90 ilin zirvəsində- davamı
Hazırda
universitetdə musiqi sənətinin populyar ixtisasları
üzrə gələcəyin sənətkarları
yetişdirilir, "Solo oxuma", "Estrada müğənnisi",
"Xalq çalğı alətləri
ifaçılığı", "Aşıq sənəti"
kimi ixtisaslar üzrə kadr hazırlığı
aparılır. Bu gün burada
tanınmış musiqi xadimləri dərs deyirlər. Bu sənətçilər onilliklər boyu
formalaşmış sənət ənənələrini
davam və inkişaf etdirirlər.
Son illər
Heydər Əliyev Fondunun
Prezidenti, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri,
millət vəkili Mehriban xanım Əliyevanın muğam sənətinə
verdiyi böyük dəyər, bu sahədə həyata
keçirdiyi ölkədaxili və beynəlxalq tədbirlər
universitetdə muğam
ixtisası üzrə kadr
hazırlığına da öz müsbət təsirini
göstərmişdir. Belə ki, Heydər
Əliyev Fondunun muğam sənəti çərçivəsində
nəşr etdirdiyi kitablar, müxtəlif elmi-tədqiqat əsərləri
tələbələrimiz üçün qiymətli dərs
vəsaitidir. Eyni zamanda bu fondun təşəbbüsü
ilə keçirilən musiqi festivallarında və muğam müsabiqələrində
tələbələrimizin iştirakı da bu səmərəli
fəaliyyətin bəhrəsidir.
Musiqi sahəsində tələbələrimizin
respublika və beynəlxalq müsabiqələrdəki
uğurları bizi çox sevindirir. "Muğam", "Yeni ulduz"
müsabiqələrində, müxtəlif xarici ölkələrdə
keçirilən musiqi festivallarında tələbələrimiz
laureat adına layiq görülmüşlər.
Universitetdə xoreoqrafiya ixtisası da zəngin tarixə
malikdir. Burada görkəmli sənətkarlar pedaqoji fəaliyyət
göstərmişlər. Xalq artistləri
Tamilla Şirəliyeva, Rəfiqə Axundova, Mədinə
Əliyeva və başqaları universitetimizin müəllimləri
olmuşlar. Bu gün onların ənənələrini
davam etdirən xoreoqraf müəllimlərimiz bu sahənin
tanınmış təmsilçiləridir.
Universitetdə musiqi təhsili ənənələri
xoreoqrafiya sənəti ilə sıx yaradıcılıq əlaqələrinə
malikdir. Bir
sıra ixtisaslar kimi, xoreoqrafiya ixtisası üzrə də
ölkəmizdə ali təhsil verən
yeganə sənət ocağı məhz bizim universitetimizdir.
Ona görə də biz bu sahəyə
böyük məsuliyyətlə yanaşır, pedaqoji prosesə
yalnız peşəkarları cəlb edirik.
"Avroviziya"
Beynəlxalq müsabiqələrində tələbələrimizdən Səfurə Əlizadənin
və Fərid Məmmədovun qazandıqları qələbələr
də universitetimizin uğurlarındandır. "Avroviziya-2013"
Beynəlxalq Müsabiqəsində Universitetin IV kurs tələbəsi
olmuş, indi magistri olan Fərid Məmmədovun ikinci yerə
layiq görülməsi təkcə universitetimiz
üçün deyil, bütün respublikamız
üçün qürur mənbəyi oldu.
Uğurlarımızdan danışarkən toxunulması
vacib olan başqa bir sahə rəssamlıqdır. Respublikamızda rəssamlıq
sənəti üzrə ilk ali təhsil
müəssisəsi Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetidir. Burada
rəssamlıq təhsilinin yarım əsrlik tarixi vardır.
Əvvəllər Əzim Əzimzadə adına
Rəssamlıq məktəbini bitirən gənclər ali təhsil
almaq üçün Moskvaya, Leninqrada, Kiyevə, Tbilisiyə və
digər şəhərlərə getmək məcburiyyətində
qalırdılar. İncəsənət İnstitutunda rəssamlıq
təhsilinin əsasının qoyulması gənclərin bu
sahədə məhz respublikamızda ali təhsil
almasına imkan yaratdı.
