"Poeziyanın dili - Dostluğun dilidir!"

 

MOSKVADA AZƏRBAYCANLI VƏ RUS ŞAİRLƏRİN GÖRÜŞÜ OLUB

 

 

Yalanın bir neçə üzü olsa da, həqiqətin yalnız bir üzü vardır. Bu danılmaz bir faktdır ki, Azərbaycan və rus xalqları bütün dövrlərdə dəfələrlə üzbəüz qoyulsalar da, onlar həqiqəti aşkar edib ortalığa çıxara bilmiş, öz dostluqlarını qoruyub saxlaya və bu günümüzədək gətirib çıxara bilmişlər.

Bu günlərdə yaşanan narahat halların da elə bir köklü səbəbi yoxdur, yenə də kimlərsə  bu iki qədim və möhtəşəm xalqı oyuna gətirmək, istifadə edib çaxnaşdırmaq və öz kirli məramlarına yetmək istəyirlər.

Elə bu ağrılı-acılı zamanımızda, qürbətdə yaşayan azərbaycanlıların və türkdilli xalqların belə çətin vaxtında "Dünyanı söz xilas edəcək!" kəlməsi bəlkə də adi və çeynənmiş görünə bilər. Lakin mənasına varıb düşündükdə, bu kəlmələrin - bir xilas yolu və sülhməramlı kəlmələr olduğunu görərik.

Rusiyanın paytaxtı Moskva şəhərində - rəsmi qeydiyyata görə minlərlə azərbaycanlının yaşadığı bu nəhəng meqapolisdə hər bir siyasi və mənəvi zəlzələni, hər bir narahat təkanı öz üzərlərinə götürən, vicdanını yatmağa qoymayan vətənvərvər ziyalılarımız heç də az deyil. Məhz onlar "Bazar adamı" kəlməsini üstümüzdən götürməyə çalışır və Azərbaycanın - bu möhtəşəm diyarın üstünlüklərini, ədəbiyyatının gözəlliyini, incəsənətinin təkrarsızlığını, musiqisini... dünya xaılqlarına tanıtdırır və aşılayırlar. Onların üzərinə, düşmən xalqın nümayəndələrinin təxribatçı hərəkətlərini dəf etmək, haqqımızdakı yalnış düşüncələrə son qoymaq və həm də özünü sübut etmək kimi ağır bir yük düşür.

Bu günlərdə Moskvada, Millətlər evinin böyük zalında, "Ocaq" Azərbaycan mədəniyyəti cəmiyyəti və Azərbaycan Yazıçılar Birliyi Moskva Bölməsinin təşəbbüsü ilə Azərbaycan və rus şairlərinin şeir gecəsi keçirildi. "Poeziyanın dili - Dostluğun dilidir"  adlı bu gecədə AYB Moskva bölməsinin , Moskva Yazıçılar birliklərinin üzvləri və eləcə də digər şairlər, yazıçılar, ədəbiyyatsevərlər, siyasətçilər və media işçiləri iştirak edirdilər. Tədbiri AYB Moskva bölməsinin sədri, türkoloq alim Tofiq Məlikli açdı.

Tofiq müəllim tədbirə gələn bütün qonaqları salamlayaraq bu görüşün ədəbi və siyasi önəmini qeyd etdi. Əsrlərdən keçib gələn Azərbaycan və rus xalqlarının dostluq və hörmət hisslərinin qırılmaz olduğunu, bu bağların möhkəmlənməsində biz ziyalıların məsuliyyət daşıdığını söylədi: "Tarixdən bildiyimiz kimi, 1837-ci ilin 31 yanvarında Puşkinin dueldə öldürülməsi xəbəri bütün Rusiyanı, o cümlədən Qafqazı sarsıtdı. Məmləkətin hər yerində bu ağır itki milli matəm kimi qarşılandı.

Hələ 1837-ci ildə 25 yaşlı Azərbaycan yazarı Mirzə Fətəli Axundzadə dahi rus şairi Puşkinin ölümünə təsirlənərək hər kəsdən öncə poema yazmışdı. Puşkinin qatillərinə, o cümlədən çara qarşı sonsuz nifrət və qəzəblə coşan mütləqiyyətdən çəkinməmiş, onları lənətləmişdi. Poemanın əsas məzmununu Mirzə Fətəli Axundzadənin Rusiyanın görkəmli şairi Puşkinin şəxsiyyətinə və onun yaradıcılığına olan məhəbbəti təşkil edir. Axundzadə "Puşkinin ölümünə Şərq poeması" yazmış və onu ruscaya nəsrlə tərcümə etmişdi. Əsər həmin ildə Rusiyada "Moskovskiy nablyudatel" məcmuəsində rus dilində nəşr olunmuşdu. X1X əsrdən başlayaraq rus yazıçıları, ilk öncə şairləri Azərbaycana, onun xalqına, gələnəyinə, mədəniyyətinə, ədəbiyyatına böyük maraq göstərmiş və gözəl əsərlər yaratmışlar. Bunun ən bariz sübutu 2013-cü ildə Mixail Sinelnikovun tərtib və çap etdirdiyi "Türk Mavisi: Cənubu və Şimalı Azərbaycan rus şairlərinin şeirlərində" kitabıdır. Orada Rusiyanın böyük şairlərinin Azərbaycana həsr etdikləri olduqca çox parlaq əsərlər vardır".

