Azərbaycanda kilsələr: dini
dözümlülüyün uzunömürlü şahidləri
Azərbaycan tarixən müxtəlif inancların, fərqli
dini konfessiyaların birgə və əmin-amanlıq şəraitində
yaşadığı ölkədir. Respublikamızda kilsələr,
sinaqoqlar, məscidlər və müxtəlif dini məbədlər
eyni vaxtda yanaşı fəaliyyət göstərir.
Keçən silsilə yazılarımızda şəxsi
müşahidələrimizə, müxtəlif mənbələrə,
o cümlədən də Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin rəsmi saytına əsaslanaraq
ölkə ərazisində mövcud olan qədim alban məbədləri,
daha sonra məscidlərimiz haqqında oxucularımıza silsilə
yazılar təqdim etmişik. İndi isə
paytaxtda və bölgələrdə fəaliyyət göstərən
kilsələr haqqında məlumat verəcəyik.
lll
Pravoslav kafedral kilsəsi 1909-cu ildə memar
M.F.Verjbitskinin layihəsi əsasında, rus stilində, məşhur
Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı
Zeynalabdin Tağıyevin maddi yardımı və ianələr
hesabına inşa edilib. Kilsənin açılışında o
dövrün görkəmli siyasi və din xadimləri, o
cümlədən rus çarının Qafqazdakı
canişini qraf Vorontsov-Daşkov iştirak edib.
İlk zamanlar məbəd 262-ci Salyan piyada ehtiyat
alayının tabeliyində idi və onların mənəvi
ehtiyaclarını ödəyirdi. 1920-ci ildə Sovet
hakimiyyəti dövründə kilsə ilk bağlanan ibadət
yerlərindən biri olmuş, onun baş keşişi isə
güllələnib. Məbəd kommunist
rejimi vaxtı anbara çevrilsə də, bir müddət
sonra isə idmançıların ixtiyarına verilərək,
idman zalı kimi istifadə olunmağa başlanıb.
1990-cı ildə Qanlı Yanvar hadisələri
zamanı kilsənin dam örtüyünə iki mərmi
düşüb. Bunun nəticəsində dam tamamilə
dağılmış, döşəmə
çöküb, divarlar isə çatlayıb. Məbədin yarıdağılmış binası
1991-ci ildə Rus Pravoslav Kilsəsinin sərəncamına
verilib. Bakıda Arxiyerey Kafedrasının
təsis edilməsindən sonra kilsədə bərpa işlərinin
aparılmasına imkan yaranıb. Rus
Pravoslav Kilsəsinin Bakı və Azərbaycan
yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinin
qayğısı və köməyi ilə məbəddə
təmir-bərpa işləri aparılıb.
Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksi
Azərbaycana səfəri zamanı 27 may 2001-ci il
tarixdə bu məbədi müqəddəs elan edərək
ona baş kafedral kilsə statusu verib. Açılış
mərasimində Ulu Öndər Heydər Əliyev, hökumət
üzvləri, səfirliklərin nümayəndələri və
dini icmaların başçıları iştirak ediblər.
Moskvada yaşamış Ümumrusiya Azərbaycan
Konqresinin sabiq vitse-prezidenti Aydın Qurbanovun köməkliyi ilə
kilsənin ikinci həyatına qovuşdurulması diqqətəlayiq
haldır. O, Bakı və Azərbaycan
Yeparxiyasının əsas kilsəsinin dirçəldilməsi
üçün tələb olunan maliyyə və maddi vəsaitlərinin
əsas hissəsini öz üzərinə götürüb.
Azərbaycanın paytaxtında Rus Pravoslav məbədinin
bərpa edilməsində göstərdiyi xidmətlərə
görə Moskva və Ümumrusiya Patriarxı II Aleksi müsəlman
xeyriyyəçini "Pravoslav Ordeni" ilə təltif
edib. Sözügedən pravoslav ibadət
yerində xristian ənənəyə görə, Bakı
şəhərinin himayəçisi Müqəddəs
Varfolomeyin qurumuş cəsədindən olan hissələr
saxlanılır.