Bu təhsil
ocağında Azərbaycanın görkəmli sənətkarları
Tahir Salahov, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov,
Böyükağa Mirzəzadə, Nadir Əbdürrəhmanov,
Nadir Qasımov, Yusif Hüseynov, Rafiq Mehdiyev,
xalçaçı rəssam Lətif Kərimov, heykəltəraşlar
Ömər Eldarov, Tokay Məmmədov, Mirələsgər
Mirqasımov və başqaları dərs demişlər. Bu
gün universitetin "Rəssamlıq" fakültəsində rəngkarlıq, qrafika, dizayn,
teatr rəssamı, kino və televiziya rəssamı, qrim rəssamı,
xalça rəssamı, sənətşünaslıq kimi
ixtisaslar üzrə kadr hazırlığı
aparılır.
Tələbələrin əsərləri respublikada və
xarici ölkələrdə təşkil edilən sərgilərdə
müntəzəm olaraq nümayiş etdirilir. Rəssam tələbələrimiz
2006 və 2009-cu illərdə İstanbul Uluslararası Öyrənci
sərgilərində, 2010-cu ildə Marmara Universiteti Gözəl
Sənətlər Fakültəsinin təşkilatçısı
olduğu Beynəlxalq Rəsm sərgisində iştirak
etmiş və sertifikatlar almışlar. 2011-2013-cü
illərdə keçirilmiş Beynəlxalq Qəbələ
rəsm sərgilərində Azərbaycanı təmsil edən
rəssamların böyük əksəriyyəti
universitetimizin "Rəssamlıq" fakültəsinin təmsilçiləri
olmuşlar. Onlar bu sərgilərdə
müxtəlif nominasiyalarda yüksək mükafatlara layiq
görülmüşlər. 2013-cü
ilin fevralında Berlində Xocalı faciəsinin 21-ci
ildönümünə həsr olunmuş beynəlxalq rəsm
sərgisində müəllim və tələbələrimiz
öz əsərlərini nümayiş etdirmiş,
böyük uğur qazanmışlar.
Bu gün universitetimiz dövrün tələblərindən
irəli gələn yeniliklər yoluna qədəm
qoymuşdur. Vaxtilə İncəsənət İnstitutunda fəaliyyət
göstərən "Mədəni-Maarif" fakültəsinin
bazasında müasir ruhlu "Kulturologiya" fakültəsinin
yaradılması bu yeniliklərin bariz təzahürlərindən
biridir. Belə bir fakültənin təşkil
edilməsi zamanla ayaqlaşmaq deməkdir. Xatırladım
ki, respublikamızda bu sahənin ilk peşəkar mütəxəssisi
Leninqradda təhsil almış və orada kulturologiya üzrə
dissertasiya müdafiə etmiş mərhum professor Solmina
Dadaşova olmuşdur. Sonrakı illərdə
kulturologiyanın tədris və elmi-nəzəri bazası məhz
universitetimizdə əsaslı şəkildə inkişaf
etdirilmişdir. Təsadüfi deyil ki, bu
illər ərzində 10-dan artıq mütəxəssis
dissertasiya müdafiə edərək kulturologiya üzrə
elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcələrini
almışdır. Kulturologiya sahəsində
bu gün yeni ixtisaslar şəbəkəsi
yaradılmışdır. Bunlardan
"Muzeyşünaslıq, arxiv işi və abidələrin
qorunması", "Beynəlxalq mədəni əlaqələr",
"Menecment" və digər ixtisasları qeyd etmək olar.
"Muzeyşünaslıq,
arxiv işi və abidələrinin qorunması"
ixtisasının yaradılması günümüzün
reallıqlarından irəli gəlmişdir. Dövlət müstəqilliyini elan etmiş
respublikamız elə ilk günlərdən etibarən təkcə
hərbi-siyasi deyil, həm də mənəvi təcavüzə
məruz qalmışdı. Maddi - mədəniyyət
abidələrimiz, mədəni sərvətlərimiz bəzən
özgənin adına
çıxılır, mənimsənilirdi. Belə
bir şəraitdə mədəni tariximizə, abidələrimizə
sahib çıxmaq, onları mənəvi təcavüzdən
qorumaq, dünyaya öz adı ilə tanıtmaq müstəqil
dövlətimizin mədəniyyət siyasətinin əsas
prinsiplərindən birinə çevrilmişdir.