Sonra Tofiq Məlikli, tədbirdə iştirak edən böyük rus şairi, neçə-neçə gənc şairlər nəslinin yetişməsində böyük rolu olan, M.Qorki adına Ədəbiyyat İnstitutunun professoru Yevgeni Borisoviç Reynə söz verdi.

Yevqeni Borisoviç sözünə xatirələrilə başladı: "Mən uşaqdım, 12 yaşım vardı. Anamla SSRİ-nin kurortlarından birində istirahət edirdik. İnanmazsınız, amma günlərin birində bizimlə bir masa arxasında Azərbaycanın dahi şairi Səməd Vurğun əyləşdi. Mənim şeirə və sözə olan sevgimdən xəbər tutan şair, başımı sığallayıb mənə xeyir-dua verdi. Bəlkə də elə onun mübarək əlinin və şair dualarının enerjisi idi ki, mən indi sizin tanıdığınız insan olmuşam..." Reyn Azərbaycanın dahi şairi Bəxtiyar Vahabzadəni tərcümə etdiyini, onun şeirlərinə və şəxsiyyətinə dərin hörmət bəslədiyini də vurğuladı. Daha sonra tərcümə etdiyi şeirlərdən birini və öz orijinal əsərini oxudu.

Azərbaycan ədəbiyyatının və ümumiyyətlə Şərq ədəbiyyatının dünyada tanınmasında böyük əməyi olan görkəmli şair, publisist və tərcüməçi M. İ. Sinelnikov da gecədə iştirak edirdi. M.Sinelnikov Azərbaycanda yaxşı tanınan şairlərdən biridir. O, bu yaxınlarda nəşrdən çıxan "Türk Mavisi: Cənubu və Şimalı Azərbaycan rus şairlərinin şeirlərində" ("Sin Tyurkskaya: Azerbaydjan Severniy i Yujniy v stihah ruskkih poetov")  kitabına görə N. Nəcəfov adına mükafata layiq görülmüş və  bu mükafatı Moskvada, AYB sədri Anar şəxsən ona təqdim etmişdir. Sinelnikov Azərbaycan şairləri arasında dostları olduğunu söylədi: "Azərbaycanın məşhur şairlərindən biri olan Məmməd İsmayılla 35 ildən artıq bir müddətdir ki, dost və qardaşıq. Onun şeirlərini sevə-sevə tərcümə edirəm. Boynuma almalıyam ki, ömründə heç vaxt qadın şairlərdən kimisə tərcümə etməmişəm və hesab edirdim ki, bunu heç zaman da etməyəcəm. Lakin Moskvada keçirilən şeir gecələrinin birində azərbaycanlı şairə Afaq Şıxlı ilə tanış oldum. Onun şeirlərindəki forma və məzmun məni fikrimdən dönməyə vadar etdi və düşündüm ki, Azərbaycan ədəbiyyatına rus ədəbiyyatının öz Anna Axmatovası dünyaya gəlmişdir! Afaq Şıxlının şeirlərini böyük məmnuniyyətlə tərcümə edirəm və icazənizlə adını çəkdiyim şairlərin şeirlərindən bir neçəsini sizə oxuyardım..."

Mixail Sinelnikovun  çıxışından sonra söz gözəl şair, tərcüməçi İlham Bədəlbəyliyə verildi. O da xalqlarımız arasında sıx əlaqələrin yaradılmasına, rusların və Moskvada yaşayan azərbaycanlıların bir-birinə hörmət və ehtiram bəsləməsinə incəsənətin, ədəbiyyatın, musiqinin böyük təsirindən danışdı. İ.Bədəlbəyli rus dilində, məzmunca zəngin, ahəngcə ürəyəyatımlı şeirlərindən bir neçəsini söylədikdən sonra Aleksandr Vladimiroviç Yudaxin çıxış etdi:

"Azərbaycanla əlaqələrim çoxdandır. Bakı hər zaman gözəl və qonaqpərvər şəhər olub. Mənim oarada sevimli şair dostlarım vardı. Nəriman Həsənzadənin şeirlərini, rəhmətlik Bəxtiyar Vahabzadənin bir neçə kitabını mən tərcümə etmişəm".

Sonra söz AYB Moskva bölməsinin katibi şair Nəsib Nəbioğluna verildi. Şair, çıxışını ana dilimizdə başladı. Vətənimizin və onun vətəndaşlarının hər zaman qonaqpərvər, istiqanlı, səmimi olduğunu sözləyən şair, rus xalqının da bizim kimi sadə və mehriban xalq olduğunu, aramızdakı müvəqqəti anlaşılmazlıqların keçiçi olduğuna inandığını qeyd etdi. Ədəbi əlaqələrin möhkəmləndirilməsi sahəsində Azərbaycan yazarlarının hər zaman ilk addım atmağa hazır olduqlarını dedi. Şair öz ana dilimizdə və eləcə də dostu və həmkarı Nikolay Qoroxovun tərcüməsində rus dilində bir neçə şeir oxudu.

