Xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyi Berlində qeyd edilib

 

 

Berlində Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyinə həsr olunmuş "Uzaq-yaxın tanışlar" mövzusunda ədəbi-bədii gecə keçirilib. Tədbir Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının, Avropa Azərbaycanlıları Konqresinin (AAK), Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Almaniyadakı nümayəndəliyinin dəstəyi ilə təşkil edilib. Tədbirdə Azərbaycan Respublikasının Almaniyadakı səfiri Pərviz Şahbazov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, "Ölkəm" jurnalının redaktoru yazıçı-publisist Günel Anarqızı, alman alimləri, Azərbaycan və türk diasporunun, o cümlədən KİV nümayəndələri iştirak ediblər. Ədəbi-bədii gecəni AAK-ın prezidenti Samirə Patser-İsmayılova giriş açaraq qonaqları salamlayıb, Nigar Rəfibəylinin həyat və yaradıcılığı haqqında danışıb. O, Nigar Rəfibəylini Azərbaycan qadın şairələrindən Məhsəti Gəncəvi, Xurşidbanu Natəvan ənənələrinin davamçısı kimi qiymətləndirərək, onun Azərbaycan ədəbiyyatındakı rolundan bəhs edib.

Daha sonra Berlin Humbold Universitetinin Azərbaycan tarixi kafedrasının rəhbəri professor Eva-Maria Aux Nigar Rəfibəylinin ailəsi, gəncliyi, yaradıcılığı haqqında məruzə edib. O, Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri Xudadat Rəfibəylinin və onun qızı Nigar Rəfibəylinin həyatındakı çətinliklərdən, Stalin dövründə Azərbaycan ziyalılarının problemlərindən söhbət açıb.

Gecədə Nigar Rəfibəyliyə həsr edilmiş musiqili təqdimat göstərilib, tədbirin birinci hissəsinin sonunda şairənin şeirlərindən nümunələr Marina Ştaynhauzer tərəfindən alman dilində oxunub.

Tədbirin ikinci hissəsi diskussiya şəraitində keçib. "Sizinlə sizsiz - ailədə ənənələr cəmiyyətin təzahürü kimi" mövzusu ətrafında Berlin Humbold Universitetinin Azərbaycan tarixi kafedrasının rəhbəri, professor Eva-Maria Aux, teatr rejissoru Peter Vittiq, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar və AAK-ın prezidenti Samirə Patser-İsmayılova fikir mübadiləsi aparıblar. Daha sonra Xalq yazıçısı Anarın əsərlərindən parçalar alman dilində oxunub.

Xalq yazıçısı Anar tədbir iştirakçılarının suallarını cavablandırıb, ədəbi-bədii gecənin təşkilatçılarına və ARDNŞ-in Almaniyadakı nümayəndəliyinə təşəkkür edib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2013.- 11 dekabr.- S.7.