Universitetimizin gerçəkləşdirdiyi başqa bir
mühüm ixtisaslaşma "Beynəlxalq mədəni əlaqələr"
adlanır. Bu
ixtisaslaşmanın beynəlxalq miqyasda əhəmiyyəti elə
adından bəlli olur. Müasirləşən,
yeniləşən Azərbaycan sürətlə dünya
birliyinə inteqrasiya etməkdədir. Azərbaycanın
dünya birliyi ilə əlaqələri çoxplanlı
müstəvidə gerçəkləşdirilir. Əlbəttə, əlaqələrimizin
mühüm bir səhifəsini mədəniyyət amili təşkil
edir.
Ölkəmizin qədim mədəniyyət ocağı
olması dünyada böyük maraq doğurur. Bu
reallığın dünya birliyinin diqqətinə
çatdırılmasında mədəni ənənələrimizi
və xarici dilləri yaxşı bilən mütəxəssislərə
böyük ehtiyac vardır. Beynəlxalq mədəni
əlaqələr ixtisaslaşması məhz belə mütəxəssislər
yetişdirmək, mədəniyyətimizi beynəlxalq miqyasda
təbliğ etmək, onu hüquqi baxımdan qorumaq məqsədi
ilə yaradılmışdır. Mədəniyyət,
siyasət və diplomatik missiya qovşağında qərarlaşan
bu ixtisaslaşmanın perspektivli olması və dövlətçiliyimizə
mədəni siyasət sahəsində uğur gətirəcəyi
şübhəsizdir.
Ümumiyyətlə, ADMİU-da xarici dillərin tədrisinə
böyük diqqət yetirilir. "Xarici dillər"
kafedrasında xüsusi linqofon kabinələri
yaradılmışdır ki, bu da xarici dillərin daha keyfiyyətli
mənimsənilməsində mühüm əhəmiyyət
kəsb edir. Yeri gəlmişkən deyim
ki, universitetdə bir sıra ixtisaslar üzrə rus bölməsi
də açılmışdır.
Universitetdəki digər nəzəri ixtisaslar da
günün tələblərindən irəli gəlir. Müstəqillik
illərində burada nəzəri ixtisasların əhatəli
şəbəkəsi yaradılmışdır. Onların xeyli hissəsi "Sənətşünaslıq"
fakültəsinin payına düşür.
Teatrşünas, sənətşünas kimi ixtisaslarla
yanaşı, universitetdə son illərdə ədəbi
yaradıcılıq və ekran dramaturgiyası,
kinoşünas, kitabşünas kimi ixtisaslar da
açılmışdır. Bu yerdə ssenari
yaradıcılığı üzrə kadr
hazırlığını xüsusilə qeyd etmək istəyirəm.
Rəssamlıq və kino sahələrində olduğu kimi,
vaxtilə ssenari sənəti üzrə ali
təhsil almaq istəyən gənclər də Moskvaya, Qorki
adına Dünya Ədəbiyyatı İnstitutuna,
Ümumittifaq Kinematoqrafiya İnstitutuna üz tuturdular. Bu gün məhz bizim universitetdə həmin ixtisas
üzrə kadr hazırlığı aparılır. "Sənətşünaslıq" fakültəsində
Natiq Rəsulzadə, Ramiz Rövşən, Çingiz
Əlioğlu kimi tanınmış qələm sahibləri
pedaqoji fəaliyyət göstərmişlər.
Məzunlarımız bu gün "Azərbaycanfilm"
kinostudiyasında, telekanallarda çalışır, təkcə
respublikamızda deyil, xarici ölkələrdə də
keçirilən yaradıcılıq müsabiqələrində
fəal iştirak edir, mükafatlara layiq görülürlər. Belə bir
faktı qeyd etmək istəyirəm ki, məzunlarımızdan
Səbinə Mövsümova 2005-ci ildə Almaniyada
keçirilən beynəlxalq ssenari müsabiqəsində
Qarabağ mövzusuna həsr etdiyi ssenarisi ilə birincilik
qazanmışdır.
Bu ildən televiziya jurnalistikası ixtisaslaşması
üzrə də mütəxəssis
hazırlığına başlanılmışdır. Yeni
ixtisasların açılması milli mədəniyyətin,
mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi,
Azərbaycanın dünyaya inteqrasiya etməsi prosesi
üçün çox önəmlidir. Bu
ixtisaslarla bağlı fənlərin tədrisi
üçün respublikamızın tanınmış alimləri
universitetə dəvət olunmuşlar.
