Qarabağ Muğam Mərkəzində
yaradıcılıq gecəsi keçirilib
Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində ədəbi-bədii məclislərin təşkili artıq ənənə halını alıb. Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl Qələm" mükafatı laureatı, şair Yusif Kamalın bu günlərdə keçirilən yaradıcılıq gecəsi də belə tədbirlərdəndir. Heydər Əliyev Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən sözügedən tədbirə müəllim və tələbələr, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, yazarlar, şairin qələm dostları və media mənsubları qatılıb. Gecəni aparan gənc şairlər Məshəti Musa və Gündüz Sevindik məclis iştirakçılarına Yusif Kamalın həyat və yaradıcılığı barədə ətraflı məlumat verib, şeirlərindən nümunələr səsləndiriblər. Özünəməxsus yaradıcılıq yolu, dəsti-xətti olan şairə həsr olunmuş televiziya filminin nümayişi bu məlumatı daha da zənginləşdirib.
Yığıncaqda qocaman pedaqoq Çingiz Bayramov, əməkdar müəllim Zəhra İbrahimova, şairlərdən, Azərbaycan Yazıçılar Birliyinin üzvi Zahid Avşar, Tofiq Zeynal, yazıçı Teymur Rəhimov, məktəb direktoru Əli Bədəlov, Ağcabədi rayon mədəniyyət və turizm şöbəsinin müdiri Rza Quliyev çıxış edərək Yusif Kamal yaradıcılığının bədii məziyyətləri, orijinal xüsusiyyətləri barədə fikir və mülahizələrini bildirib, ürək sözlərini bölüşüblər. Qeyd olunub ki, bu cür tədbirlər əyalətdə yaşayıb-yaradan yazarların yaradıcılığına diqqət və qayğı, yüksək qiymət kimi səciyyələnir, ümumilikdə regionun ictimai-siyasi həyatında mühüm rol oynayır.
Tanınmış el aşıqları Aşıq Umbay və Aşıq Təbrizin şairin sözləri əsasında ifa etdikləri mahnılar məclisin ovqatına xüsusi ahəng bəxş edib. Ağcabədi Pedaqoji Kolleci tələbələrinin, məktəblilərin təqdim etdikləri Yusif Kamalın şeirlərindən ibarət poeziya çələngi də iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb. Yığıncaqda söz alan Yusif Kamal yaradıcılığına verilən yüksək qiymətə, ünvanına söylənən xoş sözlərə görə tədbirin təşkilatçılarına, bütün iştirakçılara təşəkkür və minnətdarlığını bildirərək yeni şeirlərini oxuyub, oxucuların suallarını cavablandırıb. Sonda şairə qiymətli hədiyyələr təqdim olunub.
Yəhya
PAŞAZADƏ
525-ci qəzet.- 2013.- 10 dekabr.- S.2.