33 yaşlı kimyaçı alim

 

 

Müasir dünyanın var olmasında bir sıra vacib komponentlər var. Hansı ki, onlar insanların gündəlik ehtiyaclarının təməl prinsipləridir. Bu mənada kimya elmi xüsusi önəm daşıyır. Kimya elminin inkişafına, tədqiqinə töhfə vermiş hər bir alim, tədqiqatçı müasir dünya üçün ən labüd kəşfə sahib kəslərdir.

Azərbaycanın elm adamları arasında da kimya elminə böyük nailiyyətlər bəxş etmiş şəxsiyyətlərimiz olub bu gün davamçıları yetişir. Neft istehsalı sahəsində əvəzsiz xidmətləri olan, yüksək oktanlı benzin "Molotov kokteyli"nin ixtiraçısı Yusif Məmmədəliyev, neft-mədən işləri sahəsindəki araşdırmaları ilə dünya çapında uğur qazanmış Azad Mirzəcanzadə görkəmli elm xadimlərimizdir. O cümlədən, kristallokimya sahəsində əvəzsiz araşdırmalar aparmış Xudu Məmmədov, üzvi neft kimyası sahəsində müstəsna nailiyyətlər sahibi Abel Məhərrəmov daha neçə-neçə görkəmli alimlərimizin adı kimya elminə qırmızı hərflərlə həkk olunub.

Bütün elm sahələri inkişaf etdiyi tək, kimya da durmadan yeni uğurlara doğru addımlayır. Bu yönümdə bacarıqlı kadrların yetişməsi xüsusi önəm kəsb edir. Özəlliklə Bakı Dövlət Universitetinin yetirmələri kifayət qədər qürurverici uğurlara nail olublar. Həmin sayseçmə nümayəndələrdən biri kimya sahəsi üzrə 33 yaşında alimlik dərəcəsi almış Kamran Mahmudovdur.

1980-ci  il yanvarın 1-də Tovuz rayonunda anadan olmuş Mahmudov Kamran Talıb oğlu orta məktəb təhsilindən sonra 2001-ci ildə BDU-nun Kimya fakültəsinin bakalavr, 2003-cü ildə isə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirərək həmin ildə BDU-nun Analitik kimya ixtisası üzrə aspiranturanın əyani şöbəsinə qəbul olunub. 2006-cı ildə kimya elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.

Kimyaya marağının təməlində atası dayandığını söyləyən K.Mahmudov uşaqlıq xatirələrinin elmlə bağlı olduğunu bildirdi: "Kimya elminə marağımın olması əlbəttə ki, atamın işi ilə bağlıdır. Mən gözümü açandan kimya görmüşəm. Hətta mənim çay stəkanım kimyəvi stəkan (chemical beakers) idi. Atam dərsdən sonra Beynəlxalq olimpiyadalara uşaqları hazırlayırdı. Mən birinci sinifdə oxuyarkən hər zaman məktəbdən evə atamla gəlirdim. Belə hazırlıq qruplarında da həmişə istedadlı uşaqlar olurdu. Onlar müxtəlif təcrübələr aparırdılar. Bu zaman mən onları izləyərdim. Maraqlı rənglər alınırdı, reaksiya ildırım kimi gedirdi, kimyəvi stəkandan ətrafa qığılcımlar saçılırdı. Mən bilmirdim orada baş verir, amma maraqlı idi. Uşaqlar laboratoriyada rənglərlə yazılar yazır, kimyəvi karikaturalar çəkirdilər. Başqa bir sevimli məşğuliyyətim isə atama məxsus kitablara baxmaq, onları oxumaq idi".

Beləcə uşaqlıqdan taleyini kimya elmi ilə bağlamış K.Mahmudov bu sahəyə sevgisini illər ötdükcə qazandığı nailiyyətlərlə təsdiqlədi.

2009-cu ildə Portuqaliyanın Elm Fondunun qrantını udan gənc, həmin ildən Lissabon Texniki Universitetində (Portuqaliya) Lissabon Elmlər Akademiyasının vitse-Prezidenti akademik Armando J.L. Pombeironun laboratoriyasında elmi tədqiqat işi aparır. Bu gün orada yaşayan elmi işçi vətəni naminə qürbətdə böyük səylə çalışdığını bildirir.

Onun elmi fəaliyyətindən bəhs edərkən 2012-ci ildə akademik Abel M.Məhərrəmov AMEA-nın müxbir üzvü, professor Rəfiqə Əliyevanın elmi məsləhətçiliyi ilə Üzvi kimya Analitik kimya ixtisasları üzrə doktorluq dissertasiya işini müvəffəqiyyətlə müdafiə etməsini xüsusi vurğulamalıyıq. Çünki məhz bundan sonra o, Ali Attestasiya Komissiyasının 07.06.2013 qərarı ilə kimya elmləri doktoru alimlik dərəcəsi alıb.

Gənc olmasına baxmayaraq, hər daim yüksək əməksevərliyi sayəsində böyük hörmət sahibi olubdur.

