisaslar üzrə mütəxəssislər hazırlanır. Universitetin "Səda" Tədris teatrı, Kino və Televiziya pavilyonu, Kino və Televiziya montaj otaqları, Kino zalı, Səsyazma studiyası, Rəqəmsal fotolaboratoriyası vardır. Bütün bunların tədris prosesində, diplom tamaşalarının hazırlanmasında və nümayiş etdirilməsində, müxtəlif tədbirlərin keçirilməsində rolu böyükdür.

Kino sənəti kadrlarının hazırlanmasında da universitetimizin fəaliyyəti təqdirəlayiqdir. Təsadüfi deyildir ki, respublikamızda kinorejissor, kinooprerator və ssenaristlərdən tutmuş bu sahəyə rəhbərlik edən sənət adamlarına qədər əksər kinematoqrafiya işçiləri bizim universitetin məzunlarıdır. Yeri gəlmişkən qeyd edim ki, Prezidentimizin "Azərbaycan kino sənətinin inkişaf etdirilməsi haqqında" 23 fevral 2007-ci il tarixli və "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" 4 avqust 2008-ci il tarixli Sərəncamları kino təhsilinin inkişafı üçün də yeni imkanlar açmışdır. Biz bu imkanlardan faydalanaraq  kino sənəti mütəxəssislərinin hazırlanması sahəsində əlimizdən gələni əsirgəmirik.

Müəllim və tələbələrimizin bu istiqamətdə qazandığı uğurlara misal olaraq Qazaxıstanda reallaşan tədbiri - "Bastau" Beynəlxalq Kino festivalını göstərmək olar. Bu tədbirdə universitetimizin təmsilçiləri öz filmlərini nümayiş etdirmiş, Beynəlxalq Kino festivalından yüksək mükafatlarla geri dönmüşlər. Kino sənəti üzrə Strasburqda keçirilən Beynəlxalq Monumental foto müsabiqəsində də tələbələrimiz birincilik qazanmışlar. Bütün bunlar müəllim və tələbələrimizin beynəlxalq aləmdə əldə etdikləri uğurların yalnız bir qismidir.

Bu gün universitetdə görkəmli kino rejissorları, professorlar Eldar Quliyev, Oqtay Mirqasım, Tofiq İsmayılov, Vaqif Mustafayev, Cəmil Quliyev, "Kino rejissoru və kino operatoru" kafedrasının müdiri Amin Novruzov, "Televiziya rejissoru və televiziya operatoru" kafedrasının müdiri Oqtay Babazadə, həmçinin populyar kino xadimləri Ayaz Salayev, Həmidə Ömərova, tanınmış kino nəzəriyyəçiləri Aydın Dadaşov, Aydın Kazımzadə və başqaları çalışırlar. 

ADMİU-da peşəkar musiqi ənənələrinin də dərin kökləri vardır. Hələ 20-30-cu illərdən başlayaraq Teatr Məktəbində musiqi təliminə böyük diqqət yetirilirdi. Bu məqsədlə yerli kadrlarla yanaşı, Moskva, Leninqrad, Kiyev və digər şəhərlərdən mütəxəssislər pedaqoji işə cəlb olunurdular. Bunların içərisində professor Aleksandr Milovanovun, Danil Danilovun adlarını xüsusilə qeyd etmək istəyirəm.

1945-ci ildə Teatr Məktəbinin bazasında institut yaradılarkən musiqi təhsilinin imkanları da xeyli genişləndi. Burada fəaliyyət göstərən Vokal kafedrası, sözün həqiqi mənasında, əsl yaradıcılıq laboratoriyası oldu. O illərdə ən tanınmış musiqi xadimləri həmin kafedrada fəaliyyət göstərirdilər. Müxtəlif illərdə burada çalışmış SSRİ xalq artisti, maestro Niyazi, Vokal kafedrasının müdiri olmuş SSRİ xalq artisti Lütfiyar İmanov, əməkdar artist Rəhilə Cabbarova, bəstəkarlardan - Azərbaycanın xalq artistləri Şəfiqə Axundova, Hacı Xanməmmədov, mahir pianoçu, musiqişünas-alim Gülarə Əliyeva, gözəl muğam ifaçısı Qulu Əsgərov kimi pedaqoqlar universitetimizdə musiqi təhsilinin inkişafına böyük təkan verdilər.

Respublikanın görkəmli musiqi sənəti xadimlərinin bir çoxu universitetimizdə  təhsil almışdır. İndicə adını xatırladığım Lütfiyar İmanov, habelə xalq artistləri Azər Zeynalov, muğam ifaçılarımızdan Arif Babayev, Canəli Əkbərov, İslam Rzayev, Səkinə İsmayılova, Yalçın Rzazadə, Nəzakət Məmmədova, Alim Qasımov, Mələkxanım Əyyubova, Məmmədbağır Bağırzadə, rəqqasə Afaq Məlikova və başqaları musiqi sənətinin incəliklərinə məhz burada təhsil alarkən yiyələnmişlər. Bu gün estradamızın bir çox tanınmış, populyar nümayəndələri universitetimizin məzunlarıdır. Xalq artistləri Briliyant Dadaşova, Nazpəri Dostəliyeva, Zülfiyyə Xanbabayeva və başqaları universitetimizin yetirmələridir.

 

(Ardı var)

Timuçin Əfəndiyev

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, əməkdar incəsənət xadimi,

filologiya üzrə elmlər doktoru, professor

525-ci qəzet.- 2013.- 10 dekabr.- S.4.