Yeni yaradılmış ixtisaslardan biri də
dövrün tələblərindən irəli gələn
kitabşünaslıq ixtisasıdır. Məlum
olduğu kimi, son illərdə respublikamızda kitab
çapı sürətlə inkişaf edir. Bu gün Azərbaycanda onlarla nəşriyyat, mətbəə,
mətbuat evi, poliqrafiya mərkəzi fəaliyyət göstərir.
Hazırladığımız kadrlar məhz həmin
sahələrə yönəldilir, mədəniyyətin bir
qolu olan nəşriyyat-poliqrafiya sahəsində
çalışırlar.
Ümumiyyətlə,
son 25 ildə universitetdə ciddi islahatlar aparılmış,
yeni sahələr üzrə yüksək ixtisaslı mütəxəssislər
hazırlanmışdır. Bu gün universitetdə
kadr hazırlığı beynəlxalq təcrübəyə
əsaslanaraq həyata keçirilir. Ölkə
Prezidentinin 2008-ci il yanvarın 31-də imzaladığı
"Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin
Avropa ali təhsil məkanına inteqrasiyası ilə
bağlı bir sıra tədbirlər haqqında" Sərəncamında həmin prosesin sürətləndirilməsinin
vacibliyi xüsusilə qeyd olunmuşdur.
ADMİU-nun nailiyyətləri ildən-ilə artır. Bu gün
burada 7 fakültə, 30 kafedra fəaliyyət göstərir,
40-a yaxın ixtisas və ixtisaslaşmalar üzrə kadr
hazırlanır. Təhsil sahəsində dövlət
siyasəti prinsiplərinin ardıcıl olaraq həyata
keçirilməsi, bu sahədə milli ideologiyanın tətbiqi,
Bolonya təhsil sisteminə keçid - bütün bunlar ali təhsilin inkişafı üçün
geniş imkanlar açmışdır. Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin diplomları beynəlxalq aləmdə
tanınır ki, bu da son dövrlərdə qazanılan
uğurlarımızın əsas göstəricilərindən
biridir.
Ali məktəbimiz həm də böyük elmi
potensiala malikdir. Elmi işlərlə universitetimizdə əsasən
nəzəri kafedraların professor-müəllim heyəti məşğul
olur. Son bir neçə ildə 50
monoqrafiya, 140 dərslik və dərs vəsaiti, 260 tədris
proqramı və metodiki tövsiyə nəşr
edilmişdir. Bundan başqa, müəllim
və tələbələrimizin respublika mətbuatında və
xarici ölkələrdə kitabları, elmi məqalələri
də çap olunmuşdur. Professor-müəllim
heyəti hər tədris ilində orta hesabla 300 çap vərəqi
həcmində elmi-tədqiqat işi hazırlayır.
Universitetin fəaliyyətində Elmi Şuranın rolunu
xüsusilə qeyd etmək istəyirəm. Bu ali
qurum tədris prosesinin tənzimlənməsində, müəllim
kadrlarının təsdiqində, elmi adların verilməsində
və digər məsələlərin həllində
böyük əhəmiyyətə malikdir. Universitetin
Bədii Şurası, Əlaqələndirmə və Metodiki
Şuraları da öz işlərini günün tələbləri
səviyyəsində qururlar.
Azərbaycan
Respublikası Prezidenti yanında Ali Attestasiya
Komissiyasının müvafiq qərarına uyğun olaraq
universitetimizdə Dissertasiya Şurası fəaliyyət
göstərir. Bu qurumun əksər üzvləri ali məktəbimizin görkəmli
alim-pedaqoqlarıdır.
Universitetdə
Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi nəşrlərin
siyahısına daxil edilmiş "Mədəniyyət
dünyası" və "Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin Elmi Əsərləri"
çap olunur. Bu elmi nəşrlərdə sənətşünaslıq,
kulturologiya, muzeyşünaslıq, fəlsəfə və
onların tədrisi metodikası ilə bağlı elmi əsərlər
işıq üzü görür. Bundan əlavə,
bizim ali məktəbdə "Sənət
dünyası" adlı qəzet, "Mədəniyyət:
problemlər və perspektivlər" adlı elmi-nəzəri
jurnal da nəşr edilir.