Tofiq bəy çıxış etmək üçün azərbaycanlı şairə Afaq Şıxlını” səhnəyə dəvət etdi: "Moskvada yaşadığım 15 il ərzində rus yazarları arasında özümə xeyli dost qazanmışam. İştirak etdiyim şeir gecələrində, simpozium və konfranslarda ruslar üçün Azərbaycan qadınının və yazarının ümumiləşmiş siması olduğumu, daşıdığım məsuliyyətin ağırlığını unutmuram. Hər zaman xoş və isti münasibət görmüşəm və xeyli dost qazanmışam. Tale elə gətirib ki, mən Rusiyanın ən tanınmış şairlərindən biri olan Mixail Sinelnikovla rastlaşdım və biz az zaman ərzində yaxın dostlara çevrildik. O mənim şeirlərimi tərcümə etməyə başladı. Mən isə bu yaxınlarda onun bir neçə şeirini ana dilimizə tərcümə edərək Bakıya göndərdim və bu tərcümələr "525-ci qəzet"də və "Xəzər" jurnalında nəşr edildi, gözəl əks-səda doğurdu". Bundan sonra Afaq Şıxlının və M.Sinelnikovun birlikdə hər iki dildə oxuduqları şeirlər gurultulu alqışlarla qarşılandı.

Rus şairi Gennadiy Kalaşnikov  da öz növbəsində belə gecələrin böyük əhəmiyyətindən danışdı və Məmməd İsmayıldan tərcümə etdiyi "Qovorəhie çinarı" kiçik poemasını ifa etdi.

Bundan sonra şair, rəssam, filosof  Maya Bədəlbəyli özünün fərqli və maraqlı üslubda yazılan şeirlərindən bir neçəsini qonaqlara hədiyyə etdi.

Dünyanın əlli ölkəsini əhatə edən Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının sədri Andrey Korsarov səhnəyə dəvət olundu. O, Mədəniyyət və Turizm Nazirliyinin dəvətiylə Bakıda olduğunu, elə bu gün oradan Moskvaya gəldiyini və bu şeir gecəsinə yetişdiyi üçün məmnunluq duyduğunu söylədi. BYMP-nın orqanı olan "İndiki zaman" jurnalında və "Şairlər Planeti" silsilə kitabında yaxın günlərdə yenə də azərbaycanlı şairlərin, o sıradan N. Nəbioğlunun,  İ. Bədəlbəylinin, A. Şıxlının, Nilufər A.Şıxlının və bir neçə digər şairin də şeirlərinin dərc olunacağını bildirdi. Bundan sonra A. Korsarov bir neçə şeirini və Polşa şairlərindən tərcümələrini oxudu.

Şeir gecəsində həmçinin Valentin Reznik, Sergey Karatov qonaqları Azərbaycan şairlərindən tərcümələrlə tanış etdilər. Sergey Karatov "Şəhriyar" cəmiyyətindəki şairlərlə dostluğundan və bu dostluğun onun üçün çox önəmli olmasından danışdı.

Gecədə Rusiyanın Əməkdar incəsənət xadimi, Moskva Mədəniyyət Komitəsinin keçmiş rəhbərindən biri Sergey Borisoviç Remizov bir dinləyici kimi ürəkdən gələn, emosional və səmimi sözlərlə dolu çıxış edərək,  bu iki qardaş xalqın dünya durduqca dost olacağını və buna maneçilik törətmək istəyən qüvvələrin məğlubiyyətə məhkum olacaqlarnı vurğuladı. "Lermontovun sevdiyi Qafqaz, Yeseninin məftun olduğu Bakı bizim üçün hər zaman əziz olub, əziz də qalacaq. O torpaqlarda bizim şairlərin ruhu dolaşır, o yerlərdə onların məhəbbəti yaşayır".  S.Remizov Yeseninin "Əlvida, Bakı!", S.Vurğunun "Azərbaycan" şeirlərini hərarətlə oxuyaraq, Azərbaycan torpağına və onun övladlarına məhəbbətini ifadə etdi.

Ədəbi gecə olmaqla bərabər, Azərbaycan və rus xalqları arasında dostluq tellərinin möhkəmlənməsinə zəmin yaradan böyük siyasi əhəmiyyətli bu tədbir şair qələmilə də ürəklərə yol açmış Tofiq Məliklinin şeirlərilə yekunlaşdı. Tofiq Məlikli salonda oturan hər kəsin təkidi ilə "Mənim şəhərim"i, "Ayrılıq heykəli"ni oxudu. Daha sonra Tofiq Məlikli tədbirə gələn, bir-birinə dostluq əli uzatmağa hazır olan rus və azərbaycanlı şairlərə, gecənin iştirakçılarına bir daha təşəkkür etdi.

 

Nilufər ŞIXLI,

ÜAK saytının redaktoru, Moskva

525-ci qəzet.- 2013.- 11 dekabr.- S.7.