Bakıdakı daha bir möhtəşəm kilsə
"Mixail-Arxangel" pravoslav kilsəsidir. Mixail Arxangel
kilsəsi Bakıdakı ən qədim pravoslav məbədlərindən
biridir. Kilsə XIX əsrin 40-cı illərində
inşa edilmişdir və hərbi ibadət yerlərindən
sayılırdı. 1855-ci il tarixli,
39 saylı "Qafqaz" qəzetinin məlumatına görə,
məbəd Xəzər dəniz idarəsinin bütün
rütbəli şəxsləri tərəfindən, Rusiya
könüllü donanmasının və polkunun şefi şərəfinə
tikilib. Bu səbəbdən, onun dua otağı
ilk vaxtlar gəmi göyərtəsini xatırladırdı və
o, Xəzər donanmasına tabe idi. Bu
dövrdə məbəd, "Donanma kilsəsi"
(rusça "Flotskaya") adlanırdı. Kilsə pskov stilində inşa edilib. 1873-cü
ildə məbədin binası Bakı batalyonuna, daha sonra isə
Salyan polkuna verilir. 1875-ci ildə kilsə
Yeparxial idarənin rəhbərliyinə verilib.
1891-ci ildə hərbi idarənin protosviterinin
razılığı ilə kilsə binasının bərpası
başlanıb və 1892-ci ilin noyabr ayında təmir işləri
yekunlaşıb. Təmir-bərpa işi Müqəddəs
Sinodun vəsaiti hesabına aparılmışdı və 22
min rubla başa gəlmişdi. Kilsədə
yeni çar qapıları və qurbangah
quraşdırılıb, həmçinin məbədin digər
yerləri də dəyişdirilib. Bütün
nəqqaşlıq işləri rəssam Ems tərəfindən
görülüb.
1 noyabr 1892-ci ildə yenicə bərpa edilmiş məbəddə
Nikolay Baş kilsəsinin protoireyi və baş keşişi
Aleksandr Vasilyeviç Yuniskiy tərəfindən ruhanilər məclisi
ilə birgə Müqəddəs Arxistriq Mixailin şərəfinə
müqəddəsləşdirilmə mərasimi həyata
keçirilib.
Kilsədə bir çox ikonalar var idi, amma
onların arasında daha çox Müqəddəs Mitropolit
Moskovskiy Aleksiy və Yaşaran İlahi Ana ikonaları
seçilirdi. Bu ikonalar Salyan polkuna Afonsk
Panteleymey monastrından hədiyyə kimi göndərilmişdi.
Kilsədə Müqəddəs Mixail adına
yalnız bir prestol (xristian məbədində bəzi dini mərasimlərin
həyata keçirilməsi üçün nəzərdə
tutulmuş kiçik masa) vardı. 8 noyabr 1899-cu ildə kilsəyə
Müqəddəs Arxistriq Mixail adına
ikona bağışlandı. Bu ikona Salyan
polkunun himayəçisi sayılırdı. 1918-ci ildən 1923-cü ilə kimi Mixail-Arxangel kilsəsinin
baş keşişi protoiyerey Sergiy Qorodsov olub. Sonradan o, Novosibirsk şəhərinin mitropoliti olub və
Sibir əhalisi arasında müqəddəs insan kimi
tanınıb. 1936-cı ildə
sözü gedən məbəd Sovet hakimiyyəti tərəfindən
bağlanıldı və yataqxanaya çevrildi. Faşizm üzərində qələbədən
sonra, 1946-cı ildə kilsənin binası yenidən Rus
Pravoslav Kilsəsinə qaytarıldı. 25 may 2001-ci ildə
Moskva və Ümumrusiya Patriarxı II Aleksiy Mixail-Arxangel kilsəsinə
baş çəkib və burada dua mərasimini həyata
keçirib. Hal-hazırda Bakı və Azərbaycan
Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinin təşəbbüsü
ilə məbədin aşağı mərtəbəsində
müqəddəs apostol Varfolomey adına
prixod (aşağı kilsə təşkilatına mənsub
üzvlərinin yaşadığı yer) tikilir.
Bakıda diqqəti çəkən daha bir xristian abidəsi
"Müqəddəs Məryəm - mövlud" pravoslav
kilsəsidir.
Bazilika formasında olan "Müqəddəs Məryəm
- mövlud" kilsəsi 1896-cı ildə ianələr
hesabına inşa edilib. Kilsədə
prixod məktəbi fəaliyyət göstərib. Oktyabr inqilabından sonra məbəd bağlanaraq hərbi
kazarmaya çevrilib. 1944-cü ildə bu
ibadət ocağı yenidən Rus Pravoslav Kilsəsinə
qaytarılıb və ona Stavropol-Bakı yeparxiyasının
Kafedral Kilsəsi statusu verilib.