Məlum olduğu kimi, Azərbaycanın müstəqilliyinin
bərpasından sonra ölkəmizin qarşısında
dünya ölkələri ilə əməkdaşlıq sahəsində
geniş imkanlar açılmışdır. Bu imkanlar tədris
sahəsinə, o cümlədən bizim universitetimizə də
aiddir. Bu gün univesitet geniş beynəlxalq
əlaqələr şəbəkəsinə malikdir. Bu
əlaqələr
universitetlərarası qarşılıqlı
müqavilələrin imzalanmasında, tələbə
mübadiləsində, müəllimlərimizin digər
ölkələrin ali məktəblərinə ezam
olunmasında özünü büruzə verir. Mədəniyyət, elm və təhsil məsələləri
universitetin xarici əlaqələr sahəsindəki fəaliyyətində
prioritet istiqamətlər kimi dəyərləndirilir.
Universitetimiz
dünyanın bir çox ölkələrinin ali
təhsil, elm və mədəniyyət müəssisələri
ilə sıx əlaqələr saxlayır. Təkcə bu
faktı qeyd etmək kifayətdir ki, universitetimiz bu gün 22 xarici
ölkənin 53 ali məktəbi ilə əməkdaşlıq
edir.
Universitetimizdə bir çox xarici ölkələrdən,
xüsusən qardaş Türkiyədən çoxlu sayda tələbə
təhsil alır. Onlara verilən diplomlar beynəlxalq
sertifikata malikdir. Xarici vətəndaşların
tədris prosesinə Əcnəbi tələbələr
üzrə dekanlıq nəzarət edir. Bunu
da qeyd etmək vacibdir ki, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universiteti 2002-ci ildən etibarən
Avropa İncəsənət Universitetləri Liqasının
tamhüquqlu üzvüdür. Bundan
başqa, universitetimiz 2008-ci ildə Beynəlxalq Universitetlər
Birliyinə, 2013-cü ildə isə Qafqaz Universitetlər
Birliyinə qəbul olunmuşdur. Bütün
bunlar universitetimizin beynəlxalq aləmdəki nüfuzunu
aydın şəkildə göstərir.
Təhsil
sahəsində mühüm sənədlərdən biri də
ölkə başçısının 22 may 2009-cu il tarixində
imzaladığı "2009-2013-cü illərdə Azərbaycan
Respublikasının Ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramının təsdiq
edilməsi barədə" Sərəncamıdır. Bu Sərəncama uyğun olaraq son
4 ildə
universitetdə
müasir tələblərə cavab verən təhsil
resurslarının hazırlanmasına xüsusi diqqət
yetirilmişdir. Əsas fənlər üzrə həm
qloballaşma dövrünün nəzəri-təcrübi tələbləri,
həm də azərbaycançılıq fəlsəfəsinə əsaslanan metodları üzrə xüsusi tədris proqramları işlənib
hazırlanmışdır. Bu proqramlar Bolonya təhsil prinsipləri
əsasında ixtisas yönümlü innovativ informasiyalar və internet
resursları ilə tədris prosesinə tətbiq
olunmuşdur. Sivil təfəkkür, mədəniyyətlərin
inteqrasiyası prosesində milli müəyyənliyin
müdafiəsi, təhsildə kompüter
texnologiyalarının tətbiq metodları fəaliyyətimizdə
əsas istiqamət təşkil edir. Universitetdə
elektron kitabxana, bütün fakültələri,
kafedraları, struktur və şöbələri birləşdirən
elektron lokal şəbəkə fəaliyyət göstərir.
Həmin şəbəkədə universitetdə
tədris olunan fənlərin mühazirələrinin elektron
versiyası saxlanılır. Bu
yaxınlarda ADMİU-nun yeni saytı da fəaliyyətə
başlamışdır.