K.Mahmudovun şəxsi keyfiyyətləri barədə söz açan BDU-nun müəllimi Namiq Şıxəliyev tələbəsinin ünvanına yalnız xoş ifadələr işlədərək onun potensialını yüksək qiymətləndirdi.

K.Mahmudova Üzvi kimya fənnindən dərs demiş N.Şıxəliyev onu çox zəhmətkeş tələbə kimi daim mütaliə ilə məşğul olduğunu bildirdi: "Gülərüz, çılğın təbiətli olan Kamranın ən gözəl xarakteri səmimi olmasıdır. Hər zaman axtarışda olan Kamran elmi məqalələri ilə böyük uğurlara imza atıb. Mükəmməl ingilis dili qabiliyyətinə sahib gənc alimimiz bu dildə bir çox elmi məqalələr yazıb. Hətta hazırda onunla birgə elmi məqalələr işləyirik. Humanist xarakterli bu şəxs ingilis dilini mükəmməl bilməsi sayəsində bu gün bizlərə yardımçı olur. Bir sıra araşdırma işlərində tərcümə məsələləri ilə bağlı böyük köməyi olur. Bu gün Kamran Azərbaycan kimyaçılarının fəxr edə biləcəyi gənc alimlərdən biridir.  Şəxsən mən gənclər üçün Prezident Mükafatına namizədlər arasında ən layiqlilərindən biri kimi Kamran Mahmudovu görürəm".

Bu etimadların nəticəsidir ki, K.Mahmudov 150-dən çox elmi əsərin müəllifidir. Onların böyük qismi nüfuzlu Qərb jurnallarında nəşr olunubdur. Məqalələrin bəziləri isə impakt faktor 4-11 olan jurnallarda nəşr edilib. K.T.Mahmudov Qərb ölkələrinin alimləri ilə də sıx elmi əməkdaşlıq edir. Məhz bunun nəticəsidir ki,  Universitetin beynəlxalq əlaqələrinin inkişafında göstərdiyi xidmətlərinə görə K.T.Mahmudov BDU-nun Fəxri Fərmanı ilə təltif edilib.

Mütəmadi şəkildə elmi axtarışlar aparan K.Mahmudovun əldə etdiyi uğurlar həqiqətən sənaye kimyası sahəsində böyük əhəmiyyət kəsb edir.

Belə ki, bir sıra üzvi maddələrin sintezində bahalı katalizatorlardan istifadə edilir. Məsələn, qızıl, palladiumsair. Lakin bu bahalı maddələri K.Mahmudov molekulu dizayn etməklə həmin nəticəni əldə edəb bilib. Bu o deməkdir ki, bir sıra sənaye əhəmiyyətli reaksiyaların aparılmasında yeni metodlar vasitəsilə (Hidrogen rabitəsi hesabına sintez hansı ki, Pd) dəfələrlə ucuz reaksiyalar əldə ediblər. K.Mahmudov sənaye əhəmiyyətli reaksiya nitrillərin aktivləşdirilməsi üçün yeni metod, hidrogen rabitəsinin köməyi ilə aktivləşdirmə təklif və tətbiq edib. Mütləq şəkildə qeyd olunmalıdır ki, bu reaksiyanın həyata keçirilməsi üçün palladium kimi bahalı metaldan istifadə edilir, lakin yeni kəşf olunmuş metoda əsasən heç bir katalizatora ehtiyac yoxdur.

Hazırda sənayedə alkanların oksidləşməsi üçün tətbiq edilən katalizatorla 4% nəticə alınır və yüksək temperatur tələb olunur.

Ancaq K.Mahmudovun elmi kəşfi nəticəsində katalizatorun hesabına 25% çıxım alınır və yüksək temperatur tələb olunmur.

Bütün bunların yekun nəticəsi ondan ibarətdir ki, K.Mahmudov tərəfindən əldə edilmiş sənaye əhəmiyyətli reaksiyalarda istifadə edilən kimyəvi resursun daha ucuz versiyası tapılıb. Belə ki, bu reaksiyaların 7 dəfə daha ucuz başa gəlməsinə səbəb olur.

Bu qədər uğura malik gənclərimizin mövcudluğu isə əlbəttə ki, gənclər siyasəti ilə birbaşa bağlıdır.

Birmənalı şəkildə Azərbaycanın gələcəyi gənclərə məxsusdur. Müstəqillik əldə etdiyimiz gündən ölkə siyasətinin  böyük hissəsini məhz gənclər siyasəti təşkil edir. Ümummilli lider, görkəmli siyasətçi Heydər Əliyevin gənclərə qayğı və diqqəti bu gün ölkə başçısı İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.

Gənclər üçün Prezident Mükafatının təsisi də gənclərin stimul qazanmasında, elmə meyillənməsində xüsusi dəyər daşıyır.  Bu mükafata layiq görülən gənclərdən biri də haqqında yazdığımız Kamran Mahmudovdur.

 

Fəridə ABDIYEVA

525-ci qəzet.- 2013.- 10 dekabr.- S.2.