1946-cı ildə Azərbaycandakı pravoslav kilsələrinin
blaqoçini protoyerey Serqiy Kazanskinin təşəbbüsü
ilə kilsədə əlavə mehrab
quraşdırılıb. Kilsədə 1999-cu
ildən 2001-ci ilə kimi Bakı və Xəzəryanı
Yeparxiyanın yepiskopu Aleksandr İşeinin qayğısı
ilə yenidənqurma işləri aparılıb. 2001-ci ildə, mayın 26-da Moskva və Ümumrusiya
Patriarxı II Aleksiy Müqəddəs Məryəm -
mövlud kilsəsinə baş çəkib və burada dua mərasimini
həyata keçirib. Kilsədə
pravoslav ədəbiyyatı ilə zəngin kitabxana,
uşaqlar üçün bazar günü məktəbi, həmçinin
ehsan yeməkxanası fəaliyyət göstərir.
Bakıda həm arxitektura, həm də
görünüş baxımından diqqətəlayiq
xristian abidələrindən biri də "Bakirə Müqəddəs
Məryəm" katolik kilsəsidir. Bakıda 1912-ci ildə
neft maqnatları - Rılskilər ailəsi tərəfindən
Bakirə Müqəddəs Məryəm katolik kilsəsi
(memarı İ.K.Ploşko) inşa edilib. Sovet
dövründə 1934-cü ildə kilsə
dağıdılıb və onun yerində Dzerjinski adına klub - indiki Şəhriyar adına Mədəniyyət
Evi tikilib. Azərbaycan müstəqillik əldə
etdikdən sonra bütün dini icmalara şərait
yaradıldığı kimi Katolik icmasına da qayğı
göstərilib və Ümummilli Lider Heydər Əliyevin
göstərişi ilə dini məbədə ehtiyac duyan
katoliklər üçün o vaxt bolşeviklər tərəfindən
uçurulmuş kilsənin yerinə yenisinin inşa edilməsi
məqsədi ilə ərazi ayrılıb. Bu ərazi 2004-cü ildə Azərbaycana gələn
Vatikanın nümayəndə heyətinin
başçısı kardinal Toran tərəfindən
Roma-katolik kilsəsinin ənənəsinə uyğun olaraq təqdis
edilib. Bir il sonra isə ölkəmizə səfər edən
Roma-katolik kilsəsinin rəsmisi kardinal Kresçensio Sepe
Prezident İlham Əliyev tərəfindən qəbul edilib,
digər dini icmaların rəhbərləri ilə
görüşüb və daha sonra tikiləcək kilsənin
təməlqoyma mərasimində bünövrəyə yerləşdiriləcək
ilk daşı təqdis edərək öz
xeyir-dualarını verib. Bolşeviklər tərəfindən
uçurulan Bakirə Müqəddəs Məryəm kilsəsinin
xatirəsinə həsr edilən kilsənin tikintisi 2007-ci ilin
fevralında yekunlaşıb. Eyni vaxtda
250-300 nəfərin ibadət edə biləcəyi salonu olan
bu kilsə Neapol Memarlıq Universitetinin professoru Pado Ruceyro və
Bakı şəhərinin baş memarı Akif Abdullayevin layihəsi
əsasında inşa olunub. 2007-ci ilin
aprelində Roma-katolik kilsəsinin Cənubi Qafqaz üzrə
apostol nunsisi arxiyepiskop Klaudio Qudjerotti yeni kilsəni təqdis
edib və ilk ibadəti həyata keçirib. Kilsənin rəsmi açılışı isə
Vatikanın dövlət katibi kardinal Tarçizio Bertonenin
2008-ci ilin martında Azərbaycana səfəri çərçivəsində
baş tutub. Açılış mərasimində
dövlət başçısı İlham Əliyev, Heydər
Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban
xanım Əliyeva, Qafqaz Müsəlmanları İdarəsinin
sədri şeyxülislam Allahşükür Paşazadə,
Rus-pravoslav kilsəsinin Bakı və Xəzəryanı
yeparxiyasının yepiskopu Aleksandr İşein, aparıcı
dini icmaların rəhbərləri, diplomatik korpusun nümayəndələri,
xarici qonaqlar iştirak ediblər.
Bölgələrimizdə də böyük xristian kilsələri
fəaliyyət göstərir. Gəncədə
inşa edilmiş "Aleksandr Nevski" pravoslav kilsəsi
1887-ci ildə köhnə qəbiristanlığın yerində
həm yerli pravoslavların, həm də müsəlmanların
xeyriyyə vəsaiti hesabına ucaldılıb. Kilsənin binası Bizans memarlıq üslubunda kərpicdən
tikilib. Bolşevik inqilabına qədər
bu pravoslav ibadət yeri Baş kilsə stasuna malik idi. XX əsrin 20-ci illərində məbəd Sovet
hakimiyəti tərəfindən bağlanılıb və
başqa məqsədlər üçün istifadə olunub.