ADMİU-da aparılan kadr siyasəti ənənələrə
uyğun şəkildə həyata keçirilir. Burada xalq
artistləri, əməkdar incəsənət xadimləri,
elmlər doktorları, professorlar gənc nəslin təlim və
tərbiyəsi üçün var qüvvələrini sərf
edirlər. Yuxarıda adlarını çəkdiyim
müəllimlərimizdən başqa, bu gün universitetdə
görkəmli rejissorlar Azər Paşa Nemət,
Ağakişi Kazımov, Cənnət Səlimova,
Yalçın Əfəndiyev, Bəhram Osmanov, aktyorlar Ramiz
Əzizbəyli, İlham Namiq Kamal, Rafiq Əliyev, Bəsti Cəfərova,
Firəngiz Mütəllimova, Zemfira Nərimanova, Gülşad
Baxşıyeva, Qəmər Məmmədova, Valeh Kərimov,
Ağaxan Salmanlı, Cəfər Namiq Kamal və
başqaları, teatrşünaslar Məryəm Əlizadə,
İlham Rəhimli, Ədalət Vəliyev, Rafiq Sadıqov,
Aydın Talıbzadə, musiqi sahəsində Faiq Sücəddinov,
Yalçın Rzazadə, Azər Zeynalov, Qərinə Kərimova,
muğam ustaları Canəli Əkbərov, Ağaxan Abdullayev,
Qəndab Quliyeva, Səkinə İsmayılova, Mələkxanım
Əyyubova, Zümrüd Məmmədova, Simarə İmanova,
instrumental ifaçılarımızdan Zamiq Əliyev, Vamiq Məmmədəliyev,
Ağasəlim Abdullayev, Mirnazim Əsədullayev, Zakir Mirzəyev,
Fəxrəddin Dadaşov, aşıq sənəti üzrə
Əhliman Rəhimov, Fəzail Miskinli, Samirə Əliyeva, Altay
Məmmədov,
musiqişünaslar Nailə Kərimova, Kamilə
Dadaşzadə, Ellada Hüseynova və başqaları, rəssamlar
Arif Əziz, Ağaəli İbrahimov, Xanlar Əhmədov, Fəxriyyə
Xələfova, sənətşünaslar Səyyad Bayramov, Xəzər
Zeynalov, Aygül Hüseynova və başqaları
çalışırlar. Universitetdə həmçinin filoloq və filosoflar,
yazıçı və dramaturqlar
Nizaməddin Şəmsizadə, Əlikram
Tağıyev, Aqşin Babayev, Gülşən Əliyeva, Vəfa
Əliyev, Gülnarə Məmmədova, Əli Əmirli,
kulturoloqlar Niyazi Mehdi, Maral Manafova, Sədaqət Əliyeva,
İlqar Hüseynov, Apdin Əlizadə, Çingiz
Bağırov və başqaları səmərəli pedaqoji
fəaliyyət göstərirlər.
Universitetimiz respublikanın ictimai və mədəni həyatında
yaxından iştirak edir. Bir çox nüfuzlu,
beynəlxalq tədbirlərin, bayram proqramlarının
hazırlanmasında müəllim və tələbələrimizin
əməyi böyükdür. Universitetdə
müntəzəm olaraq beynəlxalq konfranslar, simpoziumlar
keçirilir. Bunlardan "Nizami və Şərq
intibahı", "Türksoy xalqlarının musiqi mədəniyyəti",
"Hüseyn Cavid və dünya romantizmində Şərq-Qərb
təmasları", "Mədəniyyətlərarası
dialoqda ənənəvi incəsənətin rolu" və
digər respublika və beynəlxalq elmi-nəzəri
konfransları misal göstərmək olar.
Universitetimizin idman həyatı da tədris prosesinin
ayrılmaz hissəsidir. Bu sahədə də
uğurlarımız təqdirəlayiqdir. Təmsilçilərimiz
hər il respublikamızda keçirilən
idman yarışlarında, tələbə olimpiadalarında
fəal iştirak edir, müxtəlif mükafatlara layiq
görülürlər. Böyük fərəh hissi ilə
vurğulamaq istərdim ki, universitetimizdə təhsil alan və buranı
bitirmiş gənclər arasında Azərbaycan
idmanının layiqli təmsilçiləri olan respublika
çempionları da vardır.