1946-cı ildə məbəd Rus Pravoslav kilsəsinə
qaytarılıb. Kilsənin əski
interyerindən müxtəlif ikonalar günümüzə qədər
gəlib çıxıb. Bunlar arasında müqəddəs
Aleksandr Nevski və müqəddəs Mariya Maqdalena adına ikonları xüsusilə qeyd etmək
lazımdır.Məbəddə ibadət mərasimləri
altıncı və bazar günləri, həmçinin
pravoslav bayramlarında keçirilir.
Şimal
bölgəsində-xaçmaz rayonunda yerləşən
"Müqəddəs möcüzəvi Nikolay" pravoslav
kilsəsi isə 1946-cı ilədək şəxsi ev olub, bundan sonra kilsə kimi istifadəyə
verilmişdir. Kilsənin 64 kvadratmetr sahəsi
var. Kilsənin həyəti abadlaşdırılıb, əlavə
olaraq dini ayinlər həyata keçirmək üçün
üç otaq tikilib. Bölgə
xristianlarının dini mərkəzi kimi fəaliyyət
göstərən kilsədə Rus Pravoslav kilsəsinin
Bakı-Azərbaycan yeparxiyasının rəhbərliyi ilə
dini ayinlər icra edilir.
Dini və etnik tolerantlığın nümunəvi
bölgələrindən sayılan Qəbələ rayonunda
da "Çotari" Alban-Udi kilsəsi fəaliyyət
göstərir.
Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən Çotari alban-udi kilsəsi yerli sakinlərin vəsaiti hesabına 1723-cü ildə inşa edilib. Kilsənin adı qəsəbədəki Çotari məhəlləsinin adından götürülüb. Sovet hakimiyyəti illərində fındıq anbarı kimi fəaliyyət göstərmiş kilsədə 2003-cü ildə əsaslı bərpa və yenidənqurma işlərinə başlanılıb, 2006-cı ildə dindarların istifadəsinə verilib.
Oğuzda da "Kiski Qerqes" Alban-Udi kilsəsi fəaliyyətdədir.
Şimal-Qərb bölgəsində də xristian kilsələri mövcuddur. "Müqəddəs Georgi" gürcü-pravoslav kilsəsi Qax rayonunun Qaxingiloy kənd ərazisində yerləşir. Bu kilsə 1888-ci ildə xristian din əzabkeşi müqəddəs Georginin şərəfinə könüllü ianələr və Qafqazda Xristianlığın Bərpası İdarəsinin maliyyəsi ilə tikilib. Kilsə binasının ərazisi 120 kvadratmetrdir. Kilsə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur. Orada dövlət qeydiyyatından keçmiş dini icma fəaliyyət göstərir.
Qaxın Kötüklü kəndində də "Müqəddəs Sameba" gürcü-pravoslav kilsəsi var. Sahəsi 0.06 hektar olan kilsə 1892-1894-cü illərdə Qafqazda Xristianlığın Bərpası İdarəsi tərəfindən maliyyələşdirilərək tikilib. Kilsə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dini-tarixi abidə kimi qorunur. Hazırda kilsə binasının vəziyyəti orta səviyyədədir.
Qaxın Meşəbaş kəndindəki "Müqəddəs Mixeyil" gürcü-pravoslav kilsəsinin sahəsi 0.03 hektardır. Bu kilsə 1892-1894-cü illərdə Qafqazda Xristianlığın Bərpası İdarəsi tərəfindən maliyyələşdirilərək inşa edilib. 1992-1993-cü illərdə yenidən təmir olunub. Kilsə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dini-tarixi abidə kimi qorunur. Kilsə binasının vəziyyətini orta qiymətləndirirlər.
Qaxın Əlibəyli kəndində də "Müqəddəs Nino" gürcü-pravoslav kilsəsi xristianların istifadəsindədir. Ərazisi 0.32 hektar olan kilsə XIX əsrin sonlarında (1888-ci ildə) Qafqazda Xristianlığın Bərpası İdarəsi tərəfindən maliyyələşdirilərək tikilib. Kilsə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dini-tarixi abidə kimi qorunur.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2013.- 11 dekabr.- S.6.