Əlbəttə, kiçik bir yazıda universitetin
tarixini, inkişaf mərhələlərini,
qazandığı nailiyyətləri əhatə etmək
mümkün deyil. Eyni zamanda tədris prosesində müəyyən
rolu olan yardımçı qurumların da rolunu vurğulamaq
vacibdir. 90 illik yubileyimizlə əlaqədar
olaraq universitetin nəşriyyat-poliqrafiya mərkəzində
çap olunmuş "Mədəniyyət və İncəsənətimizin
məbədgahı" adlı kitabımda mən bu məsələləri
nisbətən geniş şəkildə əks etdirməyə
çalışmışam. Həmin kitabda
universitetimizin Magistratura şöbəsi, İxtisasartırma
bölməsi, Tələbə Elmi Cəmiyyəti, Nəşriyyat-Poliqrafiya
Mərkəzi, Mətbuat xidməti, habelə Həmkarlar
İttifaqı Komitəsi, Gənclər təşkilatı,
Muzeyi və digər qurumları barədə məlumatlar
öz əksini tapır. Bu qurumlar ADMİU-da tədris
prosesinin ayrılmaz tərkib hissələridir.
Bu gün Azərbaycan
mədəniyyətinin bütün sahələrində -
teatrlarda, kino sənətində, televiziya kanallarında, muzeylərdə,
mədəni-maarif müəsissələrində fəaliyyət
göstərən sənət adamlarının böyük əksəriyyəti
ADMİU-nun məzunlarıdır. Onlar
öz sələflərinin yolunu ləyaqətlə davam
etdirir, Azərbaycan mədəniyyətinin inkişafı, onun
beynəlxalq miqyasda məşhurlaşması işinə xidmət
edirlər.
Ölkə başçısı cənab İlham Əliyevin mədəniyyət və incəsənətimizə, təhsilimizə göstərdiyi böyük qayğını biz daima hiss edirik. Təkcə bunu göstərmək kifayətdir ki, son 10 ildə universitetimizin müəllimlərindən 13 nəfəri "Prezidentin fəxri təqaüdü"nə, 4 nəfəri "Prezident Mükafatı"na, 2 nəfəri "Şöhrət", 1 nəfəri "Şərəf" ordenlərinə, 15 nəfəri "xalq artisti", 2 nəfəri "xalq rəssamı", 16 nəfəri "əməkdar incəsənət xadimi", 17 nəfəri "əməkdar artist", 6 nəfəri isə "əməkdar mədəniyyət işçisi", "əməkdar müəllim" və "əməkdar jurnalist" fəxri adlarına layiq görülmüşlər. Beş nəfər tələbəmiz prezident təqaüdçüsüdür.
Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mədəniyyətimizə, onun ayrılmaz hissəsi olan Mədəniyyət və İncəsənət Universitetinə göstərdiyi böyük diqqət və qayğısının parlaq təzahürüdür.
Çağdaş dönəmdə Azərbaycan Respublikası dünyada təkcə tükənməz təbii resusrlara malik olan dövlət kimi deyil, həm də böyük mədəniyyət yaratmış, zəngin bədii təfəkkür sahibi olan ölkə kimi tanınır. Bu reallıqlar digər sahələrlə yanaşı, bədii təhsil təmayüllü ali məktəblərin, o cümlədən bizim də qarşımıza yeni tələblər, yeni vəzifələr qoyur. Bu tələb və vəzifələr "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyasının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamında geniş əks olunmuşdur. Təhsilin inkişafı üzrə Dövlət strategiyası bu sahədə keyfiyyət göstəricilərinin, pedaqoji fəaliyyətdə peşəkarlığın yüksəldilməsi, müəllim nüfuzunun artırılması və başqa mühüm, aktual məsələlər, təhsil sistemi qarşısında qoyulan başlıca vəzifələrlə yanaşı, həm də onun dünya standartlarına uyğun inkişafı üçün çox geniş perspektivlər açır. Universitetimizin professor-müəllim heyəti dövlətimizin böyük qayğı və diqqətinə cavab olaraq kadr hazırlığının müasir dövrün tələbləri səviyyəsində qurulması, Azərbaycan təhsilinin dünyanın qabaqcıl təhsil sisteminə hərtərəfli inteqrasiya olunması üçün bundan sonra da var qüvvəsi ilə çalışacaq, dövlətçiliyimizin, milli maarifçilik strategiyamızın inkişafına tükənməz fədakarlıq və sədaqətlə xidmət edəcəkdir.
Timuçin Əfəndiyev
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin rektoru,
filologiya üzrə elmlər doktoru, professor
525-ci qəzet.-
2013.- 11 dekabr.- S.4.